Bir yuxunun şöləsi – ƏDƏBİ TƏNQİD Featured

Əfşan Yusifqızı, AYB-nin üzvü, “Ədəbiyyat və incəsənət” üçün

  

Bir neçə gün öncə, gecənin dərin qatında, yuxunun astanasında tanınmış şair Qulu Ağsəsi gördüm...

Şair sükutun içində əyləşmişdi.

Önündə böyük bir çıraq yanırdı. Amma bu, adi işıq deyildi.

Şairin pıçıldadığı hər söz çırağa toxunurmuş kimi şölələnir, qığılcımlanır, havada əriyib nur olurdu. Onun hər misrası alova çevrilir, ürəyindəki sözlər tüstülənən çıraqda əriyib ruhumu aydınladırdı.

 

Onun danışdıqları sanki söz deyil, səmadan süzülən ilahi bir zər seli idi. Hər kəlməsi dilsiz bir dua kimi qaranlığın içində işıq yoluydu.

 Çıraq tüstülənirdi...

Bəlkə də, bu, şairin içindəki dərdin, ruhundakı iztirabın görünən sədasıydı.

 

Mən susub ona baxırdım. O isə sözün nə qədər müqəddəs bir alov olduğunu sübut edirdi...

Şair qeybdən gələn səs kimi əks-səda ilə pıçıldayırdı...

 

Mən əks-sədanın təsirində, yuxu ilə gerçək arasındaydım...

Oyandım və o dəqiqə şairin şeirlərinə baş vurdum. Tanış misraların ziddinə bu qədər getməmişdim bu vaxtacan. Bu yuxu məni qaranlıqdan işığa doğru apardı. "Ələddinin sehrli çırağı"nı xatırladım, amma bu o səsin işığı, sehri idi...

Mən bir neçə şeir tapdım və şeirləri diqqətlə oxumağa başladım.

 Qulu Ağsəsin özünəməxsus poetik dünyasının səsini dinləmiş oldum. Elə ilk  oxuduğum fəlsəfə dolu şeir oldu. Şeirin hər bəndində duyduğum səsi yazmaya bilmədim:

 

"Görsən ki, qaranlıq çökür aləmə,

Görsən ki, axşamdı… fikir eləmə.

Bir uçuq yuxudu gecənin boyu,

Nə qədər imkan var, rahatlan, uyu…"

 

Şair bu bənddə gecəni, qaranlığı, axşamın çöküşünü təbii və labüd bir hal kimi qəbul edir və oxucuya "fikir eləmə", yəni təlaşa düşmə mesajı verir. Gecə – müvəqqəti bir "yuxu" kimi təqdim olunur. Yəni çətinliklər, qaranlıq anlar keçici və yuxu kimidir. Bu bənd təskinlik və təmkin aşılayır.

 

Sonrakı bənddə isə:

 

 "Qəflətən bir çağa salar hay-həşir,

Səhər – körpəsidi doğan Günəşin.

Onu ovutmağa tələsər hamı,

Beləcə, salarlar yenə axşamı..."

 

Burada səhər – yenidən doğan ümid, başlanğıc, işıq kimi təqdim olunur. Günəşin "körpəsi" deyimi çox incədir, səhər yeni doğulmuş, səs-küylü, təlatümlü bir körpə kimidir. Hər kəs onu "ovutmağa" çalışır – yəni hər kəs öz gününü qurmağa, həyatın tələblərinə cavab verməyə çalışır. Ancaq bu səyin sonu yenə axşamla nəticələnir – həyatın dövranı, fəsillərin dəyişməsi, zamanın axarı dayanmır. Hər doğan səhər gecəyə çevrilir – bu, zamanın faniliyinin poetik təsviridir.

 

Və nəhayətində deyir:

 

"Təzədən qaramat basar dünyanı,

Hanı doğan Günəş, körpəsi hanı?

… Görsən, hər tərəfdən əlin üzülür,

Görsən, üşüyürsən… yandır özünü…"

 

Bu bənddə isə ümidsizlik, qaranlığın qayıdışı, tənhalıq hissləri güclənir. “Hanı doğan Günəş?” – sual təkcə fiziki deyil, həm də mənəvi boşluğun ifadəsidir. Bu zaman şairin çox güclü fəlsəfi çağırışı gəlir: “yandır özünü” – bu özünü alışdır, yəni içində işıq yarat, ümidi, ruhunu oyat deməkdir. Başqalarından ümid kəsiləndə öz içindəki işığa sarıl.

 

Sonuncu misradakı “yandır özünü” fikri ilə şeir kəskin fəlsəfi sonluğa çatır və oxucunu düşünməyə vadar edir.

