Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Sözlər nərdivandır… Bizi ya ucalığa aparır, ya da üzüaşağı endirir.
Hər söz içində ya nur daşıyır, ya da zülmət. Yuxarı qalxdıqca içimizdəki işıq ruhumuzla birləşərək bizi ilahi bir sükuta qərq edər. Aşağı endikcə isə, hərf-hərf söndürərək qaranlıqlar içində itib-batırar.
İnsan yaşadıqca, ruhuna toxunan münasibətlər qurmağa çalışır.
Bəziləri ötəri yel kimi keçib gedir, bəziləri isə səssizcə içimizdə bir çıraq yandırıb yolumuza işıq salır. O çıraq ki, bir ömrə bərabər hissdən, bir baxışdan, bir sözdən mayası yoğrulub. O çırağın yandığı otaqda zaman dayanır, həyat nəfəs alır. Əslində çıraq da pərvanəni yandıran şam kimidir – gözəlliyi qədər yandırıcı, istiliyi qədər ağrılı olur. Çünki yaxınlaşdıqca daha çox hiss edir, hiss etdikcə daha çox yanırıq. Və hər dəfə o nərdivanın pillələrində qalxanda, qəlbimizdəki çıraq bir az daha parlayır – qürurla, sevgiylə, inamla.
Amma düşəndə… elə bil sönür hər şey – nə söz qalır, nə səs, nə də baxışların istiliyi. Biz işığa meyilli olsaq da ən dərin hisslərimizi qaranlıqda tapırıq.
Zülmətdə çıraq yandıran hər qəlbə eşq olsun!
“Ədəbiyyat və incəsənət”
(28.04.2025)