
Super User
ANAR: “Təki qapılarımızı döyən balalar olsun!”
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın uşaqlar üçün də yazdıqları var. Bunların arasında onun uşaqlıq xatirələri xüsusi yer alır. Bu günlərdə sevimli yazıçımız “Qobustan" jurnalının “Uşaqlar sayı” üçün bir esse yazıb, həmin esseni “Ədəbiyyat və incəsənət” portalı diqqətinizə çatdırır.
...Hərdən-birdən "şairlik azarına tutulanda" şeir yazıram... Elə bil şeir hansısa sıxılmış, bir neçə misraya, beytə, bəndə sığdırılmış müxtəlif hisslərin, düşüncələrin əksidir. Bəlkə hər misranı açsan, həll eləsən, daha ətraflı danışmaq istəsən, başqa janrlarda nə isə də alınar. Amma nədirsə, ilin sonu yaxınlaşdıqca izahsız bir şeir ovqatı yaranır. Yenisi yaranmasa da, nə zamansa yazılmış müxtəlif misralar beynimi qurcalayır. Həm öz yazdıqlarım, həm də atamın, anamın və başqa sevdiyim şairlərin...
Zəngin ilin axırında lap əvvələ, dünyanı təzə-təzə öyrənməyə başladığım günlərə, aylara, illərə gedirəm sanki... Balacayam, indidən baxanda lap balaca; gənc, gözəl qadının, anamın əlindən tutub gəzirəm bağın içində, birdən sakitcə çağırıram onu - mənim neçə yaşım var?! - soruşuram. Əynindəki zövqlü geyimi də, üzündəki mehriban ifadə və gözlərindən daşan işıq da indiki kimi yadımdadı. Elə uzun gəzintilərimizdə bir yandan suallarım, o biri tərəfdən də anam dediyi kimi - "qart" uşaq ədalarımla, tələblərimlə yorurdum da onu... Niyal, götür də məni qucağına, axı balaca ayaqlarım yoruldu?! Bunu da mən deyirəmmiş... Anamın mənə həsr elədiyi şeirdəki - "Körpə ayaqların yaman yorulmuş" - misrası bu ərköyünlüyümdən gəlir. Nəslimizdə uzun illər balaca uşaq olmadığından lap çox əzizləyərdilər məni. Bağda cavan qızların - anamın, bibilərimin əlinə balaca oyuncaq kimi düşmüşdüm elə bil. Bir dəfə hətta sözü bir yerə qoyublarmış ki, mən otağa girəndə özlərini elə aparsınlar, sanki məni tanımırlar... Mən də hər zaman bu cavan xanımların - doğmalarımın mehriban, nəvazişli münasibətinə alışmış balaca, "bu kimdi, kimin uşağıdı, hardan gəlib bura?!" - kimi suallarını eşidəndə dodağımı büzmüşəm. "Mənəm də, öz Anarınızam da, tanımırsız məni?!" - deyib ağlamsınmışam... Cavabıma necə ürəkdən gülmələri də, məni bağırlarına basıb könlümü almaları da yadımdadı. Əslində bu yaddaş məsələsini hələ də özüm üçün tam həll etməmişəm; beyin izahsız məntiqlə nələrisə silib atır, nələrisə lap dünən olmuş kimi kino fraqmentinə çevirir xatirimizdə; bəzən elə dünən gördüyüm bir adamın, ən adi məişət əşyasının adını yada salmaqda çətinlik çəkirəm, amma əlli il əvvəl oxuduğum əsərin cümlələri kitabın səhifəsində olduğu kimi gözümün önünə gəlir... Uşaqlıq xatirələrim də belədir. İlin son ayında gecə yarısında uzaq illərin o tayına xəyalən səfərə çıxanda qapqara buz soyuq da kəsir əl-ayağımı... Xalqın soyuq haqqında "qara buz" ifadəsini niyə işlətdiyini də dəqiq anlayıram.
Müharibə yadıma düşür, 1418 gün, dörd il davam edən dünya savaşı. Üç yaşımdan üç ay keçmişdi. Müharibə iyunun 22-də, ilin ən uzun günündə başlamışdı, amma mənim yadımda müharibənin ilk dövrü nə isə qaranlıq və çox soyuq bir dövr kimi qalıb. Yəqin ona görə ki, müharibənin bütün qorxusu ailəmizə payız aylarında atamın cəbhəyə getdiyi vaxtdan daha kəskin duyulmağa başladı. Qış aylarının soyuğunda qoşunlarımızın şəhər-şəhər geri çəkilmələri, atamın yoxluğunun sazağı qarışmışdılar, qaranlıq hissi də tezliklə bütün pəncərələrimizin qara ilə örtülməsi, küçəyə hardansa bir azacıq işıq sızardısa, buna görə cəzalandırılmaq xofu əlavə olunurdu. Küçələrdə zülmət qaranlıq idi. Anamın uzunsov cib fənəri yadımda qalıb. Hərdən məni də özüylə axşamın gec saatlarında radio komitəsinə aparırdı. Amma məni verilişləri canlı səsləndirdiyi üçün, studiyaya girməyə təbii ki, qoymurdurlar. Ora girmək inadımı, şıltaqlığımı yenmək üçün anam məni inandırardı ki, studiyanın içi işıqsızdır, ora qapqaranlıq bir otaqdır.
Qapqara otaqdan çıxan səslər qara boşqab reproduktorlara ötürülürdü, ordan hamıya çatırdı. Həm rus, həm də Azərbaycan dilində xəbərlər verilirdi. Bunu böyüklərin köks ötürmələrindən anlayırdıq - filan yer, filan şəhər də faşistlərin əlinə keçdi. Qara boşqabdan gələn xəbərlər sanki dəhşətli, qorxunc bir zülmət dünyasından gəlirdi, nənəmin danışdığı nağıllardakı zülmət dünyasından, Məlik Məmmədin düşdüyü dərin quyunun dibindən. Kinoxronikalarda xəritə göstərilirdi və bu xəritələrdə qara bir sel kağıza yayılmış mürəkkəb ləkəsi kimi ağ ərazilərin üstünü qarış-qarış tuturdu. Odur ki, qaranlıq, zülmət - müharibə dövründən indiyəcən şüuraltı varlığımda qalıqları yaşayan bir vahimədir. Hərdən anam məni də özüylə evimizin damına qaldırırdı. Yaşadığımız evin sakinləri damda sırayla növbə çəkməli idilər. Nəyin növbəsini çəkirdilər, hələ mənə tam aydın deyil. Əgər təxribatdan qorxurdularsa, belə bir təxribatın qarşısını zərif qadın və üç yaşında uşaq necə ala bilərdi, düşmən təyyarələrinin hücumu nəzərdə tutulurdusa, yenə bu növbələrin nə əhəmiyyəti vardı?!
