
Super User
“Himayədar” üçün himayədarlar
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan tarixində elə şəxsiyyətlər olub ki, onlar barədə durmadan romanlar yazılsa, filmlər çəkilsə, yenə də kifayət etməz. Elə Hacı Zeynalabdin Tağıyevi götürək. Milli burjuaziyanın bu nümayəndəsi həqiqətən də böyük himayədar olub, mədəniyyətin, elmin, səhiyyənin himayədarı olub.
Bakı Media Mərkəzinin istehsalı olan çoxseriyalı “Himayədar” filminin çəkilişləri yekunlaşıb.
Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman və Zaur Qasımlı, rəssamı Vüsal Rəhimdir.
Ekran əsəri Hacı Zeynalabdin Tağıyevin vəfatının 100-cü ildönümü ilə əlaqədar çəkilib. Filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgədə baş verən mühüm tarixi hadisələr də əks etdirilir.
Daha öncə Bakı Media Mərkəzinin yaydığı məlumatda da bildirildiyi kimi, “Himayədar” filminin on beş aylıq hazırlıq və çəkiliş dövründə rəssam komandası tərəfindən 150-dən çox əsas qəhrəmanın geyim eskizləri və geyimləri, 400-dən çox geyim növləri, 100 aksesuar – zərgərlik nümunələri hazırlanıb. Səkkiz seriyadan ibarət olması nəzərdə tutulan filmin çəkilişləri 70-dən çox məkanda aparılıb.
Bəli, Zeynalabdin Tağıyev dövrünün himayədarı olub. İndi də Bakı Media Mərkəzi səlnaməçi kimi o böyük şəxsiyyət barədə film çəkməklə, bir növ, ona himayədarlıq edirlər.
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
“Yazıqlar olsun!” - Güneyli Vüqar Nemətin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu hün sizlərə növbəti Güney şairini təqdim edir: Vüqar Neməti.
KİMDİ BU DƏLİ?
Görəsən kimdi bu dəli?
Biz keçdik, bizi söymədi.
O tanrını qaraladı,
İt-pişik payı qoymadı.
Söydü, yeri-göyü söydü,
Döydü, kölgəsini döydü,
Hamının ağzını əydi,
Zorbaya, zora əymədi.
Getməz, o üzdən getmədi,
Bilmədik davası nədi?!
Birazdan çaldı, oynadı,
Artıq heç kəsi saymadı.
Ağıl axtara-axtara,
Gör bir gəlib çıxıb hara?!
Bu dünyaya, pula, vara,
Uymaz, heç nəyə uymadı.
Həm buralı, həm oralı,
Görəsən kimdir bu dəli??
Hamı yolun çaşdı, vəli
O öz yolunu caymadı!..
EŞQİN PƏRDƏ ARXASI
Gör bir kimi sevdim mən arxadaş!
Üzümə, üzümə durdu.
Gözləri əsla eşitməz
Və qulaqları kordu!..
Durdum gecə boyu yoxluğunun qapısında
Uçdum sözcüklərin qanadlarında
Özgə-özgə düşünüb
Ağladım öz yerimə
Heç bir kimsə bilmədi
Gülüşlərim qanadı
Mən bir sevda yolçusuydum
Uyur-gəzərlər kimi.
Sətir-sətir gəzərdim
Bu yağış ölkəsini.
Yoluma işıq tutardı onun gözləri
Gözlüyünü saxlamaq üçün
Yaxşıca tasarlanmışdı
Qulaqları və burnu!..
Həsrətdir, kədərdir, acıdır, qəmdir
Eşqin pərdə arxası cəhənnəmdir.
Durmadan qaralar qanlar
Özünü div aynasında görən bunu nə anlar?!
Göy üzünü dilə-dişə saldılar
Ölü göz adamlar.
Aktyor adamlar.
Bir də, adı pisə çıxmış bir ölüm!..
Gör bir kimi sevdim mən arxadaş!
Üzümə, üzümə vurdu.
Gözləri əsla eşitməz
Və qulaqları kordu!..
YAZIQLAR OLSUN
Mən bir fidan əkdim, “tutmaz” – dedilər,
Mənsə tutan bildim, yazıqlar olsun!
“Bu hicran, bu həsrət bitməz” – dedilər,
Nəsə bitən bildim, yazıqlar olsun!
Mənim o ulduzum, de, harda qaldı?
Ya göyə çəkildi, ya yerdə qaldı,
Mənə “Tən” deyənim bəs harda qaldı?
Mən onu tən bildim, yazıqlar olsun!
Sənə nə “Get” – dedim, nə də ki, “Qayıt”,
Buna göy şahiddir, buna yer şahid,
Bu yolda hər zaman özümü şəhid
Səni vətən bildim, yazıqlar olsun!..
İNSAN HEÇ NƏYƏ BƏNZƏMƏZ
İnsan heç nəyə bənzəməz yavrum mənim
Gülü, güldür
Tikanı, tikandır dünyanın.
Amma insan
Özünə belə bənzəməz.
Baxarsan
Adam kimi adam
Əl uzadsan yanar əllərin
Yaxınlaşsan ürəyin üşüyər!..
Qış, qışdır
Yaz da yazdır, bilirsən.
Yaz
İnsan heç nəyə bənzəməz mənim gülüm
Hər şeyə bənzədiyi kimi!..
QARĞA
Yenə nə qar-qar edirsən,
Qoy get öz işinə qarğa!
Həp öz sözünü deyirsən
Bəxtəvər başıma qarğa!
Sən ağa, mən ağa ancaq,
Buludları kim sağacaq?
Tələsmə, qar da yağacaq,
Bu qalan işinə qarğa!
Bəxtin qara, üzün qara,
İnanma qarla ağara,
Ağlıq nədir ay avara?!
Düşübsən peşinə qarğa!
Sən yatarsan, səsin yatmaz,
Heç kimin ağlına batmaz,
Əlin çatar, ağlın çatmaz,
Dünyanın daşına qarğa!
Payız gəlir, əsin düşür,
Küləklə də bəhsin düşür,
O səsindən ağ dən düşür,
Mənim də başıma qarğa!
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
Layla dedim, yatasan...
Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”
Layla dedim, yatasan,
Qızılgülə batasan…
Hardan gəlir bu səs-səda?
Bəlkə, illər arxasında
Layla çalır gəlin ana?
