
Super User
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Adil Mirseyid, “Ayan üçün daha bir nəğmə”
Könül, “Ədəbiyyat və incəsənət”
Kimlər gəldi, kimlər getdi…
Adil Mirseyid - impressionist rəssam, postmodernist şair - təpədən dırnağa istedadlı və büsbütün bəxtsiz, talesiz insan…
Bu gün onun qızı Ayana ithaf etdiyi “Ayan üçün daha bir nəğmə” şeirini sizlərə təqdim edirəm.
Heyif ki, bu dünyada şairlər xoşbəxt ola bilmirlər…
allah elə bilirdim
ömür uzun bir yoldu
gözümü yumub açdım
bu dünyaya nə oldu
nə oldu birdənbirə
göyüzündə qaçdı ay
qaranlığın qoynunda
uçdu uçdu uçdu ay
bilmədi ayrılqdan
dəli olacaq könlüm
mənim izimə düşüb
gəlir qanadlı ölüm
ilahi yorub məni
bu enişlər yoxuşlar
nə şairlər xoşbəxtdi
nə ağaclar nə quşlar
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
POETİK QİRAƏTdə İntiqam Yaşarın “Şəkil” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə İntiqam Yaşarın “Şəkil” şeirini təqdim edirik. Şeir unudulmaz Qənirə Paşayevaya ithaf olunur.
Sən, ey başdaşından boylanan şəkil,
Dünyaya baxmaqdan yorulmadınmı?
Burdan gəlib-keçən haqqa çatmaza,
Dişini sıxmaqdan yorulmadınmı?
Bir gəlib tozunu silənin də, yox.
Sən kimdin, nəçiydin - bundan kimə nə?
Bəlkə, bir istəyin, bəlkə, arzun var,
Utanma, çəkinmə, buyur, de mənə.
Əvvəllər bir qadın görərdim hərdən,
Gəlib dayanardı sənlə üzbəüz.
Deyəsən, heç o da baş çəkmir daha,
Nə dedin, xətrinə dəydi hansı söz?
Bəlkə, o qadın da köçüb dünyadan,
Köçübsə, görəsən, hardan boylanır?
Yəqin, başqa yerdə dəfn eləyiblər,
Yəqin, bir şəkil də ordan boylanır.
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
Kəramət Böyükçöl kitab mağazası açıb
İstedadlı yazıçı, tanınmış bloger və statusman Kəramət Böyükçöl uzun müddət idi ki, öz kitablarını parklarda, inzibati binaların qarşısında satırdı.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, xeyirxah inaanların sayəsində yazıçı öz şəxsi kitab mağazasını açıb. Texniki universitetlə üzbəüz - Cavid prospektində açılan yeni kitab mağazası “Kerazon” adlanır. “Kerazon” - yəni Kəramətin zonası.
Uğurlu olsun!
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
Özbəkistan Elm və Mədəniyyət günləri başa çatıb
23-26 yanvar tarixlərində Azərbaycanda - Bakı şəhərində Özbəkistan Elm və Mədəniyyət Günləri çərçivəsində bir çox görüşlər keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Özbəkis- tanda Azərbaycan ədəbiyyatının da yer aldığı “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyasının təqdimatı keçirilib. Qeyd edək ki, Özbəkistanda bu möhtəşəm layihənin yaradılmasında 200-dən çox tərcüməçi, 100-dən çox ədəbiyyatşünas və mətnşünas, yazıçı, redaktor və rəssam iştirak edib.
Təqdimatda Anar, Akmal Saidov, Qeyrət Məcid, İqbal Mirzə, Gulbahar Said, Mahmud Tahir, Erkin Əzəm və bir çox tanınmış elm, ədəbiyyat, mədəniyyət xadimləri iştirak və çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
Gülnarə Cəmaləddinin yubileyi qeyd olunub
Sumqayıtda növbəti sözlü-nəğməli tədbir keçirilib. Şəhər Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddinin yubiley gecəsi təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı yazıçı Hafiz Ataxanlı və Sumqayıt MKS-in direktor əvəzi Natəvan Axundzadə Gülnarə Cəmaləddinin yaradıcılığından maraqlı detalları diqqətə çatdırıblar. Sonra təbrik üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin humanitar şöbəsinin əməkdaşı Fərman Kazımov şəhər icra hakimiyyəti başçısının imzası olan Diplomu yubilyara təqdim edib.
