İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Stomatoloqda dili zədələnmişdi, çəkilişlərdə soyuqladığı üçün xoraya çevrilib. Mürəkkəb müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına mətinliklə dözüb. Çox möhkəm iradəli adam olub. Yeddi il əzab-əziyyətli xəstəlik davam edib. 1992-ci ilin qışında ailəsi tərəfindən Hamburqa aparılıb, amma orda bir çarə tapılmayıb.
Bakıya qayıdanda xəstəxanaya yerləşdirib. Həyat yoldaşı Kamilla Ələkbərova və qızları İzulətlə Ləman (əkiz qızları) onunla xəstəxanada qalıblar.
Uzun sürən əzab-əziyyətdən sonra kino xadimi, xalq artisti Şahmar Ələkbərov 12 avqust 1992-ci il, 48 yaşında dil xərçəngindən vəfat edib.
Bax belə bir tale...
Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Atası əslən cəbrayıllı Zülfüqar kişi, anası kökü Tiflisə bağlı İzulət xanımdır. Şahmarın 9 yaşı olanda ailəsi Gəncədən Bakıya köçüb. Orta məktəbi 15 yaşında bitirib. Evdə bildirir ki, sənədlərini Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə verəcək, amma məlum olduğu kimi belə etmir və anası İzulət xanım buna bərk əsəbləşir, çünki İzulət Ələkbərova Azərbaycanda açılmış ilk pedaqoji texnikumun birinci məzunlarından idi və oğlunu səhnədə görmək istəməyib.
Həyat yoldaşı teatrşünas Kamilə Ələkbərova olub. Kamilə Ələkbərovadan iki əkiz qızı var: İzulət və Ləman. Evli olan əkiz qızları İzulət və Ləman Ələkbərovalar çoxdandır xaricdə yaşayırlar. İzulət xanımın həyat yoldaşı Fuad İsgəndərov Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısıdır.
Heç 50 il ömür yaşamayıb. Amma bu müddətdə yaratdığı obrazlar, çəkdiyi filmlər çox olub. Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. 1964-cü ildə Azərbaycan İncəsənət İnstitutunu bitirib. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərov onu kinostudiyanın nəzdində özünün yaratdığı "kino aktyorluğu" studiyasına dəvət edib.
Tanınmağa "Dağlarda döyüş" filmindən sonra başlayıb. Onun ilk aktyor karyerası olub bu. İncəsənət İnstitutunu təzəcə bitirsə də, kinoya hədsiz həvəsi onu studiyaya gətirib. Həm də bu institutda Rza Təhmasibin kursunda təhsil alıb. Bu o demək idi ki, Şahmar Ələkbərov artıq püxtələşmiş bir aktyor olub və elə "Dağlarda döyüş" filmindəki debütündə də bu aydın görünür. 1967-ci ildə bu filmə kinorejissor Kamil Rüstəmbəyov quruluş verib. Mərhum yazıçı-jurnalist Əhmədağa Qurbanov özünün "Tikanlı məftillər" povesti əsasında ssenarini yazıb. Şahmar Ələkbərovun da qəhrəmanı sərhəd qoşunlarında xidmət edən sıravi əsgərdir.
Maraqlı macəra süjeti var filmin. Sərhədi keçən bir nəfərin izinə düşən Fərrux böyük çətinliklərdən sonra onu yaxalayır və məlum olur ki, bu onun bir vaxtlar müharibə dövrü Vətəndən qaçaq düşmüş atasıdır. İlk rol, ilk çətinlik, ilk sınaq. Bunlar hamısı Şahmarın taleyində uğurlu alınıb və onun qəhrəmanı Fərruxun bütün xarakterik cizgiləri məhz aktyor məharətinin nəticəsi olaraq rəssam dəqiqliyi ilə yaradılıb. Bəli, sərhədçi obrazı ilə onun yaradıcılıq məkanının sərhədi başlayıb. Və bu sərhəd onun rejissor kimi tamamladığı "Qəzəlxan" filminə qədər uzun və keşməkeşli bir yol keçib.
Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli-mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir. Şahmar Ələkbərovun yaradıcılığında Məzahirin özünəməxsus yeri var. "Mən ki, gözəl deyildim" filminin qəhrəmanı, sadə, səmimi gənc Məzahirin obrazı elə bil Şahmar Ələkbərovun xarakterinə biçilib.
Aktyor heç bir impovizəyə yol vermədən bu sadə sürücünün bütün daxili dünyasını, ətrafdakılara münasibətini çox canlı ştrixlərlə tamaşaçılara çatdırıb. Müharibənin ağır günlərində uzaq dağ kəndlərindən birində baş verən hadisələri əks etdirən bu lirik-dramatik filmin qəhrəmanları arasında nikbin xarakteri ilə seçilən Məzahirin öz yeri var. Məzahir kinomuzda yeni bir obraz olub. Bu sürücü oğlanın nikbin ruhu filmin faciəvi yükünü xeyli azaldıb. O, həmişə gülür, zarafat edir, sanki insanların qəlbinə çökən müharibə ağrılarını dəf etmək istəyib. Məzahirin sevgisində də bir səmimiyyət var. Filmi rejissor Tofiq Tağızadə çəkib. Ümumiyyətlə, Şahmar Ələkbərov Tofiq Tağızadənin filmlərində çox az çəkilib. "Qızılqaz" və bir də "Mən ki, gözəl deyildim". Hər ikisində də çox maraqlı obrazlar yaradıb.
