Super User

Super User

 

Azərbaycanın görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında keçirilən hekayə müsabiqəsinin mükafatlandırma mərasimi 2 Fevral - Gənclər günündə Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda baş tutacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı Müsabiqənin Təşkilat Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edir. 

Mövzu seçimi sərbəst olan müsabiqəyə 200-ə yaxın iştirakçı qoşulmuş, öncə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşmişdi: Elay İsmayılov, Xanbala Mahmudov (Xan Abdulla), Cavid Babayev, Orxan Cuvarlı, Bəşir Niftəliyev, Şəhriyar Bəhmənov, Səma Quliyeva, Pərviz Əlyaroğlu.

Növbəti mərhələdə isə qaliblərin və mükafatçıların adları elan edilmişdi. 

 

HƏVƏSLINDİRİCİ YERLƏR

Bəşir Niftəliyev, 

Səma Quliyeva

 3-CÜ YER

Xan Abdulla

 2-Cİ YER

Orxan Cuvarlı

 1-Cİ YER

Cavid Babayev.

 

Mükafatçılara tutduqları yerə müvafiq olaraq pul mükafatları, Fəxri Diplomlar və Xalq yazıçısı Anarın imzası ilə kitablar təqdim ediləcək. 

Qeyd edək ki, müsabiqənin himayədarı “Azeristeel" MMC Metal Konstruksiylar Zavodu, informasiya və təşkilati dəstəkçiləri “Ədəbiyyat və incəsənət” portalı və “Şirvan” cəmiyyətidir. 

Mükafatlandırma mərasimi saat 14-də başlayacaq. 

Azərbaycan Ədəbiyyat Fondu və “Ulduz” jurnalının birgə təşkilatçılığı ilə gənc yazarları stimullaşdıran növbəti müsabiqə isə yaxın günlərdə elan ediləcək. Bu dəfə gənc şairlər Vaqif Səmədoğlunun 85 illik yubileyi münasibətilə şeir müsabiqəsində qüvvələrini sınaya biləcəklər. 

 

“Ədəbiyyat və İncəsənət"

(29.01.2024)

 

28 yanvar, 2024-cü ildə Kəlağayı Ev Muzeyində tədbir keçirilib, yenicə işıq üzü görmüş  ''Anam- kəlağaydı, kəlağay- anam'' kitabı təqdim olunub.

 

Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin mətbuat katibliyindən verilən məlumata görə, tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açıb. 

“Sazlı-sözlü Kəlağayı Günləri'' layihəsi haqqında danışan Güllü Eldar Tomarlı yenicə işıq üzü görmüş  ''Anam- kəlağaydı, kəlağay- anam'' kitabının təqdimatı gününün təkcə bu gün deyil, ilboyu ölkə boyunca keçiriləcəyini vurğulayıb.

Qeyd edib ki, bu kitab 24-28 noyabr, 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarasi Komitəsinin doqquzuncu sessiyasında  kəlağayının “Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması” paraqrafı ilə YUNESKO-nun  Qeyri-maddi Mədəni İrs üzrə Reprezentaiv Siyahısına daxil edilməsinin 10 illik yubileyinə töhfədir. 

Qeyd edək ki, təqdim olunan “Anam - kəlağaydı, kəlağay - anam...” kitabının tərtibçisi və toplayanı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və şəxsi “Kəlağayı Muzeyi”nin direktoru, şair, publisist Güllü Eldar Tomarlı, redaktoru ədəbi tənqidçi, araşdırmaçı yazar Vaqif Osmanlı, məsləhətçilər Xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi və  Əmək  Qəhrəmanı, Preziden Təqaüdçüsü Tərlan Musayeva, rəyçi  İctimai Birliyin sədr müavini Vüsal Sehranoğludur. 

Kitaba ön sözü Xalq şairi Nəriman Həsənzadə yazmışdır.

