
Super User
“YAŞAT” Fondunun dəvəti ilə türkiyəli şəhid ailə üzvləri Bakıda
“YAŞAT” Fondunun təşkilatçılığı ilə Türkiyədən olan şəhid ailəsi üzvləri Azərbaycana səfər ediblər.
Layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunur. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib.
Məqsəd azərbaycanlı və türkiyəli şəhid ailə üzvlərini bir araya gətirməklə ölkələrimiz arasındakı mövcud əməkdaşlığı genişləndirməkdir. “Tək millət, tək ürək” şüarı ilə reallaşan təşəbbüs çərçivəsində məlumatlandırma və mədəniyyət mübadiləsi, dəstək tədbirləri istiqamətində birgə müzakirələr, eləcə də Şuşa şəhərinə səfər nəzərdə tutulur.
Səfər “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı, “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin dəstəyi ilə baş tutub.
28 May - Müstəqillik Gününə həsr olunan layihə çərçivəsində qonaqlar öncə Şəhidlər xiyabanını, “Türk şəhidliyi” abidəsini və İkinci Fəxri xiyabanı ziyarət ediblər.
Hərbi Qənimətlər Parkında şəhid ailə üzvlərinə Vətən müharibəsi zamanı əldə edilmiş qənimətlər barədə məlumat verilib.
Bakı şəhəri ilə tanışlıq çərçivəsində isə Bulvar ərazisinə və İçərişəhərə ekskursiya edilib.
Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığın bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin media dəstəkçisi : ASAN TV, ASAN radio
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
Respublika Gənclər Kitabxanasında görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illik yubileyi münasibətilə silsilə tədbirlər həyata keçirilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illik yubileyi münasibətilə ənənəvi və virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portakına kitabxanadan verilən məlumata görə, virtual sərgidə görkəmli yazıçının həyat və yaradıcılığı, ictimai fəaliyyəti, müəllifi olduğu əsərlər haqqında geniş məlumat verilib. Sərgidə Ulu Öndər Heydər Əliyevin, Xalq şairləri Səməd Vurğun, Mirvarid Dilbazi kimi görkəmli şəxslərin dramaturq haqqında söylədikləri dəyərli fikirlər yer alır. Materialda yazıçının çoxşaxəli yaradıcılığı, müəllifi olduğu “Söyüdlü arx”, “Dağlar arxasında üç dost”, “Körpüsalanlar”, “Üç silah”, “Xurşidbanu Natəvan” kimi ona milyonlarla oxucunun rəğbətini qazandıran əsərləri haqqında məlumat verilir. Virtual sərgidə pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açan İlyas Əfəndiyevin “Dövlət mükafatı” na layiq görülmüş “Mahnı dağlarda qaldı” pyesindən fraqmentlər, yazıçının şəxsi foto və video arxivindən görüntülər təqdim edilir.
“İlyas Əfəndiyev - 110” adlı ənənəvi kitab sərgisində müəllifin kitabxana fondunda olan və geniş oxucu kütləsi tərəfindən sevilərək mütaliə edilən kitabları və kitabxana əməkdaşları tərəfindən hazırlanan eyniadlı ədəbiyyat siyahısı nümayiş olunub.
Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/ilyas-efendiyev-110 yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
Komitə sədri “Kitab evi”nin rəhbəri Adilə Nəzərə məktub ünvanlayıb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Kitab evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Adilə Nəzərə təbrik məktubu ünvanlayıb. Adilə xanımın 55 illik yubileyi ilə bağlı təbrik məktubunda onun elmi və bədii yaradıcılığının ən ümdə məqamlarına vurğu edilib.
“Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:
“Hörmətli Adilə xanım,
Sizi 55 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, elmi, ictimai və yaradıcı fəaliyyətinizdə yeni uğurlar diləyirəm!
Siz Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin aparıcı elmi işçisi, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Azərbaycan Yazıçılar Birliyinin üzvü, çoxsaylı maraqlı mədəniyyət-sənət layihələrinin rəhbəri olaraq geniş ictimai, yaradıcı fəaliyyətinizlə seçilirsiniz.
Siz “Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili” kimi önəmli bir mövzunu tədqiq etmisiniz. Monoqrafiyalarınızın adı və nəşr illəri belə elmi, yaradıcı fəaliyyətinizin məhsuldarlığını göstərməkdədir. “Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti” (2014), “Azərbaycan dilində fəlsəfə terminlərinin leksik-semantik xüsusiyyətləri” (2017), “İmadəddin Nəsimi yaradıcılığının tədrisi və bədii dil xüsusiyyətlərinin öyrənilməsi” (2021), “Aşıq Ələsgər yaradıcılığında sufizm” (2023).
Sizin elmi və bədii yaradıcılığınız qoşa qanad kimi bir-birini tamamlayır. 9 şeirlər kitabınız gün üzü görüb. Şeirləriniz qardaş türkcələrə, habelə fars, fransız ingilis, rus dillərinə çevrilib.
Azərbaycanda və bir sıra xarici ölkələrdə poeziya festivalları, ədəbi toplantılar və elmi konfranslarda uğurla iştirak etmisiniz.
Ötən il Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü olmuş, “Aşıq Ələsgər–200” yubiley medalı ilə təltif edilmisiniz.
Sizi ictimai və yaradıcılıq uğurlarınız, eləcə də əlamətdar yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
Komitə sədri kərküklü yazarla görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Kərkük Kültür Dərnəyi” İctimai Birliyinin başqanı, tanınmış jurnalist, araşdırmaçı-yazar Dr. Şəmsəddin Kuzəçi ilə görüşüb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət komitəsindən məlumat verilib.
