Super User

Super User

Bazar ertəsi, 28 Aprel 2025 17:10

Qəlb necə möhürlənir? - DİNİMİZ

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət” 

 

İmanın vətəni qəlb olduğu üçün iman və küfr də qəlblə əlaqəlidir. Bu baxımdan, imanın lüğəti açılışının "bir şeyə tərəddüdsüz inanıb qəlbən ona bağlanmaq" anlamında işlədilməsi təsadüfi deyil. Bədən və ruh vəhdətində olan insanın maddi aləmlə əmr aləmi (mənəvi aləm) arasında körpü rolunu oynayan qəlb, həmişə bədən və ruhun da, özünün də Sahibini axtarır.

 

Axtarır ki, Onu tapıb özündə sakin etsin. Nurlu və pak qəlb Rəbbə təslimi sevər. Bu zaman rahat olan qəlb, Allahın evi və gözəl əxlaqın məskəninə çevrilər. İslama görə, qəlb nəzərgahı - İlahidir. Allah insana onun qəlbilə baxar və O, bəndəsilə rabitəni məhz qəlbə görə qurar.

 

Göz yaradılanı görüb, bəsirət Yaradanı görməzsə...

 

Qəlb gözünün açıqlığı, qəlbin nəzəri isə bəsirətdir (gözüaçıqlıq, dərrakəlik). Həmin səbəbdən, bəsirət müqəddəs nurla parlayan qəlbin qüvvəsidir. Qəlb məhz bu dəyərlə əşya və hadisələrin daxilini, mahiyyətini, mənasını, həqiqətini görür (bilir). Fitratən insanın gözündə əşyanı görmə qabiliyyəti, qəlbində də həmin əşyanın Yaradıcısını bilmə xususiyyəti var. Göz görmə fəaliyyətini icra etmək üçün işığa möhtacdırsa, qəlb də ancaq iman nuru ilə nurlandığı təqdirdə bəsirət sahibi olur və mahiyyəti görə bilir. Əksinə, bəsar (göz) yaradılanı görüb, bəsirət Yaradanı görməzsə, onda qəlb çox çirkin olar və Rəbb də həmin məkandan imtina edər. Zədələnmiş qəlb təcili tövbə edib iman nuru ilə işıqlanmasa, bəndəni küfrə də sürükləyə bilər. Bu məqamı bizə həm Rəbbin: "Pərvərdigara! Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizə şəkk-şübhə salma!" (Ali-İmran 3) kəlamı, həm də Həz.Peyğəmbərin: "Ey qəlbləri əyildib düzəldən Allahım! Qəlbimi dininlə sabitqədəm və möhkəm et!" duası xatırladır.

"İnsan qəlbi ağacın budağından asılan nazik bir ipin ucundakı tük kimidir" Peyğəmbər kəlamıdır. Göründüyü kimi, çox həssas və kövrək olan qəlb, sahibinin iman, ağıl və iradəsindən asılı olaraq imanı da, küfrü də və onların arasında vurnuxan münafiqliyi də qazana bilər. İmandan məhrum olub küfr və münafiqliyi qazanan bəndənin isə Allah qulağını kar, qəlbini möhürlü edər. Rəbbimiz belə talesiz bəndələri barədə buyurub: "(Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin (müsəlmanlara qarşı düşmən hərəkətlərinə görə) onu (Quranı) başa düşməsinlər deyə, onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: "Bu qədimlərin əfsanələrindən başqa bir şey deyildir!" - deyərlər" (Ənam 25). Kafirlərin dünyadakı dönüklüyünü və axirətdəki vəziyyətini bəyan edən Rəbbimiz, onlardan bəzilərinin imana gəlməyəcəklərini də buyurub. Yeri gəlmişkən, Beydavi (v.e. 1286) və Alusi (v.e. 1853) Ənam 25 ayəsinin nazil olma səbəbi barədə yazır: "Peyğəmbər(ə) Quran oxuyarkən Əbu Süfyan, Vəlid bin Mucirə, Nədr bin haris, Əbu Cəhl, Utbə bin Rabia, Şəybə bin Rabia və Uməyyə kimi müşriklər ona qulaq asırdılar. Heyət içində Peyğəmbər(ə)-yə az çox yaxın olanı Nədr idi. Həmin səbəbdən onlar Nədrdən soruşdular: "O nə deyir?" Nədr cavab verir: "Nə dediyini bilmirəm. Dilini tərpədərək bəzi sözlər deyir. Söylədiyi də mənim sizə keçmiş əfsanələrə aid dediklərimdən başqa bir şey deyil".

   Kafirlərin qəlblərindəki qalın pərdələr və qulaqlarındakı ağırlıq, verilən cüzi iradə ilə onların zəlaləti seçməsi, təqlidə yuvarlanması, gözəl və doğru bir təfəkkürdən məhrum olması səbəbindəndir. Onlar qəlblərində meydana gələn küfr, üsyan və günahdan xoşlanar, iman və itaətə isə nifrət edərlər. Həmin səbəbdən onların qəlblərində həqiqət olmaz, qulaqlarına söz girməz, bəsirətli insanların duyduqları İlahi möcüzələrindən xəbərsiz olarlar. Qurani-Kərim kafirlərdə olan bu halı bəzən bir xasiyyət, bəzən ilahi bir damğa, aldatma, qəflətə salma, bəzən də sona çatdırma, möhürləmə və üsyan etdirmə kimi təqdim edir. Rəbb tərəfindən qəlbləri möhürlənən, qulaqlarına ağırlıq verilən kafirlərin həqiqəti bilmək, haqqı dinləyib eşitmək istedadları olmaz. Əlbətdə, bütün insanlarda olduğu kimi onlarda da yaradılışdan verilən qəlb vardır. Fəqət onlar fitratdan verilən bu qəlbi zay ediblər. Və nəticədə, vərdişlərinə çevrilən pis əməllərilə qəlblərini bağlayan ikinci təbiət qazanırlar. Sonradan qazanılan bu təbiəti, xasiyyəti də sözsüz ki, Allahu-Təalə yaradır. Həmin səbəbdən onlar qururlarından, istək və həvəslərindən, nəfslərinin xoşladığı şeylərdən başqa heç nəyə meyl göstərmirlər. Artıq küfr Rəbbin bəxş etdiyi səlim (doğru, dürüst) və salim (sağlam) qəlbi silinməsi mümkün olmayan qara ləkə ilə bağlamış və nəticədə qəlb Cəhənnəmi reallaşdıran ikinci təbiəti qazanır. Həmin qəlbin sahibləri qüdsi qəlb kimi bir neməti itirdiyi üçün nəinki Quran möcüzəsini oxuyub dərk etməzlər, hətta təkəbbürləri səbəbindən onu dinləmək belə istəməzlər. Bundan başqa onların gözlərinə bir pərdə də çəkilir. Bu zaman onlar şəhadət aləmində görünən hər şeyi - təbiət və kainatdakı zənginliyi və bu izdihamlı müxtəliflikdə insanın həqiqi rolunu görməzlər. Belələri zina, rüşvət, qətl, oğurluq və digər haramlara uyarlar. Məsələn, hər gün səmaya baxarlar, Günəşi görərlər, fəqət Günəşin nə üçün yaradıldığının fərqinə varmazlar. Nemətdən istifadə edərlər, lakin mahiyyətdən, bərəkətdən bixəbər olarlar. Və nəticədə həmin dəyərlərin Sahibinə etinasızlıq edərlər. Bir sözlə, haqq və həqiqəti dərk etmək, eşitmək üçün yaradılan o qəlbin bütün fəaliyyət və potensial imkanlarını heyvani nəfs boğduğu üçün onun bəsirəti bağlanır, möhürlənir. Belə binəsiblərin axirəti barədə Rəbbimiz buyurub: "Onlar Cəhənnəmdə fəryad edib deyəcəklər: "Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək, o əməlləri yox ki, (dünyada) edirdik. (Onlara belə deyəcəyik:)" Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə (Allahın əzabı ilə) qorxudan Peyğəmbər də gəlmişdi. Dadın (Cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!" (fətir 37).