Böyük şair Qulu Ağsəs bu şeirdə həyatın ziddiyyətlərini – işıq və qaranlıq, rahatlıq və təlaş, ümid və ümidsizlik arasında insanın mövqeyini poetik dillə təqdim edir. Ən çətin anda belə ümidi içində axtarmağı təlqin edir. Bu, həm fərdi, həm də universal bir çağırışdır. Hər bir insan öz içindəki Günəşi yandırmalıdır.

 

Sonrakı şeirlərin biri şairin ən çox sevdiyim şeiri oldu:

 

“Canım-gözüm, şükür de ki,

Ölsən də, başın üstdəki –

Pəmbə buluddu, daş deyil…”

 

Burada şair deyir: "Şükür et, çünki başımızın üzərindəki göy, yəni tale, sərt daş yox, yumşaq pəmbə buluddur." Bu, taleyin hələ də ümidverici və yumşaq olduğunu, tamamilə daşlaşmadığını göstərir. Yəni həyat nə qədər çətin olsa da, ümid var.

 

 “Sevməyi var, sancmağı var,

Baxma, hərdən uçmağı var –

Ürək yuvadı, quş deyil…”

 

Bu bənddə sevginin həm gözəlliyi, həm də ağrısı vurğulanır. "Ürək yuvadı, quş deyil" misrası çox dərin bir metaforadır. Ürək yuva kimidir, davamlılığı və sabitliyi var, ancaq quş kimi uçub qaçmaz. Bu, sədaqətin, bağlılığın ifadəsidir.

 

“Neynəyərəm, görən, sənsiz?!

Ha istədim, öləm sənsiz,

Baxdım ki, mənlik iş deyil…”

 

Burada şair ayrılığın, sənsizliyin ağrısından danışır. Ölüm istəyi olsa da, bu ağrını belə yaşamaq ona yazılıb. Yəni sevgi o qədər güclüdür ki, ondan qaçmaq, onu unutmaq mümkün deyil. Ayrılıq düşüncəsi belə çarəsizliklə nəticələnir.

 

 “Bu da mənim baxtımdandı,

Gözüm Tanrı taxtındadı,

Onun da yeri boş deyil…”

 

Axırıncı bənddə şair taleyi qəbul edir: "Bu da mənim alın yazımdı." Amma ümidi də Tanrıdadır. Sonuncu misra – Onun da yeri boş deyil – bir az ironiya, bir az da qismətin doluluğunu ifadə edir. Tanrı hər şeyi görür, bilir, yerindədir. Amma bəlkə də, hamı kimi, şair də ona ümid edir, cavab gözləyir.

Şair bu şeirdə sevgidəki ağrını, taleyin oynadığı rolları və insanın daxili çarəsizliyini poetik dillə ifadə edir. Sevgi həm yuvadır, həm də sancıdır. Taleyə ümidlə baxmaq var, amma həm də boyun əymək… Sonda isə bütün dualar Tanrıya yönəlir – çünki nə ürək qaçır, nə də tale dəyişir...

 

Şairin daha bir tək bəndi çıxdı qarşıma, bəlkə, bir neçə bənddi, amma mən tək bu bəndi oxudum:

 

“Heç yanı ağrımaz sevgi vurmuşun,

Budanmış ağacam, qurumuş suyam.

Hərdən bir səs eylə, ay cənnət quşu,

Bilim cəhənnəmin harasındayam”.

 

Bu bənd Qulu Ağsəsin özünəməxsus üslubunu, ironik poetik sərtliyini və sevgi ilə ölüm, səssizlik və haray arasında qalan daxili təlatümünü aydın şəkildə əks etdirir.

Sözün çəkiciliyinə diqqət edək:

 

"Heç yanı ağrımaz sevgi vurmuşun,"

 

Şair sevginin vurduğu adamın ağrıya, acıya alışdığını, artıq heç bir yerinin "ağrımadığını" deyir. Bu, həm fiziki, həm də mənəvi hissin itməsi kimi yozula bilər. Sevgi insana elə bir zərbə vurub ki, o, duyğular baxımından uyuşub – artıq heç nə hiss etmir.

 

"Budanmış ağacam, qurumuş suyam".

 

"Budanmış ağac" – artıq böyümə, yaşama gücü əlindən alınmış, budaqları qırılmış bir varlıqdı...

"Qurumuş su" – həyat və axarın bitməsidir, həm də suyun özü bir mənbə olduğu halda, artıq o da canlılığını itirib.

 

"Hərdən bir səs eylə, ay cənnət quşu,"

 

Burada "cənnət quşu" obrazı ümidin, xilasın, nurun simvoludur.