Kitabda ənənəyə sadiq qalaraq  klassik və çağdaş Azərbayanda, həmçinin xarici dövlətlərdə yaşayan və fəaliyyət göstərən  şair, yazıçı, elmi araşdırmaçı, publisist və aşıqların, Azərbaycanın tanınmış qadınlarının kəlağayıya həsr olunmuş şeirləri, hekayələri, elmi yazıları, düşüncələri çap olunmuşdur. 

İnanırıq ki, kitabdakı bədii, elmi nümunələr geniş oxucu marağına səbəb olacaq. 

Tədbirdə kitabın redaktoru Vaqif Osmanlı, MDPM İctimai Birliyinin sədr müavinləri Vüsal Sehranoğlu, Gözəl Kəlbəcərli, texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov,  jurnalist Ötərxan Eltac, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, Mətanət Uluşirvanlı, Rəfael Tağızadə, Səadət Buta, Lalə İsmayıl, Rəqibə Qəvvas, Eyzanat Osmanova, Şəfəq Sahibli, Narıngül Nadir, Arzu Heydərova, Lilpar Qəzənfər, Maya Omarova, Rəşidə Xəlilova, Xalidə İlyasqızı, Nailə Zəngin  kitab haqqında fikirlərini bildiriblər, şeirlər söylənilib. Aşıq Gözəl Kəlbəcərli və aşıq Ləman Məhərrəmovanın gözəl deyişmələri iştirakçılara xoş ovqat bəxş edib. 

Bildirilib ki, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və şəxsi “Kəlağayi Ev Muzeyi”nin nəşr etdirdiyi “Anam – kəlağaydı, kəlağay -  anam...” kitabının təqdimatı məqsədi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciətə nazirlik rəsmiləri böyük sayğı ilə yanaşıb. Belə ki, nazirliyin qərarı ilə respublikamızın müxtəlif ali və orta məktəblərində il boyu müxtəlif tədbirlər - ədəbi-bədii gecələr, görüşlər, sərgilər keçirmək planlaşdırılır. Həmçinin Azərbaycanın müxtəlif bölgələrində də belə tədbirlər təşkil ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Bazar ertəsi, 29 Yanvar 2024 13:45

Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada...

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin... 

 

Bu gün Azərbaycan ədəbiyyatında tənhalıq poeziyası yaradan, qəlibsiz şeirlər yazıb, Allah üçün darıxan, ssenarist, dramaturq, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür. 

 

Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində dünyaya gəlmişdir.

O, 1956-cı ildə Bakıdakı Bülbül adına Musiqi məktəbini bitirib, Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil alıb.

Daha sonra isə Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçib.

Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim olaraq başlayan Vaqif Səmədoğlu, 1968-1973-cü illərdə “Azərbaycan Sovet Ensiklopediyası” Baş redaksiyasında “İncəsənət” şöbəsinin müdiri, 1973-1975-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ssenarist, 1978-1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor, 1982-1985-ci illərdə yenidən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ədəbi hissə müdiri, 1992-1994-cü illərdə isə “Oğuz eli” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır.

O, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı  və Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olmuşdur.

Şairin "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Və bundan sonra onun əsərləri dövri mətbuatda vaxtaşırı dərc olunmuşdur.

4 kitabın, 8 dram əsərinin, saysız-hesabsız şeirlərin, 23 filmin ssenari müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda  nəşr olunub.

“Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.

O,  2015-ci il yanvarın 28-də, 76 yaşında vəfat etmiş və  Fəxri Xiyabanda, atasının yanında dəfn olunmuşdur. 

 

Gəlin şairin yaradıcılıq ümmanına kiçik bir səfər edək. 

 

Bakıya duman gəlib,

Heç kəsə demə.

Deyəsən yaman gəlib,

Heç kəsə demə. 

 

Çıraq yanıb bu axşam,

Yanıb, sönüb bu axşam,

heç kəsə demə. 

 

Bu dumana qapımdan

Çıxan kimi azmışam,

Yenə şeir yazmışam,

Heç kəsə demə. 

