
Super User
Yaponlar Bakıda “No” tamaşasını nümayiş etdiriblər
Yüksək sənətkarlıq keyfiyyətinə görə Yaponiyanın “No” teatr sənəti incəsənət növü kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Və Yaponiyanın Azərbaycandakı səfirliyinjn təşkilatçılığı ilə Yaponiyanın Hoşo Teatrı Azərbaycana “No” teatr sənətinin nümayişi üçün gəlib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, teatrın rəhbəri Hoşo Kazufusa tamaşa öncəsi jurnalistlərə açıqlamasında deyib:
“Altı yüz ildən çox tarixi olan “No” teatr sənəti Yaponiyanın ən qədim ifaçılıq nümunəsidir. Ənənəvi ədəbiyyat nağılları əsasında qurulan “No” tamaşası rəqs əsaslı səhnələri, maskaları, geyimləri və digər müxtəlif atributları özündə ehtiva edir. Belə bir ənənəvi tamaşanı Azərbaycanda ilk dəfə nümayiş etdirməkdən böyük şərəf duyuruq.
Baxmayaraq mən Azərbaycana ilk dəfədir gəlirəm, görürəm ki, bu ölkə ilə Yaponiya arasında kifayət qədər oxşarlıqlar var. Düşünürəm ki, bunlar qədim tarixə malik İpək Yolundan gələn bənzərliklərdir. Azərbaycan “Odlar Yurdu” adlanır. Müəyyən mənada, Yaponiyanın da od-alovla əlaqəsi var. Çünki Yaponiya dünyada “Gündoğar ölkə” kimi tanınır.
O ki qaldı tamaşaya, tamaşa anşlaqla keçib.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Görkəmli rejissor Rasim Ocaqovun anadan olmasının 90 illik yubileyi münasibətilə Vyanada xatirə axşamı təşkil edilib
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində xatirə axşamı təşkil edilib.
AzərTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək, görkəmli rejissorun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan kino tarixində mühüm rolundan söz açıb.
Rasim Ocaqovun ailə üzvləri adından çıxış edən nəvəsi Nərminə Həsənova yubiley tədbirinin Azərbaycanın müxtəlif şəhərlərində, eləcə də Türkiyədən sonra Avropa mədəniyyətinin beşiyi sayılan Vyanada təşkil olunmasını yüksək qiymətləndirib, Azərbaycan kino salnaməsində unudulmaz izlər buraxmış Rasim Ocaqovla bağlı xatirələrini tamaşaçılarla bölüşüb.
Tədbirdə “Baku TV” tərəfindən çəkilən, Rasim Ocaqovun həyat və yaradıcılığından bəhs edən sənədli film ixtisarla nümayiş olunub.
Filmdə onun operator kimi işlədiyi “Əsl dost”, “Bizim küçə”, “Sən niyə susursan?”, “Bir cənub şəhərində” və digər ekran əsərləri, rejissorluğu ilə çəkilən “Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı arxasında”, “Park”, “Başqa həyat”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmlər barədə məlumat verilib, onun aktyor ansablı ilə iş üslubu, mövzu seçimi, çəkiliş prosesinə yanaşma tərzindən bəhs olunub.
Azərbaycan Dövlət Film Fondunun direktoru, rejissor və kinoşünas Cəmil Quliyev tədbir iştirakçılarına videomüraciətində Rasim Ocaqovun milli kino mədəniyyəti tarixində silinməz iz buraxdığını, onun yaradıcılıq dövrünün kino tariximizdə ayrıca mərhələ kimi səciyyələndiyini bildirib.
Sonra Xalq artistləri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova və Fəxrəddin Manafov tanınmış rejissorla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Rasim Ocaqov neorealizm janrında çəkdiyi filmlərdə insan taleyini ön planda tutaraq, bir-birindən fərqli obraz və hadisələri yüksək peşəkarlıqla ekranlaşdırıb. Onun filmlərinin mövzuları elə seçilib ki, onlar hər zaman müasir olaraq qalacaqlar. Rasim Ocaqov Azərbaycan kino sənətinə böyük filmlər bəxş etməklə yanaşı, aktyorların püxtələşməsində müstəsna rol oynamış və rejissorluq işində yüksək bir zirvə fəth edərək, gənc yaradıcı nəsil üçün örnəyə çevrilmişdir.
