
Super User
İnsanın əbədi cəhdi Tanrını gülümsədirmi?- BƏLƏDÇİMİZ ŞEİR
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Biri vardı, biri də vardı. Biri İnsan idi, biri Ümid idi. Yan-yana gedirdilər. Qəfil qarşılarına bir döngə çıxdı... Ondan sonra başladı hər şey... Ondan sonra...
...İnsanın gedərkən qapını çırpmağı ümiddir-bəlkə qalan bu səsdən diksinə, ona deyə: “Getmə...” Pillələri qaça-qaça düşmək də, yolu qaçaraq keçmək də, pəncərədən görünən yolla getmək də-hamısı ümiddir.
...Döngənin başında dayanmışdılar. İnsan görürdü ki, iki yoldan yalnız biri abaddır. Şüur, məntiq ona deyirdi: “Abad yolu seç! Abad yolla get!” Ümidin üzü digər yola-çala çuxur, gölməçələrlə dolu yola tərəf idi. İnsan başladı fikirləşməyə: “Bəlkə Ümid mənim görmədiyim nəyisə görür? Bəlkə Ümid hər iki yolun sonunun hara çıxdığından xəbərdardır?”
“Bəlkə”lər beləcə yaraşdı ümidin adının əvvəlinə. Beləcə, insan ümidə adət etdi. Adət ümumiliyə aid olanda yaxşı, xüsusiliyə aid ediləndə yaman pis qarşılanır insan cəmiyyətində. Günahkar axtarışına çıxmasaq, yaxşıdır. Sonda barmağımızı güzgüdəkinə tuşlamaq ehtimalı daha yüksəkdir axı...
...İnsan Ümidin qolundan yapışıb özüylə abad yolla aparmaq istəyirdi. Onu naçar qoyan yolun sonu haqqındakı bilgisizliyi idi. Ümid onun tərəddüdünü duymuş olacaqdı ki, geriyə bircə baxış atdı və kinayə ilə pıçıldadı: “Getmək istəyirsənsə, mənsiz get. Və unutma, mən yaxşı adətəm, mənsizlik pis adətdir...” İnsan diksindi.
Alber Kamyu “Taun”da yazırdı: “...ümidsizlik adəti ümidsizliyin özündən də pisdir”. Şeirdən küsürəm, dostum mesaj yazır: “Ümidsizliyə qapılma...” Yol göstərdiklərim yola düşən kimi, mənə qoyub getdiklərinin düyün olduğunu görürəm, danışmaqdan küsürəm, bütün dinlər səs-səsə verir: “Ümidsiz olma!” Qayıdıb tapıram ümidi dolaşıq duyğuların içindən...
...Ümid düz deyirdi. Onsuzluqda məna yox idi-ha o yol abad olsun, ha o başı Xoşbəxtlik ölkəsinə çıxsın. İnsan bunu anlamaqda gecikmədiyinə sevindi. Ümid bir addım atdı abad olmayan yola. İnsan onun izinə qoydu ayağını... Çala-çuxurlardan keçdilər, gölməçələrdə ayaqları islandı, hər dəfə ayaqları gölməçə kənarlarında sürüşəndə “birdən yıxılaram” qorxusu bürüdü onları, amma dayanmadılar... Getdilər, getdilər... İnsan hər addımda onu anladı ki, Ümid olmasaydı, bu yolu gedə bilməyəcəkdi.
“Grantchester” serialında sevdiyi oğlana deyil, atasının seçimiylə varlı sahibkara ərə gedən Amanda ikinci uşağının dünyaya gəlməsinə az qalmış yenidən geri dönür və sevdiyinə deyir: “Ümid olmasaydı biz nə edərdik?”
...İnsan gedirdi. Ümidi manşırlayıb gedirdi. Yavaş-yavaş anladı ki, Ümid ondann daha sürətlidir. Adladıqları gölməçələrin sayını itirmişdi İnsan. Saymağa başladığı da yadında deyildi. “Kaş sayaydım...” “Kaş” ilə başlanan cümlələrin hərdən peşmanlığı anlatdığının da fərqinə onda vardı İnsan. Gülümsəməyə imkan tapmadı... Gördü ki, daha Ümidin arxasınca getmir, Ümidin özündən uzun kölgəsinin arxasınca gedir.
