Super User

Super User

Bazar ertəsi, 05 Fevral 2024 09:30

Heyran xanımın kitabı Təbrizdə çıxıb

Azərbaycanın məşhur şairəsi Heyran Xanımın seçilmiş əsərləri Təbrizdə nəşr edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalının Təbriz təmsilçisi Əli Çağla məlumat verir. 

 

“Heyran Xanımın Seçilmiş Əsərləri” kitabı, Pərisa Sainin (şəkildə) köçürməsi ilə 286 səhifə həcmində, Həkim Nizami Gəncəvi tərfindən nəşr olunubdur. 

Kitab artıq Güney Azərbaycanın müxtəlif kitabçılarının satış rəfindədir.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Bazar ertəsi, 05 Fevral 2024 12:00

“ŞAPUR” - Şəhram Gülkarın hekayəsi

Portalımızın Güneydən gələn səslər layihəsində ilk öncə şeirləri paylaşılan Şəhram Gülkarın indi də “Şapur” adlı hekayəsini sizə çatdırırıq. 

Layihəni portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla təqdim edir. 

 

Köçə-bəy ağzına layiq, qoxusu kəndin dört guşəsini almış bozbaş ocaq üstündə son saniyələrini yaşayırdı. Qablamanın qapağı piqq-piqq pıqqıldayırdı. Sanki qanad açıb uçacaqmış kimi, qərarı yox idı. 

Damı alçaq evin ortasında süfrə bosatı quruldu, hər kəs həndəvərində hazır idi. Motorun nəriltisi həyətdən eşidilincə, Nubah xala tez qablamanı çitlə yapışıb gətirdi ortalığa. Şapur əlindəki belini divara dayayıb, çəkmələrini çıxarıb, əl-ayağını dirsəyə dizəcən yuyub süfrə başına çatmamış dedi:

- Nəəə... o tüngü mənə, ciyarım yanır. 

Şapur tüngü alıb, sərin ayranı bir nəfəsə, ağız-burnunun o yan-bu yanından tökülə-tökülə çəkdi başına. Tər köynəyinin önü bütöv ayran oldu. Amma Şapur o yorğunluq içində əprimiş canına bu ləzzəti, heç bir qınağa qalxışılacaq çıxışla dəyişdirəcək halı yox idi. 

- Havadan od yağır od, dedi. 

Salamlaşıb oturdu süfrəyə.

Bəykişi iki barmağıyla bir tikə ət qoydu ağzına. Əngində o yan-bu yan eyləyib. Dedi:

- Qoca  heyvan ətidi. Ağızda gəvşənmir.

Nubah tez qayıdıb dedi:

- Səhər açılandan yarım­xod barlamışam, yenə də ət həlməl olmayıb.

Kişi dedi:

- Uşağı ətə yollayanda belə olur də. Qəssab da, adama baxıb, ət verir. Onurğalı, enli kürəklərə budunu, qabırğasını, ensəsini, arıq-uruq zavallılara da sür-sümük verib yola salır.

Şapur soğanı alma tək xarıldadıb yeyə-yeyə dolu ağız güclə dedi:

- Bəhram uşaq deyil ki, maşalla yekə igiddir. İyirmi iki yaşı vardır, day bundan da böyük nə olacaqdı.

- Amma çəlimsizdir bir az! Alçaq qəssab da bundan yararlanıb. Tək qəssab yox, indi camaatın gözü dönüb. Al-verçilərin çoxu belə edirlər.

Nübah dedi:  

-  Allah göstərməsin, millətdən nə desən baş verir.

- Həmişə ət almaqdan zəhləm gedib. Nə qədər oyanıq olursan ol, yenə də başuva börk qoyurlar. Olmadı bir kərə ət alam gələm, nəəəəm deyə “Əllərin ağrımasın. Ət adamın lap üzünə gülür”. - Bəhram dedi.

