Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
“OĞUL”
Mən səni
yeni ayaq açanda,
yeni dil açanda,
top kimi yumalanıb
qaçanda görmüşəm.
İlkin ata deyəndə
öpmüşəm dodaqlarından.
Çəkdiyin qəribə, gülməli şəkilləri
Bugünəcən saxlamışam.
İlk dəfə məktəbdən gələndə
bağrıma basmışam səni,
qucaqlamışam.
İllər keçib bir-birinin ardınca,
sən böyümüsən hər gün.
Qalxmısan ömrün neçə pilləsini;
zaman təqvimin varaqların qopardıqca.
İndi yekə kişi olmusan, maşallah!
Gündə üzünü qırxırsan.
İndi qadınlar sənə
Həsədlə, məhəbbətlə baxır.
Uşaqlardan sənə dayı deyənlər var.
Ancaq sən
mənim gözümdə hələ də
yeni ayaq açan,
yeni dil açan,
top kimi dümələnib qaçan
körpəsən.
“Ədəbiyyat və incəsənət”
(28.04.2025)