Təbrik üçün gələn qonaqlardan AYB sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB katibi Səlim Babullaoğlu çıxış edərək yibilyarın Sumqayıt bölməsinin inkişafındakı xidmətindən danışıblar və ona AYB-nin sədri Anarın adından Diplom təqdim olunub.
Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Nizami Gəncəvi adına kitabxana- klububun oxucuları Gülnarə Cəmaləddinin şeirlərini söyləyiblər.
Sumqayıt MKS uşaq bölməsinin müdiri Yeganə Hüseynovanın hazırladığı yumoristik səhnə də maraqla qarşılanıb.
Şəhər icra hakimiyyəti yanında İctimai Şuranın sədri, yazıçı Hümbət Qüliyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hacı Rauf Sərdarov, professor-şair Rafiq Yusifoğlu, professor Turan İbrahimov, Sumqaylt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, rejissor Etibar Bənnayev, şairə Kəmalə Abıyeva, tənqidçi Bəsti Əlibəylinin təbriklərindən sonra Rövşən Nicatın ifasında Gülnarə Cəmaləddinin şeirlərinə bəstələnən mahnılar səsləndirilib.
Mahmud Qaşqari Fondunun mükafat komissiyasının üzvü, şair İbrahim İlyaslı Gülnarə xanıma fondun mükafatını təqdim edib.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar isə yubilyarı qurumun adından Diplomla təltif edib.
Monitordan Türkiyəli dostların təbrikləri də verilib. Ünlü qələm adamları Fethi Akın, Fethat Livaneli, Çinar Arıkan, Fatma Arıkan və Mustafa Doğan Gülnarə xanımın Azərbaycan- Türkiyə ədəbi- mədəni əlaqələrinin inkişafındakı xidmətlərindən danışıblar.
Gülnarə xanımın ustadı, şair Zirəddin Qafarlı isə çıxışında bu günkü səmimi tədbiri, əslində Gülnarə xanıma olan sevginin təzahürü kimi qiymətləndirib.
Həmçinin Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova təbriklərə qoşulub.
Sonda Gülnarə Cəmaləddin təşəbbüsə görə yazıçı, ssenarist Hafiz Ataxanlıya, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə, bu təklifə dəstək olan Abşeron -Xızı Regional Mədəniyyət İdarəsinə, Sumqayıt şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirib.
Növbəti yubileylərədək, Gülnarə xanım!
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
“Şeirin yurdu” – 45 müəllifin bir kitabı
Türk dünyasının dəyərli folklorşünası, professor Sədnik Paşa Pirsultanlının “Şeirin özündən yurdu şirindir” sözündən yola çıxaraq “Şeirin yurdu” toplusu hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 45 müəllifin şeiri və bu şeirlərə aid hekayətlərin yer aldığı kitab “Mücrü” nəşriyyatında nəşr edilib.
Oxucular üçün bu kitab müasir Azərbaycan poeziyasının səhnə işığı kimidir, hər şair ömrünün bir epizoduna işıq salır.
Kitabın tərtibçisi Şəfa Vəli, redaktoru isə Xanım Aneladır.
Oxucular kitabı “Mücrü” nəşriyyatından və şəhərin bir çox kitab mağazalarından əldə edə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
Qulu Ağsəsin əl çantasından başlayanlar…- ƏDƏBİ TƏNQİD
(Qulu Ağsəsin özü və şeirləri haqqında)
Qəşəm Nəcəfzadə, “Ədəbiyyat və incəsənət”in təqdimatında
Qulu Ağsəs iri salonların şairi deyil, “tək”lərin şairidir. Deyək ki, beş-on nəfər adam. Bəlkə də əsl poeziya bu. Həmin beş-on nəfər adam da Qulunu böyük salonlara daşıyacaq nə vaxtsa, bəlkə bu gün, bəlkə də sabah… Qulu pıçıltı şairidir, hay-küy, pafosdan min ağac uzaqdı. Şeir bir nəfərə deyilir, o bir nəfər də on nəfərə, on nəfər də yüz nəfərə, yüz də minə, milyonlara. Qulu belə oxunur əslində. Oxunmağın ən gözəli belə olur. Onun şair, təfəkkür stixiyası bu.
