Ustad şair Xasay Cahangirov anılıb

 

 

 İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

 

Xasay, ucaldaraq güldürüb  bizi,

Məqamda, macalda soldurub bizi,

Qocalda-qocalda öldürüb bizi,

Gəncləşə-gəncləşə qalan dünyadı.

 

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin, Ə.Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə Poeziya evində qələm adamları, şəhər ziyalılarının iştirakı ilə Sumqayıt ədəbi mühitinin yaranmasında və formalaşmasında əvəzsiz rolu, yeri, xidməti olan ölməz şair Xasay Cahangirovun 95 illik yubiley tədbiri keçirilib.

Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının xatirəsi yad edilib. Sonra Xasay Cahangirovun ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin qonaqları salamlayaraq Xasay Cahangirovun həyat və yaradıcılıq yolu haqqında məlumat verib. AYB Poeziya seksiyasının rəhbəri, Poeziyz Evinin direktoru İbrahim İlyaslı tədbirin məqsəd və məramından söz açıb.

Qubadlı rayon İcra Hakimiyyətinin şöbə müdiri Sənan Həsənov, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev, “Zərdabi Poliqrafiya” nəşriyyatının direktoru Aydın Məlikov, qələm adamlarından Ofelya Babayeva, Rafiq Yusifoğlu, Əşrəf Veysəlli, Zirəddin Qafarlı, Eyruz Məmmədov, Süleyman Hüseynov, Rafiq Oday, Elbruz Qayalı, Əli Niyazbəyli Xasay müəllimlə bağlı xatirələrini paylaşıblar.

Tədbirə ustad şairin sözünün işığına üz tutaraq təşrif buyuran AJB-nin Zəngilan rayon bolməsinin sədri Mahir Cavadlı, Xıdırlı kənd məktəbinin direktoru Savalan İmanov da Xasay müəllimin şəxsiyyəti və yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Ailə üzvləri adından şairin həyat yoldaşı Solmaz Cahangirova və qardaşı Filman Cahangirov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildiriblər.

Sonda şairin öz səsində şeirlər dinlənilib və xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.