 

 Qəlbin möhürlənməsi Allahdan yox, bəndədəndir

 

   Bəs qəlb necə möhürlənir? Möhürləmək kitabı və zərfi bağlamaq, qabın üstünü örtmək, qapını qıfıllamaq anlamına uyğundur. İnsanların qəlbləri də belədir. Eşitmə orqanı olan qulaq da bir qapı kimidir. Xəbərləri onun vasitəsilə qəbul edirik. Qəlbin möhürlənməsi kitabın, zərfin bağlanmasına, qulağın möhürlənməsi ilə qapının qıfıllanmasına bənzər. Peyğəmbər(ə) bu mövzu barədə buyurub: "Günah ilk dəfə işlədildikdə qəlbdə qara bir nöqtə, ləkə olur. Bu qəlbin sahibi peşiman olub tövbə edərsə, qəlb yenə də parlayar. Əksinə, peşiman olmazsa, o ləkə artar və arta-arta elə həddə çatar ki, qəlb tamam ləkəli, qara olar. Və nəticədə bu ləkə qəlbi tam örtər". Rəbbimiz isə paslanmış qəlblər barədə belə buyurub: "Xeyr, (belə deyil)! Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır. Xeyr, o gün (onlar) Rəbbinin mərhəmətindən məhrum olacaqlar!" (Mütəffifin 14, 15). Ayədən göründüyü kimi, günahlar çoxaldıqca qəlbləri suvaq kimi bağlayır. Və bu zaman təcili tədbir görülməzsə, Allah həmin qəlbləri möhürləyər.

   Əslində həmin qəlb mürəkkəb töküldükdən sonra silinməsi mümkün olan kağıza bənzər. Doğrudur, ağ kağızdan mürəkkəbin silinməsi iz buraxdığı kimi, sözsüz ki, tövbə edildikdən sonra da qəlbdə neqativ bir iz qalır. Lakin günahların çoxalması həmin kağızın bütün yerini qara edər və ağ kağız qara kağıza çevrilməklə ikinci təbiətini alar. Bu zaman qara ləkələrin silinməsi mümkün olmaz. Qəlb də belədir. Paslaşmış, kirlə örtülmüş qəlbdə nə iman kimi bir cövhər, nə də küfrdən qurtuluş olar. Əlbətdə, qəlbin möhürlə xətmi (bağlanması) bəndədən, onun yaradılması isə Allahdır. Lakin qəlbin möhürlənməsinin Allaha isnad edilməsi doğru deyil və burada cəbrilik, məcburiyyət yoxdur. Bəndənin qəlbi öz əməlinə görə möhürlənir. Yəni bəndə bunu öz istəyinə görə etdiyi üçün, Allah bunu yaradır. Zira Allahdan başqa yaradan yoxdur.

   Sözügedən ayə və hədis əxlaqda ehtiyat məsələsini çox gözəl anladır, əxlaq və dinin qiymətinin davamlılıqda olduğunu göstərir. Bu nöqtə tərbiyə məsələsinin sirridir. Şəriət baxımından bir günaha israr etməklə, isrardan imtinanın fərqi də bundadır. Elə haramı halal qəbul etməyin böyük günah, küfr olması da bununla əlaqəlidir. İman məsələsində pis vərdişin israrı kafirlər üçün ikinci təbiətdirsə, saleh əməl məsələsində bu israrlılıq möminlər üçün bir qaydadır. Yəni küfr edən küfrünə vərdiş edibsə, mömin nə üçün də saleh əməlinə vərdiş etməsin...

 

İnsan fitrata görə sorumludur

 

   Məlumdur ki, yaxşı işlər görmək vərdişi ilk yaradılışın tələbidir. Pis işlərə vərdiş isə ilk yaradılışa zidd olduğu üçün, o, fitrata zidd ikinci bir təbiətin, xasiyyətin məhsuludur. İnsanın dünya və axirətdəki qiyməti də bu vərdişə münasibətdən asılıdır.

   İlkin fitratda bəşərin iradəsi yoxdursa, sonrakı əməllərdə isə onun iradəsi mühümdür. Yəni bəndənin əməllərində İlahi cəbrilik yoxdur. Allahu-Təalə kafirlərə qəlb verməsəydi və ya möhürlü qəlb versəydi, o zaman cəbrilik olardı. Halbuki şərh olunan ayə belə buyurmur. Burada ikinci bir sual da meydana çıxır. Rəbbimiz kafirlərin iman etməyəcəyini bildiyi halda, nə üçün onları yenə də imanla mükəlləf edib? Allahın elminin əksinə heç bir şey olmayacağı halda, onların imanla təklifdə mükəlləf olması nə dərəcədə doğrudur? Cavab belədir: Bu təklif sonradan qazanılan ikinci təbiətə görə yox, ilkin fitrata görədir və onun üçün vacib bilinib. Çünki Allahu-Təalə Adəm(ə)-ni yaradarkən qiyamətə qədər olacaq nəsillərini onun belindən çıxarıb, onlara: "Mən sizin Rəbbiniz deyilənmi?" buyurub. Və onlardan da: "Bəli, Rəbbimizsən" cavabını alıb. Adəm(ə) və ondan törənən gələcək nəsillər də məhz "Bəli" dedikdən sonra mükəlləf (sorumlu, cavabdeh) olublar. Yeri gəlmişkən, Xaliq ilə xalq (Allahla bəndə) arasındakı bu əhdnamə, müqavilə, sual-cavab İslam aləmində "Ələstu birabbikum, Qalu bələ" əhdi-peyman məclisi adlanır.

   Beləliklə, Rəbbimiz yaratdığı bəşəri Yerdəki xəlifəsi etmək üçün səməvi kitablar, peyğəmbərlər göndərib. Haram və halalın sərhədlərini onlar vasitəsilə bildirib. Təbir caizsə, Rəbbimiz nazil etdiyi kitabların müəllifi, göndərdiyi peyğəmbərlər Onun bəşər üçün seçdiyi müəllimlər, yaratdığı Yer kürəsi isə auditoriyalar, siniflərdir. Kitabların Müəllifi məlum, müəllim məlum, auditoriya məlum. Bəndəyə düşən vəzifə isə bu fürsətdən istifadə edib iman, elm və saleh əməl vəhdətinə nail olmaqdır. Əks təqdirdə, bəndəni qəlbinin möhürlənməsi gözləyir... Bu həm də Rəbbə ünvanlanan : "Daş qəlbli insanları neylərdin, İlahi!" (M.Ə.Sabir, v.e. 1911) təəssüfünün açılışıdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

 

Bazar ertəsi, 28 Aprel 2025 16:37

Seçmə şeirlər – RƏSUL RZA, “Oğul ”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

RƏSUL RZA

“OĞUL”

Mən səni
yeni ayaq açanda,
yeni dil açanda,
top kimi yumalanıb
qaçanda görmüşəm.
İlkin ata deyəndə
öpmüşəm dodaqlarından.
Çəkdiyin qəribə, gülməli şəkilləri
Bugünəcən saxlamışam.
İlk dəfə məktəbdən gələndə
bağrıma basmışam səni,
qucaqlamışam.
İllər keçib bir-birinin ardınca,
sən böyümüsən hər gün.
Qalxmısan ömrün neçə pilləsini;
zaman təqvimin varaqların qopardıqca.
İndi yekə kişi olmusan, maşallah!
Gündə üzünü qırxırsan.
İndi qadınlar sənə
Həsədlə, məhəbbətlə baxır.
Uşaqlardan sənə dayı deyənlər var.
Ancaq sən
mənim gözümdə hələ də
yeni ayaq açan,
yeni dil açan,
top kimi
dümələnib qaçan
körpəsən.