Danışa-danışa şirin-şirin yeyirdilər ki, dışarıdan "şaraq" deyə beş atılan tüfəngin səsi gəldi. Hərkəs müharibə kəndə gəlib çatmış misalı hürkək bir vəziyyət aldı. Dikliyi dizə çatmayan pəncərədən ilk Bəhram bir əli yerdə, bir əli gözünün üstündə süzüb, lapdan bağırdı: "Tarı gözün çıxsın tayamız yanır."

Evdəkilər darın evdən çıxıncayadək qonşulardan bir-iki nəfər artıq gəlmişədi. 

O dedi:

- Vedrə gətir.

Bu dedi:

- Şlanq apar.

Özləri üçün düzəltdikləri nə yekə, nə xırda talvar altında taya sözə baxmayıb, odlanıb əldən gedirdi. Arada bir vedrə ilə, qabla, qazanla su atanda da, benzin səpirlərmiş kimi alov daha da qabarır, daha şöləsi çoxalırdı.

Şapur gözləri bərəlmiş, dəhşətli bir xəyal yaşayırmış sankı; Mat qalmışdı. Görünməz adam yağışda görünən tək, Şapurun da fitrətində olan könəzlik, sərtlik, kobudluq, odun şiddəti artdıqca üzünə yansıyırdı. Nə edəcəyini bilmirdi. Bu yanğın adı, neçə kəndli gücünə yaxalanıb, sönəcəyə bənzəmirdi. 

Bəhramın zil çığırtısıyla Şapur özünə gəldi. Diksindi.

Lapdan mələklər andırarmış kimi xaloğlusu Vəhid yadına düşdü. Şapurun rəngi duruldu. Cibindən telefonunu çıxarıb, bəlləyində Vəhidin adının üstünə gedib, basdı düyməni. Bəxtindən telefonun bəlləyində Vəhidi yanğın söndürən idarəsı adı ilə not almışdı. Yeddi-səkkiz ay olar-olmazdı Vəhidin o idarədə yazılıb işlədiyi. Əslində Şapur nömrəni yığa-yığa kökü bilinməz bir sevincəklik gəlmişdi ona. Yəqin belə bir duyğu öyüncü içindəydi ki, Vəhidin etibarını hardasa artıracaq. Bir yandan da çətin işi gecişdirmək üçün xalası oğlu gələcəkdi bura, başqası yox! Ah bi-düzə telefondan çaldırılmış sıqnal səsi duyuldu... biiip... biiip... biiip…

- Əlo.

- Bəli.

- Atəşfişanidi (Yanğın idarəsi)!

Çətin sayıla biləcək sözcükləri yanlış söyləmə xuyu, Şapurun doğuşdan gələn özəlliyi idi.

- Bəli.

- Vəhid var?

- Yox.

- Hardadır? Nec olub?

- Buralardaydı. Necə bəyəm, işiniz, əmriniz varsa qulluğunuzdayıq.

Şapur yarı burnunda, yarı ağzında ala-zil səsi ilə yox dedi. Bir azdan özüm zəng eləyərəm.

Belə sıra dışı olaylar ona görə deyildi. Başı ağrı götürməz, kimsə ilə işi olmazdı. Şadlıqlarda sınır dışı sevinən, şərlərdə də aşırı nisgilli olardı.

İndi olmasın dün gecə qonşu oğlu kamilin toyunda, tək bildiyi "inanımmı, inanmayım?" mahnısını heç bir peşəkar müğənni onun kimi ürəyə yatımlı, dadlı-duzlu oxuya bilməz sanıram. Ya ardıcan durub oynayarkən qızmış başını "əəə" deyib bir o yana, yenə də "əəə" deyib bir bu yana əyməsi bütövlikdə şölən dolu çılğın bir rəqs kompozisiyadır.

Tayadan ayrılmış küləş yığınının bağlarının açılışı samanları toz-torpağa qatıb, asta-asta rəngini dəyişib qaraya çalan təzəklərlə birgə oda bürüyüb, həndəvərində olan hər kəsin çarpıcı şəkildə gənziyini göynədirdi. Tozun, tüstünün havayla qaynayıb qarışması hər şeyi göz önündə oynaq edirdi. Kədərli bir duyğuya qapılmadan bu olayla üz-göz olmaq, heç cürə olası iş deyildi.

