
Super User
HƏFTƏNİN MƏDƏNİYYƏT HADİSƏSİ – “Nəsimi” operasının premyerası
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Həftəsonu - 20 noyabrda Azərbaycanda mədəniyyət hadisəsi yaşandı.
Uzun illər sonra Azərbaycan opera sənətinə yeni tamaşa qədəm qoydu - “Nəsimi” operası nümayiş olundu. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn bu operanı Azərbaycan sənətsevərləri və COP 29 çərçivəsində ölkəmizə təşrif buyurmuş qonaqlar böyük coşqu və heyranlıqla qarşıladılar.
Azərbaycan mədəniyyətində, incəsənətində öz sözünü demiş sənətkarlar, xalq artistləri, dəyərli qonaqlar çox böyük həyəcan və heyranlıqla operanı izlədilər.
Librettosu akademik Rafael Hüseynova aid olan operanın musiqisi xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimiyə məxsusdur.
Artıq üç ildən çoxdur ki, yazılmış operanı Siyavuş Kərimi gizli sərvət kimi, xəzinə kimi qoruyurdu. Çünki sevərək yazdığı əsərini film-opera şəklində görmək istəyirdi. Əlbəttə ki, gözəl fikirdir. Film-opera kino sənətində uzun illərdən bəri dayandırılmış bir janrdır. Ümid edirik, nə zamansa bu arzu da gerçəkləşəcək.
Baş rolun ifaçısı Ramil Qasımovun Nəsimi obrazını belə gözəl yaratdığını görəndə inandım ki, sənətkarımız səhnə variantını da sevmişdir. Xalq artisti Siyavuş Kərimi özü isə işlərinin çox olmasına baxmayaraq hər gün məşqlərə gələrək, operanın ərsəyə gəlməsində yaxından iştirak edirdi.
Böyük kollektiv işi olan opera böyük əmək və səy nəticəsində yarandı. İlk əvvəl sevindirici hal odur ki, operanı yazan Siyavuş Kəriminin yuxusuz gecələri öz bəhrəsini verməyə başladı: Nəsiminin həyatını, tarixini araşdıran Rafael Hüseynovun lirikası və yazılmış libretto, buna can verən ifaçılar, rejissor, musiqini idarə edən dirijor, xormeysterlər - bundan gözəl iş olmazdı.
20 noyabr - hamı, hər kəs bu möhtəşəm günü səbirsizliklə gözləyir və böyük sevinclə nümayişə tələsirdi. Nəhayət ki, gözlədiyimiz gün gəlib çatdı.
Nəsimi Azərbaycan ədəbiyyatı tarixində keşməkeşli həyat yolu keçmiş, əslində haqqın səsini aləmə car çəkən üsyankar bir şair olmuşdur. Anadan olduğu yerlə bağlı bir çox fikir anlaşılmazlığı olan şairin Şamaxıda, Urmiyada, Bakıda, Təbrizdə anadan olması iddia olunur. Operanın librettosunda Nəsiminin Təbrizdə anadan olduğu göstərilir. Nəsiminin əqidəsi, sufi eşqi, Allaha yaxınlığı dövrün tarixi surətləri (Əmir Teymur) və onların yaltaq əyyanları tərəfindən yanlış, qərəzli, istehzalı anlaşılmağı diqqət çəkir. Əgər operanın bir anlıq yalnız musiqi vasitəsilə dinləsək də belə, Azərbaycanın xalq artisti opera boyu hadisələri şərh edən Nurəddin Mehdixanlının dilindən eşitməsək də belə, musiqi bizimlə danışır və Nəsimi dünyasının bütün incəliklərini bizə bəxş edir. Bəstəkarın böyüklüyü ondadır ki, Nəsiminin Təbrizdənayrılması, Nəsimi Təbriz bazarında, Nəiminin qızı Fatiməylə görüşü - bütün mərhələli səhnələrdə bizə sözsüz belə olanları anlatmaq iqtidarındadır.
Xalq artisti Siyavuş Kərimi Azərbaycan musiqi ənənələrinə kökünə sadiq bir musiqiçi və bəstəkardır. Ənənə gözəl şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək, ağacın kökü kimi önəmlidir. Necə kök möhkəm olarsa ağac yaşayar, eləcə də musiqi ənənəsini muğamı bilmək, qüsursuz, uzunömürlü sənət əsəri olan musiqi əsərləri dünyaya gətirmək deməkdir.