 

Daş evlər arasında

Neyləyər duman mənə?

Gülüm, diriyəm yenə

Heç kəsə demə... 

 

 

Ayrılıq mehriban,

Ayrılıq doğma.

Gəlmə.

Ayrılığın evini yıxma.

Arzular dirçələr, yuxum çin olar,

Otaqda gərəksiz gülüşlər dolar,

Məndən küsüb gedər incik şeirlər.

Sevinclər içində təklənər kədər.

Əzablar içində yaşayım yenə

Xeyli dərd lazımdır ölməkçün mənə

Gəlmə,

Gəlmə...

Belə qalım azadam,

Azad.

Mənə bu dünya da, o dünya da yad. 

 

 

Əlimi uzatdım

Sevincə sarı,

Gördüm, yox,

Arada kədər dayanıb.

Atamı səslədim,

Köməyə gəlsin,

Gördüm, yox,

Arada qəbir dayanıb.

Üz tutub gedirdim

Allaha tərəf,

Gördüm, yox,

Arada ömür dayanıb... 

 

 

Salam, ata, salam.

Bilirəm, arxamdasan.

Məzarından cəmi əlli-altmış

Addım bu yanda dayanıb

Trolleybus gözləyirəm.

Trolleybusa minib,

Sənin yanına gələnə qədər

Yaşamağa gedəcəyəm.

Ömür bu imiş, ata?

Gəldi…

Salam trolleybus,

Əlvida ata… 

 

 

Sabah vaxtın olsa,

Yada sal məni,

Heç olmasa

Bir səkidən 

O birisinə keçərkən.

Qoy üstünə gələn 

Bir avtonun səsi

Unutdursun məni yenə.

Mən də yaddaşından çıxıb,

Lənət deyim

Siqnal səsinə... 

 

 

Elə bilirsən 

Sənə deməyə 

Daha sözüm qalmayıb?

Üzündə təbəssümünü görməyə 

Gözüm qalmayıb?

Bu sən, bu mən,

Bu torpaq,

Elə bilirsən 

Qarşında çökməyə 

Dizim qalmayıb? 

 

 

Ömrüm nisyə getdi,

Ölümüm də nisyə olsun.

Elə bir bazarın varmı, İlahi? 

 

Məni yuxuda öldür,

Ağrısız, əzabsız.

Elə bir azarın varmı, İlahi? 

 

Mənə bu dünyaya baxmaqçün

Bir kiçik pəncərə  ver.

Elə bir məzarın varmı, İlahi?... 

 

*

 

Ürəyim yol çəkir bir gözə dönüb,

Yollar da tərs kimi uzanır, gülüm.

Yuxumdan hər gecə durnalar keçir,

Bilmirəm nə olub, haradan bilim?!

Belə getsə sınar quşların səsi,

Dənizin də səsi günbəgün batar.

Yubanma, əzizim, gəl qurtar məni,

Arxadan dərd çapır, qorxuram çata... 

 

Halıma yanan gərək səsin düşəndə yada,

Ötən günləri qoru, yaxşı bax, vermə bada...

Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada... 

 

Tez ol xəbər ver, görüm necəsən,

Gözlərin necədi, yerişin necə?

Yaman darıxmışam, mən səndən ötrü,

Barı bir soraq ver özün gəlincə.

Yerini bilmirəm, bilsəm gələrəm,

Könlünü alaram, sevərəm yenə.

Xəzərin köksündən qalxan dumana,

Qara şanı büküb gətirrəm sənə... 

 

Halıma yanan gərək səsin düşəndə yada,

Ötən günləri qoru, yaxşı bax, vermə bada...

Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Bazar ertəsi, 29 Yanvar 2024 13:15

Qazaxda iki görkəmli şəxsiyyət yad olunub

Yaşasaydılar bu il hər iki böyük sənətkarın 85 yaşı tamam olacaqdı... Ötən gün Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun Anım günü, ustad sənətkar, Əməkdar İncəsənət Xadimi Ədalət Nəsibovun doğum günü münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsi üzvlərinin də iştirakı ilə tədbirləri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qazax Mərkəzi Mütəfəkkirlər Parkında  Vaqif Səmədoğlunun abidəsi, Ağköynək qəbiristanlığında Ədalət Nəsibovun məzarı ziyarət olunub. Tədbir iştirakçıları hər iki sənətkar haqqında xatirələrini danışıb, ürək sözlərini bölüşüblər. 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Bazar ertəsi, 29 Yanvar 2024 16:30

“Qaya” ansamblı konsert verdi

“Qaya” ansamblı... Yaşlı nəsil şöhrəti bütün keçmiş SSRİ-də və bir çox xarici ölkələrdə yayılan Azərbaycanın əfsanəvi kvartetini yaxşı xatırlayır. Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev və Lev Yelisavetski həmin illərdə gənclərin sevimli müğənniləri idi və onların cəmiyyətdə populyarlığı heç də “Neftçi”nin futbolçularından az deyildi. Ötən əsrin 80-ci illərində ansamblın tərkibi dəyişməyə başladı. Musiqi kollektivinin nəzdində caz orkestri yaradıldı və “Qaya” Dövlət Estrada-Simfonik Mahnı Ansamblı adını aldı. Lev Yelisavetski və ansamblın bədii rəhbəri Teymur Mirzəyev ölkədən getdilər. Kollektivin mövcudluğuna son qoyuldu.

Həmin bakılı “dördlüyünün” solisti, Azərbaycanın Xalq artisti Rauf Babayev 2009-cu ildə rəsmi status almış “Qaya” Dövlət Caz Ansamblının nəzdində “Bəri bax” uşaq vokal ansamblını yaratdı. O, 2020-ci ildə vəfatınadək bu kollektivə rəhbərlik etdi.

 

AzərTAC verir ki, yanvarın 26-da Beynəlxalq Muğam Mərkəzində “Qaya” Dövlət Ansamblının konserti olub. Konsertdən əvvəl çıxış edən ansamblın direktoru, musiqişünas Turan Məmmədəliyeva qeyd edib ki, bu, kollektivin rəhbəri, Azərbaycanın Əməkdar artisti Rüfət Babayevin yarım il öncə vəfatından sonra keçirilən ilk konsertdir. Dünya musiqisinin korifeyi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası mövzusunda fantaziya haqqında danışan natiq qeyd edib ki, caz təranələri və klassik musiqinin bu sintezi vaxtilə Rauf Babayev və hazırda “Qaya” ansamblının bəstəkarı olan Nazim Əhmədov tərəfindən bəstələnib. Həmin fantaziyanın konsert ifası ilk dəfə tamaşaçılara təqdim olunub.

“Arşın mal alan”dan ariyaları çox gözəl ifa edən Cahangir Pərişani, Şölə Səfərəliyeva, Səbinə Hacıyeva, Nigar Cəlilova, Günay Əhmədova və Boris Bayramovun çıxışları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Səhnədə solistlərlə yanaşı, instrumentalçılar da var idi. Rafael Bünyadov (elektrogitara), Vaqif Əliyev (zərb alətləri), Fərrux Cəfərov (elektropiano) hələ “Qaya”nın birinci heyətinin tərkibində çıxış ediblər. Saksofonçular Fərid Mailov və Fərhad Cəfərovun, trubaçı Oqtay Rüstəmovun solo ifaları konsertin parlaq məqamlarına çevrilib.

Ansamblın ifasında xalq mahnıları və daim “Qaya”nın repertuarında olmuş Tofiq Quliyev, Vasif Adıgözəlov və başqa bəstəkarların əsərləri təqdim edilib. Konsert məşhur kollektivin vizit kartı olan “Ey həyat, sən nə qəribəsən” mahnısının səsləndirilməsi ilə başa çatıb.

