
Super User
“Solğun çiçəklər”in Şuşa quruluşu
Qeyd etdiyimiz kimi, bu gün Şuşa Dövlət Musiqili Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Tamaşa teatrın rejissoru Lalə Şirinovanın quruluşunda hazırlanıb.
Dəfələrlə teatrlarımızın yaradıcı kollektivləri tərəfindən səhnəyə qoyulan “Solğun çiçəklər” əsəri Cəfər Cabbarlının istedadı və gərgin əməyi ilə milli dramaturgiyamıza yeni ovqat, forma, məzmun və yeni keyfiyyətlər gətirdiyini bir daha sübuta yetirir. Bütün bunlar görkəmli dramaturqun ailə-məişət mövzusunda yazdığı ilk sentimental melodramatik əsərində özünəməxsusluğu, ayrıca bir fərdə və insanlar arasındakı münasibətlərə xüsusi görmə bucağından yanaşmasını önə çəkir.
Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı olan Gülnisənin cinayətindən bəhs edir. Gülnisə Saranın atasını zəhərləməklə kifayətlənməyib onun bütün var dövlətini də ələ keçirmək istəyir. Bütün bu işlərin üstü açılmasın deyə Bəhramı Saradan ayırıb öz doğma qızıyla evləndirir. Nəticədə Sara vəfasızlığın qurbanı olur.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
48-ci hissə
Son məktub
“Rüfət.Əzizim, canım, padşahım, sultanım, ən çox istədiyim insan, istədim sənə telefonda yazım göndərim, amma dedim, yox, qoy sənə ovaxtkı kimi yenəkağız məktub yazım, həmin hissləri yenə yaşayım. Çünki bu yazımda sənə çox şeyləri anladacam, hansı ki, göz-gözə anlada bilməmişdim.
Sən bilirsən kimsən? Sən mənim ən ülvi hisslərimin təcəssümüsən deyərdim, ancaq bu, azdır. Sən mənim xoşbəxtlik arzularımsan deyərdim, ancaq bu da azdır. Sən mənim döyünən ürəyimsən, aldığım nəfəsimsən.
Növbəti gündə günəşin doğmasını səninlə görmək istəyərdim. Ləpələrin sevgi dolu sahilə çırpılmasının səsini səninlə dinləmək istəyərdim. Günəş doğanda istəyərdim başımı çiyninə qoyum, qoxunu hiss edim. Əlim qollarını tutub kişi əzələlərini hiss etsin. Sən də mənim saçlarımı nəvazişlə sığallayasan, mənim sultanım. Eh, sən bilirsən bu anlara yetişmək üçün nə qədər göz yaşları axıtmışam?
Amma sabah olmayacaq daha mənimçün. Əsas odur, mənim son məktubumun son sözlərini sən oxuyacaqsan. İlk xəyallarım, ümidlərim səninlə olub, əzizim. Son xəyallarım və ümidlərim də səninlə olacaq.
Sənə bu sözləri yazıram. İnan ki, qısa yazmaq istəyirdim, ancaq alınmır. Bir fikir mübadiləsi də etmək istəyirəm. Biz qadınlar siz kişiləri sevərkən öz sevdiyimiz, fəxr etdiyimiz, güclü saydığımız atalarımıza oxşadırıq. Sizi Allah sevgisi ilə sevirik. Bəs siz? Sizin də sevginiz belə ülvidirmi? Əksər halda yox. Bir dəfə hansısa romandan oxumuşdum, sevgi -- qadın ömrünün qalın romanı, kişi ömrünün qısa hekayəsi. Kişilər qadınlarla münasibətə əksərən əyləncə, eyş-işrət kimi baxır, bu bəsitlikdən çıxa bilmirlər.
Sadəcə əsl kişi olmaq lazımdır. İstəyirsən çoban ol, istəyirsən xan. Qadını kişilərə tərəf sözlər yox, hisslər çəkir. Hər qadın xanım olmadığı kimi, hər kişi də ərən deyil.
Təbii olan hər şeyə biz cəmiyyət çirkin obraz verməyi sevirik. Küçə qadını ilə ev qadını arasındakı sərhəd, incə xətt hardadır? Axı küçədəsizin seçdiyiniz, hədiyyələrə, şirin dillərə, yalvarışlara tutduğunuz qadınlar var, onlara qarşı bu cür münasibət göstərsəniz də, evinizdəki öz halal xanımınızla kobud rəftar edirsiniz, qışqıra-qışqıra, təhqirlərlə danışırsınız. Siz kimi seçirsiniz axı, küçə qadınını?
