Misirdə Azərbaycan dilini yerli mütəxəssis tədris edəcək

Qahirədə Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında fəaliyyət göstərən Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş olub.

Görüşdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə iki ölkə arasında əlaqələrin tarixindən danışıb. Bu əlaqələrin daha da inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin rolunu qeyd edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasından verilən məlumata görə, S.Nəsirov çıxışında bildirib ki, Akademiyada Azərbaycan dilini yetişdirdiyimiz misirli mütəxəssis, Azərbaycanşünas Əsma Əhməd və diaspora fəalı İnarə Osmanova tədris edəcək. Diqqətə çatdırılıb ki, bu sahədə yerli mütəxəssislərin sayının artırılması akademiyanın əsas hədəflərindəndir. Eyni zamanda, Akademiyada ana dilimizdə səlis nitqi inkişaf etdirmək üçün danışıq klubu yaradılıb.

Əsma Əhməd çıxışında Azərbaycan dili ilə ərəb dili arasında oxşar və fərqli cəhətlərdən, dillərin öyrənilməsində müasir üsullardan danışıb və bu sahədə öz təcrübəsini bölüşüb.

Daha sonra yeni müdavimlər üçün açılan qrupda ilk dərs keçirilib. Tələbələrin arasında misirlilərlə yanaşı, İndoneziya, Suriya və digər ölkələrin vətəndaşları da var.

Qeyd edək ki, Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası elm və incəsənət sahələri bağlı fəaliyyətlərlə məşğul olur. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər üzrə 59 ölkədən 650 dən çox tələbə ödənişsiz əsaslarda təhsil alır.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.