Super User
Mirvarid Dilbazinin anadan olmasının 113 illiyi qeyd olunub
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə 19 avqust 2025-cü il tarixində Xalq Şairi Mirvarid Dilbazinin məzarı önündə anadan olmasının 113 illiyi qeyd olunub, məzarına gül dəstələri düzülüb.
Mirvarid Dilbazi Poeziya Məclisi İB - nin təşkilatçılığı ilə Bakı QHT Resurs və Təlim Mərkəzində tədbir davam edib.
“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, şair-publisist Güllü Eldar Tomarlının verdiyi məlumata görə, tədbiri açılış sözü ilə Güllü Eldar Tomarlı açıb, qonaqları salamlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisi idarə heyyətinin üzvləri- şair, şəhid bacısı Lalə İsmayıl, Tərlan Musayeva, Azadə Quliyeva, Qulu Əliyev, Polad Ağa İbrahimov və KİV nümayəndələri və gənclər iştirak ediblər.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi yarandığı gündən xalq şairinin yaradıcılığını geniş şəkildə təbliğ edir.
2022-ci ildə Mirvarid Dilbazinin 110 illik yubileyi münasibəti ilə Qeyri-Hökümət Təşkilatlarının dəstəyi ilə mirvariddilbazi.az sayıtı fəaliyyətə başladı, ictimai birlik olaraq xalq şairinin "Bənövşələr üstə göz yaşları" adlı kitabı kiril əlifbasında latın qrafikasına çevrilərək yenidən nəşr olundu. ''Öz içindən yanan bir ocağam'' kitabı isə şair anamız haqqında yazılan şeirlərdən, xatirələrdən, publisistik məqalələrdən ibarətdir. Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə '' Vətən oğulsuz olmasın'' kitabı da Mirvarid Dilbazinnin Ulu öndərə həsr etdiyi şeirlərdən ibarətdir.
Mirvarid Dilbazi Poeziya Məclisi bu günümüzün işığında yaşayıb yaradan şairlərdən- Brilyant Atəşin, Arzu Yaqubqızının, Arzu Əyyarqızının, Vaqif Osmanlının, Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın, Ötərxan Eltacın şəhid Zaur İsmayılzadəyə həsr olunmuş kitabıarının işıq üzü görməsinə vəsilə olub. Bunlarla bərabər təşkilat milli mənəvi dəyərlərimizi də geniş təbliğ edir . Azərbaycan Respublikasının birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2014-cü ildə kəlağayımız UNESCO-nun Qeyri Madd i Mədəni irs üzrə Peprezentativ siyahısına daxil olmuşdu. Bu tarixi hadisənin 10 illiyi münasibəti ilə təşkilat kəlağayı haqqında festivallar keçirir, sərgilər təşkil edir, sazlı sözlü konsertlər verir. Beləliklə, Mirvarid Dilbazi Poeziya Məclisi mədəniyyətimizin,ədəbiy yatımızın, poeziyamızın təbliğinə, inkişafaına xidmət edir.
Mirvarid Dilbazinin "Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci, "Bizim səsimiz" adlı ilk kitabı isə 1934-cü ildə nəşr edilib. Şairin "İlk bahar", "Məhəbbət bizimlə qoşa doğulur", "Həyat lövhələri", "Xatirələr aləmində", "Bənövşələr üşüyəndə", "Ana qanadı", "Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə "Seçilmiş əsərləri", "Qar çiçəkləri", "Durnalar ötüşəndə", uşaqlar üçün "Nağıllar", "Kiçik dostlarıma", "Gülbahar", "Yaz gəlir", "Lalənin ağacları", "Abşeron bağlarında" və digər kitabları çapdan çıxıb.
Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, "Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə", "Avey dağla söhbət" və digər poemaları, "Xocalı fəryadı", "Məhsəti" pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun "Çoban Qara", "Evimizə gəlin gəlir", "Anam yadıma düşdü”, "Laylay", "Azərbaycan elləri" şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir.
Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla", "Qoymayın ağlayım məni", 20 Yanvar faciəsi ilə bağlı yazdığı "Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.
Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.
Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən!
- yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.
Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi fəxri adlarına layiq görülüb, "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", "İstiqlal" ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
Komitə sədri İlqar Fəhmini təbrik edib
Azərbaycan Respublikası Milli Məclisinin
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmiyə 50 illik yubileyi ilə bağlı təbrik məktubu ünvanlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlqar müəllim,
Sizi əlamətdar yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Sizin ədəbiyyat, sənət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəaliyyətiniz çağdaş Azərbaycan ictimai düşüncəsinin təmsilçilərindən biri olduğunuzu göstərir. Əsərlərinizdə klassik irsin çağdaş baxışla sintezini yaratmağınız, dilə və üsluba verdiyiniz estetik dəyər, oxucunun həm intellektual, həm də mənəvi dünyasına müraciət etmə bacarığınız özəlliklə vurğulanmalıdır.
Siz Azərbaycan ədəbiyyatının məsuliyyəti, dramaturgiyanın problematik yükü və ssenaristikanın çağdaş ritmini bir imzada birləşdirən qələm sahiblərindənsiniz. Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyindəki təşkilati fəaliyyətiniz – yaradıcılıq proseslərinin təşkili, yerli filiallarla iş, klassiklərlə çağdaşlar arasında ideya və forma körpülərinin qurulması sahəsindəki təşəbbüskar mövqeyiniz də ədəbi mühitin inkişafına töhfə verməkdədir.
Müəllifi olduğunuz ədəbi-bədii və publisistik əsərlər milli-mənəvi dəyərlərin, ictimai yaddaşın və ədəbi dilin qorunması baxımından önəm daşıyır. Yaradıcılığınızda milli kimlik və qlobal düşüncə, tarixi yaddaş və çağdaş şüur qovşağı diqqətəlayiqdir.
Əlamətdar yubileyiniz münasibəti ilə Sizə möhkəm cansağlığı, ictimai və yaradıcı fəaliyyətdə yeni uğurlar arzulayıram”!
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
Xəyalə Rəis TİMBİR-in Azərbaycan üzrə rəhbəri təyin olunub
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncamla yaradılan Türk İnternet Media Birliyi (TİMBİR) fəaliyyətini beynəlxalq miqyasda genişləndirir.
Qısa müddət ərzində Türkiyənin bütün bölgələrində və 10-dan çox xarici ölkədə nümayəndəlik qurmağı bacaran birlik son mərhələdə təşkilati strukturunda da əhəmiyyətli dəyişikliklər edib.
