Super User

Super User

 

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin artırılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin attestasiya prosesi həyata keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, attestasiya müvafiq normativ-hüquqi sənədlərə və mövcud qanunvericiliyin tələblərinə əsasən təşkil olunub və ilkin mərhələdə Bakı və Abşeron-Xızı regionlarını əhatə edib. Bu mərhələdə ümumilikdə 47 musiqi və incəsənət məktəbində çalışan 1759 fortepiano və musiqi nəzəriyyəsi müəllimi attestasiyaya cəlb edilib. Qiymətləndirmə attestasiya komissiyaları tərəfindən aparılıb və müəllimlərin bilik, bacarıq və metodiki hazırlıq səviyyəsi müxtəlif meyarlar üzrə dəyərləndirilib.

Attestasiyadan 1200 nəfərə yaxın müəllim uğurla keçib, onlardan 650 nəfəri, bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək, 309 nəfəri yüksək nəticə göstərib. Sevindirici haldır ki, son illərdə müsabiqə yolu ilə işə qəbul olan müəllimlər attestasiyadan uğurla keçib. Eləcə də, bir sıra musiqi və incəsənət məktəblərinin müəllim heyəti attestasiya prosesini böyük uğurla başa vurub.

Attestasiyanın nəticələri üzrə 492 nəfər müəllim tutduğu vəzifəyə uyğun hesab edilməyib, onlardan 112 nəfəri komissiya üzvlərinin 2 lehinə, 3 əleyhinə səsi ilə qiymətləndirilib. Bu şəxslər üçün əlavə inkişaf imkanlarının yaradılması məqsədilə onların xüsusi təlim proqramına cəlb olunmaları nəzərdə tutulub.

Mədəniyyət Nazirliyinin tapşırığı ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən həmin müəllimlər üçün attestasiya komissiyaları tərəfindən qeyd olunan təlim ehtiyaclarına uyğun olaraq fortepiano, musiqi tarixi və nəzəriyyəsi istiqamətləri üzrə xüsusi inkişafyönümlü təlim proqramları hazırlanıb.

Nazirlik bildirir ki, təlimlərin əsas məqsədi sözügedən müəllimlərin peşəkar bilik və bacarıqlarının yenilənməsi, metodiki hazırlıqlarının gücləndirilməsi və onların işə qəbul üzrə keçiriləcək imtahanda uğurlu nəticə göstərmələrinə dəstək olmaqdır.

Təlimlər mayın 1-dən etibarən mərhələli şəkildə, əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçiriləcək. İştirakçılar müvafiq tədris materialları və proqramla təmin ediləcək, dərslər təcrübəli pedaqoqlar və sahə üzrə ekspertlər tərəfindən aparılacaq.

Təlimlərin başlanması ilə bağlı iştirakçılara yaxın günlərdə bildirişlər göndəriləcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Qədim Xivə şəhərində UNESCO və ICESCO-nun himayəsi ilə keçirilən İkinci Türk Dünyası Mədəniyyət Forumu başa çatıb. Tədbirdə dünyanın 40 ölkəsindən gələn nümayəndələr, o cümlədən Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Hikmət Quliyevin başçılığı ilə bir qrup alim, həmçinin Bakıdakı Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə iştirak edib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, forumda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Mariflinin məruzəsi dinlənilib. O məruzəsində bildirib ki, bu forumun əsas istiqaməti məhz qeyri-maddi mədəni irsin - yəni dil, musiqi, dastanlar, folklor, ənənələr, sənətkarlıq kimi canlı mədəni dəyərlərin qorunması və paylaşılmasıdır. Bu forum bizə ortaq türk dilini formalaşdırmaq imkanı verir. Sevindirici haldır ki, çıxışların böyük əksəriyyəti türk dilinin müxtəlif ləhcələrində səsləndirilir ki, bu da ortaq türk dilinin formalaşmasına zəmin yaradır.

A.Marifli qeyd edib ki, Türk dünyasının ayrılmaz hissəsi olan qardaş özbək xalqının xalq yaradıcılığı da Azərbaycan folkloru ilə bənzərlik təşkil edir. Bu fakt da Azərbaycan və özbək xalqının eyni identik kodları daşıdıqlarının bariz nümunəsidir.

