
Super User
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Vida Heşmətidən “Tanrı boyalı saçlarım”
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vida Heşmətinin şeirlərini təqdim edir.
Vida Heşməti
Vida Heşməti, 1968-ci il oktyabr ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, uşaqlıq dövründən ədəbiyyata marağı olduğu üçün Təbriz universitetində fars dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Onun “Ağ qanadlı kəpənək” və “Ulduzların nəğməsi” adında uşaq kitabları çap olunmuşdur. Kitabın rəsimlərini şairənin bacısı Lida Heşməti çəkmişdir. Şairənin “Tanrı boyalı saçlarım” adlı şeir kitabı da 2021-ci ildə Təbriz şəhərində çap olunmuşdur.
TANRI BOYALI SAÇLARIM
Saçlarım...
Doğu yellərin qançıllığı
Buludların manifesti
Batı qızlarının yağış lirikası
Gözü yaşlıdı tellərim.
Saçlarımda yellər ulayır kəndımi
Və hörükləyir çaylaqları
Su tökür qadınlar əlimə.
Bu mənəm “Vida”
Bu mənəm...
Bu mənəm türkün şeir qızı!
Saçlarım...
Günəş kölgəli saçlarım.
Mürgü döyür
Röyasında məni Təbriz
İndi şənbədi birçəklərim
Və bir sərçə yuva qurur
Mənim
Tanrı boyalı saçlarımda...
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Ötən ay ən çox oxunanlar
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalında ötən ay ən çox oxunan yazıların sıralanmasını təqdim edirik.
Xəbərlər və müsabibələr yenə də ən çox oxunanlar arasında üstünlük təşkil edir. Bədii ədəbiyyat nümunələri, reportajlar və resenziyalar yenə də oxunma sayında bir qədər uduzurlar.
1.Növbədənkənar Azərbaycan Respublikası Prezidenti Seçkilərinin elan edilməsi haqqında Sərəncam (07.12) Gündəm
2.”Cümə günü Əbülfəzqızının 10 sualı”nda İqbal Nəhmət (08.12) Ədəbiyyat
3.”Bu gün müəllimlərin qurultayıdır” - Habil Yaşarın yazısı (15.12) Və digər
4.Ho amato persino la pietra - italyancadır, xəbər (12.12) Ədəbiyyat
5.Faiq Balabəyli:”Dənizə oxşamışam” - müsabibə (30.12) Ədəbiyyat
6.”Müasir gənclik artıq zet mərhələsini keçərək Siqma nəslidir” - Xatirə Həsənova ilə müsahibə (21.12) Və digər
7.”Cümə günü Əbülfəzqızının 10 sualı ilə”də Əkbər Qoşalı (15.12) Ədəbiyyat
8.”Ədəbiyyat və incəsənət” portalı Türk dünyası media mükafatına layiq görüldü -xəbər (10.12) Gündəm
9.AYB Lənkəran Bölməsində ədəbi müzakirələr keçirilib (25.12) Ədəbiyyat
10.”Dar ağacı kimi xatirələrdən asılırsan” - Aygün Fikrət Hüseynzadənin şeirləri (14.12) Ədəbiyyat
11.”Cümə günü Əbülfəzqızınln 10 sualı ilə”də Musa Ələkbərli (01.12) Ədəbiyyat
12.”Biri ikisində”də Günel Balakişi Ağayevanın şeirləri (13.12) Ədəbiyyat
13.”Məncə kitabın bədəni var…” - Esra Karagülle ilə müsahibə (13.12) Ədəbiyyat
14.Fransız şairi Hamid Larbinin kitabı Londonda nəşr olunub - xəbər (30.12) Yeni nəşrlər
15.”Beyləqanın yovşan qoxusu” -Aygün Bayramlının şeirləri (18.12) Ədəbiyyat
16.”Zəlzələ olanda o, əlinə kitab götürüb qaçıb” - Gamze Bargın Bulmuşla müsabibə (27.12) Ədəbiyyat
17.”Bəyazlar içində” - Leyla Ümidin yazısı (08.12) Və digər
18.Habil Yaşardan Türkiyə mediası müsahibə alıb - xəbər (30.12) Türksoy
19.Komitə sədri Fazil Mustafa təltif olunub - xəbər (24.12) Gündəm
20.”Üç şagirdim şəhid, otuzdan artığı qazidir” - Tural Nəbiyevlə müsahibə (12.12) Və digər
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Vaqif Səmədoğlunun vəfatından 9 il keçdi
Könül, “Ədəbiyyat və incəsənət”
Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya, hayana gedək...
