Super User

Super User

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“TURAN” bədii film ssenarisini təqdim edirik.

 

 

Titr yazı. Bakı. 14 noyabr. 1918-ci il.

Nuru paşanın qərargahı qarşısında dayanmış Qafqaz İslam Ordusunun əsgərinə yaxınlaşan ingilis nümayəndə heyəti...

Arxa fonda binanın qarşısında dayanmış ingilis hərbi maşını görünür...

Maşının üstündə ingilis bayrağı dalğalanır.

Qafqaz İslam Ordusunun əsgəri küləyin dalğalan­dırdığı bayrağa baxır...

Heyətin başçısı keşik çəkən əsgərə hərbi təzim edir.

Sonra əlindəki məktubdan ona müraciəti oxuyur.

İngilis zabiti:

– Mən ingilis zabiti Alan Constonam. Ənzəlidə yerləşən ingilis hissələri komandanı general Tomso­nun adından Nuru paşaya xəbərdarlıq etməyə gəlmişəm. Biz yeni qurulmuş Azərbaycan hökumətini tanımırıq. Osmanlı ordusunun Bakıdakı komandanı kimi sizə rəsmi müraciət edirik. Bakıda olmağınız müqa­vi­lələrə ziddir. Osmanlı dövlətinin özündə də bunu anla­yanlar var. Bu gün Bakını tərk etməsəniz, noyabr ayının on yeddisində şəhəri işğal edəcəyik. Osmanlı dövlətinin iştirak etdiyi döyüş cəbhələrində yaranmış son vəziyyət bizə bu addımı atmağa imkan verir. Bunu bilməmiş deyilsiniz...

Bayaqdan bəri başını aşağı salmış Conston qərar­gah qapılarının açıq olduğunu görür...

Alan Conston binaya daxil olub pillələrlə yuxarı qalxır.

İkinci mərtəbədə onu gözləyən Qafqaz İslam Ordusunun daha bir əsgəri Constonu hərbi salamla salam­layır.

Conston Nuru paşanın otağına daxil olur.

Nuru paşa iri masanın arxasında oturub.

Masanın üstündə əsgəri sxemlər, müxtəlif sənədlər görünür...

Nuru paşa Alan Constona yer göstərir.

Alan Conston ayaq üstə dayanıb əlindəki məktubu Nuru paşaya uzadır.

Nuru paşa məktubu alıb oxuyur...

Araya sükut çökür... Sükutu Nuru paşa pozur:

– Mən Osmanlı ordusundan istefa vermişəm. Azər­bay­can dövlətinin müdafiə naziriyəm. Bakıdakı Os­manlı qoşunla­rının komandanı indi Mürsəl paşadır. Bu məktubu ona verin, mənə yox.

Alan Conston: – Cənab komandan, Azərbaycan hökuməti oyuncaq hökumətdir.

Bu sözləri eşidən Nuru paşa hirslənib ayağa qalxır.

Nuru paşa: – Oyuncaq hökumət bu qədər itki verib qələbə əldə edə bilməzdi. Azərbaycan xalqı qanıyla dövlət qurub və sizlər bu dövləti tanımağa borclusunuz. Bura onların ölkəsidir, bunu birdəfəlik anlayın.

Alan Conston: – General Tomsonun adından sizi xəbərdar edirəm: noyabr ayının on yeddisinə qədər Bakını tərk etmə­səniz, şəhəri işğal edəcəyik.

Nuru paşa: – Bunu Azərbaycan hökuməti ilə həll edin. Mən hökumətə tabe olan əsgərəm. Əmr etsələr, Bakını müdafiə edəcəm. Desələr, sizə hücum edəcəm. Mən siyasətçi deyiləm.

Alan Conston: – Siz çox böyük siyasətçisiniz, cənab Nuru paşa. Başa düşürəm, Azərbaycan hökumətini İngiltərəyə tanıt­maq istəyirsiniz. Amma bir həqiqəti unutmayın: Bakı heç vaxt sizin olmayacaq. Buna icazə verməyəcəyik. Türk ağalığı bu əsrdə bitdi.

Alan Conston hirslə çevrilib otaqdan çıxır...

Nuru paşa fikirli-fikirli pəncərəyə yaxınlaşır...

Pəncərədən eşiyə baxan Nuru paşa...

Pəncərədən dolanbac Bakı küçələri görünür... Kü­ləkli bir gündür... Möhkəm xəzri əsir... Orta yaşlı çarşablı qadın azyaşlı uşağının əlindən tutub üzü küləyə gedir. Külək uşağı qadının əlindən zorla almaq istəsə də, qadın uşağının əlindən bərk-bərk tutub buraxmır...

Nuru paşa küləklə mübarizə aparan qadına bir qədər baxandan sonra masanın üstündəki telefona yaxınlaşır...

Nuru paşa telefon dəstəyini qaldırır.

Nuru paşa:

– Məmməd Əmin bəylə calaşdır... Gün aydın... İngilislər mənimlə danışmağın mənasız olduğunu anlayıb, Azər­­­baycan hökumətini tanıyacaqlar. Onlar bunu edən kimi Azər­baycan ordusu ilə Osmanlı his­sələrini Güzdəkə çəkəcəm. İn­gilislər Bakıya tək girməyəcək. Ayın on yeddisində Biçera­xo­vun atlı kazakları ilə iki yüzə yaxın erməni əsgəri də şəhərə daxil olacaq. Sizi ingilislərin əliylə qoruyacam. Ölkəni bütöv edib sizə təhvil verəcəm. Lənkəranı, Muğanı da ingilislərə milli hökumətin əraziləri kimi tanıdacam. Sizi ruslardan qorumağı da onlardan tələb edəcəm. Osmanlı cəbhədə güc­lənib sözünü deməsə, işlər ağır olacaq. Yeddi cəbhədə döyü­şürük. Tökdüyümüz qanların, verdiyimiz şəhidlərin hədər olmadığına inanıram. Bakını tərk etməyə məcbur olsam da, döyüş davam edir, bəy.