Forum çərçivəsində keçirilən “Yeni Özbəkistanda baxşı sənəti: Müasir tədqiqatlar və perspektivlər” elmi konfransında AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyev çıxışında 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşada keçirilən Birinci Türk Dünyası Mədəniyyəti Forumunu xatırladaraq qeyd edib ki, son illərdə türk dövlətləri arasında elmi və mədəni əlaqələr sürətlə genişlənməkdədir. Türk Dövlətləri Təşkilatının dəstəyi ilə həyata keçirilən bu fəaliyyət xalqların ortaq keçmişə söykənən dəyərlərindən ortaq gələcəyə yönələn hədəflərinə doğru irəliləməsində böyük əhəmiyyət kəsb edir.

AMEA Folklor İnstitutunun dosenti Aynur İbrahimova “Azərbaycan eposşünaslığında “Koroğlu” dastanının genezisi problemi “mövzusunda məruzəsində deyib ki, Azərbaycan və Özbəkistan müstəqillik əldə etdikdən sonra mənəvi abidələrə marağın artması, qeyri-maddi irsə münasibətin yeni səviyyəyə qalxması özündə mənəvi dəyərlərin böyük arsenalını qoruyub saxlayan milli eposa elmi diqqətin də yüksəlməsinə səbəb olub. Bu tendensiyanın bir göstəricisi kimi son illərdə “Koroğlu” mövzusunda müxtəlif səpgili və müxtəlif aspektlərdə çoxsaylı elmi tədqiqatlar aparılıb və dastanın genezisi ilə bağlı daha aydın təsəvvürlər yarada biləcək qənaətlər ortaya çıxıb.

Konfransda İnstitutun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Azərbaycan məhəbbət dastanlarında sazın funksional-mistik semantikası” mövzusunda çıxış edərək deyib ki, aşığın dünyagörüşünü, istək və arzularını dilə gətirən sazdır.

Sahib Paşazadə türk xalqlarının mədəniyyəti haqqında danışıb, bu xalqların adət-ənənələrinin qorunması və gələcək nəsillərə layiqli səkildə ötürülməsi, ustad-şagird ənənələri haqqında məlumat verib, həmçinin forumun və festivalın əhəmiyyətindən danışıb.

Sonra AMEA Folklor İnstitutu ilə Daşkənddəki Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu arasında əməkdaşlığa dair sənəd imzalanıb.

Forumun sonunda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Bu gün Oğuz Rayon Mərkəzi Xəstəxanasının akt zalında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Ayaz Ağayev, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Əzizov və xəstəxananın əmək kollektivinin üzvləri iştirak ediblər. 

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Sonra akademikin həyat və yaradıcılığı  barədə geniş məlumat verilib, ona həsr edilmiş videoçarx izlənilib.

Çıxış edənlər Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti, tibb elminə verdiyi dəyərli töhfələrdən bəhs ediblər. 

Bildirilib ki, 29-30 aprel 2025-ci il tarixlərində Oğuz rayonunda Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş ödənişsiz "Göz müayinəsi" aksiyası keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

Bazar ertəsi, 28 Aprel 2025 13:44

Ustad şair Xasay Cahangirov anılıb

 

 

 İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

 

Xasay, ucaldaraq güldürüb  bizi,

Məqamda, macalda soldurub bizi,

Qocalda-qocalda öldürüb bizi,

Gəncləşə-gəncləşə qalan dünyadı.

 

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin, Ə.Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə Poeziya evində qələm adamları, şəhər ziyalılarının iştirakı ilə Sumqayıt ədəbi mühitinin yaranmasında və formalaşmasında əvəzsiz rolu, yeri, xidməti olan ölməz şair Xasay Cahangirovun 95 illik yubiley tədbiri keçirilib.

Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının xatirəsi yad edilib. Sonra Xasay Cahangirovun ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin qonaqları salamlayaraq Xasay Cahangirovun həyat və yaradıcılıq yolu haqqında məlumat verib. AYB Poeziya seksiyasının rəhbəri, Poeziyz Evinin direktoru İbrahim İlyaslı tədbirin məqsəd və məramından söz açıb.

Qubadlı rayon İcra Hakimiyyətinin şöbə müdiri Sənan Həsənov, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev, “Zərdabi Poliqrafiya” nəşriyyatının direktoru Aydın Məlikov, qələm adamlarından Ofelya Babayeva, Rafiq Yusifoğlu, Əşrəf Veysəlli, Zirəddin Qafarlı, Eyruz Məmmədov, Süleyman Hüseynov, Rafiq Oday, Elbruz Qayalı, Əli Niyazbəyli Xasay müəllimlə bağlı xatirələrini paylaşıblar.