Bunu ancaq sənə danışıram -
Bircə balama
Kasıb evində bağlanmış
Turşu bankasıdı atan.
Ağzı hərdən açılır-bayramdan bayrama.
Qulunun qələminin altından çox kağızlar sürüşüb. Qulu qol qoymayıb. Hər misranın arxasında dayanıb özünü gözləyib. Özünü görən kimi “salam” yazıb, özünü belə qarşılayıb, şeirlərini belə başlayıb Qulu. Qulu heç vaxt deməz ki, bu gecə təzə şeir yazmışam, deməz ki, romanı sabaha bitirirəm, deməz ki, bir mövzu məni yaman narahat edir. Deməz, deməz, deməz, yenə deməz! Elə onu deyər ki, dədə, dünən axşam Mənsum İbrahimovla, ya da Firuz Səxavətlə bir yerdə idik. Əlavə edər ki, dədə, Firuzun bir dostu var, o nə qədər danışır. Sonra deyər ki, dədə, jurnalımızın təzə sayı çap olunub, mətbəədədir hələ, rəngi quruyur.
Beləcə danışar Qulu, sanki söhbəti qəsdən yazdığı şeirlərdən yayındırar, hər danışdıqca əl atar balaca çantasına, bir siqaret qoyar damağına, hərdən əyilər adamın qulağına, nəsə deyər, guya sirr açır. Elə bir sirr açar ki, bütün televiziyalar üç aydır həmin sirr deyilən şeydən danışır. Nəyə görə belədir? Qulu üçün söz-söhbət köhnəlmir. Həmişə təzə qalır, həmişə sirr qalır. Yazmaq üçün əsas stimuldur bu. Hər şair üçün hər şey təzə-tər qala bilmir. Bu dünya Qulu üçün təptəzə, yepyenidir. Aşağıdakı şeirlərdə gizlənən sirr Qulunu təzə saxlayır. Həm şeirini, həm də özünü. Səhərin ertəsində bu qarışıqlığı yaşamaq elə şair olmaqdır.
Bu da axır…
bu da xilas…
Son gecə…
səhər ertə…
Qoşulub göyün quşuna
Üstündən saat ötər…
Və yaxud:
De görək, neynəyək,
neynəyək, de görək?! -
Nə ölək, nə olaq,
nə olaq, nə ölək…
Qulunun ironiyasının gözlərində yaş var. Zaman qarışığı, fikir xətlərinin bir-birinə keçməsi, paralellikdən yaranan asiossativ məqamlar, şeirin yarandığı vəziyyət - yer Qulunun şair səciyyəsini, daha doğrusu, “kələfin ucunu” açır.
Hərdən
anamdan xəlvət
bir xeyir iş
görmək istəyirəm,
yığıb
bütün dul arvadları
ərə vermək istəyirəm.
Heç olmasa birini…
Özü də elə kişiyə ki,
sonra nə aldığını peşman eləsin,
nə də özünü.
Bəlkə də inanmazsız,
bircə onda
xatırlaya bilirəm
rəhmətlik atamın
heç vaxt görmədiyim üzünü…
Qulu getdiyi yerdə qəfil dayanar, balaca çantasını açar, bir siqaret qoyar damağına, sonra gedər. Bir şeyə məəttələm. O çanta elə tez açılır, siqaret elə tez tapılır, hər şey operativ, cəld, çevik, oğulsan çat, birini sən al qoy damağına. Quludan siqaret alıb çəkmək adama ləzzət eləyir, siqaret çəkən deyiləm, amma həmişə Quludan siqaret istəmək adama sevinc gətirir. Sən demə, Qulunun o böyük Allahdan umduğu böyük bir sevinc də varmış.