Çıxışlardan sonra Xalq artistləri tamaşaçıları maraqlandıran sualları cavablandırıb, aktyorluq sənəti ilə bağlı fikirlərini interaktiv ünsiyyət şəklində bölüşüblər.
Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli rejissorun həyat və yaradıcılığına həsr edilmiş fotosərgi də təşkil olunub. Sərgidə Rasim Ocaqovun ekranlaşdırdığı filmlərdən fraqmentlər, çəkiliş meydançası və tanınmış kino xadimləri ilə fotoları nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
“Cümə günü Əbülfəzqızının 10 sualı ilə”də El Roman
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı AYB-nin üzvü, Prezident təqaüdçüsü, "Mağara dağların əsnəməsidir", "İkimizi bir tanrı yarartmış ola bilməz", "Sən tərəfdə gün doğur, mən tərəfdə gün batır” və s. misraları ilə gənclərin sevimlisi və “Sənsizliyin baş hərfi", "Ağ kvadrat" kitablarının müəllifi, istedadlı gənc şair, müxbir El Romandır.
1).El Roman bəy, xoş gördük. Təxəyyülünüzün zənginliyindən xəbərdarıq və istərdik ki, ard- arda düzülən və səbri tükənən suallarımızı gözəl cavablarınızla sevindirəsiniz.
Və ilk sırada yer almaq hüququ qazanan qürürlu yerişi ilə addımlayan sualımızı dəvət edirəm.
O da səni unutdu, gedənlər ayrılığın
adını qismət qoyar.
Həyatdı da, gün gələr, xətrinə can qoyduğun
ətrinə həsrət qoyar.
Elə gözəl gedər ki, göydən düşən hər ulduz
gedəninə bənzəyər.
"Sənsizliyin" baş hərfi yataqda tək qıvrılan
bədəninə bənzəyər. ( El Roman)
El Roman bəy, " Sənsizliyin baş hərfi" , ümumiyyətlə, hər hansı bir əlifbada varmı, yoxsa, hisslər mücərrəddir nə şəkli var, nə də işarəsi?
- "Sənsizliyin" baş hərfi "S" hərfidir. Şeirdə də elə bu formada yazmışam. Xüsusi bir hərfə, yaxud hər hansı bir mücərrədliyə işarə yoxdur. "Sənsizliyin baş hərfi yataqda tək qıvrılan bədəninə bənzəyər" misrasında onsuz da görmək olur bunu. Amma hər bir halda, şeiri yazarkən mən belə nəzərdə tutmasam da, hər kəs üçün sənsizliyin baş hərfi fərqli də ola bilər. Bu isə çox sentimentaldır. Biri var, "sənsizliyin" baş hərfini "S" kimi görüb, sentimentallığı fikirlə hərfin arasında bölüşdürəsən, biri də var, "Sənsizliyin" baş hərfinə dəxlsiz bir hərf deyəsən, bütün yükü atasan quru bir hərfin üstünə. Məncə, bu doğru deyil.
2) Cek Londonun Martin obrazı ən sonda anladı ki, məşhur və zəngin olmağın önəmi yoxdur. Səni olduğun kimi öz sevdiyin qəbul etmirsə, cəmiyyətin çox hissəsi nüfuza, şöhrətə aşiqdirsə, bu saxta həyatdan qurtulmaq lazımdır.
Bəs El Roman Martin İdenə intihar etdiyi üçün haqq qazandırırmı?
- Heç bir intihar hadisəsinə qarşı mənfi fikirdə deyiləm. Dünyaya gəlib-gəlməməyi özün seçmirsən ki, sonradan seçimini bəyənməyib intihar edəndə səni qınasınlar. Sənin payına düşən budur. Haqqın da çatır ki, istədiyin vaxt əlinin tərsi ilə itələyəsən. Hər bir halda, biz intihar edənlərin həmin andakı psixologiyasını onların özündən daha yaxşı bilmirik. Amma mənim fikrimcə, İdenin intihar səbəbi əsassız idi. Yazıçılar intiharı bu qədər ucuzlaşdırmamalıdır. Yazıçı çatdırmalıdır ki, intihar etmək hər kəsə qismət olmur. Çexov deyir ki, necə gözəl bir gündür, çay dəmləyim, özümü asım, qərar verə bilmirəm". Bu qədər sadə.