İlk telefon zəngindən iki-üç dəqiqə sonra olmazın yanıqlı təlaş içində aşırı hirsindən əlləri titrəyə-titrəyə yenə zəng vurdu Şapur.

- Əlo.

- Bəli.

- Atəşfişanidi?

- Buyurun.

- Bağışlayın, Vəhid gəldi?

- Yox canım. Kimsən? İşin nədir? Nə istəyirsən? Bəlkə köməyimiz dəydi!

- Vəhidin xalası oğluyam...Şapur. Çox əcələ işim var özüylən. Nolar, deyin tez zəng vursun mənə.

- Deyirsən indi işimizi boşlayıb allah qoysa Vəhidi gəzək də!

Şapur köks ötürdü. Təlefona cavab verən canlı-canlı önündə olsaydı, o zaman o bilərdi nə deyib necə danışsın. Ancaq bu uzaq yolların qovşağı sehirli cihaz elə bir sıxıntıya, büküklüyə səbəb olmuşdu ki, danışığını bütün bölgə eşidircəsinə, sözlərinə beyninin alt bilincində bir sınır çizmişdi. O sınırı aşmağa da, hansısa bəlli olmayan görüntü aman vermirdi.

Yadımdan çıxdı deyim ki; Vəhid o sürədə götü-başı beşdə­beş metrlik yanğın söndürən idarəsinin düz qabağında siqaret çəkə-çəkə, bekarçılıqdan qaldırımdan keçənləri bir araşdırmaçı gözü ilə incə-incə gözləmləyirdi! Küləş orada havaya sovrulurdusa Vəhid də burada həm iş vaxtını, həm də siqareti havaya sovururdu. Orada xalası oğlunun dədə malısı, burada xala oğlunun yeni doğulmuş oğlunun bapbalaca götünə yamanacaq molfiks (Uşaq bezinin markası) pulunun fikri havadaydı.

Bir azdan aşa-aşa gəldi, minç oynaya-oynaya telefon başında əyləşmiş yanğın söndürən işçilərinin yanına.

- Əə Vəhid bir nəfər bayaqdan iki dəfə zəng vurub, səni soruşub. Deyir xaloğlumdur. Həəəə... Deyəsən Şapur dedi adını.

- Yox ədə?!

- Valla.

Vəhid əlini telefona aparıb, zəng vurmaq istəyirdi ki, idarənin telefonuna tələsik adamın zənginə oxşar zəng gəldi.

- Əloooo

- Bəliii. - Vəhid cavabladı.

- Vəhid gəlmədiii???

- Ayə Şapur nə var?! Nə olub? Xeyir ola?!

- Ayə Vəhid, laməsssəb, hardasan? Taya yandı qutardı dənə!

- Ayə bə bayaqdan niyə deməyibsən, tarun yanmasın?

– Ayə bə... Mən... Mən... Kimə...

– Ayə səni nə deyim olasan. Qət elə, qət elə. İş yoldaşlarına üz tutub bağırdı:

- Ayə durun, amandı, tez olun...

- Hara?

- "Ayaz kəndinə. Ağdamın o əlində. Şansdan buradan daha yaxındı. – Yanğın söndürən idarəsi şəhərin çıxacağında olduğunda elə dedi. Düşdülər yola.

Şapur dəli toğlu kimi əlindən heç nə gəlmədiyi sırada, üzündə insanın içinə-içinə işləyən suçlu bir gülüşlə, hirsini anladırcasına baxınırdı hər tərəfə. Beynində dolaşan şübhələrlə ürəyindəki odu, alovu həyətdə yanan taya oduyla bir cür tutuşdura bilmirdi. Bilmirdi yandıranı, yananı, ya da ki, əllərdə qalacaq veylan-veylan dolananı düşünsün.

Coşmuş azğın düşüncələri baxışını cilovlamaqda çətinlik çəkirdi. Bu odun noxtası at-qatır noxtasına bənzəmirdi. Talvarın altındakı bütün tayanı yemədən dinc duracağı yox idi. Pişik ovunu oynadıb-oynadıb yediyi tək, gərmic də samanı göydə o əl-bu əl eyləyib odun ağzına atırdı. Yanan samana da rəhm eləməyib külünü sovurub atırdı Araza. Araz da ki, Arazdı də, yananların qibləgahı, ocağı.