“Babil kitablığı”nda oxumuşdum Lu Sin`in “Vətən” hekayəsini. Hekayə bu cümlələrlə bitir: “Ümid o deyil ki, artıq o mövcuddur və ya mövcud deyil. Ümid yol kimidir-realda yoxdur, amma keçib-gedən insanlar onu yaradırlar”.
...Biri vardı, biri də.... Vardımı? Yoxsa o, İnsanın gözəgörünməzi görünən etməkçün əbədi cəhdi idi? Və “insanların ürəyinə ölümsüzlük arzusunu qoyan” Tanrı bu cəhdi seyr edərkən gülümsədi... Gülümsədimi? Yəqin... Yoxsa, Gülay Tahirli yazmazdı ki:
Daş olub eləcə yağır başıma
Sənə uzatdığım güllər, çiçəklər.
Tanrının da hər gün çıxır yadından
Bu sevən ürəklər, yanan ürəklər.
Öpdüyün yerlərdən dərdlər boy atır,
İndi həsrət gəlib oxşayır məni.
Nə zaman qolumu açsam yoluna,
Sanki qolların da ox sayır məni.
Daha qanadların quşları yoxdur,
Ağacsız qalıbdır indi budaqlar.
Məndən yaranmışdı, məni öldürdü,
Sinəmdə yurdsuzdur indi bu dağlar.
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
Sevgi tuneli - indi burada zaman dayanıbdır
Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Şəkildə görünən mənzərə nə utopiyadır, nə də ki fotoşopdur. Bura nə Kanada, nə də Finlandiyadır. Bura düz iki ildən artıqdır ki, müharibənin isti sobaları soyutduğu Ukraynadır. İki ildən artıqdır, baş verən müharibə uşaqları ruhsuz, böyükləri müqavimətsiz, evləri nəfəssiz, torpaqları bəhrəsiz, qapıları bağlı qoyub. Vaxtilə bu torpaqlar barlı-bəhərli, Günəşin uzun-uzun uşaqlara nur səpələdiyi ölkə idi.
Müharibə tək insan ölümü ilə sonlanmır. İnsanlarla bərabər hisslər, duyğular, əşyalar da ölür. Oksigen mənbəyi azalır, meşələr yanğın yerinə çevrilir. Yaşıllıqlar məhv edilir. Yaşamaq uğrunda mübarizənin ən barbar şəklidi müharibə. Bizdən sevdiklərimizlə bərabər, həyatı da, yaşamağı da alıb götürür.
Şəkildəki bu yer Ukraynanın yerli dəmir yolu xətti üzərində yerləşən unikal təbiət abidəsidir. Sevgi tuneli Klevan qəsəbəsində sakinləri, turistləri və təbiətsevərləri qarşılayır. Həmçinin tuneldən keçən dəmir yolu xətti Klevan və Orjev qəsəbələrini birləşdirir.Yük qatarının bir sutkada üç dəfə keçdiyi və uzunluğu 5 kilometr olan bu yaşıl tunel meşə bitkiləri ilə əhatələnmiş botanika bağını xatırladır bizə.
Sevgi tuneli təkcə təbiət abidəsi deyil. Bu tunelin bu şəkildə formalaşmasına ən çox diqqət və marağı insanlar göstərib. Sırf ağac emalı kombinatına gedən yolun buradan keçməsi tunelin formalaşmasında əvəzsiz rol oynayıb. Vaxtilə meşə ərazisindən keçən bu yolda qatarların hərəkəti daha intensiv idisə, yol öz müasir formasını aldıqca gediş-gəliş azalmağa və bu yol təbiət abidəsi kimi qorunmağa başlandı. O gündən bu günə tunel turistlərin ən sevimli məkanına çevrildi.
Zaman keçdikcə bu tunel daha da səs-küyə səbəb olaraq haqqında əfsanələr, rəvayətlər formalaşdı. Əfsanəyə görə, sevgililər bu tuneldən birgə keçərək ürəklərində arzu tutarlarsa, arzuları mütləq həyata keçər. Bu əfsanəni eşidən hər bir gənc sevgi tunelində gül-çiçək əkərək hisslərini ölümsüzləşdirməyə çalışır.