(X.R.Ulutürk)
Dünənki kimi yadımdadır, həmin zaman məktəbə yeni qəbul olmuşdum. O vaxtlar ailəmlə babamgilə tez-tez gedib-gəlirdim, onlara yaman bağlı idim, hətta həftəsonları babamgildə qalmağa təkid edirdim. Elə Xocalı soyqırımının 20-ci ildönümü günü 2012-ci ilin 26 fevral gecəsində də onlarda idim, babama qısılıb efirdə göstərilən proqrama baxdığım da yadımdadır. Proqramda göstərilən səhnədə bir qadın fəryad dolu səslə qucağındakı körpəsinə layla çalırdı. Bütün nəzərim televizora cəmlənmişdi ki, babamın xırıltılı öskürəyi və “Qəribə həyatdır...” deyə səslənişi ilə dik atıldım. “Həyatın nəyi qəribədir?”, “Babam niyə elə dedi?”, “Niyə layla bu gün belə ağır səslənir? O ki çox həzin bir nəğmədir.” deyə düşüncələr 6 yaşlı mənə hələ aydın deyildi. Sonra anladım ki, həmin fevral gecəsində laylanın belə ağır, nalə dolu səslənişi onun özündə 20 ilin yorğunluğunu daşımasından irəli gəlir. Axı həmin gecə onlarla ailə son axşam yeməyini yedi, atalar son dəfə övladları ilə oynadı, analar son dəfə öz körpə balalarına layla çaldı, axı o gecə bir çox ailənin birlikdə son gecəsi oldu. Bəlkə layladakı bu yorğunluğun səbəbi bizdən inciməsidir? Bəlkə beşikdə ruhunu Yaradanın haqq dərgahına təslim edən uşaqlar üçün sona qədər səslənmədiyinə görə incidi bizdən layla? Bəlkə elə Xocalıda əsir götürülən, valideynini itirib fəryad edən uşaqların dilində son dəfə səslənib sonra Xocalı uşaqlarının ruhu ilə göylərə uçdu? Bəlkə nəğmələr gülüstanı Qarabağa küsdü layla?
“Xocalıdakı günlərimdən danışanda anamın qoynunda yatmağım, atamla qarajda gördüyüm it yadıma düşür. Mən Xocalıdan qaçanda beş yaşım var idi. Həmin faciədə gözümü açanda bir kişinin kürəyində meşənin içi ilə getdiyimizi gördüm. Geri dönüb baxanda Xocalımdan qalxan qara tüstü və alov ilə üzləşdim. Həmin qocaya yük olduğuma görə kürəyindəki şalı açıb məni buraxdı və meşədəki dərəyə doğru yuvarlandım. O dərədə dəfələrlə “ay ata” deyə səslənişim də yadımdadır. Sonradan öyrəndim ki, atam da həmin zaman “Mehdi” deyə qışqırıb nalə çəkirmiş. O dərədən məni 6-7 saat sonra erməni hərbçiləri tapdı. Qaranlıq otaqda oyananda əsirlərin qışqırıq səsləri gəlirdi. Gözümü işıqlı dünyanın qaranlıq otağında neçə dəfə yumub-açdığım, neçə günün keçdiyini bilmirəm. Daha sonra əsirdəyişmə məntəqəsində mən də qaytarıldım. Babamla birlikdə Bakıya gəldim. Nənəmlə, dayımla yaşamağa başladım. Nənəmi özümə ikinci ana bilirdim...”-bu sözləri Xocalı faciəsinin qaranlıq üzü, beş yaşında bütün ailəsini itirən Mehdi Əliyev o gecəni xatırlayarkən dilə gətirir. O, Xocalıda ailəsinin hər bir üzvünü itirən 25 uşaqdan biridir. Onun indi 36 yaşı var. Bu yaşında hər gün beş yaşlı uşağı axtaran Mehdi heç böyümədi. İllər keçəcək, amma Mehdi daim o uşağın axtarışında olacaq...
Xocalı soyqırımından sonra doğulan uşaqlar Xocalıda öldürülən uşaqlardan indi daha yaşlıdı. Onlar qocalacaq, amma Xocalıdakı uşaqlar elə o yaşda da qalacaqlar. Mənim isə o uşaqlar üçün əlimdən gələn tək bir şey varsa, o da pıçıltı ilə bizdən küsən Laylanı yenidən oxumaqdır.
Layla dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan...
İndi Xocalımız azaddır. Bir zamanlar kiçik qiyamətə şahid olan bu torpaqlar indi küllərindən yenidən doğulan simurq kimi canlanır, bu ərazilərdə geniş quruculuq tədbirləri həyata keçirilir. Bəs görəsən bizdən küsən Layla yenidən bu ərazilərdə doğulacaq körpələrə xatir bir daha Xocalıya qədəm qoyacaqmı?
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
Siçan tələsi
Sərtyel, “Ədəbiyyat və incəsənət”
DİALOQ
-Əziz tələbə, sizdə bu depressiya axı necə ola bilər? Həyat bunca gözəldirsə?
-Əziz müəllim, bəs sizdə astma xəstəliyi necə ola bilər, ətrafda bu qədər hava varsa?
AKSİOM
Ağıllı olmaq odur ki, suallara düzgün cavab verə biləsən.
Müdrik olmaq odur ki, düzgün suallar verə biləsən.
REALLIQ
İnsan hər şeyi bacarır, amma bir işi başlayana qədər.
QAYDA
Pulsuz pendir ancaq siçan tələsində, özü də ikinci siçan üçün olur.
SUAL
Tənha adam kimə şikayət etsin ki?
Bir tərəfdən də, kimdən şikayət etsin ki?
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində -Əvəlik şorbası
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Əvəlik şorbasının hazırlanması qaydasını şərh edəcəyik.
DÜSTUR:
§ Əvəlik – 50 qr
§ Un – 80 qr
§ Soğan – 35 qr
§ Yağ – 30 qr
§ Duz – 6 qr
HAZIRLANMASI:
Qaynar suda əvəliyin qara rəngi çıxarılır. Üzərinə təmiz su əlavə olunub sıxılır. Soğan yağda qızardılır, üzərinə su və ya işgənə əlavə olunur. Daha sonra umac hazırlanıb suya əlavə edilir. Qaynadıqdan sonra əvə- lik əlavə olunur və bişirilir.
Ədəbiyyat və incəsənət”
(13.02.2024)
POETİK QİRAƏTdə Rafail İncəyurdun “Günah” şeiri
Poetik Qiraətdə bu gün sizlərə sazlı-sözlü Qazax mahalının şairlərindən olan Rafail İncəyurdun “Günah” şeirini təqdim edəcəyik.
Hərdən bada verib qumral közləri,
Küllüyün altında qor gəzirik biz.
Töküb həqiqəti görən gözləri
Əlindən tutmağa kor gəzirik biz.
Hərdən haray vaxtı susur qələmlər,
Hərdən də ağ yalan qusur qələmlər.
Özünü asdıqca qısır qələmlər
Edam ağacında bar gəzirik biz.
Tale enişləri və diklərində,
Buraxma sevginin dediklərində...
Gedib Ərzurumun gədiklərində
Utanmaz-utanmaz yar gəzirik biz.
Varmadıq el haqqı güdən yollara,
Yenə süvar olur gödən yollara.
Niyə genişliyə gedən yollara
Əngəllər uydurub, dar gəzirik biz?
Pazlara doğrayır dor ağacını,
Sazlara doğrayır bar ağacını,
Hələ sığallayır dar ağacını,
Hələ uzaqlarda tor gəzirik biz.
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
Və tanınmış şair İslam Səfərlinin 101-ci ildönümünə
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Ötən gün tanınmış şair İslam Səfərlinin anadan olmasının 101-ci ildönümü tamam oldu.
İslam Səfərıi çox az yaşayıb - cəmi 51 il. Amma mənalı yaşayıb, özündən sonra böyük irs qoyub.