                                                                 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Bazar ertəsi, 28 Aprel 2025 16:06

PORTAL AKADEMİYASINDA – Uğursuzluq nədir?

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Bəs, uğursuzluq nədir?

 

Uğurdan danışırıqsa mütləq onun antonimi olan uğursuzluqdan da danışmalıyıq. Əks təqdirdə, mövzumuz tam açılmayacağından onu mənimsəməyiniz də çətinlik törədəcək.

1988-ci ildə 15 müttəfiq respublikadan ibarət olan SSRİ dövləti – dünya siyasətinin kapitalizm və sosializm adlı iki düşmən qütbünün ikincisinin lider dövləti qəfildən dağılmağa başladı. Əlbəttə, sonradan müxtəlif tezislər, arqumentlər irəli sürüləcək, SSRİ-nin son prezidenti Mixail Qorbaçovun «perestroyka» adı altında (hərfi mənası «yenidənqurma» olan bu proses, guya, tarixin ağ ləklərini aradan götürməyə, insanların ideoloji asılılığını yox etməyə, şüur və təfəkkürdə inqilab etməyə, kommunizm diktaturalı idarəetməni demokratik idarəetməylə əvəzləməyə, olduqca qapalı cəmiyyəti açıq etməyə, bütün qara pərdələri götürərək hər şeyi şəffaflaşdırmağa xidmət edirdi) məhz digər güc mərkəzi sayılan ABŞ-ın təhriki ilə quruluşu dağıtması iddia ediləcəkdi. Amma söhbətimizin mövzusu bu istiqamətdə olmadığı üçün biz sadəcə SSRİ-nin dağıdılması faktı üzərində dayanacağıq. 1988-ci ildə, hətta bəzi iddialara görə artıq 1987-ci ildən başlayaraq SSRİ-nin dağılmağa meyillilik tendensiyaları 1991-ci ildə tam olaraq öz labüd sonucunu tapdı. Bir-birinin ardınca bütün müttəfiq respublikalar, o cümlədən də mənim vətənim olan Azərbaycan öz dövlət müstəqilliklərini elan etdilər. SSRİ-nin dağılması ilə Avropa və Asiyanın xəritəsinə 15 yeni dövlət artırıldı, amma bu proses tək bir imperiyanın süqutu kimi yox, bütöv bir sistemin çökməsi kimi tarixə düşdü, Avropanın bütün sosialist ölkələri sosializm kabusundan – dolayısı Kreml asılılığından qurtuldular. Almaniya Demokratik Respublikası adlandırdığımız Şərqi Almaniyanın süqutu ilə Almaniya birləşdi, Çexoslovakiya Çexiya və Slovakiyaya parçalandı, Yuqoslaviya Federasiyasının tək bayrağı birdən-birə Serbiya, Xorvatiya, Bosniya və Hersoqovina, Makedoniya, Kosovo, Çernoqoriya kimi bir neçə bayrağa çevrildi. Beləcə Avrasiya materikinin ərazisində milyonlarla insanın yaşadığı nəhəng bir iqtisadi formasiya digəri ilə əvəzləndi, sosializm kapitalizmə təslim oldu.

Təbii ki, bəşər tarixində ən böyük kataklizmalar məhz formasiya əvəzlənmələri dövründə meydana çıxır. Bir Azərbaycan xalqı olaraq biz də bu kataklizmaların caynağına düşəsi olduq. Oturuşmuş, sabit bir dövlət, tam təminatlı güzəran sanki bizlərə özümüzü okenda etibarlı bir gəminin sərnişinləri ampluasında hiss etdirirdi, qəfildən okean lərzəyə gəldi, çaxnaşdı, gəmini atıb-tutmağa, sərnişinləri də ora-bura çırpmağa başladı.

Bu gözlənilməzlik həyatımızın hər bir sahəsinə sirayət elədi. Əlbəttə, müstəqil bir dövlətin vətəndaşı olmaq şərəfi kimi müsbət çalar gəldi həyatımıza və bu, ən vacib şərtdir. Amma formasiya dəyişkənliyinin yaratdığı konkret çətinliklər, problemlər dalğasının həmləsi qarşısında tab gətirmək də asan deyildi. Formasiya dəyişkənliyi ilk öncə həyatımıza maddi olanın mənəvi olandan daha dəyərdə olması anlayışını gətirdi, adında «kapital» sözünün əks olunduğu bir formasiyada kapitala səcdə qılmaq məcburiyyəti, şübhəsiz, mənəvi olanın ideologiya şəklində hakim olduğu bir cəmiyyətdən çıxan insanları çətinə, dolaşığa saldı. Cəmiyyət qanunları, əxlaq kodeksi, davranış normaları bir andaca bünövrəsi dağılan binalar kimi büsbütün uçub yerə gəldi. Üstəlik pulun dəyişilməsi, istiqrazların dəyərini itirməsi insanları bütün həyatları boyu yığdıqları maddiyyatdan da məhrum etdi.

İnsan adicə bir ölkədən başqa bir ölkəyə gedəndə, yaxud hansısa bir xəstəliklə bağlı qida rasionunu dəyişəndə, yaxud adicə, bir mənzildən digərinə, bir iş yerindən başqa birisinə köç edəndə uzun müddət bu yeniliyə adaptasiya oluna, alışa bilmir, onun fəsadlarını çəkir. İndisə birdən-birə milyonlarla insanın həyatı siyasi, iqtisadi, sosial, mənəvi kontekstdə büsbütün dəyişirdi. Bu da təbii ki, yeni bilik və bacarıqlar, vərdişlər, şablonlardan çıxma, çərçivələri dağıtma tələb edirdi, ən əsası da bir formasiyadan digərinə transfer dözüm, mübarizlik, kreativ düşünmə, adaptasiya bacarığı tələb edirdi. Şübhəsiz, bizlər – keçmiş sosialist düşərgəsinin sakinləri hamılıqla bu keçidi etdik, amma şəraitə uyğunlaşa bilməyib, sadəcə, «uğursuzlar qatarının» sərnişininə çevrilənlərimiz də az olmadı.

Sosiologiyada, iqtisadiyyatda belə bir termin var, «qara qu quşu». Sorbon Universitetinin məzunu olan Livan əsilli Amerika vətəndaşı, maliyyə bilicisi Nassim Tallibin gətirdiyi bu ifadə onun eyniadlı məşhur bestsellerindən götürülüb. Mənası da təqribən bu cürdür: Avstraliya kəşf olunana qədər Köhnə Dünyanın əhalisi əmin idi ki, bütün qu quşları ağdır. Onların bu qənaəti təcrübələrinə əsaslanırdı. İlk qara qu quşu ilə rastlaşma ornitoloqları bərk təəccübləndirdi. Deməzsənmiş, onların quların yalnız ağ olmaları barəsindəki qənaətləri tam yanlış imiş.

Amma bu hadisə başqa bir səbəbdən olduqca əhəmiyyətlidir. Bu hadisə, göstərdi ki, bizim aldığımız təlimlər, biliyimiz necə də dar çərçivəyə sığınıbmış. Cəmi bircə müşahidə – qu quşları ilə bağlı bu hadisə sübut etdi ki, min illərlə yaşı olan aksiomlar yanlış ola bilər. Bircə eybəcər quş hər şeyi çox rahatca alt-üst edə bildi.