Komitədə keçirilən görüşdə qarşılıqlı maraq doğuran mədəniyyət-sənət layihələri, nəşrlər, ortaq mədəni muraslar ətrafında fikir mübadiləsi aparılıb.
Komitə sədri və araşdırmaçı yazar qarşılıqlı olaraq öz kitablarını bir-biri üçün imzalayıb.
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
Kamran M. Yunisin sevdiyi şeir Vaqif Səmədoğludandır
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı sevimli sənətkarımız Kamran M. Yunisdir.
-Xoş gördük, dəyətli sənətkarımız. Baxmayaraq ki, gününüz çox məşğul keçir, rubrikamıza sevə-sevə qatıldığınız üçün Sizə minnətdarıq.
Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edir. (Holley)
Dəyərli Kamran bəy, Siz həm oynadığınız rollarda, həm etdiyiniz qiraətlərdə həmin hissləri əvvəl özünüz yaşayıb sonra izləyicilərə yaşadırsınız. Bu da Kamran M. Yunisin peşəkarlığının göstəricisidir.
Etiraf edim ki, ruhsal böhran yaşayan kimi etdiyiniz qiraətlər "dadıma çatır".
Şeir seçimləriniz mükəmməldir və oxucu zövqlərinin formalaşmasında böyük rol oynayır.
Əziz sənətkarımız, elə bu an üçün söyləsək ki: " Sevdiyin şeiri gəl mənə söylə", Kamran bəy bizə hansı şeiri söyləyər?
-Salam Ülviyyə xanım, rubrikanıza dəvət etdiyiniz üçün minnətdaram.
Siz sualı söyləyən zaman nədənsə ağlıma bu şeir gəldi.
Dünyanın bəlkə də, ən böyük faciəsi budur. Bir gün üfüq olursan, nə olur bilmirsən, amma bir gün gəlir, görünmürsən. Bir gün cığır olursan. Cığırın sevinci onun üstündə gedib- gələn insanların var olmasıdır. Əgər insanlar yoxdursa, o cığır artıq cığırlıqdan çıxır. Vay o günə ki, nə olduğunu bilmirsən və təbbəssümünü itirirsən.
Allah millətimizin üzündən təbbəssümü əskik etməsin, sevdiklərimizin üzündən gülüşü əskik etməsin. Bəlkə də, dünyanın ən böyük neməti təbbəssümdür, sevgidir, sevincdir. Dünyanın sevgisiz, sevincsiz, bəlkə də, təbbəssümsüz qaldığı bu günlərdə Allah simalarımıza təbbəssüm bəxş etsin.
Mən, Vaqif Səmədoğludan bu şeiri söyləyirəm.
MƏN BİR GÜN ÜFÜQ OLMUŞDUM
Mən bir gün üfüq olmuşdum, duman çökdü dənizə...
Görünmədim.
Mən bir gün cığır olmuşdum, gedib-gələn olmadı, ot basdı üstümü...
Görünmədim.
Mən bir gün təbəssüm olmuşdum, nə oldu bilmədim...
Görünmədim.
1969
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
“Yazmaq peşəkarlıq tələb edən işdir” - Meral Erbağa. MÜSAHİBƏ
Habil Yaşar, “Ədəbiyyat və İncəsənət”
Budəfəki müsahibim qardaş Türkiyə dəyərli yazarlarından biri olan Meral Ərbağa xanımdır...
-Salam Meral xanlm Erbağa! Necəsiniz?
-Salam. yaxşı olasınız.
-Zəhmət olmasa əvvəl haqqında məlumat verərdiniz.
-Mən Vanın Erciş rayonunda anadan olmuşam. Dördüncü sinifdə ibtidai məktəbi tərk etməyə məcbur oldum. 17 yaşında evləndim. Bursada yaşayıram. Üç uşaq anasıyam.
-Ədəbiyyata marağınız nə zaman və necə başladı?
-İbtidai məktəb illərində ədəbiyyata marağım olub. Məktəb natamam qaldığı zaman marağım daha da artdı. Sonrakı maliyyə bu marağı yazıb istehsal məhsulu təmin etməyə çalışdım.
-Əsərləriniz mövzusu məlumat verə bilərsinizmi?
-Kitablarım öz həyatlarından bəhs edir, uşaq kitabları, roman, şeir, skeç və ssenari əsərlərim var və bu iş işlərim davam edir. Bu günlərdə daha çox şeir yazıram.
-Təhsil haqqında məlumatınız?
-Hər bir ölkənin öz təhsil kurikulumu var. Ölkənin 4+4+4 təhsil prosesi var. Sonra universitet təhsili gəlir. Fikrimcə, tələbə öz ixtisası üzrə istiqamətləndirmə və standart təhsil alsa, daha faydalı olar.
-Ən çox sevdiyiniz yazar kimdir?
-Yaşar Kamal.
-Gələcək planlarınız haqqında araşdırma apardıq.
-Yazmağa davam edirəm. Mən övladı olan və məsuliyyət daşıyan anayam. Böyük planlarım yoxdur. Xoşbəxtlikdən, faydalı planların qarşısına istifadə etmək bizim adətimizdir. Ona görə də hər şeyin təbii olmasını istəyirəm.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Çox deyil. Amma buna yad da deyiləm. Nə vaxt deyə tapsam, dünyanın başqa yerdən olan yazıçıları oxumağa, tanımağa çalışıram.
-Yeni başlayan yazarlara hansı sənədləri vardır?
-Yazmaq yaxşılıq tələb edən işdir. Hər səni şeir şair etmədiyi kimi, hər yazı da səni yazıçı etmir. Amma yeni başlayanlara məsləhət görürəm ki, təbii davransınlar, idarəni işkləri kimi ifadə etsinlər, alınmayanda uzaqlaşmasınlar, inadla davam etsinlər, təbii ki, çox oxusunlar, oxumadan yazmasınlar.