Bu soyuğun və qaranlıq xatirələrin içində atamın müharibədən qayıtmağı, küçədə durub onun gəlişini gözləməyimiz və məhz mənim onu birinci görməyimin fərəhi gur işıq kimi gözlərimi qamaşdırır, ipisti məlhəm kimi canıma yayılır. İndi atamın müharibədən mənə yazdığı şeirləri də ayrı cür oxuyuram...
Beş yaşımda böyük bacım Fidan, on yaşım olanda Təranə dünyaya gəliblər. Yəqin mənim uşaqlıq "monopoliyam" da elə bununla bitib. Bacılarımla Buzovna bağımızdakı qayğısız uşaqlığımızın min bir oyunları, zarafatları, şıltaqlıqları yaxşı yadımdadı... Yəqin o xatirələrin bəziləri yazılarıma da hopub, onlara da təsir edib. Yaşca Fidandan böyük olduğumdan sui-istifadə edərək: belə geyinmə, elə geyin, ora getmə, bura get - deyə bacımı yersiz incitdiyim məqamlar da yadıma gəlir. Hələ bağda bir axşam işığı yandırarkən elektrikin Fidanı yüngülvarı gizildətməyi və dərhal: Anar di sağ ol, mən öldüm - deyə tam ciddiliklə mənimlə "vidalaşmağı..."
Yaş fərqimiz elə çox olmasa da, bacılarıma övladım kimi baxırdım sanki... Mən orta məktəbin son sinfində oxuyanda Təranə birinci sinfə daxil olmuşdu. Çox vaxt onu məktəbə mən aparırdım. Bəzən mənim yeyin addımlarımla ayaqlaşa bilməyib geri qalırdı. Olurdu ki, hövsələsizlik edərək onu qucağıma alıb aparırdım. Təxminən on ildən bir az artıq zaman keçəcəkdi və mən elə məktəb illərimdən, daha doğrusu, 7 yaşımda sevib seçdiyim ömür-gün yoldaşım Zemfira ilə birgə ilk balamızı - Turalı böyütməyə başlayacaqdıq. Və mən leysan yağışlı günlərin birində balaca Tural qucağımda sel suyun içiylə Ənvər Məmədxanlının evinə tələsəndə çətinliklə, üst-başımız da, ayaqlarımız da islana-islana getdiyimiz məqamda oğlum gözləmədiyim bir söz deyəcəkdi: Yuka (uşaqlar Ənvəri belə çağırırdılar) da elə bilir biz kefdəyik...
İndi ən müxtəlif vəziyyətlərdə bu replika elə yerinə düşür ki... Hə, bir də Turalın yəqin beş yaşı olardı, ona söz vermişdim ki, səhər Bir may nümayişinə aparacam. Amma gecə gec yatdığımdan səhər yuxuya qalmışdım, heç cür yerimdən durmaq istəmirdim. Turaşa elə hey gəlib məni dümsükləyirdi. - Dur, dur - bir may qurtarır axı...
Tural Rəsul babasının, Nigar nənəsinin ilk nəvəsiydi. Atam ensiklopediyada işləyəndə hər fasilədə nəvəsini yanına gətizdirir, ya da Bulvara gedib orda görüşürdü onunla. Səkkiz il sonra Günel dünyaya gələndə də Nigar Rəfibəylinin yazdığı kimi "Məhəbbətləri bölünmədi"...
Görünür, xarakter elə lap erkən uşaqlıqdan özünü büruzə verir. İki yaş, ya iki yaş yarımındaydı Günel, təzəcə dil açmışdı. Turalla Zemfira məndən danışıb gileylənirmişlər: yaman çox işləyir, dincəlmək nədir bilmir, səhhətinə, yeyib-içməyinə, geyinib-keçinməsinə heç fikir vermir... Bu söhbətə fikir verməmiş kimi dinib-danışmayan Günel birdən dözə bilmir: - Ataşka bir az yaxşıdır - deyir. Bu, qızımın həyatda məni ilk müdafiəsi idi.
1981-ci il ailəmizin ən ağır iliydi. Yüz günün içində atamı və anamı itirmişdik. Təxirə salınması mümkün olmayan bir məcburiyyətlə Şuşada "Üzeyir ömrü" filmini çəkirdim. Hər cümə axşamı Bakıya uçur, ehsanı verir, yenə çəkilişə qayıdırdıq. Mən filmlə məşğul olduğum saatlarda Zemfira Güneli şəhərdə gəzdirir, Cıdır düzünə, Üzeyir bəyin, Natəvanın evlərinə aparırdı, Zemfira o vaxt Mir Möhsün Nəvvabın tədqiqatıyla məşğul idi. Hər dəfə yollarını Nəvvabın evinin yanından salanda Günel: Yenə Nəvvabdan danışacaqsan? - deyə soruşurmuş. Balaca Günel "Üzeyir ömrü" filmində bəstəkarın ailə üzvləri sırasında çəkilib.
Bəzən axşam gəzintilərinə mən də qoşulurdum. Məni fikirli görən Günel böyrümə qısılıb: - "Nədi ata, babayla nənə yadına düşdü?" - deyirdi. Doqquz yaşlı qızcığazın bu həssaslığını heç vaxt unutmuram. Yeni il ərəfəsində bu adda-budda işıqlı xatirələr həm də ömür yolunda düzülmüş fənərlər təsiri bağışlayır. Turalın və Günelin uşaqlığını dünənki kimi xatırlayıram. Və yaddaşımda onların da balalarının Rəsulun, Anarın, Dənizin, Sezenin balacalığını valideynlərinin uşaqlığı ilə yanaşı görürəm sanki. Mənim düşüncəmdə onlar yaşıddılar elə bil, uşaqlıqları da yanaşı, birgə keçib.
Yadımdadı günlərin birində balaca Anarı böyük marketlərdən birinə aparıb, nə istəyirsən seç alaq - demişdim. Gözütox adaşım, bəlkə mənə qıymadığı üçün, bəlkə utandığından nəsə götürmək istəməyəndə, onu ürəkləndirməkdən ötrü - mən Turalın atasıyam axı, ona aldırırsan nə istəsən, məndən də çəkinmə - demişdim. Uşağın üzündəki təəccüb yadımdan çıxmır. Sonralar valideynlərinə irad tuturdu - bəs mənə niyə deməmisiz Anar baba Turalın atasıdı?! - deyə. İndi Anar ingiliscə roman yazır, özü bəstələdiyi musiqilərə rep qoşur, mənimlə bərabər imza günündə oxucularla görüşür. Baxıb düşünürəm, bu uşaqlar nə tez böyüdülər belə?!