Bahar həsrətiylə payız axşamı
Yenə həzin-həzin titrədi ürək.
Yağışın əlindən qaçıb bir küncə,
Dayandıq üzümüz dənizə sarı.
Yenə tapılmadı payız gəlincə
O uzaq günlərin itmiş açarı…
Bu şeirdə payız vəsf olunub. Yayda doğulan və qışda vəfat edən Vaqif Səmədoğlu ən çox elə yayı sevib, amma ən çox payızı vəsf edib. Ömrünü payıza bənzətdiyi üçün. Payız qədər qəmli, kədərli, həm də müdrik olduğu üçün…
Xalq şairi Vaqif Səmədoğlunun vəfatından 9 il keçdi. Bu il iyunda anadan olmasının 85-ci ildönümünü də qeyd edəcəyik. Bəli, 2024-cü il onun yibiley ilidir.
Azərbaycan poeziyasında öz yolu, öz dəst-xəti ilə seçilən, heç kəsə bənzəməyən qələm sahiblərindən idi Vaqif Səmədoğlu. Ömrü boyu yazsa da, az çap olunan şair həmişə özünü, qəlbini, ruhunu kağıza köçürdü. Səməd Vurğun kimi böyük söz ustadının evində dünyaya göz açdı. Şairlər diyarı Qazağın poeziya ruhu damarlarında axan qana qarışdı.
İlk laylasını “Azərbaycan” şeiri üstə köklədilər. Bəlkə də bu səbəbdəndir ki, özü də, sözü də böyüdü, Azərbaycan boyda oldu. İlk qələm təcrübəsindən son şeirinə qədər heç kəs onun yaratdıqlarının yaşının hansı dövrünə aid olduğunu bilmədi. Bu, artıq Allah vergisi, bənzərsiz istedad idi. Vaqif Səmədoğlu dövrünün qəribə şairi idi. Onun poeziyasında inilti, sızıltı, ah-nalə yoxdur. Bəşəri bir kədər var. İnsanları düşündürən, duyğularına həzinlik, kövrəklik, xeyirxahlıq gətirən, dünya poeziyasını məşğul edən əbədi bir kədər.
Ömrümə duman gəlib,
Deyəsən, yaman gəlib,
heç kəsə demə…
Bu dumana qapımdan,
çıxan kimi azmışam
yenə şeir yazmışam,
heç kəsə demə…
Daş evlər arasında
neyləyər duman mənə?
Gülüm, diriyəm yenə,
heç kəsə demə…
Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir. Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaradıb. O, müraciət etdiyi rəngarəng mövzularda Vətən obrazını daim diqqət mərkəzində saxlayıb.
Onun “Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. Şairin əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.
Şairin yaradıcılıq yoluna nəzər salan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov yazır: Vaqif Səmədoğlunun müdrik ironiyası ona saxta gülüşün, laqqırtının Azərbaycan teatrı səhnələrini başına aldığı bir dövrdə "Uca dağ başında", "Bəxt üzüyü", "Lotoreya", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri", "Mamoy kişinin yuxuları" kimi pyesləri yazdırdı ki, onlar bütövlükdə milli ictimai şüurla oyadıcı, maarifləndirici təsirini göstərdi. Ümumiyyətlə, Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran, əgər belə demək mümkünsə, "böhranlı" məqamları həssaslıqla müəyyənləşdirən mütəfəkkir bir sənətkardır”.
Ruhu şad olsun!
Bu payız da başlandı,
Bu yağış da…
Ölülərim,
Dirilərim dolanır içimdə,
Xatirələr səyriyir gecəmdə,
Təkliyimi minib at tək
Yanır
sönür
ötür ömrüm…
Ekspreslər dayanmayan
Kiçik stansiyalar tək…
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Lənkəranda böyük Füzulinin 530 illiyi qeyd edilib
Yanvarın 27-də Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin "Söz" ədəbi məclisində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibəti ilə tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərlidən verilən məlumata görə, bölgə yazarları və ziyalıların iştirak etdiyi tədbirdə böyük Füzulinin həyat və yaradıcılığı barədə məlumat verilib, əsərlərindən qiraət edilib.