“Ədəbiyyat və İncəsənət”
(27.05.2024)
İntizar ədəbiyyatı - Söhrab Tahir
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Qardaş, həsrətimi sən yenə dindir,
Gör yaramın yeri necə dərindir,
Dünyada gör kimin bəxti yeyindi,
Gör, kimin astarı kimə üz oldu?!
Yandı arzuların bağçası-bağı,
Qırıldı çay üstə bir ümid tağı,
Arazdan su içdim görüş qabağı,
Ağzımda damlası onun köz oldu.
Qardaş həsrətilə boynumu burdum,
İki yol üstündə bir yuva qurdum,
Yurduma azadlıq bayrağı vurdum,
Heyf, o günlərin ömrü az oldu.
Bulaqlar göz yaşım,
Dərələr ahım,
Görəsən, nə idi mənim günahım?!
Ölürəm qardaşdan ayrı, ilahi,
Bu ayrı ölməyim yaman pis oldu.
Tahir, nəvələrim qoy məni ansın,
Ölürəm, qoy dünya məndən utansın,
Sərhəd ayrılığı od tutub yansın,
Gözümdə o iki damla söz oldu.
İntizar ədəbiyyatı rubrikasında bu dəfə bu gün doğum günü olan, xalq şairi "İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha" söyləyən Söhrab Tahir haqqında danışacağıq.
Söhrab Tahir 1926-ci il mayın 27-də Güney Azərbaycanın Astara şəhərində sənətkar ailəsində anadan olub. Orta təhsilini "Səadət" və "Şahpur" məktəblərində alıb. Çətin ailə vəziyyəti ilə əlaqədar 9-cu sinifdə təhsilini yarımçıq qoyub atası ilə neft şirkətində işləməyə məcbur olub.
Sovet Ordusu İrana daxil olndan sonra Söhrab Tahir də xalq hərəkatına qoşulur. Hərəkatın fəal üzvlərindən birinə çevrilir və Seyid Cəfər Pişəvərinin möhürdarı olur. Hərəkat qələbə ilə nəticələnəndə 21Azər medalı ilə təltif olunur. Milli hökumətin zamanında hərbi təhsil almaq üçün Azərbaycana göndərilir. Lakin, Pişəvəri hökuməti süqut etdiyi üçün bir də Güney Azərbaycana qayıda bilmir və Bakıda qalmağa məcbur olur
Şair 20 yaşından doğma yurd və ailə həsrəti ilə yaşayır. Hərdən gedib sərhəd tellərindən tutub həsrətlə o taya baxırmış.
Yuxuda bir küçə salmışam dünən
Bir ucu Bakıda
Biri Təbrizdə.
Yuxuda bir şəhər salmışam dünən,
Bir-bir təmizlənib hər natəmizdən.
Yuxuda babamın sümüklərindən
Arazın üstünə körpü çəkmişəm,
Tikanlı simləri qırpıb,
Yerində
Özüm bir Arazlıq lalə əkmişəm.
Şair 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik fakultəsində, 1952-1957-ci illərdə Azərbaycan Dövlət Unversitetinin Filologiya fakültəsində və 1959-1961–ci illərdə Moskovada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında təhsil alır.
Təbrizdəykən yazdığı ilk şeirlərini Bakıda çap etdirməyə başlayır, "Vətənlə sevgi arasında", "Sevgi əfsanəsi", "Burdan bir atlı keçdi", "Döyüşən lövhələr", "Əmanət" və başqa kitabları işıq üzü görür. Daha çox şair kimi tanınsa da "Qonşu qızın məktubları", "İki dəfə yox olan adam", "Əmanət", "Dənizə nişanlı qız", "Sevgi qurbanı" kimi roman və povestləri də oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bir gəmi ağarır qara baxtımda,
Həsrət limanına yan alır gəmi.
Necə yazıqlaşıb, necə qocalıb
Anamın üzündə ana görkəmi.
Bir səs bürüdükcə kiçik buxtanı,
Həsrətim gəmirir ipi, taxtanı,
Anam oturubdur şüşə dalında,
Qırışlar, əzablar dastan oxuyur
Anamın qırışmış yastı alnında!
Mənim pələng anam, mənim nər anam....
Anam şüşələri cırmaqlayırdı,
Anamın gözləri qanla dolmuşdu,
Dəmirlər kövrəlib, Pas ağlayırdı.
Ana, ana, dedim, səsim qırıldı.
Oğul, oğul, dedi bir ovuc sümük.
Bir torba sümüyü qucaqladım mən,
Buludlar gözünü ağartdı mənə
Bütün buludları ayaqladım mən.
Bir zəif vücudu ana adına
Öpüb nəvazişə qucaqladım mən.
Uzun həsrətdən sonra 1973-cü ildə Söhrab Tahirin anası Azərbayacana gəlir. Və qarşılaşanda sonuncu dəfə 20 yaşında gördüyü oğlunu tanımır. Elə bilir qardaşı İsrafildir. Oğlu olduğunu biləndə isə ürəyi gedir. İrana qayıdandan sonra cəmi bir ay yaşayır.
İranla sərhəd qadağası götürüldükdən sonra şair 3 dəfə İrana gedib doğma yurdunu ziyarət edir. Həmçinin onun qardaşları da tez-tez Azərbaycana gəlirlər
Şair 1975-ci ildə Yazıçılar ittifaqında tanış olduğu və dağlar qızı çağırdığı Südabə xanımla ailə həyatı qurur. Bu evlilikdən onların Nəsibə adlı qızı və Tahir adlı oğlu dünyaya gəlir.
O, 1998-ci ildə Xalq şairi adına, 2006-cı ildə isə “Şöhrət” ordeninə layiq görülür.