Elə təəssürat yaradırlar ki, hamı intihar edə bilər, amma nə olur olsun, etməməlidir. Xeyr, əksinə, hamı intihar edə bilməz, amma kefi istəyirsə, edə bilər.
3) Öyrəndikdən və sevdikdən sonra daha çox əzab çəkəcəksiniz. ( Viktor Hüqo)
Gedişini xəyal edib
Gülüşündən yan keçirəm.
Göz yaşımı sel edənin
Göz-qaşına and içirəm.
Günahkaram, damarımdan
Qan içənə qansız dedim.
Can alana canan deyib
Can verənə cansız dedim... ( El Roman)
El Roman bəy, sevginin əzabı acıdırmı, yoxsa şirin, bəlkə də, hər iki daddan yaranan bir daddır?
- Məncə, sevgi ən orijinal hissdir. Heç bir hissin törəməsi deyil və heç bir hissə yaxın deyil. Yerdə qalan istənilən hiss hansısa başqa hissdən törəmədir. Sevginin o qədər dəqiq simptomları var ki, kimisə sevən kimi bu hissin adının sevgi olduğuna əmin ola bilərsən. Ad qoya bilməyənlər artistlik edir. "Sevginin əzabı" deyilən bir şey yoxdur. Əzab nəyə deyirsiniz ki? Qarşı tərəfin tərk etməyi nəzərdə tutulursa, bu çox absurd və əsassız düşüncədir. Tərk edilmək sənətdir axı. Özün özünün sənətkarı olursan. Sən sonradan bu haldan istifadə edərək bərkiyirsən, yoğrulursan, xarakter formalaşdırırsan. Hansı əzabdan söhbət gedə bilər? Əzab sevə bilməməkdir. Gör onda yeməyin dadını bilirsənmi? Yuxundan ləzzət ala bilirsənmi? Ümumiyyətlə, sevə bilmirsənsə, nələrə güləcəksən?
4) El Roman bəy, ölüm öz gəliş vaxtını əvvəlcədən söyləməsə də, bizimlə qarşılaşır. Ölümdən başqa nə ilə bir gün mütləq görüşəcəyik?
- Özümüz kimi bir adamla bir gün mütləq görüşəcəyik. Kimsə qarşısına özü kimi birisi çıxmamış ölməz. Bu insanın sonuncu vacib üzləşməsidir. Sirat körpüsüdür. Ən axırıncı mərhələdir, hətta ən axırıncı imtahandır. İnsanın özünü tanıması ölümünə yaxın baş verə bilər. Amma soruşsan, hamı guya özünü tanıyır...
5) Mənə inanmırsan?
gözümlə gördüm,
ayna qarşısında balaca uşaq
pomada sürtürdü
dodaqlarına.
Nikah masasında oturan o qız
stuldan sallanan ayaqlarıyla
tapdaya bilmirdi
yanındakının
qırx altı ölçülü ayaqlarını. ( El Roman)
El Roman bəy, erkən nikah sosial problem kimi aktualdır. Erkən nikaha göz yuman valideynlərə nə söyləmək istərdiniz?
- Mövzunun mənə aidiyyatı olmadığı üçün bu suala cavab vermək istəmirəm.
6) Qarşına çıxa biləcək ən pis düşmən, hər zaman sən özün olacaqsan, sən özün pusquda gözləyəcəksən özünü. (Nitsşe)
El Roman bəy, bu fikrə münasibətiniz necədir?
- Reallıqdır ki, ən yaxın dostun da, düşmənin də özünsən. Özün özünü vurmaq üçün həmişə tətikdəsən. Həmişə istəyirsən ki, səhv edəsən, o səhvini öz içində üzünə vurasan. "Bir mən var məndən içəridə". O içindəki sən həmişə hazırdır ki, yanılasan, büdrəyib yıxılasan. Yıxılan da sənsən, yıxılanı baltalayan da. Ölən də sənsən, öldürən də.
7) Mağara?!
görəsən, nəyin nəsidir?
Mağara – dağların əsnəməsidir.