Tədbirə ustad şairin sözünün işığına üz tutaraq təşrif buyuran AJB-nin Zəngilan rayon bolməsinin sədri Mahir Cavadlı, Xıdırlı kənd məktəbinin direktoru Savalan İmanov da Xasay müəllimin şəxsiyyəti və yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Ailə üzvləri adından şairin həyat yoldaşı Solmaz Cahangirova və qardaşı Filman Cahangirov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildiriblər.

Sonda şairin öz səsində şeirlər dinlənilib və xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

 

 

 

Taleh Mansur, “Ədəbiyyat və incəsənət” üçün

 

Ədəbiyyatsevərlərin sevimli nəşri olan “Ulduz” özünün maraqla qarşılanan “Ulduzlu görüşlər” layihəsini davam etdirir. Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu "Ulduz"lu görüşlər"in növbəti qonağı olub.

 

Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan Univerisitetinin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbiri "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs açıb. O, Baba Vəziroğlu imzasının ədəbiyyatımızda özünəməxsus yer tutduğunu bildirib.

Ardınca Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova, "Ulduz" jurnalının şöbə redaktorları Dayandur Sevgin və bəndəniz Taleh Mansur çıxış ediblər.

Söz Baba Vəziroğluna verilib. Qonaq qısaca olaraq keçdiyi həyat və yaradıcılıq yoluna nəzər salıb. Qələmə aldığı nəsr əsərləri,   tərcümələri,  həmçinin mahnı mətnlərinə çevrilmiş şeirləri haqda söz açıb və tələbələri maraqlandıran suallara cavab verib.

Qonaq sonda tələbələrə özünün  "Qalanı xatirədi" şeirlər kitabını hədiyyə edib.

 

Niyə yanır bu ocaq,
Yanıb, külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı xatirədir...
 
Qar yağır narın-narın,
Üzü gülür dağların.
Bu yaşıl yarpaqların
Solanı xatirədir…
 
Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?
Bu dünyanın gerçəyi,
Yalanı xatirədir...
 
Niyə çıxdıq yola biz,
Coşub-daşır bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir...
 
Xəyaldı, yoxsa yalan,
Gəlib keçdi nə zaman?
Sevginin ömrü bir an,
Qalanı xatirədir...

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Bazar ertəsi, 28 Aprel 2025 12:43

Komitə sədri tanınmış rejissoru təbrik edib

 

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “ARAN Film” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri (2016-2020) olmuş, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin yaradıcılırandan və hazırda Kinematoqrafçılar İttifaqı İdarə heyətinin üzvü olan kinorejissor, tanınmış ictimai və mədəniyyət xadimi Tahir Əliyevə (Tahir Tahiroviçə) 50 illik yubileyi ilə bağlı təbrik məktubu ünvanlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrikdə Tahir Əliyevin sənət fəaliyyəti Azərbaycan mədəniyyətinin zənginləşməsinə, milli sənət dəyərlərinin qorunub təbliğinə töhfələr verdiyi vurğulanır. Qeyd edikir ki, onun rejissorluq fəaliyyəti milli tariximizin və mədəni irsimizin sənədli filmlərlə nəsillərə çatdırılması işində önəmli yer tutur.

Fazil Mustafa Tahir Əliyevin Azərbaycan kino və televiziya sənətindəki, ictimai fəaliyyətdəki xidmətlərini dəyərləndirərək, ona yeni uğurlar, möhkəm cansağlığı və daha böyük sənət sevincləri arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Bəzən sakit bir ömür, pıçıltı sözlər və nümayişsiz addımlar zamanın axarını dəyişdirir. Bəzən elə qadınlar olur ki, səs salmadan, göz önündə görünmədən gələcəyi rənglərə bürüyürlər. Azərbaycanın mənəvi yaddaşında belə bir qadın var - Zərifə xanım Əliyeva.