Getbəget qabalaşırdı. Güclü rəqib qarşısında çarəsizliyi onu kobud, kəskin, çılğın heyvana çevirirdi. Artıq eşitdiyi hər hansı bir ovundurucu ola biləcək sözləri yamanmış deyə alğılayırdı.

Amma bunlar yaranan bədbəxtliyin vurduğu ziyanının qabağını almaq üçün yetərli ola biləcək tək görünən mübarizə ilkəsi deyildi. Gərmic topa odu qabağına salıb Şapurgilin tayasını yandırdığı bir yana, sürütləyib qonşunun da tayasını yerlə bir eləyib, havaya sovurdu.

Həmişə olduğu tək, od özü yanıb sönəndən sonra yanğın söndürən maşını gəldi. Külək yanmış samanı elə sovurmuşdu ki, talvar olmasaydı, yanğının harda baş verdiyini, avara bilməyəcəkdilər. 

Böyük həyətin bir küncündə saxladılar. 

Hər kəs qərib səssizlik içində, nədənsə biraz üşənib özünü suçlu sanırdı. Fərq etmirdi bu kənd əhli, ailə adamı, ya da yeni gələn yanğın söndürənlər olsun. Təzə ölmüş ölünün yaxınları yaxından söz söylətdirmədiyi tək, kimsəni dindirib-danışmaq olmurdu. Şapur da nəsə kəşf etməyə yaxın yaradıcılar baxışına bənzər hara baxmayacağını benava bilmirdi. Hansı yana, yerə, kəsə baxırdısa tez baxışını gizlədib başqa yerə çevirirdi.

Az zaman keçməmişdi Vəhid min bir fikir eləyib, getdi Şapurun yanına.

- Əə Şapur bə niyə belə!?

- Əə nə bilim axı! Bunların üzünə lənət. Əlli il çalışsan da on qıran qazanmağa aman verməzlər! - Başı ilə ailəsini göstərirdi ki, indi demək olar bunlardan biraz uzaq məsafədəydilər.

- Əə başın sağ olsun. Özünüzə bir şey olmayıb, özü çoxdu.

- Əə kaş olaydı, bir dəfəlik canımız dincələydi!

- Əə elə demə. Nəyin nə olduğunu kim nə bilir! Özünü ələ al. 

-Səhər alatoranda hava elə mehliydi ki, öz göylümdə dedim: Bu gun əla günlərimdən biridi yəqin. Kim deyərdi ki, gün ortası belə olacaq. Kərəminə şükür Allah!

- Əə mən ölüm boşla getsin. Xalamgil nə təhərdi? Benavalar hətmən doyunca qorxdular!

- Əə kənddi dənə! Nə təhər olacaq!? Odun gətir, su gətir, uşaq sıçdı gə götür! Nə olacaq rəhmətlik oğlu.

Vəhid gördü bu pır o pırdan deyil. Bir o yana, bir bu yana baxıb sağ əli ilə Şapurun qolunun birini dəhədləyib, metr yarım qırağa çəkdi. Hal bu ki, həndəvərlərində adam yox idi. Bu qırağa çəkdi, burada başqaları eşitməsin anlamına gəlmirdi. Sadəcə bir küçə-bazar oyun­bazlığı idi. Güya indi deyilən söz, bayaqkılara bənzəməz, ya da ki, bayaqkılardan daha önməlidir.

Nəsə səsinin tonunu dəyişib, biraz xodun alıb dedi: 

- Əə uşaqlar sübhdən ac qarnına siqaret çəkməkdən qarınları şişib. Güdürdük ki, zəng gələcək, od söndürüb yağlı nahar pulu alacayıq. Tərslikdən püşkümüzə bu vəziyyətdə siz düşdünüz. Heç bilmirəm nə deyim!