Şairin poetik nümunələrinə 200-ə yaxın mahnı bəstələnib, pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyularaq tamaşaçı rəğbəti qazanıb. Və dünən də onu qədirbilənlər andılar…
İslam Səfərli 1923-cü il fevralın 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində dünyaya gəlib. Naxçıvandakı 1 nömrəli məktəbi bitirdikdən sonra könüllü olaraq 1941-1945-ci illər müharibəsində iştirak edib. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. İslam Səfərli dramaturq kimi də böyük uğur qazanıb. O, oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınıb. Həmçinin tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski kimi tanınmış sənətkarların əsərlərini müvəffəqiyyətlə tərcümə edib.
Tanınmış şairin adını əbədiləşdirmək məqsədilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub. Həmçinin Naxçıvanda oxuduğu 1 nömrəli məktəb onun adını daşıyır.
Özünəməxsus böyük istedad sahibi olan İslam Səfərli ustadı kimi qəbul etdiyi Səməd Vurğun məktəbi ənənələrinə yaradıcı münasibət bəsləyib.
18 kitabı işıq üzü görən İslam Səfərlinin şeirlərində ictimai motivlərdən çox təbiiliyi, səmimiyyəti, duyğu və düşüncələri - lirikanı ön mövqeyə çəkməsi diqqəti cəlb edib. Professor Əkbər Ağayev bu barədə yazıb: “Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir”.
İslam Səfərli 1974-cü il noyabrın 6-da uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
San Remo festivalının qalibi Ancelina Mango
Ülviyyə, “Ədəbiyyat və incəsənət”
Yaşlı insanlar danışır ki, sovetlər dönəmində qərb musiqisi ekran və efirlərə yasaq idi, bununla belə, italyan musiqisinə kommunistlər yasaq qoymağa qıymırdılar. Və bütün San Remo festivallarını canlı nümayiş etdirirdilər.
İtalyan musiqisini bütün dünya sevir. Ordakı lirika həqiqətən qəlbi qiqqətə gətirir.
Musiqisevərlərin diqqəti İtaliyaya cəmlənmişdi. Angelina Mango San Remo festivalında qalib gəldi və İtaliyanı "Eurovision"da təmsil edəcək. Bu barədə Euronews-un reportajını böyük maraqla izlədim.
22 yaşlı müğənni Angelina Mangoya İtaliyanın ən nüfuzlu musiqi mükafatını "La Noia" ("cansıxıcılıq") kompozisiyası gətirdi, o,
şənbə gecəsi 74-cü dəfə düzənlənən, Adriano Çelentano, Toto Kutunyo, “Matia Bazar”, Al Bano və Ramina Pauer, Rikardo Folyi, Rafaella Karra kimi dünyaşöhrətli ifaçıların qazandığı çox nüfuzlu mükafatı qazandı. Siz görərdiniz, qalib qalibiyyəti xəbərini necə qarşıladı.
Və mən bu gənc xanımı bir vaxtlar dünya kişilərinin sevimlisi olan Ramina Pauerə bənzətdim. Bəli, həyat yoldaşı Al Bano ilə “Feliçita” oxuyan Raminanı deyirəm.
Xatırladaq ki, San Remo qalibi ənənəvi olaraq İtaliyanı "Eurovision"da təmsil edir.
Bu il Avropa pop musiqi müsabiqəsi mayın 7-dən 11-dək İsveçin Malmö şəhərində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
Ülvi duyğular, nəcib ideallar şairi Yusif Nəğməkar
Nizami Cəfərov, Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-ın həqiqi üzvü
“Ədəbiyyat və incəsənət” portalı görkəmli ədəbiyyatşünas və tənqidçi Nizami Cəfərovun şair Yusif Nəğməkara həsr etdiyi yazını diqqətinizə çatdırır.
Tanınmış istedadlı və sevilən şair Yusif Nəğməkar yaradıcılığı barədə ara-sıra yazılarım olub. 60 illiyi ərəfəsində onun kitablarını yenidən vərəqlədim və məmnuniyyətlə təsir gücündən yaxa qurtara bilmədiyim yazılara, mövzulara bir də qayıdası oldum... Həqiqətən də kitabdan-kitaba daha da püxtələşən, müdrikləşən, ilhamı ovxarlı bir şairin oxuduğum əsərləri məni dərindən-dərinə düşündürdü. Əslində isə tək məni yox...
Illər öncə Yusifin şeirləri, ümumən ədəbi yaradıcılığı, şəxsiyyəti haqqında mötəbər müəlliflərin yazdıqları, dedikləri də bir kino lenti kimi yaddaşımın gözləri önündən keçdi...
Yusif Nəğməkar ədəbiyyata keçən əsrin 70-ci illərində yalnız sıravi oxucuların deyil, həm də «ədəbiyyat generalları»nın diqqətini cəlb edən şeirlərilə qədəm basmışdır. Xalq yazıçısı Mirzə Ibrahimov gənc şairi dinlədikdən sonra «şairlik Yusifin genində, damarlarındakı qanında, sümüyündə, iliyindədir» demişdi. Hər şeiri, hər şairi bəyənməyən xalq şairi Rəsul Rza isə onun poetik təfəkküründəki novatorluğu görüb «Təsadüf» adlı məqaləsində («Ədəbiyyat və incəsənət» qəzeti, 30 may 1977-ci il) təqdir etmişdi.
Ustadların xeyir-duasını almaq, əlbəttə, gənc şair üçün nə qədər böyük xoşbəxtlik idisə, ondan da qat- qat böyük məsuliyyət idi. Və Yusifin 70- ci, 80- ci illərdə nəşr olunan «Sazın işığında», «Bilsəydim ayrılıqdı» şeir kitabları da göstərdi ki, o, ədəbiyyata, poeziyaya təsadüfən yox, xüsusi missiya ilə gəlmişdir… Həmin missiyanın ideya- estetik məzmununu gənc şair özünəməxsus sadəlövh bir iddia ilə belə ifadə edirdi ki,
Mən inadam,
Yanar odam.
Yanma desən, yanacağam,
Unut desən,
Hər vaxt səni anacağam.
Gəlmə desən, gələcəyəm,
Görmə desən, görəcəyəm
Sevmə desən, sevəcəyəm.
Görmək - inad,
Sevmək - inad,
Getmək - inad
Bir məqsədə yetmək - inad.
Inad - uca bir zirvəyə
Üçmaq üçün qanadımdır.
Hər qələbəm, hər zəfərim
Elə mənim inadımdır.
Özünün bu dünyadakı yerini, tarixi missiyasını öncədən duymaq peyğəmbərlərdən sonra şairlərə verilmiş ilahi bir hissiyatdır. Və ona görə də şairlər əllərinə qələm alandan, nə qədər böyük maneələrlə qarşılaşsalar da, çiyinlərində nə vaxtsa asılacaqları dar ağacını daşısalar da, sinələrində güllə yerinin giziltisini hər an hiss etsələr də inadla irəli gedirlər. Yusifin inadı da belə bir inad idi… Lakin onun iddiası, qüruru ilə yanaşı səmimi (və məsuliyyətli!) bir təvazökarlığı da vardı…
Bir xəyal atımla min dağ aşıram,
Dağlar sırasında dağ olmaq üçün.