Əzmək, alçaltmaq siz kişilərə zövq verir. Əməl əxlaqın ölçüsüdür. Əxlaq isə cəmiyyətin. Cəmiyyət sütunu sayılan siz kişilər cinsəl olaraq acsınız, doymamısınız. Doymazlıq və aclıq birləşəndə hər qadını siz kişilər fahişə qismində görürsünüz.
Siz kişilər maariflənmək istəmirsiniz. Ancaq lağa qoymaq, ən pis sözlər söyləmək bizim cəmiyyətdə dəbdir. Küçə sözlərini elm, maarif kimi qəbul edirsiniz. “İstəmirik maariflənmək” deyirsiniz.
Kütləşmək səviyyəsi cəmiyyəti aciz qoymaqdadır. Pozğunluq, əxlaqsızlıq, oğraşlıq toxumu bizi bu günə qoyub”.
Fikirləri ara-sıra pozulurdu, mətləbdən-mətləbə keçirdi. Bəzən dayanır, nədən yazacağını unudurdu. Beləcə, son məktubunu yazmaqda idi. Ətrafdakı insan axını isə hərəkətində-sözündə olmayan, daşın üzərinə əyləşərək dizinin üstündəki çantasını özünə masa edib göz yaşları axıda-axıda nəsə yazan bu qadını maraqla, bəziləri təəccüblə süzməkdə idi.
“Hər kəsin cinsəl həyatı cəmiyyət üçün maraqla qarşılanır. Hamı hamını güdür, söz aparıb gətirir, şəbədə qoşma, şər atma dəbdən düşmür.
Ən dəhşətli xəyanət insanın özünə, öz ruhuna, öz prinsiplərinə, yaşadığı həyatına xəyanətidir.
“Milli fahişə”. Bu sözə ara-sıra rast gəlməkdəyəm. Siz kişilər bu yarlığı biz qadınlardan çoxdan asmısınız.Bəs biz qadınlar milli oğraş, milli alçaq, milli nakişi sözlərini niyə işlətməyək? Axı bunlar da kişi fahişəliyidir.
İllər boyu biz qadınlara uşaqlıqdan “qızım, ağıllı ol” nəsihəti verilir, bir az böyüdük, bizə“özünü ailəyə uyğun apar” deyirlər, “ərə gedərsən, necə bilirsən, elə hərəkət edərsən” deyə qulağımızdan əriştə asırlar. Ərə gedəndən sonra isə “səbirli ol, döz” deyirlər, “ərin zülm verdi, qayınanan incitdi”, “gələn il hökmən yaxşı olacaq” deyib başımızın altındakı balışı rahatlayırlar, illər də belə bitir. Sual edirəm. Həyatımızı kim puç edir?
Bir saniyəyə insan öz xoşbəxtliyini itirə bilər. İnsanın içi boşluqla dola bilər.Bir səhv insan həyatını sona çatdırır.
Dünyanı sevgi və aclıq idarə edir. Əgər sən maddiaclığa qalib gəldinsə,onda mənəvi aclığa yenilməyəcəksən, sevgiyə gələcəksən.
Məni kim fahişə etdi? Cəmiyyət, ailəm, ərim, sevgim, oxuduğum kitablar, baxdığım teleseriallar və ya şou proqramlar? Yoxsa elə fahişəlik mənim içimdə yatmış idi?
Yoxsa genimdə var idi?
Mənim günahımı kim boynuna götürəcək?
Nə olur-olsun, hər günah sahibi mənəm. Mənə nə bu dünyada, nə o dünyada məhkəmə bəraət verə bilməz.
Qəbrimi daha dərin qazın. Və adsız, balaca başdaşı qoyun ki, heç olmasa mənə də kimsə kim olduğumu bilmədən dua oxusun. Qoy itim bu dünyadan. Övladım utanmasın nə vaxtsa.
Hər murdarlığı gördüm. Bilirsən, ürəyim, canım, Rüfətim, bu söz sənə şamil edilə bilməz, amma siz kişilər hər yerdə eynisiniz.Sadəcə, rənginiz, diliniz başqadır. Düşüncəniz və psixi durumunuz eynidir. Yazıqlar olsun sizlərə ki, hələ də biz qadınlara qiymət verə bilməmisiniz.