Nəsiminin Sufi təfəkkürünü, onun doğmalığını, söz sərrafı olmağını sadalamaqla qutarmayan faktorları nəzərə alaraq yazılmış opera insan ürəyinə musiqi ahəngi ilə yol tapır. Tamaşaçıya sanki layla oxuyur. Musiqi əsərinin böyüklüyü Nəsiminin Allaha və bəşəriyyətə eşqi dərəcəsində safdır və şahanədir.
Rafael Hüseynov Azərbaycanın akademiki və mütəfəkkiri, söz xiridarı, gözəl natiqdir. Rafael müəllimi uşaqlıqdan bəri tanıdığımdan və araşdırmalarını, onun sənətkarlarla bağlı verilişlərini çox dinlədiyimdən qəribə bağlılıq duyduğum bir ictimai xadimdir.
Çox güman ki, librettonu tarixi araşdırmalarına əsasən ərsəyə gətirib. Baş rolun ifaçısı, hər sadalanmış tituldan öncə çalışqan və xeyirxah insan, Əməkdar artist, Gəncə filarmoniyasının direktoru, çox istedadlı Ramil Qasımovdur. Nəsimi operasından ifa etdiyi baş rola öz canıyla, qanıyla bağlanan sənətkar Azərbaycan opera sənətinə yeni nəfəs, yeni ilham gətirə bildi. Operanın premyerası publika tərəfindən çox fəxrlə və maraqla qarşılandı. Opera bitsə də, kimsə çıxıb getmək istəmirdi. Sevimli iştirakçıları qapı önündə gözləyirdilər. Göydən təbriklər, xoş sözlər yağışı yağırdı.
Mən Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xorundan da bir neçə kəlmə əlavə etmək istəyirəm. Xor operanın sonunda ayağa qalxır və ifaçılarla birgə Nəsiminin şəninə səsləndirilən final xorunda ifaya qoşulur. Bu, tamaşaçıların da, ifaçıların da, qonaqların da maraqla diqqətini çəkir. Və bütün zal bu fidan sənət fədailərinin ardıyca ayağa qalxır.
Bəli, hər mədəniyyət uğruna yaranan yeni əsər sənətkarların bəşəriyyətə sevgi etirafıdır. Nə bilmək olar, bu xaotik qarışıq dünyada bəlkə də dünyanı xilas edən elə mədəniyyətdir, incəsənətdir və gözəlliklər yaradan sənətkarlardır.
Yeni operanın ərsəyə gəlməsi Azərbaycan Milli Konservatoriyasında böyük sevinc və fərəh hissinə səbəb oldu. Rektor - xalq artisi Siyavuş Kərimi üçün bu özəl olan məqamda hamı, hər kəs fərəh hissi duydu. Bir bayram əhval-ruhiyyəsində günü başa vurduq. Operanın yaranışından Siyavuş Kəriminin yanında olan sənət adamları, fortepiano kafedrasının müdiri, əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Naibə Şahməmmədova da böyük həyəcanla səhnələri izləyirdi. İlkin versiyada səsyazmada iştirak edən tələbələrdən ibarət xorun bədii rəhbəri, dosent Leyla Zalıyevanın da sevinci yerə-göyə sığmırdı. Operanın yaranma ərəfəsində məşqlərdə xalq artisi Siyavuş Kərimini bir gün belə tək qoymayan əməkdar artist Emil Əfrasiyab və müşaviri Riad Quliyevin də sevinci tükənməz idi. Çünki primyera ürəkləri fəth edə bilmişdi.
Operanın yaradıcı heyətinin də əməyi təqdirəlayiqdir. Bildirim ki bu opera tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı əməkdar artist Yuri Lobaçev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyevanın da çox böyük uğuru oldu. Opera on dəqiqə durmadan ayaqüstə alqışlanılaraq başa çatdı və Azərbaycan mədəniyyəti tarixində mədəniyyət hadisəsi kimi yaddaşlara həkk olundu.
Səhnə əsərini izləyənlər arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Bakıda keçirilən COP29-un rəsmi qonaqları, icra başçıları, xalq artistləri, sənətkarlar, millət vəkilləri, ölkəmizin tanınmış mədəniyyət və ədəbiyyat xadimləri yer almışdı. Mən isə yazımın sonunda bir məqamı vurğulamaq istəyirəm.
