Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Var-dövlət gözəl mirasdır, atadan övladlara qalır. İstedad da buna bənzəyir, valideynlərdən övladlara ötürülür. Atadan qalan var-dövlətin aqibəti varislərdən asılı olduğu kimi, istedadın da övladlar tərəfindən necə xərclənəcəyi önəmlidir...
Bəli, ədəbiyyat tariximizdə ən istedadlı şairlərindən biri də Fikrət Sadıq olub. Və o, özündə olan istedadı zamanında övladlarına ötürə bilib. Bu dəfə sizə unudulmaz şairin qızı- Aysel Fikrətdən danışmaq istəyirəm. O, 28 mart 1976-cı ildə Bakı şəhərində dünyaya gəlib. 1982-1992-ci illərdə orta təhsilə yiyələnib. 1992-1997-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Ekran Dramaturgiyası fakültəsində təhsilini davam etdirərək, oranı fərqlənmə diplomu ilə başa vurub. 1997-ci ildən etibarən Azərbaycan Milli Konservatoriyasının nəzdində olan İncəsənət Gimnaziyasında teatr dramaturgiyası fənni üzrə müəllim vəzifəsində çalışır və 2023-cü ildən Milli Konservatoriyanın mətbuat katibidir. Eyni zamanda, AzTv beynəlxalq radiosunda “Ədəbiyyat almanaxı” adlı müəllif verilişi var. O, bu verilişin həm layihə rəhbəri və həm də aparıcısıdır...
Qətiyyətli xanımdır, öz yolu var. Güclü xarakterə malikdir. Cəsarətli, enerjili və iddialıdır. Həmişə yenilik axtarışındadır. Odur ki, təmsil olunduğu cəmiyyətin ən dinamik və təsirli nümayəndəlirindən birinə çevrilə bilir. Uşaq kimi səmimidir. Təşəbbüskarlıq, qətiyyət, həvəs, işgüzarlıq və müstəqillik onun prinsiplərinin əsas qayəsini təşkil edir. Çox praktikdir. Hadisələr qarşısında uğur qazanmaq həvəsini gizlədə bilmir. Həyat yolunda inamla və xüsusi həyəcanla irəliləyir...
Müsahibələrinin birində deyir ki:- “Günəş hər kəsindir. Hərə özü üçün səhəri açır, günəş işığını sevir. Amma hər bir insanın içində özünün günəş işığı var. Yəni o, onundur, ona məxsusdur. O, insanın içindəki işıqdır. Ümumi bütün insanlıq Günəşi qarşılamalıdır. Ola bilər ki, insanın həyatında aydınlıq az olanda, içində uğultunu yaşayanda o fikirləşir ki, küləklə artıq bağrı bir olub. O küləklə artıq doğmalaşır. Məşhur bir əsər vardır, “Küləklə sovrulanlar”. İnsanın çətinliyi, tufanı çox olanda külək ona günəşdən daha doğma olur. Küləkli, dumanlı, yağışlı hava mənə daha əzizdir. Mən orda daha çox işıq görürəm. Ola bilər ki, insan öz xarakterinə, ruhuna uyğun da təbiəti sevir. Mən özümə deyərdim ki, mən yağış ola bilərəm, payız ola bilərəm. Amma yay, qış ola bilmirəm. Bir insan kimi özümü fəsilə oxşatmış olsam, payız və yaza oxşadardım. Yaxşı halımı yaza, qəmli halımı isə payıza...”
Bütün mövzularda yaradıcıdır. Yüksək qavrayış qabiliyyəti var. Müstəqilliyini hər şeydən üstün tutur. Necə deyərlər, öz həyatının aparıcı gücü olmağa üstünlük verir. Qərar verdisə, onun qarşısını almaq çox çətindir. “Mən də buradayam” deyən bir rəftarı var. Bu vəziyyət bəzən başqaları tərəfindən həddindən artıq dominant kimi qiymətləndirilə bilər. Amma, o formallığı sevmir, daim irəlidə olmağa çalışır. Qaydalar onun üçün şərtidir, Mənasız qaydaları isə tanımaq istəmir...
“Ədəbiyyat o qədər güclü olmalıdır ki, bir insan həyatını dəyişdirə bilsin. Məsələn, mən bir yazı yazmışdım, qadın probleminə aid idi. Mənə bir qadın zəng elədi ağlayaraq dedi ki: Siz mənim həyatımı hardan bilə bilərsiniz ki, sən də o həyatı yaşamısan? Bu standart qadın taleyi idi. Çətinlik, əzab, intihara qədər gələn bir həyat idi. Və o qadın deyir ki, mən onu oxuduqdan sonra başa düşdüm ki, dünyada mənim çəkdiklərimi bilən biri var və mən səhərlərimi daha xoşbəxt açıram. Bu baxımdan ədəbiyyat insan düşüncəsini dəyişə bilir. Biz ədəbiyyatla böyümüşük. Ədəbiyyat tərbiyə rolu daşıyır. Ədəbiyyat atanı, ananı əvəz edir. Bir yetim uşaq oxuduğu ədəbi nümunələrlə böyüyə bilər, cəmiyyətə yararlı insan ola bilər. Bu boyda ədəbiyyata elə insanlar gəlir, elə söz yığınaqları danışır, elə titullar alırlar, elə mövqelərdə dururlar ki, ədəbiyyatı yazıq günə qoyurlar. Əgər bir ədəbi tədbirdə biz əyləşmişik və orda cəmi 2 dənə şeir dinləyə biliriksə sevindiyimizdən papağımızı göyə atırıq ki, biz bu şeiri dinləyə bildik. Halbuki biz ədəbiyyat alovuna, işığına yığışmışıq. Bir birimizdən ancaq gözəl ədəbi nümunələr eşitməliyik. Bir birimizlə söhbətlər etməli, fikir mübadiləsi aparmalıyıq. Biz məşhur şairlərin gözəl əsərlərini müzakirə etməliyik. Yoxsa ki, biz gəlirik, görürük ki, kimsə durur, əvvəl özünü öyür, yekə bir medal taxıb sinəsinə. Baxırsan ki, bu insanın heç görünüşü də rəftarı da şair deyil. Orda şeir deyir, deyir şeir bitmir. Onlar bir növ xəstədir. Oda cəmiyyətin insanıdır, mənim o, insanlara nifrətim yoxdur, amma ədəbiyyatda qəbul edə bilmirəm.”- söyləyir.