Söhrab Tahir avtomobil qəzası keçirir və qorxudan şəkər xəstəliyinə tutulur.
Ömrünün 21 ilini Heydər Əliyevin məsləhəti ilə Ata epos poeması üzərində işləməyə həsr edir. 2048 səhifədən ibarət olan poemanın sonlarını yazanda artıq xəstəliyi şiddətləndiyi üçün o, poemanı diktə edir və oğu Tahir onu yazıya köçürür. Xəstəlik səbəbindən hər iki ayağı amputasiya olunur. Əməliyyatdan sonra isə cəmi bir ay yaşayır.
Şair 2016-cı il mayın 4-də dünyasını dəyişir və 2-ci fəxri xiyabanda torpağa tapşırılır.
Gözləyirəm, gözlərimin qarasında
Çaxsın bir gün
Ürəyimin
Qızıl şimşək partlayışı.
Sona çatsın bu hicranlı yaşayışım.
İki qardaş,
İki tale arasında
Bir təsəlli körpüsüyəm.
Ölçülməyən ümidlərin
Gözəyarı ölçüsüyəm.
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
“Xətrin əziz deyil xatirən qədər” - Gülnar Ümidin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Gülnar Ümidin şeirləri təqdim ediləcək.
***
Üzüb ümidlərimi utanacam yaşımdan,
yığacam gözlərimi yollarından birtəhər.
Sonra darıxmagı da əlimin əsasıyla
çarpayının yanında unudacam hər səhər.
"Başqa"ların içində başqa kimim var mənim?
Gələnim olmayacaq qapımı da döyməyə.
Yeməyə söz tapmayan ac qalmış qulaqlarım
fürsət axtaracaq ilk, gözlərini döyməyə.
Axtaracam hər axşam yaddaşımı gözümdə,
yadıma düşməyəcək heç nə səndən savayı.
Səhər oyanacam ki, saatın zəngi çalır,
dərmanların vaxtıdı, ömür ötüb havayı...
***
Mən səni özümdə tapandan bəri
Özümü tapmadım itirən qədər.
İncimə, nə yalan deyim ki, daha
xətrin əziz deyil xatirən qədər.
Boğazdan yuxarı yaxşıyam deyib,
Boğazdan aşağı uduram pisi.
Xaraba qalmışda seçmək də olmur
Cilddən-cildə girən yaxşını, pisi.
Zaman da eynidir, şəhər də eyni,
İndi ötənlərdən yad gəlir səsin.
"Darıxmaq"dan əllərimi üzmüşəm,
Dizin-dizin süründürür nəfəsi.
Qaçmağa yolum çox, dayanmağa az,
Günlər təngnəfəs dayanıb yolda.
Həyat da tamaşa deyil ki, hərdən
bir az xoşbəxt olaq obrazda, rolda.
***
Bax indi darıxıram,
dünən də darıxırdım.
Bilmirəm, Allah bilir, sabah da darıxacam.
Sən olanda nə var ki,
gedəndə yıxılacam,
gələndə unudacam.
Məni xatırlayanda
çəkdiyin siqaretlərin sayından yıxılıcam.
Dodağımda adına,
gözlərimdə sıxdığım yuxu lampalarının
bir gün doğrularına,
bir gün yalanlarına...
Sonra, sonra...
– Nə bilim, göylərə göndərdiyim
göydən asılı qalan cavabsız duaların sonuna sığınacam.
Sən olsan da, olmasan da,
Yenə də darıxacam...
***
Nəsli kəsilməkdə olan yaxşılığın bir-iki nümunəsi qalıb
hardasa kiminsə ürəyində.
İt iti tutmadığı küçələrdə
insanlar bir-birini didir.
Zamanın darağından keçmək çətinləşib,
Güzgüsü sınmış insanlar özünə özgə güzgülərdə baxır.
"Öz"lər itir özgələrdə.
Qayıtmaq asan deyil, ayaqqabılarını itirir insan,
Dönüş ar istəyir, qalmaq xar edir.
***
Qırılmış badədən içdim şərabı,
Doymadı, doymadı çat-çat dodağım.
İndi də yadlara gülümsəyirsən,
utandın? – Utanma, soyun, yanağım!
Yalandan nə deyim, unutmaq olmur,
Gözümdən düşənlər gözümə dəymir.
Dilim də özümə qənim kəsilib,
Xətrinə dəyirəm, sözümə dəymir.
Sevgimiz bicliyi təzə öyrənib,
Aldadıb çəkirəm, oyuna gəlmir.
Neyləsin ürəyim, dərdi boydadı,
Ölçürəm, sevgimin boyuna gəlmir.
Bu gün dünənlərə cavab tapmır ki,
Baxıb suallara gözünü döyür.
Nə olsun gözümdən düşən adamlar
Özgə ürəyində özünü öyür.
***
Sən gedəndə dalınca elə yıxılmışdım ki,
kəsdilər ayağımı.
Elə o gündən sonra sənə qaça bilmədim.
Susdum özgə evində elə həmin gündəcə,
Nə yalan deyim, sonra,
bu barədə heç yerdə söhbət aça bilmədim.
Sonra, sonra nə oldu?
Beşikdə qığıldayan körpələrim dinlədi
Özümü vərəqləyib,
özümə danışdığım yalançı nağılları.
Kəsilən ayağımı gizlətdim böyüdükcə
onların iməkləməyində,
onların da heç zaman kəsmədi ağılları.
Sonra, sonra nə oldu?
Böyüdü arzularım,
hərəsi gülüşündən pay verdilər ömrümə,
Hərəsi bir qolumu saxladı, dayaqlarım.
İlahi, nə möcüzəymiş!
