Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
Ötən gün Azərbaycan Dövlət Pedaqoji Universitetində unudulmaz və ruhumu titrədən bir gün yaşadım. Meh Ədəbi Dərnəyinin təşkil etdiyi, Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş möhtəşəm bir görüş baş tutdu.
Tədbir sadəcə ədəbi düşüncələrlə yox, həm də dərin tarix sevgisi ilə dolu idi. Orada Sərdar Sandıq müzeyinin sərgisi keçirildi – sandıqlar yalnız taxta və metaldan ibarət deyildi, hər biri bir tarix, bir xatirə, bir nəfəs idi.
Ən çox diqqətimi çəkən isə İrəvan xanlığının bayrağı motivi olan üzüklər və Qərbi Azərbaycan İcmasının bayrağı ilə bəzədilmiş zinət əşyaları oldu. Hər birində keçmişin səsi, ruhumuzun tarixi var idi. Və mən – bəli, böyük bir qürurla deyə bilərəm ki – həmin İrəvan xanlığının bayrağı olan üzüyü ilk əldə edən insan oldum. O an gözlərim doldu. Bu, sadəcə bir üzük deyildi – bu, tarixin iziydi, vətən həsrətinin simvoluydu, ruhumun bir parçasıydı.
Qərbi Azərbaycan mənim üçün sadəcə bir məkan deyil – bu, damarlarımda axan qan kimidir, hər döyüntüsündə keçmişimizin, dəyərlərimizin, doğmalarımızın səsi var. O üzüyə toxunduqda, sanki nənəmin nəvazişi, babamın duası, itirdiyimiz yurd yerlərinin nəfəsi dodaqlarıma toxundu.
Qərbi Azərbaycan mənim üçün qızıldan da qiymətlidir – çünki o torpaqlar mənim ruhumun yurd yeridir.
“Ədəbiyyat və incəsənət”
(25.04.2025)