Hələ yaranmaqda olarkən operanın gözəlliyindən hələ heç bir kəsin xəbəri olmayanda, çox az insana Siyavuş Kərimi xəzinə kimi saxladığı operasını dinlədirdi və nə xoşbəxtəm ki, o az insan içində mən də varam. İndi isə Azərbaycan mədəniyyəti və sənətkarları, sənətsevər insanlar Nəsimi operasına həyat bəxş etdi və o, yeni sənət aləmində can aldı, doğuldu. Həmişəyaşar olsun.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Şəkidə media yaşıl dünya naminə həmrəylik nümayiş etdirdi
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Həftəsonu Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində "Yaşıl dünya naminə media həmrəyliyi" adlı konfrans-konsert keçirildi. Növbəti söhbətimiz bu haqdadır.
Konfrans başlamadan öncə ölkəmizin təbiətini və iqlimini əks etdirən "Yaşıl dünya naminə həmrəy olaq" adlı sərgiyə baxış oldu. Daha sonra konfrans öz işinə başladı. Konfransda media təmsilçiləri olaraq “İctimai TV” nın bölgə müxbiri Rasim İslamov, “Şəki Bələdiyyəsi” qəzetinin redaktoru Murad Nəbibəyov, Şəki şəhərində fəaliyyət göstərən “Kanal S” televizyasının xəbərlər departamentinin müdiri Gülgəz Mustafayeva, “Şhaki Media”nın təsisçisi İbrahim Yunusov, “İpəkçi” qəzetinin təsisçisi Aydın Salisoğlu iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan Şəki-Zaqatala RMİ-nin rəisi vəzifəsini icra edən Nargilə Qafarova 2024 -cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının önəmini qeyd edərək, Azərbaycanın dünyada iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməsindən bəhs etdi. Daha sonra çıxış edən Şəki-Zaqatala RMİ-nin media üzrə aparıcı məsləhətçisi Vüsal Həsənov medianın əhatə dairəsinin yalnız informasiya ötürücülüyü funksiyası daşımaq olmayıb, eyni zamanda ekoloji tarazlığın qorunması istiqamətində doğru informasiya ilə təmin edilməsində vacib rolu olduğunu vurğuladı. Tədbirə dəvət edilən media nümayəndələri də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərdən, COP29 konfransının ölkəmizdə keçirilməsinin önəmindən, bu istiqamətdə medianın funksionallığından və medianın üzərinə düşən öhdəliklərdən danışdılar. Konsert proqramı ilə davam edən tədbirdə COP29 və Azərbaycan təbiətini özündə əks etdirən videoçarx nümayiş olundu, Eldar Rəcəbovun rəhbərlik etdiyi Şəki şəhər Uşaq İncəsənət məktəbinin "Zəfər " ansamblının müşayəti ilə Fərqanə Salamova "Ölkəm", Hüsniyyə Hacıyeva-Fərqanə Salamova dueti "Azərbaycan", Anar Xan "Daglar", Sərxan Hüseynov "Mavidir" və Namiq Aslanın ifasında "Köçür durna qatarı" milli müsiqi nümunələri səsləndirildi, "İncəlik rəqsi", "Azərbaycan suitası" kimi rəqs nümunələri ifa olundu.
Konsertdə Şəki şəhər İcra Hakimiyyətinin, YAP Şəki şəhər təşkilatının rəhbərliyi, Şəki şəhərində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, mədəniyyət və təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbirin sonunda media nümayəndələri Şəki-Zaqatala RMİ tərəfindən səmərəli fəaliyyətlərinə görə təltif edildilər və hədiyyələrə layiq görüldülər.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Ümman kimi çağlayan Vahid Əziz poeziyası - ŞAİRİN 79 YAŞINA
Ramiz Göyüş, yazıçı-publisist, “Ədəbiyyat və incəsənət” üçün
Mənim qənaətimcə, şeir gözəgörünməz fövqəl bir varlıq tərəfindən, elə o varlığın vergi, istedad bəxş etdiyi insanlara-şairlərə diqtə olunan bir möcüzə, şairlik isə bu diqtə əsasında insanın ən ülvi hisslərini, duyğularını ifadə və təqdimetmə qabiliyyətidir.
