Pərvanə İsgəndərqızı "Qələm tutan incə əllər"də... Featured

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edir. Həmin layihə çərçivəsində təqdim edəcəyim növbəti qələm adamı yazıçı-şair Pərvanə İsgəndərqızıdır.

 

Qısa təqdimat:

Nərimanova Pərvanə İsgəndər qızı: 1986-cı ilin sentyabr ayının 29-da Cəlilabad rayonunun Seyidbazar kəndində bir sadə və təmiz ailədə dünyaya göz açıb.

1993-cü ildə Seyidbazar kənd orta məktəbinə daxil olmuş, 2003-cü ildə isə orta təhsilini bitirərək Attestatını almışdır.

Ədəbi sahədə "Pərvanə İsgəndərqızı" təxəllüsünü daşıyan bu xanım şairə 16 yaşında ikən şeir yazmağa başlamış, 2004, 2005 və 2006-cı illər ərzində qələmə aldığı şeirləri müxtəlif mətbu orqan və internet porallarında, o cümlədən "Atribut" və "Yeni xilaskar" qəzetlərində dərc olunmuşdur.

Ailə həyatı qurduqdan sonra şeir və poeziya sahəsindən uzaqlaşsa da hər zaman bu sahəyə ciddi maraq və həvəs göstərmişdir. Pərvanə xanım şeir və poeziya ilə yanaşı həm də yazıçılıqla məşğuldur. İndiyədək bir sıra roman, hekayə və essilər qələmə almışdır. Məlumat üçün bunu da qeyd etmək lazımdır ki, Pərvanə xanım doğma elimizin tanınmış şairə xanımlarından olan Müşahidə xanım Nərimanovanın kiçik bacısıdır. O, Müşahidə xanımı özünə təkcə böyük bacı deyil, həm də ana sayır.

Əsas arzualarından biri indiyədək müxtəlif mövzularda qələmə aldığı şeirlərinin kitab formasında nəşr edilməsindən ibarətdir. Ailəlidir və 1 oğlu var.

 

Bədii ədəbiyyat nümunələri:

 

 

Bahara nə var ki, yenə dönəcək,

Baxçalar yenidən çiçəkləyəcək.

Mənim taleyimsə dəyişməyəcək,

Yerini dəyişən fəsillər kimi.

("Fəsillər" şeirindən)

 

Yatmaq istəyirəm, bir az dərdimi,

Şirin röyalarda unutmaq üçün.

Yatmaq istəyirəm bir daha sənə -

Gözəlim, yuxumda qayıtmaq üçün.

("Unutmaq üçün" şeirindən)

 

Son olaraq doğma elimizin dəyərli yazıçı-şairi Pərvanə xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.