Tamaşaçılar qış axşamında bayram əhvali-ruhiyyəsi bəxş edən konsert zalını uzun müddət tərk etməyiblər. Axı “Qaya” gözəl mahnılar, kədərli lirika və Azərbaycan musiqisinin əbədi əfsanəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

BAZARIN ANALİZİ

Bazar və marketinq bütün kompaniyalar üçün həlledici amildir. Alıcısı olmadıqda ən dahiyanə texnologiyalar belə faydasız olur. Bazarın öyrənilməsi yeni biznesin başlıca problemlərindəndir.

Siz investoru sizin məhsul üçün bazarın mövcud olmasına, bazarı hiss etmənizə və məhsulu sata biləcəyinizə əmin etməlisiniz (və özünüz əmin olmalısınız!).

Sizə lazım olacaq ən ilkin məlumatlar bunlardır: Sizin malları kim alacaq?  Bazarda sizin yer kəsiminiz haradadır?

Bundan başqa, bazarı proqnozlaşdırmaq və bu suala cavab tapmaq lazımdır? Sizin məhsulu sabah, birisi gün və ümumiyyətlə, yaxın iki il ərzində kim, niyə və nə qədər almağa hazırdır?

Təbii ki, siz öz mümkün rəqibləriniz haqqında da məlumat verməli olacaqsınız: onların malları, məhsulun keyfiyyəti, təqribi qiymətlər və satış şərtləri. İnvestorun sizin bazar konyunkturası haqqında təsəvvürlərinizin dolğunluğunu və layihənizin düşünülmüş olmasını qiymətləndirə bilməsi üçün bütün bunlar mütləq biznes-planda əks olunmalıdır.

Siz həqiqəti təhrif etməkdən, olduğundan yaxşı göstərməkdən qaçmalısınız. Buna görə də rəqiblərinizi son dərəcə düzgün, özünüzü aldatmadan qiymətləndirin. Lakin onlardan qorxmadan strategiyalarındakı və ya məhsulun keyfiyyət xarakteristikalarındakı boşluqları göstərin. Bunlar uğur qazanmanız üçün sizə real şans açır.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

 

 

 

 

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Nəriman Həsənzadə - xalq şairimiz, ədəbiyyatımızın ağsaqqalı, böyük irs qoyan şairimiz. Onun sevgi şeirləri bir ayrı aləmdir. Lirik MƏN bütün çətinliklərə, hicrana baxmayaraq yenə də əhdinə vəfalıdır, sadiqdir. Razılaşın ki, günümüzdə ən çox çatışmayan da elə bax budur. 

 

Mən səni sevəndə yaz havasıydı,

Neyləyim, taleyin gözü tökülsün.

Həyatım əlində quş yuvasıydı,

Quran özün oldun, uçuran özün.

 

Mən səni sevdim ki, yoldaş olasan,

Həyatın ən ağır, dar yollarında.

Demədim axırda bir daş olasan,

qədim qəbirstanda, yol kənarında.

 

Mən səni sevdim ki, yüyür, qaç, oyna,

Yenə seçilməsin ətrin bahardan.

Demədim təzədən gizlənpaç oyna,

Axşam yuxuma gir, səhər qaç ordan.

 

Yadıma nə düşür! - sənin ad günün

Biz qoca deyirdik, dünya təzəymiş

İli yox həyatda insan ömrünün

Anı da tarixidə bir hadisəymiş.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Bazar ertəsi, 29 Yanvar 2024 16:00

O gün fevralın otuzu idi - ESSE

Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət".

 

 

+ Bizi danışaq?

- Hansı bizi?

+ Olmayan bizi...

 

" ... o gün qız ilk dəfə aşiq olmuşdu, qəlbinin ən dərinliklərində heç duymadığı hisslər yaranmışdı, həm ona, həm də həyatına qarşı. Sevdikcə sevilmək, sevildikcə yaşamaq hissi bürüyürdü qəlbini. Zaman onları getdikcə yaxınlaşdırırdı, bir- 

birlərini tanıdıqca daha çox bənzədiklərini düşünürdülər. 