Şeir Tanrının şairlər vasitəsilə öz bəndələrinə ünvanladığı pıçıltılı dualarıdır. Şeir ancaq şairlərin ifadə edə bildiyi hikmətdir. Şeir təbiətin yaratdığı əsrarəngiz gözəlliklərdir. Körpə təbəssümüdür şeir, yarpaq pıçıltısı, bulaq zümzüməsidir. Qartalın baxışıdır şeir, göy qurultusu, şimşək nərəsi, şəlalənin səsi, dağ çayının qıjıltısıdır.
Mən Vahid Əzizin yaradıcılığı haqqında yazdığım bu yazını təsadüfən şair və şeir haqqında fikirlərlə başlamadım.
Çünki Vahid Əziz də bir şair kimi çağdaş poeziyamızın ən görkəmli nümayəndələrindən biridir və onun şeirləri də insanı ən ülvi hisslərə, sevib sevilməyə, qurub-yaratmağa və s. səsləyir.
Oxuculara məlumdur ki, Vahid Əziz poeziyaya 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan şeiri ilə gəlib. Onda Vahid Əzizin 22 yaşı vardı.
Heç bir il keçmədi, artıq şeirlər kitabı nəşr olunmuşdu.
Vahid Əziz Qərbi Azərbaycanın Dərələyəz mahalının Əzizbəyov kəndində doğulmuşdur. Uşaqlığı İkinci Dünya Müharibəsindən sonrakı dövrə düşmüşdü.
O illər, o qədər də asan illər deyildi və uşaqlığının çətin dövrü Vahid Əziz poeziyasında öz əksini tapmaya bilməzdi.
Əslində Vahid Əziz nəinki uşaqlığını, elə həyatının böyük bir hissəsini çətinlikdə, köçhaköçdə keçirmişdi. Onun özü demiş: “Həyatı keşməkeşli olub. Ordan-ora, burdan-bura köçüb”. Bu köçhaköçdə harda yaşayıbsa onun ömrünün bir parçası orda ilişib qalıb. Köhnə yaşadığı yerdən təzə bina olduğu yerə yalnız xatirələrini gətirib. Acılı, şirinli, kövrək xatirələrini. O xatirələr bəzən sarı sim kimi tarıma çəkib Vahid Əzizin qəlbini, bəzən kaman kimi inlədib onun iç dünyasını. Bəlkə elə ona görə də Vahid Əzizin şeirlərində kövrəklik var. Bu kövrəklik bəzən qəhər olub boğur onu. Bax o zaman onu boğan qəhər misralara düzülərək “Qəhərə” çevrilir:
Körpəlikdən ən ağrılı günləri dərdim,
Acıları hakim oldu şeirlərimə
Ovcumdakı suluqları hey... üfürərdim,
O vaxtlardan qabarları doğmadır mənə.
Nə beşikdən doya bildim nə gəncliyimdən,
Özüm qurub odlandırdım od-ocağımı.
Mən atamın qocalığın görmədiyimdən
Əliyalın qarşıladım qocalığımı.
Diqqət yetirin bu iki bəndə. Əslində bu iki bənddə ifadə olunan fikirlər şairin bütün həyatını, yaşam tərzini əks etdirir. Həm də oxucuda kövrək bir ovqat yaradır. O ağrıları, acıları yaşamış hər kəsi ilk uşaqlıq, gənclik xatirələrinə qaytarır.
Şairliyinin, şair həyatının məhrumiyyətlərlə, acılarla, təhlükələrlə dolu bir həyat olduğu heç kəsə sirr deyildir.
Vahıd Əzizə də şair taleyi qismət olub. Həmişə hesab etmişəm ki, şeirlər şairlərin yaşantılarıdır. Sevinc və kədəri, hiss və həyəcanı, duyğularının ifadəsi, həyatı, bir sözlə tərcümeyi halıdır. Bu Vahid Əzizdə elə belədir. Onun şeirlərini oxuduqca, həyatı ilə, tərcümeyi-halı ilə, iç dünyası ilə daha yaxından tanış olursan.
Zamanım olmadı güləm doyunca
Darısqal günləri, ayları saydım
Hərdən düşünürəm: Şair olunca
Kaş ruhu olmayan bir daş olaydım
və ya
Ağıllana bilmirəm ki,
Harda gəldi ağlayıram
Bir sərgərdan buludam.