Dahi şairə həsr olunan şeirlər və əsərlərinə yazılan təxmislər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda Bölmənin tədbirlərində fəal iştirakına görə şair-qəzəlxan Məmməd Əvəzoğluna AYB Lənkəran Bölməsinin Fəxri Fərmanı təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Özümdən özümə məktub –ESSE
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Salam, əzizim. Necəsən? Bilirəm ki, məndən incimisən. Amma sənə yazdığım məktublar hamısı cavabsız qalmış, mənimlədir. O məktublar sənə çata bilməzdi, əsir idin. Bil ki, gözəlim, mən o məktubları sənə göz yaşlarım, ürəyimin qanıyla yazmışdım. Sənin necə də qəribə taleyin var?! Ömrümüzə qara yazılan İllərdə hara getdimsə səni axtardım, aradım... Gecələr ulduzların arasında, çiçəkli yamyaşıl yamaclarda, dərələrdə, bulaqların şırıltısında, əsən küləklərdə, dağların zirvəsində, sevən könüllərdə, dərdli-qəmli ürəklərdə axtardım səni. Tapmadım...
Gözəlim! Sən mərdliyinlə, qürurunla öyünürdün. Sənin gözəlliyinə kimlər məftun olmamışdı?! Yadlar gəldi, səni məndən almaq istədilər, ala bilmədilər. Səni sıldırım, əlçatmaz yerlərə apardım. Döyüşdüm. Nə qədər səni sevənlər qanlarını tökdülər, qoymadılar ki, Azərbaycan gözəli yadlar əlinə keçsin.
Qaşı qara, gözü qara, gözəllər gözəlim! İlk baxışdan sənin qara gözlərin, baxışın yağının gözündən qaçmadı. Səni əldə etmək üçün qəsdinə durdular. O müdhiş qaranlıq gecədə Şeytan mələk biçimində hiyləyə əl atdı. Yer titrədi, göy guruldadı, əcaib əjdaha sifətlilər səni əsir götürüb igidlərin tikdiyi qalada saxladılar. O qala şüşədən idi. Ona görə elə qala tikilmişdi ki, bir gün şüşə sınarsa o şüşələr Gözəlimi oğurlayanların üstünə tökülüb onları məhv etsin. Amma onlar səni məhv etmədi, əsir saxladı, tabe olmadığını görüb sənə zülm etdilər. Əllərin əlimdən uzaq düşdü. Ruhumu ruhuna bağladım, sənin həsrətinlə ağladım, ah-fəğan etdim. Leylini sevən Məcnun tək tənhalığa üz tutdum. Sevdiyin çiçəyi axtardım, şehsiz çiçəklərə rast gəldim.
Qəmdən, kədərdən uzaq yaranmış mələklər də ağladı, göz yaşı tökdü o gecə.
Sənin iniltini hər gecə eşitdim. Səsin həmişəki səs deyildi, zəngulə vurmurdu. o mehriban və səmimiyyət dolu səsində indi ağrı, kədər, inilti vardı, xəstə olduğunu duydum - sən heç vaxt bu əzabları mənə deməzdin, bildirməzdin!
Ölmək istədim, ölə bilmədim. Gözlər gəldi gözlərimin önünə. Hara gedirsən, özünü unudub hara gedirsən. Özünə kənardan baxa bilməyən o gözləri kor et əvvəlcə. Qəlbim parçalanıb muma döndü. Sənə olan sevgim sönməyən şama dönüb illərlə yandı. Qanlı göz yaşları axdı yanaqlarımdan. Məni yaşadan yalnız sənə olan sevgim oldu.
Ah, necə oldu axı, mən sənin içində qovrulan o ağrılı ruhunu duya-duya yaşadım. Yer xəcalətindən bir daha ətirli gül bitirmədi ki, gözəlim o gülün ətrini duymayacaq. O gülün yerində tikanlar bitdi yalnız.
Tanrım mənə dözüm verdi. Tanrıya güvəndim, möcüzə gözlədim. Sevginin məhv olduğu yerdə nifrət daha da güclənər deyirlər. Üzümüzə nurlu sabahın açıldığı bir yaz səhərində dedim: Daha bəsdir! Hayqırdım...Dağlar bu səsdən diksindi, yer, göy yandı, töküldü.. Yenə də sənə çata bilmədim. Yağı sənin qarşında çal-çağır edib mənə yanğı verdi. Bu dərdə necə dözdüm. Qanlı qaladan səni necə geri alacağımı fikirləşdim, fikir yollarında azıb qaldım, bir an keçənləri unudaraq yenə yaşamaq istədim. Bacarmadım. Necə yaşamaq olar? Günəşə həsrət qalan kor insan kimi yalnız bu kəlmələrlə özümü sakitləşdirdim: Gözlə, gələcəyəm! Mütləq səni azad edəcəyəm! Əllərimi uca tanrıya uzadıb möhlət istədim. Tanrıdan bir səs gəldi: - Səbr et, o gün gələcək. Səbr etdim, səbrimə “qorxdu” dedilər.
