BİRİ İKİSİNDƏ – Ayxan Ayvazın “Banan qabığı” hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə  Ayxan Ayvazın “Banan qabığı“  hekayəsini təqdim edirik.

 

 

                                                                                                                

Ayxan AYVAZ

 

“BANAN QABIĞI”

 

Psixoloq bacıma sarı rəngin onu xoşbəxt edəcəyini deyibmiş. Xəstəxanadan qayıdanda atamla anam yolboyu bacımın öz-özünə danışmağına baxıb başlarını bulayıblarmış. Qış təzəcə sovrulub gedir, ağacların rəngi özünə qayıdırmış, küləklər şəhərimizlə hələ vidalaşmasa da, soyuqlar artıq yola çıxmağa hazırlaşırmış.

Kafedə oturub çay sifariş eləyəndə atam ofisiantın qulağına pıçıldayıb ki, çoxlu limon gətir, bir də elə elə, çay sapsarı olsun. Ofisiant onda atama deyib ki, ananas aromalı çay var, o elə siz deyən kimidir, gətirim baxın. Süfrədə hər şey sarı rəng olub: ofisiant hardansa sarı örtük gətirib masaya sərib, ananas aromalı, sapsarı çayı şüşə çaynikdə qarşılarına qoyub. Üç qabda limon dilimləri və qənd qabındakı qəndlər də sarıymış. Onda günün günorta çağıymış, hardasa gizlənmiş günəş də birdən çıxıb göyün üzünə və düz bacımın gözlərinə zillənibmiş.

Evə gələndə bacım yenə öz-özüylə rabitəsiz söhbətə başlayıb. Atam yorğun-arğın stula çöküb, anam yemək tədarükü üçün mətbəxə gedib. Bacımın ogünkü söhbətindən atam “qaranlıq”, “maşınlar”, “iki oğlan”, “taksi” sözlərini başa düşüb. Sözləri bir yerə yığıb cümlə qurmağa təpəri çatmayıb, eləcə fikirli-fikirli anamın gətirdiyi yeməyi yeməyə girişib. Yemək sarı rəngdə deyilmiş, atam ona görə anama bərk əsəbiləşib, deyib, həkimin dediyini eşitmədinmi, get qızıma sarı rəngli yemək bişir. O gün anam sapsarı qayğanaq eləyib bacımın qabağına qoyub. Bacım yeməyə baxır, gülür və dodaqaltı nəsə deyirmiş.

“Nə deyirsən, ay qızım? De, biz də bilək” – atam onu əzizləyib, saçına sığal çəkib.

Bacım bircə “yol qaranlıq idi” deyib. Anamla atam bir-birlərinə baxıblar və görüblər ki, hər ikisinin gözləri dolub.

O günlər mən universitet imtahanlarına hazırlaşırdım və demək olar, otağımdan qırağa çıxmırdım. Dərslərin yoğunluğu bir tərəfdən, o biri tərəfdən də aşiq olmuşdum, Süsəni sevirdim.

Qrupumuzu başqa bir qrupla birləşdirmişdilər. Yaman səs-küy idi. Rəsul aranı qatmışdı, müəllim hövsələdən çıxmışdı. Bu yerdə qapı döyüldü və sarışın bir qız üzr istəyə-istəyə içəri keçdi. Mən o sarışın qızı əvvəllər heç görməmişdim. Heç universitetdə sarışın qızla rastlaşmamışdım. Sarışın qız görmüş olsaydım, mütləq ona aşiq olardım. Universitetdə isə bütün qızlar qaraşın idi və mən aşiq ola bilmirdim. O gün sarışın qız içəri girəndə içimdə nələrsə tərpəndi və mən onu sevdiyimi anladım. Rəsul söhbəti biləndə xəfifcə başımdan vurdu, dedi, o qız sənə baxarmı?.. Doğrudan da, o qız heç mən tərəfə baxmırdı.

Qapının arxasından səslər gəlirdi, bacım var-gəl edir, öz-özünə nəsə pıçıldayırdı. Ondan Süsən üçün kömək istəmək fikrinə düşdüm, qapını açıb dustaqlar kimi bir o yana, bir bu yana gedən bacımı dayandırdım. Dedim, bir qız var, onu sevirəm, mənə kömək elə də, necə eləyim, qız mənə baxsın, sevgimə qarşılıq versin. Bacım dilinin altında nəsə dedi, anlaya bilmədim, elə bil Çin dilində danışırdı. Atam o yandan üstümə çəmkirdi ki, qızdan əl çək, görmürsən danışa bilmir. Bacım mənə baxıb güldü və əl çaldı.

Növbəti gün atam evi sarıya boyatmaq üçün usta çağırmışdı. Ustanın yanında bir fəhlə də vardı və onlar bacım qalan otağın bir divarını sarıya boyayıb işdən soyumuş, nə haqdasa mübahisə edirdilər. “Ala, sənin başın xərəbdü, o boydana yerə o pul çatar heç? Mayası deyil” – usta fəhlənin başından qapaz vurub qaqqıldadı.

Atam hərdən bir ustayla fəhlənin yanına gəlir, lətifə danışır, onları güldürür, özü isə gülmürdü. Mən dərs oxumaqdan sıxılıb mətbəxə gələndə bacımın döşəmədə oturub özü üçün mahnı zümzümə elədiyini gördüm. Bacım mahnının sözlərini dəyişə-dəyişə oxuyur, gülür, əl çalırdı. Məni görəndə ayağa durmaq istədi, bacara bilməyəndə təzədən yerinə çökdü. İndi fikir verdim ki, qabağında xeyli banan var və o bananları bir-birinə toxundurub gülür. İki-üçünü yemiş, qabığını da çiyinlərinə qoymuşdu. Bananların bir qırağı qaralmışdı, çoxdan alındıqları bəlliydi. 