 

Səssizliyində qüdrət gizlədən bu qadının ömrü sadəcə təqvim deyildi, qadın zəkasının, ana təmkininin, insan əxlaqının canlı heykəli idi. Zəriflik, mərhəmət və elm… Bu üç söz sanki bir ömürlük yolun tərcümeyi-halı kimi Zərifə xanım Əliyevanın adına yazılıb. O, 28 aprel 1923-cü ildə Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində, elmə və mədəniyyətə könül vermiş bir ailədə dünyaya göz açdı. Tanrı ona həm yüksək zəkalı ata – Azərbaycan elminin gözəl həkimi Əziz Əliyev, həm də həyat yolunda silinməz iz buraxacaq bir ömür yoldaşı – Ümummilli Lider Heydər Əliyevi qismət etdi. Zərifə xanım həm də xalqımızın bu gün iftixar etdiyi Prezident İlham Əliyevin fədakar anasıdır.

Zərifə xanım ömrünü insanlara işıq bəxş edən oftalmologiyaya elminə həsr etdi. O, yalnız Azərbaycanın deyil, bütöv Sovet məkanının da ilk alimlərindən biri oldu ki, peşə xəstəliklərinin qarşısının alınması və müalicəsi sahəsində dərin elmi araşdırmalar apardı. Onun qələminin məhsulu olan əsərlər bu gün də elm fədailəri üçün etibarlı bələdçidir. Zərifə xanım, uzun illər Azərbaycan Tibb Universitetində minlərlə gənc həkimin yetişməsi üçün bir irs qoydu. Onun öyrətdiyi dərs təkcə biliklə yox, insanlığa, fədakarlığa çağırışla dolu əhatələnirdi.

Bu gün Zərifə xanımın adı Azərbaycan tibb tarixinin qızıl səhifələrində yaşayır. Onun adını daşıyan məktəblər, poliklinikalar, küçələr, parklar hamısı bir xalqın öz şəfqətli qızına bəslədiyi dərin sevginin, sonsuz ehtiramın simvoludur. Şahtaxtı kənd orta məktəbi, həmin məktəbdəki müzey, Naxçıvanda onun adını daşıyan küçə və poliklinika görkəmli alimə olan hörmətin təcəssümüdür.

1950-ci illərdə xalqımızın gözünü qamaşdıran traxoma bəlasına qarşı amansız mübarizədə yorulmadan çalışdı. Ulu öndər Heydər Əliyev onun bu misilsiz xidmətlərini belə səciyyələndirirdi:“Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atmışdır. İkincisi isə Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəliklərdən xilas etsin, sağlamlaşdırsın.”

O, yalnız böyük bir alim deyil, həm də böyük bir insanlıq məktəbi idi. Onun işıqlı xatirəsi zamanın axarında daha da ucalır, gələcək nəsillərə insan sevgisinin, elmə sədaqətin, vətənə məhəbbətin ən gözəl örnəyi kimi yaşamağa davam edir.

O, təkcə gözləri müalicə etmədi, könülləri sağaltdı, ruhlara şəfa verdi və elmin soyuq sətirlərinə insan nəfəsi qatdı. Onun apardığı tədqiqatlar, yazdığı əsərlər  akademik nailiyyət deyildi. Vicdanın, sevginin və insan həyatına göstərilən ehtiramın elmi dillə yazılmış dastanı idi. Zərifə xanımın böyüklüyü titullarla, mükafatlarla ölçülmədi. Onun böyüklüyü bir evin nəfəsində, bir ailənin səssiz sükutunda, bir övladın qəlbində, bir xalqın ruhunda yaşadı. O, yalnız böyük dövlət xadimi Heydər Əliyevin həyat yoldaşı deyildi. Həmçinin onun gücünün görünməyən dayağı, sədaqətin meyarı, kölgədə parlayan dəstəyin canlı simvolu idi.

Ümummilli Lider Zərifə xanıma bir ömürlük təşəkkürünü belə ifadə edirdi: “Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.” Əslində bu sadə cümlələrin ardında bir ömrün minnətdarlığı, bir xalqın qadına verdiyi dəyərin aydın etirafı gizlənirdi.

Zərifə xanım təkcə ailə qurmaqla kifayətlənmədi, O, bir dövlətin ruhunda səssiz bir mayak yandırdı. Onun tərbiyə etdiyi övlad bu gün bütöv bir xalqın qürurudur. Biz, Prezident İlham Əliyevin anası haqqında dediyi fikirlərdə təkcə şəxsi ağrı yox, dövlət təfəkkürünün ana qaynağından doğduğunun şahidi oluruq: “Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı olaraq qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən də məhz bu idi.”