Bir nur üzlü pəhləvan peyda oldu, bəyan etdi ki, mən Azərbaycan gözəlini o əjdahanın əlindən qurtaracağam. Ağ atlı pəhləvan çox çətin bir yola çıxdı. Vətən torpağını sevənləri öz ətrafına topladı, onları qanlı döyüşə səslədi. “Allahu əkbər”- deyib, yağı üstünə atıldı. Qeyrətli, namuslu, Azərbaycan gözəlini onların əlindən aldı. O zəfər günü Şiş dağlarda sənin xilasına gələnlərə Tanrı da kömək etdi. Duman dağlara üz tutan xilaskarlarını düşməndən gizlətdi. Nəhayət sən əsirlikdən xilas oldun.
Ey, Azad Azərbaycanın məğrur gözəli! Üzündən xəcalət rübabını götür. Qoy bütün dünya bilsin ki, Sən azadsan! Yaralarını sağaldacaq məlhəmlərin hazırdır. Tez bir zamanda sağalacaq, yenə də mənə qayıdacaqsan. Artıq Vətənsevənlər od nəfəsləriylə sənə uzanan xain əlləri yandırdılar, kül etdilər. Həmin anda sən od saçan gözlərə, qaynar nəfəslərə baxıb, zənciri qırılan qollarını irəli, mənə uzatdın:- “Mən səni gözləyirdim, inanırdım ki, gələcəksən. Sənin eşqinə, sevginə inanırdım. Sən, qanqal dolu yollarla ayaqyalın gəldin yanıma, mənim xilaskarım. İndi əllərimi sənə uzadıram, tut əllərimdən məni ayağa qaldır. Mən azadam, sənə qayıdıram. Bizləri ayıran yollar artıq bir ünvandadır. Biz birlikdəyik!”
Zülmət dolu acılı günlər sevinclə əvəz olundu. İçimdən bir səs gəldi, bağırdım:- Daha yanındayam, səni heç kəsə bir daha vermərəm!
Uşaq kimi sevinib, qədəmlərinə “qurban” dedim.
Hörmətlə: Səni sevib, gözləyən
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Şəhidlər barədə şeirlər – Fərid Məmmədov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Fərid Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.
FƏRİD EYVAZ OĞLU MƏMMƏDOV
(12.10.2000.-15.10.2020.)
Kürdəmirin Şıxımlı kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
FƏRİD
Ucaltdın hünərinlə elimizin adını,
Xalqımız da unutmaz öz əziz övladını.
Şıxımlı kəndində sən, dünyaya açmışdın göz,
Zəhmətkeş bir ailədə böyümüşdün halal, düz.
Mehriban övlad idin, el-obanı sevirdin,
Vətən məhəbbətini bir dastana çevirdin.
Dözdün hər çətinliyə, sonsuz mətanət ilə,
Oğul-əsgər borcunu verdin ləyaqət ilə.
Qurtardın əsgərliyi, aydın idi məqsədin,
Hərbidə xidmət idi həmarzun, həm mətləbin.
Əziz Qarabağımız əsirdisə, düşməndə,
Ülvi arzularımız, salınıbsa kəməndə,
Oğul, rahat olarmı, sual verdin özünə,
Elə bu məslək ilə düşdün zəfər izinə.
Hər əsgərə demirlər nə qəhrəman, nə igid,
Bütün əsgər dostların səni sevirdi, Fərid.
Qan-qada savaşınd agöstərdin qəhrəmanlıq,
Hünərin bir nağıllıq, hünərin bir dastanlıq.
Talışda, Füzulidə, Ağdərədə vuruşdun,
Suqovuşan kəndində ölməzliyə qovuşdun.
İndi sən hamımızın fəxrisən, igidisən,
Hamımızın doğması, hamının Fəridisən.
Siz vətən eylədiniz qanınızla torpağı,
Siz azad eylədiniz düşməndən Qarabağı.
O üçrəngli bayrağı uca etdi Fəridlər,
Əbədi yaşayacaq ürəklərdə şəhidlər.