Birvaxtkı məsum Ülkərdən daha əsər-əlamət yoxdur. Gözəlliyim, paklığım --hamısı puç oldu.
Rüfət, qəlbimdə həmişə sənə olan sevgimi illər boyu varlığımla qorumuşam. İndiyədək ruhumda, içimdə, düşüncəmdə mənimlə birgəsən. Hara baxmışam, həmişə səni görmüşəm.
Pul ilə qadının bədənini almaq olar, sevgisini yox. Bəzən sevgi bədbəxt eləyir, bütün sevənlər çox da xoşbəxt olmurlar. Sən vicdanı, ruhu təmiz bir insan olduğunçün hər bir insanı təmiz və pak görürsən. Sanki pak bir uşaqsan. Sənə yalvarıram, diz çöküb qarşında təvəqqe edirəm, bu cür qal, onda cəmiyyət yaşayacaq. Sən tək deyilsən, Rüfət, sənin kimi ərən kişilər az da olsa, var.
Bizim kimi pula satılan qadınlar hər dəfə yatağa girdikdə bilirsən necə əzab çəkir, cizmən əriyib külə dönürük?
Dünya həssas insanlar üçün cəhənnəmdir, bil. İnsan yaşayarkən insan kimi yaşamalıdır. Sevgiylə, xoşbəxt. Sən mənim əlçatmaz ulduzumsan, Rüfət. Həyasızda vəfa axtardıq, əxlaqsızda iman.Sən mənim həyatımda ən dəyərli kitabsan. Heyif ki, mən onu axıradək oxuya bilməyəcəyəm.
İndi məni ən çox bilirsən nə düşündürür? “Qiyamət günündə mən kim olacam” sualının cavabı. Fahişə, yoxsa ana?
Əməl əxlaqın ölçüsüdür. Mən hər bir qadın kimi sevgi yaşamaq, yaşatmaq istədim. Gözəl həyat yoldaşı, ər sahibi, xanım olmaq istədim. Amma mənim dünyam mənə zindan oldu. İnsanlığım cəhalət quyusunda öldü.
Mənim indi bir dostum var, o da Allahımdır. Sənə olan sevgidən uzaqlaşmaq istəyirəm. Çünki Allah bilir ki, səni nə qədər sevirəm.
Həmişə qəlbimdə olan sevgini bütün varlığımla qorumuşam. Yeganə insansan ki, mənimlə mehribanlıqla, sevgi diliylə, təmiz danışdın. Dedim axı, çünki sən özün təmiz və paksan.Mən Allahdan sevgi istəyirdim, o da sənin qismində verdi. Bir arzum var idi: sevmək, o da oldu. Səni gördüm. İnamım, imanım artdı. Mənim gözüm kor idi bu vaxta qədər. Sən açdın gözümü.
Səni ləkələyə bilmərəm. İstəmirəm ki, mən sənin yanında gedəndə kimsə barmaqla göstərsin ki, fahişə saxlayana bax.
Rahat ölməyimi istəyirəm, Allahın günahlarımdan keçməsini istəyirəm.
Övladıma baxmağını səndən xahiş edəcəyəm. Bu qısa müddətdə sən mənə yaşadığım rəzillikləri unutdurdun. Göz yaşlarım indi kədər deyil, sevinc yaşlarıdır, sevgi yaşlarıdır. Bir saniyəlik olsun belə sevginin dadını mənə göstərdin.
Məndən narahat olma, ölümümə çox da təəssüflənmə, mən kim, sən kim!.. Sən daha layiqli xoşbəxtliyə sahib olmalısan.
Bir saniyəlik sevgim mənə illərlə verilən əzab-əziyyəti unutdurdu, mənim əzizim, balım, canım.
Sənin saf sevginə layiq deyiləm. Mənim gözlərim kor, dilim lal, ürəyim möhürlü olub. Mən cəhənnəm odunda yanmağa layiqəm. Mənim həyatım və qəlbim illərlə günahlarla, küfrlə, suçlarla dolu idi, mən zəlil, ruhu ölmüş bir cəsədəm.
Rüfət, əzizim, ancaq bütün bunlarla belə, dünyanın ən böyük xoşbəxti mənəm ki, kəfənimin üstünə sənin sevgi dolu göz yaşların axacaq. Bir xahişim də var. Mənə həmişə qızılgül hədiyyə edərdin. Məzarımda qızılgül əkərsən ki, həmişə sənin ətrini hiss edim, ey mənim əbədi, hər iki dünyadakı sevgilim”.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Risklərin analizi - Varlanmaq üçün uğur formulu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Varlanmaq istəyən oxucularım, mövzumuz davam edir. Bu gün iki xırda bölümə baş vuracağıq.