Gecələr ulduzla ulduzlaşıram
Səhərlər səhərlə doğulmaq üçün.
Qınayan dostlar da var məni tək- tək…
Arzudan doğulur hər təzə meyil;
«Nəğməkar» sözünü təxəllüs etmək
Özümdən müştəbeh olmağım deyil…
70- ci, 80- ci illərdə Yusif Nəğməkarın qələmindən (qəlbindən!) süzülmüş elə şeirlər var ki, ya ayrı- ayrı misraları, ya da bütöv məzmunmündərəcəsi ilə, həqiqətən, bədii tapıntı sayıla bilər… Məsələn, «Bu evə oğul gərək» şeiri kimi…
Otaqlar bürünüb ipəyə, ala,
Divarlar alışıb qız gülüşünə.
Bacılar min təbə düşür az qala,
Qardaş yox, «qarışa şəxsi işinə».
…Dibçəkdə çiçəyin, torpaqda şivin
Hər fəsil nəfəsi yazxasiyyətdir.
Qızları qoynuna alan bu evin
Həyət- bacası da qızxasiyyətdir
Şeirdə oğul həsrətində olan ailənin ovqatı o qədər dəqiq obrazlarla təsvir edilir ki, onun gənc bir şairin qələminin məhsulu olduğuna inana bilmirsən. Burada təbii- insani hisslərin birbirindən doğan bütöv bir kompleksi, üzvü vəhdətdə olan mükəmməl polifoniyası - möhnət, təəssüf, nisgil, ehtiyat, ümid, inam… mövcuddur ki, bütün bunları bir yerə yığmaq, oğulsuz evin mənəvi- psixoloji mənzərəsini canlandırmaq üçün dahi Lütfi- zadənin «qeyri- səlis məntiq»ilə hərəkət etməyi bacaran bir rəssam fırçası lazım gəlir…
Subay oğlanların söz xəzəlləri
Yağar pəncərəyə, yağar qış- bahar.
Fəqət niyyətində şux gözəllərin
Bu evin nə adı, nə ünvanı var.
…Ana gözlərinə dolan möhnəti
Vaxt olur, bir istək silib itirər;
Tanrı gətirməyən bir səadəti
Bu evə elçilər müjdə gətirər.
Ev də əzizləyər pilləkənini
Kişi ayağına asmaqdan ötrü.
Ata qız köçürər,
kürəkənini
Oğul tək bağına basmaqdan ötrü.
Yusifin yaradıcılığının hələ «təcrübəsiz» dövründə yazılmış «Narlı gecə» şeiri də kifayət qədər təcrübəli, sözün ən gözəlini arayıb axtaran (və tapan!) bir qələmin məhsuludur…
Deyəsən, kölgəmiz düşüb irəli,
Ürək sözümüzdə yatıb bu dünya.
Əlləri şirəli, dili şirəli,
Nar şirinliyinə batıb bu dünya.
Deyəsən, bu gecə dünya başqadır,
Bir gözəl ayılıb bal yuxusundan.
Deyəsən, bu gecə dünya nar dadır,
Məstəm çiçəklərin nar qoxusundan…
Yusifin 70- ci, 80- ci illər şeirlərində Nəriman Həsənzadə, Əli Kərim, Nüsrət Kəsəmənli poeziyası ilə səsləşən məqamlara təsadüf olunduğu kimi bilavasitə Rəsul Rzadan gələn poetik təəssüratlar, ideyalar, intonasiyalar da var…
Dünyada ad nə çox,
Amma
Adın adamı yox,
Adamın adı gərək.
Adların rəngsizi,
rənglisi,
Asanı, cənglisi
olur.
Adları ananda
bahar- bahar göyərir,
Anmayanda
payız- payız solur…
Yaxud, müəllifin “Qanun” şeirindəki təzadların döyüşü axarında uğurla nəticələnən poetik fikir, yeni bədii nəfəs çalarları, qeyri-adi duyğu, düşüncə, orijinal müqayisə predmetlərinin (tikan, yaşıl, sığallı yarpaq) tapılması (tapıntısı), cavabı yalnız ana təbiətin sirrində olan sualabənzər nəqli misra sonluğu və bu məcmuun dəruni idrakı dünyaya, həyata müdriklik güzgüsündən boylana bilmək qismətidir:
Qızılgülün budağında
tikan bitib,
Qaratikan kolunda
yaşıl, sığallı yarpaq.
Zərifliyi qoruyan sərtliyə,
Sərtliyi gizlədən
zərifliyə bax!..
Heç də təsadüfi deyildir ki, Yusifin adi bir təbiət hadisəsinə belə fəlsəfi yanaşması bir vaxtlar görkəmli filosof-şairimiz Bəxtiyar Vahabzadənin də diqqətini cəlb etmiş, onu, necə deyərlər, heyrətləndirib, vəcdəyə gətirmişdir.
Bununla belə Yusif Nəğməkarın istər 70- ci, 80- ci illərdə istərsə də xüsusilə yaradıcılığının 90- cı, 2000- ci, 2010- cu illəri əhatə edən kamil dövründə elə bir şeirinə, poemasına rast gəlmək mümkün deyil ki, ümumən təqlid, yaxud kimdənsə gəlmə olsun… ,çünki onun orijinal, özünəməxsus (və daim axtarışda olan, narahat!) poetik təfəkkürü ilk qələm təcrübələrindən öz dastanını (üslubunu!) yaradır.
XX əsrin sonu XXI əsrin əvvəllərində - Azərbaycan (və dünya) tarixinin təbəddülatlarla zəngin bir dövründə Yusif Nəğməkar, elə bilirik ki, taleyinə yazılmış şairlik missiyasını həm istedad-la, həm məhsuldarlıqla, həm də ləyaqətlə davam etdirmişdir. Və davam etdirməkdədir… «Mənə azadlıq verin», «Alın yazım», «Zal ağacı», «Vəslin edamı», «×ingiz çini», «Sevgim- mələklər yuxusu», «Bəsirət gözəli», «Qələm səsi» və s. şeir və poema kitablarında şair üçün mövzu məhdudluğu olmasa da, tamamilə təbiidir ki, milli bir şair olaraq əsasən, xalqı düşündürən, narahat edən, ağrıdan, eyni zamanda qürurlandıran, ruhunu yüksəldən mövzulardan yazır… Və təsadüfi deyil ki, Yusif Nəğməkarın lirik şeirləri ilə yanaşı, vətənpərvər mövzularda yazdığı əsərlərin bir qismi də bəstəkarlarımız tərəfindən nəğmələşdirilərək nota alınmış, həmin nəğmələr sevilən səs sənət- çilərimizin - müğənni və xanəndələrimizin ifasında xalqın bədii yaddaşına köçürülmüşdür. Nəzərə alsaq ki, bu gün bəsit, tutarsız söz yığınından ibarət, dinləyiciləri təngə gətirən mahnı mətnləri də az deyil, onda Yusifin aydın, duru, məntiqli, örnək ola biləcək şeirlərinə daha çox ehtiyac hiss olunur.