Bir də baxdım, baxdim ki,
kəsildiyi yerindən boy atdı ayaqlarım...
***
Bütün sevənlərim sənin kimi sevmədi!
Sevdilər gözümü, qaşımı
– sevmədilər dünyaya baxışımı.
Sevdilər günlərimi, aylarımı
– sevmədilər sən olan yaddaşımı.
Bütün sevənlərim sənin kimi sevmədi!
Sevdilər ləblərimi
– sevmədilər sözlərimi.
Sevdilər əllərimi
– sevmədilər əməllərimi.
Bütün sevənlərim sənin kimi sevmədi!
Sevdilər gözlərim güləndə
– sevmədilər ürəyim göynəyəndə.
Sevdilər, sevirlər bu gün də,
sevməyəcəklər sənin kimi heç vədə...
***
Elə yorğun gəlirdin,
saçımın sığalını unudurdum hər axşam.
Qızlarımdan seçmirəm deməyə nə var ki, ehh...
gəl indi onu mənim yaşıma anlat, ata
Vallah dəyişməmişəm
yenə cığal, ərköyün...
Məndən gedənlərimin izinə düşə-düşə gözümdən düşdüm, ata.
Heç xəbərin olmadı,
xeyir duaların da saçlarımın ağına düşdü, ata.
GƏLMİŞƏM...
Hər gecə gözlərimin
qapısında dayanan
sənsiz darıxmağımı
səninlə ötürməyə gəlmişəm...
Dünəndə nə vardısa,
Yır-yığış etdim daha,
İndi bu günlərimi
götürməyə gəlmişəm.
Bütün etiraflar da doğulmamış ölürlər,
Etdiyin günahların
izlərini izimlə
itirməyə gəlmişəm...
Öz adımı da yazım,
bəlkə, yazılarına?
Sətir-sətir yazdığın
vergüllü cümlələri
bitirməyə gəlmişəm...
***
Bulud kimi guruldayıb
yağ arada.
Mən susacam:
damcı-damcı dilənəcəm sözlərini.
Qürur nədi – unut hərdən,
yığ arada,
qulağıma ağlayarsan silənəcən gözlərini.
Qaranlığın keşiyini çəkir mənlə
çəyirtkənin yalvarışı.
Qorxma daha:
ürəyini xilas eylə!
gündüzlərə bel bağlama, çıx aradan.
Qiblən üzü Tanrıyadı,
Tanrı unudub məni sən tərəfdən:
bəlkə, mənə elə gəlir.
İmanımı yandırmaram:
sənin yerin ürəyimdə,
bircə mənəm yox arada!
***
Gözünün güzgüsündə
daranırdım bu gecə.
Üzümə kirşanımı
Dodağının fırçası
Çəkirdi incə-incə.
Karlaşmışdı qulağım
eşitdiyim səslərə.
Nəfəsin danışırdı,
Acıq verirdi bütün
"əbəs"lərə, "bəs"lərə.
İlk dəfə idi bu gün
sənə səndən danışdım.
Acığına gəlməsin,
Sənə demişdim axı,
Sevgilimlə tanışdın.
Şəlləmişdi saçımı
kürəyimə əllərin.
Danışdıqca dilindən
Sürüşüb ürəyimə
Düşürdü ümidlərim.
Yol eyni, mənzil ayrı.
Qapının astanası
Utanır ayağımdan
Gözümdə səni görüb
Sevinir intəhası.
***
Taleyin qayçısı doğrayır günlərimi
bıçir 365 yerə,
12 qatda birləşdirir yenidən,
min dəfə geyindirir.
Yaşamağı heç olmasa geyinirsən doyunca
Ölümdü ömrünü bir nəfəsdə soyunan...
***
Sabah mütləq yazacam,
bu dəfə söz verirəm!..
Sındırıb qürurumu parça-parça sözlərlə,
Ağ gəlinlik geyinən kağız vərəqlərinin sinəsinə sərəcəm.
Sabah mütləq yazacam!
Göz yaşımla isladıb
çəkdiyim darıxmağın bütün şəkillərini,
Saatın əqrəbində tez sənə göndərəcəm.
Sabah mütləq yazacam!
Zaman qatarı keçir evinizin yanından,
Qurban olum, nə olar,
heç olmasa bu dəfə ünvanını dəyişmə!
Məktubumu al oxu,
söz verirəm sən oxu, sonra özüm gələcəm.
***
Soyuq suyun ömrü isinənəcən,
Darıxmağın ömrü küsənəcəndi.
Barışmağa bir bəhanə gəzirik,
Elə ayrılıq da bitənəcəndi.
Dərdin ölçüsü yox, çəkib bitirək,
Gözümüz kor deyil, gözdən itirək,
Keçmişdən nə qaldı, nə də götürək,
"Gələcək" bu ömrü biçənəcəndi.
Nə olsun, qucaqlıq qolumuz da var,
Sağa söykənməyə solumuz da var,
Şeytana daş atmaq yolumuz da var,
Çətini körpüdən keçənəcəndi.
İlləri boş yerə xərcləyir insan,
Yaxşıyla yamanı seçməyir insan,
Unudur, vərdişə çevirir insan,
Yaddaşı doyunca içənəcəndi.
Heç bilmir nə ilə yarışır ömrü,
Allah nə verdisə, barışır ömrü,
Axırda torpağa qarışır ömrü,
Çətini dünyadan köcənəcəndi.
EŞQİN KUZƏSİNİ DODAĞIMDA QIR
Günəş saçlarını dənizə sərib,
Hər səhər heç qalmaz öyünməyindən.
Saçını xərçəngə pay verən ay da,
Utanar gündüzlər görünməyindən.
Nədir eqoistlik, nədir bu inad,
Həsrətin küləyi yad edir bizi.
