Atilla Öztürk,
siyasi şərhçi, AISEDA İctimai Birliyinin həmtəsisçisi, NDU “Xüsusi hüquq” kafedrasının müəllimi. “Ədəbiyyat və incəsənət” üçün
XXI əsr beynəlxalq münasibətlər sistemində çoxqütblülüyün möhkəmləndiyi, suverenlik və milli azadlıq ideyalarının daha yüksək səslə ifadə edildiyi dövrdür. Bu tarixi transformasiyanın tərkib hissəsi olaraq, uzaq Okeaniyada yerləşən Yeni Kaledoniya arxipelaqı da müstəqillik axtarışında olan xalqların səsinə çevrilib. Lakin bu səslərin BMT səviyyəsində eşidilməsi, müzakirə predmeti olması və siyasi gündəmin əsas istiqamətlərindən birinə çevrilməsi təsadüfi deyildi. Bu, konkret siyasi iradənin, liderlik vizyonunun və beynəlxalq tribunaların effektiv istifadəsinin nəticəsidir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin rolunu xüsusi qeyd etmək zəruridir.
Yeni Kaledoniya Fransa Respublikasının inzibati ərazisi kimi uzun illərdir ki, hüquqi və siyasi baxımdan qeyri-müəyyən bir statusda saxlanılırdı. Lakin Kanak xalqının milli kimliyi və azadlıq arzusu sönməyib, əksinə, zaman keçdikcə daha da güclənib. 1980-1990-cı illərdəki qanlı qarşıdurmalar, Noumea Sazişi və bir neçə dəfə keçirilmiş referenduma baxmayaraq, Fransa hələ də bu regionun müstəqilliyini tanımaqdan imtina edirdi. Belə bir vəziyyətdə bu xalqın səsini dünyaya çatdırmaq üçün yeni mexanizmlərə, qlobal həmrəyliyə və siyasi dəstəyə ehtiyac duyulurdu.
Azərbaycanın 2019-2023-cü illər üzrə Qoşulmama Hərəkatına (QH) sədrliyi təkcə texniki rotasiya deyildi. Bu, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və prinsipial mövqeyinin göstəricisi idi. Prezident Əliyev QH çərçivəsində çıxışlarında daim BMT Nizamnaməsində əks olunmuş “xalqın öz müqəddəratını təyin etmək hüququ” prinsipinə istinad etmiş, kolonializmin bütün təzahürlərini qətiyyətlə pisləmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev sadəcə bəyanatlarla kifayətlənmədi. Bakı şəhərində keçirilən beynəlxalq konfranslara, forumlara Yeni Kaledoniya nümayəndələri dəvət edildi. Onların tribuna tapması üçün şərait yaradıldı. Bu, həm siyasi, həm də mənəvi baxımdan ciddi dəstək idi. 2023-cü ilin ortalarında Bakıda keçirilən “Dekolonizasiya: İnsan Hüquqları Konteksində Tarixi Ədalətin Bərpası” adlı beynəlxalq konfransda Kanak nümayəndəsinin çıxışı və Azərbaycan ictimaiyyəti tərəfindən coşqu ilə qarşılanması bir dönüş nöqtəsinə çevrildi.
Fransanın indiki hakimiyyət orqanları bir tərəfdən “demokratiya ixracı”ndan danışır, digər tərəfdən isə öz ərazisindən minlərlə kilometr uzaqda yerləşən torpaqlarda – o cümlədən Yeni Kaledoniyada – xalqın səsini boğmağa çalışır. Bu ikili standartlara qarşı ilk qlobal səviyyəli çıxışlardan biri 2023-cü ilin əvvəllərində Bakıdan gəldi.
2024-cü ilin əvvəlində BMT-nin xüsusi sessiyasında İlham Əliyevin çıxışı böyük rezonans doğurdu. O, açıq şəkildə bildirildi ki, Dekolonizasiya prosesi yalnız Afrika ilə yekunlaşmır. Okeaniya, Karib hövzəsi və Hind okeanı adaları da bu prosesin tərkib hissəsidir. BMT-nin missiyası bu xalqların iradəsinə hörmət etməkdir.
