Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU,
ANARA
Diogen çıraqları yanır
yanır, qardaşım, hey!
Bu pəncərə
o pəncərə
bizim pəncərə...
hər pəncərə bir Diogen çırağı.
Həyat dərk olunur
hər pəncərədə.
Ağılla dərk olunur,
yumruqla,
dodaqla,
qardaşım, hey!
İşıqlar yanacaq,
pəncərə işıqları
kainatın
Diogen çırağı –
Günəş
qalxana qədər.
İşıq dərk olunacaq onda,
qardaşım, hey!
Diogen çıraqları yanır:
bu pəncərə,
o pəncərə.
pəncərələr.
İstəmirəm sönsün
Diogen çıraqları.
Pəncərə,
çıraq olmaq istəyirəm,
qardaşım, hey!
“Ədəbiyyat və incəsənət”
(15.08.2025)