Nassim Taleb öz təlimində «Qara qu quşu» anlayışına üç cür xarakteristika verir: birincisi, Qara qu quşu – anomaldır, onu heç kəs gözləmir, gəlişi heç təxəyyülə belə sığışmır; ikincisi, o, nəhəng təsiretmə gücünə malikdir; üçüncüsü – o, insan təbiətinin bizə sürpriz kimi gələn bir hadisə baş verdikdən sonra onu adiləşdirib gözlənilən və izah edilən xarakterdə bəyan etməyə məcbur etməsini özündə ehtiva edir.

Əlbəttə, növbəti günlərin birində mütləq Nassim Talebin «Qara qu quşu» adlı ölməz əsərinə yenidən toxunacaq, bestsellerin oxuculara fayda verə biləcək əsas məziyyətlərindən bəhs edəcəyik. Amma indilikdə məhz onu vurğulamaq istəyirəm ki, gözlənilməyən, öncədən təxmin edilməyən, gəlişi ilə həm bütövlükdə cəmiyyətlərdə və həm də hər bir ayrıca fərddə fərqli tendensiyalara təkan verən, onları tərpədən bütün hadisələr «Qara qu quşları» adlandırıldığından, təkcə elə bu son dönəmdə biz azərbaycanlıların rastına çıxan quşların sayına diqqət etdikdə adamı soyuq tər bürüyür.

İqtisadi formasiya, onun gətirdiyi dəyişikliklər hətta ailədə və cəmiyyətdə yeni münasibətlərin formalaşması lüzumuna qədər təfəkkürümüzdə yer elədiyi halda Azərbaycanla qonşu Ermənistan arasında olan Qarabağ müharibəsi adı altında növbəti «Qu quşu» təşrif buyuraraq həyat axarımızı büsbütün pozdu. Formal olaraq 1994-cü ildə atəşkəs sazişi imzalanana qədər uzanan, amma realda hələ də davam edən, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdərə, Xocalı, Xocavənd, Xankəndi, Əsgəran, Hadrut kimi 14 rayonun timsalında 20 faiz Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən, 30000-ə yaxın hərbçinin, 800-ə yaxın mülki şəxsin həyatını alan, 11 min nəfəri əlil edən, rəsmən 4210 nəfərin itkin düşdüyü, 724000 nəfərin məcburi köçkünə çevrildiyi bu müharibə müstəqil Azərbaycanın inkişafına çox ağır zərbələr vurdu, hər bir azərbaycanlının həyatından qapqara izlər buraxaraq keçdi.

2015-ci ildə neft gəlirlərinə hesablanmış büdcə ilə yaşayan, get-gedə çiçəklənən Azərbaycanımıza dünyada baş verən qlobal böhranın, daha çox isə geosiyasi gedişlərin təsiri ilə növbəti «Qara qu quşu» uçub gəldi. Neftin qiymətinin süni olaraq, heç bir proqnozlara gəlməyəcək dərəcədə kəskin ucuzlaşması büdcə kəsirləri yaratdı, yerli valyuta iki devolvasiya ilə dəyərini xeyli itirdi, inflyasiya, iqtisadi böhran ölkəyə zor etməyə çalışdı.

Hər bir ailənin, insanın müəyyən maddi sıxıntısı ailədə, kollektivdə insanlarla münaqişəsindən, ziddiyyətindən doğan problemi, səhhətiylə bağlı rahatsızlığı, doğma və yaxınını itirməyinin dərdi, çin olmayan arzuları ola bilər, bütün bunlar uğursuzluq narazılıqları yaradan fərdi nəsnələrdir. Amma Qara qu quşunun gətirdiyi isə ümumi nəsnələrdir ki, onlar hər bir şəxsin gündəlik həyatında özünü göstərir.

Bəhs etdiyimiz detallar cəm halda bir narazılıq, həyatdan küskünlük əmələ gətirirlər, sonucda da bu narazılıq və həyatdan küskünlük uğursuz insan anlamını formalaşdırır. Bizim qətiyyətimiz azalır, diqqətimiz yayılır, məqsədyönlülüyümüz itir, zərbələrimiz kəsərdən düşür.

Obyektiv və subyektiv səbəblər məcmusu olan uğursuzluq – kitabımızın baş mövzusu olan uğurun antonimi olaraq, əvvəldə qeyd etdiyim kimi, mütləq haqqında bəhs etməyimiz zərurətini yaradır. Arzuladığımız və planlaşdırdığımız məqsədə döğru yolda bizi büdrədən şərait, fiziki vəziyyət olan uğursuzluq barədə təbii ki, xüsusi təlimlər, hansısa düstur və aksiomlar yoxdur. Uğursuzluq – daha çox subyektin dünyagörüşündən asılı olan bir anlayışdır, bəzi adamlar üçün uğursuzluq kimi qəbul edilən bir hadisə, vəziyyət başqası üçün adi hal da ola bilər. Amma istənilən halda qarşıya qoyulan məqsədə çata bilməmək, hədəfi vura bilməmək uğursuzluq kimi qəbul edilir. Abiturient qəbul imtahanından lazımi qədər bal toplaya bilmədi, idmançı çempion ola bilmədi, müəllim attestasiyadan keçə bilmədi, şirkət rəhbəri tenderdə qalib gələ bilmədi, müəssisənin yeni məhsulu bazara girə bilmədi, gənc öz sevdiyinə qovuşa bilmədi və s. və i. – onlarca bu cür uğursuzluq misalları çəkmək olar ki, bu misallar da paritet qaydada həm subyektin özündən, həm də obyektiv reallıqdan qaynaqlanır.

Amma uğur qazanmaq düsturunda subyektin özünün uğura maksimum köklənməsi əsas yer tutur. O, özündən asılı olan, öz əlində olan hər bir şeyi qeydsiz-şərsiz eləməlidir, bunun üçün lazım olan bütün qüvvəsini, imkanlarını səfərbərliyə almağı bacarmalıdır. İdmançıların təbirincə desək, sən həyatının ən həlledici döyüşünə tam hazırlaş. Bəxt həmişə güclünün üzünə gülür. Belədə qələbə mütləq sənin olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Bazar ertəsi, 28 Aprel 2025 15:34

DƏRS - Qrafik Dizayn və İllüstrasiya nədir?

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qrafik dizayn və illüstrasiya — vizual ünsiyyət və yaradıcılığın birləşdiyi, həm estetik, həm funksional olan sənət sahələridir. Bu sahələr reklamdan tutmuş kitab dizaynına, sosial media paylaşımlarından oyun sənətinə qədər bir çox sahədə istifadə olunur və yaradıcılığa geniş meydan verir.

 

Qrafik Dizayn nədir?

 

Qrafik dizayn, mesajların və ideyaların vizual olaraq ifadə edilməsidir. Bu, mətbəə məhsullarından tutmuş rəqəmsal mediaya qədər müxtəlif formalarda təqdim oluna bilər.

 

Əsas sahələri:

 

1. Brendinq və loqo dizaynı

Şirkət və ya məhsul üçün unikal vizual kimlik yaratmaq.

 

2. Reklam və marketinq dizaynı

Plakatlar, bukletlər, sosial media postları, veb banerlər və s.

 

3. UX/UI dizayn

Proqramlar və vebsaytların istifadəsini asan və estetik cəhətdən cəlbedici etmək.

 

4. Nəşr dizaynı

 Jurnallar, kitablar, qəzetlər, kataloqların vizual düzülüşü.

 

5. Hərəkətli qrafika (Motion graphics)

Video, intro və animasiyalarda istifadə edilən dinamik dizayn elementləri.