Mənbələr və tələb olunan vəsaitin həcmi
Bu bölümdə siz aşağıdakı məqamlarla bağlı mülahizələrinizi təqdim etməlisiniz:
· Tələb olunan vəsaitlərin həcmi;
· Bu vəsaitləri haradan, hansı şəkildə və hansı müddətə almaq ehtimalı;
· Vəsaitin qaytarılma müddəti.
Maliyyə planı və risklərin analizi
Biznes-planın bu bölümünün vəzifəsi əvvəlki materialları ümumiləşdirmək və onların rəqəmli, daha doğrusu, dəyər ifadəsini təqdim etməkdir. Rəqəmlərdə sehrli və təhlükəli heç nə yoxdur. Onlar əvvəlki bölümlərdə yazılı ifadə etdiyiniz qərarları əks etdirir. Əgər siz hər həftə əmtəənizin reklamını yerli KİV-də yerləşdirmək qərarına gəlmisinizsə, sizin maliyyə planınızda bu qərarı əks etdirən rəqəm mütləq olmalıdır. Əgər siz əmtəənin bir hissəsini ucuz qiymətə satmaq istəyirsinizsə, müvafiq rəqəm bunu biznes-planda əks etdirəcək.
Hər bir işgüzar qərar rəqəmlə müşayiət olunur. Bir yerdə götürülmüş bu rəqəmlər isə sizin maliyyə planınızın əsasını təşkil edir. Bu rəqəmləri «havadan» götürmək olmaz. Çünki bütün maliyyə formaları bir-biri ilə əlaqədardır və buraxılmış bir səhv digərini doğurur. Buna görə də sizin rəqəmlər həmişə dəqiq hesablamaların nəticəsi olmalıdır.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
ÖTƏN İL BU GÜN: Sabunçu Gənclər Evində Azərbaycan Gənclər gününə həsr olunmuş “Gənclər həftəsi” çərçivəsində “Gənclərin karyera və motivasiya forumu” keçirilib
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən illərin 2 fevralında nələr olub? Baxdım və bu tədbiri seçdim, düşündüm ki, oxucularım üçün də xatırlamaq maraqlı olar.
Azərbaycanda növbəti dəfə Gənclər günü qeyd edilməkdədir.
Sabunçu Gənclər Evində 125 gəncin iştirakı ilə keçirilən “Gənclərin karyera və motivasiya forumu”nun spikerləri öz sahələrində kifayət qədər uğur qazanmış, karyeraları ilə gənclərə motivasiya ötürən şəxslər idi: dünyanın ən böyük pre-seed akseleratoru olan Founder Institute-un Azərbaycan üzrə direktoru Cəfər Nəcəfov, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Avrasiya Materikinin ədəbiyyat üzrə 3-cü LiFFT festivallar festivalının qızıl laureatı, yazıçı Varis Yolçuyev, Azərbaycanda ilk ayaqqabı brendi "Danilov"un yaradıcısı İlyas Danilov və nitq mədəniyyəti, yüksək etik protokol qaydaları üzrə bir çox dövlət və özəl qurumların təlimçisi, Etika Akademiyasının rəhbəri Günel İbrahim.
“Ədəbiyyat və incəsənət” portal Sabunçu Gənclər Evinin İctimaiyyətlə əlaqələr üzrə katibi Nərmin İbrahimovaya istinadən məlumat verir ki, məqsədi gəncləri yeni ilə öz karyeraları üçün motivasiya ala biləcəkləri spikerlərlə görüşdürərək ilhamlandırmaq olan forumu Sabunçu Gənclər Evinindirektoru Samir Mehralıyev açaraq 2021-ci il ərzində fəaliyyətlərinə görə Sabunçu Gənclər Evinin ən fəal könüllülərini təltif etdi.
Daha sonra hər bir spiker olduqca maraqlı çıxışlar edərək gənclərə faydalı məsləhətlər verdilər, onların çoxsaylı suallarını cavablandırdılar.
Sonda forum iştirakçıları “Ailə fotosu” çəkdirdilər.
