Həqiqətin gözünə dik baxan jurnalist... Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Deyir ki:- “Bir insan ömrünün bütün əlamətlərini yaşamışam. Enişim də olub, yoxuşum da, rahatlıq da keçirmişəm, narahatlıq da, lakin bütün hallarda çalışmışam ki, ömrümü məntiqlə yaşayım. Doğru-düzgün olub-olmamağından asılı olmayaraq, yaşam məntiqim həmişə olub, bu gün də var. Ancaq doğrusu, yaşadığım illərdən çox, mən yaşayacağım illər haqqında düşünmüşəm. Doğrudur, yaşanmış illərə arxada qaldı demək düzgün olmazdı, çünki yaşayacağımız illərdəki hər şeyin fundamenti məhz bu illərdə qoyulub. Yaşadığımız illər ömrümüzün sonuna qədər bizimlə gedəcək. 40-50 yaş normalda kiminsə ömrünün tam hissəsi, kiminsə ömrünün yarısı, kiminsə ömrünün böyük bir hissəsi, kiminsə ömrünün sonluğunun ərəfəsidir. Həyatda başqa hər hansı bir şeyin sayımından söhbət gedəndə 40 ya 50 rəqəmi xüsusi bir məna kəsb etməyə bilər, ancaq insan ömrünün ifadəsinə yönələndə, 40 da, 50 də hikmətli rəqəmlərdir. İnsan ömrünün elə bir pilləsi var ki, o pilləyə qədər insan ancaq seçilmiş nəsnələrdən zövq ala bilir, maddi, mənəvi olmağından asılı olmayaraq, hər şeyin idealını axtarır və arzulayır. Elə ki 50-ni keçdi, yaxşı ya pis olmağından asılı olmayaraq, insan hər şeyi yaşamağa və qəbul etməyə hazır olur...”

 

O, 18 iyul 1960-cı ildə Naxçıvan rayonunun Cəhri kəndində dünyaya gəlib. 1983-cü ildə indiki Bakı Dövlət Universitetin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib vəuzun müddət tikintidə fəhlə işləyib. Sonra Naxçıvan Dövlət Plan Komitəsinin bir idarəsində elmi redaktor, Naxçıvan Dövlət Universitetində laborant və müəllim vəzifələrində çalışıb. Naxçıvan Ali Məclisində sədrin siyasi məsələlər üzrə müşaviri, Naxçıvan Ali Məclisində şöbə müdiri, Naxçıvan Elmi-Texniki İnformasiya və Təbliğat Mərkəzində, Naxçıvan Dövlət Pedaqoji Universitetində müxtəlif vəzifələri icra edib. 1990-cı ildən başlayaraq "Ağrıdağ", "Ordubadın səsi", “Ülfət”, İki sahil, "Rezonans", "525-ci qəzet” kimi Azərbaycan və Naxçıvan miqyaslı mətbuat orqanlarında siyasi-publisustik və analitik məzmunlu məqalələrlə çıxış edib. 2001-ci ildən 2003-cü ilədək "Hürriyyət" qəzetinə rəhbərlik edib, 2003-cü ildən isə “Bakı Xəbər” qəzetində baş redaktor kimi çalışır.Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Sinəsini "Tərəqqi" medalı bəzəyir...

 

“Əslində biz hamımız yerimizdəyik. Dəyişən siyasi proseslərdir. Siyasət də, mətbuat da insan fəaliyyətinin ən elitar sahələrindən biridir. Elitar və intellektual sahələr olduğu üçün, bu meydanlarda səhv buraxmaq yox, buraxmamaq təəccüblü olardı. Səhvlər də, siyasi baxışların dəyişməsi də mümkündür. Kimlər ki, siyasətdə öz ambisiyalarına və daxili aləminə baxaraq siyasi baxışlarını müəyyənləşdirir, onların siyasi baxışları heç vaxt dəyişmir. Ancaq bu cür dəyişməzlik bütün hallarda cəmiyyətə ziyan vurur, tərsliyə çevrilir. Lakin kimlər ki, reallıqda gedən praktik proseslərə baxaraq öz siyasi baxışlarını müəyyənləşdirir, onların siyasi baxışlarının dəyişməsi həm normal, həm də faydalıdır. Reallıq dəyişirsə, bizim siyasi baxışlarımız necə dəyişməyə bilər?! Bununla belə, bir ölülər, bir də dəlilər fikrini dəyişmir kimi ifrat yanaşmalara da heç vaxt şərik olmamışam.”- söyləyir.