Hansı yol üstündə dayanıb yenə,
Hansı şəhərlərə ötürür bizi?
Götür gözlərimi sinənə sıx ki,
Dəyişsin qəlbimin döyüntüsünü.
Gəlişin, bəlkə də, alışdıracaq
Eşqin közü qalmış göyüntüsünü.
Üzü buludlara yol çəkən duam
Tutub ətəyindən çəkəcək səni.
Gözünün yaşını silib qoluna,
Bulud gözlərindən çəkəcək çəni.
Eşqin kuzəsini dodağımda qır,
Çatlayıb doyursun susuzluğumu.
Ərşinə çəkilmiş gecələrim, de?
Nə qədər içəcək yoxsuzluğunu?
Bağladım dilimi əlimə bərk-bərk,
Qaldırıb ardınca "sağ ol" deməsin.
Keçmişin iziylə yola düşüb gəl,
Məndən başqa səni kimsə görməsin.
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
Sabah – 28 May Respublika günüdür – ŞƏRƏF TARİXİMİZ
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” üçün
Xalqımızda bir Prometey ruhu mövcuddur. Azadlıq və istiqlal onun əzəli məqsədi olmuşdur. Güclü qəhrəmanlıq ideyası ilə silahlanmış Azərbaycan xalqı zaman-zaman əsarət zəncirini qırmaq üçün azadlıq uğrunda mübarizəyə qalxmış, istiqlal yolunda şəhidlər vermiş, öz şanlı və işıqlı qəhrəmanlıq tarixini yaratmışdır.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illər bu tarixin ən parlaq səhifələrindəndir. 28 may 1918-ci ildə elan olunan, amma ömrü cəmi 23 ay çəkən AXC ürəklərdə elə bir məşəl alovlandırmışdı ki, sovet rejiminin cəza-repressiya maşını da bu məşəli söndürə bilməmişdi.
Moskvanın qanlı əlində parlayan xəyanət bıçağı istiqlalımızın bağrına saplansa da, illər bir-birini əvəz etsə də, istiqlal fikri yaşayırdı. Üçrəngli istiqlal bayrağı zahirən yox olsa da, mənən mövcud idi və onun eşqi ürəklərdə qalırdı. AXC-nin fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələrindən biridir. İki illik hüriyyət qovğası milləti özünə tanıtmışdı, milli mənlik şüurunu özünə qaytarmışdı, ona azadlığı dadızdırmışdı.
Xalqımızın azadlıq aşiqlərindən biri olan M.Ə.Rəsulzadə uzaqgörənliklə deyirdi ki, bir kərə yüksələn bayraq bir daha enməz, bolşevizm yıxılacaq, imperiya parçalanacaq əcir millətlər bu dəfə əbədi qurtulacaq, öz müqəddəratlarının sahibi, azad və müstəqil olacaqlar.
İllər bir-birini əvəz etdikcə tarix Azərbaycanın üçrəngli bayrağını yenidən qaldıracaq azadlıq aşiqlərini yetişdirirdi. AXC idealları onlar üçün mayaka çevrilmişdi. Sonrakı illərdə yüzlərlə insanımızın “müsavat ideyalarının daşıyıcısı” kimi repressiyalara məruz qalması, gizli təşkilatların fəaliyyət göstərməsi, 1956-cı ildə Qız qalasının başında üçrəngli bayrağımızın qaldırılması, ədəbiyyatda, bir sıra məşhur və tanınmış ziyalılar arasında milli müstəqillik ideyalarının üstüörtülü şəkildə təbliğ edilməsi, tədricən azadlıq aşiqi olan yeni nəslin yetişməsi və s. bunun bariz nümunəsi idi.
1970-ci ildən bu işlər daha da sürətləndi, ölkəmizdə bir oyanış dövrü başladı. Məhz həmin vaxtlardan Azərbaycanda böyük istedadlar və mənəvi qəhrəmanlar qvardiyası yaranmağa başladı ki, bunların da önündə, şübhəsiz ki, Heydər Əliyev dururdu.
Qorxmaz, cəsarətli, qranit kimi möhkəm iradəyə malik H.Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə uzun illərin sükunəti hərəkətə gəldi, simasızlaşmağa gedən millət oyandı, türk düşüncəsi silkələndi, beynəlmiləlçilikdən milliliyə dönüş başlandı, milli düçüncənin formalaşmasında misli görünməmiş işlər görüldü. Siyasi, iqtisadi və hüquqi sahədə dövlət müstəqilliyinə zəmin yaradan mühüm addımlar atıldı. Ulu öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə üzləşsə də, öz əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, mədəniyyəti, milli adət -ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bildi.
Onun Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi isə milli dövlətçilik arzularının və hisslərinin gücləndirilməsi oldu. Tarixin gedişini həssaslıqla izləyən H.Əliyev müəyyən taktiki gedişlərlə Moskvanın gözünü qamaşdırır, mənsub olduğu xalq üçün strateji planlarını həyata keçirirdi. Bu, əslində xalqımızın milli dövlət yaratmaq arzusunun yeni işartıları idi.
Sovet imperiyasının məhvə məhkum olduğunu hamıdan yaxşı görən H.Əliyev siyasi imkanlarından və nüfuzundan gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradan faktorların təmin edilməsi naminə istifadə etməyə çalışırdı. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk illərdən sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində böyük işlər görmüşdür. Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunun artırılması, gənc nəslin tarixi köklərimizə bağlı, vətənpərvər, milli-müstəqillik ruhda tərbiyə olunması, onların təşkilatlanması elmi, intellektual potensialının gücləndirilməsi, dövlət idarəçiliyində rollarının artırılması, beynəlxalq aləmə inteqrasiyanın yaratdığı imkanlardan maksimum səviyyədə yararlanmalarının təmin olunması onun siyasətin əsas istiqamətlərindən olub.