Forumdan sonra gənclər üçün “Gənclər partisi” təşkil olundu. Gənclər həm əyləndilər, həm də müxtəlif yarışlarda iştirak edərək Sabunçu Gənclər Evindən hədiyyə qazandılar.
Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirməkdir, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.
Keçirdiyi layihələrin keyfiyyəti, onlara gənclərin böyük həvəslə qoşulması belə deməyimizə əsas verir ki, Sabunçu Gənclər Evi qarşısına qoyulan vəzifələrin öhtəsindən layiqincə gəlir, ölkənin gənclər siyasətinə layiqli töhfələr verir.
Fürsətdən istifadə edərək gəncliyimizi Gənclər günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Şuşa Teatrı fevral repertuarını bu gün açır
Şuşa Dövlət Musiqili Dram Teatrının fevral repertuarı bu gün “Solğun çiçəklər tamaşası ilə açılacaq.
Sənət ocağının fevral repertuarını təqdim edirik:
2 fevral- “Solğun çiçəklər”
3 fevral - “Balaca və Karlson”, “Lənkəran xanın vəziri”
4 fevral - “Dovşanın ad günü”
9 fevral - “Anamın kitabı”
10 fevral - “Göyçək Fatma”, “Ölməz sevgi”
11 fevral - “Qırmızı papaq”
14 fevral - “Sən həmişə mənimləsən”
16 fevral - “Ana”
17 fevral - “Nağıllar aləmində”, “Dəli Domrul”
18 fevral - “Danışan gəlincik”
23 fevral - “Müsyo Jordan və Dərviş Məstəli şah”
24 fevral - “Balaca və Karlson”, “Lənkəran xanın vəziri”
25 fevral - “Balaca və Karlson”
26 fevral - “Xocalım, biz qayıtmışıq!”
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Bu gün Xalq yazıçısı Anarın 85 illiyinə həsr olunmuş hekayə müsabiqəsinin mükafatlandırma mərasimi keçiriləcək
Azərbaycanın görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında keçirilən hekayə müsabiqəsinin mükafatlandırma mərasimi bu gün - 2 Fevralda, Gənclər günündə Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalı Müsabiqənin Təşkilat Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edir.
Mövzu seçimi sərbəst olan müsabiqəyə 200-ə yaxın iştirakçı qoşulmuş, öncə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşmişdi: Elay İsmayılov, Xanbala Mahmudov (Xan Abdulla), Cavid Babayev, Orxan Cuvarlı, Bəşir Niftəliyev, Şəhriyar Bəhmənov, Səma Quliyeva, Pərviz Əlyaroğlu.
Növbəti mərhələdə isə qaliblərin və mükafatçıların adları elan edilmişdi.
HƏVƏSLINDİRİCİ YERLƏR
Bəşir Niftəliyev,
Səma Quliyeva
3-CÜ YER
Xan Abdulla
2-Cİ YER
Orxan Cuvarlı
1-Cİ YER
Cavid Babayev.
Mükafatçılara tutduqları yerə müvafiq olaraq pul mükafatları, Fəxri Diplomlar və Xalq yazıçısı Anarın imzası ilə kitablar təqdim ediləcək.
Qeyd edək ki, müsabiqənin himayədarı “Azeristeel" MMC Metal Konstruksiylar Zavodu, informasiya və təşkilati dəstəkçiləri “Ədəbiyyat və incəsənət” portalı və “Şirvan” cəmiyyətidir.
Mükafatlandırma mərasimi saat 14-də başlayacaq.
Azərbaycan Ədəbiyyat Fondu və “Ulduz” jurnalının birgə təşkilatçılığı ilə gənc yazarları stimullaşdıran növbəti müsabiqə isə yaxın günlərdə elan ediləcək. Bu dəfə gənc şairlər Vaqif Səmədoğlunun 85 illik yubileyi münasibətilə şeir müsabiqəsində qüvvələrini sınaya biləcəklər.
“Ədəbiyyat və İncəsənət"
(02.01.2024)
Şəhidlər barədə şeirlər – Xaqani Məmmədov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Xaqani Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.
XƏQANİ MÜRŞÜD OĞLU MƏMMƏDOV
(15.05. 2000.-2.11.2020.)
Kürdəmir rayonunun Mürtülü kəndindən olan Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
İGİD ƏSGƏR XƏQANI
Sakit təbiətliydi,
Xətirli-hörmətliydi,
Dürüst, ləyaqətliydi
İgid əsgər Xəqani.