Sağ-salamat ölsəydim-
üst-başını
cığır basmış yol kimi…
Qəfil bir söz eşitsəydim-
dil açan lalın ilk dəfə
dediyi «sakit ol» kimi…
Kefim ala buludda kövrəlsəydim,
şimşək qurutsaydı gözüm suyunu.
Atamdan xeyir-dua almaq üçün
qiyamət gününə salsaydım toyumu…
Qulu şeirlərinə məğlub olan şairdir. Mətnin qələbəsi şairin məğlubiyyətindən başlayır. O qədər məğlub olub ki, məclisdə şeir oxumaq sevincindən uzaqdır. Hələ bir dəfə onun öz şeirləri haqqında danışdığını görmədim. Bir də görürsən yeni şeirlər çap olundu. Oxuyursan, oxuduğun anda Qulunu tapmaq istəyirsən. Düşünürəm ki, bu şeirlər Qulunun niyə dilini açdırmayıb, niyə dilləndirməyib. Daha bilmirik ki, bu şeirlər Qulunu qatlayıb dizinin altına alıb.
Süfrəmdə haram var -
dinmirəm,
İki ac balam var -
dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz qeyrətin?!»
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u… (Əlil arabası)
Mən olsam, şeirim çap olunmamış isti-isti bir neçə adama oxuyuram. Amma Qulu... Bəlkə Qulunu sakitləşdirən çantasıdır, ağzını açmaq, nəsə axtarmaq, bir siqaret damağına qoymaq, sonra səbrlə bağlamaq... Belə şeylər bəzən içindəki gərginliyin ildırımötürəni olur. Əldə çəlik də belədir. Damaqda qəlyan, siqaret və ya maşın açarını fırlatmaq insanın sinir sistemini tənzimləyir.
Balamın canına,
Atamın goruna,
İşğal gününə...
- gör, nəyə and içirəm:
- səni çox sevdiyimdən
Şeir yazmadım şəninə...
«Qarabağ şikəstəsi»
O günü Qulu deyir, yox, deməmişdən qabaq əlini ağzına tutur, xeyli gülür, bizi də güldürür, həmişə sözün gülüş tərəfindən tutur: Dədə, səhərdən maşını saxlamağa yer tapa bilmirəm... Biri də yapışıb ki, mənim şeirlərim “Ulduz”da nə vaxt çıxır?
Mənə elə gəlir ki, Qulunun göylərlə işi yoxdur, o nə deyirsə yerə deyir, yeriyə-yeriyə deyir və Qulunun göyü də elə yerdir (Sənsən hər yer). Onun indiyə kimi bir dəfə də olsun göyə baxmağını təsəvvür edə bilmirəm. Ona görə də Qulunu gözü həmişə ayağının altını yaxşı seçir. Hələ ayağının altında bir şey qalmayıb. Bir dəfə də olsun büdrəməyib.
Qulu şəhərdə elə gəzir, elə bil çöldə gəzir, nə maşın, nə adam, heç nə eyninə deyil, elə gedir, elə gedir, elə bil yolu süzür. Kim qarşısına çıxırsa, hökmən salam- kəlamdan sonra dünən başına gələn bir əhvalatı üyüdəcək qulağına. Adam inana bilmir ki, Qulu şeiri uzun yaza bilər. Qısa və konkret. Aforizmli, zərb-məsəlli, bitkin, lakonik şeirlər yazır. Onun obrazları şəkil kimidir. Aydın görünür. Mənə elə gəlir ki, obrazları qarabuğdayıdır.
Mən
Onun qucağını sevindirə bilmədim
O
Məni ata eləmədi
Tanrı gördü
Dinc bəndələrik
bizə baş “ağrısı” əta eləmədi.
Mən
Onu itiyim kimi sevdim
O
Məni tapdığı qədər .
Arabir fişəng atırıq
Aramızdakı sərhədə.
Mən
Onu atıb gedərəm
Zatım qırıqdı, bilir.