Həmin illərdə ümummilli liderin təşəbbüsü ilə ölkədə ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdır. H.Əliyev sovet dönəmindəki rəhbərliyi dövründə 15 mindən çox gənci keçmiş ittifaqın 50-dən artıq şəhərinin 170 ali təhsil müəssisəsində 250-yə yaxın ixtisasa yiyələnmək üçün həmin ali məktəblərinə təhsil almağa göndərmiş, onların yüksək ixtisaslı və peşəkar kadr kimi hazırlanmasına nail olmuşdu.
Ümummilli liderin hələ ötən əsrin 70-ci illərində Azərbaycanda milli hərbi kadr hazırlığı işinə xüsusi diqqət yetirməsi də bunu təsdiq edir.O dövrdə Azərbaycanda azərbaycanlılar hərbi kadr hazırlığına və hərbi elitaya yaxın buraxılmırdılar. Ölkəmizdə bir neçə ali hərbi məktəb olmasına baxmayaraq, bu məktəblərin minlərlə kursantı arasında yalnız beş-altı nəfər azərbaycanlı var idi ki, onların da çoxu "beynəlmiləl" ailələrin üzvləri idilər. Şübhəsiz, bu tendensiya H.Əliyevi narahat etməyə bilməzdi. Məhz onun şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artdı və bu sahədə milliləşdirmə prosesinə start verildi. Azərbaycanlı gənclər təhsil almaq üçün kütləvi şəkildə SSRİ-nin hərbi məktəblərinə göndərilməyə başlandı. Həmin dövrdə H.Əliyev milli hərbi kadr hazırlığı sahəsində çox ciddi bir addım atdı: Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu da azərbaycanlılar arasında hərbi sahəyə marağın kütləvi xarakter almasına səbəb oldu. Onun gördüyü işlərin dövlət quruculuğundakı əvəzsiz rolunu bu günün prizmasından baxdıqda daha aydın və qabarıq görürük. Görülmüş bu işlər xalqımızın əsrin əvvəllərindən başlayan azadlıq ideallarını və müstəqillik arzularını daha da gücləndirirdi.
XX əsrin sonları yaxınlaşırdı. Ötən hər gün isə sovet imperiyasının iqtisadi və siyasi iflasına doğru aparırdı. M.Ə.Rəsulzadənin dediyi, H.Əliyevin gözlədiyi günlər gəlib çatmışdı. SSRİ deyilən bu yalan və rəzalət səltənətində dünyanı sarsıdan içtimai fırtnalar başlamışdı.
İmperiya ərazisindəki başqa xalqlar kimi Azərbaycan xalqı da yaranmış tarixi şəraitdən istifadə edərək üçrəngli bayrağı yenidən başı üzərinə qaldırıb istiqlal savaşına qalxdı. 1918-ci ildən başlamış “Azərbaycan davası” özünün ən fəal dövrünə daxil oldu.
Nəticədə, 1991-ci ildə zamanın qanlı qasırğalarından müstəqil Azərbaycan Respublikası yüksəldi. O, Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu. Əsrin əvvəllərində başlanmış hürriyyət və istiqlal savaşı əsrin sonlarında birdəfəlik zəfərlə başa çatdı. Əldə etdiyimiz müstəqillik AXC ideyalarının şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi.
Lakin Azərbaycan Xalq Cümhuriyyətinin başına gələn fəlakətlər müstəqil Azərbaycan Respublikasını da hədələyirdi. Başabəla başçılarımızın səbatsızlıqları və bacarıqsızlıqları müstəqil Azərbaycan dövlətinin varlığını təhlükə qarşısında qoymuşdu. Məmləkətdə qanunsuzluq, xaos, daxili çəkişmələr, hərc-mərclik artır, müharibədə uğursuzluqlar bir-birini əvəz edirdi. Müstəqil Azərbaycan Respublikasını da Azərbaycan Xalq Cümhuriyyətinin faciəsi gözləyirdi. Xalqı və dövləti bu faciələrdən ancaq bir nəfər qurtara bilərdi – xalqımızın malik olduğu potensialın, qabiliyyətin, şüurun və milli təfəkkürün bariz mücəssəməsi olan Heydər Əliyev !
H.Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdi. Azərbaycan xalqı belə bir dövrdə Şah İsmayıl Xətaidən sonra 500 illik tarixində əvəzi olmayan dahi şəxsiyyətini, bütün mənalı həyatını xalqına və onun dövlətçiliyinə həsr etmiş uzaqgörən siyasətçisini, zəngin dövlətçilik təcrübəsi olan müdrik oğlunu – H.Əliyevi hakimiyyət başına gətirdi.Tarixdə oxşarı olmayan bir qayıdış baş verdi. H.Əliyev xalqın sabaha olan inamını özünə qaytardı.
H.Əliyev yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik modelini hazırladı. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Azərbaycan dövlətçiliyini faciələrdən və iflasdan xilas etdi. Eyni zamanda özünün möhtəşəm milli dövlətçilik ideyalarını həyata keçirməyə başladı. Bu müddətdə müharibədə atəşkəsin və ölkədə siyasi sabitliyin tam təmin olunması dövlətin gələcək iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan yaratdı. Sosial-iqtisadi, hüquqi-siyasi sahələrdə islahatlar proqramının həyata keçirilməsinə start verildi. Müstəqil Azərbaycanın konstitusiyası qəbul edildi, dövlət quruculuğunun hüquqi bazası yaradıldı. Ölkənin iqtisadi və sosial inkişafı, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən ardıcıl işlər bütövlükdə müstəqillik və milli dövlətçilik ideallarının bərqərar olmasına yönəldi.
