Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu dəfə sizə qeyri-adi, universal bacarıqlı, bənzərsiz bir qadın haqqında söhbət açmaq istəyirəm. Çox sağlam, gümrah, qüvvətli və fəal xanımdır. Ürəyiaçıq, su kimi safdır. Xırdaçı, riyakar, paxıl, qeybət qıran adam deyil. Hətta uşaq kimi səmimi olduğundan, ən adi hiyləgərliyi belə yoxdur. Sadəlövh olmasa da, insanlara tez inananır və bəzən bunun əziyyətini də çəkir. Amma olduqca həssasdır. Tez-tez səbəbli-səbəbsiz narahat olur. Dəqiqdir, dürüstdür. Həm özünə, həm də başqalarına qarşı çox tələbkardır. Ətrafına fayda verməkdə isə tək-tək adamlardandır...
Deyir ki:- “Artıq 30 ildir Lənkəran Dövlət Universitetində çalışıram, tarix üzrə fəlsəfə doktoruyam. Bununla yanaşı BDU-da elmlər doktoru proqramı üzrə təhsilimi davam etdirirəm. 80-dən artıq elmi məqalənin, 70-ə yaxın publisist məqalənin, 3 monoqrafiya və 2 fənn proqramının müəllifiyəm. Ara-sıra vətənpərvərliyə aid şeirlər də yazıram. Dərzi peşəsinə də yiyələnmişəm. Əl işlərim var. Bijuteriya və uşaq geyimləri hazırlayıram. Tələbələrimlə çox gözəl, isti münasibətim var, hər zaman onların yanındayam. Həmişə çalışıram ki, onlara tariximizi olduğu kimi təqdim edim.”
Nadir hallarda əsəbləşir. Bəzən hisslərinə qapılıb emosional olur. Dilini saxlaya bilmir və düşünmədən həqiqəti danışır. Həqiqət acı olur, axı. Amma onun rəyi ilə hesablaşmaq lazımdır, çünki yaxşı məsləhətlər verir. Hər hansı bir işi başladısa, ona həvəslə girişir. Çoxşaxəli qabiliyyət sahibidir, ziyalı, iradəli, dözümlü, alicənabdır. Qürurlu və məğrurdur...
“Anam Əminə xanım cənub bölgəsində “Kimyagər Firəng” ləqəbi ilə tanınan, türkəçarə ilə məşğul olmuş anası Fərəhnisa nənəmin davamçısı olub. Onlar övladı olmayanlara kömək ediblər. Bel sürüşməsi və qarın, mədə çəkiblər. Elm dini möcüzəni rədd etmir. Onların nəsil şəcərələri haqqında geniş məlumat professor Qəmərşah Cavadovun “Talışlar” monoqrafiyasında dərc olunub. Anam dünyasını dəyişsə də, onun etdiyi xeyirxah əməllər hələ də yaşayır. Onun haqqında Zərban TV nin çəkdiyi “Lənkəranlı sınıqçı Əminə” sənədli filmini “YouTube” kanalından izləyə bilərsiniz. Sınıqçılıq irslə gələn peşədir, mənə də keçib. Bədəndə olan bütün sümükləri tanıyır və müalicə etməyi bacarıram. Həkimlərin cərrahiyyə yolu ilə həyata keçirdikləri ən çətin sınıqları- omba, çanaq sümükləri, diz, qulunc, mərc, daban, inci, qamış sümüklərini 40-45 gün ərzində tam sağlam vəziyyətə gətirirəm.”- söyləyir.
Lənkaranda onu tanımayan adam yoxdur. El arasında böyük nüfuz qazanıb. Onu belə fərqləndirən şəxsi cazibəsidir. Onun fiziki gözəlliyini tamamlayan fərdi xarizması var. Heç vaxt sərt bir rəftar nümayiş etdirmir. Özünü sevdirməyi bacarır və bu sevgiyə layiqdir...
