İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onu bir vaxtlar səhnəyə bu cür dəvət edərdilər - Maestro Qəniyev, səhnə sizindir!
Azərbaycan skripkaçısı və dirijoru Sərvər Qəniyevdən danışırıq. Bu gün – doğum günündə onu anır, musiqi tariximizə qatqılarını yada salırıq.
Sərvər Qəniyev 1937-ci il avqustun 5-də Bakı şəhərində anadan olub. O, ilk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka aləti üzrə alıb. Hələ gənc ikən Sərvər Qəniyev Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edərək, musiqi ictimaiyyətinin rəğbətini qazanıb.
Azərbaycan Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci kursdan etibarən peşəkar musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra o, həmin ali təhsil ocağının aspiranturasında öz peşə kamilliyini artırıb.
1963-cü ildə Bakıya qayıdan musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlayıb. 1965-ci ildə Sərvər Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılıb və 1979-cu ildən bu kvartet filarmoniyanın nəzdində uğurla fəaliyyət göstərib.
1971-1979- cu illərdə Qahirə konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləyib və eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olub. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışıblar.
Azərbaycana qayıdandan sonra musiqiçi zəngin konsert proqramları ilə çıxış etməklə yanaşı, Dövlət Konservatoriyasının professoru və kafedra müdiri vəzifəsini tutub. 1991-ci ildən ömrünün sonunadək o, Türkiyənin Bilkənd Universitetinin skripka kafedrasının professoru, kamera və simfonik orkestrinin bədii rəhbəri və dirijoru olub.
Milli mədəniyyətimizi müxtəlif ölkələrdə mahir ustalıqla təmsil etməklə Sərvər Qəniyev Azərbaycan musiqisinin və ifaçılıq sənətinin təbliğində böyük xidmətlər göstərib. O, ifaçılıq sənətini pedaqoji fəaliyyətlə uğurla tamamlayan sənətkar kimi musiqiçi kadrların yetişdirilməsində də nailiyyətlər əldə edib.
Musiqi sənəti sahəsindəki xidmətlərinə görə Sərvər Qəniyev 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "Azərbaycan SSR xalq artisti" fəxri adlarına layiq görülüb. Sərvər Qəniyevin yaradıcılığı Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
"Şöhrət" ordeni laureatı, Prezident təqaüdçüsü Sərvər Qəniyev 2010-cu il sentyabr ayının 5-də ömrünün 74-cü ilində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)