- Əə siz də lap ölü baş altısını gəzirsiz a xaloğlu! Əə siz kimsiz? Yenə bir iş görsəydiz bir şey. Siz ki, əlizi cibizdən çıxartmayıbsız! 

- Əə heç olmasa klüçəylən kola pulunu verginən. Yoxsa, dostlarım uzümə tüpürərlər. Deyərlər: "Çox deyirdin xaloğlum belə gəldi, xaloğlum belə getdi. Bu da sənin xaloğlun!"

- Bu gün bizə dəyən dəyib. Gə bunu da siz yandırın. - Pulu əlində tutaraq dedi Şapur. - Sizin söndürdüyünüz yanğının...

Sözünün qalanını gərmic apardı uçan tayaların dalısınca.

Yanğın söndürənlər böyük bir davadan zəfərlə qayıdırmış kimi xımır-xımır gülümsəyib atladılar maşına. Hərəkət etmədən şofer üç-dörd kərə zəfər qazı pedalına basıb, tüstülüyündən girli tüstü buraxıb, getdilər. Gedə-gedə şüşədə pulu bölüşürdülər.

Şapur ayaqqabısını dəyişdi. Zığlı çəkməni geyinib, beli götürüb, motorunu mindi. Heç kəsə dönüb baxmadı! Getdi Muğanın qızmar günəş altında yanan, odlanan tarlalarını Arazın lil suyu ilə suvarmağa…

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

 

 

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. 

 

Şəhidimiz Məmməd Mirzəməmmədovun həyat yoldaşı Dürdanə Mirzəməmmədovanın “Endolazer koagulasiya və pnevmoretinopektiya” əməliyyatının xərcləri Fond tərəfindən qarşılanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

 

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

 

1 fevral 2024-cü il tarixində ölkəmizdə səfərdə olan Belarus Respublikasının ədliyyə nazirinin birinci müavini Natalya Filippovanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Belarus tərəfinin təşəbbüsü ilə baş tutan görüşün məqsədi “ASAN xidmət” konsepsiyasının ölkələrində tətbiqi istiqamətində müzakirələrin aparılması, eləcə də müvafiq istiqamətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin çatdırılması, sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yaxından tanışlıq olub.

 

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə nümayəndə həyəti arasında görüş keçirilib.  Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. 

 

Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.

 

Müzakirələrə əsasən “ASAN xidmət” təcrübəsinin Belarus tərəfi ilə paylaşılması istiqamətində anlaşma memorandumunun imzalanması ilə əlaqədar razılığa gəlinib.

 

Nümayəndə heyətinə Dövlət Agentliyi tərəfindən xidmətlərin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə geniş təqdimat edilib. 

 

Qonaqlar Səyyar ASAN xidmət, 108 Çağrı Mərkəzi, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, “ABAD” və “Bilim Bakı” mərkəzi ilə də tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

Cümə, 02 Fevral 2024 22:14

DOST Gənclər Gününü qeyd edib

 

DOST İnklüziv İnkişaf va Yaradıcılıq Mərkəzində Gənclər Günü qeyd olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına DOST İnklüziv İnkişaf va Yaradıcılıq Mərkəzinin Media və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

 

Sevilən müğənni va bəstəkar Murad Arif 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə Mərkəzin qonağı olub. Müğənni yaradıcılıq studiyalarında təlim  prosesini izləyib, audio-səsyazma studiyası ilə tanış olub, həmçinin sevilən hitlərini Mərkəzin benefisiarları ilə birlikdə səsləndirib. 

Daha ətraflı bu linkdən izləmək olar.

https://youtu.be/-vwtZzaJA40

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

 

Bu gün - fevralın 2-də Azərbaycanın görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında təşkil olunan hekayə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbir  Yazıçılar Birliyinin Natəvan Klubunda baş tutub.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edib və müsabiqənin məhz Gənclər Günündə yekunlaşaraq qaliblərin təltif olunması ədəbi gənclik üçün bir stimul xarakteri daşıyıb. 
Mövzu seçimi sərbəst olan müsabiqəyə 200-ə yaxın iştirakçı qoşulmuş, öncə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşmişdir: Elay İsmayılov, Xanbala Mahmudov (Xan Abdulla), Cavid Babayev, Orxan Cuvarlı, Bəşir Niftəliyev, Şəhriyar Bəhmənov, Səma Quliyeva, Pərviz Əlyaroğlu.
Növbəti mərhələdə isə qaliblərin və mükafatçıların adları elan edilmişdir. 