Haqqında söhbət açdığım Leyla Məcidova 1976-cı ilin avqust ayının 8-də Lənkəran rayonunun Səpnəkəran kəndində dünyaya gəlib. 1993-cü ildə Lənkəran rayonu Şürük kənd orta məktəbini bitirib. Lənkəran Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnib, eyni zamanda Ümumi dilçilik və xarici dillər kafedrasında laborant vəzifəsində çalışıb. 2002-ci ildə LDU-nun magistratura pilləsində Yeni və ən yeni tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən LDU-nun Tarix kafedrasında çalışır. Tarix elmləri namizədidir. Hazırda Bakı Dövlət Universitetinin elmlər doktoru proqramı üzrə doktoranturasında “Cənub bölgəsinin arxeoloji abidələrinin Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Leyla xanım LDU-nun dosenti kimi “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasından dərs deməklə yanaşı, həm də Lənkəran Tarix Diyarşünaslıq muzeyinin direktorudur...
Deyir ki:- “2022-ci il sentyabrın 22-də Lənkəran Tarix Diyarşünaslıq muzeyinə direktor təyin olunmuşam. Lənkəran Tarix-diyarşünaslıq muzeyi 1924-cü ildə maarifpərvər ziyalı, savadsızlığa qarşı mübarizə aparan, ilk məktəblərin açılmasında böyük xidmətləri olmuş Mirzə Ağalı Əliyev tərəfindən Lənkəranda Böyük bazar ətrafında açılmışdı. 1991-ci ildən Lənkəran Tarix-Diyarşünaslıq muzeyi Mir Əhməd xanın sarayına köçürülüb. Bu abidə Lənkəranın ilk çoxmərtəbəli binasıdır. Qafqazda gözəlik müsabiqəsində birinci yeri tutan xanın həyat yoldaşının şərəfinə ucaldılmış bu bina, gözəlliyinə görə Azərbaycanın Tac Mahalı sayılır. Muzeyin bütün ekspozisiyaları önəmli və dəyərlidir. Turistlər bu binaya daxil olduqda, girəcəkdə qorunan iri güzgüyə maraqla baxırlar. Mirəhməd Xan o vaxt bu güzgüdən 7 ədəd Venesiyadan həyat yoldaşı Toğra xanıma hədiyyə olaraq gətizdirib. 3 ədədi muzeydə qorunur, 4 ədədi isə qarət olunub, ruslar tərəfindən Moskvaya aparılıb. Buna baxmayaraq muzeydə xeyli eksponat toplanıb. Muzeyin həyətini şəxsi vəsaitimlə çəpərə aldırmışam, subtropik meyvə ağacları əkdirib, binanın adına uyğun “Xan bağı” saldırmışam, həyətdə açıq səma altında muzey yaratmaq arzusundayam. Əsasən regiona aid eksponat sayını çoxaltmaq, ixtisaslı kadrlarla işləmək, illərlə saxlanc fondunda qorunan eksponatlardan yeni sərgilər təşkil etmək də hədəflərim sırasındadır...”
Özünə son dərəcə güvənən xanımdır. Daxil olduğu mühitdə diqqəti özünə çəkməyi bacarır. Gözəl inzibatçıdır, idarəetmə bacarıqlarını daim inkişaf etdirir. Mükəmməllik tərəfdarı olduğundan işdə qüsur və səhvləri tez görür...
“Hər bir muzey xalqın tarixi yaddaşıdır, mən qurur duyuram ki, çoxunun bacarmadığı bir işi bacarmışam. Muzeyimiz 4 dəfə oğurlansa da, bir coxları ciblərini düşünəndə mən şəxsi vəsaitim hesabına min əzab-əziyyətlə böyük bir muzey yarada bilmişəm.”- söyləyir.
Beşinci sinifdə oxuyarkən iki il Lənkərandakı zabitlər evində dərzilik və toxuma kursunda oxuyub. İşinin çox olmasına baxmayaraq, bu gün də bəzək əşyaları və toxuma gəlinciklər hazırlayır. Hətta hazırladığı əl işlərindən öz geyimlərində də istifadə edir...
Nə isə, tarix elmləri namizədi, dosent, muzey direktoru, dərzi, sınıqçı kimi xalqın xidmətində olan, el-oba məhəbbəti qazanmış bu universal xanım növbəti yaşına qədəm qoyub. Onu, bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(12.08.2025)