Tərsinə asılmış quş qəfəsidir
Belə eşitmişəm yarasalardan...
Bir qoca dedi ki, hələ diriydi
dünən gömüləndə o qız torpağa.
Sonra...
Gəldiyi yerlərə qayıtdı hər şey-
adamlar torpağa, kağız torpağa... ( El Roman)
El Roman bəy, bir gün torpağa dönən bəzi insanların " qumdan hazırladıqları uca təkəbbür qalalarının" müvəqqəti olduğunu anlamamalarının səbəbi nədir?
- Bu, tarix boyu belə olub. Heç var-dövlətə də ehtiyac yoxdur ki, sən həyatdan ikiəlli yapışasan. Can şirin şeydir. Hamı ölmək istəyir, amma heç kəs ölmək istəmir. Böyüklər ölməkdən, uşaqlar necə ölməkdən qorxurlar. Hər kəs bu reallıqdan xəbərdardır ki, öləndə özünlə heç nə aparmayacaqsan. "Aparmaq" sözünü də elə rahat işlədirik ki, sanki harasa gedəcəyimizdən tam əminik, hələ bir nəyisə aparıb-aparmamağı da müzakirə edirik. Ölüm bilinməzlikdir. Dünyanın ən sirli hadisəsidir. Gözəl tərəfi də məhz budur, yeganə şeydir ki, texnologiya və ya duyğularla ayaqlaşmayacaq və həmişə sirli olaraq qalacaq.
8) El Roman bəy, Sizin üçün kimlər cahil adlanır?
- Birmənalı olaraq, cahil allaha inanmayandır. Sən dinə, peyğəmbərə, kitaba inanmaya bilərsən, amma hansı məntiqlə allaha inanmayasan? Allah sözü xoşuna gəlmirsə, öz yaradanına özün ad qoy. Amma səni yaradanı inkar etmə. Bu biabırçılıqdır. Cahillikdir.
9) İncimədi kağızım, indicə bir qələmlə
incidəni yazıram.
Həyatdı da əzizim, bir vaxt sənə yazırdım,
indi səni yazıram.
Həsrət bükdü belimi, barı, yanımda qalsan,
cəhənnəm, dik olardım.
O qədər ağlamışdım, kirpiyim oruc olsa,
cəhənnəmlik olardım.
Alnımda bir ləkə var, səbəbi nə, sirri nə,
bəlkə bir tikə qaldım?
Alın yazım sən idin, tanrı səni pozanda
yerində ləkə qaldı. (El Roman)
El Roman bəy, " Alın yazısı", "İradə azadlığı" anlayışları ilə bağlı düşüncələrinizi oxucularınızla bölüşərsinizmi?
- Alın yazısı deyilən bir şey, şübhəsiz ki, var. Ola bilər ki, adı xoşuna gəlməsin, amma bu onun mövcudluğuna xələl gətirməz. Bayaq adlandırdığım cahil qrup deyir ki, alın yazısı varsa, yəni bu yazı əvvəlcədən alnıma möhürlənibsə, mən niyə əməllərimə görə hesab verməliyəm? Fərz edək ki, bir təpədə dayanmısan. Əlində qələm və kağız var. İki qatarın sürətlə bir-birinə yaxınlaşdığını görürsən. Elmin sənə verdiyi avantajdan istifadə edərək qatarların sürətlərinə əsasən kağıza yazırsan ki, bu qatarlar 1 dəqiqə sonra toqquşacaq. Doğrudan da görürsən ki, qatarlar 1 dəqiqə sonra toqquşur. Həmin qatarlar sən kağıza yazdın deyəmi toqquşdu?
Sən bunu əvvəlcədən gördün və yazdın. Amma həmin qatarların toqquşmasında müxtəlif amillər var. Bu maşinist səhvi, hava şəraiti, texniki problemlər və sairə ola bilər. Allah alnına yazını yazırsa, bu onun gələcəkdən xəbərdar olması ilə əlaqədardır, çünki allah üçün zaman anlayışı düz xətdir. İstənilən halda, öz əməllərinin və nəticədə başına gələcək hər şeyin səbəbkarı məhz özünsən.
10) Çağdaş Ədəbiyyatımızdan hansı şairlərimizi bəyənirsiniz, adlarını söyləyə bilərsinizmi?