Bir doğma əl tapmıram ki,
Öpə-öpə dəsmal kimi,
Göz yaşını qurudam.
Vahid Əziz yaradıcılığa uzun müddət, özünün dediyinə görə 20 il fasilə verdikdən sonra poeziyaya böyük bir enerji ilə, hətta deyərdim ki, heyrət edici bir enerji ilə qayıtdı. Onun yaradıcılığının ən mühüm cəhəti ondadır ki, o şair kimi yaşayır, yaradıcılığında son dərəcə səmimidir və gözəgörünməz qüvvə necə diktə edirsə eləcə də yazır:
Şair başdan-başa yanan ürəkdir.
Qovrulub dönmüşəm külə, yanmışam,
Görməyə nə var ki, duymaq çətindir.
Necə duymuşamsa, elə yazmışam.
Əslində bu bircə bənd şeir Vahid Əzizin bütün yaradıcılığının, əgər belə demək mümkündürsə uverturasıdır. Onun yaradıcılığının leymotivini, ana xəttini təşkil edir. Vahid Əziz müsahibələrinin birində deyir: “Mən nə yazdığımı yazı prosesində bilmirəm. Nə yazacağımı da bilmirəm. Çox maraqlı bir melodiya, onlarla bərabər söz də gəlir.”
“Elə olur ki, aylarla şeir yazmıram. Amma yazanda elə bir zərblə yazıram ki, çünki onda mənə melodiya gəlir, oxuya-oxuya o şeirləri yazıram. Elə bir səs gəlir ki, mənə eşitsən dəhşətə gələrsən”.
“Şeir Tanrının yazdırdığı inşadır, misraları Allah diqtə edir. Mən şeir yazanda içim musiqi ümmanı kimi çağlayır. Sözlər bu musiqili dalğaların üstündəki bəmbəyaz köpüklər kimi aşıb-daşır...”
Görəsən Vahid Əziz göydən gələn melodiyanı yadda saxlaya bilsəydi və həmin melodiya ilə bu melodiya altında yazılan şeirin vəhdətindən necə bir əsər yaranardı?
Onun şeirlərində daxili bir musiqi ahəngi var. Şeirləri musiqiyə, bəstəkarın qulağına yatımlıdır.
Bu səbəbdəndir ki, bəstəkarlar Vahid Əzizin şeirlərini oxuyan kimi, onları bu şeirlər vəcdə gətirir.
Əgər Vahid Əziz adi oxucunu, sadə bir insanı şeirləri ilə ovsunlayırsa, özündən alıb göylərə apara bilirsə, onda bəstəkarlar neyləsin?!
Elə ona görə də Vahid Əzizin 200-dən artıq şeirinə mahnı, musiqi bəstələnib və bu şeirlərinə yazılmış mahnılar populyardır, seviləndir. Elə bu səbəbdən də Vahid Əzizin şeirlərinə mahnı bəstələmiş bəstəkarlar zəmanəmizin, çağdaş dövrümüzün ən populyar bəstəkarları, mahnı ifaçıları isə xalqımızın ən məşhur sənət adamlarıdır.
Vahid Əzizin şeirlərinə bəstələnmiş mahnılar və onların ifaçıları şedevrlər yaradır. Bu mahnılar insanların qəlbini fəth edir.
Mən əminəm ki, nə qədər ki, Azərbaycan xalqı var, onun musiqisi, mədəniyyəti, ədəbiyyatı var, Vahid Əzizin də yazdığı nəğmələr yaşayacaqdır.
Vahid Əzizin poeziyasının mövzu əhatəsi çox rəngarəngdir. Bununla yanaşı heç bir tərəddüd etmədən cəsarətlə Vahid Əzizi məhəbbət şairi adlandırmaq olar. Əslində elə həyatın da, yaşamağın da mənası və elə bu səbəbdən poeziyanın da əsas mövzusu məhəbbətdir.
Bununla yanaşı, Vahid Əzizin məhəbbət mövzusunda yaratdığı şeirlərin özü də çox spektrlıdir. Əgər biz onun bu şeirlərini ümumi olaraq ağ işığa bənzətsək görərik ki, ağ işıq sınanda min bir rəngə çaldığı kimi, Vahid Əzizin də məhəbbət mövzusunda yazdığı şeirlər min bir rəngə çalır, və heç biri də bir-birinə bənzəmir. Hər birində fərqli nəfəs, fərqli məna var. Lakin bu şeirlərin bir ana xətti var.