Yaponiyalı kinorejissor Akiyoşi İmazaki bu haqda 2014-cü ildə “Klevan: Sevgi tuneli” adlı romantik dram filmi çəkib. 23 noyabr 2014-cü ildə Hanoy kinofestivalında göstərilən filmin süjet xətti birbaşa sevgi tuneli ilə bağlıdır.
İnsanlar əl-ələ verib təbiətsevər olsa, hər yer bu cür təbiət mənzərəsi ilə nəfəs alar. Çalışaq gələcəyə böyük ümidlə baxaraq ən azı bir ağacın böyüməsini öz himayəmizə götürək.
Unutmayaq ki, təbiəti insan məhv etdiyi kimi, insan da xilas edəcək!
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
Şəhidlər barədə şeirlər – Famil Əhmədzadə
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Famil Əhmədzadəyə həsr edilmiş şeirlə tanış olacaqsınız.
FAMİL AĞAƏHMƏD OĞLU ƏHMƏDZADƏ
(23.09.1975.-14.10.2020.)
Əslən İsmayıllı rayonundan olan, tarix müəllimi, Azərbaycan Silahlı Qüvvələrin zabiti-ehtiyatda olan baş leytenant, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
FAMİL MÜƏLLİM
Famil müəllim idi, tarixdən deyirdi dərs,
Öyrətməyə var idi onda sonsuz bir həvəs.
Qəlbində doğma yurda tükənməzdi məhəbbət,
Deyirdi , “Bu diyarda, yaşamaq bir səadət,
Bizimdir bu diyarın Quzeyi, həm Güneyi”,
Məktəbdə yaratmışdı zəngin tarix muzeyi.
Söyləyirdi, uşaqlar, sevin eli, torpağı,
İnanın, qaytaracaq bu sevgi Qarabağı.
Müharibə başladı, haqq-ədalət savaşı,
Famil dədayanmadı, olsa da qırx beş yaşı…
Orduya yazıldı o, könüllü zabit kimi,
Hünərlə döyüşürdü, qorxmaz bi igid kimi.
Əsgərlər arasında vardı xətir-hörməti,
Onlara güc verirdi müəllimin söhbəti.
Budur, hər gün, hər səhər hücumdadır ordumuz,
Addım-addım düşməndən azad olur yurdumuz.
Ordumuz düşmənləri məhv edir rəşadətlə,
Famil də göz qırpmadan döyüşürçcəsarətlə.
Doymazdı danışmaqdan yurd dağından, daşından,
Arzusuydu, bir kitab yazsın haqq savaşından.
Döyüşdü pələng kimi, şirtək Suqovuşanda,
Bir fəxarət duyuruq Famildən danışanda.
Tarix müəllimiydi, qanıyla tarix yazdı,
Başqa cür olsa idi, Famil Famil olmazdı.
Qanı yerdə qalmadı, Vüqar qisasın aldı,
İgid zabit qardaşı düşməni lərzə saldı.
Yetirdiyi nə qədər layiqli şagirdi var,
Adına layiq olan oğlu var-Fəridi var.
Famil müəllim kimi oğullar ölə bilməz,
Haqq məğlub ola bilməz, haqqın qolu bükülməz!
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
Lütfi-Zadəni Azərbaycana məhz o tanıdıb - Möhbəddin Əliyev
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Təqvimdə bu günə doğum günü təsadüf edən daha bir şəxs barədə sizlərə danışmaq istgəyirik: Möhbəddin Əliyev (Möhbəddin Səməd) barədə.
Möhbəddin Əliyev 1942-ci il yanvarın 25-də Qərbi Azərbaycanın Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən həvəs göstərmişdir. "Əsli" adlı oçerki 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur. Öz yaradıcılığında sənədli hekayələrə üstünlük verir. Məqalə, esse və portret oçerkləri dövri mətbuatda müntəzəm çap olunur.
Toğrul Nərimanbəyov, Qara Qarayev, Səttar Bəhlulzadə, Fikrət Əmirov barədə elmi-kütləvi oçerkləri Yaponiya, Almaniya, Fransa, Türkiyə, Amerika və Lüksemburqda dərc edilmişdir. "Uzaq və yaxın Lütfi Zadə", "Alim", "Körpülü", "Ömür", "Musiqişünas", "Luvr", "Toğrul" çoxseriyalı sənədli filmlərinin ssenari müəllifidir.