Şair Tanrıya, mələyə və ya daha mücərrəd bir ruha müraciət edir. Hərdən səs ver, bir işarə ver- həyatımın tam susqunluğunda bir titrək nəfəs kimi…

 

"Bilim cəhənnəmin harasındayam".

 

Bu misra dramatik bir zirvədir. Cəhənnəmdə olduğunu bilir, lakin harasında olduğunu bilmir, bu da bir az mücərrəd əzabdır. Məsələn, səssizlik içində boğulmaq, amma bu səssizliyin "yanğın"ın harasından gəldiyini bilməmək kimi...

Qulu Ağsəs bu bənddə sevgidən doğan dərin boşluğu, insanın daxilən əriyib yox olmasını həm ruhən, həm mənən aşılayır oxucusuna...

Hər misra ayrıca  sevginin romantikliyindən çox, onun dağıdıcı, əzici tərəfinə tutulan poetik güzgü təsiri bağışlayır.

 

Qulu Ağsəsin hansı şeirinə baş vursan, təsirindən çıxmaq olmur:

 

"Dilimdən düşmür bir ad"

....nöqtələr...

 

 Burada şairin içində daşıdığı, unutmadığı, bəlkə də, çəkdiyi bütün iztirabların qaynağı olan bir insanın adı var. Ad çəkilmir, amma bütün şeirdə onun varlığı hiss olunur. Mən "nöqtələr"i nöqtələrsiz oxudum və çalışdım ki, o boşluğa öz fikrimi yerləşdirim:

 

"Tanrıdan gözəl cəllad"

 

 Bu, paradoksal bir təsvirdir: Həm gözəl, həm cəllad. İnsan Tanrını gözəllik və mərhəmətlə bağlayır, amma burada "gözəl" olan məhv edəndir. Şairin sevdiyi şəxs həm ilahi qədər gözəl, həm də onu məhv edən qədər amansızdır.

 

"Dərdidi dərmanımın,

Arasında qanımın"

 

Dərdi verən elə dərmanın özü kimi qəbul olunur. Burada sevgidən doğan əzabın həm yaralayıcı, həm də sağaldıcı olduğu vurğulanır. Sevgilinin və ya Tanrısal bir varlığın şairin ruhuna, qanına qədər işlədiyini göstərir.

 

"Yel vurduqca tökülür,

"Göy"suala bükülü..."

 

 Bu misra qocalan, dağılan, ya da ruhən süquta uğrayan bir varlığı, bir duyğunu simvollaşdıra bilər...

 Göy (yəni Tanrı, taleyin özü) artıq cavab vermir, əksinə, özü bir sualdır. Sanki şairin Tanrı ilə də dialoqu yoxdur – yalnız sorğular, cavabsız suallar var.

 

"Qələm-varaqdı, bir də

Göydə Allahdı, yerdə"

 

Yazıçı üçün dünya bunlardır: yazmaq, susmaq, izah etməyə çalışmaq...

Misra tamamlanmır. Amma aydın görünür ki, "yerdə" Allahın qarşılığı olaraq o gözəl cəllad, sevgili, insan dayanır. Tanrı göydədirsə, şairin içindəki Tanrı qədər güclü varlıq yerdədir və bu, onun sevdiyi şəxs ola bilər...

 

Qulu Ağsəs burada sevgi, Tanrı, əzab və yazı arasında bir üçbucaq qurur. Şeir həm mistik, həm də dünyəvi çalarlıdır.

"Nöqtələr" burda həm gizlədilən, həm oxucuya buraxılan, həm də başa çatdırılmayan fikirlərin ifadəsidir. Bu, şeiri açıq sonlu edir və hər kəs öz içindən gələnə görə bu "nöqtələr”i doldura bilər...

 

Digər bir şeirdə isə Qulu Ağsəsin ümumi fikri Tanrı ilə poetik bir dialoq üzərində qurulub.

 

"Kimsən, nəçisən, ay Allah –

Heç səndən baş tapammadıq.

Özün qurduğun dünyada

Sənə bir iş tapammadıq.

 

Günün necə keçir barı

Can verib can almağınan?..

Səni nəynən bəndə salaq,

Tutaq hansı qarmağnan?!

 

Görsək, heç nə eləmərik,

Bir üzünü göstər bizə!

Yaxşı günün əgər busa,

Yaman günü göstər bizə!..

 

Neyləsən, sevirəm səni,

Qulunam, gəl min boynuma!..

Bu şeiri də sən yazmısan,

Babalı mənim boynuma...