İyul ayında Sivas şəhərində keçirilən İdarə Heyətinin (İH) növbəti toplantısında qəbul edilən qərara əsasən, TİMBİR İH üzvləri bundan sonra şəhər və ölkə təmsilçisi ola bilməyəcək. Bu qərardan sonra yeni yerli və xarici nümayəndələrin təyinatına start verilib. Türkiyənin əksər vilayətlərində bu proses artıq yekunlaşıb.
TİMBİR-in xaricdəki təmsilçiliklərinin formalaşdırılması isə birliyin Xarici Əlaqələr Şurasının sədri Aqil Ələsgərin rəhbərliyi ilə həyata keçirilir. İlk addım olaraq təşkilata Azərbaycandan üzv olan internet media qurumlarının rəhbərləri arasından nümayəndələr seçilib.
Azərbaycan üzrə nümayəndə heyətinə tanınmış jurnalist və ictimai xadimlər daxil olub. Onların arasında Azərbaycan Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli, media eksperti Azər Həsrət, “Editor.az” saytının baş redaktoru Fərid Şahbazlı və digər nüfuzlu jurnalistlər yer alır. Azərbaycan təmsilçiliyinə rəhbərlik isə tanınmış jurnalist Xəyalə Rəisə həvalə edilib.
Bundan sonra Xəyalə Rəis və İlkin Hüseynov həm də təşkilatın Xarici Əlaqələr Şurasında təmsil olunacaqlar.
Türk dünyasının media sahəsində inteqrasiyasını və informasiya təhlükəsizliyini gücləndirməyi hədəfləyən TİMBİR bu təşəbbüslərlə həm də regional əməkdaşlığa mühüm töhfələr verməyi qarşısına məqsəd qoyub.
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
Bizim kino - "Bəxtiyar"
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Rejissor Lətif Səfərovun 1955-ci ildə ekranlaşdırdığı "Bəxtiyar" filmi haqqında söhbət açacağam. Film gözəl və bənzərsiz səsə malik gənc neftçi Bəxtiyar Muradovun (Rəşid Behbudov) taleyindən bəhs edir. Və bu film Azərbaycan kino şedevrləri sırasında əsas yerlərdən birini tutur.
Hələ uşaq ikən, gənc Bəxtiyar öz məlahətli səsilə konservatoriyanın professoru Rəcəbovun (Məmmədrza Şeyxzamanov) diqqətini cəlb edir. Lakin Bəxtiyar xüsusi musiqi təhsili almaq haqda ona verilən məsləhətlərə məhəl qoymur və valideynlərinin yolu ilə gedib neftçi olur.
İş elə gətirir ki, o, hər şeydə mənfəət axtaran fırıldaqçı, əsl incəsənətdən uzaq olan klub müdiri Ağabala (Ağasadıq Gəraybəyli) ilə rastlaşır. Ağabala Bəxtiyarı estrada müğənnisi etmək məqsədilə onun çıxışlarını təşkil edir, bu yolla çoxlu pul qazanır. Nəticədə Bəxtiyarın səsi tutulur. Nəhayət Bəxtiyar müğənniliyin böyük sənət olduğunu başa düşüb, bu işlə ciddi məşğul olmağa başlayır. Dostları Bəxtiyarın Saşa ilə barışmasına kömək edirlər. Film üç dostun Bəxtiyar (Rəşid Behbudov), Saşa (Lyuba Belıx) və Yusifin (Nazim Yüzbaşov) hələ uşaq ikən professor Rəcəbovun (Məmmədrza Şeyxzamanov) bağına alma oğurluğuna girmək planları ilə başlayır. Uşaqlar qərara gəlir ki, Bəxtiyar yaxşı səsi olduğundan daş hasarın üstünə çıxıb oxusun və professor Rəcəbovun başını qatsın. Onlar isə fürsətdən istifadə edib almaları yığsınlar. Bəxtiyar hasarın üstündə başlayır oxumağa. Bunu eşidən professor cəld bayıra çıxıb Bəxtiyarı tutur və evinə gətirir. Onun səsinə valeh olan professor "Xanəndə olmaq istəyirsən" deyə soruşur? "Heç məndən xanəndə olar" deyə Bəxtiyar suala sualla cavab verir. Beləliklə professorla Bəxtiyarın tanışlığı belə baş verir. Professor biləndə ki, uşaqlar almaları yaralı əsgərlər üçün yığırlarmış, səxavət göstərib özü onlara çoxlu alma verir.
Bəxtiyar Rza İsmayılovla (İsmayıl Əfəndiyev) hospitalda əsgərlərə mahnı oxuyarkən tanış olur. Müharibədə yaralanan İsmayılov Bəxtiyara yaxınlaşır və bildirir ki, onun atası ilə bir yerdə vuruşmuşdur. Sonra isə xatirə olsun deyə hər üç dostun şəkillərini çəkir.
Filmin rus dilində afişası
İllər sürətlə ötür uşaqlıq dostları məktəbi bitirirlər. Və onların yolları ayrılır. Bəxtiyar atasının yolu ilə gedərək neftçi olur. Saşa (Tamara Çernova) ilə Yusif (Faiq Mustafayev) isə Moskvaya oxumağa getməyə hazırlaşırlar. "Neft çıxdı" replikası ilə ilk dəfə ekranda Rəşid Behbudov görünür. Yusif və Saşanı isə biz "Gənclik Bal"ında görürük. Burada Yusifin mənfi xarakteri özünü büruzə verir. Lakin artıq sabahısı gün Yusiflə Saşa Moskvaya yola düşməlidirlər. Bəxtiyarın isə bundan xəbəri yoxdur. Yalnız vağzalda Saşanı yola salmağa gələn Bəxtiyar bilir ki, Yusiflə Saşa birlikdə gedirlər. Qısqanclıqdan Bəxtiyarın kefi pozulur. İncik halda bir-birindən ayrılan sevgililərin hicranı bir neçə il çəkir.
