İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Unutmayacağımız sənətkarlardan biri də Azərbaycan SSR əməkdar incəsənət xadimi Yusif Bağırovdur. O, 20 yanvar 1924-cü ildə Bakıda anadan olub. İlk təhsilini Bakıda alıb. 1941-ci ildə Bakı Teatr Texnikumuna olsa da, cəbhəyə yollanaraq təhsilini yarımçıq qoyub. 1945-ci ildə müharibədən qayıtdıqdan sonra Bakı Teatr Texnikumunun aktyorluq fakültəsində Mehdi Məmmədov, Məhərrəm Haşımov və Aleksandr Tuqanov və başqalarından dərs alaraq təhsilini davam etdirib. Burada təhsil aldığı müddətdə Ağasadıq Gəraybəylidən səhnə texnikası, Kazım Ziyadan isə səhnə danışıqları istiqamətində məsləhətlər alıb.
1947-ci ildə Bakı Teatr Texnikumunu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Teatr İnstitutunun (hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olub və buranı 1952-ci ildə başa vurub. Diplom işi olaraq Ağəli Dadaşovun səhnələşdirmiş olduğu Mir Cəlal Paşayevin "Dirilən adam" əsərini tamaşaya hazırlayaraq ilk debütünü həyata keçirib.
Yusif Bağırov təhsilini başa vurduqdan sonra fəaliyyətini Gəncə Dövlət Dram Teatrına bağlayıb, teatrın quruluşçu rejissoru, 1966–1995-ci illərdə isə baş rejissoru kimi fəaliyyət göstərib. 1956-cı ildən 1966-cı ilə qədər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib. Həmin illərdə "Koroğlu", "Kölgələr sürünür", "Əhməd haradadır?", "Mən rəqs edəcəyəm" bədii filmlərinin ikinci rejissoru kimi fəaliyyət göstərib. Ümumiyyətlə, Yusif Bağırov karyerası ərzində 100-dən artıq bədii filmi Azərbaycan dilinə dublyaj edib.
Şəmsi Bədəlbəyli ilə birgə Fikrət Əmirovun "Gözün aydın" əsərini Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya hazırlayıb. Rejissor, həmçinin M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor sənətindən dərs deyib. Yusif Bağırov Gəncə Dövlət Dram Teatrında 33 illik fəaliyyəti dövründə yüzlərlə əsərə quruluş verib və onlar Gəncə Dövlət Dram Teatrının repertuarının əsasını təşkil edib.
Filmoqrafiya
- Kölgələr sürünür
- Koroğlu
- Əmək və qızılgül
- Əhməd haradadır?
Rejissor 15 avqust 1995-ci ildə Gəncədə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.08.2025)