Sevirdi bu diyarı,
Qəlbində arzuları,
Yurdumun iftixarı-
İgid əsgər Xəqani.
Söyləyirdi; - Qarabağ-
Bizim müqəddəs torpaq,
Onsuz olmaz gözəl çağ-
İgid əsgər Xəqani.
Əsgərliyi qurtardı,
Şirin xəyal qurardı,
Yenə Vətən çağırdı,
Atıldı döyüşlərə
İgid əsgər Xəqani.
Vuruşdu aslan kimi,
“Ağ atlı oğlan” kimi,
Cəsur qəhrəman kimi
İgid əsgər Xəqani.
Lərzəyə düşdü yağı,
Söndü düşmən çırağı,
Azad etdi torpağı
İgid əsgər Xəqani.
Elə həyat seçdi o,
Qan-qadadan keçdi o,
Ürəklərə köçdü o
İgid əsgər Xəqani.
Mürtülünün balası,
Yağıların bəlası,
Bir rəşadət qalası
İgid əsgər Xəqani.
Düşmənlərə çəkdi dağ,
Azaddır Vətən-torpaq,
Əbədi yaşayacaq
İgid əsgər Xəqani.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Bu gün görkəmli dilçi alim Ağamusa Axundovun doğum günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Alimlərimizin qədrini bilirikmi? Onları barı müğənnilər, idmançılar qədər dəyərləndiririkmi? Bu sualı hər bir kəs özünə versə, mütləq inkar cavabı alacaq. Əfsus.
Bu gün hər kəsin Azərbaycanın tanınmış ədəbiyyatşünası, dilçi və türkoloq alimi Ağamusa Ağası oğlu Axundovu xatırlamasını istərdim.
Ağamusa Axundov 1932-ci ilin bu günündə Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950-55)və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil almışdır (1959-1965).
Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-59), baş müəllimi (1959-1961), dosenti (1961-1967), sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990) olmuşdur. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləmişdir (1981-1999).AMEA-nin Dilcilik institutunun direkroru(1990-2011), AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışmışdır.
O, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1964), professor (1967), Azərbaycan Milli Elmlər Akademiyasınınhəqiqi üzvü (2007), Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı (1986), Azərbaycan Respublikası Əməkdar Elm Xadimi(1990)dir.
Ağamusa Axundov ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında (1951, N 12) çap olunmuş "İkinci görüş" adlı ilk hekayəsi ilə başlamışdır. Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olmuşdur.
Sovet Türkoloqları Komitəsinin (1974-cü ildən), Almaniya Demokratik Respublikasında nəşr edilən "Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar" adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin (1978-ci ildən) üzvü olmuş, Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərmişdir.
Misir Ərəb Respublikasının Qahirə şəhərində, Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatdan dərs demiş (1965-1966), Praqa (1967), Ankara (1972), Belqrad (1984), Budapeşt (1986) və İstanbul (1992) şəhərlərində beynəlxalq elmi konfranslarda iştirak etmiş, Dostluq evinin və Sovet Amerika Əlaqələri İnstitutunun xüsusi heyətində ABŞ-da olmuş, Nyu-Yorkda II Dünya müharibəsinin qurtarmasının 30 illiyinə həsr olunmuş iclasda iştirak etmişdir (1975).
Yaponiya Elmə Yardım Cəmiyyətinin dəvəti ilə bir ay Tokio Universitetində Azərbaycan dili dərsi demiş, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında "Azərbaycan dili inkişaf yollarında" mövzusunda 2 konfrans keçirmişdir. Onun "Ümumi dilçilik" (1978-1988), "Dilçiliyə giriş" (1966-1980), "Azərbaycan dili" (1972-1973-1974-1992) kitabları dönə-dönə nəşr olunmuşdur. O, "Azərbaycan dilinin tarixi-etimoloji lüğəti" əsəri üzərində də işləmişdir. Azərbaycan Respublikası Dillərin işlənməsı və inkişaf qanunauyğunluqları əlaqələndirmə Şurasının sədri, ASE-nin Məsləhətçilər Şurasının, Gürcüstan EA-nın Dilçilik İnstitutunun və BDU-nun doktorluq dərəcəsi verən ixtisaslaşmış müdafiə şuralarının, XMA-nın Azərbaycan bölməsi komitəsinin, "Sovetskaya tyürkologiya", "Ulduz" və "Azərbaycan" jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur. "Sovetskaya tyürkologiya" jurnalının baş redaktoru, Dil və Ədəbiyyat üzrə ekspert şurasının sədri işləmişdir (1993-cü ildən).