Bəzən insanın yoxluğu, varlığından daha çox səs gətirir. Bəlkə də bu səbəbdəndir ki, susaraq yazılan hekayə, bütün bir xalqın ürəyində əbədi yaşayır. Onun adı çəkiləndə bir səs yox, səssizlik boylanır. Dərin, anlamlı və müqəddəs. O, danışmadan düşündürdü, öyrətmədən tərbiyə etdi, göstərmədən örnək oldu.

Zərifə xanım Əliyeva ömrü ilə dövlətin ruhunu bəsləyərək səssizliyi ilə xalqı oyatdı. Onun adı Azərbaycan qadınının qürur mənbəyidir.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

 

 

Bazar ertəsi, 28 Aprel 2025 11:43

RƏSM QALEREYASI: Hans Dal, “Artist”

Norveç rəssamı Hans Dalın (1849-1937) bu rəsmi onun təbiət vəsfinə hesablanmış bir çox rəsmlərindən ən məşhurudur.

Aprelin 26-da Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılış mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşan musiqi bayramına dünyanın 40 ölkəsindən musiqiçilər, elm və mədəniyyət xadimləri, baxşı (aşıq) sənətinin tədqiqatçıları, xalq ədəbiyyatının biliciləri qatılıb.

Açılış mərasimində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er və başqa şəxslər iştirak ediblər.

Əvvəlcə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin festival iştirakçılarına müraciəti oxunub. Müraciətdə deyilir: “Festivalımızın beynəlxalq nüfuzu durmadan artır. Budəfəki festivalın Şərqin mirvarisi olan Xarəzm vilayətində keçirilməsi ona xüsusi əhəmiyyət verir. Bu bölgənin musiqi məktəbi çox qədim və zəngin tarixə malikdir. Bu müqəddəs torpaqda Kurbonnazar Abdullayev, Qələndər baxşı – Ruzimboy Normatov, Abdulla Kurbonnazarov, Etmişboy Abdullayev və digər bu kimi parlaq səsə malik sənətkarlar yetişib”.

Sonra Özbəkistan incəsənət ustaları və Xarəzm vilayəti artistlərinin ifasında bir-birindən gözəl musiqi nömrələri ifa edilib.

Qeyd edək ki, festival çərçivəsində aprelin 26-da II Türk Dünyası Mədəniyyət Forumu da keçirilib. Azərbaycanın mədəniyyət naziri Adil Kərimli forumda çıxış edib. 

Aprelin 28-də IV Beynəlxalq Baxşı Festivalının bağlanışı olacaq, qaliblər mükafatlandırılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Uşaqlarda və yeniyetmələrdə milli dövlətçiliyimizə, dəyərlərimizə  məhəbbət, qanunlarımıza hörmət hissinin fomalaşdırılması həmişə vacib və aktual məsələlərdən olub. Bu işdə təbliğat xüsusi yer tutur və hər bir ziyalının üzərinə məsuliyyət düşür. Sənəti, səsi, cəmiyyətdə adı və davranışı ilə insanlarımıza, gənclyə nümunə olan Xalq artisti Eldost Bayramla elə redaksiyamızda bu barədə söhbət etmişik. 

 

Məlumat üçün bildirək ki, Eldost Əlövsət oğlu Bayramov 1947-ci ildə yanvarın 25-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində dünyaya gəlib. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurub. Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. 

Eldost Bayram 2006-cı ildə "Respublikanın əməkdar artisti” fəxri adına, 2008-ci ildə "Tərəqqi" medalına, 2016-cı ildə Cəfər Cabbarlı mükafatına və Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb.

 

Televiziya kanallarımızda şəxsi nümunələri önə çıxarmalıyıq

 

Eldost müəllim deyir ki, televiziya və radionun insanlara təsir gücü son dərəcə böyükdü. Bu istər müsbət, istərsə də mənfi cəhətdən olsun, belədir. Odur ki, bu təbliğat sistemindən düzgün istifadə etmək lazımdır. Son illərə qədər Azərbaycan ailə dəyərlərinə, Ailə institutunun möhkəmliyinə görə dünyada ən nümunəvi ölkələrdən biri olub. Sonra müəyyən təsirlər, yad düşüncələr, bəzi xoşagəlməz təbliğatlar bizi bu vəziyyətə gətirdi. Amma o demək deyil ki, bu gün nümunəvi ailələrimiz azdı. Əlbəttə ki, indi də möhkəm ailə bağlarımız var, nümunəvi gənclərimiz çoxdur. Televiziya, radiomuzda da, bax, belə gözəl nümunələri önə çıxarmalıyıq. Yoxsa, milli dəyərlərimizə uyğun olmayan, bizə yaraşmayan ailə dramlarını, şəxsi məsələləri insanlara, xüsusilə də, uşaq və yeniyetmələrə nümayiş etdirəndə əlbəttə ki, bu onların mənəviyyatına mənfi təsir göstərəcək. Onda gənclər bu cür davranışları adi hal kimi qəbul edər, böyüyə-kiçiyə hörməti, bir vətəndaş kimi məsuliyyət hissini unudarlar.

