Bizim kino - "Bəxtiyar" Featured

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Rejissor Lətif Səfərovun 1955-ci ildə ekranlaşdırdığı "Bəxtiyar" filmi haqqında söhbət açacağam. Film gözəl və bənzərsiz səsə malik gənc neftçi Bəxtiyar Muradovun (Rəşid Behbudov) taleyindən bəhs edir. Və bu film Azərbaycan kino şedevrləri sırasında əsas yerlərdən birini tutur.

 

Hələ uşaq ikən, gənc Bəxtiyar öz məlahətli səsilə konservatoriyanın professoru Rəcəbovun (Məmmədrza Şeyxzamanov) diqqətini cəlb edir. Lakin Bəxtiyar xüsusi musiqi təhsili almaq haqda ona verilən məsləhətlərə məhəl qoymur və valideynlərinin yolu ilə gedib neftçi olur.

İş elə gətirir ki, o, hər şeydə mənfəət axtaran fırıldaqçı, əsl incəsənətdən uzaq olan klub müdiri Ağabala (Ağasadıq Gəraybəyli) ilə rastlaşır. Ağabala Bəxtiyarı estrada müğənnisi etmək məqsədilə onun çıxışlarını təşkil edir, bu yolla çoxlu pul qazanır. Nəticədə Bəxtiyarın səsi tutulur. Nəhayət Bəxtiyar müğənniliyin böyük sənət olduğunu başa düşüb, bu işlə ciddi məşğul olmağa başlayır. Dostları Bəxtiyarın Saşa ilə barışmasına kömək edirlər. Film üç dostun Bəxtiyar (Rəşid Behbudov), Saşa (Lyuba Belıx) və Yusifin (Nazim Yüzbaşov) hələ uşaq ikən professor Rəcəbovun (Məmmədrza Şeyxzamanov) bağına alma oğurluğuna girmək planları ilə başlayır. Uşaqlar qərara gəlir ki, Bəxtiyar yaxşı səsi olduğundan daş hasarın üstünə çıxıb oxusun və professor Rəcəbovun başını qatsın. Onlar isə fürsətdən istifadə edib almaları yığsınlar. Bəxtiyar hasarın üstündə başlayır oxumağa. Bunu eşidən professor cəld bayıra çıxıb Bəxtiyarı tutur və evinə gətirir. Onun səsinə valeh olan professor "Xanəndə olmaq istəyirsən" deyə soruşur? "Heç məndən xanəndə olar" deyə Bəxtiyar suala sualla cavab verir. Beləliklə professorla Bəxtiyarın tanışlığı belə baş verir. Professor biləndə ki, uşaqlar almaları yaralı əsgərlər üçün yığırlarmış, səxavət göstərib özü onlara çoxlu alma verir.

Bəxtiyar Rza İsmayılovla (İsmayıl Əfəndiyev) hospitalda əsgərlərə mahnı oxuyarkən tanış olur. Müharibədə yaralanan İsmayılov Bəxtiyara yaxınlaşır və bildirir ki, onun atası ilə bir yerdə vuruşmuşdur. Sonra isə xatirə olsun deyə hər üç dostun şəkillərini çəkir.

Filmin rus dilində afişası

İllər sürətlə ötür uşaqlıq dostları məktəbi bitirirlər. Və onların yolları ayrılır. Bəxtiyar atasının yolu ilə gedərək neftçi olur. Saşa (Tamara Çernova) ilə Yusif (Faiq Mustafayev) isə Moskvaya oxumağa getməyə hazırlaşırlar. "Neft çıxdı" replikası ilə ilk dəfə ekranda Rəşid Behbudov görünür. Yusif və Saşanı isə biz "Gənclik Bal"ında görürük. Burada Yusifin mənfi xarakteri özünü büruzə verir. Lakin artıq sabahısı gün Yusiflə Saşa Moskvaya yola düşməlidirlər. Bəxtiyarın isə bundan xəbəri yoxdur. Yalnız vağzalda Saşanı yola salmağa gələn Bəxtiyar bilir ki, Yusiflə Saşa birlikdə gedirlər. Qısqanclıqdan Bəxtiyarın kefi pozulur. İncik halda bir-birindən ayrılan sevgililərin hicranı bir neçə il çəkir.

Bu illər ərzində Bəxtiyar neftçi peşəsini davam etdirir. Günlərin bir günündə Mir Həmid (Məmməd Sadıqov) əlində afişa neftçilərin yeməkxanasına daxil olub elan edir ki, "Yoldaşlar! Əziz və möhtərəm yoldaşlar! Əgər içərinizdə oxuyan, oynayan və yaxud bir şeyi çalmağı bacaran varsa təcili surətdə Sahil küçəsindəki kluba gəlsin. Rica olunur. Əziz yoldaşlar!". Bəxtiyar bu xəbərə də əhəmiyyət vermir. Lakin Ağabalanın (Ağasadıq Gəraybəyli) xalası Gülzar (Münəvvər Kələntərli) Bəxtiyarın anasından (Mərziyyə Davudova) xahiş edir ki, heç olmasa gəlib bir mahnı oxuyub getsin. Hamı da görsün ki, o dərnək üzvüdür. Beləcə Bəxtiyar son məqamda gəlib oxuyaraq Ağabalanı belə desək yoxlamanın əlindən xilas edir. Və Ağabala ilə Bəxtiyar belə tanış olurlar. Komissiya ilə problemini həll edən Ağabala görür ki, Bəxtiyardan istifadə edərək varlana bilər. Uzun danışıqlardan sonra Bəxtiyar konsert verməyə razı olur. Ağabalanın tilovuna düşən Bəxtiyar gün keçdikcə professor Rəcəbovun dediyi kimi uçuruma gedir. Nəhayət Bəxtiyarı uşaqlıqdan tanıyan Rza İsmayılov təsadüfən onun bir konsertində iştirak edir. Məhz bu konsertdə Bəxtiyar mahnını axıracan oxuya bilmir. Səsi tutulur. Bu vəziyyətə əsəbiləşən Bəxtiyar qəti qərara gəlir ki, daha oxumasın. Elə belə vəziyyət Ağabalanın da iç üzünü açır və o məşhur replikasını Bəxtiyarın üzünə deyir: "Bəs nə bilirdin? Mejdunarodnu vaqon, qəstinlərdə lüks numra, taksi. Bəs konsertlərdə aldığın dəstə-dəstə güllər nə idi? Onları camaat göndərirdi?! Həə?!." Bundan sonra Rza İsmayılov otağa daxil olur və Bəxtiyarı özü ilə düzgün yola doğru aparır.

Bu müddət ərzində Bəxtiyar bir neçə dəfə Saşa ilə rastlaşır. Lakin maneələr, anlaşılmazlıqlar onları birləşdirə bilmir. Ən böyük maneələrdən biri də Yusif olur. Saşa isə Bəxtiyarın konsertində elə başa düşür ki, şöhrət onun aşiq olduğu saf Bəxtiyarın gözlərini bağlayıb. Ona görə də elə həmin gecə onun ucbatından konserti yarımçıq qalan Bəxtiyarla bərk dava edir. Sabahısı gün isə onunla danışmağa gələndə artıq Bəxtiyarın qastrola getdiyini öyrənir. Taleyin belə qəribə oyunları onların bir-birinə məhəbbətini azaltmır. Sonda dostların fəndi ilə Bəxtiyarla Saşa bir-birinə qovuşur. Və film "Əziz Dost" mahnısı ilə sona yetir.

Filmdə sədaqətli dostluq bağları, hicran, vüsal, saf duyğular öz əksini tapmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.