Bu illər ərzində Bəxtiyar neftçi peşəsini davam etdirir. Günlərin bir günündə Mir Həmid (Məmməd Sadıqov) əlində afişa neftçilərin yeməkxanasına daxil olub elan edir ki, "Yoldaşlar! Əziz və möhtərəm yoldaşlar! Əgər içərinizdə oxuyan, oynayan və yaxud bir şeyi çalmağı bacaran varsa təcili surətdə Sahil küçəsindəki kluba gəlsin. Rica olunur. Əziz yoldaşlar!". Bəxtiyar bu xəbərə də əhəmiyyət vermir. Lakin Ağabalanın (Ağasadıq Gəraybəyli) xalası Gülzar (Münəvvər Kələntərli) Bəxtiyarın anasından (Mərziyyə Davudova) xahiş edir ki, heç olmasa gəlib bir mahnı oxuyub getsin. Hamı da görsün ki, o dərnək üzvüdür. Beləcə Bəxtiyar son məqamda gəlib oxuyaraq Ağabalanı belə desək yoxlamanın əlindən xilas edir. Və Ağabala ilə Bəxtiyar belə tanış olurlar. Komissiya ilə problemini həll edən Ağabala görür ki, Bəxtiyardan istifadə edərək varlana bilər. Uzun danışıqlardan sonra Bəxtiyar konsert verməyə razı olur. Ağabalanın tilovuna düşən Bəxtiyar gün keçdikcə professor Rəcəbovun dediyi kimi uçuruma gedir. Nəhayət Bəxtiyarı uşaqlıqdan tanıyan Rza İsmayılov təsadüfən onun bir konsertində iştirak edir. Məhz bu konsertdə Bəxtiyar mahnını axıracan oxuya bilmir. Səsi tutulur. Bu vəziyyətə əsəbiləşən Bəxtiyar qəti qərara gəlir ki, daha oxumasın. Elə belə vəziyyət Ağabalanın da iç üzünü açır və o məşhur replikasını Bəxtiyarın üzünə deyir: "Bəs nə bilirdin? Mejdunarodnu vaqon, qəstinlərdə lüks numra, taksi. Bəs konsertlərdə aldığın dəstə-dəstə güllər nə idi? Onları camaat göndərirdi?! Həə?!." Bundan sonra Rza İsmayılov otağa daxil olur və Bəxtiyarı özü ilə düzgün yola doğru aparır.
Bu müddət ərzində Bəxtiyar bir neçə dəfə Saşa ilə rastlaşır. Lakin maneələr, anlaşılmazlıqlar onları birləşdirə bilmir. Ən böyük maneələrdən biri də Yusif olur. Saşa isə Bəxtiyarın konsertində elə başa düşür ki, şöhrət onun aşiq olduğu saf Bəxtiyarın gözlərini bağlayıb. Ona görə də elə həmin gecə onun ucbatından konserti yarımçıq qalan Bəxtiyarla bərk dava edir. Sabahısı gün isə onunla danışmağa gələndə artıq Bəxtiyarın qastrola getdiyini öyrənir. Taleyin belə qəribə oyunları onların bir-birinə məhəbbətini azaltmır. Sonda dostların fəndi ilə Bəxtiyarla Saşa bir-birinə qovuşur. Və film "Əziz Dost" mahnısı ilə sona yetir.
Filmdə sədaqətli dostluq bağları, hicran, vüsal, saf duyğular öz əksini tapmışdır.
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
VAQİF SƏMƏDOĞLU, “Atıram özümü...”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU,
“Atıram özümü...”
Atıram özümü
vərəq-vərəq günlərimin arasına
Quruyuram çiçək-çiçək,
kəpənək-kəpənək.
Tənha, tək...
Köhnə univermağın
anbarında tozlanan
tünd-yaşıl patefonlartək,
ququşka səsi tək,
mən də
tək,
tək,
tək...
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
BİRİ İKİSİNDƏ Ülviyyə Heydərovanın hekayəsi ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Nəsr bölümündə yeni nəslin istedadlı dramaturqu Ülviyyə Heydərovanın “Pələng” adlı hekaəysi təqdim ediləcək. Yəqin ki, onun “Pələng” monotamaşasından da xəbəriniz var.
NƏSR
Ülviyyə HEYDƏROVA
PƏLƏNG
Ustadım Ramiz Fətəliyevə ithaf edirəm
Onlar xaltamın ipini çəkib məni küçəyə atdılar. Yemək qabımı da arxamca vızıldatdılar. Dəmir qab diyirlənib qonşu darvazanın yanındakı dibçəyə dəydi. Küçədə heç kim yox idi. Maşınlar da gözə dəymirdi. Qaba sarı yüyürdüm, pəncəmlə özümə sarı çəkib yalamağa başladım. O həmişə cürbəcür sümüklərlə dolu olardı. İlk dəfə idi ki, çil-çilli qabın öz dadına baxdım. Soyuq dəmir dilimi dondursa da, məhəl qoymadım. Onu daha bərk-bərk yalamağa başladım. Dilimə bir tam gəldi. Dad o qədər şirin idi, heç sümükləri gəmirəndə o ləzzəti almamışdım. Amma bu dadı heç cür xatırlaya bilmədim.
Qabı ağzımdan buraxıb yanımda saxladım. Sağa-sola baxdım. Neçə vaxtdı küçəyə tək çıxmamışdım. Canımdan ani titrətmə keçdi. İlk təsəlli quyruğumdan gəldi. Özünü həmişəki kimi üzümə sürtdü. O, bu dəfə tam fərqli idi. Məni sığallamaq əvəzinə qıdıqladı. Elə bildi, ona baş əyəcəm, dilimi çıxardıb təşəkkür edəcəm. Əlacım olsaydı, onu dibindən qopardar, hirsimi üstünə tökərdim. Hətta ona tərəf qanrılıb cəhd də elədim. Alınmadı. Yupyumşaq quyruğum o dəqiqə belimə qısıldı. Nədənsə ona yazığım gəldi.
Darvazaya boylandım. Daş hasarın suvağı qurumaq üzrə idi. Əvvəl də burada hasar vardı. Amma bir az köhnə, həm də qısa idi. O gələn kimi hasarı sökdürüb yenidən ucaltdı. Xanım dedi: "Bu ki xalis Çin səddidir. Burdan quş da uça bilməz". Quş adını eşidən kimi səmaya boylandım. Bir dəstə quşun göy üzündə rəqs etdiyini gördüm. Quşlar elə bil buludlarla oynaşırdı.
Bu dəfə də başımı yuxarı qaldırdım. Hava tutqun idi. Göy üzü dolub dayanmışdı. Elə bil ağlamaq istəyirdi, lap gözlərim kimi. Göz yaşlarım hirsimə məhəl qoymadı. Damcılarım ağzımın suyuna qarışdı. Çaqqal kimi ulamaq istədim. Amma qorxdum. Onun kimi ulasaydım, tək məni qovanları deyil, qonşuları da ürküdə bilərdim. İçimdə zingildədim. Deyəsən, səsimi yalnız ürəyim eşitdi.