...Yayda Zuğulbada bağda Əhməd bəy Ağaoğlunun "Mən kiməm" adlı essesini oxuyurdum. Füzulinin və Əhməd bəyin "Mən kiməm" sualıyla rastlaşdığım gündə bu sualı elə tez-tez eşidirdim ki... Bap-balaca, təzə-təzə dil açan bir qızcığazın, Dənizin dilindən. İki yaş dörd aylıq qız nəvəm Dəniz mənə yanaşır və birdən soruşurdu:
- Mən kiməm?
- Sən mənim ceyranımsan - deyirdim, - maralımsan, qəşəngimsən, gözəl-göyçək nəvəmsən - deyirdim.
Dediklərimin mənasını dərk edərək məmnun-məmnun dinləyir və mən onu sınamaq üçün səsimi dəyişmədən, eyni tonda, eyni intonasiyayla:
- Meymunumsan - deyən kimi dərhal:
- Omaz - deyir. "Omaz" - olmaz onun dilində ən qəti, ən ötkəm, təkzibolunmaz "yox" idi. Yamanca hikkəli qız idi. Anası ona laylay çalır, yatızdırırdı - "laylay dedim yatasan, qızıl gülə batasan". Heç də yatmaq fikrində olmayan Dəniz başını qaldırıb qeyzlə: - yatmıram, qızıl gülə də batmıram - deyirdi. İndi Dənizin oğlu, mənim ilk nəticəm Murad da eyni cür xarakter göstərir... Günel nənəsiylə birgə çəkildiyi reklam çarxının rejissoruna irad tutur: bir, iki, üç demə, motor de - biləcəm də çəkilişə başladığını. İşdən bağa gələndə görürəm ki, heç kəs yoxdu, harasa gediblər... Bir azdan gələndə Murada onun yaşına uyğun küskünlüklə - bəs məni qoyub hara getmisən? - deyirəm. Ay Anar baba, guya mən evdə olanda neynirsən ki, elə otağında oturub işləyirsən də - deyə cavab verir. Bir azdan otağıma gəlib ağ vərəqlərdən götürür, öz aləmində əsər yazır. Bakı Kitab Mərkəzinin çap etdiyi "Muradın nağılları"ndan parçaları oxuyanda da yaman tələbkarlıqla qarşılayır... Yer üzündə yeganə çəkindiyi adam Rəsulun qızı Sevincdir. Sevinc gələn kimi onu elə bağrına basır ki, Muradın təslim olmaqdan savayı əlacı qalmır. Amma Sevinc də indiki uşaqların dediyi kimi - yaman özgüvənlidi, əllərini açıb Allaha şükür edir - Ay Allah, nə yaxşı sən bizə Sevuşu verdin! Uşaqlara aid xatirələrimin hər birinin sonunda - düz deyir - ifadəsi gəlir dilimə. Min-min illərdir insanlığın axtardığı bütün həqiqətlər elə uşaqların dilindən səslənir ömrümüz boyu...
Bir vaxt müsahibələrimdən birində - uzun ömrün bir kədərli tərəfi var ki, dostlarını, doğmalarını itirə-itirə gedirsən - demişdim. İndi öz uşaqlığımdan başlayıb ta ki ailəmizin ən balacası Sevincə qədər xatirələrlə keçib getdiyim yol uzun ömrün ən böyük məziyyətini anladır mənə; bu uşaqları tanımaq, onları dinləmək, müşahidə etmək və onlar üçün yaşamaq, yazmaq...
XX əsrin son bədbin şeirini sualla başlamışdım - Kimdir döyən qapmı?! İndi isə "Qobustan"ın Uşaqlar sayı üçün yazdığım essenin sonunda bu sualın ardı kimi arzumu dilə gətirirəm, təki qapılarımızı döyən balalar olsun!
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
“O qədər sevin ki…” - MAHNI BƏLƏDÇİSİ
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Salam. Bu gün bəlkə bir az bayağı, bəlkə hədsiz duyğuları qarışıq bir yazıyla gəldim qarşınıza. Mən yeni mahnılar dinlədikcə bir az kədərlənib duyğusal çöküşlər yaşayan biriyəm və bugün yenə o günlərdən biridir. Bunlara duyğu məktubları da deyə bilərik, qarışıq düşüncələr başlığı da qoya bilərik. Siz necə istəsəniz, elə adlandırıb oxuyun.
Bir kəpənəyin ömrü qədərdir xəyalların ömrü. Bir kəpənəyin qanadlarıtək bərabərdir insanlar bu dünyada. Biri olmasa digəri havalanmaz, uçmaz, tək əldən səs çıxmaz misalı... Heç nə təsadüfən baş vermir bu dünyada. Ölümlər, itkilər, heç biri əbəs deyil ki. Dünyaya göndərilən hər ruhun öz mənası, öz işi var. Hər ruh da gec ya tez, qayıdır dünyaya başqa bədəndə, mən buna inanıram. Əsrlər sonra belə olsa, yenidən qovuşur yarım qalan bütün ruhlar.
Neçə -neçə Adəm və Həvvalar gəldi dünyaya yenidən. Neçə Fərhadlar aşiq oldu təkrar Şirinlərinə. Çox maraqlı bir film izləmişdim illər öncə: 2aşiq vardı. Oğlan savaşda ölür, qızsa sevgisinin həsrətinə dözməyib intahar edirdi başqasına yar olmasın deyə. Sonra dünyaya yenidən gəlib yenə qovuşmadan ölmüşdülər... Bəlkə də bəzi insanların yox, bəzi sevgilərin qismətidir yarım qalmaq, bilmirəm...
Yeni mahnılar kəşf etdikdə ən azı 4-5dəfə dinləyirəm təkrar-təkrar. Və bu gün də içimdəki yatmış hüznü oyadan bir mahnı tapdım.
"Yollarına gül dizeyim, ver elin, nerede?
Al canımı yıllarına sereyim gitme..."
Həkimlər Hippokrat andı içir, düşməni belə olsa sağaldacağına. Vəkillər şərəf andı içir, haqq ədaləti hər zaman qoruyacağına. Bəs niyə insanlar qəlb andı, sevgi andı içmir? Hə, insan onu incidənə mərhəmətli olmaqda çətinlik çəkir, amma sevən insan necə qarşısındakının ağlamasını istəyər ki? Necə canı yansın deyər ki?