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Sonu gülüstanlara çıxan dağ çayına bənzəyən Aşıq Ədalət…
SAZ SƏNƏTİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİNİN 85 İLLİYİNƏ
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Şənbə günü türk dünyasının böyük sənətkarı, ozanı, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun anadan olmasının 85 illik yubileyi günü idi. Hər ilin 27 yanvar günü onun günüdür.
Bir-birindən bəznzərsiz saz ifaları ilə milyonların məhəbbətini, sevgisini, hörmətini qazanmış ustad Ədalət aşıq sənətinə də yeniliklər, müasirlik gətirmişdir. Dədə Ədalətin sazında ifa olunan bütün havalar bir tarix kimi yaddaşlarda yaşayıb, bundan sonra da yaşayacaq. Çünki Aşıq Ədalətin bütün ifaları ruhu ilə, canı ilə ifa olunurdu. Ustad Aşıq yaşadığı bütün ömür boyu daim dövlətinin də sevgisini qazanmışdır. “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm”, “Kərəm Gözəlləməsi” və başqa bu kimi saz havaları Ustad Ədalətin ifasında daha gözəl, fərqli bənzərsiz ifaçılıqla alınmışdır.
Ürəyimizdə, tariximizdə, aşıq sənətində əvəzedilməz iz qoymuş, dahi sənətkarımız Aşıq Ədalət Məhəmmədəli oğlu Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda anadan olub. O, saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət allb. Uşaqlığında bir məclisdə saz çalmağı Xalq şairi Səməd Vurğunu heyran edib, dahi şairimiz də onun sazının vurğununa çevrilib.
Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”.
Ulu sənətkar 14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib. Öz vəsiyyətinə uyğun olaraq 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub.
Qazax” Xeyriyyə İctimai Birliyi Qazax rayon İcra Hakimiyyəti ilə birgə ustad aşıq Dədə Ədalətin xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində möhtəşəm qəbirüstü abidəsinu ucaldıb. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı, tanınmış heykəltəraş Natiq Əliyevdir.
Həmçinin Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Xaçmaz rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Dədə Ədalətin möhtəşəm büstü ucaldılıb.
15 sentyabr 2018-ci ildə xalq izdihamı ilə ustad aşıq Dədə Ədalətin Qazaxda qəbirüstü abidəsinin açılışı baş tutub.
"Qazax" Xeyriyyə İctimai Birliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu il ustad aşıq Dədə Ədalətin 85 illik yubiley tədbiri Qazaxda təntənəli şəkildə qeyd ediləcək.
85 illik yubileyin mübarək, USTAD! Ruhun şad olsun, DƏDƏ ƏDALƏT!
Şəkillərdə: Aşıq Ədalətin portretindən reproduksiya (rəssam Qafar Sarıvəlli); şairin məzarüstü abidəsi.
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
“Bu il Bakıda ən azı 4 brend hotelin açılışı gözlənilir”
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hazırda ölkəmizdə 800-ə yaxın yerləşmə vasitəsi fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu AzərTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam söyləyib.
“Yaxın zamanda Bakı və regionlarda, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində bir neçə brend hotelin açılışı nəzərdə tutulur. Bakıda ən azı 4 brend hotelin açılışı və 4 beynəlxalq brendə rebrendinq gözlənilir. Regionlarda tələblərin yüksəlməsi kiçik və orta yerləşmə vasitələrində inkişafa gətirib çıxarıb”, - deyə baş icraçı direktor bildirib.
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib
Yanvarın 27-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə regionlardakı teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müşavirədə nazirliyin məsul əməkdaşları, regional mədəniyyət idarələrinin rəisləri, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Qazax, Şəki, Ağdam, Füzuli, Qax, Qusar və Salyandan teatr və konsert müəssisələrinin rəhbərləri iştirak ediblər.
Nazir çıxış edərək bildirib ki, ölkə başçısı tərəfindən paytaxtla yanaşı, bölgələrimizin də inkişafı diqqətdə saxlanılır. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları bölgələrdə mədəniyyət təsisatlarının təkmilləşdirilməsi və inkişafı, xüsusilə region teatrlarının binalarının təmiri və yenidən qurulması, vətəndaşların mədəni istirahətinin daha yaxşı təmin olunması ilə bağlı mütəmadi işlər görülür.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu da regionlarda mədəni quruculuğa böyük töhfələr verir, Fondun dəstəyi və təşkilatçılığı ilə mədəniyyət sahəsinin inkişafına xidmət edən silsilə layihələr həyata keçirilir.