Nuru paşa dəstəyi asıb ayağa qalxır...

Nuru paşa yenə pəncərəyə yaxınlaşıb eşiyə baxır...

Xəzri əsməyindədir...

Bir qədər əvvəl pəncərədən görünən çarşablı qadın ilə uşağı hələ də küləklə əlləşir...

Külək uşağın əlini anasının əlindən ayırıb...

Uşaq güclü xəzri küləyi ilə təkbaşına mübarizə aparır...

Külək onu irəliləməyə qoymur...

Çarşablı qadın külək altında irəliyə deyil, uşağına tərəf addım atmağa çalışır...

Küləyin qaldırdığı tozanaqdan onlar bir-birinin üzünü görə bilmirlər...

Külək vurub çarşablı qadını yerə yıxır...

Uşaq küləyin səngiməsini gözləyib anasına doğru qaçır.

Uşaq çətinliklə ayağa qalxmağa çalışan anasının qolun­dan tutub kömək etməyə çalışır.

Pəncərədən bu səhnəni izləyən Nuru paşanın üzü sərtləşir.

Nuru paşa hirsindən pəncərə şüşəsini yumruqları ilə qırır...

 

 “Ədəbiyyat və incəsənət”

(17.04.2024)

 

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Sizlərə abituriyentin uğur formulunu təqdim edirik. Bu formul var və özünü həqiqətən də doğruldur.

 

Mətn oxuyarkən ən vacib iki proses bunlardır: Diqqətlə oxumaq və oxuduğunu yaddaşa ötürmək.

Xüsusən biliklər almaqçün oxuyan zaman hədsiz diqqətli olmaq lazım gəlir. Amma beynimizi məşğul edən nəsnələr daim fikrimizi başqa səmtə yönəldir, biz əksərən mexaniki oxuyuruq, oxuduğumuz şüurumuza çata bilmir, yaddaşa da həkk olunmur. Heç kəsə sirr deyil ki, zehni əməyin məğzi konsentrasiya oluna bilməkdir. Ali məktəbə qəbul olunmaqçün hazırlıq mərhələsi, şübhəsiz, zehni əmək növüdür. «Mənim gələcək uğurumun yolu bax bu mətni oxuyub mənimsəməkdən keçir», «mən mütləq bunu öyrənməliyəm», «tam diqqətlə, tam səylə, tam məsuliyyətlə oxumalıyam» cümlələri ilə fikrini tam oxuduğun mətnə yönəldib, fikrini dağıda biləcək hər şeydən kənarda, ideal bir şəraitdə oxumağa çalışmalısan.

 

             

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Orta məktəbdə oxuyanda riyaziyyatla maraqlansa da, günlərin birində Lev Tolstoyun “Sergi ata” əsərini oxuyur. Və bu əsər onu özünə valeh edir. Çox düşünüb daşınandan sonra qərara gəlir ki, yazmağa başlasın. Yazır, amma hiss edir ki, onda nəsə çatmır. Anlayır ki, mütaliəsi zəifdir, çox əsər oxumalıdır, dünya yazarlarını dərindən mütaliə etməlidir...

 

Haqqında söhbət açmaq istədiyim yazıçı İlham Əziz 1972-ci il aprelin 16-da Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd məktəbində orta təhsilə yiyələnib. 1987–1989-cu illərdə Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbində oxuyub. 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. Bir müddət Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. 1997-ci ildə isə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin "Büdcədənkənar fondlar" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bir il sonra öz ərizəsi ilə vəzifəsindən azad edilib. Həmin ildən şəxsi bizneslə məşğuldur. Hazırda "Karizma Tradiq" şirkətinin direktorudur. Eyni zamanda 2017-ci ildə ''İlham Əziz'' imzası ilə ədəbi fəaliyyətə başlayıb. Dövri mətbuatda hekayə, resenziya, publisistik yazıları ilə çıxış edir. Bir neçə kitabın müəllifidir...

 

Deyir ki,- “Cavan yaşından Maliyyə Nazirliyində mühüm vəzifə tuturdum, istefa verib şəxsi biznesimi qurmağa başladım. Çünki dövr, zaman dəyişmişdi, kapitalizm münasibətləri formalaşırdı. Kapitalizmin isə məlumdur ki, sərt qayda-qanunları var, sovet dövrünə öyrəşmiş insanlar üçün yeni qaydalara uyğunlaşmaq çətindir. Bəziləri hələ də düşünür ki, şair və yazıçıları dövlət dolandırmalıdır. Sovet hökuməti yazı-pozu adamlarından, ümumiyyətlə yaradıcı insanlardan təbliğat aparatının ruporu kimi istifadə edirdi və təbii ki, onların dolanışığı üçün də ciddi addımlar atırdı, diqqət göstərirdi. Kapitalizmdə münasibətlər sözsüz ki, fərqlidir, rupora ehtiyac qalmır. Təbii ki, bugünkü mövqeyimdən razıyam, hekayələrim oxunur, ədəbi aləmdə müzakirə və tənqid edilir. Bu gün ədəbiyyat aləmində seçilmək, Saday Budaqlı, Mahir N.Qarayev, Etimad Başkeçid, Salam Sarvan, Fəxri Uğurlu, Şərif Ağayar, Varis, Mübariz Örən kimi ciddi imzaların çiynindən boylanmaq, onların ədəbiyyat süfrəsində yer tutmaq asan məsələ deyil, çünki orda çox sıxlıqdır. Ədəbi prosesi yaxından izləyənlər yəqin ki, dediklərimi təsdiqləyər. Bir məsələni də deyim ki, bizim ədəbi mühit çox ədalətlidir, 45 yaşında yazmağa başlayan İlham Əzizi qəbul edibsə, deməli, istənilən istedad qəbul oluna bilər. Yetər ki, ortada gözəl mətn olsun...”