 

İstifadə olunan proqramlar:

 

Adobe Photoshop

Adobe Illustrator

Figma / Adobe XD (UX/UI üçün)

InDesign (nəşr üçün)

Canva (başlanğıc və sürətli iş üçün)

 

Bəs İllüstrasiya nədir?

 

İllüstrasiya, vizual təsvirlər vasitəsilə hekayə danışmaq və ya anlayışı ifadə etməkdir. Bu, ənənəvi rəsm texnikalarından rəqəmsal sənətə qədər uzanır.

 

Əsas növləri:

 

1. Kitab illüstrasiyası - Uşaqlar üçün kitablar, romanlar və ya elmi nəşrlərdə istifadə olunur.

 

2. Redaksiya illüstrasiyası – Jurnallar və qəzetlərdə məqalələri vizual olaraq dəstəkləyir.

 

3. Kommersiya illüstrasiyası – Reklam, məhsul qablaşdırması və marketinq materialları üçün.

 

4. Konsept sənəti (Concept art) – Video oyunlar və filmlər üçün səhnə və xarakter təsvirləri.

 

5. Moda illüstrasiyası – Geyim dizaynlarının və moda fikirlərinin vizual təqdimatı.

 

Populyar proqramlar:

 

Procreate (iPad üçün)

Adobe Illustrator / Photoshop

Clip Studio Paint

Corel Painter

Krita (pulsuz)

 

Bu sahəyə başlamaq üçün məsləhətlər:

 

1. Əsas dizayn prinsiplərini öyrən: rəng nəzəriyyəsi, kompozisiya, kontrast, balans və tipoqrafiya.

 

2. Proqramlarla tanış ol: ilkin mərhələdə Canva, daha sonra Adobe proqramları və ya Figma ilə işləyə bilərsən.

 

3. Portfel yarat: işlərini bir yerdə topla (Behance, Dribbble, ArtStation kimi platformalarda).

 

4. İlham al: Pinterest, Instagram, Behance və YouTube-dan ilham almaq və texnika öyrənmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Bazar ertəsi, 28 Aprel 2025 11:01

KİTAB BƏLƏDÇİSİ - Daim uyğun davranın

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Mənəvi dəyərlərinizə uyğun davrandıqca özünüzü xoşbəxt hiss edirsiniz. Hər hansı bir səbəbdən güzəştə gedib dəyərlərinizə uyğun davranmadıqda özünüzü pis hiss edirsiniz. Və uyğun olaraq da, güzəştə getdikcə özünüzə inamınız və hörmətiniz azalır. Özünüzü qətiyyətsiz, zəif və narahat hiss edirsiniz. Dəyərlərinizi qurban verdikcə daxilinizdə, qəlbinizin dərinliyində nə isə fundamental bir yalnışlığın olduğunu hiss edirsiniz. 

 

İnsanın demək olar bütün problemləri, yüksək dəyərlər və daxili inanclara dönməklə həll edilə bilər. Dönüb arxaya baxdıqda yəqin ki, həyatınızda, kapitalınızı qorumaq, işinizi və ya kiminləsə hansısa bir əlaqəni itirməmək üçün güzəştə gedərək dəyərlərinizə zidd davrandığınız məqamların olduğunu görəcəksiniz. Hər dəfə belə vəziyyətdə siz özünüzü pis hiss etmiş və sonunda hər şeyi buraxıb boş vermişsiniz. Və xarakterinizin gücü hesabına, sonunda boş verib getmədikdə özünüzü necə hiss etmişdiniz? Əla!

 

 Hər dəfə, iradə və xarakterinizin gücün dən istifadə edərək dəyər verdiyiniz prinsiplərə dönərkən siz, bütün qəlbinizi dolduran sevinc və xoşbəxtlik hissi ilə mükafatlandırılırsınız. Özünüzü daha enerjili və sərbəst hiss edirsiniz. Və bu addımı daha öncə atmadığınız üçün təəssüf edirsiniz.

 

Brayan Treysi/Bəhanələrə yox (daxili intizamın gücü)

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

Bu gün oxucularımıza 1974-cü ildə rejissor Rasim Ocaqovun ekranlaşdırdığı “Qatır Məmməd” filmi haqqında danışacağam. Zeynal Xəlilin eyniadlı pyesinin motivləri əsasında çəkilən film ötən əsrin 10-cu illərində Gəncə quberniyasında mövcud rejimlə mübarizə aparan Qatır Məmməd haqda bioqrafik filmdir.

 

Rasim Ocaqov tərəfindən ekranlaşdırılan “Qatır Məmməd”in ideoloji dəyəri kinematoqrafik keyfiyyətlərindən güclüdür. Yeri gəlmişkən, bu film, o vaxtadək ondan çox filmdə operatorluq etmiş Rasim Ocaqovun rejissor qismində ilk işidir. Filmin ilk versiyasını Həsən Seyidzadə çəkmişdi. Onun quruluşundakı “Qatır Məmməd”in qadağan olunması səbəblərinə irəlidə aydınlıq gətirməyə çalışacağıq.

Dediyim kimi, filmin ideoloji konteksti güclüdür və bir sıra səhnələrin plakatçılığı gözə girir. Xüsusən, bu günün rakursundan baxanda bu plakatçılıq saxta və şişirdilmiş görünür. Dünya kinosunda plakatçı, amma kino sənətinin meyarlarına cavab verən filmlər əlbəttə var. Amma Rasim Ocaqovun yozumundakı plakatçılıq ona görə önə çıxır və qıcıqlandırır ki, həmin epizodlarda təsvir həlli, ifadə vasitələri, aktyor oyunu uyğunsuzdur. Misalçün final səhnəsində zabit Əziz (Rasim Balayev) Qatır Məmmədi (Şahmar Ələkbərov) arxadan vurur. Ona iki güllə açılır. Qatır Məmməd isə ölmək bilmir, horror, fantastika janrında olan filmlərin personajları kimi elə ayaqda dayanır, özü də banal məğrurluqla. Üstəlik, yeriyir, hətta rahat-rahat xəyallara (çox güman ki, gələcək haqda) dalmağa macal da tapır. Aydın məslədir ki, rejissor ideoloji tələblərdən irəli gələn simvolik, şərti vəziyyətlə onun ölməzliyini mənalandırmağa çalışıb. Kino sənəti şərtiliklə ehtiyatla davranmağı, ifrata varmamağı tələb edir, əks halda reallıq estetik mənada eybəcərləşir və falş yaranır. Kamera isə falşı dərhal büruzə verir. Yəni final epizodunu şişirtmədən, təmkinli işləmək mümkünüydü.

Musiqi istifadəsi də ekrandakı mübaliğədə rol oynayır. Cahangir Cahangirov ən yaxşı film musiqisi yazan bəstəkarlarımızdan biri olub. Onun bəstəsi tematikdir və mövzuya tamamən uyur. Lakin Rasim Ocaqovun digər rejissorlarımız kimi musiqidən lazımsız istifadəsi filmin keyfiyyətinə mənfi mənada təsir göstərib.

Əhvalatın mərkəzi fiquru Qatır Məmmədin obrazı çox güman ki, bilməyərəkdən bir qədər infantil və küt alınıb. Yəqin ki, rejissor onun portretini emosional və dəli-dolu ştrixləri ilə yükləmək istəyib. Amma bu keyfiyyətlər əks effekt verib. Və Qatır Məmmədə bütün film boyu silahdaşı Səməd (Həsən Məmmədov) çəki-düzən verməyə çalışır, ağıllı olmağa səsləyir.

