Taleh Mansur, “Ədəbiyyat və incəsənət” üçün
Ədəbiyyatsevərlərin sevimli nəşri olan “Ulduz” özünün maraqla qarşılanan “Ulduzlu görüşlər” layihəsini davam etdirir. Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu "Ulduz"lu görüşlər"in növbəti qonağı olub.
Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan Univerisitetinin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbiri "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs açıb. O, Baba Vəziroğlu imzasının ədəbiyyatımızda özünəməxsus yer tutduğunu bildirib.
Ardınca Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova, "Ulduz" jurnalının şöbə redaktorları Dayandur Sevgin və bəndəniz Taleh Mansur çıxış ediblər.
Söz Baba Vəziroğluna verilib. Qonaq qısaca olaraq keçdiyi həyat və yaradıcılıq yoluna nəzər salıb. Qələmə aldığı nəsr əsərləri, tərcümələri, həmçinin mahnı mətnlərinə çevrilmiş şeirləri haqda söz açıb və tələbələri maraqlandıran suallara cavab verib.
Qonaq sonda tələbələrə özünün "Qalanı xatirədi" şeirlər kitabını hədiyyə edib.
Niyə yanır bu ocaq,
Yanıb, külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı xatirədir...
Qar yağır narın-narın,
Üzü gülür dağların.
Bu yaşıl yarpaqların
Solanı xatirədir…
Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?
Bu dünyanın gerçəyi,
Yalanı xatirədir...
Niyə çıxdıq yola biz,
Coşub-daşır bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir...
Xəyaldı, yoxsa yalan,
Gəlib keçdi nə zaman?
Sevginin ömrü bir an,
Qalanı xatirədir...
“Ədəbiyyat və incəsənət”
(28.04.2025)