Dünya... Həyat nifrət üçün, kin üçün o qədər qısadır ki. Həyat qəlb qırmaq üçün o qədər anlamsızdır ki. Əlinizdə fürsət olsa, bütün dünyaya səslənsəniz, nə deyərdiniz? Mən "sevin" deyərdim. Ağrıtsa da, qırsa da, çətin də gəlsə sevin. Düzdür, oğru olmasa doğrunun qədri bilinmir, amma siz yenə də doğru olun. Hər şeydən əvvəl sevgi Allaha məxsusdur. İlk öncə onu sevin. Sonra ailənizi, dostlarınızı, bir insanı. Çiçəkləri, heyvanları sevin. Yaşamağı sevin. Amma ən çox da sədaqəti sevin. Həyatda hər səhv bağışlanar, xəyanətdən başqa. Allah belə tövbə edən kəsləri bağışlayır, ona şirk qoşanlardan başqa. Bəs biz nəyə görə sevdiklərimizi bağışlamaqdan bu qədər acizik? Niyə üzr istəməyi, çabalamağı qürursuzluq adlandıracaq dövrə gəlmişik? İnsanların beynindəki qəlibləşmiş fikirlərdən uzaqlaşıb öz sevginizi, sevgi dilinizi kəşf edin. Mənim sevgi dilim sədaqətdir, qısqanclıqdır. Ailəmin hər hansı bir fərdinə, dostuma, sevdiyimə qarşı sədaqət və qısqanclıq. Onu hər kəsdən qorumaq istəyəcək qədər qısqanclıq və ondan başqasına yaxın durmaqdan qorxacaq qədər sədaqət. Elə mahnıda da dediyi kimi:
"Bir başkasına yaramaz bu can, üzülme..."
Sevgi diliniz, sevgi şərtiniz sizin ən böyük silahınız və gözləntinizdir, unutmayın. Bir insanı mahnılar adayacaq, şeirlər yazacaq qədər sevmək sizi zəif yox, əksinə, həqiqətən sevəbiləcək qədər güclü qəlbə sahib biri edər...
"Hayran oldun, gülüm
Bu dünya aşka büründü..
Başka-başka diyarda benden güzeli mi var?
Ömrüm birdi, bin oldu,
Sevdam coşdu, kudurdu
Aşka karşı diyarda senden güzeli mi var?"
O qədər sevin ki, dünyanız tərsinə dönəndə tərsi düzündən gözəlmiş deyin. Elə gözəl sevin ki, hər kəs sizə "xəyallar aləmindən çıx" deyəndə siz xəyallarınızı yaşamış olun, sizin sevginizi itirməkdən qorxsunlar, qazanmağa çalışsınlar. Elə mahnıda da deyildiyi kimi, sevin, ömrünüz bir ikən, min olsun!
Sevgi ilə qalın...
(Mahnı: Emre Fel: Senden güzeli mi var?)
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Son dörd ilin və gələn illərin 7 fevralı...
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Dilimizdə belə bir deyim var: “Dünənə qədər”... – Tez-tez müraciət etdiyimiz bir deyimdi. Dünənə qədərki dünənlərimizi, yaxın keçmişimizin 7 fevral gündəmini birgə xatırlamağa çalışaq:
2020-ci ilin 7 fevralında (2 gün sonrakı – 9 fevral) parlament seçkiləri ən aparıcı mövzuydu. Həmin il və aydan başlayaraq pandemiya mövzusu da aparcı mövqe qazandı. Paralel olaraq, Xankəndidəki keçmiş qondarma rejim öz qondarma “prezident” və “parlament” “seçki”lərini keçirmiş və bu azmış kimi, “prezident”in saxta “andiçmə”sini Şuşada təşkil etmiş, habelə “parlament”i Xankəndidən Şuşaya köçürəcəyini vəd etmişdi. İctimai fəal qüvvələrdən orduya “Şuşanı vur!” çağırışları yüksəlməkəydi. Bir yandan pandemiya, bir yandan işğal altındakı Qarabağ şəhərlərində baş verən həyasız erməni saymazlıqları gündəmi zəbt etmişdi. Bunlar yetməzmiş kimi, 12 iyuldan etibarən Ermənistan silahlı qüvvələrinin Tovuzda – dövlət sərhəddində başlatdığı, bir neçə gün sürən hücum və hərbi təxribat cəhdləri (general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və onların döyüş yoldaşlarının, əsgər və zabitlərimizin şəhid olması) bardağı daşırmaqdaydı. Əhalinin ən müxtəlif kəsimləri düşmənə nəhayət öz yerini göstərmək, qəti və son addım atmaq çağırışları ilə çıxış edirdi.
Ali Baş Komandanın o həyacanlı, həssas günlərdəki çıxışından sonra səfərbərlik və hərbi xidmətə çağırış idarələrinin qabaq-qənşəri dolub-daşdı, gənclər öndə olmaqla, əhalinin ən müxtəlif kəsimləri şəhidlərin intiqamını, generalın qisasını almaq, xalqın, dövlətin, Ali Baş Komandanın güvənini doğrultmaq eşqi ilə irəli atıldı. Sonrasını qürurla xatırlayırıq: 27 sentyabr 2020-ci il! – Azərbaycan Silahlı Qüvvələri düşmənin növbəti hücum və təxribatlarını durdumaqçün bütün cəbhə boyu əks-hücuma keçdi! Prezident, Ali Baş Komandan İlham Əliyevin həmin gün Xalq müraciətində deyilirdi:
“Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər.
Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır”!
2021-ci ilin fevralında qalib Azərbaycanın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev artıq Qarabağda, Gündoğar Zəngəzurda quruculuq-abadlıq, sürətli və keyfiyyətli tikinti-bərpa işləri ilə bağlı tapşırıqları verir, eləcə də, Zəfərimizin beynəlxalq aləmdə dərindən qəbul görməsi yönündə titanik səylər göstərirdi. (Bu yöndə fəaliyyət, əslində, 2020-ci ilin 10 noyabrdan dərhal sonra başlamışdı).
Tarixi Zəfərimizdən sonrakı ilk gündən başlayaraq opponentlər daxildə və xaricdə çoxsaylı qarmaşıq, dolaşıq və toxtaqsız iddialarda bulundu:
-Xankəndinə niyə girilmədi?
-Laçın yolu niyə nəzarətə götürülmür?
-Xocalı aeroportuna uçuşlar niyə durdurulmur və s. – bu daxildəki opponentlərin dediklərindən bəziləriydi. Xaricdən isə ermənilərin (guya tapdalanan) hüquqları, təminatı mövzusunda, habelə təxribatda, terrorçuluqda, digər qanunsuz əməllərdə suçlu olan məhbus ermənilərin bir an öncə azad edilməsi yönündə siyasi çağırışlar, basqı cəhdləri ara vermirdi.