Maraqlıdır ki, Qatır Məmmədin sinfi düşmən Əhəd bəylə (Səməndər Rzayev) qarşıdurması zamanı üstünlük ikincidədir. Əhəd bəyin qorxmaz, cəsarətli davranışı qarşısında Qatır Məmməd zəif və haqsız görünür. Və Qatır Məmməd ədalət məhkəməsi qurulmadan çox asanlıqla öz yoldaşlarını da öldürə bilir.

Şahmar Ələkbərov müsahibələrindən birində Qatır Məmmədin qisasçıdan yetkin inqilabçıya çevrilməsini göstərdiyini deyib. Hərçənd, filmdə onun dəyişmə prosesini görmürük.

 

Filmdə xan və bəylərin zülmünün təsvirini görmürük, bu, sözlərdə ifadə olunur. Bundan başqa əhvalatdan adı ən çox isimlərdən biri Fətəli xan Xoyski olsa da, filmin mərkəzi personajlarından biri deyil və ekranda az görünür.

1930-cu illərin repressiyasının əsas prinsiplərindən biri oğulun atanın günahlarına şərik çıxarılması və bağışlanmaması- filmdə Müsavat zabiti Əzizə münasibətdə üzə çıxır. Bolşeviklər Əzizə müsavatçı olduğuna görə şübhəylə yanaşır və təbii ki, rejissor da gedişatda bolşevik personajları haqlı çıxarır. İlk epizodlardan birində meyxanada axtarış səhnəsi dəqiq pauza və planlarla işlənib.

Ekspozisiyada Qatır Məmmədin bəylərin mülkünü müsadirə etməsi kadrları ilə Gəncə quberniyasında onu ələ keçirmək üçün planların qurulmasının paralel montajda verilməsi qəhrəmanın əhəmiyyətini göstərmək üçün, irəlidəki fəaliyyətinə girişi kimi yaxşı düşünülüb...

Filmin ssenarisini kinodramaturq Mixail Maklyarski və Kirill Rapoport yazıb. Hüseyn Seyidzadə onların versiyası ilə razılaşmayıb. Onun fikrincə, müəlliflər milli mədəniyyət və tariximizdən xəbərdar deyil, buna görə Seyidzadə Qatır Məmməd haqda ətraflı araşdırma apararaq məlumat toplayır, ssenarini dəyişir və öz versiyasını çəkir. Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixi” kitabında qeyd edildiyinə görə, Seyidzadə Qatır Məmmədlə Həbibənin sevgisini xüsusi qabardacaqmış.

Araşdırmaçı-rejissor Babək Abbaszadənin dediyinə görə, rejissor cümhuriyyətçi obrazlarına da geniş yer verib. Onun ehtimalına görə, ssenarilərin ruslara həvalə edilməsi onunla bağlı ola bilər ki, buna kimi “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım” filmlərində müsbət yüklü bəy obrazları yaradılmışdı və mərkəz növbəti dəfə inqilabi mövzuda ssenarini özü nəzarətə götürmək istəyib.

Filmin xeyli hissəsi çəkilsə də, Moskvada Bədii Şura onu qəbul etmir və yenidən çəkilməsini tələb edir. Bir məqamı da qeyd edim ki, Maklyarski əkskəşfiyyatçı, DTK-in zabiti, Əlisəttar Atakişiyevin “İstintaq davam edir” filminin ssenari müəlliflərindən biriydi. Rapoport isə sovet kinosunun məşhur filmlərindən “Zabitlər”in ssenaristlərindən biri olub. Ona görə bu şəxslərin filmdə nə olursa-olsun ideoloji məsələni önə çəkməkləri təbiiydi.

Beləliklə, "Qatır Məmməd" Hüseyn Seyidzadədən alınır, onun yenidən işlənməsi bir çox rejissora təqdim olunsa da, onlar imtina edirlər. Kinostudiyanın direktoru Adil İsgəndərov filmi Rasim Ocaqova təklif edir. Çünki R. Ocaqov həmişə rejissorluq arzusundaydı. Adil İsgəndərov isə ona “sən rejissor ola bilməzsən, diplomun yoxdur” deyirmiş. Bundan sonra Rasim Ocaqov rejissorluq təhsili almışdı. “Qatır Məmməd”i ona təklif edəndə rəhbərlik belə şərt qoydu ki, əgər filmi başa çatdıra bilsə, onda gələcəkdə rejissor kimi film çəkmək imkanı olacaq. Nəhayət, "Qatır Məmməd" çox qısa müddətə yenidən çəkilir. Filmin ilk variantında dövlət tərəfindən ayrılan bütün vəsait xərcləndiyi üçün, ikinci variantda yaradıcı heyət qonorarsız işləyir.

 

Rasim Balayev müsahiblərindən birində deyir ki, Adil İskəndərov toplantı keçirərək bildirdi ki: “Bu filmi təhvil verməsək, 300-400 nəfərə yaxın əməkdaş kinostudiyadan ixtisar olunmalıdır. Filmi çəkmək üçün pul qalmayıb. Filmi pulsuz çəkmək lazımdır. Əgər 300-400 nəfərin ixtisara düşməsini istəmirsinizsə, ilin axırınadək filmi təhvil verməliyik. Əks təqdirdə, bu adamlar işsiz qalacaq”.

Filmin ikinci variantında birinci variantdakı aktyorlar çəkilməyib. İlk versiyada Qatır Məmmədi Əlabbas Qədirov, Əzizi Fual Poladov oynayıb.

Aygün Aslanlının “Skafandrlı adam” kitabında Fuad Poladov bu haqda danışıb: ”Seyidzadə "Qatır Məmməd" filmini öz ssenarisi əsasında çəkirdi. İlkin ssenarini Mixail Maklyarski və Kirill Rapoport adlı iki yəhudi yazmışdı. Seyidzadə də işi götürəndə şərt qoymuşdu ki, filmi mənə verirsinizsə, ssenariyə əlavələr eləməyə də icazə verin. Maklyarski, Rapopot nə qanır, Qatır Məmməd kimdi?! Onun haqqında nə yaza bilərlər, axı?! Beləcə, filmin 80%-i çəkilmişdi. Mingəçevirdə idik. Son kadrlar çəkilirdi. Birdən pul kəsildi. Bir həftə pul gözlədik, gəlmədi. Əvəzində filmin direktorunu Bakıya çağırıb dedilər ki, şələ-külənizi yığın qayıdın. Seyidzadəyə də dedilər ki, bizə xəbər çatıb ki, sən ssenaridən kənara çıxırsan. O da bu barədə ilk gündən xəbərdarlıq elədiyini xatırlatdı. Təkid elədilər ki, qayıt, onların ssenarisini çək. Rejissor razılaşmadı. "Mən necə başlamışamsa, elə də bitirəcəm, ya da çəkmirəm" dedi. Filmi aldılar əlindən. Hüseyn Seyidzadə belə möhkəm xarakterli insan idi”.

Filmin ilk versiyası məhv edilib. İlk versiyadan ikinci versiyaya ümumi planda əsgərlərin qaçışı, bayraqları yerə atmaları səhnəsi daxil olunub.

Maliyyə olmadığı üçün R. Ocaqov çəkilişləri Bakıətrafı ərazilərdə-Ramanada, Qalada, Qobustanda aparıb.

Filmin digər adı “Gəncəbasarlı qisasçı”dır.

"Qatır Məmməd" filminin sonunda "14 gündən sonra Azərbaycanda sovet hakimiyyəti quruldu. Qatır Məmməd o günü görmədi" sözləri deyilir. Əslində Qatır Məmməd 18 sentyabr 1919-cu ildə qətlə yetirilmişdi.