Başını qaldırıb soruşuram:
- Sən necə?
Gözünün yaşıyla
Eynəyimi silir...
Qulunun hadisələri nəzərdən keçirib sonra şeirlərində təqdim etdiyi həyat mətn kimi maraqlıdır. Deyim ki, Qulu bunun fərqindədir? Əsla yox. Heç vecinə deyil. Deyək ki, külək əsdiyinin fərqində olmadığı kimi. Qulu da belə.
Qulunun ədəbiyyata gəldiyi illər elə bir dövr idi ki, hələ bərkiməmiş yaradıcılıq, üslublar plastilin kimi hər tərəfə əyilirdi. Elə şair var ki, indiyə kimi beş-altı üslub dəyişib, yenə axırda gəlib Ramiz Rövşən kimi yazır. Özü də elə gözəl yazır ki, Ramiz Rövşən olmasaydı, bu zalım oğlu şair kimi çox sevilərdi. Həyat çoxunu belə bədbəxt elədi. Nə qədər Ramiz Rövşən havasına oynayan şair var. Belələrinin şeirinin qeydiyyatı yoxdur. Ramiz Rövşən üslubunun bir güncündə hələ ki, kirayə yaşayır.
Qulu müdrik adamdı. Əvvəla, təfəkküründən gələn şeir stixiyası, muğam intonasiyası onu büdrəməyə qoymadı. Bir də Qulu seçim edə bilən bir adamdı. Günlərin bir günü yolun ortasında dayandı, balaca çantasını açdı, damağına siqaret qoydu, o saat yolu sola buruldu. Qulu yolu sola dönərkən qarşısında bir şeir dayanmışdı. Bəlkə də onu düz yoldan bu şeir döndərib xilas eləmişdi.
...Bu qədər, balası.
Gecdir, uyu.
Gör göy üzü nə qədər qayğıkeşdir,
gecənin kürəyinə
ulduzdan piltə qoyur...
Çox təəssüflər olsun ki, bu gün ədəbi gündəmdə olanlar hələ ki, düz gedirlər. Dönmək-zad, filan yoxdur. Dayanmaqları da yoxdur. Ədəbiyyatda dayanmaq, əslində yazmaq deməkdir. Dönmək, burulmaq axtarış deməkdir. Amma çoxu... Heç bir yola-izə baxmadan gedirlər yox e, qaçırlar. Qarşıda uçurum var amma.
Qulu düz xətləri artıq qırmışdır. Hər qırılan xətdə cücərən mətnin işığında Qulu balaca çantasında nəsə axtarır. Qulunu çantasız və eynəksiz təsəvvür edə bilmirəm. Özü demiş, bəlkə də eynəklə doğulub. Çantanı da mən əlavə edirəm.
Qulu mənə “Fillər mənim dostumdur” filmindəki həkimi xatırladır. Qayğılı və eynəkli. Sahibinin uşağı xəstələnir, fil gəlir ki, həkimi aparsın, di gəl həkimi başa sala bilmir. Əlacsız qalan fil həkimin çantasını xortumuna alıb xəstənin yanına qaçır. Həkim də çantanın dalınca yüyürür. İndi Qulunun da balaca çantası var, asta-asta yeriyir, heç hara tələsmir. Hərdən götürüb qaçmaq istəyirəm onun çantasını. Aparıb qoymaq istəyirəm Ağdama.
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
Bir direktor, bir şagird layihəsində Canpolad Rüstəmov və Gülay Bağırlı
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdın növbəti təqdimatımıza başlayırıq. Direktorumuz Canpolad Rüstəmov, şagirdimizsə Gülay Bağırlıdır.