Dəmir boşqabımı ağzıma alıb yola baxdım. Hara gedəcəyimi bilmədim. Heç kimin diqqətini çəkməmək üçün başımı aşağı salıb özümü ayaqlarımın ixtiyarına verdim. Yol boyu onu düşündüm. Xanımın əri məni qovulduğum evə gətirəndə körpə idim. Qıvırcıq tüklərim vardı. O məni çirkli qutunun içindən ehtiyatla çıxarıb xanıma uzatdı. Qadının iri gözləri heyrətdən bərəldi.
– Ay, bu nə şirindir! – dedi.
– Buna nə ad qoyaq? Bir az ehtiyatlı ol! Səni dişləyər.
– Səndən bərk dişləməz, yəqin?!
Təəccübləndim. İnsan insanı niyə dişləsin? Xırda dişlərimi xanıma göstərməyə utandım.
– Gəl adını "Pələng" qoyaq, – deyəndə xanımın əri məni əlindən buraxdı.
Xanım "Pələng" adını eşidən kimi ürəkdən güldü. O qədər güldü ki, gözlərindən səpələnən damcılar üzümə töküldü. Çıxdığım qutuya baxdım. Çox çirkli idi. Özümə söz verdim ki, bir daha ora qayıtmayacam.
Qadın məni yenidən qucağına alıb başqa otağa apardı. Orada mənim üçün xüsusi hazırlanmış "kiçik ev"in içinə qoydu. Burada nələr yox idi? Cürbəcür oyuncaqlar, toplar, kəndirlər, halqalar. Qabımı da ilk dəfə orda gördüm. Xanım hər səhər həvəslə ora yeməkləri, sümükləri qoyardı. Yeməkləri iştahla yeyərdim.
Bir az böyüyəndən sonra mənə halqaların içində o tərəf-bu tərəfə tullanmağı öyrətdilər. Hər axşam halqalarımla onları əyləndirəndə özüm də sevinirdim. O qədər xoşbəxt idim. Nə yuva qayğısı çəkirdim, nə də sümük. Məni narahat edən bircə adım idi. Kim adımı eşidirdi, "bunun nəyi pələngə oxşayır?" deyərək ağız büzürdü. Bilmədim, bu pələng nə olan şeydi.
Bir dəfə özümü xanımın otağında gördüm. Yanılmıramsa, mən idim. Başımı sağa əydim, o da sağa əydi. Pəncəmi qaldırdım, o da ayağını qaldırdı. Quyruğumu buladım, o da buladı. Yaxına gəlib pəncəmlə oynamaq istəyəndə gördüm ki, nəyəsə dəyirəm. Qorxudan geri çəkildim, qaçıb xanımın qucağına qısıldım.
Böyümüşdüm deyə, daha o mənimlə az maraqlanırdı. Elə özüm də ondan çəkinirdim. Daha çox dişilərə meyil edirdim. İstəyirdim görüşdüyüm birisi olsun. Amma xanımın əri məni görüşə aparmırdı. Cəmi bircə dəfə küçədə dişi gördüm. Onda da xaltamın ipi xanımın əlində idi. Elə hürə-hürə qaldım. Pəncələrimi qaldırıb özümü sağa-sola vursam da, xanım məni yaxına buraxmadı. O dişi isə özünü naza qoymuşdu. Yəqin, görüşdüyü köpəklərin sayı-hesabı yox idi.
– Pələng, sus! Sus, pələng!
Dişinin xaltasını tutan qadın adımı eşidən kimi gülməkdən ürəyi getdi.
Xanım xaltamı güclə dartıb məni həyətə gətirdi. Həyətdə dişləməyə, tutmağa nəsə axtarsam da, tapa bilmədim. Necə oldusa dişlərimi xanımın qolunda gördüm. Onun bağırtısı aləmi bürüdü. Məni həyətə buraxdı. Xanımın əri üstümə cumdu, məni təpiklədi. Zarıltım həyəti bürüdü. O, üstünü çırpıb xanımı səslədi.
– Rahat ol! Onu it gününə qoydum, – dedi.
"İt günü" sözünü eşidəndə hürməyimi saxladım. Necə yəni it günü? Günlərimi yadıma saldım. Heç də pis yaşamırdım. Nə olub mənə? Bircə dişiylə dostluq etməyə icazəm yox idi. Nədənsə o söz məni yaman tutdu. Düşündüm ki, əgər it günü varsa, demək, adam günü də var. Bəs o zaman adam günü necə olur? Özümü adam yerinə qoymaq istədiyim an xanımın əri mənə həyətin küncündə yuva verdi. Qabımı da yanıma atdı. Böyümüşdüm deyə, oyuncaqlarımı zirzəmidə gizlətmişdilər. Məni gündüzlər çəpərə bağlayır, gecələr isə həyətə buraxırdılar. Həyəti dolaşanda hasarın o üzünü görmək, insan gününü yaşamaq istəyirdim. Darvaza gündə iki dəfə açılsa da, ordan çıxmağa ixtiyarım yox idi.
Xanımın əri bir dəfə məni bir kişiyə göstərdi.
`– Bu da bizim pələng! – dedi.
– Nə, pələng? Bu ki aslan parçasıdır?!
Ondan elə bir gülmək çıxdı, səsinə xanım da eyvanda göründü. Kişi başını yelləyib xanımla salamlaşdı. Xanım da iri gözlərini süzdürdü. Xanımın əri başımı sığallayıb məni yuvama göndərdi. Elə o gündən kişi tez-tez həyətə gəlməyə başladı. Hətta bir dəfə xanımın əri ilə ova çıxanda məni də özləri ilə götürdülər. Gözümü açandan maşına minməmişdim, bu qədər yol getməmişdim. Burnuma qəribə, xoş qoxular gəldi. Nə vaxt idi belə sevinmirdim. Çoxlu ağaclar olan yerə çatanda xanımın əri maşını saxladı. Uzaqdan çaqqal ulayırdı. Kişinin əti ürpəşdi. Çaqqalın ulamağını ilk dəfə orda eşitdim.
– İnanmıram, burda nəsə olsun!
– Bəlkə, göl tərəfə gedək? Orda quşlar çox olur.