 

Çox sadə adamdır. Heç vaxt yekaxanalıq edib özünü təkəbbürlü göstərmir. Ünsiyyətdə mehriban, davranışında mədənidir. Hansı sözü harada işlətməyi yaxşı bilir. Dəqiqliyi xoşlayır, bəlkə də bu onun riyazi vərdişlərindən irəli gəlir…

 

“Hesab edirəm ki, dövlət quruculuğunun əsas elementlərindən biri sayılan milli burjuaziya formalaşmalıdır. Gəlin açıq danışaq, bu gün Azərbaycanda necədir? Biznes mühitində ayrı-ayrı siyasi adamlar ciddi şəkildə iştirak edirlər. Adətən belə hallar yeni qurulan dövlətlərdə olur, zaman keçdikcə inanıram ki, Azərbaycan da oturuşmuş ölkələr kimi siyasi adamlar biznes mühitindən çəkiləcək, həmin yeri milli burjuaziya nümayəndələri, orta təbəqəni təmsil edən iş adamları tutacaq. Düşüncə sahiblərinin pul qazanmaq vaxtı gəlib çatacaq. Adi bir misalla fikrimi izah etməyə çalışım, bütün Qafqazda ən böyük ticarət mərkəzi sayılan “Binə” ticarət mərkəzində elə bir dövr olub ki, adını düz-əməlli yazmağı bacarmayan, vurma cədvəlini bilməyən adamlar Çindən, İrandan mal gətirərək yaxşı pullar qazanıblar, çünki o vaxt nə gətirirdinsə satılırdı. Amma indi bazarı öyrənmədən, marketinq işlərini bilmədən, gömrük, vergi ilə bağlı qanunvericiliyindən xəbərdar olmadan pul qazana bilməzsən...”- söyləyir.

 

AYB-yə üzv olmaq onun uşaqlıq istəyi olub. Ordakı simaları Azərbaycan ədəbiyyatının lokomotivləri hesab etdiyindən, AYB-ni bir qurum kimi dəyərləndirir. Düşünür ki, bu gün dövlət ədəbiyyat siyasətini bu təşkilat üzərindən aparır. Və nəvaxsa bu sahədə də islahat olacağına inanır...

 

Deyir ki,- “Mənim haqqımda bəzən deyirlər, mətnləri poetikdir, şeirə də oxşayır. Mətn üzərində bütün tənqidləri qəbul edə bilirəm, təki münasibətlər şəxsi müstəviyə keçməsin. Dostoyevskini yazıçı kimi qəbul etməyən o qədər yazıçı adı çəkə bilərəm ki... Amma düşünürəm, yazıçını peşəkar tənqidçi təhlil etməlidir. Yazıçıya “bunu belə yox, elə yaz”, -demək əxlaqsızlıqdı. Yazıçı haqqında onun həmkarı yox, peşəkar ədəbi tənqidçi irad bildirsə daha yaxşı olar. Cavanşir Yusifli, Elnarə Akimova, Maral Yaqubova kimi peşəkarlar heç bir maddi gəlir güdmədən ədəbi prosesi yaxından izləyir, fikir bildirir, gənclərin yaradıcılığını təhlil edirlər. Mən öz mətnlərimə, Azərbaycan dilinə, hər bir cümləyə qarşı çox həssas və tələbkaram. Təsəvvür edək ki, ev tikirik və biz hökmən daşdan, qumdan, sementdən istifadə etməliyik. Sudan ev tikəsi deyilik ki? Bədii mətni də tikilən binaya bənzətsək söz, cümlə, ümumiyyətlə, dil ona lazım olan vacib materiallardır...”

 

Hekayələrinin bəzilərinin qəhrəmanları Rusiyyada yaşayan soydaşlarımızdır. Bir müddət Rusiyada yaşadığı üçün, görünür oradakı soydaşlarımızın üzləşdikləri problemləri yaxından izləmək imkanı olub. Və orada yaşayan azərbaycanlıların taleyi onu həddindən çox narahat edir. “Rusiyada yaşayan, vətənə gəlib ev tikən, qardaşına toy edən, bacısını gəlin köçürənlər göz qabağındadır. Lakin orda səfil həyatı yaşayan, ömrü məhv olan, faciələr içində çırpınan soydaşlarımız da var. Dolanışıq üçün, çörək qazanmaq ardınca Rusiyaya üz tutan nə qədər insanın sevgisi yarımçıq qalıb. Biz onların taleyini hələ ədəbiyyata doğru-düzgün gətirə bilməmişik.”- söyləyir.

Hazırda növbəti roman üzərində işləyir, başa çatdırası bir neçə hekayəsi də var. Düşünür ki, hər gün neçə saat yazmaqla, planlı şəkildə işləməklə deyil, əsas odur ki, ortaya roman qoyursansa həmin əsər hadisəyə çevrilsin. Hekayələrdən sonra roman yazmağı da yaradıcılığın növbəti mərhələsi hesab etmir. Onun fikrincə, hekayə çox ciddi janrdır. Azərbaycan ədəbiyyatının gələcəyinə ümidlidir. Deyir ki;- “Qələbə qazanmış xalq yenə də Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahiləri yetirəcəyinə inanıram...”

 

Bəli, çağdaş Azərbaycan nəsrinin sıralarında bu gün çox sıxlıqdır. Yazıçı İlham Əziz bu sıxlıqda özü kimi görünən ən yaxşılardan biridir.

İlham Əzizin növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Çərşənbə, 17 Aprel 2024 14:00

Zavallı ovçarka

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Day-day hesabına Gömrükdə işə düzələn bir qaqaşa rəis 30 arı pətəyi aparan tır maşınını göstərib, arıların qanuni, yoxsa qanunsuz aparıldığının öyrənilməsi üçün tapşırıq verir:

-Yoxla, gör arıların sənədi varmı.