Sovet dövründə Azərbaycanda xalq qəhrəmanı elan edilmiş Qatır Məmmədin əsl adı Məmməd Əli oğlu Məmmədov (1887-1919) idi. Onun haqqında indiyədək ziddiyyətli fikirlər səslənir. Bəzi mənbələrə görə o quldur, digər mənbələrdə isə kəndlilərin hüquqlarının müdafiəçisi kimi göstərilir.

 

Ümumi versiyaya görə, Qatır Məmməd törətdiyi cinayətlər səbəbindən 1909 və 1914-də həbs olunaraq məhkəmənin hökmüylə Sibirə sürgünə göndərilmiş və görünür, orada bolşeviklərlə dostlaşmışdı.

Sibirə katorqaya göndərildikdən sonra Məmmədə «Qatır» ləqəbi verilib. Bu ləqəb ”katorqa” sözünün azərbaycancaya uyğunlaşdırılmasının nəticəsidir katorqa-katır. Yəni Qatır Məmməd - katorqaya göndərilmiş Məmməd.

1917-ci il rus inqilabından sonra o, geri dönmüş və öz dəsətəsi ilə ADR hökumətinə qarşı silahlı mübarizə aparmışdır. Bax onun əsl siması elə budur – rus bolşeviklərinin tərəfində olmaq, milli hökumətə qənim kəsilmək.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Bazar ertəsi, 28 Aprel 2025 15:05

Nurla zülmət arasında - ESSE

Fariz Əhmədov,Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Sözlər nərdivandır… Bizi ya ucalığa aparır, ya da üzüaşağı endirir.

Hər söz içində ya nur daşıyır, ya da zülmət. Yuxarı qalxdıqca içimizdəki işıq ruhumuzla birləşərək bizi ilahi bir sükuta qərq edər. Aşağı endikcə isə, hərf-hərf söndürərək qaranlıqlar içində itib-batırar.

 

İnsan yaşadıqca, ruhuna toxunan münasibətlər qurmağa çalışır.

Bəziləri ötəri yel kimi keçib gedir, bəziləri isə səssizcə içimizdə bir çıraq yandırıb yolumuza işıq salır. O çıraq ki, bir ömrə bərabər hissdən, bir baxışdan, bir sözdən mayası yoğrulub. O çırağın yandığı otaqda zaman dayanır, həyat nəfəs alır. Əslində çıraq da pərvanəni yandıran şam kimidir – gözəlliyi qədər yandırıcı, istiliyi qədər ağrılı olur. Çünki yaxınlaşdıqca daha çox hiss edir, hiss etdikcə daha çox yanırıq. Və hər dəfə o nərdivanın pillələrində qalxanda, qəlbimizdəki çıraq bir az daha parlayır – qürurla, sevgiylə, inamla.

Amma düşəndə… elə bil sönür hər şey – nə söz qalır, nə səs, nə də baxışların istiliyi. Biz işığa meyilli olsaq da ən dərin hisslərimizi qaranlıqda tapırıq.

 Zülmətdə çıraq yandıran hər qəlbə eşq olsun!

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qədim Naxçıvan – Azərbaycanın ulu diyarı. Yəqin ki, orada olmaq fürsətindən hər kəs yararlanıb. Yararlanmayanlar isə həmən yararlansalar yaxşıdır.

Naxçıvan turizmi  həm tarixi, həm də təbii gözəllikləri ilə seçilir. Naxçıvan turizmini aşağıdakı kimi ümumiləşdirmək olar:

 

1. Tarixi Abidələr

 

- Əshabi-Kəhf ziyarətgahı – İslam dünyasında müqəddəs sayılan bir məkandır.

 

- Mömünə Xatun türbəsi – 12-ci əsrə aid bu möhtəşəm türbə memarlıq incilərindəndir.

 

- Noahın türbəsi – Əfsanəyə görə Nuh Peyğəmbərin məzarı burada yerləşir.

 

- Alinja qalası – “Qafqazın Maçu-Pikçusu” adlandırılan bu qala, həm tarix, həm də mənzərə baxımından unikal yerdir.

 

2. Təbii Gözəlliklər və Sağlamlıq Turizmi

 

- Duzdağ mağarası və sanatoriyası – Tənəffüs yolları xəstəliklərinin müalicəsində effektlidir.

 

- Batabat yaylağı – Göl və üzən adası ilə tanınır; təbiətsevərlər üçün əla məkan.

 

- Darıdağ mineral suyu – Şəfalı xüsusiyyətləri ilə tanınır.

 

- Əlincəçay dərəsi, Ordubad yaylaqları – təbiət yürüşləri üçün uyğundur.

 

3. Mədəniyyət və Adət-ənənələr

 

- Naxçıvan həm də zəngin mətbəxi, əl sənətləri və milli geyimləri ilə turistlərin diqqətini cəlb edir. 

- Ordubad mətbəxi, quru meyvələr, doğramac, lavaş və ət yeməkləri xüsusilə məşhurdur.

 

4. İnfrastruktur və Əlçatanlıq

 

- Naxçıvana həm hava, həm də quru yolu ilə getmək mümkündür. Bakıdan gündəlik aviareyslər mövcuddur.

 

- Bölgədə hotellər, restoranlar və turizm xidmətləri inkişaf edir.

 

İndi isə turistik agentlərin siz oxucularımız üçün təqdim etdikləri 3 Günlük Naxçıvan Tur Planı ilə tanış olmanız gərəkiyir.

 

1-ci Gün: Tarix və Şəhər Gəzintisi

 

Səhər:

 

- Gəliş – Naxçıvan Beynəlxalq Hava Limanı

 

- Otelə yerləşmə

 

- Səhər yeməyi

 

Günorta:

 

- Mömünə Xatun türbəsi – 12-ci əsrə aid möhtəşəm memarlıq nümunəsi 

 

- Atabəylər kompleksi

 

- Nuh Peyğəmbər türbəsi

 

Axşam:

 

- Naxçıvan şəhərində gəzinti, Naxçıvan bazarları

 

- Milli yeməklərlə axşam yeməyi (tövsiyə: Ordubad kababı, dolma)

 

2-ci Gün: Təbiət və Sağlamlıq

 

Səhər:

 

- Duzdağ sanatoriyasına səfər – mağarada nəfəs terapiyası (xüsusilə astma xəstələri üçün tövsiyə olunur)

 

Günorta:

 

- Batabat yaylağı – Piknik, göl və üzən ada mənzərəsi

 

- Təbii bulaqlar və meşə gəzintisi

 

Axşam:

 

- Otelə qayıdış

 

- Mədəni proqram (xalçaçılıq emalatxanasına baş çəkmə)

 

3-cü Gün: Tarixi Qala və Yaylaqlar

 

Səhər:

 

- Əlincə qalası – Qədim müdafiə qalası (təxminən 1600 pillə çıxış)

 

- Qalanın başından panorama görüntülər

 

Günorta:

 

- Ordubad şəhəri – Tarixi evlər, Ordubad mətbəxi, quru meyvələr bazarı

 

- Darıdağ mineral suyu ilə tanışlıq

 

Axşam:

 

- Yola düşmə üçün hava limanına transfer

 

 

Şəxsən özümü bu plan necə cəlb etdisə həmən həftə sonu fürsətdən yararlanıb Naxçıvana səfər etməyi düşünürəm. Bəs siz?

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair İstanbulda yaşayan Mustafa Şeyxpurdur.

 

 

Mustafa Şeyxpur

İstanbul

 

2.

Evimin içində bir ev var

Orda mən yoxam

Qapımızı döyəcəklər biriləri

Olmayınca dönəcəklər evlərinə.

 

Olduğum şəhərdə bir şəhər var

Bu şəhərdə mən yoxam

Gəlib gəzəcəklər turistlər

Çəkib gedəcəklər öz şəhərlərinə

Yoxluğumu hiss etmədən

Biri çantasında, biri isə quşların qanadında

Götürəcəklər məni evlərinə

Kimsə bilmədən, özləri bilə.