Hər bir böyük şairdə daxildən, içdən, ruhdan gələn bir Vətən sevgisi olur… Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə kimi böyük sələflərindən dərs almış Yusif Nəğməkar da vətənpərvər və bu mənada böyük, nəcib ideallarla yaşayan, həm də narahat bir şairdir. Və onun poeziyasının baş qəhrəmanı Vətəndir desək səhv etmərik…
«Can» söyləyib verməsək can,
«Can»dan Azərbaycan olmaz.
Qovuşmasa nəfəslə qan,
Qandan Azərbaycan olmaz.
…Qüdrət yoğrulsun cürətdən,
Vətən baxmasın qürbətdən.
Əsli yox, quru şöhrətdən,
Şandan Azərbaycan olmaz.
Araz xalı- ulduzla Ay,
Qoşa Nura arama tay.
Birləşməsə o tay, bu tay,
Ondan Azərbaycan olmaz.
Azərbaycanın çətin, ağrılı-acılı günlərində şair Vətənin tərcümeyi- halını öz tərcümeyi-halı kimi yaşayır. Və yazır:
Dostlarımla şərtimiz var,
Mənə nəğməkar deməyin.
Nəğmədən çox dərdimiz var,
Mənə nəğməkar deməyin.
…Bəla bəhri-qəm daşlarım,
Hələ fikir savaşlarım.
Qurumayıb göz yaşlarım,
Mənə nəğməkar deməyin.
Bilsin haqqı düzənləyən,
Yaralıyam, hüznlüyəm.
Ey qazilər, sizinləyəm,
Mənə nəğməkar deməyin.
Şair yuxarıdakı misralarla açıq-aydın bildirir ki, o, həm də ağrının, həsrətin, kədərin, göz yaşlarının, düzlüyün, gerçəyin, haqqın, ədalətin nəğməkarıdır.
80-ci illərin sonu 90-cı illərin əvvəllərində - Azərbaycan xalqının taleyinin həll olunduğu fövqəladə dərəcədə məsuliyyətli (və tarixi!) günlərdə millətin bütövlüyünü, mükəmməlliyini pozan, onu çaşbaş salan, mənhus təfriqələr, daxili qarşıdurmalar, mənəm- mənəmlik Vətən təəssübü çəkən şairi düşündürməyə, həyəcanlandırmaya bilməzdi… Odur ki, Yusif Nəğməkar hisslərini (və mövqeyini) gizlətməmişdi…
Özgələrdən nə qorxu var, nə qınaq,
Allah bizi özümüzdən saxlasın!
Düşmənimiz nə qıraxdı, nə qonaq,
Allah bizi özümüzdən saxlasın!
…Bir- birindən artığımız az deyil,
Hazıryeyən ortağımız az deyil,
Yalağımız, yaltağımız az deyil,
Allah bizi özümüzdən saxlasın!
Özgəsini nə güdək, nə izləyək,
Özümüzə qənimik, nə gizləyək?!
Özümüzü özümüzdən gözləyək,
Allah bizi özümüzdən saxlasın!
Bu misralar dahi Sabirin məşhur «öz qövmümüzün başına əngəl kələfiz biz» deyimetirafını yada salır. Ancaq dahi sələfi kimi «Allah bizi özümüzdən saxlasın» şeirinin müəllifi dəbədbinliyə qapılmır. Əksinə, «daxili problemimizi» cəsarətlə açıb göstərməklə sağlam, iradəli, inamlı bir mənəvi ab- hava, güc təbliğ edir… Və bunun üçün özündə qüdrət (səlahiyyət!) duyur.
Ona görə ki…
Gözlərimdən həsrət baxır,
Mən Vətənə oxşayıram.
Içimdən qara qan axır,
Mən Vətənə oxşayıram.
…Ağ günüm qara bağlanıb,
Gümanım hara bağlanıb?!
Vücudum Qarabağlanıb,
Mən Vətənə oxşayıram.
…Qızıl hikkəm, göy cəngim var,
Yaşıl məslək ahəngim var,-
Bayrağım tək üç rəngim var,
Mən Vətənə oxşayıram.
Vətənin, xalqın, el-obanın ruhunun tərcümanı olmaq, onun dərdiylə dərdlənib, şadlığıyla şadlanmaq, qüruruyla qürurlanmaq hər bir Şairin xoşbəxtliyi, daxili, mənəvi zənginliyidir. Yusif Nəğməkar da vətənimizin bu cür xoşbəxt, daxilən, mənən zəngin şairlərimizdən biridir. Və onun «mən bu elin nəğməkarıyam» deməyə haqqı vardır…
Müstəqillik dövrü yaradıcılığında Yusifin əsas qəhrəmanı azadlıq, bütövlük, özgürlük uğrunda mübarizə aparan Vətən olsa da, onun mövzuları, ideya- estetik maraq dairəsi, ilhamının cövlanmeydanı genişdir. «Yanıq Kərəmi»yə oynama, «Sən şeir yazmağı tərgit, Füzuli», «Ay qatar!..», «Səndən özgəsini sevə bilmirəm», «Xudafərin körpüsü», «Kişilər aldanır göz yaşlarına», «Gözəllik müsabiqəsi», «Qıpçağım- Oğuzum», «AtaAna dilimiz», «Araz» və s. onlarla lirik şeirlərində şair yalnız yeni mövzu- motivlər kəşf etmir, eyni zamanda dəfələrlə müraciət olunmuş, işlənmiş mövzulara bugünkü düşüncə, zövq səviyyəsindən baxır… Məsələn, «Sən şeir yazmağı tərgit, Füzuli» şeirindəki kimi…
Məlumdur ki, Azərbaycan xalqı duyğusal, həssas, emosional xalqdır. Və xalqımızın nəzərində şair, bəlkə də, dünyanın ən böyük adamıdır. Tarix boyu biz Nizamilərin, Nəsimilərin, Füzulilərin, Vaqiflərin, Aşıq Ələsgərlərin, Cavidlərin, Səməd Vurğunların hörmətini (şöhrətini!) istənilən ən böyük dövlət və ya din xadiminin nüfuzundan yüksək tutmuşuq… ancaq zaman- zaman şairlərin şöhrətinə şərik çıxmaq istəyən şeir dələduzları da olmuşdur ki, belələri barəsində dahi Füzuli təxminən belə demişdi: çoxları məni təqlid etməyə çalışa-çalışa həm də mənimlə yarışmaq istəyirlər; gərək unutmasınlar ki, mindikləri at qamışdandır…
Qamış at minib şeir meydanına çıxmış «şairlər» Azərbaycanda tarix boyu olduğu kimi bu gün də kifayət qədərdir… Və bu cür «şairlər»in həm artdığını, həm də səslərinin çox müxtəlif mövqelərdən gəldiyini görən Yusif Nəğməkar dahi sələfinə müraciət edir:
Kimsəyə haqqım yox yazma deməyə,
Sən şeir yazmağı tərgit, Füzuli.
Ulu yaradanı çağır köməyə,
Sən şeir yazmağı tərgit, Füzuli.
Alim də, fəhlə də şeir azarında…
Təbii löyün- löyün hər yazarın da…
Elə ucuzluqdu söz bazarında…
Sən şeir yazmağı tərgit, Füzuli.