Onlar maşınla xeyli yol gedəndən sonra gölə çatdılar. Maşının arxasından tüfənglərini götürəndə mənim də ipimi xaltamdan çıxartdılar. Amma qorxumdan xanımın ərinin yanından ayrılmadım. O, başımı sığalladı. Bir az rahatlandım. Hətta yaxınlıqdakı ağacın dibində sağ ayağımı qaldırdım. Xanımın əri mənə baxıb gülümsədi. Tüfəngi ilə havaya atəş açanda az qaldı ürəyim ağzımdan çıxsın. Qorxudan qaça-qaça gəlib xanımın ərinin ayaqlarına qısıldım. O məni sakitləşdirdi. Sonra kişi iki dəfə atəş açanda gedib maşının içində gizləndim. Onlar mənə o qədər güldülər ki.
– Bu nə pələngdir? Heç it də deyil. Çəpişdi, çəpiş!
Xanımın əri başını aşağı əydi. Hiss etdim ki, utandı. Can şirin şeydi deyə, daha maşından düşmədim. Gözlədim ki, onlar vurduqları quşları gətirsinlər. Axşam evə gələndə xanım həyətdə süfrə açmışdı. Masada nələr yox idi. Gözümə cürbəcür içki şüşələri dəydi. Xanımdan çıxmayan iş, süfrədən ət götürüb qabağıma atdı. Ət o qədər dadlı idi, sümükləri ağzımda əridi. Yuvama keçib insan gününə tamaşa etdim.
O kişi bu həyətə o qədər gəlib-getdi, hətta xanımın əri evdə olmayanda belə gəldi. Gecələri həyətdə gəzdiyimə görə bir dəfə xanımın otağından onun səsini eşitdim.
– Az qalıb, lap az. Axırına çıxacam.
– Elə hər gün söz verib gedirsən. Daha sənə inanmıram.
– Görəcəksən, bu gün, ya sabah! Qulağın xoş xəbər eşidəcək.
Kişi pəncərəyə yaxınlaşanda məni gördü. Əhəmiyyət vermədi. Dilinin ucunda "poşol" dedi. Yuvama qaçdım. Kişi iti addımlarla həyətdən çıxanda xanım ona əl elədi, sonra nazik barmaqlarını dodaqlarına yapışdırıb ona öpüş yolladı. Həmin günü özümü insan yerinə, daha doğrusu, xanımın ərinin yerinə qoydum. Sıxıldım. Yuvamda özümə yer tapa bilmədim.
Xanımın əri gəldi. Əlidolu idi. Hətta birinci mənim yeməyimi verdi, başımı tumarladı. Sonra zənbilləri götürüb pilləkənlə qalxanda ayağı burxuldu. Zənbilləri əlindən buraxıb ürəyini tutdu. Nəfəsi daraldı. Ona yaxınlaşdım. Xanım eşitsin deyə, var gücümlə hürməyə başladım. Xanımsa evin içində yüksək səsdə musiqi dinləyirdi. Xanımın əri yerə yıxıldı. Pilləkənlərlə yuxarı qalxdım, burnumla qapını itələyib içəri girdim. Xanımın üstünə yüyürəndə o qışqırdı. Stul götürüb məni qovmaq istədi. Qəfildən çaqqal kimi uladım. Özüm də bilmədim bu haray, bu güc haradan gəldi. Qadın məni qapıya kimi qovanda ərini gördü. Qışqırdı. Telefonla o kişiyə zəng elədi. Bir az keçəndən sonra kişi xalatlı adamlarla gəldi. Həyət insanlarla dolmağa başladı.
İlk dəfə idi ki, həyətdə bu qədər insan görürdüm. Kişilər bir tərəfdə dayanıb papiros çəkirdilər, qadınlar stullarda oturub ağlaşırdılar. Mən də bir küncdə dayanıb uladım. İnsan olmaq istədim. İstəyirdim mənim də bu qədər dostum olsun. Heç olmasa bir gün gözlərimi yumanda başımın üstündə dayanan bir xanım ağlasın. Hərçənd evin xanımı heç ağlamırdı. Dəsmalının arasında gizlətdiyi gözlərinə diqqətlə baxdım. Hətta onun ürəyini belə gördüm. Sevinirdi. Canı qurtarırdı ərindən. Amma başa düşə bilmədim ki, niyə ərini sevmirdi. O ki xanımı sevirdi, hətta onun könlünü xoş eləmək üçün məni hədiyyə etmişdi. Bunu anlamaqdan ötrü, yəqin ki, insan olmalıydım. Mənsə “pələng” adlı məzlum idim.
Vida mərasimində gözüm xanımın "kişi"sinə sataşdı. Ortalıqda canfəşanlıq edirdi. Cənazəni sol çiyninə alanda hətta hönkürdü. O ağlayanda xanım da ona qoşuldu. Həmin an hər ikisinin üstünə cummaq, gəmirmək istədim. Amma bacarmadım. Qorxdum ki, məni ömürlük zəncirləyə bilərlər. Küçələrdə səhərə kimi hürüşən itlərin gününə düşmək istəmirdim.
Qəribədir ki, adamların içində xanımın ərini gördüm. O mənə yaxınlaşanda geriyə çəkildim. Əlləriylə mənə "qorxma, qorxma" – dedi. Dayandım. O, yanımda çömbəlib düz gözlərimin içinə baxdı. Sonra başını səmaya qaldırıb ağzını açdı. İçimdən qəfil haray çıxdı. Bu, nə hürmək idi, nə də ulamaq. Bu, başqa səs idi. Deyəsən, elə xanımın ərinin səsi idi.
Hamı ağlamağını saxlayıb mənə baxdı. Hətta xanım da. Elə bildim məni yuvama dartıb zəncirləyəcəklər. Düşündüyümün əksinə oldu. Məni əzizlədilər. Dedilər "rəhmətliyin sevimli iti də dərdimizə şərikdi". Hətta məni maşına mindirib dəfnə də apardılar.
Dəfndə özümə söz verdim ki, sahibimin qisasını xanımdan, onun "kişi"sindən alacam. Bilmədim bu hünəri hardan tapdım. Bəlkə, pələng adım mənə kömək olmuşdu?!
Dəfndən xeyli sonra xanımın "kişi"si gecələr evdə qalmağa başladı. Onların otaqda gülüşlərini eşidəndə özümə yer tapa bilmədim. Həmin gecə səhərə kimi hürdüm. Elə hürdüm ki, səsimdən öz qulaqlarım batdı. Səhəri günü xanımın kişisi şalvarının qayışını elə yanımdaca çıxarıb məni çırpdı. Ona müqavimət göstərdim. Daha heç kimdən qorxmurdum. Əgər öləcəkdimsə, qoy köpək kimi ölüm. Kişiyə hücum etdim. Hətta qolundan dişlədim. O, çənəmi sıxıb dişlərimi qolundan ayırdı. Gözlərim elə qızmışdı, kişidən qurtulub xanıma hücum etdim. Amma onu dişləyə bilmədim. Kişi üstümə tor atıb əl-qolumu bağladı.