Xalqlar dostluğu sahəsində mühüm xidmətlərinə görə ABŞ-ın "Frendşip fors" ("Dostluq qüvvələri") ictimai təşkilatının fəxri fərmanına layiq görülmüşdür (1987), ABŞ-ın Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Baton Rujun şəhər şurasının fəxri üzvü(1987), Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü (2003-cü ildən) olmuşdur.
2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Görkəmli alimimiz 5 sentyabr 2015-ci ildə vəfat etmişdir,Bakıda, 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Ruhu şad olsun!
Və bu qədər nailiyyəti olan bir şəxsi tanımamaq, həqiqətən də qəbahətdir.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Vəfalı Qaraköpək – Zahirə Cabir
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər.
Vəfalı Qaraköpək
(əfsanə)
Uzaq keçmişdə gözəl, sərvətləri bol bir məmləkətdə oğuz tayfaları yaşardı. Qədim vaxtlardan bu tayfaların sakinləri dəmirçilik, qalayçılıq, misgərlik, dülgərlik, dabbaqlıq, xalçaçılıq, toxuculuq və dulusçuluqla məşğul olardılar.Tayfalar öz məşhur sənətkarları ilə seçilərdi. Murad adlı bir dulusçu kuzələrin, bardaqların, səhənglərin, cürdəklərin, parçların üstünə vurduğu naxışlarla ad çıxarmışdı. O tayfa başçısının qızı Mələyi sevirdi. Hər gün onun eşqilə yaşayır, qızıl əlləri ilə gildən düzəltdiyi qablara sehrli naxışlar vururdu. Az keçmir ki, tayfa başçısı bundan xəbər tutur. Murada xəbər göndərir ki, öz tayın tapsın, onun dulusçuya verəsi qızı yoxdur. Və Mələyi bir başqasına nişanlayır. Bu xəbəri eşidən gündən Murad məmləkəti tərk edir, uzaq bir yola çıxır. Az gedir, düz gedir, dərə-təpə düz gedir, nəhayət yaşıl otlardan köynək geymiş, döşünə rəngbərəng çiçəklər taxmış bir təpəyə çatır. Buranı özünə məskən seçir. Palıd meşəsinin arxasında, təpənin yuxarısında özünə bir ev tikir. Muradın tikdiyi evə kəndin içindən keçən dar cığırla ilan kimi qıvrıla-qıvrıla güclə qalxmaq olardı. O burada yaşadığı ilk gündən doğma torpağın ətrini duyur, xüsusi bir nəşə ilə sərinləşməkdə olan yaz havasını ciyərlərinə çəkir, sinədolusu nəfəs alır. Bu təpədə gil çox olduğundan Murad dulusçu sənətini yaşatmaqla yaşamağa davam edir.
Muradın sevdiyi sənəti - dulusçuluğu məhəbbətlə döyünən ürəyinin harayına yetişir. Bu sənət ona həm sevinc, həm də kədər gətirir. Sarı gili əlində övkələyib ondan istədiyi formanı alırdı. Gil öz məhəbbətinə sadiq qalmış bir aşiqin köməyinə çatmışdı.
Beləcə Murad bütün qəlbini, varlığını bu sənətə bağladı. O, düzəltdiyi hər bir su qabında Mələyin surətini gördü. Əsrarəngiz naxışlarla bəzədilmiş səhəng, kuzə, bardaq, su qablarının şöhrəti tez bir zamanda hər yerə yayıldı. Onun su qablarına vurduğu basma nəbati naxışlar göz oxşayırdı. Həm də dulusçu bu qablara heç kimin oxuya bilmədiyi sevgilisinin adını kufi hərflərlə yazardı.Gözəl naxışlar salan dulusçunun əl işləri pənah gətirdiyi bu gözəl diyarda məşhurlaşdı. Xəbərin ayağı qovraq olar. Xəbər padşaha da çatdı. O dulusçunu sarayına dəvət etdi və dedi:
- Mən istəyirəm ki, mənim sarayımın divarlarına elə naxış vurasan ki, o naxışdan heç bir padşah sarayında olmasın.