…Kimi sərsəm yazır, əlüstü yazır,
Öz kor aləmində «səlist»də yazır.
Prokuror yazır, polis də yazır,
Sən şeir yazmağı tərgit, Füzuli.
Heç də təsadüfi deyildir ki, şairin vaxtında (və bədii sözün təəssübünü çəkmək missiyasını cəsarətlə öz üzərinə götürüb!) yazdığı bu şeiri böyük ədəbiyyatşünas, akademik Bəkir Nəbiyevin «Ədəbiyyat və incəsənət» qəzetində çap olunmuş «Nəcib missiya» məqaləsində təqdir etmişdi.
Qətiyyətlə deməliyik ki, Yusif Nəğməkar xalq yaradıcılığından, folklorumuzdan, klassik ədəbiyyatımızdan bəhrələnən müasir şairdir. Həmçinin onun Ana dilimizin doğmalığına, zənginliyinə bələd orijinal üslublu ülvü duyğular şairi olması şəksizdir. Bundan başqa, Yusifin istər lirik sevgi şeirlərində, istər təbiət mövzularında, istərsə də fəlsəfi-psixoloji əsərlərində (uşaqlar üçün yazdığı şeirlərində belə) dil, ifadə aydınlığı, xəyal, idrak-məntiq dərinliyi bərqərardır.
“Qələm səsi” kitabının açılış vərəqində yazdığı dörd misraya nəzər salaq:
Səslər işığıdır ürək deyənin,
Onsuz gözlər görən çinlənə bilməz.
Qələmin səsini eşitməyənin,
Könlünün sədası dinlənə bilməz.
Atalar sözü təsiri bağışlayan bu misralar Yusifin yaradıcılıq kredosudur. Müəllif təkidlə bəyan edir ki, əlində tutduğu qələmin səsi var və qələmin səsini eşitməyi bacaranlar şair ola bilər yalnız. Bu poetik hökmə (həm də səmimi) sözə oxucu necə inanmasın?!
Bircə bəndlik “Lövhə” şeiri isə şair təsəvvürünün, təxəyyülünün yaratdığı mükəmməl rəsmdir:
Yağışa dönübdür göyün qolları...
Min dastan bəs etməz belə çağlara;
Şimşək qələmiylə yazıb yalları,
Bulud avtoqraf verir dağlara.
Yusifin şeirlərini yaddaqalan edən və yaşadan onun fərqli obrazlı düşüncə və ifadə tərzidir:
Təkcə zəfər dilində
Qan dadı şirin olur...
(“Qan dadı”)
Başqa bir misal:
Sənə həsrət gileyimi
xatirənə büküb saxla,
Sevgimiztək itirmə.
Şərti, məcazi, fəlsəfi deyim:
Bu yer mənə yer vermədi,
Məkansız məkana düşdüm.
(“Məkansız məkanım”)
Müəllif bu misralarla Yerin yersizliyinə yox, Yerdə məkanın, məkandakı “mən”in yerdə yer aramasına işarə edir.
Yaxud:
Gözlərə səpilən elə bir ovuc
torpaq görkəmində işıqdır insan.
(“Bir ovuc”)
Yəni ölən insanın gözlərinə səpilən torpaq insan qəlbinin nuruna bələndiyindən torpaq adilikdən çıxıb bir ovuc işığa çevrilir. Ona görə də şair insanın bir ovuc torpaq, bir əlçim işıq olduğuna özü inandığı qədər bizi də inandıra bilir.
Yaxud:
Sözün sahilinə çıxdım,
Bu sahilin sözü bitib...
Ardınca:
Ayağıma cığır geydim,
Bitməyən sözüm ölçüdə.
(“Bitməz ölçü”)
Bu misralarda isə şair bitmək və bitməmək, son hədlə bitməzlik əksiliklərində sonsuz ölçüsüzlükdə səfərə çıxan təxəyyülünün sanki qanaqlarını çırpır.
Yaxud:
Sözündən şəhid olmayan
şairi torpaq götürməz.
(“Götürməz”)
Yenə başqa bir misal:
Qalxan, özünə yer tapar,
Düşənlər özündən düşüb...
Qərib ayrılıq nəğməsi
Durna boğazından düşüb.
(“Düşüb”)
Lirik şeirlərdən də bəzi parçalar maraq doğurur:
Eşqimizdən
gücsüzdür ruzigarlar;
Bizi titrədə bilmir...
Yaxud:
Müəllifin lirik “mən”inin sevgilisini aparan qatara söylədiklərindən:
Gedirsən, ay qatar, qəlbimi dinlə,
Ürəyim atəşlə, ahla doludur.
Qayıtmaq istəsən qollarımda gəl,
Uzalı qollarım dəmir yoludur...
Və son müraciət:
Nə olar, qurbanın olum, ay qatar,
Sərnişin qəlbimi özümə qaytar.
(“Ay qatar”)
Yaxud:
Göz qapaqları kimi
gecələr görüşürük...
Və son olaraq:
Hicranın qəm yükündən
Qorxuram qəlbim sına;
Bürünüb həsrətinə
Üşüyəm yana-yana.
(“Sevgi şeiri”)
Bu və buna bənzər saysız poetik nümunələr bucağından baxanda bir daha yəqin edirik ki, artıq bu gün Yusif Nəğməkarın Azərbaycan poeziyasında (ədəbiyyatında) özünəməxsus, xüsusi əhəmiyyətli yerinin olduğu tamamilə inkaredilməzdir!..
Yusif Azərbaycan şeirinin bütün vəznlərində şeirlər yazır, hər vəznin də tələblərinə uyğun qanunları, qanunlar içərisində öz üslubi keyfiyyətlərini qoruyub saxlamağı bacarır.
Onun çoxcəhətli yaradıcılığında ənənəvi formada yazdığı bir sıra fərqli cəhətləri ilə seçilib yadda qalan yeni ruhlu qoşma, gəraylı, təcnis və qəzəlləri də xüsusi yer tutur və ayrı-ayrılıqda onların hər birindən çoxlu sayda nümunələr gətirmək mümkündür.
Yusif Nəğməkarın yalnız şeirləri deyil, poemaları da mövzusundan, həcmcə kiçik və ya böyüklüyündən asılı olmayaraq bir nəğmə kimi oxunur. Hər şeydən əvvəl ona görə ki, xalq ədəbiyyatının, xüsusilə poeziyasının ruhunu dərindən mənimsəmiş şairin daxilindən gələn poetik ritmlər, intonasiya, bədii sintaksis, təhkiyə məharəti (və mədəniyyəti!) janrın (poemanın) miqyasına da yüksələ bilir. «Sizli», «Ah- naz- Şahnaz», «Şər şənbə», «Zal ağacı», «Vəslin edamı», «×ingiz çini», «×anaqqala», «Qurbannamə» və «Bəxtiyar» poemalarının kifayət qədər aktual olan ideya- mövzularını bir tərəfə qoyub təkcə sənət-karlıq məziyyətlərinə diqqət yetirsək görərik ki, Yusif Nəğməkar poema yaradıcılığı sahəsində nə qədər yenilikçi, nə qədər müasirdir. Onun hər bir poemasının ümumi janrından başqa «xüsusi» janrı da var: poema- anım, poema- elegiya, poema- esse və s. Bu isə o deməkdir ki, şair ənənəvi janr modelinin tələblərini gözləməklə yanaşı ideyamövzunu daha optimal poetik texnologiyalarla təqdim etməyin üsullarını, formalarını axtarır və özünəməxsus yaradıcı üslub nümayiş etdirir.