  

 Şairin fikri – Tanrının anlaşılmazlığı və ədaləti, həyatın çətinliyi və insanın bu çətinliyə baxmayaraq, Tanrıya olan sevgisi və itaətidir. Şeirin əsas ideyası belə xülasə oluna bilər:

 

Şair deyir ki, səndən baş tapammadıq – yəni Tanrını anlamırıq, O-nun işini, niyyətini dərk edə bilmirik. Özünün yaratdığı dünyada O-nun varlığı bizə görünməzdir, funksiyası qeyri-müəyyəndir.

 

Şair Tanrıdan soruşur, əgər bu gün bizim üçün "yaxşı gündürsə", bəs yaman gün necə olacaq? Bu ironik sual, əslində, həyatın ağır reallığına bir etirazdır.

 

Bütün bu sual və narazılıqlara baxmayaraq, şair sonda deyir: "neyləsən, sevirəm səni"  yəni Tanrıya qarşı dərin bir sevgi və bağlılıq var. Bu, insanın Tanrıya qarşı həm üsyanı, həm də məhəbbətidir.

 

Sonda isə məsuliyyəti Tanrıya yükləyir: "Bu şeiri də sən yazmısan" – yəni bu fikirləri də Tanrı yazdırıb, hər şey O-nun iradəsi ilədir.

 

 Qulu Ağsəs bu şeirdə insanın Tanrı qarşısında acizliyini, təəccübünü, şübhələrini və eyni zamanda təslimiyyətini poetik dillə ifadə edir. Dini-fəlsəfi və duyğusal dərinliyi olan bir şeirdir.

 

Qulu Ağsəsin daha bir şeirini təkrar-təkrar oxudum və öz təxminimi qeyd edirəm, bəlkə də, yanlışdı, şair fərqli düşünüb yazıb:

 

Yazırsan: «Ölürəm…» Min şükür, alqış!

Nə yaxşı, sevgidən ölən hələ var.

Demə, kişidən də mələk olarmış,

Əzrayıl olanda axı nə olar...

 

  Bu bənddə şair bir məktub alır və qarşı tərəfin "ölürəm" sözünə ironiya ilə yanaşır. "Min şükür, alqış!" deməklə həm təəccübünü, həm də sevgi uğrunda hələ də fədakarlıq edənlərin varlığını təqdir edir.

 

"Sevgidən ölən hələ var"

 

 Cəmiyyətin hissizləşdiyi, sevgiyə dəyər verilmədiyi bir dövrdə belə bir duyğunun hələ yaşaması şair üçün həm təsəllidir, həm də heyrətamiz.

 

"Demə, kişidən də mələk olarmış" – kişi obrazı mələkləşdirilir, bu isə qadının sevgisini və səmimiyyətini şairə mələk qədər saf və qeyri-real göstərir.

 

"Əzrayıl olanda axı nə olar..."

 

 Bu misra isə ikili məna daşıyır: sevgidən ölüm Əzrayılın (ölüm mələyinin) işidir, amma bəzən sevən bir qadın da bu rola bürünə bilər. Yəni sevgi həm həyatverici, həm də dağıdıcı ola bilər.

Bu bənddə sevgi və ölüm anlayışları poetik və ironiya ilə bir araya gətirilir. Həm hisslərin böyüklüyü, həm də bu hisslərə münasibətdə müəyyən bir soyuqluq, ehtiyat sezilir.

 

Şeir sevgi məktubuna cavab formatındadır və müraciət olunan qadının duyğuları ilə şairin təmkinli, bir qədər də ironiya dolu münasibəti qarşı-qarşıyadır. Şair həm sevgiyə inamını, həm də bu münasibətdən aldığı ziddiyyətli duyğuları dilə gətirir: bir tərəfdə ölümünə sevgi var, digər tərəfdə isə bu sevgiyə inamsızlıq, qorxu və çəkilmə istəyi.

 

Şair deyir ki, sevgi bəzən yaşadan yox, öldürən olur. Fədakarlıq gözəldir, amma hər sevgi qarşılıqlı olmur. Şair bu ziddiyyətin içində sevgini itirməkdən çox, ona yük olmaqdan qorxur...

 

Beləliklə, sözü, özü, düşüncəsi fərqli, səsinin rəngində belə bəmbəyaz bir sehr olan şair Qulu Ağsəsin bir neçə şeirini, necə deyərlər, ələk-vələk edib eşitdiyim səsi, gördüyüm rəngləri və duyduğumu yazdım...

Mən çağdaş ədəbiyyatımızın parlaq ulduzu, hörmətli Qulu Ağsəsə söz aləminin ən yüksək zirvəsini fəth eyməyi arzulayıram...

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.