Qaqaş “baş üstə” deyib sürücüyə yaxınlaşır və soruşur:

-Neçə korobka arı aparırsan?

-Otuz.

-Hərəsində neçə arı var?

-2 mindən 5 minədək. 

-Nə? Daha deynən, pensiyaya kimi arı sənədi yoxlayaram ki.

2.

Tərəvəz salatının üstünə restoran müdiriyyəti 2024-cü “Yaşıl dünya naminə” ilinin şərəfinə yazıb vurub: “Salat hazırlanarkən heç bir tərəvəzə zərər dəyməyib”.

3.

“Real” televiziyasının müxbiri Şəkidə 96 yaşlı Əbdülsalam kişiyə sual edir:

-Ağsaqqal, siz bu 96 yaşa necə gəlib çıxdınız?

Kişi ötkəm cavab verir:

-Naviqatorla.

4.

Süni intellekt yarandısa, demək o, təbii kütlüyün əleyhinə yaranıb.

5.

Həqiqətən də bir dəfə Key Kələntər bulvarda  gəzirmiş. Görür ki, bir nəfər suda çabalayaraq qışqırır:

-Kömək edin, kömək edin!

Key Kələntər ona səslənir:

-Ay qardaş, niyə qışqırırsan?

-Mən üzə bilmirəm!

Key Kələntər təəccüblənir:

-Nə olsun ki? Heç mən də üzə bilmirəm. Amma heç gör qışqırıram?

6.

-Canım, sən mənim ömrümün günəşi olmaq istəyirsən?

-Hə, həyatım.

-Onda zəhmət çək, məndən 149 milyon kilometr aralan!

7.

Odessa lətifəsi.

Starokon bazarında bir qoca yəhudi tutuquşu və hindtoyuğu satır. Bir erməni gəlib soruşur:

-Ara, tutuquşunu neçəyə verirsən?

-Min qrivenə.

-Ara, niyə belə baha?

-Çünki o, “sən axmaqsan” deyə bilir. 

-Bəs hindtoyuğunu?

-Onu da.

-Onu niyə? O da danışır ki?

-Yox, o danışmır, amma ürəyində deyir ki, sən axmaqsan.

8.

Ovçarka bağ həyətini qazır. Çəpərin o üzündəki barbos ona təəccüblə baxanda ovçarka köks ötürüb deyir:

-Eh, hər şey ondan başladı ki, ev sahibi çəkələyi atırdı, mən axmaq da götürüb gətirirdim. 

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qoyun ətindən parçabozbaşın hazırlanma qaydasını təqdim edəcəyik. 

 

 DÜSTUR:

§ Qoyun əti – 117 qr

§ Kartof – 113 qr

§ Pomidor (və ya tomat) – 42 qr

§ Soğan – 25 qr

§ Noxud – 25 qr

§ Quru və ya təzə alça – 10 qr

§ Sarıçiçək – 0,1 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ quru reyhan – 10 qr, sumaq – 10 qr, meyvə turşusu (məti) – 30 qr, qırmızı soğan – 50 qr

 

HAZIRLANMASI:

Sümüklü qoyun əti 40-50 qramlıq tikələrə doğranır. Xırda sümüklərdən təmizlənir, yuyulur, saxsı küp, qazan və ya çölməyə yığılır. Üzərinə su və ya işgənə əlavə olunaraq, bişməyə qoyulur. Qaynadıqca kəfi yığılır. Kartof təmizlənir, yuyulur. Noxud əvvəlcədən isladılır və ətin kəfi alındıqdan sonra əlavə edilir. Ət və noxud bişənə yaxın qalan ərzaqlar: xırda doğranmış və ya xırda bütöv soğanlar, alça, dilimlərə doğranmış pomidor əlavə olunur və bişirilir. Sonda duz, istiot, ədviyyatlar vurulur. Süfrəyə verərkən yanında quru reyhan (və ya xırda doğranmış təzə), sumaq, meyvə turşusu (məti), əllə əzilmiş qırmızı baş soğan qoyulur.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Çərşənbə, 17 Aprel 2024 13:30

55 illik dostuma - QULU AĞSƏSƏ İTHAF

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət”

 

Quludan öncə eynəyi salamlayır adamı, sonra baxışları, sonra ütüsü, sonra  ayaqqabıları, sonra əlləri, ən sonda dili. Dili açılanacan artıq çoxdan salamlaşmış  oluruq. Elə təpə-dırnaq salamdı Qulu. Özü də Allahın ən sevimli quludu. Adı üstündə.  Qəribə rahatlığı var. İçindəki təlatümünü kimsə görməz. Göstərməz axı. Qınına çəkilən adamdı. Amma tanıyan tanıyır. Baxışlarından və səsindən tutursan yorğunluğunu, gərginliyini, küskünlüyünü,  sevincini. Bapbalaca uğura uşaq kimi  sevinəndi. Sevinəndə şeir deyir. Harda olur olsun, ancaq adama ehtiyyacı var. Özünün  dediyinə görə, şeiri ayaqlarıyla yazır. Elə yuxusu da ayaq üstədi. Ayaq üstə yeyir, ayaq üstə düşünür, ayaq üstə sevir, ayaq üstə unudur. 

Nifrəti də ayaq üstədi. Bunu da mən deyirəm. Sirrini kimsəyə açmaz. Guya. Amma hamı duyar. Ağsəs Quludan  danışıram. Soyadına söykənən şairdən. Nə fərqi var axı. Qulu Ağsəs və ya Ağsəs Qulu.  İkisi də bir adamdı onsuz. Bir -birindən tuta -tuta yeriyirlər Allaha sarı. 