2022-ci ilin sentyabrında düşmənin Laçın-Kəlbəcər-Daşkəsən yönündə, şərti dövlət sərhəddi boyunca irimiqyaslı hücum, təxribat cəhdinin qarşısı qətiyyətlə alındıqdan sonra xarici erməniyanlıların yeni mövzusu peyda oldu: bəs deməzsənmi, Azərbaycan Ermənistanın ərazisinə daxil olubmuş və oradan geri çəkilməliymiş. O söhbət acı bağırsaq kimi daha bugünlərədək uzadılmaqdadır, ancaq nəyə yarar? Axı pozulan hansı sərhəddir? – O sərhəddi Ermənistan və onun havadarları nə vaxtdan qəbul edib? – “Qəbuletmə” tənəzzülü necə başlayıb? Əgər sərhəd varsa, onu 30 il boyunca pozan Ermənistan nəyi pozduğunun fərqində deyildimi, anlaqsızdımı? Anlaqsızlığı onillər boyu sürmüş bir dövlət dövlətdirmi, onun bayrağı bayraqdırmı və belə dövlətə sərhəd etibar etmək olarmı? Bəs on illər boyu Ermənistana arxa-dayaq duranlar?.. – Ona görə də, “Biz 30 il orada olmamışıq. Əgər o sərhəd sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı. O, axı bu sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır.
...Ona görə, əlbəttə ki, biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir”. (Prezident İlham Əliyev).
2022-ci ilin fevralında (ondan öncə və sonra) Ermənistan Laçın yolu üzərindən Qarabağa silah-sursat, minalar göndərir, qanunsuz hərbi birləşmələrinin yerdəyişməsini həyata keçirirdi...
2023-cü ilin 7 fevralında qardaş ölkədəki dəhşətli zəlzələdən danışır, yazır, dərd bölüşürdük – Azərbaycanın dörd bir yanından könüllü yardım seli elə bir qüvvətli hal almışdı, sanki zəlzələ Azərbaycanın özündə baş vermişdi. – Zatən Türkiyə Azərbaycanı, Azərbaycan Türkiyəni özü bilməsə Türk dünyasının birlik-bütövlük sevdası, turançılıq ülküsü su üstündə yazı kimi ötüb-batıb keçərdi (iraq olsun)...
O müdhiş hadisənin ildönümü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlandığı məktubda oxuyuruq: “Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi”.
Və nəhayət ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş dövlətimizin bu il fevralın 7-də keçirdiyi Növbədənkənar Prezident Seçkiləri böyük coşqu ilə başa çatdı! – Azərbaycan xalqı qədirbilənliklə seçki məntəqələrinə axın edib, boykotçuları boykot edərək, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə növbəti dönəm üçün səs verdi.
2024-cü ilin 7 fevralında İlham Əliyevə verilən səslərin necə xarüqələr yaratdığını ən uzağı növbəti ilin 7 fevralında görəcəyik – əlbəttə, ondan öncə də, sonra da!..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Sənə göndərdiyim məktub - XATİRƏ
Almaz Ərgünəş Bəyazid, “Ədəbiyyat və incəsənət” üçün
Sənə məktub göndərirəm.
Bil ki, hələ ölməmisən.
Hər misrası dəyərli , hər şeiri dərin, hər şeirində üsyankar qardaşım Sabir Yüsifoğlu, bu gün Poeziya evində səndən, şeirindən danışdıq .
Səhifənə baş çəkdim. Seirlərini bir də oxudum.
Düşündüm ki, nə qədər qüdrətli varlıq hesab olunsa da, əsrlərlə hökm sürən haqsızlıqlara, ədalətsizliklərə, ayrılıqlara çarə tapmayan insan əslində cox aciz varlıqdır.
Bəlkə də biz Yaradanın bu dünyada yaratdığı və hələ də özümüzlə çarpışan ən qanmaz usaqlarıyıq və Allah bu həyatı bizə bir oyuncaq kimi verərək - “qırma, sındırma bir gün onu səndən alacağam” deyib.
Bu oyuncaqlara başı qarışanlar həyatın oyunlarında cabalayarkən sən bu oyuncaqları qırdın, sındırdın.
Bax o zaman gözəl ölüm səni daha gözəl, oyunları olmayan bir dünyaya apardı, bəlkə də...
O dünyan xoş olsun, unudulmaz dostumuz, qardaşımız.
Mən hələ ki, oyunları seyr edərək sağ və salamatam.
Məktublara aid ən gözəl şeiri sən yazdın.
Bu dünyanın bir adı da kədərdir...
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Ruhuna borclu adam - RƏFAİL TAĞIZADƏNİN 66-SINA
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
“Soyunub əynini təzə gəlintək
töküb paltarını ayaqlarına,
gecə yağışında yuyunub təmiz,
əlində xınası qurumamış qız...
Mən səni sevirəm, sevirəm, payız”
Bu şeir ona məxsus olsa da, cismində gəzdirdiyi ruhdan doğulub. Təkcə bu misralar bəs edir ki, ruhuna salam verəsən. Salam!..
1958-ci ildə, qışın oğlan çağında Ağdamın Sofulu kəndində dünyaya gəlib. Uşaqlıqdan riyaziyyatı çox sevdiyindən dəqiq elmlərə marağı olub. Orta məktəbi Ağdamda bitirib, 16 yaşında Politexnik institutunun Avtomatika və hesablama texnikası fakultəsinə daxil olaraq, 21 yaşında ali təhsilini başa vurub. Uzun müddət “qapalı” hesab edilən müəssisədə müxtəlif vəzifələrdə çalışıb. Sonra Qarabağa yollanıb, müharibədə zabit kimi iştirak edib. Xidməti ordu komandanlığı tərəfindən "Şah İsmayıl Xətai" və başqa Fəxri Fərmanlarla, eləcə də qiymətli hədiyyələrlə təltif olunub...
Deyir ki,- “Qaranlıqdan, tənhalıqdan, yalqızlıqdan, ölümdən qorxmuram. Bəzən axtardığımı gözübağlı daha tez tapıram. Sanki qaranlıqda daha yaxşı görürəm. Cəbhədə olanda o qədər qaranlıqda dərəli-təpəli yol getmişəm ki. Yazmaq, yaratmaq başqalarının görmədiklərini görüb çatdırmaqdır. Nə yaxşı ki, mənimlə bərabər onları görə bilən oxucular da var.”
İstedadlıdır, gözəl ilhamı var. Bu ilhamdan qaynaqlanan təbi isə yaradıcılığından boylanıb gülümsəyir. "Qapı" və "Qarabağ rüzgarları", "Gecə xəyalları", “Su üzərində bahar” şeir kitablarının müəllifidir. Dünya şairlərinin, xüsusən də polyak dilini bildiyi üçün polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. "Qəfil görüş" çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir. Müasir polyak şairlərinin şeirlərini tərcümə edərək "Şairlər eyni dildə danışırlar" adlı şeir antologiyası kitabını hazırlayıb.
