Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncamla yaradılan Türk İnternet Media Birliyi (TİMBİR) fəaliyyətini beynəlxalq miqyasda genişləndirir.
Qısa müddət ərzində Türkiyənin bütün bölgələrində və 10-dan çox xarici ölkədə nümayəndəlik qurmağı bacaran birlik son mərhələdə təşkilati strukturunda da əhəmiyyətli dəyişikliklər edib.
İyul ayında Sivas şəhərində keçirilən İdarə Heyətinin (İH) növbəti toplantısında qəbul edilən qərara əsasən, TİMBİR İH üzvləri bundan sonra şəhər və ölkə təmsilçisi ola bilməyəcək. Bu qərardan sonra yeni yerli və xarici nümayəndələrin təyinatına start verilib. Türkiyənin əksər vilayətlərində bu proses artıq yekunlaşıb.
TİMBİR-in xaricdəki təmsilçiliklərinin formalaşdırılması isə birliyin Xarici Əlaqələr Şurasının sədri Aqil Ələsgərin rəhbərliyi ilə həyata keçirilir. İlk addım olaraq təşkilata Azərbaycandan üzv olan internet media qurumlarının rəhbərləri arasından nümayəndələr seçilib.
Azərbaycan üzrə nümayəndə heyətinə tanınmış jurnalist və ictimai xadimlər daxil olub. Onların arasında Azərbaycan Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli, media eksperti Azər Həsrət, “Editor.az” saytının baş redaktoru Fərid Şahbazlı və digər nüfuzlu jurnalistlər yer alır. Azərbaycan təmsilçiliyinə rəhbərlik isə tanınmış jurnalist Xəyalə Rəisə həvalə edilib.
Bundan sonra Xəyalə Rəis və İlkin Hüseynov həm də təşkilatın Xarici Əlaqələr Şurasında təmsil olunacaqlar.
Türk dünyasının media sahəsində inteqrasiyasını və informasiya təhlükəsizliyini gücləndirməyi hədəfləyən TİMBİR bu təşəbbüslərlə həm də regional əməkdaşlığa mühüm töhfələr verməyi qarşısına məqsəd qoyub.
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)