Qara rəngi sevmir. İşıqlı rəngləri seçir harda olur olsun. Gözündən sual baxır adama. Qalırsan məətəl. Susa-susa danışanlardandı. Şeirinin dilini bir özü bilir, bir də onu anlayanlar. Palaza bürünüb elnən   sürünməyi sevmir. Təkliyə can atandı. Tənhalığı ilə sözə meydan oxuyur. Yükü çoxdu. "Ulduz" yükü,  söz yükü, adam yükü, ata yükü, sevda yükü, Vətən, yurd yükü... Öz yüküsə çəkilməzdi. Əvvəlcə eynəyiylə baxır adama, sonra gözüylə. Gör neçə qat  işıqdan keçirir adamı. Ağdam həsrəti var qəribliyində. Heç kimə deməz ürəyindəki  ağrıları. Tanrısına açar ürəyini hərdən. Heç ona da qıymaz. Nisgilində od  var, yanğı var. Danışanda elə bilərsən ki, ondan bəxtəvəri  yoxdu. Amma gözləri ələ verər sahibini.  Yalanı da özünə görə deməz. Qarşı tərəfi  ovudar bu yalanla. Qayıdıb özünü incidər  amma. Darıxanda gen qaçar hamıdan.  Yandırmaqdan qorxar. Göz yaşları içinə axar. Saflığında gizlədər uşaqlığını. Vaxtı qova-qova 55 -ə çatsa da hələ böyüməyib  axı. Uşaq qoğala, Qulu sözə allanar. Kimsəyə əyilməz sözündən başqa. Hərdən mənə elə gəlir ki, Qulu havadan, sudan dolanır. Yeməyi də bir qaşıqdı. Hər süfrəyə əl uzatmaz. Yiyəsini tanıya gərək. Gözütoxdu. Bircə sözdən başqa. Ağ -qara musiqiləri sevir. Rəngli xəyallar onluq deyil. Keçmişə bağlıdı. Bu gündən sabaha körpü atmağı sevmir. Anı yaşayır. Pisiylə, yaxşısıyla  yaşadıqlarını sevir. Hərdən küsüb qınına çəkilər. Səbəbini heç özü də bilməz. Güvənər yuxarı başa çəkdiklərinə. Hər dəfə də aldanar və hər dəfə də güvənər. Hər əli  sıxmaz. "Görsən üşüyürsən, yandır özünü "deyən şairin ruhunda kimsəsizlik var.  Ruhuna sahib çıxa bilmir. Bu sarıdan da xoşbəxtdi. Bu gün yazdığını sabah tanımaz. Sözünə göz dikənlər çoxdu. Sözdəki yerinə də. Amma cürət edib yaxın gələ bilməzlər.  Eqolu yox, qürurludu. Ədalətin yüz  formulunu çıxarar. Yüz yol üzünü astarına çevirər. Çoxunda da allanar. Safdı. Nəfəsi  Alsudu, bir də Söz. İkisi də balasıdı. Ona görə də nəfəsini qorxa-qorxa çəkər.  Umduqları çox deyil. Sağ əlinin barmaqlarının sayı qədər bəlkə. 

Özünə kölgə gəzməz. Kölgəsindəsə hər  kəsə yer verər. Vaxtı gecəyə, gündüzə bölməz. Onsuz da dincliyi yoxdu. Sakitliyində təlatüm var. Bu təlatümdə doğular ilahi Şeir. Tərtəmiz, bakirə, mələk kimi Şeir dil açıb danışar adamla. Yuyunarsan bu aydınlıqda, paklanarsan. Düşərsən bu  işığın dalınca. Tanrıyacan aparar səni. 

Hərdən şairlər sözümü qəribliyə salır. Zənnimcə gözəl  şeirlər Tanrının ən xoş , sakit, sevgili zamanında doğulanlardı. O qədər şikəst doğulan şeirlər var ki... Qulu Ağsəsin şeirləri bütövdü, eyibsizdi. Əli, qolu, gözü, qaşı, ağzı, burnu- hər şeyi yerindədi. Nəfəsi üstündədi. Çünki bu şeirlər şairin içinin aydınlığında doğulub, var olub. Aydınlıqda yol getməyin özü  bəxtəvərlikdi. .  İki beşin arasında nə qazandı, nə itirdi, bir özü bilir, bir də çox sevdiyi Tanrısı. Biz seyrçiyik. Boynumuza bir əl çalmaq düşür. O da qalır pərdə arxasında. Haqqını yetərincə verə bilirikmi?  Bəlkə də… Bu balaca yazı da biz müəlliflərçün, eyni zamanda oxucularçun  çəkdiyi əziyyətin balaca bir qarşılığıdı. Ürəyimdən gəldi. 55 illik həyatında cəmi  3 illik dostluğumuz var.  Amma mənə elə gəlir ki, onu elə 55 ildi tanıyıram. 

Qoşa rəqəmlərin özündə qəribə sirr var. Bir  az da mistika. Qarmaqarışıq duyğularla  doğuldu bu yazı da. Özü də vaxtından  əvvəl. Tələsdi dünyaya gəlməkçün. Təsadüfmü, ya zərurət? Bütün təsadüflər zərurətdən doğurmu? 

Onsuz da göydən üç alma gözləyən vaxtımız çoxdan keçib.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Əziz oxucularımız, bugünkü müsahibim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universetinin Aktyorluq şöbəsinin "Dram teatrı və Kino aktyorluğu" fakültəsinin(2003-2007) və eyni ixtisas üzrə magistratura məzunu(2007-2009), 2007-ci ildən xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərən, hazırda teatrın gənc aparıcı aktrisalarından olan Zülfiyyə Qurbanovadır. Qeyd  edim ki, aktrisamız Azərbaycandan Kann film festivalında  iştirak edən ilk aktrisadır.

 

-Salam. Zülfiyyə xanım. Öncə  sizə təşəkkür edirəm ki, heç bir zaman şöhrətin donunu əyninizə geyinməmisiniz, sadəliyinizi qorumağı bacarmısınız. Və bu gün uşaqlıqda izlədiyim bir filmin məndə maraq oyatdığı qəhrəmanından müsahibə  götürürəmsə, nə xoş mənə.