- Bütün qadın şairləri)
-Dəyərli El Roman bəy, rubrikamıza vaxt ayırdığınız üçün Sizə minnətdarıq, hansı sualımız daha çox ürəyinizə yatdı?
- Səmimi söhbətə görə təşəkkür edirəm. Bütün suallardan razı qaldım. Uğurlar arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
“Tarixçi dəqiqliyindən yazıçı təxəyyülünə"
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
"Müharibənin qazdığı qəbirlər mərmi və bomba çuxurlarıdır...
Orada hər şey dəfn olunur: arzular, ümidlər və insanlar..."
İçi mən qarışıq bir çox kitabsevərin səbirsizliklə gözlədiyi kitab nəhayət ki, işıq üzü gördü.
"Aljir" və "Şükriyyə taleyim" kimi tarixi romanlarıyla böyük bir oxucu kütləsinin rəğbətini qazanan Ülviyyə Tahir "Quyudan işıqlı dünyaya" adlı möhtəşəm fərdi inkişaf kitabından sonra yenidən oxucuların görüşünə "1918, Boz ay" adlı tarixi romanla gəlir.
1918-ci il soyqrımlarından bəhs edən bu kitabı Kuluar Revyu belə şərh edib:
"Dünya müharibədən çalxalanırdı. Qanlı döyüşlər ingilisləri, almanları, rusları, fransızları əjdaha kimi kamına çəkirdi. Ağır bombalar şəhərlərin külünü göyə sovururdu. Ərzurumda isə sakitlik idi. Otlar, çiçəklər dalğalanırdı. Rus əsgərləri redutun ətrafında təlim keçirdilər. Vera Molla İsmayıla aşiq olmuşdu və anlayırdı ki, bunu özünə etiraf etməyin vaxtı çatıb".
"Boz ay" fərqli müstəvilərin eyni fəzada kəsişməsindən yaranan qeyri-adi ədəbi nümunədir.
Əsərin nəhəng sütunları xatırladan mürəkkəb strukturu ilə özünəməxsus koloritə malik maraqlı üslubu arasında qurulmuş ideal balans təhkiyənin axıcılığını təmin edir və oxucunun diqqətini süjetə kilidləməyi bacarır.
Dünyanın beşik kimi yelləndiyi 1918-ci ilin boz ayında Avropada, Rusiyada, Qafqazda hər gün dəyişən siyasi mənzərəni üfüqi müstəvidə işıqlandırarkən müəllif insanların daxili aləmini də dərininə təftiş edir. Bu qarışıq dövrdə Osmanlının bətnində bəslənib dünyaya gələn "Böyük Ermənistan" səfsətəsi Təpəgöz kimi ayla, günlə deyil, saatla böyüyüb ətrafda özü kimi olmayan hər şeyi çənginə salıb çeynəməyə başlayır. Bir xalqın soyqırımı tarixinin ən qanlı səhifəsini ürək ağrısı ilə izləyərkən bir yandan da "Min bir gecə nağılları"ndakı kimi, hər hekayədə yeni bir ekzistensial sualla üzləşirik:
İnsan cisminin ruhu daşıya biləcəyi ən kənar sərhəd haradadır?
Qadağan olunmuş eşqin yazılmamış qanunlarla mübarizəsində Əsli və Kərəmdən bəri nələrsə dəyişibmi?
Və nəhayət, "Sizi xalqlara və qəbilələrə ayırdıq" bəyanının cəngə və istibdada deyil, vəhdətdən doğan təkamülə və ümumbəşəri səadətə səslədiyini qəbul etməyin zamanı gəlməyibmi?
Və sonda sizin üçün kitabdan keçik bir alıntı qeyd edirəm, alıb oxuyacaq olan hər kəsə xoş mütaliələr...
...cəmi iki gün öncə bazarda əl göyərçinlərinə baxıb içini çəkmişdi Vera:
- Hava çox soyuqdur... Yazıqlara bax, başlarını sinələrinə sıxıb necə büzüşüblər...
- Bədbəxtdirlər... - İsmayıl cavab vermişdi.
- Qanadları ola-ola axı niyə uçub getmirlər. Uçub getsinlər də.. Bax qapı da açıqdır.