 

Bu qısa vaxt münasibəti çox dəyişdirmişdi, o qədər ki, qız ömrünü belə qurban verməyə hazır idi sevdiyi üçün.  Və verəcəkdi də...

Əgər sevdiyi vəfada dönük çıxmasaydı, hər şey başqa cür ola bilərdi. 

Xəyanətin yükünü qaldıra bilməyən qız çarəni yaşamını sonlandırmaqda görürdü təəssüf ki. 

Bir zaman keçdikdən sonra İntihar edən gənc qızın məktubunda belə bir cümlələrə  təsadüf edilirdi:

“O gündən sonra mənim qəlbimdə hər şey başqa cür cərəyan etməyə başladı, Əzizim. Sanki  o gün mümkünsüzlər gerçək olmuşdu. 

O gün Fevralın  otuzu, fəsillərdən beşinci fəsil idi. Sən o gündən göy qurşağının səkkizinci rəngi oldun mənim üçün.

Bilirsən, əslində Sənə təşəkkür borcluyam.

Mənə sübut etdin ki, gerçəkləşməyən hər mümkünsüzün xəyalını qurmaq bir insan üçün ən yanlış hiss imiş...”

 

Bəli, olmayacaq arzular üstünə nə çox xəyallar qurdurdu bu eşq, sevgi tilsimi.

"Sevgi hər zaman tikanlı yollarda doğulub, arzuların himayəsində boy atar" deyirdi şair.  Necə də gözəl vurğulayıb, deyilmi?

Əsasında necə güclü bir məvhum durur ki, insanın bir ömrünü bitirməyə kifayət edir o, təəssüf ki.

Deyirlər, cismin müvəqqəti, ruhun əbədi məhkum olduğu məzarlıqdır əsl sevgi. 

Bəlkə də elədir.

Yəqin ki, bu dünyanın bir yerlərində cismin deyil də, ruhun yaşatdığı əbədi sevgi ilə bir-birlərinə eşq ilə yanaşan insanlar var hələ də, kim bilir...

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə istədim sizlərə çox maraqlı bir hekayət nəql edim. Məni çox təsirləndirən bu hekayət, düşünürəm ki, sizlərin də marağına səbəb olacaq. Uşaqlığımda mənim Enne (Annie) adlanan gəlinciyim olub. Elə xanım oxucuların da əksəriyyətinin. Eləcə də çoxumuz baş qəhrəmanı Enne olan  “Kiçik Eynşteynlər” multserialını maraqla izləmişik. Amma heç mahiyyətinə varmamışıq ki, niyə məhz Annie?

 

 

Şəxsiyyəti məlum olmayan gənc qızın cəsədi 1930-cu illərdə Parisdə məşhur Sena çayının sahillərində tapılır. Yarılma zamanı məlum olur ki, qız 16-17 yaşlarında olub və intihar edib. Morq həkimi qızın hamar dərisi və zərif təbəssümündən çox təsirlənir və üzünün mum qəlibini götürür. Sonra qıza Sein adı verilir və o, Parisdəki evsizlər qəbiristanlığında dəfn edilir.

 

Qonaq otağında qızın üz qəlibini asan həkimə baş çəkməyə gələn qohumları və dostları qızın üzündəki ifadədən çox təsirlənirlər. Üzündəki qəribə narahatlığa bənzədilən, xoşbəxtliyini itirməkdə olan  ifadə barədə Parisdə danışılmağa başlanılır. Hadisəni eşidən oyuncaq istehsalçısı Asmund Laerdal 1940-cı ildə qızın üzünün PVC nüsxələrini istehsal edir və bəzi oyuncaqlarda istifadə etməyə başlayır. 

O, ona 'Annie' adını verir və qızın üzünə sahib olan gəlincik hazırlayır.