Ulu öndərimiz təkcə qüdrətli Azərbaycan dövlətini yaratmadı, həm də onun əbədiliyini təmin edən mükəmməl dövlətçilik ideologiyasının – azərbaycançılıq ideologiyasının əsasını qoydu. Onun müəyyən etdiyi strateji xətt gələcəkdə də Azərbaycanın simasını və inkişaf istiqamətlərini müəyyənləşdirəcəkdir.
Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra ordu quruculuğu siyasətini də davam etdirdi. Qətiyyətlə deyə bilərik ki, müasir Azərbaycan dövlətinin ordu quruculuğu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də ümummilli liderin, müasir və modern Azərbaycan Ordusunun yaradıcısı H.Əliyevin siyasi kursu uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, milli ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Bunun ən bariz nümunəsi Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində qazanılmış qələbə oldu. Bu qələbəni bizə H.Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə doğulan və böyüyən, İ.Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə yetişən və fomalaşan gənclər bəxş etdilər. 2003-cü ildə 10-15 yaşında olan bu gənclər Vətən savaşına qatılan 25-35 yaşlı qəhrəmanlara çevrildilər, yeni tarix yazdılar, əsrimizin qəhrəmanlarına çevrildilər. Bu qəhrəmanlar Cümhuriyyət dövründən bizə əmanət qalan üçrəngli bayrağımızı Qarabağda yenidən dalğalandırdılar. Sübut etdilər ki, “Bir kərə yüksələn bayraq bir daha enməz”.
Əgər Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, müstəqilliyimizin əbədi və dönməz edilməsi isə ancaq ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
O, AXC-nin varisi olan müstəqil Azərbaycan Respublikasını yırtıcı əllərin pəncəsində parçalanmaqdan xilas etdi. Danko qaranlıqda çaşıb qalmış xalqı azadlığa qovuşdurmaq üçün ürəyini məşəl etdiyi kimi H.Əliyev də “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”, - dedi. Özünün möhkəm siyasi iradəsi, qətiyyəti, müdrikliyi ilə vətəndaş müharibəsini söndürdü, ölkədə içtimai-siyasi sabitliyi təmin etdi, dövlət müstəqilliyini qoruyub möhkəmləndirdi. Dünya planetimizin ən görkəmli siyasətçilərindən biri olan H.Əliyevin dilindən Azərbaycan həqiqətlərini eşitməyə və duymağa başladı: ”Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir...”
Bu gün böyük qürür hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirir. Təsadüfi deyildir ki, AXC-nin yaranması gününü əziz tutan, həmin günü Respublika Günü elan edən ümummilli liderimiz H.Əliyev dəfələrlə bildirmişdi ki, biz indi demokratik Azərbaycan dövlətini qururuqsa, bunu Azərbaycan Xalq Cümhuriyyətinə borcluyuq.
Artıq 30 ildən çoxdur ki, Azərbaycan xalqı müstəqillik dövrünü yaşayır. Müstəqillik illərində ölkəmizin siyasi, iqtisadi və hərbi qüdrəti ötən hər gün güclənmiş, vətənimiz sürətlə inkişaf etmiş, bütün sahələrdə yüksək göstərici və nəticələr qazanılmışdır. İndi Azərbaycan dünyada söz və nüfuz sahibi, sabit, inkişaf edən, iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünya birliyində öz layiqli yerini tutmuş bir dövlətə çevrilmişdir.
Respublika Gününüz mübarək!
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)
“Balabilgə” dərgisinin 2-ci sayı işıq üzü görüb
“Hədəf Nəşrləri” tərəfindən təsis edilən elmi-kütləvi məktəbli dərgisi “Balabilgə”nin 2-ci sayı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dərgi “Alimləri tanıyaq” rubrikası altında yayımlanan “Beyni oğurlanan dahi” yazısı ilə başlayır. Materialın müəllifi Rəna Abbasovadır.
Cavad Nur “Bir gün bir filmə baxdım...” rubrikası altında “İnsanlıq dərsi keçən robot”dan danışır.
Ardınca Vəfa Alışzadə “Gəl STEAM oynayaq”rubrikasında “Sonsuz dünya, sonsuz oyun” yazısı ilə “Minecraft”dan söz açır.
Oxucular “Qəribə canlılar” rubrikasında Günel Rəcəb və Ləman Abdullayevanın qələmində Dambo səkkizayaqlısı, qoblin köpəkbalığı və yapon hörümçək xərçəngi ilə tanış ola biləcəklər.
Bundan başqa, Söner Öztürkün tədimatında “Vizual və morze kodlaşdırması ilə tanış olmaq mümkündür.
Rəna Abbasova “Tarixi elmi ixtiralar” rubrikasında “İlk avtomobilin tarixçəsi”ni təqdim edir.
“İqlim sənin əlindədir” rubrikasında Katerina Terletska və Dmitri Kuzmenkonun müəllifliyi ilə “İstixana effekti”ndən danışılır.
Oxucular bu yazı vasitəsilə maraqlı təcrübə keçirə bilərlər.
Vəfa Alışzadə “Müasir elmi ixtiralar” rubrikasında “Sürət qatarlarının tarixi”nə səyahət edir.
Günel Rəcəb “Kitabını göstər” rubrikasında “Balaca Bilgənin həkimlik macərası”ndan söz açır.
Nizami Hüseynov “Krossvord” rubrikasında oxucuları sınağa çəkir. Bundan başqa, o, balabilgələrə interaktiv SOS oyununu təqdim edir.
Qeyd edək ki, 8 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulan dərgi Hədəf STEAM Liseyinin Elmi-Metodiki Şurasının tövsiyəsi ilə dərc olunur
Dərginin qiyməti 2 AZN-dir.
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)