O, poemalarında ənənəvi olaraq “proloq”, “epiloq” adlandırılan giriş və sonluq əvəzinə ilk dəfə olaraq “ən ön ün”, “ön ün”, “ünləmə”, “sonlama”, “son ün” və “ən son ün”-lər yaratmışdır. Bunlar da həm məzmun, həm də quruluş (struktur) baxımından təqdir olunmalı yeniliklərdir.
Onun bu yenilikləri özündə əks etdirən “×anaqqala” adlı poeması tarixi ×anaqqala zəfərinin yüz illiyi münasibətilə keçirilən ədəbi müsabiqənin qalibi oldu. Bu əsər də müəllifinə sağlam ideyası, yeni bədii mündəricəsi ilə geniş oxucu auditoriyası qazandırdı. Türkün şanlı zəfərinin uca tərənnümü Yusifi həm də ümumtürk dünyasının öyümlü, sevimli nəğməkarına çevirdi!
Əsərin maraq doğuran təqdirəlayiq bir cəhəti də müəllifin ×anaqqala savaşı ilə Qarabağ dərdimiz arasında bədii paralellik yaratmağa can atmasıdır:
Dərdli Odlar yurdum sərdar qaladır,
Neçə döyüş burda, neçə iz burda.
Bu gün Qarabağım çanaqqaladır;
Seyid Onbaşıyla Mübariz burda...
Son məntiq isə “ən ön ün” də ifadə olunmuş haqlı bir tənənin nidasıdır:
Həyat ki şirindir, acı bəs olmaz;
Dünyanın bir ovuc noğulu yoxdur?!
Oğlu şəhid olan torpaq basılmaz,
Torpaq şəhiddirsə, oğulu yoxdur!..
Xalq şairi, milli mücahid, böyük mütəfəkkir Bəxtiyar Vahabzadəyə həsr olunmuş irihəcmli «Bəxtiyar» poeması Yusif Nəğməkarın, həm də müasir Azərbaycan ədəbiyyatının bu mövzudakı ən mükəmməl əsərlərindən biri, hətta demək olar ki, birincisidir.
Əsərin ən azı üç mühüm məziyyətini qeyd etmək mümkündür:
birincisi, müəllif, şair-mücahidin həyatının, yaradıcılığının və milli istiqlal uğrunda mübarizəsinin ictimaiyyətə məlum tərəflərilə yanaşı naməlum tərəflərini də təsvir etmiş, onun kamil bədii obrazını yarada bilmişdir;
ikincisi, böyük tarixi şəxsiyyətin obrazı təcrid olunmuş şəkildə yox, müasir Azərbaycan tarixinin mürəkkəb hadisələrlə zəngin kontekstində təqdim edilmişdir;
nəhayət üçüncüsü, ustad- şagird münasibətlərinə həmişə müqəddəs baxan müəllif ustada öz şagirdlik borcunu verməyə çalışmışdır. Özü də aşağıdakı ehtiram ifadə edən poetik misraların dili ilə:
Göytürk Səməndəri, məslək qanında,
Turan zirvələnər zirvə sanında,
Qartal xəritəmin yurd dəhanında,
Azərbaycan adlı dildi Bəxtiyar.
Səksən dörd daş hördü bir ömür qəsrə,
Səksən dörd can qoydu zamana, ərzə,
Səksən dördü vurub səksən dörd əsrə,
Xalqın arzusuna böldü Bəxtiyar!..
“Zal ağacı” poeması Yusif Nəğməkarın həm öz əsərləri arasında, həm də ümumən ədəbiyyatımızda istər mövzusu, istərsə də dili, müəllif manevri, təhkiyəsi, improvizə yenilikləri baxımından daha fərqli bir sənət nümunəsidir. Elat-tərəkəmə həyatına bu qədər dərindən bələdlik bir yana, bu zəngin (tarixilik baxımından vacib) köçərilik adət-ənənələrinin, elat vərdişlərinin yüksək poetik tərənnümü, müasir libaslı qədim (xeyli arxaik) bilgilərə qapı açmaqla, mübaliğəsiz desək, oxucusunu heyran edir!
Şair əsərdə qoynunda yaşadığı torpağını, kəndini itirmiş, həyatda qaçqın, didərgin statusu ilə yaşayan müdrik, ixtiyar el ağsaqqalı, Zal kişinin dilindən yazır:
Bəllidir taleyim, bəxtim dünyaya,
Neyçün şimşək olub çaxa bilmirəm?!
A kəndim, gözündən baxdım dünyaya,
Dünyadan gözünə baxa bilmirəm!..
Təkcə bu poetik fikir poemanın bütün fəsillərinin uğurlu bədii həlli üçün zəruri təməl-başlanğıc-nəticə bərabərliyi rolunu oynayır.
Müəllifin, adlarını təkrarən xatırlatmağı vacib bildiyimiz, Azərbaycan musiqisinin ecazkarlığını ilhamla (həm də səriştəli) tərənnüm edən “Şahnaz-ah-naz”, unudulmaz xalq şairləri Rəsul Rzavə Nigar Rəfibəyli sevgisinə və yaradıcılığına həsr olunmuş “Sizli”, Bakıda 1990-cı ilin 20 yanvar şənbə gecəsindəki qətliamları, günahsız axıdılan, haqq yolunda tökülən qanları əks etdirən “Şər-şənbə”, torpaqlarımızın zorla işğalından bəhs edən “×ingiz çini” (bu əsər haqqında əvvəllər də qeydlərimiz olub), “Vəslin edamı”, XX əsrdə Qazax rayonunun Ikinci Şıxlı kəndində yaşayıb yaratmış müdrik el şairi, fəal maarifçi, parlaq ziyalı Qurban Musayevin mənalı ömür və yaradıcılıq yoluna işıq saçan “Qurbannamə” və sair poemalarının hər biri geniş, hərtərəfli təhlil tələb edən maraqlı əsərlərdir ki, onlar haqqında da bu kiçik qəzet məqaləsində mükəmməl, əhatəli məlumat vermək, təbii ki, çətin olardı. Və bu barədə gələcək yazılarımızın bu istiqamətdə mövzulanacağı istisna deyil.
Müşahidələrimdən belə qənaətə gəlirəm ki, bir xeyli müddətdir, Yusif Nəğməkarın yaradıcılığı barədə mətbuat səhifələrində silsilə elmianalitik məqalələr çap olunur. Bu da onun əsərlərinin elmi-ədəbi araşdırmalar üçün öz tədqiqatçılarını gözləyən yeni mühüm ideyalar ünvanı olduğunu göstərir...