Vera kövrəlmişdi. - Necə getsinlər?! Onlar əl göyərçinləridir.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Qərbi Azərbaycan bədii irsi - Məhərrəm Təvəkküloğlu
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
Qərbi Azərbaycan tək adət-ənənəsi və yallısı ilə məşhur deyil. Qərbi Azərbaycanın bənzərsiz ədəbi irsi və geniş yaradıcıllığa malik şair və yazarları olmuşdur. Bunlardan biri də babam Məhərrəm Təvəkkül oğlu Allahverdiyevdir. O, Vedi nahiyəsi Şitti kəndində Nəğmə və Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq pedoqoji fəaliyyət göstərmişdir. 1988-ci ildə doğma yurdundan ayrı düşmüşdür. Şuşa rayonunda və Bakı şəhərində pedoqoji fəaliyyətinə davam etmişdir. O, pedoqoji fəaliyyəti boyunca bədii yaradıcıllıqla da məşğul olmuşdur. Doğma yurdundan ayrı düşdükdən sonra isə bədii yaradıcıllığında vətən həsrətini aydın şəkildə görmək mümkündür. Təəssüflər olsun ki , babam 21 ildir ki, aramızda yoxdur. Və bədii irsinin çox cüzi hissəsi bizə məlumdur.
Sizə onun bədii irsindən nümunələr təqdim etmək istərdim.
Şitti
Sol yanın Boralan, Sinən Ağrıdı,
Günün toy-bayramla keçirdi, Şitti.
Güllü yaylaqlarda, buz bulaqlarda
Suyunu ləzzətlə içirdim, Şitti.
Başından aşırdı varın, dövlətin,
Vedi mahalında vardı hörmətim,
Halal yaşamaqdı sənin niyyətin,
Xeyir-şəri ölçüb-biçirdi Şitti.
Kasıba, yoxsula olurdu kömək,
Qərib adamlara verərdi yemək.
Dolanıb firavan, bilməzdi ölmək,
Süfrəni kasıba açırdı Şitti.
Məhərrəm qəm yemə, ümidlə yaşa
Artıq yetmiş yaşı vurmusan başa.
Dərdin, qəmin getsin dağlara, daşa,
Qisas almaq üçün köçübdü Şitti.
(Məhərrəm Təvəkküloğlu.
“Ulus” qazeti 2002-ci il 13 dekabr №89(244).
Bunu da qeyd etmək lazımdır ki, 1988-ci ilin noyabr-dekabr aylarında (son deportasiya- 1988-1991-ci il) Şitti (Şidli) kəndində yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz kəndlərindən qovulmuşdur.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Ulucay Akif Prezident Mükafatına layiq görülüb
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə Prezident mükafatları verilib. Şair Akif Səmədin oğlu Ulucay Akif də Prezident mükafatı ilə təltif olunub.
Akif Səmədin ruhu şad olsun.
Ulucay Akif oğlu Məmmədov 1995-ci il mayın 14-də Bakı şəhərində anadan olub. 2001–2012-ci illərdə E.Əliyev adına 162 saylı tam orta məktəbdə təhsil alıb. 2013–2017-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Rus dili bölməsində bakalavriat pilləsi üzrə təhsil alıb. 2017–2019-cu illərdə həmin fakültədə "Publisistik Jurnalistika" ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildən Ulucay Akif imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 2016–2018-ci illərdə fəaliyət göstərən Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "Gənc Ədiblər Məktəbi"nin məzunudur. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. Tələbəlik illərindən “Ədalət “qəzetində və bir sıra xəbər saytlarında fəaliyyət göstərib. 2021-ci ildə "Ulduz" jurnalının redaksiya heyətinə üzv seçilib. 2021-ci ildə Kulis.az ədəbiyyat və mədəniyyət portalının baş redaktoru təyin olunub.
Ulucay iki kitab müəllifidir.
2016-cı ildə "Günəşə atılan mərmilər", 2021-ci ildə "Gizlənqaç" adlı şeirlər kitabı işıq üzü görüb.