1958-ci ildə Amerikalı Dr. Peter insan tənəffüsünü kəşf edir və təlimdə istifadə etmək üçün oyuncaq istehsalçısı Laerdaldan 500 real ölçülü Annie gəlinciyi sifariş edir. Lakin o zamankı Amerika hökuməti bu təlimi lazımsız görüb gəlincik alışını ləğv edir və istehsal olunan gəlinciklər anbarda qalır. 

Gerisi daha maraqlıdır. 

Ziyanda qalmasın deyə oyuncaq şirkətinin sahibi Laerdal Avropayla - Norveçlə müqavilə bağlayır və gəlincikləri ora göndərir. Bu arada Peterin təliminə qarşı haqsız çıxışlar da səngiyir və onun kəşfinə Amerikada da olmasa, Avropada önəm verməyə başlayırlar. Bu tarixdən sonra bütün dünyada süni tənəffüs təhsili üçün eyni model manikenlərdən istifadə edilməyə başlanır və manikenlərin hamısı Parisli Sein simasına sahib olur…

Ömrünə çayda son qoyan Seynin gülümsəyən dodaqlarında yüz minlərlə insanın həyatını xilas edən öpüşü gizlənib. Maykl Ceksonun əfsanəvi Smooth Criminal mahnısında 42 dəfə “Enne, sən yaxşısan?” sualı verilir. Heç düşünmüsünüzmü, bu Enne kimdir? Düşünə bilərsiniz ki, Enni Ceksonun uydurduğu bir personajdır, amma belə deyil. Əslində, hətta,  "Enni, yaxşısan?" sual da müğənniyə aid deyil. Bu sual "Resusci Annie" və ya "CPR Annie" kimi tanınan gəlincikdən gəlir. Yəni süni tənəffüs məşqində istifadə olunan məşhur modeldən…

Bir intiharın arxasında yüzminlərlə insana həyat verən təbəssüm dolu dodaqlar və o dodaqlarda yaşayan ölümsüzlük öpüşü…

Bax belə bir maraqlı hekayət!

 

Şəkillərdə: “Annie” oyincaqları eBay xəttilə hazırda dünyada ən çox satılandır (qapaq fotosu); “Kiçik Eynşteynlər” cizgi filmindən fraqment (iç fotosu)

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Pencər küküsünün  hazırlanması qaydasını şərh edəcəyik. 

 

Pencər küküsü 

 

ƏRZAQLAR:

Keşniş – 15 qr

Şüyüd – 15 qr

Nanə – 10 qr

İspanaq – 35 qr

Turşəng – 15 qr

Soğan – 35 qr

Yumurta – 50 qr

Qatıq – 15 qr

Mərzə qurusu – 3 qr

Un – 10 qr

Kərə yağı – 15 qr

Sarıkök – 0,1 qr

Zəncəfil – 1 qr

Darçın – 1 qr

Duz – 4 qr

İstiot – 0,05 qr

Xörək əlavəsi:

qatıq – 50 qr, sarımsaq – 2 qr

 

HAZIRLANMASI:

Göyərtilər təmizlənir, yuyulur, qurudulur, xırda doğranır. Dərin bir qaba (tas, ləyən və s.) qoyulur, üzərinə duz, istiot, ədvalar, qatıq, un, yumurta vurulur. Yaxşıca qarışdırılır. 

Tavada yağ qızdırılır. Həmin bu qarışıq tavaya əlavə olunur. Bərabər ölçüdə yayılır. Odun üzərində bir müddət saxlanır, sonra 200°C-də 20-25 dəqiqə sobada bişirilir. Hazır olduqda taxtanın üzərinə çevrilir, üçkünc şəkildə doğranır, ya pors və ya doğranmış, bütöv şəkildə süfrəyə verilir. Yanında qatıq və ya sarımsaqlı qatıq verilir.

 

QEYD: 

Bu xörək sobada, kürədə, ocaqda, təndirdə, odun üstündə bişirilə bilər. Sadəcə olaraq, aşpazdan məharət və təcrübə tələb olunur. Kükülər həm isti, həm də soyuq halda süfrəyə verilir.

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.