Ekranımızın və səhnəmizin Söylüsünün yubileyidir Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Bəxt üzüyü” filmi Azərbaycanda böyükdən kiçiyə hər kəsə Moşunu və Söylünü tanıtdı. Və bu rolları ifa edən Valeh Kərimli və Afaq Bəşirqızı yaddaşlara məhz Moşu və Sölü kimi yazıldılar.

 

Bu gün Azərbaycan Respublikasının xalq artisti Afaq Bəşirqızının doğum günü – 70 illik yubileyidir.

Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. Əslən Quba rayonundandır. 1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinfinə gedib və 1972-ci ildə 20 saylı orta məktəbi bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçməyib. Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə (rəhbəri Məhərrəm Bədirzadə) gedib. Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb.

1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edib. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib.

Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam" (Zəhra), Əli Əmirlinin "Bala başa bəla" (Suğra), Məcnun Vahidov "Yarımştat" (Ayna), Aqşin Babayevin "Nekroloq"(Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xarakterli rollar və "Afaq gülür güldürür" şousunda müxtəlif obrazlar yaradıb. Azərbaycanfilmin istehsalı olan Bəxt üzüyü Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib.

 

O, uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışıb və həmin Universitetin professor elmi adına layiq görülüb.

Afaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Uzun illər Prezident mükafatına layiq görülüb. 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif olunub, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub.13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

 

Teatr səhnəsindəki rolları

"Lənkəran Dövlət Dram Teatrı"

- Yaxşı adam

- Sən yanmasan

- Mahnı dağlarda qaldı

- Lənkəran xanının vəziri

- Bayramın birinci günü

 

"Sumqayıt Dövlət Dram Teatrı"

- Humay ("Komsomol poeması", S. Vurğun, İ. Çoşqun)

- Klava-("Poladəridənlər", G. Bokarev)

- Nənə ("Mən nənəyə evlənirəm", H. Muxtarov)

- Yoluq-("Xoruz və çalağan", F. Ağayev)

- Baronessa Ştral-("Maskrad", M. Lermontov)

 

"Dövlət Gənclər Teatrı"

- Dadaşbala əməliyyatı

- Dağ tikirik

- Sultanqulu körpüsü

 

"Azərbaycan Dövlət Musiqili Teatrı"

- Bəbirlinin kələkləri

- Sevgilimin anası

- Qarğa məndə qoz var

- Hicran

- O olmasın, bu olsun

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.