Gənc şairi səmimi qəlbdən təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
Prezident gəncləri mükafatlandırıb
2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalaylb.Sərəncamı təqdim edirik:
2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2024 cü il Gənclər üçün Prezident mükafatları verilsin:
Abdullayeva Gülnar Rizvan qızı
Ağamirova Rəvanə Seymur qızı
Ağazadə Taryel İsa oğlu
Allahverdiyev Ayxan Elman oğlu
Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı
Məhərrəmova Zərifə Hüseyn qızı
Məmmədov Ulucay Akif oğlu
Məmmədova Dinara Bəxtiyar qızı
Məmmədova Fatimə Nizami qızı
Mirələmli Pərviz Atamalı oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2024-cü il
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
“YAŞAT" Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Xəzər Zamanov Azər oğlunun Bakı şəhərində doğulan övladı Humayın zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürüləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib.
Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
"Onlar bizə əmanət" layihəsi indiyədək 116 şəhid övladını əhatə edib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
Türkiyəli nazir “ASAN xidmət”də
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin tabeliyində olan “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” və digər fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib.
Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
Türkiyəli nazir “ASAN xidmət” konsepsiyası, eləcə də Dövlət Agentliyi tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyətin onda yüksək təəssürat yaratdığını bildirib.
Qonaqlar “ASAN xidmət” və Türkiyə Texnologiya Komandası Fondunun birgə əməkdaşlığı çərçivəsində yaradılan “Bilim Bakı” mərkəzi ilə tanış olublar. Mərkəzin məqsədi 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.
Nümayəndə heyəti ASAN İnnovativ İnkişaf Mərkəzində, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində də olub.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
Özbəkistanda ölkəmizə dair müsabiqənin nominasiyaları elan edilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında Azərbaycan, habelə Özbəkistanla tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Mərkəzdən məlumat verilib. Məlumata görə, müsabiqədə müxtəlif aktual mövzular üzrə nominasiyalar müəyyənləşdirilib. Nominasiyalar arasında Azərbaycan-Özbəkistan, Türk dünyası arasında tarixi dostluq, əməkdaşlıq, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu yer alıb və bu mövzularda məqalələrə üstünlük verilməsi nəzərdə tutulub.
Qeyd olunan mövzular üzrə “İlin televiziya verilişi”, “İlin tərcümə əsəri layihəsi”, “İlin sənədli filmi”, “Dostluq əlaqələrini təbliğ edən ilin ən fəal azərbaycanlı və özbək xadimi”, Özbək mətbuatında dostluğumuz, Azərbaycan haqqında ən çox materiallar dərc edən mətbu orqan, həmçinin Özbəkistanda Azərbaycan dilinin tədrisi və təbliği, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına aid ilin layihəsi və başqa mövzular üzrə qaliblər müxtəlif nominasiyalarda Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.
Bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla əlaqədar mərkəz müsabiqədə mətbuat üzrə COP29 Beynəlxalq ekoloji təşkilatda Azərbaycanın rolu, ətraf mühitin mühafizəsi və onu necə xilas etmək, tullantısız mühit və texnologiyalar, yaşıllıqların qorunması və artırılması, iqlim dəyişiklikləri mövzularını təşviq edən məqalələrə üstünlük verəcək və bu mövzular üzrə nominasiyalar daxil edib.
ICESCO tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Sözügedən hadisə ilə əlaqədar “Şuşa – İslam dünyasının Mədəniyyət paytaxtı” adlı nominasiya müsabiqədə yer alıb. Bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, rəşadətli Azərbaycan Ordusunun Şuşanı azad etməsi, Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, eyni zamanda, tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi barədə məqalələr əsas götürüləcək. Eyni zamanda, Özbəkistanda 2024-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “Gənclərə və biznesə dəstək ili” elan edilməsi ilə əlaqədar builki müsabiqədə xüsusi nominasiya elan edilib. Nominasiyada gənclərin milli dəyərlərə əsaslanaraq intellektual inkişafı, onların elm və texnologiyalara yiyələnməsi, güclü iqtisadiyyatın qurulması, biznesin, innovasiyaların dəstəklənməsi mövzularına önəm veriləcək.
Müsabiqədə qalib gələn özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan media-turda iştirak etmək imkanı qazanacaqlar.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu media-tur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.
Müsabiqə haqqında əlavə məlumatı Azərbaycan Mədəniyyət Mərkəzinin saytında “Müsabiqələr” bölməsindən əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)