Amerikada yaşayan dünyaşöhrətli Azərbaycanlı alim, professor Lütfü-Zadə barədə geniş məlumatı 1980-ci ilin axırlarında Azərbaycan içtimayətinə ilk dəfə o çatdırmışdır. Böyük alimə həsr olunmuş 4 seriyalı "Uzaq və yaxın Lütfü-Zadə" sənədli filmi və alimin həyat və yaradıcılığından bəhs edən "Dünya dahilərsiz yaşaya bilmir" kitabı (Azərbaycan, türk və rus dillərində) Azərbaycan Yazıçılar Birliyinin üzvü Möhbəddin Əliyevin qələminin məhsuludur. Jurnalistlər Birliyinin də üzvü olan Möhbəddin bəy Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
Kitabları:
1. Nağıllar yalan olmur.
2. Dialoqlar.
3. Toğrul Nərimanbəyov.
4. İncəsənət ustaları.
5. Tofiq Dadaşov və onun psixoloji etüdləri.
6. Səsin sehri varmış.
7. Rənglə musiqinin harmoniyası.
8. Dünya dahilərsiz yaşaya bilmir.
9. Yaddaşımın yaşıdları.
10. Şux rənglərin təranəsi
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
KİTAB BƏLƏDÇİSİndə “Sükutla danışanlar”
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəzən insanların dilləri susar, gözləri danışar. Onlar baxışları ilə bir-birlərinə fikirlərini çatdırarlar. Məhz onlar "Sükutla danışanlar"dır. Elvin Arifoğludur kitabın müəllifi.
Bu kitab Allah'ı ,dini mövzuları çox gözəl tərzdə, başa düşülən şəkildə ifadə edir. Məhəmmədlə Səlimin, Fəridlə Davudun söhbətlərində oxuyanlar bunu müşahidə edəcək. Xəyanət, zülm, yalan heç vaxt doğru olmayıb, olmayacaq. “Sükutla danışanlar” kitabı sizə bunu əyani şəkildə də göstərəcək. Fəridlə Günelin sevgi münasibəti keçdiyi bütün çətinliklərin üstəsindən Allah'ın yardımı ilə gəlir. Çünki onların sevgisi safdı.
Kitab gözəl və insanı yormayacaq tərzdə yazılıb.
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
“İçimdə bir zindan var” - GÜNEYDƏN ƏKBƏR QALANIN ŞEİRLƏRİ
Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Əkbər Qalanın şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
I.
İçimdə bir zindan var
İçində mən
Mənlik qandalları, ayaqlarımda
Məncillikdən məncilliyə qoşdururam, xəyallarımda ;
İçimdə bir dustaq var
Sağır birisi
Dinləməz, duymaz, görməz
Çiyinlərində kibir
Ağır birisi;
İçimdə bir məhkum var
İçimdə əsir
Günəşə doğru,
Hər zaman yolumu kəsir...
II.
Arabaların sinir pozan siqnalları
Sərt heykəllər
İsti, tüstü məncilli göydələnlər
Qaraqabaq ağaclar, soyuq baxışlar
Kor olmuş pinarlar
Daşlaşmış könüllər
Və
Robot adamlar;
Sanki!
Cənnətdən qovulan kimi
Sona varmış bir dünyanın
Cəhənnəmində gömülmüşəm...
III.
Bakının havası üşüdür məni
Təbrizə döndükdə donub qalıram.
İstirəm gözlərində qızışım biraz,
Sevgi damosunda yanıb qalıram.
Arxanda köksündə dərin yaralar,
Hələ də görünür, silinməz bu dərd.
Baxma ki, ayığam gözlərim baxır,
Elə yatmışam ki, bilinməz bu dərd.
O tayda sənsizəm qala bilmirəm,
Keçirəm bu taya gözləyir məni.
Bakıda bir cüt kömürü gözlər,
Bilirəm hər zaman özləyir məni.
Bu yanda onsuzam, oyanda sənsiz,
Sən tək ayrılığa dözə bilmirəm.
İllərdir çəkirsən ayrılıq qəmin,
Mən nədən bu dərdi çözə bilmirəm?!
Bakıda yaşamaq, Təbrizdə ölmək,
Yetər ki, vətəndən ayrı qalmayım.
Bu torpaq mənimdir, mənim qalacaq,
Yetər ayrılıqdan sarı qalmayım.
IV.