– Onu öldürmə, amma iti qovan kimi qov!
Xanımın mənə rəhmi gəldi. Niyə ürəyiyumşaqlıq elədi, bilmədim. Bəlkə, gözünün qabağında böyümüşdüm deyə, ürəyi dözmədi. Bəlkə, ikinci dəfə əlini ölümə batırmaq istəmədi.
Xanımın kişisi məni sürüyə-sürüyə darvazanın yanına gətirdi. Sonra ayaq saxladı. Nə düşündüsə yuvama getdi. Çil-çilli qabımı götürüb yanıma gəldi. Darvazanı açıb məni küçəyə itələdi, qabımı da arxamca vızıldatdı...
Ayaqlarım məni qəbiristanlığa gətirdi. Xanımın ərinin yanına. Kimsə onun qəbrinə qızılgüllər qoymuşdu. Qabımı güllərin yanına qoydum. Heç nə tapmadığımdan onu bir daha yaladım. Dadı xatırladım. Bu, anamdan əmdiyim südün dadı idi.
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
“Bəzən sadəcə keçmişdəki bir anı, yaxud həyat təcrübəsini oyadaraq yaxşı əsər yaradırsan” – SAŞO OQNENOVSKİ İLƏ MÜSAHİBƏ
Cahangir NAMAZOV,
“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi. Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
Bu günkü həmsöhbətimiz – tanınmış makedoniyalı yazıçı, teatr tənqidçisi, kommunikasiya üzrə fəlsəfə doktoru, “Literary Elements” ədəbi jurnalının baş redaktoru, “Perun Artis” İncəsənət və Multikulturalizm Assosiasiyasının prezidenti, Kosovo IWA Bogdani, Monteneqro Tərcüməçilər Assosiasiyası və Xorvatiya Ədəbiyyat Assosiasiyasının “Ədəbi Lələk” mükafatlarının laureatı Saşo Oqnenovskidir
— Teatr tənqidçisi kimi tamaşanı dəyərləndirmək üçün hansı meyarlardan istifadə edirsiniz?
— Teatr simbiotik bir sənətdir və konkret tamaşa üçün meyar müəyyənləşdirmək onunla bir növ münasibət qurmaq deməkdir. Bu, yalnız zövq deyil, yalnız tamaşanı bəyənmək və ya “mənim tipimdir” demək deyil, bu – onun bütün seqmentlərini (aktyorluq, rejissorluq, dramaturgiya, vizual və səs elementləri) təhlil etməkdir.
Mən yaxşı olmayan tamaşa haqqında heç vaxt resenziya yazmıram. Mən yalnız bütövlükdə məni həyəcanlandıran, təsirli və sənətkarlıqla ifadə olunmuş tamaşalar barədə yazıram. Teatr həm də mesajdır, əsasən də bir öhdəlikdir. Buna görə də teatr tənqidçiləri kimi bizim borcumuz onun mənasını dərk etməkdir.
— Sizin fikrinizcə, müasir uşaqlar üçün hansı nağıllar daha çox lazımdır?
—Təəssüf ki, müasir uşaqlar daha çox vizual hekayəçilik formalarının təsiri altındadır. Klassik nağıllar onlar üçün artıq o qədər də tanış deyil. Müasir qəhrəmanlar və mənfi obrazlar, əsasən, müxtəlif medianın təsiri ilə yaradılmış hibrid varlıqlardır.
Mənim fikrimcə, uşaqlar mütləq oxumağa qayıtmalıdırlar, çünki bu, onların sosial dəyərləri düzgün qavramasının yeganə yoludur. Nağıllarda müsbət və mənfi obrazlar insan həyatına fəlsəfi yanaşmanın məhsuludur və biz onları nağıl kimi qəbul edirik. Kitabı vizual mediadan ayırmaq mexanizmi uşaqların mənəvi həyatında ədəbiyyatın rolunu düzgün başa düşməsi üçün həlledici şərtdir.
—Uşaq ədəbiyyatında fantaziyadan daha vacib elementlər varmı?
—Mənim üçün fantaziya hər zaman ən vacib amildir. O, istedadla sıx bağlıdır və uşaqların ədəbiyyatı anlama prosesində çox lazımlıdır. Oxu vərdişi, qəhrəmanları və hekayəni dərk etmək – uşağın ədəbiyyatla münasibətində ən böyük tərkib hissələrdir.
—Hansı milli ədəbiyyatlar sizin yaradıcılığınıza daha çox təsir göstərib?
—Klassik nümunələr ədəbiyyatın rolunu, xüsusən də yazmağın səbəblərini anlamaqda inanılmaz dərəcədə önəmlidir. Mən, həmçinin müasir ədəbiyyatdan da ilham alıram.
Sevimli yazıçım Uilyam Folknerdir – onun üslubuna, dünyagörüşünə və həyata münasibətinə heyranam.
Əlbəttə, mən heç vaxt onun kimi yazmağa çalışmaram, öz hiss etdiyim kimi yazaram, amma onun hekayələrinin dərinliyi və qəhrəmanları mənim üçün əvəzsizdir.
— Qlobal məsələləri yazılarınızda necə təsvir edirsiniz – birbaşa, simvolik, yoxsa mənəvi şəkildə?
— Deyərdim ki, birbaşa. Realist hekayə yazsam da, xüsusilə roman üzərində işləyəndə simvolları hekayənin anlarında tapıram.Simvollar hər yerdədir, sadəcə onları tanıyıb sənət əsərində ifadə etmək lazımdır.
Hekayənin anlarını simvollara çevirmək müəllifin intim həyatına çox yaxın bir prosesdir. Buna görə də, əslində, birbaşa, simvolik və mənəvi təsvirlər ədəbi əsər yaranarkən çox vaxt bir-birinə qarışır.
—Yazını tamamilə dayandırdığınız günlər olurmu? O anlarda hansı hissləri yaşayırsınız?
— Mən daha çox müəyyən mövzu ilə bağlı araşdırmaya vaxt sərf edən yazarlara inanıram. Mən də çox vaxt axtarış və araşdırmaya sərf edirəm və əmin olduqdan sonra yazını çox qısa vaxtda tamamlayıram. Ən yorucu iş isə düzəlişlər və artıq hesab etdiyin mətn parçalarını ixtisara salmaqdır. Ən böyük dilemmanlar da buradan doğur. Ən böyük yazıçılar belə, dərc olunmuş əsərlərində nəyisə buraxdıqlarını, bəzi hissələri yaxşı yazmadıqlarını düşünürlər.
