Gənclər Kitabxanasında görkəmli alim, Əməkdar elm xadimi Mir Cəlala həsr edilən virtual sərgi hazırlanıb

Bu gün Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar Elm Xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin anadan olmasının 117 ili tamam olur.  Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir və ictimai xadim, Mir Cəlal Paşayevin anadan olmasının 117 illiyi münasibətilə növbəti material  “Professor Mir Cəlal Paşayev” adlı virtual  kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sərənəcamı ilə qəbul edilən rəsmi sənədlərin, yazıçının müəllifi olduğu və haqqında qələmə alınan kitabların tam mətni təqdim edilir. Belə ki virtual sərgidə müəllifin müxtəlif illərdə Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən, minlərlə oxucunun hafizəsində və qəlbində Mir Cəlal obrazını yaradan “Bir ömrün imzası”, “İki rəssam”, “Ədəbi tənqid”, “Füzuli sənətkarlığı”, “Mir Cəlal dünyasından sətirlər”, “Yuxu və külək”,  “Ədəbiyyatda romantizm”, “Mir Cəlalın milli ideyaları”, “Mir Cəlal xatirələrdə”, “Mir Cəlal dünyasından sətirlər” kimi 40-dan çox kitabın tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Mir Cəlalın  çoxşaxəli bədii və ictimai fəaliyyətindən, Azərbaycan nəsrinə bəxş etdiyi töhfələrdən bəhs edən akademik Nizami Cəfərovun “Mir Cəlal, yaxud ədibin idealları - Nizami Cəfərov”, tənqidçipublisistfilologiya üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Azər Turanın “Mir Cəlal şəxsiyyəti 1937 və 40-cı illər kontekstində”, şair, publisist İntiqam Yaşarın “Müəllimimin böyük ustadı - Mir Cəlal Paşayev”,  jurnalist Nəzakət Ələddinqızının “Xeyirxah insan, görkəmli yazıçı, böyük alim - Mir Cəlal Paşayev” kimi 10-dan çox  məqalənin tam mətni də sərgilənir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://ryl.az/multimedia/professor-mir-celal-pasayev     linkindən istifadə edə bilərlər.

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.