"Rejissor kimi"
Sərbəst film çəkmək arzusu onu rahat buraxmayıb. Bir az da xəstələnib. Səhhətində baş verən problemlər ona aktyor kimi işləmək imkanı verməyib. Beləliklə o rejissor kimi işləməyə qərar verib və ilk dəfə Gülbəniz Əzimzadə ilə birgə "İmtahan" filmini çəkib. Bu ictimai motivli filmdə Şahmar Ələkbərov, çox böyük həvəslə işləyib. Hər şey ona tanış olub. Kamera da, operator işi də, dekorasiyaların qurulması da, aktyor oyunları da ki, öz peşəsi olub. Amma narahatlığı var idi. Ssenarini Anar özünün "Şəhərin yay günləri" povesti əsasında yazıb. Amma Gülbəniz Əzimzadə ilə elə rahat işləyib ki, elə bil uzun illər rejissorluq edib. Film ekranlara çıxanda artıq bütün təşvişlərə son qoyulub. Ssenari müəllifi də, Gülbəniz Əzimzadə də, tamaşaçılar da filmdən razı qalıblar. Şahmar Ələkbərova da bu lazım idi.
Sonra isə Elçin özünün "Toyuğun diri qalması" povesti əsasında ssenarisini yazdığı "Sahilsiz gecə"ni çəkib. Bu isə 1989-cu il olub. O vaxt Şahmar Ələkbərova dəhşətli xəstəlik əzab versə də, işləyib. Elə bil tələsib. Filmi çox az müddətə çəkib. Amma film hazır olanda çox ciddi münaqişələrlə qarşılanıb. Səbəb isə müharibə dövründə qadınların həyatında bəzi məqamların göstərilməsi olub. Studiyanın qarşısına toplanan qadınlar piket keçirir, filmi ləğv etdirmək istəyiblər. Bu film ekrana çıxdığı gündən böyük mübahisələr doğurub. "Azərbaycan qadınının keşiyində duran" bəzi şəxslər Şahmar Ələkbərovun ekran işini "daşqalaq etdilər". "Sahilsiz gecə" cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan biryolluq itib.
Ona münasibət bu gün də birmənalı deyil. Şahmar Ələkbərovun yaxın dostu və tələbə yoldaşı Tariyel Qasımov film haqqında bu cür deyib:
"Elçinin ssenarisində ifa etdiyim rol yox idi. Onu rəhmətlik Şahmar Ələkbərovun özü əlavə etdi ssenariyə. Dedi ki, həm filmdə iştirak edərsən, həm də gedib Riqanı görərsən. Mənim çəkildiyim səhnə Riqada çəkilib. O vaxt da rəhmətlik Şahmar çox xəstə idi, əziyyət çəkirdi. Amma çox gözəl film alındı. Düzdür, sovet dövründə çox tənqid etdilər o filmi"
Çoxdan qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmaq istəyib. Bu, məşhur qəzəlxan Əliağa Vahidin ekran obrazını yaratmaqdan ibarət olub. Və günlərin birində Şahmar Ələkbərov öz ssenarisi əsasında "Qəzəlxan"ı çəkməyə başlayıb. 1990-cı il idi. O, xəstəhal vəziyyətdə işləyib. Yenə də elə bil harasa tələsib. Baş rola gənc aktyor Loğman Kərimovu dəvət edib. Çəkilişlər dayanmadan gedib, hər şey öz qaydasında olub. Film qurtaranda məlum oldu ki, material çoxdur. Şahmar Ələkbərov filmi iki hissədə çəkməyi qərara alıb.
1991-ci ildə isə film ekranlara çıxıb. "Qəzəlxan" Azərbaycan şairi Əliağa Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırıb. Burada Bakı kəndlərinin adət-ənənələri, XX əsr ədəbi mühiti çox real əks olunub. Əfsus ki, Şahmar Ələkbərov filmin ekran taleyini izləyə bilməyib. Ölüm onu kinodan aparıb. 1992-ci ildə Şahmar Ələkbərovun ömrü əbədiyyətə qovuşub.
Çox olub arzuları. Bir ssenari yazıb. Özü çəkmək istəyib onu. Məşhur Bakı milyoneri Ağa Musa Nağıyevə həsr edib. Doğrudur, ölümündən sonra bu ssenari çəkilib. Rejissor Rövşən Almuradlı çəkib bu filmi. Özü də 1995-ci ildə.
"Yeddi oğul istərəm…" filmində Qəqəninin "Ölmə, Qəzənfər dayı, ölmə!" deyə onu yaralı halda qucaqladığı gözəl səhnələrdən biridir. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb, təbəssümə qovuşdurub. Şahmar Ələkbərov bunu bacarırdı, bu hər aktyora xas olan keyfiyyət deyildi.
Şahmar Ələkbərov kinoda rejissor kimi də sözünü demək istəyib. Bir dəfə studiyanın direktoru Adil İsgəndərovun yanına bir ssenari aparıb və deyib: "Adil müəllim, film çəkmək istəyirəm." Adil İsgəndərov cavabında deyib: "Sənin nə gözəl kostyumun var". Yaxınlaşıb əlini kostyumun parçasına sürtərək, "Gözəl materialı var, birini də mənə tikdirək" deyib. Bu o deməkdir ki, artıq Şahmar Ələkbərov rejissor kimi fəaliyyət kimi göstərə bilərdi.
Filmoqrafiya
- 1001-ci qastrol
- Ad günü
- Adsız su
- Babək
- Bais
- Bakıda küləklər əsir
- Balıq sevdası
- Baş tutmayan ziyafət
- Başdan ayağa
- Bayquş gələndə
- Bir ailəlik bağ evi
- Birisigün, geceyarısı...
- Bişmiş toyuğun gülməyi...
- Bizim küçənin oğlanları
- Cavabsız sual
- Çətin sual
- Cinayətin astanası
- Çıxılmaz vəziyyət
- Dağ meşəsindən keçərkən
Allah rəhmət eləsin sənə, böyük aktyor!
“Ədəbiyyat və incəsənət”
(12.08.2025)