Zülfiyyə xanım, mən sizi çox gözəl tanıyıram. Əminəm ki, müsahibəmizi oxuyanların bir  çox qismi məlumatlıdır. Amma məlumatı az olanlar da vardır təbii ki. Onlara Zülfiyyə xanımı, digər adla mənim "Ağcamı" necə tanıdarsınız?

 

-Salam, Nigar xanım. Çox təşəkkür edirəm xoş sözlərə görə. Sualınıza gələndə isə

Zülfiyyə xanım sənətini sevən, sənəti üçün yanan, ona enerji, sevgi sərf edən bir aktrisadır. Ən əsası peşəmi sevirəm və peşəmdə var olmağı sevirəm. Mən özümü belə tanıdardım. Düşünürəm ki, başqa xüsusi tanıtıma ehtiyac yoxdur. İşimə verdiyim enerji və sevgini düşünürəm ki, işim də mənə vəfasız çıxmayıb zamanla geri qaytarır.

 

-Sizin peşənizə olan sevginizi bir mənfi obrazı belə müsbət qədər izləyicilərinizə sevginizlə bəlli etmisiniz. Adətən mən özünüzü tanıdın deyəndə çoxu rəsmi cəhətdən yanaşır, bədii cəhətdən yanaşdığınız üçün şad oldum. 

“Mənim Ağcam dedim". O zaman elə mənə maraqlı suallardan birini verim. "

Ağca obrazının yeri sizin üçün fərqlidirmi? Sizin özünüz bu obrazı, bu rolu sevirdinizmi?

 

-Ağca obrazının yeri mənim üçün əlbəttə fərqlidir. "Həyat sən nə qəribəsən" serialı çəkildiyi dövrə görə ən gözəl seriallardan biri idi. Və mənim Ağca obrazım da serialın əsas qəhrəmanlarından biri idi. Mənfi rol olmağına baxmayaraq mən onu sevərək oynayırdım. Rolun mənfi, yaxud müsbət olmağının aktyor üçün önəmi yoxdur. Əsas odur ki, aktyor rolunu sevsin. Sevərək ifa etdiyimiz, peşəkarlıqla yanaşdığmız hər bir rol ekrana, tamaşaçıya yansıyır. Və onu da  qeyd edim ki, bu önəmli deyil ki, bu rol mənfidir, yaxud müsbətdir. Əsas odur ki, sən onu bir aktyor, aktrisa kimi haqlı çıxarasan. Çünki inanmadığın bir rolu ifa edəndə ekran önündən tamaşaçı o inamsızlığı hiss edir. Məni geniş tamaşaçı auditoriyasına tanıdan ilk rollarımdan biri məhz Ağca olub. Ona görə də rolumu həmişə sevərək xatırlayıram. Yaradıcılığımda önəmli yeri var bu rolun. Ümumiyyətlə, mən oynadığım bütün rollarımı çox sevmişəm. Tam səmimiyəm. 

 

-Ağca obrazı bir izləyici gözü ilə desəm, məncə də sizi bir aktrisa olaraq geniş kütləyə tanıdan rollardandır. Mən də sizi ordan sevmişəm. Amma indi bu zamandakı işinizlə bağlı sualım gələcək. “Bu şəhərdə kimsə yoxdur" bitəcək dediniz, 25-ci bölümdə. Mən sizi bu serialda da bir başqa kəşf etdim. Bəs siz, Zülfiyyə xanım? Bu serial sizin çəkildiyiniz özəl işlər içərisinə qatıla bildimi?

 

-“Bu şəhərdə kimsə yoxdur" serialı əslində 25 deyil 40 bölüm davam edəcək. Bu serial bu mövsümlük 25 bölüm çəkilib. Və bu 25 bölümdə mən varam, yəni "Hicran" var. Amma qalan o 15 bölümdə mən olacam, ya olmayacam bu sual altındadır. Çünki zaman dəyişəcək və s... əslində çox spoiler vermək istəmirəm... Yerdə qalan  15 bölümdə olub olmayacağımı zaman göstərəcək. Sualın davamı olaraq qeyd edim ki, bu rol mənim yaradıcılığımdakı özəl işlər arasına qatıla bildi. Həm "Hicran" obrazını bir aktrisa olaraq qeyd edim ki, xarakterinin çətinliyi baxımından sevdim. Mən Hicranı bir xanım olaraq analiz eləmirəm, bir aktrisa olaraq analiz edirəm. Onu deyə bilərəm ki, çox yüklüaktyor işi tələb edən bir rol idi. Xarakterik xüsusiyyətlərinə görə çoxşaxəli, çox maraqlı bir qadın obrazı idi. Buna görə bu iş də mənim xüsusi və sevdiyim işlərim içinə qatıldı. Əslində bayaq qeyd etdiyim kimi bütün işlərimi sevirəm. Bu iş də ən gözəl, sevdiyim işlərim içinə qatıldı. Bəli, düz qeyd elədiniz, "Hicran" deyingən, çox danışan, dinləməyi bacarmayan, eyni zamanda əlində olan xoşbəxtliklərin qədrini bilməyən, xoşbəxtliklərin, həyatın dadını çıxara bilməyən bir qadın xarakterdir. Və müsbət xarakter deyil. Aktyor üçün bu çox önəmlidir. Standart rollardan olmadığı üçün mənim üçün çox maraqlıdır. Onu Zülfiyyə Qurbanova olaraq oynayanda ona haqq vermirəm, amma aktrisa Zülfiyyə Qurbanova olaraq onu ifa edəndə mütləq haqq verirəm. Çünki tərəddüdlu oynadığın hər bir rol ekrana yansıyır. Əgər mənfi rolu oynayırsansa, bir aktrisa olaraq onu utana- utana, tamaşaçı mənə nə deyər, tamaşaçı məni qınayar və s. fikirləri ilə düşünərək oynayırsansa, bu rolu tamaşaçı bəyənmir və bu rol cəmiyyətdə səs küyə səbəb olmur. Ona görə mən bütün rollarıma haqlı, haqsız onlara bir aktrisa olaraq haqq verərək oynayıram. Hicran da mənim sevərək və haqq verərək ifa etdiyim roldur.