DİREKTOR
Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin direktoru Rüstəmov Canpolad Müseyib oğlu. 27.01.1960 -cı ildə Şahbuz rayonu Kənd Şahbuz kəndində anadan olmuşdur. 1968 -ci ildə Şahbuz kənd orta məktəbinin 1-ci sinifinə qəbul olmuş, 1977 -ci ildə həmin məktəbin 10 -cu sinifin bitirmişdir. 1982 -ci ildə Nax DPİ -nin riyaziyyat və Fizika fakültəsinə qəbul olmuş, 1987 -ci ildə institutu bitirmişdir. 1988 -ci ildə məktəbdən kənar müəssəsədə dərnək rəhbəri işləmişdir. Həmin ildən Kosmik tədqiqqatlar elm istehsal birliyi "Araz" Naxçıvan bölməsində aparıcı mühəndis vəzifəsində çalışmış, 1992 -ci ildən Naxçıvan peşə litseyində tədris işləri üzrə direktor müavini işləmişdir. 2002 -ci ildən Naxçıvan şəhər 15 nömrəli orta məktəbdə təlim -tərbiyə işlər üzrə direktor müavini vəzifəsini daşımış, 2011 -ci ildə Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. Hal - hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam etdirir.
ŞAGİRD
Mən Bağırlı Gülay Ramiz qızı 15 iyun 2010-cu ildə Naxçıvan şəhərində dünyaya göz açmışam. 2016-cı ildə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşam. 2018-ci ildən Naxçıvan şəhəri 13 nömrəli tam orta məktəbində təhsilimi davam etdirmişəm. Hazırda Naxçıvan şəhəri 13 nömrəli tam orta məktəbin 7-ci sinifində təhsilimi alıram. Məqsədim Azərbaycan Tibb Universitetinin tələbəsi olmaqdır. Riyaziyyat, Kimya, Biologiya elminə xüsusi marağım var. Məhz bu maraqlarıma görə bu mövzularda esse yazmağı cox sevirəm.
ESSE
“Nəsrəddin Tusi”
Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il 18 fevralda Tus şəhərində anadan olmuşdur. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimləri – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür.
1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaq-i Nasir" əsərini tamamlamışdır, lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq Xaşxaşilərin Ələmut qalasına aparılmışdır. O, burada sürgün həyatı keçirmişdir.
1259-cu ildə Tusi Marağa Rəsədxanasının tikintisinə başlayır. Rəsədxananın tikintisi Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Almaniyanın Drezden şəhərində saxlanır. Tusi 25 iyun 1274-cü ildə Bağdadda vəfat etmiş və öz vəsiyyəti ilə Bağdad yaxınlığındakı Kazımeyn şəhərində, Kazımiyyə məscidində şiələrin 7-ci imamı İmam Museyi-Kazımla onun nəvəsi, on iki imam şiələrinin 9-cu imamı İmam Məhəmməd Təqinin məzarlarının ayaq tərəfində dəfn olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
İstehsalat planı - Varlanmaq üçün uğur formulu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Söhbətimizin ən maraqlı hissəsinə çatırıq.
İstehsalat planı - Bu bölümdə sizin firmada olacaq bütün istehsalat və işçi prosesləri təsvir edilməlidir. Burada siz tutduğunuz binalar, onların yerləşməsi, avadanlıq, personalla bağlı məsələləri nəzərdən keçirməlisiniz. Bundan başqa, bu fəsildə prosesə planlaşdırdığınız subpodratçıların cəlb edilməsinə də diqqət ayrılmalıdır.
İnvestorları həmişə bir sual maraqlandırır: biznes öz məhsulu və ya xidmətinin keyfiyyətinə necə təminat verəcək. Ona görə də siz məhsulun istehsal sisteminin necə təşkil olunduğunu və istehsal prosesləri üzərində nəzarətin necə həyata keçirildiyini qısa şəkildə izah etməlisiniz.
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)
“Yenə dəli olub könül...” – ZAKİR ATASEVƏRİN ŞEİRLƏRİ
Bu gün “Ədəbiyyat və incəsənət” portalının oxucuların diqqətinə təqdim etdiyi şerlər şair Zakir Atasevərə məxsusdur. Əslən Qafqaz türkü – azərbaycanlı olan Zakir Atasevər 1958-ci ildə Kesret şəhərində dünyaya gəlib. İnşaat Mühəndisliyini bitirib. İnşaat mühəndisi kimi Türkiyədə çox böyük layihələrə imza atıb. Həyat yoldaşı Məlahət Atasevər də Azərbaycanda doğulub. Həkimdir. Zakir Atasevərin 3 övladı vardır. Övladlarından biri Cahangir Atasevərdir. Cahangir Atasevər bu ilin aprel ayında kosmosa uçacaq. O özü ilə kosmosa Türkiyə və Azərbaycan bayraqlarılnı aparacağını deyir.