— Şairin ruhu nə vaxt qırılır? O, hansı ağrını başqalarından gizlədir?
—Şairin ağrısı çox gizli və şəxsi olur. Oxucu şairin misralarını oxuyaraq öz ağrısını tanıyır. Şeir həmişə intim bir aktdır, hətta fəlsəfi mövzulu olanlar belə. Onların oxucunun ruhuna çatmaq üçün öz yolu var.
—Sizin fikrinizcə, yazıçını başqalarından fərqli edən nədir? Bu fərq hədiyyədir, yoxsa yük?
— Yazıçılar dünyanı adi insanlardan tamamilə başqa bir bucaqdan görürlər. Onların emosiyaları fantaziyaya və ilhama əsaslanır.
Burada istedad çox önəmlidir, çünki məhz istedad yazıçıya dünyanın proseslərinə tamam başqa cür baxmaq gücü verir. Ona görə də yazıçılar oxunur – çünki onlar başqalarından tamamilə fərqlidirlər. Bu, digər sənət növlərində də belədir: rəssamlar, bəstəkarlar, aktyorlar və s.
— Tez-tez deyirlər ki, sənətkarlar başqalarından daha çox əzab çəkirlər. Siz buna inanırsınızmı?
— Xeyr, əzab həmişə ilhamla bağlı olmur. Hər birimiz müxtəlif səbəblərdən əzab çəkirik və hər kəs bu ağrının mahiyyətini sənət əsərinə çevirmir. Sənətkar üçün əzab vacib ola bilər, amma bu, sadəcə insan təcrübəsi adlanır.
— “Yazmaq – ağrını sözlərə çevirməkdir” fikri barədə nə düşünürsünüz?
— Yazıçılar hər şeyi sözlərə çevirirlər. Müxtəlif yanaşmalar janrların müxtəlifliyindən doğur. Yaxşı roman, şeir və ya dram yazmaq üçün həmişə əzab çəkmək lazım deyil. Bəzən sadəcə keçmişdəki bir anı, yaxud həyat təcrübəsini oyadaraq yaxşı əsər yaradırsan. Komediyalar buna ən yaxşı nümunədir: komediya şüurun məhsuludur, faciə isə emosional bir məsələdir. Hər ikisi ağrı ilə bağlıdır, həm də deyil. Hamısı dünyaya yanaşma tərzindən asılıdır.
— Heç vaxt yazmadığınız, yaxınlaşmağa cürət etmədiyiniz mövzular varmı?
— Mən qorxmuram, sadəcə bəzi mövzular var ki, onlar barədə heç vaxt yazmaram. Bu, maraqlarınızdan və şəxsi bağlılığınızdan asılıdır. Mənim fikrimcə, müəllif mütləq cəmiyyətin problemlərinə bağlı olmalıdır. O, insanlığın səsi olmalıdır. Tərcümə olunanda və oxunanda müəllif (digər sənətkarlar kimi) insanın travmalarına və faciələrinə münasibət formalaşdırmalıdır.
— Makedoniyada ədəbiyyata, şair və yazıçıların roluna münasibət necədir? Oxu mədəniyyəti nəyvəziyyətdədir?
— Makedoniya ədəbiyyatı keçid dövrünün ölkəsi olan Makedoniyanın reallığından ilham alır. Təəssüf ki, Makedoniya ədəbiyyatı çox tərcümə olunmur. Məncə, ölkəmdə tərcüməyə layiq çoxlu yazıçılar var. Poeziyaya və digər janrlara həsr olunmuş ədəbi festivallar keçirilsə də və bu, bizim yazıçılara dünyadakı həmkarları ilə müqayisə imkanı versə də, əlbəttə ki, dövlət qurumlarının dəstəyi ilə bu proses daha da inkişaf etdirilməlidir.
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
Mədəniyyət tariximizin görkəmli nümayəndəsi XAN ŞUŞİNSKİ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Musiqi tariximizə bu ad qızıl hərflərlə yazılıb – Xan Şuşinski. Onun barəsində bilgimiz isə zəifdir. Halbuki adını, ifasını eşitmişiksə, haqqında da bilməliyik. Axı bu gün həm də onun doğum günüdür.
Azərbaycan SSR xalq artisti Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-si Şuşada dünyaya göz açıb. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub.
Qeyd etmək lazımdır ki, Xan Şuşinskinin təsirləndiyi şəxslərdən biri olan Şeyid Şuşinski o dövrün görkəmli xanəndəsi Əbdülhəsən xan İqbali Azər ilə yaxından dost olmuşdur. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırıb.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün gələn bolşevik təşviqat briqadasınnı içində Cabbar Qaryağdıoğlu da olub. Cabbar Qaryağdıoğlu Xan Şuşinskini də yanına alaraq bütün Qarabağda konsertlər verib.
Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onlara yeni bir çalarlar aşılayıb.
Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışını 1923-cü ildə həyata keçirib. Bu çıxış Azərbaycan Dövlət Filarmoniyasında olub. Bundan sonrakı illərdə o, böyük məşhurluğa sahib olub və bir çox ölkələrdə və şəhərlərdə qastrol səfərlərində olub. Həmçinin, Səməd Vurğunun "Azərbaycan" poemasında da adı keçib.
1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülüb. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib.
1943-cü ildə birbaşa Azərbaycan SSR Xalq Artisti adına layiq görülüb. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü ildə Məhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfəri edib. Bu səfər zamanı Tehran da daxil olmaqla, 4 şəhərdə konsert verib. 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaradıb və burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib.
Əsərləri
- Şuşinski X. Yaxşı adamın hekayəti
- Şuşinski X. Nəğmələr susmur
- Şuşinski X. Səs, söz və ifaçılıq
Filmoqrafiya
1. Bakı bağları. Buzovna
2. Biz qayıdacağıq
3. Havalansın Xanın səsi
4. Muğamat var olan yerdə...
5. Muğamlar
6. O olmasın, bu olsun
7. Özgə ömür
8. Prima
9. Qızıl fonddan seçmələr
10. Səs
Mükafatlar
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Şərəf nişanı" ordeni
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
- Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı
Xanəndənin adının əbədiləşdirilməsi məqsədilə Azərbaycanda "Xan Şuşinski Fondu" fəaliyyət göstərir. Fondun direktoru xanəndənin qızı Bəyimxanım Verdiyevadır.