İçimdə bir arzu var
Dar ayağında Həsrətim
ipini çəkmək istəyir
Səbrim tükənib, ümidlərim də.
Birbəbir, intihar etmək istəyir
Gözlərin!
Nədən məni sürgün edib ki?
Xəyal dünyasında gözləyim səni
Yurdumda sənsiz qürbət yaşayım
Təbriz qapısında özləyim səni?
V.
Xəyalımın
Uzun-uzun yollarında
Sevdanı, düşündüyüm zaman
Həsrətlə
Darısqal küçələrdə
Arxanca süründüyüm zaman
Nə biləydim
Buraxdığım çağlar
Talan imiş?!
Bütün sevgilər
Yalan imiş?!
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək
Madrid şəhərində keçirilən “FITUR” beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İspaniyaya səfər edib.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, səfər çərçivəsində Fuad Nağıyev ilə BMT Turizmin Baş katibi Zurab Pololikaşvili arasında Təşkilatın Madriddəki Baş qərargahında keçirilən görüşdə BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasının 2025-ci il iyunun 4-6-da Azərbaycanda keçirilməsi haqqında müqavilə imzalanıb.
Görüşdə, həmçinin Azərbaycanın 2025-2029-cu illər üzrə BMT Turizmin İcraiyyə Şurasına üzvlüyə namizədliyini irəli sürməsi, COP29-da “Turizm günü” çərçivəsində ölkəmizin qoşulduğu Qlazqo Bəyannaməsi üzrə birgə fəaliyyət, təşkilat ilə turizm təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi təşəbbüsü, eləcə də BMT Turizmin “Ən yaxşı turizm kəndi” nominasiyası faylına ölkəmizin müraciəti üzrə müzakirələr aparılıb.
Səfər müddətində Fuad Nağıyev ilə İspaniyanın sənaye və turizm naziri Jordi Hereu arasında görüş olub. Görüşdə F.Nağıyev ölkə turizminin Avropa bazarında təbliğ edilməsi məqsədilə İspaniyada keçirilən “FITUR” və “IBTM World” sərgilərində Azərbaycanın milli stendlərlə təmsil olunması, İspaniya ilə beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişaf etməsi haqqında məlumat verib, Jordi Hereunu BMT Turizmin Avropa üzrə Regional Komissiyasının Bakıda keçiriləcək 71-ci iclasına dəvət edib. Öz növbəsində iki ölkə arasında turizm sahəsində əməkdaşlıq perspektivlərini qeyd edən J.Hereu əlaqələrin daha da inkişaf etdirilməsinin və qarşılıqlı turist səfərlərinin artırılmasının vacibliyini vurğulayıb.
“FITUR” sərgisi çərçivəsində Azərbaycan pavilyonunda Fuad Nağıyev ilə Braziliyanın turizm naziri Selso Sabino, Andorranın turizm və kommersiya naziri Jordi Torres Falko, eləcə də Özbəkistan Respublikasının Turizm Komitəsinin sədri Umid Şadıyev ilə görüşlər təşkil edilib, müvafiq ölkələrlə mövcud turizm əlaqələri haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, Avropanın ən böyük turizm tədbirlərindən olan “FITUR” sərgisində ənənəvi olaraq hər il İspaniya Kralı VI Filip də iştirak edir.
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)
Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib
Xalq artisti, professor Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib
Təfərrüatı:
Yanvarın 24-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) XI qurultayı keçirilib. Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda gerçəkləşən tədbirdə mədəniyyət naziri Adil Kərimli, ABİ-nin İdarə Heyəti, tanınmış mədəniyyət xadimləri iştirak ediblər.
Nazirlikdən AzərTAC-a bildirilib ki, qurultayda qurumun sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadənin hesabat məruzəsi dinlənilib.
Firəngiz Əlizadə Azərbaycan bəstəkarlarının son illərdə qazandığı uğurlardan, ittifaq tərəfindən həyata keçirilən layihələrdən, gənc musiqiçilərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, 2019-2024-cü illəri əhatə edən hesabat dövründə bəstəkar və musiqişünaslar öz yaradıcılıqları ilə Azərbaycan musiqi mədəniyyətini inkişafına töhfə veriblər.
Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan musiqi sənətinin qədim tarixə və zəngin ənənələrə malik olduğunu bildirib. Qeyd edib ki, mədəniyyətimizin himayədarı olmuş Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə ölkəmizdə musiqi sənətinin inkişafını diqqətdə saxlayıb, onun bir sıra bəstəkarlarımızla dostluq münasibətləri olub. Ulu Öndər bəstəkarlarımıza qayğı ilə yanaşıb, onların yaradıcılığının təbliğinə daim dəstək verib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi qayğıdan danışan Adil Kərimli deyib ki, ölkəmizdə ayrı-ayrı sənətkarlarla yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının da fəaliyyətinə dəstək verilir. Bu qayğının sayəsində klassik və müasir bəstəkarlarımızın əsərləri dünyanın məşhur səhnələrində səsləndirilir.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi və şanlı Ordumuzun qəhrəmanlığı sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Tarixi Qələbəmiz digər yaradıcılıq istiqamətləri ilə yanaşı, musiqi əsərlərində də yaşadılmalı, Vətən övladlarının misilsiz qəhrəmanlığı musiqinin dili ilə vəsf olunmalıdır.
Adil Kərimli çıxışının sonunda ABİ-yə fəaliyyətində uğurlar arzulayıb.
Digər çıxışlardan sonra ABİ-nin rəhbər orqanlarına seçkilər keçirilib. Açıq səsvermə ilə Xalq artisti, professor Firəngiz Əlizadə yekdilliklə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib.
Qurultayda, eyni zamanda, ittifaqın İdarə Heyəti və Nəzarət-təftiş komissiyasının tərkibi də müəyyənləşib.
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)
Rəngkarlıq xalqları birləşdirmək yolunda
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Uluslararası Aktivist Sənətçilər Birliyinin, Sumqayıt Dövlət Rəsm Qalereyasının və Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində “Sənətin Qardaşlıq Rəngi” adlı simpozium təşkil edilib.
Öncə müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edillib, Azərbaycan Respublikası və Türkiyə Respublikasının Dövlət Himnləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru şair İbrahim İlyaslı qonaqları salamlayaraq rəsm sənəti üzərindən Türkiyə və Azərbaycan arasında bir körpü qurulmasının həm dərin məna, həm də tarixi əhəmiyyət daşıyan bir fəaliyyət olduğundan, İncəsənətin müxtəlif növlərində müştərək layihələrin həyata keçirilməsi ilə xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmasından danışıb.
Uluslararası Aktivist Sənətçılər Birliyinin Azərbaycan təmsilçisi Nəvai Metin və türkiyəli rəssam Elif Şahin Altunkaya, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, yazıçı-jurnalist Eyruz Məmmədov, yazıçı, dramaturq, kulturoloq Hafiz Ataxanlı və digər rəssam, şair və yazıçıların çıxışlarında yaradıcılığın gücünün təbliğat vasitəsi olaraq sülhə, Türkiyə-Azərbaycan qardaşlığına əvəzsiz xidmət etdiyi, töhfə verdiyi vurğulanıb. Bir millət, iki dövlət sloqanının, Turan ideyasının sarsılmaz türk birliyi üçün böyük zəmin olduğu ifadə edilib. Həmçinin belə uğurlu sənət mübadilələrini mütəmadi şəkildə gerçəkləşdirmək arzusu dilə gətirilib.
Tədbirdə dekorativ-tətbiqi sənət ustalarının əl işləri nümayiş olunub.
Sumqayıt Musiqi Kollecinin kollektivi musiqi nömrələri ilə çıxış edib.
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)
Bu gün bayraqdarın doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Şəhidlərin hər biri bizə əzizdir. Hər birinin bir qəhrəmanlıq hekayəti var. Elə bu gün doğum günü olan Azad Hümtovun da.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakıda doğulub. Bəli, sağ olsaydı bu hün 29 yaşını qeyd edərdi.
Əslən Göyçə mahalının Aşağı Şorca kəndindəndir.
2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olmuş, 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. Təyinatı üzrə elə həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlamışdır.
2018-ci il "Azərbaycan Ordusunun 100 illiyi" münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşımışdı. Bundan sonra o "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olundu.
Hümbətov peşəkarlığını artırmaq üçün Bakıda yerləşən Silahlı qüvvələrin təlim və tədris mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant rütbəsi almışdır.
Füzuli, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Allah rəhmət eləsin.
Amin!
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)