 

O, 1992-ci ilədək Azərbaycan Demokrat Partiyasının(ADR) üzvü olub. 1992-ci ildə isə partiya sıralarından xaric edilib. 1992–ci ildə Yeni Azərbaycan Partiyasına(YAP) üzv yazılıb. 1998-ci ildə bu partiyanı da tərk edib və bir qədər sonra Demokratik Azərbaycan Partiyasını(DAP) təsis edib. 1998-ci ildə DAP-ın VI qurultayında rəhbərlik etdiyi partiya ADR-lə birləşib. 2005-ci ildə isə ADR-in Mərkəzi Nəzarət Təftiş Komissiyasının iclasında onun partiya sıralarından çıxarılmasına qərar verilib və bu qərardan sonra o, partiyadan xaric olunub... 

 

Deyir ki:- “Mətbuatımızda çox şey dəyişib. Dinamika var. Dünən əvvəlkindən, bu gün dünənkindən seçiləcək qədər yaxşıdır. Sabah daha yaxşı olacaq. Bir vaxtlar media ilə bağlı rəsmi ünvanlara yönəltdiyimiz tənqidi məsələlər bu gün, demək olar ki, həll edilib. Mediamız daha çox dövlətçi olmağa başlayıb. Mediaya dövlətin dəstəyi artıq bir institut kimi formalaşıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə mediamızda inkişaf fenomenləri daha çoxsaylı və sürətli olmağa başlayıb. Neqativlər, sözsüz ki, yenə var, lakin mediamızın özünün içində bu neqativləri əritməyə və yox etməyə qadir mexanizmlər də formalaşıb. Bu mənə həm jurnalist, həm də siyasətçi demək olar. Bu peşələrin hər ikisi mənim üçün doğmadır, qabiliyyətlərimə uyğun gəlir. Hər iki sahə təsadüfi adamları sevmir. Hər iki sahədə məşğuliyyət insandan başqa bir sıra sahələrdə önəmli olmayan keyfiyyətləri tələb edir. Ancaq unutmayaq ki, jurnalistə  siyasətçinin tribunası gərək olmaya bilər, lakin siyasətçi üçün jurnalistin tribunası vacibdən vacibdir. Fikrimcə, bu peşələr bir-birinə nəinki mane olmur, hətta bir-birini tamamlayır. Siyasi düşüncəsi zəif şəxsin yaxşı jurnalist olması da, yazı-pozusu olmayan şəxsin sanballı siyasətçi ola bilməsi də eyni dərəcədə mümkünsüzdür. Bu gün belə keyfiyyətlərə malik jurnalist sabah siyasətçi, siyasətçi isə jurnalist kimi tam uğurlu fəaliyyət göstərə bilər...”

 

Qəlbinin dərinliyində təkcə özü barədə deyil, həm də atrafdakı insanlar barədə düşünür. Yaxın dostlanna çox qaygıkeşlıklə yanaşır. O, kiminlə dostlaşırsa, demək olar uzun müddət, bəlkə də hamişəlik bu münasibəti saxlayır. Dostlarının uğurlarına sevinən adamdır. Başlarına bir iş gələndə isə çox kədərlənir. Hətta dostları ciddi xəstəliklərə düçar olanda gecə-gündüz onlara qulluq etməyə hazırdır və hücumu ən yaxşı müdafiə hesab edir. İnadcıl, vicdanlıdır. Nə kiminsə haqqına girir, nə dəki öz haqqını güzəştə getmir. Bir sözlə, barəsində söhbət açdığım Aydın Quliyev həqiqətin gözünə dik baxa bilir...

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.