HƏVƏSLƏNDİRİCİ YERLƏR
Bəşir Niftəliyev, “Sehirli danaxor” hekayəsi;
Səma Quliyeva, “Bilinməyən həqiqət və şəkər malyariyası”.
 
3-CÜ YER
Xan Abdulla, “Yazgülün nəvəsi”.
 
2-Cİ YER
Orxan Cuvarlı, “Daş”.

 1-Cİ YER
Cavid Babayev, “Üçnəfərlik motosikletlər”

Tədbiri açan Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis müsabiqənin məramı və məqsədi barədə, mükafatçılar barədə məlumat verdikdən sonra sözü Azərbaycan Yazıçılar Birliyinin sədri Anara vermişdir. Anar ədəbi gəncliyə güvəndiyini izhar etmiş, istededadlı gənclərə ustad məsləhətlərini çatdırmış, qalibləri təbrik etmişdir. 
Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid, tanınmış yazıçı, müsabiqənin münsiflər heyəti adından seçim turuna və final mərhələsinə rəhbərlik etmiş yazıçılar Təranə Vahid və Hüseynbala Mirələmov,  “Ulduz” jurnalının Baş redaktoru Qulu Ağsəs çıxış edərək çağdaş nəsrimizdə gəncliyin rolu, müsabiqəyə qoşulan gənclərin istedadından söz açmış, ədəbiyyatımızın gələcəyinə olan inamlarını dilə gətirmişlər. 
5 mükafatçının hər birinə tutduqları yerlərə müvafiq olaraq pul mükafatları, Fəxri Diplomlar və Xalq yazıçısı Anarın imzası ilə kitablar təqdim edilmişdir. 
Qeyd edək ki, müsabiqənin himayədarı “Azeristeel" MMC Metal Konstruksiylar Zavodu, informasiya və təşkilati dəstəkçiləri “Ədəbiyyat və incəsənət” portalı, “Şirvan” cəmiyyəti və “Kəpəz” hospitalı idi. 
Mərasim zamanı Azərbaycan Ədəbiyyat Fondu və “Ulduz” jurnalının birgə təşkilatçılığı ilə gənc yazarları stimullaşdıran növbəti müsabiqə barədə də elan verilmişdir. Bu dəfə gənc şairlər Vaqif Səmədoğlunun 85 illik yubileyi münasibətilə şeir müsabiqəsində qüvvələrini sınaya biləcəklər. 

Şəkillərdə: Mərasimdən sonra çəkilən ailə şəkli (qapaq fotosu); Xalq yazıçısı Anar mükafat təqdim edərkən; Müsabiqənin təşkilatçıları olan Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis və “Ulduz” jurnalının Baş redaktoru Qulu Ağsəs müsabiqənin qalibi Cavid Babayevlə. 

“Ədəbiyyat və incəsənət”
(02.02.2024)

 

Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Toğrul Ələkbərov və Tural Abdullazadə ilə Mentorluq proqramının ilk görüşünü keçirib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

Adil Kərimli qalibləri müsabiqədə əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək karyera inkişaflarında uğurlar arzulayıb. Mədəniyyət naziri layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibləri ilə bundan sonra da sıx əməkdaşlıq edərək onlarla təcrübəsini bölüşəcəyini və beləliklə qaliblərin potensiallarını üzə çıxarmağa köməklik göstərəcəyini diqqətə çatdırıb.

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə Mentorluq proqramı çərçivəsində Adil Kərimliyə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın karyera və şəxsi inkişaf baxımından əvəzsiz imkan olduğunu vurğulayıblar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.

 

 “Ədəbiyyat və incəsənət”

(02.02.2024)

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Fransada Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı olan vandalizm aktını pisləyərək bu barədə Bəyanat imzalayıb. 