 

-Bəli, bayaq qeyd etdiyim kimi, biz izləyicilər mənfi rollara nə qədər çox nifrət etsək, aktrisa işini o qədər mükəmməl bacarmışdır deməkdir. Siz də mənfi obrazlarında haqqını verməklə obraza öz möhürünüzü vurursunuz. Bəs bu serialdakı rolunuzda sizi daha çox deyinən, dinləməyi bacarmayan, çox danışan obraz kimi təqdim ediblər.

Zülfiyyə xanım, siz öz ailənizdə də belə  olardınızmı? Sizin üçün ailə anlayışı nə deməkdir? 

 

-Mən ailəmdə belə olardımmı? Xeyr, mən ümumiyyətlə belə xarakterli insan deyiləm. Mən heçnəyə həyatda o qədər məna yükləmirəm ki,  mən nəyəsə deyinmək məcburiyyətində qalım. Mən bumeranq kimi insanam biraz. Mənə nə atdınızsa, onu qaytaracam.  Mənə göstərilən hər münasibəti geri göstərdiyimə görə mənə heç deyinməyə ehtiyac belə yoxdur. Çünki mən insanlara o qədər məna yükləmirəm. Mənim üçün ailə tamamilə başqa anlayışdır. Ailə sevgidir, qayğıdır, hörmətdir, bağdır. “Qol qırılar, içində qalar deməkdir". Mən öz ailəmdə bunu görmüşəm. Mən öz anam tərəfindən belə sevgi ilə böyüdülmüşəm. Gələcək ailəmdə də qismət olarsa,  ailəmdən gördüklərimi, anamdan gördüklərimi tətbiq edəcəm.

 

-Sizcə, bu gün gücsüz görünən, davamı olaraq səhv addımlar atan uşaqların arxasında bir ailə amilinin təsiri nə qədərdir? Bu uşaqların ailəsində əsasən bir ana tərəfdən sınıqlıq varmı?

 

-Bu gün gücsüz görünən, səhv edən uşaqların arxasında bəli, valideyn amili var. Valideyn sevgisizliyi, valideyn diqqətsizliyi var. Mən niyə bu gün cəmiyyətdə özümü, ancaq işimlə  var etməyə çalışmışam və eləmişəm də? Bu gün bu qədər özgüvənli, özünə inanan olmamın səbəbi məni və bacımı valideynimin- anamın belə yetişdirməsidir. Mən və bacım anamdan ancaq diqqət, dəstək görmüşük.

Söhbət maddi dəstəkdən getmir. Biz onsuz da ödənişsiz təhsil almışıq. Söhbət mənəvi dəstəkdən gedir. Uğurumda da, uğursuzluğumda da onun dəstəyini daima hiss etmişəm deyə mən bu gün cəmiyyətdə belə qətiyyətliyəm. Hər şey ailədən başlayır.

 

-Tamamilə sizinlə razıyam. Mənə görə də hər şeyin təməli ailədir.

Zülfiyyə xanım, bir az filmlərdən kənar sual vermək istəyirəm. Aktrisalıqdan əlavə incəsənətin hər hansı başqa növünə aid hobbiniz, bacarığınız varmı?

 

-Aktrisalıqdan başqa, bilənlər bilir, 16-yaşıma kimi rəssamlıqla məşğul olmuşam. Hobbi kimi yox, sənət kimi yanaşırdım. Düşünürdüm rəssam olacam. Amma aktrisa oldum. 17yaşından sonra məşğul olmadığım üçün o bacarığın nə qədər qalmasını indi bilmirəm. 

 

-Zülfiyyə xanım, teatr yoxsa kino? 

 

-Mən gözəl, dəyərli, xalq artistimiz, aktrisamız, rəhmətlik Amaliya xanım Pənahovanın yaratdığı  Bakı Bələdiyyə teatrında 2007-ci ildən çalışıram. Teatrı da, filmləri də, serialları da eyni sevgi ilə sevirəm.

Amma reallıq budur ki, tamaşaya 300-500 adam gələrsə, ekran qarşısından bizi milyonlarla izləyici izləyir. Geniş tamaşaçı kütləsi tərəfindən tanınmağımda ekranın ən çox rolu var. Amma mənim peşəkarlığımda, bu sənətdə bu səviyyəyə çatmağımda teatrın və təbii ki, həmçinin filmlərin əvəzsiz rolu var.

 

-Allahdan mən də dəyərli aktrisamıza rəhmət diləyirəm. Sizin kimi işini layiqincə yetirən aktrisalarımız nə qədər varsa, onların ruhu şad olacaqdır. Növbəti sualımı vermək istəyirəm. Gələcəkdə böyük partlayış olacaq dediyiniz bir iş anonsu varmı? Gələcək işlər barədə öncədən az da  olsa praqnoz verə bilirsənizmi? Razıyam ki, sizin işlərinizin hər birində yaratdığınız obrazlar özünəməxsusluğu ilə maraq doğurur. Amma yenə də bu suala olan cavabınız maraqlıdır deyə sualı ünvanladım. 

 

-Böyük partlayış bir işin olacağını zaman göstərəcək. Mən özümə çox inanan insanam, hər mənada. İnşallah ki, irəlidə hansı iş olarsa olsun, mən o işlərin haqqını verərək işləyəcəyəm və roluma, işimə xəyanət etmədən çalışacağam. Mənim bu sevgim, bu enerji sərf etməyim mütləq ki hansı iş olursa olsun, özünü "partlayışla" göstərəcək. Necə ki, başqa işlərimdə də bu belə olub.