2006-cı ildə “Qarabağ qazisi haqqında ballada” poemasına görə Beynəlxalq "Rəsul Rza" mükafatına layiq görülüb. 2010-cu ildə dahi polyak bəstəkarı Şopenin 200 illik yubileyi ilə əlaqədar qələmə aldığı “Şopenin ürəyi” poemasına və Şopenin Azərbaycanda təbliğinə görə Polşa Respublikasının Mədəniyyət və Milli İrs naziri tərəfindən Diploma layıq görülüb. 2011-ci ildə ədəbiyyat üzrə “Nobel” mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik yubileyində Azərbaycanı təmsil edib. Şeirləri ingilis, alman, italyan, rus, polyak, ukrayna və özbək dillərinə tərcümə olunub...
Dənizi çox sevir. Onu saf, təmiz bir canlı kimi təsəvvür edir. Bu sevgini dilə gətirib söyləyir: “Dəniz məni daha yaxşı anlayır. Mən dənizi qısqanıram. Bəlkə o üzdən onunla görüşə payızda, qışda gedirəm. Heç kəs olmayanda. Onunla pıçıltıyla danışıram. Ürəyimi ona açıram. Ruhən təmizlənirəm. Olsun ki, dəniz sevgisi məndə hələ dünyaya gəlməmişdən yaranıb. Bütün dənizləri sevirəm, Xəzərə isə, xüsusi sevgim var. Təbii ki, dağları da, meşələri də sevirəm. Onlarla da rahatlanıram, sakitləşirəm, ancaq dəniz mənimçün bambaşqadı…”
“Şair dostum, vətəndaş dostum, dərd, ələm dostum”- deyən, dünyaşöhrətli alim Rafiq Əliyevdən tutmuş, tanınmış polyak şairlərinə kimi onun haqqında çox adamlar fikir söyləyiblər, şəxsiyyətinə, yaradıcılığına yüksək dəyər veriblər...
Bəli, düz tapdınız, söhbət şair Rəfail Tağızadədən gedir. Ehtiyatda olan polkovnik-leytinant, şair, publisist Təranə Məmməd isə onun barəsində belə yazır: “Rəfail Tağızadənin ədəbi yaradıcılığı uzun müddətdir ki, oxucuların diqqətini cəlb edir. Onun yaradıcılığı çoxşaxəlidir. Hansı janra əl atırsa, orda qeyri-adi, maraqlı bir əsər ortaya qoya bilir.
Rəfail Tağızadə adi şeir yox, sözlərdən, kəlmələrdən toxunmuş incə naxışlı, rəngarəng ilməli həqiqi söz xalıları - söz sənəti nümunələri yaradır. Onu başqalarından fərqləndirən bir çox cəhətlər var. Ən əsası da odur ki, şair insanın müxtəlif emosional anlarını - sevinci də, kədəri də qeyri-adi və eyni zamanda çox təbii təsvir edə bilir. Dilimizdə mövcud olan adi, hər kəsin işlətdiyi sözlərdən yeni mürəkkəb bir aləm yaradıb oxuculara təqdim etməyi bacarir...”
“Yenə bir baharın qonağı oldum.
Yenə nar çiçəyi açdı bir səhər,
(mənim sevgi gülüm, nar çiçəkləri)
yenə bədirləndi Ay da bu gecə,
yenə Xəzərimi dalğalı gördüm,
yenə qağayılar nəğmə oxudu,
yenə dəniz mehi vurdu üzümə,
yenə qızılgüllər açdı səninçün.
Çəmənlər yamyaşıl, ağac yamyaşıl,
yenə uşaqların gözləri gülür,
yenə pəncərədə pərdə tərpənir,
evimin qapısı döyülür yenə...
Demək, mən bir il də yaşadım hələ...”
- deyən Rəfail Tağızadənin fevralın 11-də 66 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Çox yaşasın, ruhuna borclu, ölümdən qorxmayan adam!..
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Görəsən niyə Bakıya qar az yağır? - REDAKSİYANIN POÇTUNDAN
“Ədəbiyyat və incəsənət” portalının poçtuna şair Əli Bağışın “Bakıya qar az yağır…” şeiri daxil olub. Onu oxucularımıza təqdim edirik.
Əli Bağış(SQD)
Bakıya qar az yağır…
(Səfər Rzasoyluya)
Qar az yağır Bakıya.
Xəsis əlindən zorla qopan manatlar kimi-
Tanrı nəhəng əllərindən
bir-bir atır qar dənələrini…
Böyük Səhraya dənə-dənə yağdırdığı
yağış damcıları kimi…
Böyük Səhranın qum dənələri
yağış tamarzısı olan kimi,
Bakı cocuqları da qar tamarzısıdı
İllərdən bəri…
Arzularındakı saf adamı
illərdi körpə dünyalarında
tapmır cocuqlar.
O Adamı qardan düzəltmək sevgisiylə yaşayırlar…
Bakıya qar az yağır.
Az yağan qarı gözləri, ürəkləriylə
qorumaq üçün
Pəncərələrdə
səhərə kimi
qar keşikçisinə dönür
cocuqlar.
Səhəri diri gözlü
açan,
tezdən azadlığa çıxacaq
məhbuslar kimi…
Bakıya qar az yağır.
Sevindirə bilmir,
bekar əllərini ovuşdurub,
gözlərini göylərdən çəkməyən,
bol-bol qar gözləyən
maşın təmirçilərini…
Bakıya qar az yağır!
Örtə bilmir torpağın,
daşın, asfaltın,
betonun, evlərin, küçələrin və adamların
kifirliklərini, eybəcərliklərini…
Bakıya qar az yağır.
Bu az qar heç sevindirmir
cocuqları, təmirçiləri və torpağı…
Bakıya qar az yağır.
Bu az yağan qara
bəlkə də ən çox
sevinir unudulmuş
şəhid qəbirləri…
Sevinirlər!!!
Göydən gələn bəmbəyaz dondakı ziyarətçilərin
kəpənək qanadı öpüşlərinə…
Bakıya qar az yağır…
(Yazılma tarixi: 10.02.2023)
Qapaq şəklində: Müəllif Ərdəbildə, Şəhriyarın abidəsi önündə.
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
UĞUR QAZANDIRAN KİTABLAR - Henri Ford, «Mənim həyatım, mənim nailiyyətlərim»
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luqdakı kitablara nəzər yetirək:
1.Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»
Bu kitab az qala bütün dünyanı dolaşıb. Bir çox dillərə tərcümə olunub, çoxmilyonlu tirajlarla çıxsa da kitab mağazalarının rəflərindən dərhal qeyb olub.
Kitaba bu cür öldürücü maraq heç də uğurlu reklam hay-küyündən doğmayıb, onun məzmununun doğrudan da faydalı olmasından şərtlənib. Burada dünya biznes tarixinə möhürünü vurmuş əfsanəvi şəxsin, avtomobillər kralı Henri Fordun həyatı, yaradıcılığı, milyardlar gətirən biznesinin praktik yolu göstərilir.
