Onun səsində Azərbaycan bir yumruq kimidir... - MÜSAHİBƏ Featured

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Uşaqlarda və yeniyetmələrdə milli dövlətçiliyimizə, dəyərlərimizə  məhəbbət, qanunlarımıza hörmət hissinin fomalaşdırılması həmişə vacib və aktual məsələlərdən olub. Bu işdə təbliğat xüsusi yer tutur və hər bir ziyalının üzərinə məsuliyyət düşür. Sənəti, səsi, cəmiyyətdə adı və davranışı ilə insanlarımıza, gənclyə nümunə olan Xalq artisti Eldost Bayramla elə redaksiyamızda bu barədə söhbət etmişik. 

 

Məlumat üçün bildirək ki, Eldost Əlövsət oğlu Bayramov 1947-ci ildə yanvarın 25-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində dünyaya gəlib. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurub. Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. 

Eldost Bayram 2006-cı ildə "Respublikanın əməkdar artisti” fəxri adına, 2008-ci ildə "Tərəqqi" medalına, 2016-cı ildə Cəfər Cabbarlı mükafatına və Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb.

 

Televiziya kanallarımızda şəxsi nümunələri önə çıxarmalıyıq

 

Eldost müəllim deyir ki, televiziya və radionun insanlara təsir gücü son dərəcə böyükdü. Bu istər müsbət, istərsə də mənfi cəhətdən olsun, belədir. Odur ki, bu təbliğat sistemindən düzgün istifadə etmək lazımdır. Son illərə qədər Azərbaycan ailə dəyərlərinə, Ailə institutunun möhkəmliyinə görə dünyada ən nümunəvi ölkələrdən biri olub. Sonra müəyyən təsirlər, yad düşüncələr, bəzi xoşagəlməz təbliğatlar bizi bu vəziyyətə gətirdi. Amma o demək deyil ki, bu gün nümunəvi ailələrimiz azdı. Əlbəttə ki, indi də möhkəm ailə bağlarımız var, nümunəvi gənclərimiz çoxdur. Televiziya, radiomuzda da, bax, belə gözəl nümunələri önə çıxarmalıyıq. Yoxsa, milli dəyərlərimizə uyğun olmayan, bizə yaraşmayan ailə dramlarını, şəxsi məsələləri insanlara, xüsusilə də, uşaq və yeniyetmələrə nümayiş etdirəndə əlbəttə ki, bu onların mənəviyyatına mənfi təsir göstərəcək. Onda gənclər bu cür davranışları adi hal kimi qəbul edər, böyüyə-kiçiyə hörməti, bir vətəndaş kimi məsuliyyət hissini unudarlar.

 

Bütün dünya oğullarımızın qəhrəmanlığına şahid oldu 

 

İkinci Qarabağ müharibəsi, şəhidlərimiz, qazilərimiz, igid Vətən övladları nəinki özümüzə, bizi bütün dünyaya tanıtdı. Vətənpərvərlik qandan, gendən gələn bir hissdi, söyləyir hörmətli sənətkarımız. Demək ki, qanımız hələ safdı, sanki bu duyğular illərlə köz kimi kül altında bu günü gözləyirmiş. Müharibə başlayanda o köz elə alışdı ki, oğullarımız gülə-gülə, rəqs edə-edə döyüşə, torpaqlarımızı azad etməyə, Vətən uğrunda can verməyə yollandılar. Bəlkə orta məktəbdə oxuyanda nadinc, hərdən dərsə hazır olmayan, müəllimlərinin narazı qaldığı o gənclər qanları ilə tarix yazdılar. Vətən, torpaq naminə yaralı vəziyyətdə döyüşdülər, ölümün üzərinə getdilər. Şəhidlərimizin, qazilərimizin hər biri bu günkü gəncliyimizə bir nümunədir. Bütün dünya Azərbaycan oğullarının qəhrəmanlığına şahid oldu... 

 

Bu gün hər birimiz Qərbi azərbaycanlıyıq

 

Bu il Zəngəzur mahalının Qarakilsə rayonunun Şəki kənd icması Şəki kəndində vaxtilə qeyd edilmiş “Baca-baca - ilaxır çərşənbə” adlı möhtəşəm bir tədbir keçirdi. Novruz şənliyində Eldost müəllimin söylədikləri yaddaşıma yazıldı. O, çıxışında deyirdi ki, Qərbi Azərbaycan torpağı olduqca istedadlı insanlar yetişdirib. Onlar həm yaradıblar, həm də yaşadıblar. Bu bölgədən olan ziyalılarımız da söyləyirlər ki, Eldost müəllimin səsi, nəfəsi onlara ilham verib. Onun özünəməxsus şirin-şirin söylədiyi bayatılar, xalqın yaddaşından süzülüb gələn folklor nümunələri bu torpağın yetirmələrinin yaradıcılığına güclü təsir edib. Eldost müəllim illərdi bu istedadlı insanların dostu, sirdaşına çevrilib. Onlar o qədər doğmadılar ki, görənlər bəzən elə bilirlər ki, Eldost müəllim o torpağın yetirməsidi. Düzü, mən də, əvvəlcə elə zənn eləmişdim... Axı bu gün biz hamımız Qərbi azərbaycanlıyıq... Eldost müəllimin səsində Azərbaycan bir yumruq kimidir.

 

Savab işlər, xeyirxah əməllər... 

 

Eldost müəllim illərlə gözdən əlillər üçün mətnlər, əsərlər oxuyub, onların maariflənməsində əlindən gələni əsirgəməyib. Bəzən imkan, şərait çətin olub. Amma o, bu həssas, incə rulu insanlarla təmasdan ayrılmayıb. Məlumdur ki, bu qrupdan olan adamlar yaxşını-pisi daha aydın hiss edirlər. Onların içərisində də olduqca istedadlı insanlar var. Onlar Eldost müəllimi illərdi ki, özlərinin yaxın adamı, doğması kimi çox sevirlər.

 

Gənclər valideynlərini çox istəsinlər...

 

Söhbətimizin sonunda Eldost müəllimdən gənclərə nə demək istədiyini soruşduq. O, bildirdi ki, iki məsələdə çalışsınlar ki, səhv etməsinlər; biri ailə quranda, digəri isə peşə seçimində. Çünki, bunlar çox önəmlidir. Bir də, onu arzuladı ki, gənclərimiz Vətəni, məxsus olduqları xalqı və onlara min bir əziyyət çəkən valideynlərini çox istəsinlər...

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.