Bəli, kosmonavt atası olan Zakir Atasevər bir neçə şer kitabının müəllifidir. Onun şerlərində Azərbaycana böyük sevgi yer alır. Ürək çırpıntılarını çox incə və təzə bir ruhla oxuculara çatdırır.
Zakir Atasevərin şerlərini Azərbaycan dilinə Aida Eyvazlı Göytürk uyğunlaşdırıb.
QARABAĞ DASTANI
(şeir 2020-ci il oktyabrın 22-də Ankarada yazılıb)
Çox öncədən başladı, gizli, xain siyasət,
Türkə tələ qurmaqdır, fikirləri, nəhayət.
Erməninin mayası, fitrətidir xəyanət,
Şər güclərin qurduğu bu oyun pozulacaq,
Qarabağ qurtulmasa, ordular durmayacaq!
Azərbaycan bir qartal, Qarabağ qanadıdır,
Bu qartalın qanadı qırıqdır, yaralıdır.
Bu yarayla yaşanmaz, daha sağalmalıdır,
Qeyrət, əzm, qərarla bu yara sarılacaq,
Qarabağ qurtulmadan, ordular durmayacaq.
Qarabağın işğalı ürəkləri dağladı,
Milyonlarca köçkünü gecə-gündüz ağladı.
Ümidini sarsılmaz inancına bağladı,
Yas tutan analar da sevincdən ağlayacaq,
Qarabağ qurutlmadan, ordular durmayacaq!
Ta əzəldən bəllidir erməninin xisləti,
Başqa yol aramayın, qurtarın bu zilləti.
ATƏT, Minsk üçlüyü, şərdir onun xisləti,
Siyasətlə bu işin çözümü olmayacaq,
Qarabağ qurutlmasa, ordular durmayacaq!
Moskvayla danışıb, bizə tələ qurdular,
Xocalını odlayıb, yer üzündən sildilər,
Otuz ilə yaxındır, yalan vədlər verdilər,
Minskin sözlərinə heç kim inanmayacaq,
Qarabağ qurutlmadan, ordular durmayacaq!
Azğın düşmən Gəncəyə bomba, raketlər atır,
Ədalətdən xəbərsiz beynəlxalq aləm susur,
Azərbaycan Ordusu bu günlər dastan yazır,
Qarabağ ellərində yenə toy çalınacaq,
Qarabağ qurutlmadan, ordular durmayacaq!
Dünya, bu oyunların üstünə pərdə çəkmə,
Erməninin əkdiyi rəzaləti becərmə,
Öldürüb qocamızı, körpəmizi beşikdə,
Bu qudurmuş köpəklər hələ çoxmu hürəcək?
Qarabağ qurutlmadan, ordular durmayacaq.
Haqq yolunda savaşan qəhrəman türk əsgəri,
Düşməni qovmaq üçün addımlayır irəli,
Sənə dualar edir Allahın Peyğəmbəri,
Susmuş minarələrdən əzanlar oxunacaq,
Qarabağ qurutlmadan, ordular durmayacaq!
Müzəffər eylə, Ya Rəbb qəhrəman əsgərimi,
Sən mühafizə eylə, subayımı, ərimi,
Göstərmə düşmanıma şəhidimin yerini.
Əziz şəhidlərimin ruhları şad olacaq,
Qarabağ qurutlmadan, ordular durmayacaq!
Azadlığın məşəli yanacaq sönməyəcək,
Azərbaycan əsgəri bu yoldan dönməyəcək,
Bir kəs ucalan bayraq, bir daha enməyəcək,
O üç rəngli gözəlim şəstlə dalğalanacaq,
Qarabağ qurutlmadan, ordular durmayacaq!