Henri Ford kitabında biznesin idarə edilməsi işinə öz baxışını, ideyalarını, menecment teoriyasını, ümumən iqtisadiyyat barədə bilgilərini bölüşür.
Maraqlısı budur ki, XX əsrin əvvəllərinə aid olan biznesin «Ford nəzəriyyəsi» yüz il keçməsinə baxmayaraq hələ də çox aktualdır, bu gün dünyada minlərlə kompaniya Fordun ideyaları əsasında fəaliyyət göstərməkdədir.
Henri Ford dillər əzbəri olan aforizmlərin də müəllifidir. Onlardan bəziləri mənim şüurumda əbədi həkk olunub.
- Əgər mən insanlardan onların nə istədiklərini soruşsaydım, onlar belə cavab verərdilər: «daha sürətli olan atı!»
- İnsan o vaxt ölür ki, dəyişilməsi dayanır. Dəfn isə sadəcə formallıqdır.
- Uğursuzluqlar qorxu, rahatlıqaxtarma, məsuliyyətsizliklər səbəbindən baş verir. Qorxunu dəf etmək özünəinam yaradır!
- Əgər sən odunu öz təşəbbüsünlə doğrasan, onda bu odun səni iki dəfə qızdıracaq.
- Ən yaxşı dost bizə qəlbimizdəki ən yaxşı cəhətləri üzə çıxarmağa kömək eləyəndir.
- Keyfiyyət – hətta heç kim baxmadıqda belə nəyisə düzgün etməkdir.
- Pullu olmaq vacibdir, amma unutmayın ki, pulun məqsədi onu kefə-damağa sərf etmək deyil, onun faydalı xidmət üçün artırılmasıdır. Mənimçün həyatda kef-damaq qədər iyrənc şey yoxdur. Bizim heç birimizin ixtiyarı yoxdur ki, həyatını buna sərf etsin. Sivilizasiyada tüfeylilərə yer yoxdur.
- Əgər sizdə entuziazm varsa, siz hər şeyə nail ola biləcəksiniz. Entuziazm sizin gözlərinizin parıltısı, addımlarınızın qətiyyəti, ideyalarınızı həyata keçirməkçün bol enerji axınıdır. Entuziazm – bütün tərəqqinin istinad nöqtəsidir. Yalnız onunla uğur mümkündür. Onsuz, sizin sadəcə, imkanlarınız var.
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Lənkəranda Əbülfət Mədətoğlunun 65 illik yubileyi qeyd edilib
AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin akt zalında tanınmış şair, publisist, "Ədalət" qəzetinin baş redaktorunun birinci müavini, respublikanın əməkdar jurnalisti Əbülfət Mədətoğlunun 65 illik yubileyi münasibətilə oxucularla görüşü və imza günü keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli məlumat verib.
Bölgənin çoxsaylı yazarlarının, ziyalıların və oxucuların iştirak etdiyi tədbiri giriş sözü ilə bölmənin sədri,yazıçı publisit Qafar Cəfərli açaraq yubilyarın həyat yolu haqqında ətraflı məlumat verib. Əbulfət Mədətoğlunun təhsilindən, jurnalist olaraq müxtəlif mətbuat orqanlarında, xüsusən son 22 ildə çalışdığı, böyük nüfuza və çəkiyə malik “Ədalət” qəzetindəki fəaliyyətindən, şair olaraq sözə olan sevgisi və məsuliyyətindən, nəşr olunmuş kitablarından, əsərlərinin müxtəlif dillərə tərcümə olunmasından, görkəmli elm və söz adamlarının onun yaradıcılılğına verdikləri qiymətdən, layiq görüldüyü təltif və mükafatlardan, həmçinin şeirlərinə bəstələnmiş mahnılardan danışaraq Qafar Çəfərli onu 65 illik yubileyi münasibətilə təbrik edib.
Əbülfət Mədətoğlunun yaradıcılığı haqqında Bölmənin ədəbi məsləhətçisi, şair Ağamir Cavad məruzə edib. Məruzəçi Ə. Mədətoğlunun çoxşaxəli yaradıcığından söz açaraq onun həm publisist, həm də şeir yaradıcılığı barədə ətraflı çıxış edib, ona həsr etdiyi essesini oxuyub.
Daha sonra tədbirin aparıcısı Qafar Cəfərli sözü iştirakşılara verib. Məxsusi olaraq tədbirə qatılmaq üçün Bakı şəhərindən gəlmiş gənc və istedadlı şair Ülkər Nicatlı; "Sözün işığı" qəzetinin baş redaktoru, şair Ədalət Salman; "Zərban" TV-nin təsisçisi və baş redaktoru, yazıçı Hafiz Mirzə; yazıçılar Eldar Tahirov, Əlizadə Əsədov və Qurban Əhməd;ş airlərdən Sakit Üçtərəfli, Əhməd Haqsevər, Məmməd Əvəzoğlu, Ağaddin Babayev, Əyyub Türkay, Bəxtyar Əliyar; Əməkdar məşqçi İdrak Dadaşov; Qarabağ müharibəsi veteranları ictimai birliyinin Lənkəran bölməsi üzrə sədr müavini Saleh Dostiyev; rayonun tanınmış ziyalılarından Fəxrəddin Canıyev, Teyyub Rzayev, Ağadadaş Əliyev çıxış edərək yubilyarın yaradıcılığının müxtəlif məqamlarına toxunmaqla onu təbrik ediblər, peşəkar jurnalistik fəaliyyətində və bədii yaradıcılıqda ona uğurlar arzulayıblar.
Gənc şair, LDU-nun tələbəsi Aytəkin Əziz, şair Əyyub Türkay və yazıçı Qurban Əhməd yubilyarın şeirlərindən nümunələr ifa edibər.
Sonda söz şair-publisist Əbülfət Mədətoğluna verilib. Yubilyar öz həyat yolu, yaradıcılıq məramları haqqında danışıb, tədbirin təşkilatçılarına və çıxış edərək ünvanına xoş sözlər deyən hər kəsə minnətdarlığını bildirib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Əbulfət Mədətoğlu nəşr olunmuş kitablarından avtoqrafla oxuculara və kitabxanaya hədiyyə edib.
Tədbiri bölmənin sədri Qafar Cəfərli yekunlaşdırıb. Xatirə şəkilləri çəkilib.
Tədbir cənub bölgəsində uğurla fəaliyyət göstərən “Zərban” internet televizyası tərəfindən lentə alınıb.
