O, “Yaşıl eynəkli adam” tamaşası ilə tanındı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Mərhum gülüş ustası, görkəmli aktrisa Nəsibə Zeynalovanın yeganə övladı, Azərbaycan Respublikasının xalq artisti Cahangir Novruzovun bu gün doğum günüdür, Türkiyədə yaşayan aktyor 71 yaşını qeyd edir. Fürsətdən istifadə edib Türkiyədə yaşayan və çalışan digər soydaşımız – məşhur musiqiçi Əlixan Səmədov vasitəsilə Cahangir müəllimi təbrik edir, ona 100 il ömür və sənət zirvəsi arzu edirik.

 

Cahangir Novruzov 1954-cü il iyul ayının 31-də Bakı şəhərində doğulub. 1971-ci ildə orta məktəbi bitirib. Sonra Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakultəsinə daxil olub və SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alaraq 1976-cı ildə həmin institutu bitirib. Diplom işini Musiqili Komediya teatrının səhnəsində Georgi Xuqayevin "Sevgilimin anası" operettasını hazırlayaraq müdafiə edib. Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb.

 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynayıb. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakultəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A. Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib.

 1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1984-cü ildə SSRİ xalq artisti professor G. Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı illər ərzində teatrı Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərinə qastrol səfərlərinə götürüb. 1986-cı ildə Çexoslovakiyada keçirilən "Çeşskaya Buduyovutsa" gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi iştirak edib.

 

1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunan teatr festivalında hazırladığı "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsəriylə birincilik mükafatını qazanıb. 1988-ci ildə Parisdə keçirilən "Bovinyi" teatr festivalında fəxri jüri heyətinin üzvü kimi iştirak edib. 1989-cu ildə Mədəniyyət nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub.

1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbiylə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin "Hamlet" əsərinin motivləri əsasında hazırlanan "Olum ya Ölüm" tamaşası ilə birincilik mükafatı qazanıb.

1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət olunub. Hal hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

 

Filmoqrafiya

1. Bizim Cəbiş müəllim

2. Aktrisanın təbəssümü

3. Qəribə adamlar

4. Qorxma, mən səninləyəm

5. Dad

6. Gedərgəlməz

7. Qoca palıdın nağılı

8. Ordan-burdan

9. Yaşıl eynəkli adam

10. Bəxt üzüyü

11. Ac həriflər

12. Bala-başa bəla!

13. Həm ziyarət, həm ticarət...

14. Sarı gəlin

15. Dəvətnamə

16. Bəylik dərsi

17. Ölüm növbəsi

 

Mükafatları

- "Əməkdar incəsənət xadimi" fəxri adı

- "TÜRKSOY-un 20 illiyi" yubiley medalı

- TÜRKSOY-un "Haldun Taner" mükafatı

- "Qazaxıstanın Fəxri Mədəniyyət Xadimi" medalı

- Azərbaycanın Xalq artisti fəxri adı

- "Diaspor fəaliyyətində xidmətə görə" medalı

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.