Xan Şuşinski 18 mart 1979-cu ildə 77 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
Şəhidlər barədə şeirlər - Təbriz Cumuzadə
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Təbriz Cumuzadə
Təbriz Cumuzadə 2000-ci il fevralın 26-da Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2006-2017-ci illərdə Mingəçevir şəhərində İ. Zeynalov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
Təbriz Cumuzadə 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cumuzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Cumuzadə noyabrın 8-dən 9-na ötən gecə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin snayperdən atəş açması nəticəsində şəhid olmuşdur. Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Adın vətən, özün vətən,
Cəbrayılda, Füzulidə,
Xocavənddə izin vətən.
Sən Şuşanı azad edən
Təbrizsən!
Sən torpağa pak nəfəssən,
Sən dağlardan uca səssən!
İgid kimi, Şəhid kimi,
Bu vətənçün müqəddəssən,
əzizsən!
Təbrizsən!
Bu torpağın hər yerində,
Hər dağında,
Hər daşında,
Bu millətin yaddaşında,
Əbədisən!
Ölməzsən!
Təbrizsən!
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
Müasir Azərbaycan poeziyası: Forma, yoxsa məzmun savaşı?
Rəqsanə Babayeva, rejissor, yazıçı. “Ədəbiyyatvə İncəsənət” üçün
Bir vaxtlar hər şeiri ilə cəmiyyətin nəbzini tutan, xalqın ağrılarını, sevinclərini, ümidlərini özündə cəmləyən Azərbaycan poeziyası bu gün hansı mərhələdən keçir?
Əgər ədəbiyyat cəmiyyətin güzgüsüdürsə, bu gün həmin güzgüyə baxanda nə görürük? Qafiyəyə çevrilmiş emosiya yığınımı? Vizual effektli, ancaq ruhsuz misralarmı? Yoxsa özünü şair adlandıran, amma sözün məsuliyyətini duymayan bir nəslin yüksəlişini?
“Söz” mübarək olanda poeziya yaranır
Poeziya – sadəcə yazılmış misralar deyil. O, dilin ruhudur, xalqın düşüncə modelidir, zamanın içində donmuş bir iç səsdir. Nizaminin, Xaqaninin, Füzulinin, daha sonra Vurğunun, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin poeziyası təkcə ədəbiyyat deyil, eyni zamanda milli kimliyin ifadəsidir.
Bu şairlər üçün forma və məzmun ayrılmaz bütöv idi. Onlar sözü həm işlədirdilər, həm yaşadırdılar. Bu gün isə çox zaman bu iki element – forma və məzmun – bir-birinə qarşı mübarizədədir. Təəssüf ki, bir çox hallarda məzmun bu mübarizədə məğlub olur.
Şeirin “vizuallaşması”: poetik güc, yoxsa estetika illüziyası?
Sosial şəbəkələrdə yayılan şeirlərə diqqət yetirək. Gözəl fon, emosional səs, qalın şriftlərlə yazılmış sözlər... və bəzən içində heç bir fikir dərinliyi, bədii təsvir, fəlsəfi yük yoxdur. İnsanların bəyəndiyi “şeirlər” çox zaman bir-iki romantik cümlənin qafiyəli düzülüşündən ibarətdir.
Bu şeirlərin əksəriyyəti oxucunu düşündürmək yox, təsir etmək məqsədi güdür. Poeziya isə təkcə hiss etdirmək deyil, həm də düşündürmək sənətidir.
Forma ilə oynamaq poeziya yaratmır
Bəzi “müasir” şairlər üçün sərbəst vəzn yazmaq – sərbəst düşünmək deməkdir. Amma sərbəstlik məsuliyyətsizlik deyil. Heç bir vəznə, heç bir qafiyəyə sığmayan “şeirlər” oxuyuruq – nə ritm var, nə harmoniya, nə də daxili intizam. Sadəcə sözlər düzülüb və müəllif özünü poeziyanın yeniləyicisi sayır.
Əgər şeir yalnız forma ilə seçilirsə, onda o, incəsənət yox, eksperimentdir. Poeziya isə eksperimentlərə dözümlü deyil – o ya var, ya da yoxdur.
Yeni nəsil şairlər: Axtarışdamı, yoxsa özündənrazılıqda?
Müasirpoeziyadadəyərliimzalardavar. yenidövrünestetikyükünü daşıyırlar. Onlar üçünformavə məzmunqarşı-qarşıyadeyil – birləşir, sintezolunur. Onlarpoeziyanı “populyarolmaq” vasitəsinə çevirmədənyazırlar. Və bu, şairlikdir.
Ammadigərtərəfdə – populyarlıqxətrinə yazanlar, sosialmediadareaksiyayığmaq üçün şeirə bürünənstatuslarvar. Bu, poeziyanınadındanistifadədir, ammapoeziyadeyil.
Tənqidsusursa, keyfiyyətazalır
Ədəbitənqidbugünpoeziyadayoxkimidir. Heç kim şairitənqidetməkistəmir, çünkiyaonu “qısqanmaqda” ittihamedəcəklər, yadasosialmediadalinç olunacaq. Ammatənqidsizədəbiyyat – gözü bağlı kompasdır.
Əsltənqid – yıxmaqyox, yöngöstərməkdir. Bizklassiklərə buqədərborcluyuqsa, onlarınruhunuyaşatmaq üçüntənqidimühitinbərpası vacibdir.
Poeziyaxalqındilinə düşməlidir
Bəzəndeyirlər: “Şeirxalq üçünyazılmalıdır.” Doğrudur. Ammabuodeməkdeyilki, şeirxalqınədəbizövqünü aşağı salmaqbahasınasadələşdirilməlidir. Xalqındüşüncəsiyüksəlməlidir – poeziyaonuyuxarı çəkməlidir, aşağı yox.
Poeziya – xalqınruhunundanışansəsidir. Osəsyüksəldikcə, cəmiyyətdə qalxar.
Nəticə: Mətnyox, mənaqalacaq
Gələcəkdə bugünyazılanyüzlərlə misraunudulacaq. Ammaiçində məzmunolan, düşüncə olan, ruholan şeirləryaşayacaq.
Poeziya – yazı deyil, niyyətinsəsidir. Niyyətsafdırsa, misrayaşayar.
“Ədəbiyyatvə incəsənət”
(20.08.2025)
\