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Ölülər - MİRZƏ CƏLİLİN 155 İLLİYİNƏ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bazar günü böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 155-ci ildönümü tamam oldu. Çoxsaylı televiziyalar, bazar günü işləyən xəbər saytları o nəhəng dağı görmədən günün başa vurdular.
Tək təsəllimiz o oldu ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib. Gərək xalqın dahi oğlunu anmaq üçün mütləq prezident sərəncamı olsun?
Məsələn, ermənilər ildə iki dəfə - həm doğum, həm vəfatı günlərində Xaçaturyanın, Saroyanın, Azanavurun və digər tanınmış sənətkarlarının günlərini geniş qeyd edirlər. Rəqəm dəyirmi olanda isə kütləvi bayram tədbirlərinə vüsət verirlər.
Bizsə dahi Mirzə Cəlilin 155 illiyinin üzərindən sükutla keçirik.
Cəlil Məmmədquluzadənin Azərbaycan tarixində azman bir yeri var, unutmayaq gəlin. O, realist hekayələri, povestləri, dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”, "Ölülər") ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib. 1906-1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori Seminariyası) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik (1887-1897) edib. İlk məlum bədii əsəri sayılan “Çay dəstgahı” (1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-cü ildə nəşr olunub) povestini də bu dövrdə yazıb.
1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa gedib, bu şəhərlərin mədəni həyatı ilə tanış olub. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin redaksiyasında işləyib. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində bu qəzetin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yazdığı “Poçt qutusu” hekayəsi 1904-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub. “Kişmiş oyunu”, L.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri də ilk dəfə bu qəzetdə dərc edilib.
1905-ci ilin əvvəllərində “Şərqi-Rus” bağlananda Cəlil Məmmədquluzadə jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona “Qeyrət” adı vermişdir. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb. 7 aprel 1906-cı ildə Tiflisdə "Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub.
C.Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, İran və Türkiyədə də ədəbi-ictimai fikrin inkişafına qüvvətli təsir göstərib.
Cəlil Məmmədquluzadənin publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib. O, xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.
XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən "Ölülər" komediyası 1909-cu ildə yazılıb. Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapıb. “Ölülər”də cəhalət, gerilik, ikiüzlülük və yalan ifşa olunur. Avamlıq və nadanlığın nə kimi bəlalar yaratdığı göstərilir. Bu komediyanı yazmaqda böyük dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olmuşdur. Cəlil Məmmədquluzadənin tərcümeyi-halı ilə əlaqədar olan materiallar, arxiv sənədləri və xatirələr göstərir ki, Şeyx Nəsrullah surətinin yaradılmasında müəllifin şahidi olduğu konkret tarixi faktların və həqiqətlərin böyük təsiri olmuşdur. Şeyx Nəsrullah bütün Yaxın və Azərbaycan üçün səciyyəvi olan canlı, tipik və mürəkkəb bir ruhani obrazıdır. Ədib Şeyx Nəsrullahın əksi olaraq yaratdığı Kefli İskəndər obrazı vasitəsilə xalqı oyatmağa çalışmışdır. 1916-cı ildə Bakıda səhnəyə qoyulmuş "Ölülər" komediyası uzun müddət Azərbaycan və Şərq ölkələrinin teatrlarında oynanılmışdır.
Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərib.
Ədib yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verib. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunub) pyesində feodal-patriarxal münasibətləri, din və fanatizmi kəskin tənqid atəşinə tutub.
Cəlil Məmmədquluzadə 1907-ci ildə ədib Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurub. Bu izdivacdan onların Midhət və Ənvər adlı iki oğulları dünyaya gəlib.
Böyük ədib 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Ruhu şad olsun.
“Əədəbiyyat və incəsənət”
(12.02.2024)
Azərbaycan Küveytdə keçirilən “Dünya xalqları forumu”nda təmsil olunub
Küveyt Universiteti və Küveytdə fəaliyyət göstərən “talk” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Dünya xalqları forumu” adlı mədəni tədbir keçirilib. Tədbirdə Küveyt Dövlətində akkreditə olunmuş 5 qitədən 40-dan çox ölkənin səfirliyi və beynəlxalq təşkilatı iştirak edib. Tədbir çərçivəsində ölkələrin tarixini, adət-ənənələrini, milli geyimlərini, xalçalarını, musiqisini, mədəni irsini, turizm potensialını və milli mətbəxini əks etdirən geniş sərgi təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən məlumat verilib. Bildirilib ki, səfirliyin və “Vətənsevər” Azərbaycan-Küveyt Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə sərgidə Azərbaycan stendi qurulub. Tədbir iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, milli geyimləri, xalçaçılıq sənəti, turizm potensialı barədə ətraflı məlumat verilib, həmçinin çap materialları nümayiş etdirilərək paylanılıb.
Tədbirdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar xüsusi guşə hazırlanıb. İştirakçılara Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında məlumat verilib.
Səfirlik üzərində Yuxarı Gövhər Ağa məscidinin şəkli əks olunmuş kiçik xalçaları təşkilatçılara hədiyyə olaraq təqdim edib.
Bununla yanaşı, tədbirdə səfirliyin dəstəyilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” kitabı, Şuşa şəhərinin mədəniyyət abidələrini, tarixi binalarını, kulinariyasını, füsunkar təbiətini, işğaldan azad edildikdən sonra Şuşada aparılan bərpa və quruculuq işlərini və orada keçirilən mədəni tədbirləri əks etdirən kitabça, habelə Şuşa şəhəri ilə bağlı “İrs” jurnalının xüsusi buraxılışı, Şuşa şəhərində təşkil olunmuş “Xarıbülbül” festivalına həsr olunmuş tədbirlərə aid digər təbliğat materialları iştirakçılara təqdim edilib.
Həmçinin sərgidə ölkəmizin tarixi və müasir mədəniyyət abidələrini, gəzməli və görməli yerlərini, tarixi məkanlarını və milli-mənəvi dəyərlərini əks etdirən broşürlər nümayiş olunub.
Tədbirdə xalqımıza məxsus milli qadın geyimlərində olan icma üzvlərimiz ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda, sərgiyə gələnlərə Azərbaycan mətbəxinə aid yeməklər, şirniyyatlar (şəkərbura, paxlava və s.) təqdim olunub.
Bununla yanaşı, “Made in Azerbaijan” məhsullarının Küveytdə təbliği məqsədilə “Azərsun Holdinq”in “Bizim Tarla” və “Azərçay” brendlərinin məhsulları da sərgi iştirakçılarına hədiyyə edilib.
Sərgini universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Küveyt ictimaiyyətinin nümayəndələri də ziyarət ediblər.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Küveytdəki təmsilçiliyi tədbir iştirakçılarına Bakı-Küveyt-Bakı istiqaməti üzrə uçuş cədvəli və xidmətlər barədə ətraflı məlumat verib.
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)