“Ədəbiyyat və incəsənət” portalına TÜRKSOY-dan daxil olan məlumata görə, Bəyanatda deyilir: 

 

“Türk Dünyasının Mədəniyyət və incəsənətinin qorunub saxlanılması, tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə fəaliyyətini davam etdirən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) kimi təşkilatımız Avropanın mühüm mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Fransada Azərbaycan ədəbiyyatının tanınmış xadimi, şair Xurşidbanu Natəvanın heykəlinə qarşı edilən təxribatdan dərin kədərlənir.

2017-ci ildə Azərbaycanın İsmayıllı şəhəri və Fransanın Evian-le-Ben şəhərinin dekommunizasiyasını anmaq üçün Evian-le-Ben şəhərində açılan Azərbaycan parkı və burada ucaldılmış Natəvan heykəli iki ölkə arasında dostluq və əməkdaşlığı nümayiş etdirir. 

Türk dünyasının görkəmli qadın şairlərindən biri olan, türk dünyasının mədəni xəzinəsində silinməz iz qoymuş, təkcə Qafqazda deyil, bütün dünyada ədəbiyyatdakı əhəmiyyətinə və yaradıcılığına görə tanınan Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm təkcə ölkənin mədəni insanına deyil, həm də dünya sivilizasiyasına, mədəniyyətinə və incəsənətinə hücumdur.

Türk xalqlarının mədəniyyəti və sənətinin ortaq bir quruluşu olan TÜRKSOY olaraq mədəniyyətimizə və sənətimizə edilən bu iyrənc hücumu qınayırıq və günahkarların cəzalandırılmasını və bu cür hücumların bir daha təkrarlanmamasını diləyirik”.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

Cümə, 02 Fevral 2024 14:30

Bizim STANİSLAV(ski)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki,- "2008-ci ildə kulinariya haqqında bir neçə kitab ərsəyə gətirməliydim. Düşündüm ki, Azərbaycana gedim və Azərbaycan mətbəxi ilə bağlı bildiklərimi yeniləyim. Axı mən Özbəkistanda yaşayır və daha çox özbək yeməkləri hazırlayırdım. Düzdü, qohumlarımız vardı, onlardan öyrənirdim, arada Azərbaycana qonaq gedirdik. Lazım olan hər şeyi götürüb, TV çəkiliş qrupu ilə birgə Azərbaycana yollandıq. Azərbaycanı qarış-qarış gəzdik. Hər şəhərdə 2-3 gün qaldıq, həmin bölgəyə xas yeməklərin hazırlanmasını çəkirdik. Azərbaycanın unikallığı ondadır ki, hər bölgədə fərqli nəsə hazırlanır, amma bu, yenə də Azərbaycana aiddir. Əhalisi də maraqlıdır, aksentləri də. Mən utanıram ki, Azərbaycan dilində elə də yaxşı danışa bilmirəm. Özbək dilində yaxşı danışıram, ingilis dilində ondan da yaxşı. Rus dili doğma dilimdir. Amma bu o demək deyil ki, mən Azərbaycanlı deyiləm?! Axı qan su deyil, onu dəyişə bilməzsən...”

 

Bu dəfə sizə mətbəx mədəniyyətindən bəhs edən bir neçə kitabın müəllifi Stanislav(Stalik) Xankişiyevdən söhbət açmaq istəyirəm. Rusiyada fəliyyət göstərdiyi üçün daha çox orada məşhurdur. İştirak etdiyi televiziya verilişlərində Azərbaycan milli mətbəxinə geniş yer ayırır. "Bazar, qazan və dəstərxan" kitabı iyirmi beş ildə mətbəxə həsr olunan kitablar arasında "Ən yaxşı kitab" nominasiyasına layiq görülüb. "Böyük İpək Yolu" mükafatını qazanıb...