Yusif Nəğməkarın poeziyası neçə on illərdir ki, həm oxucuların zövqünü oxşayır, cəmiyyətə humanizm, milli-mənəvi dəyərlər, vətənpərvərlik təbliğ edir, həm də ədəbi-ictimai mühitdə böyük rəğbətlə qarşılanır… Onun yaradıcılığını hələ gənclik illərindən başlayaraq əgər Mirzə Ibrahimov, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, Anar, Elçin, FikrətQoca, Musa Yaqub, Ramiz Rövşən, Nizaməddin Şəmsizadə, Nizami Cəfərov, Qəzənfər Kazımov, Vaqif Yusifli, Asif Rüstəmli, Buludxan Xəlilov, Qurban Bayramov, Əli Rza Xələfli, Bədirxan Əhmədov, Alxan Bayramoğlu, Qulu Ağsəs, Əsəd Cahangir… (bütün adları sadalasaq uzun bir siyahı olardı...) kimi müxtəlif nəsillərdən olan ədəbiyyat adamları təqdir etmişlərsə (Yusifin yaradıcılığı və şəxsiyyətinə heyran olan bir çox qələm dostları da ona şeirlər həsr etmişlər), deməli, Yusif Nəğməkar öz dərin məzmunlu insanpərvər, vətənpərvər nəğmələrini hələ uzun illər istedadla, inamla, eşqlə oxuya bilər…
Beləliklə, qələminin səsinin qəlbdən, bəsirətdən süzülüb gəlməsi bizə bir daha onu deməyə inam və əsas verir ki, hələ Yusif Nəğməkar yaradıcılığına dönə-dönə müraciət edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
Adı soyadını eşidən şair
Etibar Cəbrayıloğlu, “Ədəbiyyat və incəsənət” üçün
Xeyli vaxtdır gözləyirdim ki, şair dostum Qulu Ağsəsin təzə kitabı çıxsın. Kitab çıxdı! Amma və lakin... Nəşr edilən bu yeni kitab Qulu Ağsəsin öz kitabı deyil, onun yaradıcılığı haqqında yazılıb.
Müəllifi də Bakı Slavyan Universitetinin dosenti, fəlsəfə doktoru Kəmalə Umudovadır. Kəmalə xanım kitabına elə gözəl bir ad seçib ki, onu oxumamaq mümkün deyil- “Adı soyadını eşidən şair-Qulu Ağsəs”... Lakin Kəmalə xanım oxuculara necə deyərlər, yol da göstərir.
Bu kitabı necə oxumalı...
Kəmalə Umudova yazır: “Adı soyadını eşidən şair-Qulu Ağsəs” adlanan bu araşdırma ilk olaraq on iki məqalədən və onları müşayiət edən “Ön söz əvəzi” və “Son söz əvəzi”ndən ibarət idi, lakin kitab üzərində iş prosesi əlavələrin və yeni məqalələrin yaranması ilə nəticələndi. Poetik mətnin oxunması, təhlili öz mürəkkəbliyi ilə hər zaman böyük marağa səbəb olur, çünki hər bir doğru oxuma növbəti anlama mərhələsinə təkan verir. Kitabda oxucuların bu prosesdə yaxından iştirakını təmin etmək üçün şərh və təhlil obyekti olan şeirlərin tam mətnini məqalələrdən sonra verməyi qərara aldıq...
Qulu Ağsəs poeziyasının təməl ideyası ilə onun bədii mətndə ifadə olunması arasındakı uzlaşmanı göstərmək ümumi məqsədimizdir, daha doğrusu, bu istiqamətdə atılan ilk addımdır. Bu kitabın Qulu Ağsəs yaradıcılığının, çoxölçülü poeziyasının ana xəttini tapmaqda, oxucuları fikir labirintindən keçirməkdə onlara bələdçilik edəcəyinə, həmçinin gələcək kompleks araşdırmalar üçün yeni üfüqlər açacağına ümid edirik”.
Kəmalə Umudovanın fikrincə, kitabın əsas məqsədi müasir Azərbaycan poeziyasının görkəmli imzalarından biri Qulu Ağsəsin yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini anlamaq, təhlil etmək, onun şeir modelinin böyük ədəbiyyata səciyyəvi-bədii strukturunun ideya (məzmun) strukturu ilə vəhdəti-cəhətini önə çəkmək və əsərlərini oxucuya yaxınlaşdırmaqdır.
Məqalələr fərqli başlıqlarla yazılsa da bütöv bir mətn kimi oxunmalıdır, çünki hər biri şairin yaradıcılığının poetikasının və fəlsəfi qatının təhlilinə, hermenevtik oxunuşuna yönəlib.
İpək günəş
Müəllif kitabda “Sənət dili”, “Sınaq məqamı”, “İncəsənət ruhun təcrübəsi kimi”, “Mətn və metamətn”, “Üçölçülü poeziya”, İpək günəş” və s. məqalələrin vasitəsi ilə şair, publisist, Əməkdar jurnalist, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin yaradıcılığını geniş və elmi şəkildə təhliil etməyə çalışıb.
Kəmalə xanım “İpək günəş” məqaləsində yazır: “Qulu Ağsəs poeziyasında günəşin qarşılanması, günəş obrazına müraciət, onun təntənəli gözəlliyinin vəsfi və təqdimatı çox mühüm mövzudur.
“İki yaşlı İpək Məcidə” şeirində karantin dövrünün məhkumluğuna, qaranlığına işıq saçan, ürəkləri təmənnasız saf sevgisi və həyat eşqi ilə isindirən iki yaşlı qızcığaz İpək Məcidə şair günəşin simvolu kimi müraciət edir:
Yollar yasaqdı, İpək,
Hava sazaqdı, İpək.
Çiçək taxıb telinə-
Çıx Günəşin yerinə.
“Üçölçülü poeziya” məqaləsində müəllif qeyd edir ki, Qulu Ağsəsə görünən deyil, görünməyən yazılar mənalı görünür: “... Qulu Ağsəs həm də onu deyir ki, Allahınız olsun, onun olmadığı yerdə söz axtarmayın, söz müqəddəsdir”
Çörəkpulundan ötrü yazdığım
reklam mətninə
rast gəldim
şəhərdə.
Sözlər üstümə qışqırdı:
Bizi niyə küçəyə atmısan?”
Müəllifin sözlərinə görə, araşdırmaya cəlb edilən nümunələr fəlsəfi suallar və onlara verilən cavablar üzərindən qurulmuş mətnlərdir, yerdə cavabı tapılmayan suallara başqa aləmlərdə cavab axtarmaq niyyətidir.
Kitaba filologiya elmləri doktorları, professorlar Bədirxan Əhmədli ilə Leyla İmaməliyeva rəy yazıblar. Redaktoru isə Sevinc Nuruqızıdır. “Təhsil” nəşriyyatında işıq üzü görən “Adı soyadını eşidən şair-Qulu Ağsəs” kitabı “Azərbaycan Kitab, Maarif və Poliqrafçılar” İctimai Birliyinin “Ədəbiyyatşünaslığa dəstək” layihəsi çərçivəsində nəşr olunub.
İstedadlı dostum Qulu Ağsəsin yaradıcılığını geniş və elmi şəkildə təhlil edən bu kitab çox maraqlıdır. Qulu Ağsəsin öz kitabları kimi...
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)