Böyük Turan sevdası idrakıyla dolunca,
Qızıl alma uğrnda ürəyimiz vurunca,
Vətənimi qoruyan igidlər doğulunca,
İstiqlalın ulduzu əbədi parlayacaq,
Qarabağ qurutlmadan, ordular durmayacaq!
Zakir deyər Qarabağ - Azərbaycan deməkdir!
Türk Birliyi yolunda müqəddəs bir əməkdir.
“Vətən” demək torpağı candan ötə sevməkdir,
Xankəndiyə bu günlər al bayraq sancılacaq,
Qarabağ qurutlmadan, ordular durmayacaq.
QARA BƏXTİN BƏYAZ OLSUN QARABAĞ!!!
(şeir 2020-ci ilin 10 fevralında yazılıb)
Ta əzəldən Türkün əsil yurdudur
Adı Qara, bəxti qara Qarabağ.
Azadlığa aşıq bir boz qurdumdur,
Adı Qara, bəxti qara Qarabağ!
Xanlıqların qədim yurdu oradır,
Azərbaycan bağrındakı yaradır.
Əsarətin əsl rəngi qaradır,
Adı qara, bəxti qara Qarabağ!
Sərin suyun indi küsgün çağlayır,
Dağ çiçəyin boynun büküb ağlayır,
Bu dərdlərin ürəyimi dağlayır,
Adı Qara, bəxti qara Qarabağ!
Gözəllərin Azərbaycan maralı,
Gözlərinə sürmə çəkər qaralı,
Dağlarında ceyran gəzər yaralı,
Adı Qara, bəxti qara Qarabağ!
Ağbulağın dərələrdə çağlardı,
Xain düşmən yollarımı bağladı,
Odlar yurdu bu taleyə ağladı,
Adı Qara, bəxti qara Qarabağ.
Taleyini dəyişdirmək borc olsun,
Düşmənini etməyim görk olsun.
Yetər artıq, qara bəxtin ağarsın,
Adı Qara, bəxti qara Qarabağ.
Zakir deyər, bir arzum var yetməli,
Dağlarında bozqurdların gəzməli,
Düşmənləri məğlub edib, əzməli
Qara bəxtin bəyaz olsun Qarabağ!
NƏSİMİYƏ NƏZİRƏ
Yenə dəli olub könül, əqlə-əzana sığmazam,
Müqsəddəsə qovuşuram, sözə, fərmana sığmazam.
Yetişdim uca Allaha, qovuşdum gerçək İllaha,
And olsun ki, o İllaha, şəkli imana sığmazam.
Ətim sümüyə bürünüb, tənim insan tək görünüb,
Bu cizgidə görünsəm də, cismi insana sığmazam.
Hökm sürən Dövlət mənim,
Sübhə qalan müddət mənim,
Əzəl mənim, axır mənim,
Mən bu dövrana sığmazam.
Nura yanan pərvanəyəm,
Eşq əlindən divanəyəm,
Bu dünyaya biganəyəm,
Nəfsi məkana sığmazam.
Şəriətim incə yolum, həm insanam, həm də qulam.
Bilinməyir sağım-solum, Kəsri-Cahana sığmazam.
Cahil yetməsə imana, nəfsiylə uyar imama,
Sığınıblar boş limana, mən o limana sığmazam.
Rəsulumdan aldım hitap, Nəbilərə qutsal kitab.
Yorulub düşərəm bitab, sadə İslama sığmazam.
Elm mənim əsil halım, şəkli bilər sadə alim,
Doğru söylər ağlım, dilim, elmə-irfana sığmazam.
Çiçəyin budağı mənim, qırmızısı-alı mənim,
Pətəyində balı mənim, mən bu nişana sığmazam.
Haqq əmriylə doğulmuşam,
Sevgi ilə yoğrulmuşam,
Mən zat ilə bir olmuşam,
Dərgah-Divana sığmazam.
Mənim deyil bu söz, fikir,
Tanrım dedi, etdim zikr,
Haqq sözünü deyən Zakir,
Vallah, kəlama sığmazam.
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)