İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Vurğun keçib bu yerlərdən” kitabını bəlkə də on dəfə oxumuşam. Hər dəfə daha çox sevmişəm böyük Səməd Vurğuna həsr edilmiş bu əsəri. Bax, Şəmistan Nəzirli oxucunu sehirləməyi bacarır.
Bu gün onun doğum günüdür, 83-ü tamamlayır, 84-ə adlayır. Gəlin onu ürəkdən təbrik edək və haqqında bir qədər məlumatlanaq.
Azərbaycanın tanınmış araşdırmaçı-publisisti, hərbi jurnalist, nasir Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olub. Əsli Qazaxlıdır. Burada kənd məktəbinin səkkizinci sinfini bitirdiyi il ailəlikcə Azərbaycana köçüblər. Dəvəçi şəhərində orta məktəbi bitirib. 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olub. Sovet Ordusu sıralarında xidməti borcunu yerinə yetirib. ADU-nun Jurnalistika fakültəsində təhsil alıb.
Ədəbi fəaliyyətə 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxan kiçik bir məqaləsi ilə başlayıb. Lakin 60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edir. Səməd Vurğun dünyası və azərbaycanlı sərkərdələrin taleyi onun ədəbi-publisist fəaliyyətinin əsas mövzusudur. Onun tərtib etdiyi general-leytenant Əliağa Şıxlinskinin "Xatirələrim" kitabı 1984-cü ildə Azərnəşr tərəfindən Azərbaycan və rus dillərində kütləvi tirajla buraxılıb.
Əmək fəaliyyətinə APİ-nin "Gənc leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, şöbə müdiri, Azərbaycan Dövlət Ensiklopediyasında "Xatirə" redaksiyasının şöbə müdiri, Respublika Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində şöbə müdiri Respublika Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Hərbi proqramlar və salnamə" baş redaksiyasının baş redaktoru işləyib.
Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində Hərbi Elmi Mərkəzin hərb tarixi şöbəsində baş elmi işçidir. Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlərinə görə Azərbaycan Jurnalist Həmkarlar İttifaqının "Səməd Vurğun fəxri xatirə diplomu"na, "Qacarlar" əsərinə görə İran Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatın, hərbi vətənpərvərlik mövzusunda tarixi publisistik əsərlərinə görə "General Həzi Aslanov" və “Qazax Xeyriyyə” İctimai Birliyinin təsis etdiyi "General Əliağa Şıxlinski" Diplomuna, 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Filmoqrafiya
1. Səmədbəy
2. Cümhuriyyət generalları
Kitabları
- Vurğun keçib bu yerlərdən
- Vurğun ömrü
- Qəribə talelər
- Əfsanəvi Mixaylo
- Qoridən gələn qatar
- Qacarlar
- Azərbaycan generalları
- Cümhuriyyət generalları
- Ellər Vurğunu
- General Cəmşidxan Naxçıvanski
- Daş Salahlı Məmməd Koxa
- Tam artilleriya generalı Səmədbəy Mehmandarov
- Qarxunlu Əşrəf bəy
- Abbas ağa Nazir
- Azərbaycan ordusunun 100 illiyi
“Ədəbiyyat və incəsənət”
(12.08.2025)