İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Qəşəm İsabəy1948-ci il avqustun 14-də Azərbaycanın Kürdəmir rayonundakı Xəlsə kəndinda ziyalı ailəsində anadan olub. İbtidai təhsilini Xəlsə kəndində, onbirillik məktəbi qonşu Axtaçı kəndində bitirib. Üç aya yaxın Bakıda metro tikintisində, sonralar isə Xəlsədə işləyib. ADU-nun Geoloji-coğrafiya fakültəsinin Coğrafiya şöbəsini bitirib. Kürdəmir rayonunun Axtaçı və Beyi kənd məktəblərində müəllim işləyib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir olub.
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında sənədli filmlər birliyində inzibatçi, sifariş filmləri redaktoru vəzifələrində çalışıb. "Yazıçı" nəşriyyatında klassik ədəbiyyat və folklor şöbəsində redaktor olub. "İşıq" nəşriyyatında sifariş ədəbiyyatı redaksiyasının müdiri işləyib. Azərbaycan Respublika Mədəniyyət Nazirliyinin "Şur" nəşriyyatında direktor vəzifəsində çalışıb. Bədii-ensiklopedik "Cik-cik" uşaq qəzetinin təsisçisi, naşiri və baş redaktorudur. Həmçinin "Şirvannəşr" nəşriyyatının təsisçisi və naşiridir.
1967-ci ildən dövri mətbuatda şeirləri ilə müntəzəm çıxış edir. Rus, Ukrayna, Litva və Latviya ədəbiyyatından tərcümələri vardır. Şeirləri rus, ukrayna, belarus və s. dillərə tərcümə olunub. 1980-cı ildə "Sovet Azərbaycanı maarifi — 60" mahnı müsabiqəsində mükafata layiq görülüb. "Əkil-bəkil" (poema) kitabı "Ən yaxşı uşaq kitabı" I respublika müsabiqəsində ikinci mükafata layiq görülüb. Aldığı mükafatı şəhidlərin xatirəsinə ucaldılacaq abidə fonduna köçürüb. "Cin" nağıl povesti Bakıda ingilis dilində (Vaqif Qəmbərovun tərcüməsində) kütləvi tirjla nəşr olunub.
Kitabları
- Balaca-bapbalaca
- Heç nə istəmir ana
- Şam nağılı
- Əkil-bəkil (poema)
- Əkil-bəkil
- Üüü...
- Cin (nağıl-povest)
- Nənəm təkdi
- Ömrün Xəlsə çağları
- Şamaxı — Şam nağılı
- Əlli yaşında
Tərcümə
- S.Şenkman. Biz kişilər. (ruscadan)
“Ədəbiyyat və incəsənət”
(14.08.2025)