Özümə çay süzüb oturdum və o an anam əlində dolu sellofan içəri girdi, hələ dodaqaltı deyindi də: “Heç gör biri qabağıma çıxırmı...” Anamın qabağına yüyürdüm, əlindəkiləri alıb mətbəxə apardım və onda gördüm ki, bacım uzanıb, bananları da üstünə düzüb. Elə o an mətbəxə gələn atamla usta da bu mənzərəni görüb çaşdılar. Usta özünü görməməzliyə vurdu, “qaqa, ordan su ver də mənə” deyib mətbəxdən çıxdı, suyu ona sarıya boyadıqları otağın qabağında verdim.

Evimiz sarıya boyanan gün bacımın öz-özünə danışmağı yavaş-yavaş anlaşılan olurdu. Psixoloq atama deyibmiş ki, arada bu cür danışacaq, fikir verməyin, sonra yorulacaq və onda sağalmağa başlayacaq. Bacımın danışıqları başa düşüləndə atamla anam onu söhbətə tutur, əzizləyirdilər. Atam bildiyi bütün lətifələri bacıma danışır, onun güldüyünü görəndə daha da coşur, qızını bundan çox güldürmək üçün dəridən-qabıqdan çıxır, özünü meymunluğa vurur, sərt görünüşünə yaraşmayan komikliklər eləyirdi.

Süsəni başqa bir oğlanla görmüşdüm. Oğlanın ağ maşını da vardı. Elə maşından düşəndə Rəsul qoluma vurub mənə göstərdi. Dedi, gördün, sənə demişdim. Acıqlandım Rəsula, söydüm onu. Sözünün haqlı çıxmasıyla fəxr eləyirdi oğraş gədə. Rəsulla danışmadım, ertəsi gün salamını da almadım.

Süsənin gəzdiyi oğlan universitetin həmkarlar komitəsinin sədriymiş. Kirpikləri uzun oğlan idi, hamıyla kitab dilində mədəni-mədəni danışırdı. Səidə dedi ki, uzun kirpikli oğlanları qızlar çox sevir. O gün onu da öyrəndim ki, Süsənin saçları yalançı sarıymış.

Bacımın pal-paltarı, telefonu, çarpayısı da sarıya çevrilmişdi. Bütün günü öz-özünə danışır, arada bananları ilə oynayır, sonra uzun-uzadı pəncərədən çölə baxırdı. Atama qalsa, onun pəncərədən baxdığı mənzərələri də sarıya boyayardı. 

Səhər tezdən çörək almağa məni göndərdilər. Yaxınlıqdakı çörək sexindən alırdıq həmişə. Orda çörək imisti və dadlı olur. Rusa oxşayan oğlandan iki çörək istədim.

– Qaqa, səndən bir şey soruşacam. Pis başa düşmə. Qardaşyana...

– Hə... Nə olub? – dedim çörəkçi oğlanın uzatdığı çörəkləri ala-ala.

– Bir qız var e, ikinci mərtəbədə qalır. Onu tanımırsan?

Bacımı deyirdi. Bizim pəncərə burdan görünürdü.

– Yox, tanımıram. Nolub ki?

– Nəsə xoşuma gəlir o qız. Yaxşı qıza oxşayır.

– Nə bilim, qaqa... – söhbəti kəsib evə getdim.

Atamla anama çörəkçi oğlanın dediklərini dedim. Anam sevindi, atamın qaşları düyünləndi.

Səhərisi gün atamla sexə getdik. Çörəkçi oğlan yerində deyildi, yaşlı bir kişi “neçə dənə” soruşub çörəklərə sarı çöndü. Atam dedi, çörəyi burax, burda bir oğlan vardı, hanı o? Kişi dedi ki, o oğlan mənim oğlumdu, nə olub ki?

– Qızımdan uzaq olsun, yoxsa onun başına oyun açaram.

– Nə qız, ay qardaş? Mənim oğlum nə eləyib ki?

– Dedim də sənə... Uzaq olsun!

– Yaxşı, deyərəm... – kişi söhbəti çox uzatmadı.

Payız gələndə atam yaman borca düşdü, evi satası oldu. Əşyaları daşımağa fəhlə tutduq. Aşağıda yığılan barxananın yanında atam siqaret çəkirdi. Çörəkçi oğlan o an yaxınlaşıb kömək lazım olub-olmadığını soruşdu və cavab gözləmədən mənim qabağıma yüyürdü. Əlimdəki televizoru götürüb geri çevrildi. Arxamda bacım gəlirdi, gülə-gülə, əlindəki bananı soya-soya. Çörəkçi oğlanla yuxarı qalxdıq, qalan şey-şüyləri də köməkli yerə düşürdük.

Atam bacımı sevən oğlanın həmin oğlan olduğunu bilmədi. Mən də demədim. Əşyalar qurtaranda çörəkçi oğlan əl uzadıb mənimlə sağollaşdı və çəkinə-çəkinə bacıma baxdı. Bacım yarısoyulmuş bananı əlində tutub gülümsünür və təzəcə dil açmış uşaqlar kimi nəsə deyirdi. Atam onun əlindən tutdu, alnından öpdü.

Biz maşına doluşanda çörəkçi oğlanın uzaqdan əl elədiyini gördüm. Atama zarafatla soruşdum:

– O oğlan sarı olsa, Dilrubəni verərdin ona?

– Hansı oğlan?

– Çörəkçini deyirəm...

Atam gülümsündü və maşın sarıya boyanan küçəmizin yanından keçəndə bacım banan qabığını pəncərədən eşiyə atdı... 

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.