Qeyd edilib ki, teatr-tamaşa müəssisələrində yaradıcılıq potensialının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Repertuar tərtib edilərkən nazirlik tərəfindən yaradılmış “Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə “Ekspert şurası”nın rəyləri nəzərə alınmalıdır. Teatrların repertuarı üçün əsərlər seçilərkən ədəbi nümunələrin müasirliyi, ideya-bədii cəhətdən mükəmməlliyi, xalqımızın milli-mənəvi dəyərlərinə uyğunluğu və maarifləndirici xüsusiyyətlərə malik olması vacib şərtdir.
Bildirilib ki, teatrlarda Bədii şuraların aktiv fəaliyyəti təmin olunmalı, marketinq və teatr-sponsor strategiyasının formalaşdırılması, rəhbərlər üçün treninqlərin keçirilməsi, dramaturqlarla əlaqələrin qurulması diqqətdə saxlanılmalıdır. Gənc yaradıcı kadrların öz potensiallarını lazımi səviyyədə nümayiş etdirmələri üçün münbit şəraitin yaradılması da vacib məsələlərdəndir. Regionlarda teatr sahəsində kadr problemini aradan qaldırmaq məqsədilə bir sıra dövlət teatrlarının nəzdində yaradılmış teatr-studiyalarının fəaliyyətinə yenidən baxılmalıdır.
Vurğulanıb ki, konsert müəssisələrində illik abonement konsertlərin hazırlanmasına diqqət artırılmalı, musiqi axşamları barədə məlumat əvvəlcədən ictimaiyyətə elan edilməlidir. Vətəndaşların, xüsusilə də, həssas qrupların teatr və konsert müəssisələrinin xidmətlərindən lazımi şəkildə istifadəsi məqsədilə inklüziv layihələr də həyata keçirilməlidir.
Həmçinin bildirilib ki, paytaxtda fəaliyyət göstərən dövlət teatrlarının və konsert müəssisələri kollektivlərinin bölgələrə qastrol səfərləri təşkil olunmalı, onlar da region sakinlərinin mədəni istirahətinə öz töhfələrini verməlidirlər.
Qeyd edilib ki, bütün müəssisələrdə yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmalı, bununla bağlı əməkdaşlar davamlı şəkildə təlimatlandırılmalıdır.
Müşavirədə çıxış edən Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı, Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev, Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Mirbala Səlimli, Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən İntiqam Hacılı, Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov, Salyan Dövlət Kukla Teatrının direktoru Laləzar Hüseynova, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Həsənov, Qax Dövlət Gürcü Dram Teatrının direktoru Zita Xəlilova, Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Allahverdi Musayev, həmin teatrın baş rejissoru Musa Eyyubov və Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev təkliflərini səsləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Günün fotosu: Rusiyada Boris Nadejdin fenomeni
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bütün Rusiyada insanlar prezidentliyə namizəd Boris Nadejdinin qeydiyyatı üçün imza qoymaq növbəsinə dururlar, baxmayaraq ki, çoxları dəyişikliyə inanmadıqlarını etiraf edirlər.
Prezident seçkilərində iştirak etmək niyyətini bildirən Liberal siyasətçi Boris Nadejdini dəstəkləmək üçün Rusiyada minlərlə insan ayağa qalxıb.
(Foto: Euronews)
Demək, namizəd kimi qeydiyyat üçün ən azı 100.000 imza toplamaq lazımdır. Rusiyanın Ukraynadakı hərəkətlərinə qarşı açıq danışan yeganə potensial namizəd olan Botis Nadejdin 100.000 imzanı qısa zamanda toplaya bilib.
“Mən hər kəsin tərəfdarı olaram, hətta keçəl şeytana belə səs verməyə hazıram, yalnız bir şey dəyişəydi təki. Hərgah, bunun mümkünsüz olduğunu da başa düşürəm…” deyir Nadejdin.
Kremldə isə deyirlər ki, Nadejdin Putin üçün ciddi rəqib deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi Peskov Nadejdinin qərargahından onun üçün artıq 100 mindən çox imza toplandığı bildirildikdən sonra deyib.
Rus dilini bilməyən oxucularımız üçün deyək ki, Nadejdinin soyadı tərcümədə ümidli olmaq deməkdir.
Bəli, Rusiya ümidlidir.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)