Azərbaycanın beynəlxalq miqyasda neokolonializmə qarşı apardığı prinsipial siyasətin bariz nümunələrindən biri də 2023-cü ilin sentyabr ayında Bakıda keçirilmiş “Neokolonializmlə mübarizə: Bəşəri dəyərlərin müdafiəsi” adlı beynəlxalq konfrans oldu. Bu konfransda Afrika, Karib hövzəsi və Okeaniya ölkələrinin nümayəndələri, o cümlədən Yeni Kaledoniya və Fransız Polineziyası liderləri də iştirak etmiş və öz xalqlarının müstəqillik arzularını ifadə etmişdilər. Konfransda Prezident İlham Əliyevin dəstəyi ilə çıxış edən nümayəndələr, Azərbaycanın bu məsələdə lider rolu oynadığını vurğuladılar. Bu tədbir nəticəsində “Bakı Təşəbbüs Qrupu” adlı yeni beynəlxalq platforma yaradıldı. Həmin qrupun əsas məqsədi müstəmləkə altında qalan xalqların səsini dünyaya çatdırmaq, onların hüquqlarını müdafiə etmək və dekolonizasiya prosesini sürətləndirməkdir. Bakı Təşəbbüs Qrupu artıq BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir neçə təşəbbüs irəli sürmüş və Fransanın müstəmləkə siyasətinə qarşı konkret çağırışlar etmişdir.
Aparılan uğurlu siyasətin nəticəsidir ki, 12 iyul 2025-ci il – Paris yaxınlığındakı Bougival şəhərində keçirilən danışıqların sonunda bütün siyasi fraksiyaların təmsilçiləri ilə birlikdə Fransa Dövləti və Yeni Kaledoniya təşkilatları “Agreement Project of the Future of New Caledonia” (Bougival Sazişi) adlı tarixi sənədi imzaladılar.
Saziş, Yeni Kaledoniya ərazisinin “Yeni Kaledoniya Dövləti” statusu ala biləcəyi, dual (ikinci) vətəndaşlıq hüququnun tanınması və daxili idarəetmə səlahiyyətlərinin genişləndirilməsi kimi əsas prinsipləri əhatə edir.
Müqavilədə təsbit edilir:
1. Siyasi statusun yenidən tənzimlənməsi
Müqaviləyə əsasən, Yeni Kaledoniya "Xüsusi Muxtar Siyasi Ərazi" statusu aldı. Bu status əvvəlki dərəcədə mərkəzdən idarəolunmadan fərqlənərək, daxili idarəetmə, təhsil, mədəniyyət, sosial təminat və yerli hüquq sahələrində daha geniş səlahiyyətlər verirdi. Xarici siyasət və müdafiə isə Parisin nəzarətində saxlanılır;
2. Yeni konstitusion aktın hazırlanması
Fransa və Yeni Kaledoniya nümayəndələrindən ibarət birgə komissiya yaradıldı. Bu komissiya 2025-ci ilin sonuna qədər yeni konstitusion akt layihəsi hazırlamalı və onu həm Fransa Milli Assambleyasında, həm də yerli parlamentdə təsdiqə təqdim etməlidir;
3. Referendum perspektivi
Müqaviləyə əsasən, 2030-cu ilə qədər Yeni Kaledoniyada son və qəti qərar xarakteri daşıyacaq müstəqillik referendumu keçiriləcək. Bu referendumdan əvvəl Fransa üzərinə götürdü ki, Kanak xalqına qarşı diskriminasiyanı aradan qaldırmaq, sosial və iqtisadi bərabərliyi təmin etmək üçün xüsusi proqramlar həyata keçirəcək;
4. İqtisadi və sosial bərabərlik proqramları
Müqavilədə əks olunmuşdur ki, Yeni Kaledoniya üçün 1.5 milyard avro dəyərində sosial-iqtisadi inkişaf paketi ayrılacaq. Bu vəsaitlər infrastruktur, səhiyyə, təhsil və iş yerlərinin yaradılması sahələrinə yönəldiləcək. Kanak gəncləri üçün Fransada ali təhsil almaq imkanları genişləndiriləcək və yerli universitetlərə dəstək artırılacaq.
Fransa tərəfi ilk dəfə olaraq, rəsmi müqavilə sənədində XIX və XX əsrlərdə Kanak xalqına qarşı həyata keçirilmiş kolonial və assimilyasiya siyasətlərinə görə “tarixi təəssüf” ifadə etmişdir. Bu, hüquqi məsuliyyət anlamına gəlməsə də, simvolik baxımdan mühüm əhəmiyyət daşıyırdı.
Bu müqavilənin bağlanmasında beynəlxalq təzyiqlər də mühüm rol oynadı. Xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın sədrliyi dövründə Fransa üzərində artan təzyiq və Kanak xalqına beynəlxalq dəstəyin güclənməsi Parisin kompromisə getməsini labüd etdi. Eyni zamanda, BMT-nin kolonializmlə mübarizə üzrə xüsusi məruzəçiləri bu prosesi müşahidə etmiş və ədalətli qərarın əldə olunması üçün tövsiyələr vermişdir.
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)