Murad padşaha təzim edərək dilləndi:
- Padşah sağ olsun, mən adi bir dulusçuyam. Vurduğum naxışlar sevgimin rəmzidir, nişanədir. Onu yalnız su ilə dolan qablara çəkirəm ki, sevən ürəklərin yanğısını söndürsün. Divarlara rəsm çəkmək özgələrin işidir. Bu işi mən bacarmaram.
Şah Muradın cavabından bərk qəzəbləndi və onu sarayından qovdu.
Dulusçunun bir qara köpəyi vardı. Vəfası ilə ad çıxarmışdı. Qaraköpək dulusçunun özünü, evini göz bəbəyi kimi qoruyardı. Quş quşluğuynan onların həndəvərində uça bilməzdi. Murad da köpəyi sevər, əzizləyərdi. Həftədə bir dəfə bişmiş gil qabları ulağına yükləyər, bazara aparar, əvəzində özünə lazım olan ayın-oyunu alardı.
Padşah çox kinli idi. O dulusçunun sözlərini heç cür uda bilmirdi. Odur ki, öz vəzirinə bir tədbir görmək üçün əmr etdi. Tez bir zamanda vəzir dulusçunun yaşadığı yeri öyrənir və bir gün bazara getdiyini biləndə evini xaraba qoymaq üçün adamlarını göndərir. Dulusçu evdə olmasa da evi qoruyan dulusçunun iti- Qara köpəyi ordaydı. Vəzirin adamlarının dulusçunun evinə yaxınlaşdığını görən Qara köpək onların üstünə atılır, hamısını dişindən keçirir, yaralanmış halda qaçıb güclə canlarını qurtarırlar.
Bunu görən vəzir şahın əmrini yerinə yetirə bilmədiyi üçün çox bikef olur, nə olursa olsun Qara köpəyi öldürməyi fikirləşir. Az keçmədən quşu gözündən vuran bir oxatan tapır. Oxatan, oxla Qara köpəyin ürəyindən nişan alır, köpəyi öldürür. Vəzirin adamları dulusçunun evini, həyətindəki kürə sobanı, bütün mallarını dağıdıb sındırır, evin yandırıb kül edirlər.
Dulusçu axşam bazardan evə qayıdır. Evin yanmış, viranə görür. Vəfalı dostu Qara köpəyi axtarır, oxla vurulmuş cəsədini tapır. Xeyli ağlayıb. Köpəyi təpədə basdırır.
Dulusçu həmin diyarı tərk edib gedir. Amma xalq həmin təpəni Qaraköpək təpəsi kimi tanıyır. Qərinələr kecsə də itin vəfası ilə ad qazanan təpə hələ də dulusçunun yaşadığı təpə kimi tarixdə yaşayır.
Qaraköpəktəpə - Azərbaycanın Füzuli rayonu ərazisində, Köndələnçayın sağ sahilində yerləşən arxeoloji tarixi abidədir.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Yaponlar Bakıda “No” tamaşasını nümayiş etdiriblər
Yüksək sənətkarlıq keyfiyyətinə görə Yaponiyanın “No” teatr sənəti incəsənət növü kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Və Yaponiyanın Azərbaycandakı səfirliyinjn təşkilatçılığı ilə Yaponiyanın Hoşo Teatrı Azərbaycana “No” teatr sənətinin nümayişi üçün gəlib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, teatrın rəhbəri Hoşo Kazufusa tamaşa öncəsi jurnalistlərə açıqlamasında deyib:
“Altı yüz ildən çox tarixi olan “No” teatr sənəti Yaponiyanın ən qədim ifaçılıq nümunəsidir. Ənənəvi ədəbiyyat nağılları əsasında qurulan “No” tamaşası rəqs əsaslı səhnələri, maskaları, geyimləri və digər müxtəlif atributları özündə ehtiva edir. Belə bir ənənəvi tamaşanı Azərbaycanda ilk dəfə nümayiş etdirməkdən böyük şərəf duyuruq.
Baxmayaraq mən Azərbaycana ilk dəfədir gəlirəm, görürəm ki, bu ölkə ilə Yaponiya arasında kifayət qədər oxşarlıqlar var. Düşünürəm ki, bunlar qədim tarixə malik İpək Yolundan gələn bənzərliklərdir. Azərbaycan “Odlar Yurdu” adlanır. Müəyyən mənada, Yaponiyanın da od-alovla əlaqəsi var. Çünki Yaponiya dünyada “Gündoğar ölkə” kimi tanınır.
O ki qaldı tamaşaya, tamaşa anşlaqla keçib.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)