 

Sonra bütün evlərin içində bir ev olacaq

O evlərdə kimsə yox

Bütün qapılar döyüləcək

Kimsə açmayacaq qapıları

Sonra hər kəs dönəcək kölgəsinə.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

1965-ci ildə Füzuli rayonunun Seyid Əhmədli kəndində dünyaya göz açıb. Bu kənddə boya-başa, ərsəyə çatıb. Və bir gün də doğma ata-baba yurdundan pərvazlanaraq Bakıya üz tutub, ali təhsil alıb, ev-eşik sahibi olub...

 

Deyir ki:- “Orta məktəb illərində dövrü mətbuatı, jurnalları oxuyurdum. Jurnalistikaya məndə həvəs yaranmışdı. O zaman Füzulidə “Araz” adlı qəzet çıxırdı. Məqalələrim həmin qəzetdə dərc olunsa da, nədənsə göndərdiyim şeirləri çap etmirdilər. Görünür ki, zəif şeirlər idi. Yaxşı ki, tez başa düşdüm ki, məndən şair çıxmaz, ona görə şeir yazmağın daşını atdım. Amma məqalələr yazırdım. Sonra respublika səviyyəli mətbuatda, “Azərbaycan gəncləri”ndə yazılarım, müəyyən xəbərlərim çıxırdı. Və Bakı Dövlət Universitetinə qəbul olundum. Jurnalistika fakültəsinə sənəd verməyə çalışdım, ancaq sənədlərimi götürmədilər. Tofiq Rüstəmov mənə dedi ki, qəbul edə bilmərik, sənədlərinizi başqa fakültəyə verin. O zaman jurnalistika və hüquq fakültəsinə sənəd vermək üçün ən azı 2 il iş stajı, ya da hərbi xidməti başa vurmaq tələb olunurdu. Fikirləşdim ki, sənədləri hara vermək olar, nisbətən təcrübəli abituriyentlərdən biri mənə məsləhət gördü ki, sənədlərimi kitabxanaçılıq fakültəsinə verim, sonra jurnalistika fakültəsinə dəyişərəm. O məqsədlə də kitabxanaçılıq fakültəsinə sənəd verdim və qəbul oldum. Elə oldu ki, birinci kursdan sonra hərbi xidmətə getdim. O vaxt qayda elə idi. Hərbi xidmətdən qayıdandan sonra yazılarım qəzetlərdə dərc olunmağa başladı. Jurnalistika fakültəsinin tələbələri ilə qaynayıb-qarışdıq. Fikirləşdim ki, fakültəni dəyişdirməyə də ehtiyac yoxdur. İş belə alındı ki, bu sahəni seçdim. Amma orta məktəbdə oxuyandan jurnalistliyə qərar vermişdim. Odur ki mətbuata gəldim…”

 

2006-cı il mayın 18-də beş nəfər naməlum şəxs tənqidi yazılarına görə qarşısını kəsərək, onu zorla avtomobilə əyləşdiriblər. Bakının kənarına apararaq, huşunu itirənədək döyüblər. Ayağının bir neçə yerdən sındığını, zədələrini görən yerli sakinlər onu xəstəxanaya çatdırıblar. Bu acı olaydan sonra bir il əziyyət çəkib, intensiv müalicə alıb...

 

“Bu, mənim həyatımın ən ağır məqamlarından biri idi. Təbii ki, insan həyatında cürbəcür çətinliklərlə qarşılaşır. Mən də bir çox çətinliklərlə qarşılaşmışam. Amma o hadisə, mənim həyatımda ən böyük sarsıntıdır. Heç vaxt yadımdan çıxmaz. Hələ də mənəvi ağrı-acılarını yaşayıram. Yəqin ki, heç vaxt da keçməyəcək.”- söyləyir.

 

İstedadlı jurnalist, yazışı-publisistdir. Maraqlı yazıları ilə ətrafına geniş oxucu auditoriyası toplaya bilib, həvəslə oxunur. Eyni zamanda, gözəl poeziya nümunələri yaradır. Necə deyərlər, dərd onu şairlik səviyyəsinə qaldıra bilib. Şeirlərinə, yazılarına hopan bu dərd, misra-misra, sətir-sətir ah çəkir, qəlbləri göynədir...

Ailədə yeddi uşaq olublar. Atası Füzuli rayonunda Suvarma Sistemləri İdarəsində fəhlə işləyib. Anası isə fəhlə olub…

 

Deyir ki:- “Mən ailədə üçüncü uşaq idim. Bizim ailə bir sıra qəzetləri, hətta rus dilində “Literaturnaya qazeta”nı da alırdı. Orta məktəbdə tatar müəlliməmiz vardı, bizim kəndə təzə gəlin gəlmişdi, ondan rus dilini öyrənmişdim. Artıq orta məktəbin son siniflərində rusca qəzetləri də oxuyurdum. Fəhlə ailəsi olsaq da, qəzet, kitab oxumaqdan qalmazdıq. Evimizdə çoxlu kitab vardı...”

 

Həssas təbiəti var. Möhkəmlik, dözümlülük, güclü iradə onun ən əhəmiyyətli xüsusiyyətləri sırasındadır. Kimsə onu asanlıqla istiqamətləndirə, idarə edə bilməz. Həyat yolunda sabit, mühafizəkar davranmağı xoşlayır. Sülh və əminamanlıq tərafdarıdır, amma mübarizəsindən heç zaman dönməz, əqidə adamıdır. İti zəkası var. Etibarlı və sədaqətlidir, əmanətə xəyanət etmək ruhuna ziddir. Dəyişkən, xəbis adamlardan həmişə uzaq dayanır. İradəsi güclü olduğundan çətinliklərin qarşısında ümidsizliyə düşmür, sarsılmır...

 

“Mən jurnalistikaya bir missiya kimi baxıram. Bu, mənim işimdir. Mən bu işdən ləzzət alır, bu işlə yaşayıram. Cəmiyyət nə qədər varsa, media da olacaq. İstərdim ki, bundan daha yaxşı şərtlər yaransın, jurnalistika ilə daha yaxşı məşğul olaq. Şükür ki, “Bizim Yol” qəzeti hələ də yaşayır və çalışırıq ki, sözümüzü deyək, cəmiyyəti daha da maarifləndirək.”- söyləyir. 

 

Onu həyatda cəmi bir, ya da ki, iki dəfə görmüşəm. Yerişindən, duruşundan, davranışından az da olsa xəbərim var. Yazılarından isə, onu maraqlı və məzmunlu adam kimi tanımışam. Obrazlı desəm, çeşmələr kimi saf, dağ çayları kimi coşqun, dəniz kimi təlatümlüdür...

Ən böyük arzusu ailəsinin problemlərini həll etməyə qadir olmaq, övladlarının cəmiyyətdə layiqli yer tutmasıdır. Ümumi ictimai arzusu isə, ölkəmizi həmişə azad, insanlarını xoşbəxt görməkdir...

 

...Yəqin ki, söhbət zamanı işlətdiyim “Bizim yol” qəzeti” kəlmələri kimdən danışdığımı sizə xatırlatdı. Bəli, mən “Bizim yol” media resurslarının rəhbəri, şair, yazıçı-publisist, jurnalist Bahəddin Həzidən danışıram... 

Bu gün - aprelin 28-i Bahəddin bəyin yubileyidir, 60 yaşı tamam olur. Bahəddin bəyə möhkəm can sağlığı, firavan həyat, yaradıcılıq uğurları arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

5 -dən səhifə 2151

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.