 

“Etiraf etmək lazımdır ki, başqa xalqların mətbəxini tanıdıqca, öz mətbəxini daha yaxşı tanıyırsan. Başqa xalqların mətbəxə bağlılğını araşdırdıqca, onun tarixini, inteqrasiyasını başa düşürsən. Məsələn, bir çox xüsusiyyətlər var ki, şərqdə formalaşıb, amma Fransada öz təsdiqini tapıb. Qatlama şirniyyatının oxşarı Fransada kruassan adlanır. Azərbaycan həmişə digər ölkələr üçün açıq ölkə olub, qədimdən bəri. Bu mübadilənin nəticəsində, Azərbaycan mətbəxi daha da zənginləşib. Xalqımızın qonaqpərvərliyi, süfrələrimizin açıqlığı boş sözlər deyil. Bizim xalqımız bölüşməyi sevən xalqdır."- söyləyir.

 

Onun "Qazan, kulinariya dərsliyi" kitabı 2015-ci ildə "Qurman" kulinariya kitabları beynəlxalq müsabiqəsində birinci yeri tutub. "Plov, kulinar tədqiq" kitabı isə 2016-cı ildə həmin müsabiqənin "Milli mətbəx haqqında ən yaxşı" nominasiyasında qalib gəlib…

 

Stalik 1962-ci ildə Özbəkistanın Fərqanə şəhərində anadan olub. Atası azərbaycanlı, anası isə alman millətindəndir. Çox alicənab, milli kimliyinə önəm verən adamdır, azərbaycanlı olduğundan qürur duyduğunu heç vaxt, heç yerdə gizlətmir…

 

Deyir ki,- "Bir azərbaycanlı olaraq milli mətbəximizin beynəlxalq aləmdə qəbul olunması, başqaları tərəfindən mənimsənilməməsi üçün əlimdən gələni edirəm, edəcəyəm də..."

 

Başqa ölkədə doğulub böyüsə də, ürəyi bizimlə döyünən Stalikin fevralın 2-də doğum günüdür, 62 yaşı tamam olur. Teatr sahəsində Stanislavski necə ad çıxarıbsa, elə bizim Stanislav da kulinariya sənətinin Stanislavskisidir! 

Onu doğum günü münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq. 

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

 

Sumqayıtın mədəni həyatında əhəmiyyətli yer tutan Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub. Postuna ayaq basandan bəri tetar və kino sahəsinin inkişafı üçün əhəmiyyətli addımlar atan mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bundan sonra teatrın direktoru vəzifəsini Samir Şəfiyev icra edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Samir Şəfiyev şəhərin mədəni həyatına töhfələr vermiş bir mədəniyyət xadimidir. Onun tərcümeyi-halına baxdıqda bu xətt aydın görünür. 

 

Samir Nizaməddin oğlu Şəfiyev 1981-ci il sentyabr ayının 7-də Sumqayıt şəhərində anadan olub. O, 2003-cü ildə Əlibəy Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirib. Bir çox görkəmli sənətkarlardan, habelə mərhum teatr rejissoru, Azərbaycanın Xalq artisti Azərpaşa Nemətovdan dərs alıb.

S.Şəfiyev 2006-2009-cu illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında rejissor assistenti, daha sonra rejissor vəzifələrində çalışmaqla, bir neçə tamaşanın rejissoru və quruluşçu rejissoru kimi fəaliyyət göstərib.

2009-cu ildə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Sumqayıt şəhər 4 saylı kluba müdir vəzifəsinə təyin olunub. 2012-ci ildən N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Evinin, 2015-ci ildən bu günədək isə N.Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Sumqayıt şəhərində təşkil olunan bir sıra mədəni-kütləvi tədbirlərin ssenari müəllifi və rejissoru kimi fəaliyyət göstərib.

Bir neçə il Rusiyada və Türkiyədə keçirilən beynəlxalq festivallarda iştirak edib və müxtəlif diplomlara layiq görülüb. Çalışdığı illər ərzində səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif olunub.

Xatırladaq ki, S.Şəfiyev mərhum kinoaktyor, Əməkdar artist Səyavuş Şəfiyevin və Əməkdar mədəniyyət işçisi, mərhum Gülçöhrə Şəfiyevanın nəslindəndir.

Ailəlidir, iki övladı var.

Portalımız adından Samir Şəfiyevə böyük yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.