Bütün bunlarla yanaşı mehriban xanımdır. Onunla dost olmaq adamdan cəsarət və dürüstlük tələb edir. Və siz, bu enerjini onda güclü şəkildə hiss edə bilərsiniz. Həddindən artıq səmimi və mübariz olması sayəsində o, güclü dostlarla yanaşı, düşmənlər də qazanır. Qarasına danışanlar, paxıllığını çəkənlər də tapılır. O, bunu bilənə qədər bəzən çox gec olur. Haqsızlığa qarşı dözümsüzdür. Tək qalmağa, daha çox daxili dünyasına sığınmağa meyllidir...
Deyir ki:- “Düzdür haqsızlığa heç zaman susmaq lazım deyil. Hərdən susmamaq üçün elə yer vardır ki, ora getmirəm. Bilirəm ki, susmayacam, susa bilməyəcəm, getmirəm. Bəzən məcburiyyətdən haqsızlığa dözürəm, amma o zaman özümü sevmirəm. Mən özümü haqsızlığı üzə vuranda, haqqı tələb edəndə sevirəm. Onda özümü sevirəm ki, mən haqsızlığa qarşı mübarizə aparıram, əqidəm dəyişməzdir. Bir də özümdə nəyi sevirəm? Dəyişmirəm də mən. Həmişə o insanlardan qorxmuşam ki, o, insanlar dəyişirlər mövqelərini, baxışlarını. Ən çox qorxduğum şeylərdən biri də dəyişkənlikdir. Buna sədaqətsizlik də demək olar. Məsələn, ilk mənə yaxşılıq edən insanı unutmuram. Ümumiyyətlə, həyatımda rolu olan insanları unutmuram. Ola bilər ki, bir dənə xoş söz deyib, ömür boyu mən ona minnətdaram, içimdə də həyatda da...”
Ədəbi fəaliyyətə 1990-cı illərdə dövrü mətbuatda çap olunan hekayələri ilə başlayıb. Qısa fasilədən sonra yaradıcılığını yenidən davam etdirib. Müxtəlif dövrlərdə mətbuatda və internet saytlarında fəal olaraq köşə yazıları ilə çıxış edib. O, həmçinin, Balaca Yazarlar Birliyinin yaradıcısı və rəhbəridir. Şagirdlərinin hekayələrindən ibarət kitabların redaktoru olmaqla yanaşı, teatr dramaturgiyası fənnindən metodiki vəsait də hazırlayıb. Onun əsərləri əsasında radiotamaşalar hazırlanıb və bəzi əsərləri səhnələşdirilib. 10 bədii kitab, 5 metodiki vəsait, 1 ingilis dilinə tərcümə olunmuş hekayələr kitabının müəllifidir. O, xidmətlərinə görə Çingiz Aytmatov adına mükafata layiq görülüb. AYB-nin və AJB-nin üzvüdür. Prezident təqaüdçüsüdür. Həmçinin, Türkiyənin Osmaniyyə Yazarlar Birliyi və Qırğızıstan Yazarlar Birliyinin də üzvüdür...
“Ədəbiyyata ümidim azalıb. Çünki fikirləşirəm ki, artıq elə bir dövrə çatmışıq. Ədəbiyyatda 20 yaxşı yazıçı varsa, onlar bir-birini, eləcə də ədəbiyyatı da qorumalıdır. Ədəbiyyatın keşiyində artıq durmaq vaxtıdır. Necə ki, SOS deyirlər ey, bu dəqiqə ədəbiyyat böyük bir kölgənin altındadır. Mən sizə deyim ki, incəsənət növlərinə baxanda heç biri ədəbiyyat qədər yazıq vəziyyətə düşməyib. Çünki, teatrda möhkəm rejissorlar var. İcazə vermir hansısa neqativin sızmağına. Həm də teatr görünən sənətdir, vizual görünür. Kino sahəsində çətinliklər var, onlar da aradan götürüləcək. Amma ədəbiyyat qədər yazıq vəziyyətə heç biri düşməyib!”- söyləyir.
Ümumiyyətlə, haqqında söhbət açdığım Aysel Fikrət xarakterli xanımdır və başqalarına həsəd aparmağı yox, öndə olmağı xoşlayır. Münasibətlərində aparıcı xüsusiyyətə malikdir. Əməkdaşlıqda isə əvəzolunmazdır. Onunla söhbət edərkən, tez-tez kompliment söyləməyi, onun xidmətlərini dəyərləndirməyi yaddan çıxarmayın...
“Ədəbiyyat və invəsənət”
(31.07.2025)