Çalışacağam ki, heç zaman işimə sevgimi, dəyərimi itirməyim. Bu sahə bumeranq kimidir, yaradıcılığına sevgi ilə yanaşsan, mütləq ki, sənə o sevgini qaytaracaq.

 

-Zülfiyyə xanım sizə həyatın ən ağır yollarında güc verən nədir?

 

- Həyatım ən ağır yollarında  anam mənə  mənəvi güc verib, arxamda durub, hər bir şeydə var oluşunu hiss elətdirib. Həyatda hər bir hadisə ola bilir. Çox təəssüf ki, bu gün anam həyatda yoxdur. Amma buna  baxmayaraq bu gün fiziki olaraq yanımda olmasa da mən yenə də onun varlığını öz üstümdə hiss edirəm. Və mən özümdə çox güclü adamam. Özüm özümü motivasiya edib hər şeyin öhtəsindən gəlməyi bacarıram. 

 

-Allahdan ananıza rəhmət diləyirəm. Bəli, həyat öz ağır notları ilə qəlbimizə ağrı salır. Amma "həyatdır" deyib təskinlik tapırıq. Son sualımı vermək istəyirəm, əziz Zülfiyyə xanım,

“Kaş ki”... olmasa idi “bəlkə”... olardı. “Kaş ki” və “bəlkə”ni əvəz edəcəyiniz iki ifadə nə olardı?

 

-Kaşkilərin içində xırda kaşkilərimiz, bəlkələrimiz çoxdur. Amma mənim üçün ən böyük məna ifa edən bir kaş ki var. Kaş ki, mənim anam sağ olaydı. 

 

-Mən son olaraq bir daha müsahibəmizdə iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Və portalımızın oxucularına bildirmək istəyirəm ki, həqiqətən də Zülfiyyə xanım çox yaxşı müsahib kimi yaddaşımda qalacaq. Söhbət onunla nə qədər xoş gəldisə, bu müsahibədən kənar da biz onunla xeyli söhbət etdik. Hətta müsahibə üçün olan məlumatlardan belə azaltmalar etməli oldum ki, sizi çox yormayaq. Söhbətimiz çox şirin və mənalı oldu. Və mən öz "Ağcamı" çox sevdim.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Aprelin 27-də Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Səhnə əsəri yazıçı gənc istedad Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ikihissəli tale dramında Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva, Mehriban Xanlarova, Vəfa Rzayeva, Şəlalə Şahvələdqızı və digər aktyorlar çıxış edirlər.

Səhnə əsəri Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin həyat yoldaşı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına göndərilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası 15-20 aprel tarixlərində

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyası, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdim edir.

Dördüncü dəfə keçirilən layihə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti          Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalına Gəncə Dövlət Filarmoniyasından verilən məlumata görə, layihənin ilk günü Heydər Əliyev Mərkəzində Süleyman Ələsgərovun yaradıcılığına həsr olunmuş konfrans keçirilib. Konfransda "Süleyman Ələsgərovun operettaları", "Süleyman Ələsgərovun mahnı və romansları", "Opera yaradıcılığı", "Üzeyir ruhlu bəstəkar Süleyman Ələsgərovun yaradıcılığının üslub xüsusiyyətləri", "Simfonizm ənənələri" mövzuları müzakirə edilib.

Daha sonra Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 1nömrəli UMM, Gəncə şəhər  2 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM, Goranboy rayon Xanqərvənd UMM, Düzqışlaq UMM, Dəliməmmədli UMM, Borsunlu UMM, Qızılhacılı UMM, Samux rayon Sərkar kənd UMM, Qarayeri qəsəbə UMM, Daşkəsən Uşaq İncəsənət Məktəbi, Göygöl Aşıq Şəmşir UMM-nin şagirdlərinin iştirakı ilə bəstəkarın əsərlərindən ibarət konsert proqramı keçirilib. Günün sonu Gəncə Dövlət Dram Teatrında    Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 1nömrəli UMM, Gəncə şəhər  2 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM, Goranboy rayon Düzqışlaq UMM, Qızılhacılı UMM, Səfikürd UMM, Samux şəhər UMM, Samux rayon Sərkar kənd UMM, Qarayeri qəsəbə UMM, Göygöl Aşıq Şəmşir UMM-nin müəllimlərinin konserti baş tutub.

Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsi 8-14 yanvar tarixlərində simfonik muğam janrının banisi Fikrət Əmirova, 14-16 fevral tarixlərində görkəmli bəstəkarımız Qara Qarayevə, 27-29 mart tarixlərində xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğluna həsr olunmuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi “Yaradıcı müzakirələr” layihəsinə başlamışdı və hazırda layihə  davam edir. Qeyd edək ki, layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasını dəstəkləmək məqsədilə həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən layihə çərçivəsində 10 regionda 100 maarifləndirici tədbir təşkil edilib. Tədbirlərə 3000-ə yaxın iştirakçı qatılaraq yaradıcı sənayelər haqqında ətraflı məlumat alıb.

 

Cari ilin may ayında yenidən həyata keçiriləcək “Yaradıcı müzakirələr” layihəsi ilkin mərhələdə Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxı şəhərlərini əhatə edəcək, daha sonra sentyabr-oktyabr aylarında Lənkəran, Naxçıvan, Sumqayıt, Bakı və Şuşa şəhərlərində davam edəcək.

 

Layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlər təşkil olunacaq.

 

Ümumilikdə təşkil olunan sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzuları əhatə edəcək.

 

Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxıda baş tutacaq sessiyalara qeydiyyat artıq başlayıb və qeyd olunan link vasitəsi ilə aprel ayı ərzində qeydiyyatdan keçmək mümkündür: https://talks.creative.az

 

Ətraflı məlumat üçün:

İnstagram: https://www.instagram.com/yaradici.talks

Facebook: https://www.facebook.com/yaradici.talks

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.