 

Bütün dünya oğullarımızın qəhrəmanlığına şahid oldu 

 

İkinci Qarabağ müharibəsi, şəhidlərimiz, qazilərimiz, igid Vətən övladları nəinki özümüzə, bizi bütün dünyaya tanıtdı. Vətənpərvərlik qandan, gendən gələn bir hissdi, söyləyir hörmətli sənətkarımız. Demək ki, qanımız hələ safdı, sanki bu duyğular illərlə köz kimi kül altında bu günü gözləyirmiş. Müharibə başlayanda o köz elə alışdı ki, oğullarımız gülə-gülə, rəqs edə-edə döyüşə, torpaqlarımızı azad etməyə, Vətən uğrunda can verməyə yollandılar. Bəlkə orta məktəbdə oxuyanda nadinc, hərdən dərsə hazır olmayan, müəllimlərinin narazı qaldığı o gənclər qanları ilə tarix yazdılar. Vətən, torpaq naminə yaralı vəziyyətdə döyüşdülər, ölümün üzərinə getdilər. Şəhidlərimizin, qazilərimizin hər biri bu günkü gəncliyimizə bir nümunədir. Bütün dünya Azərbaycan oğullarının qəhrəmanlığına şahid oldu... 

 

Bu gün hər birimiz Qərbi azərbaycanlıyıq

 

Bu il Zəngəzur mahalının Qarakilsə rayonunun Şəki kənd icması Şəki kəndində vaxtilə qeyd edilmiş “Baca-baca - ilaxır çərşənbə” adlı möhtəşəm bir tədbir keçirdi. Novruz şənliyində Eldost müəllimin söylədikləri yaddaşıma yazıldı. O, çıxışında deyirdi ki, Qərbi Azərbaycan torpağı olduqca istedadlı insanlar yetişdirib. Onlar həm yaradıblar, həm də yaşadıblar. Bu bölgədən olan ziyalılarımız da söyləyirlər ki, Eldost müəllimin səsi, nəfəsi onlara ilham verib. Onun özünəməxsus şirin-şirin söylədiyi bayatılar, xalqın yaddaşından süzülüb gələn folklor nümunələri bu torpağın yetirmələrinin yaradıcılığına güclü təsir edib. Eldost müəllim illərdi bu istedadlı insanların dostu, sirdaşına çevrilib. Onlar o qədər doğmadılar ki, görənlər bəzən elə bilirlər ki, Eldost müəllim o torpağın yetirməsidi. Düzü, mən də, əvvəlcə elə zənn eləmişdim... Axı bu gün biz hamımız Qərbi azərbaycanlıyıq... Eldost müəllimin səsində Azərbaycan bir yumruq kimidir.

 

Savab işlər, xeyirxah əməllər... 

 

Eldost müəllim illərlə gözdən əlillər üçün mətnlər, əsərlər oxuyub, onların maariflənməsində əlindən gələni əsirgəməyib. Bəzən imkan, şərait çətin olub. Amma o, bu həssas, incə rulu insanlarla təmasdan ayrılmayıb. Məlumdur ki, bu qrupdan olan adamlar yaxşını-pisi daha aydın hiss edirlər. Onların içərisində də olduqca istedadlı insanlar var. Onlar Eldost müəllimi illərdi ki, özlərinin yaxın adamı, doğması kimi çox sevirlər.

 

Gənclər valideynlərini çox istəsinlər...

 

Söhbətimizin sonunda Eldost müəllimdən gənclərə nə demək istədiyini soruşduq. O, bildirdi ki, iki məsələdə çalışsınlar ki, səhv etməsinlər; biri ailə quranda, digəri isə peşə seçimində. Çünki, bunlar çox önəmlidir. Bir də, onu arzuladı ki, gənclərimiz Vətəni, məxsus olduqları xalqı və onlara min bir əziyyət çəkən valideynlərini çox istəsinlər...

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

4 -dən səhifə 2151

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.