Təpədən dırnağa sevən ürəyəm,
Ayaqdan-başacan atəşəm, qoram.
deyən şairin bir neçə şeirini bu yazıya daxil etmək istərdim.
Bir sərgərdan buludam
Ağıllana bilmirəm ki,
Dəli kimi sevdiyimi
Birdəfəlik unudam.
Və ya
Xatirəm bir olsa ya iki olsa
Yaşayıb dözməyə nə varıdı ki?
Sənsiz yaşayardım, özümə qalsa
Sənsiz yaşamağa ürək qoyurki?
Sığışmır torpağa, ümmana, göyə
Xatirən bir deyil, beş deyil gülüm
Sevgini vücud da unutmur deyə
Ölümnən qorxmuram, qorxuram öləm
Vahid Əzizin özü sevgi məhəbbət haqqında deyir: “Sevgi ilahinin insana verdiyi ikinci ruhdur... ikinci ruh da hər kəsdə olmur. Insan sevə bilirsə deməli xoşbəxtdir”.
Vahid Əziz yaradıcılığının mayası səmimiyyətdən tutulub, onun xəmiri səmimiyyətdən yoğrulub. O, məhəbbət şeirlərində də belədir,məhəbbətində də, nifrətində də səmimidir. Diqqət yetirin:
Aman külək məndən yarı küsdürmə,
Od vuracaq, sevinəcək tüstümə,
Bu məhəbbət bir gün mənim üstümə
El-obanı güldürməsə yaxşıdır.
Və ya
Dünya elə bilir “Arsız qonağam”
Hamı düşünür ki, “Sənsiz də sağam”
Uzat, kor olsam da tanıyacağam
Əlini min zərif əllər içində.
Vahid Əzizin poeziyası bu gün gənclər, sevənlər tərəfindən çox sevilir. Əgər sevənlər bir-birinə öz sevgilərini Vahid Əzizin şeirləri ilə bildirirsə, o xoşbəxt sənətkardır.
Vahid Əziz özü deyir. “Əgər cavan bir qız mənim kitabımda oxuduğu və ya efirdə dediyim bir şeiri götürüb telefonla sevdiyi kiməsə göndərirsə demək orada özünü görür”.
Akademik Nizami Cəfərov demiş: “.....şair taleyi yüzlərlə, minlərlə insanın taleyində yaşanır. Sənətkar üçün bundan böyük xoşbəxtlik tapmaq çətindir”.
Çaşdım yolumu, başıma sən sərdar olannan
Tapmır özünü, bu könül sərgərdan olannan
Hər gün küləyə yalvarıb sənnən soraq aldım
Gəlməzmi xəbər eşqidən xəbərdar olannan
Göyün tutulub-açması yalnız sənə bağlı
Günəş də batıb, məskənin uzaqlar olannan
Məcnun hələ də Vahid Əziz, özünə gəlmir
Sevdiyi deyil, qisməti biilqar olannan.
Və nəhayət Leyli-Məcnun sevdası. Vahid Əzizin qəhrəmanı məhəbbətinin adiləşməyindən qorxur. Diqqət yetirin:
Sən mənə tanrıdan gələn bir əlac
Qocalıb quruyan, ağac kimiydim
Hər canlı işığa, Günəşə möhtac
Mən isə ölümə möhtac kimiydim
Sən ölüm anında batanda dilim
Demək istədiyim sonuncu kəlmə
Sındır budaq budaq, kəs dilim-dilim
Amma qurban olum yaxına gəlmə
Elə beləcə gəl mələk donunda,
Yetər çiçək kimi baxıb gülməyin,
Görünür ən böyük Adil olanda,
Qorxur sonrasından adiləşməyin.
Vahid Əzizin məhəbbət mövzusunda yazdığı şeirlər səmimi olmaqla yanaşı həm də canlıdır. Hətta o qədər canlıdır ki, sanki onun bütün məhəbbət şeirlərinin qəhrəmanı şairin özüdür. Bu şeirlərdə şair dəlicəsinə sevir də, bu şeirlərdə sevgi də var, nifrət də, dönüklük də, atılmaqda var, vəfasızlıq da.
Göz yaşı yandırır kirpiklərimi
Küləyin səsini nəğmən bilirəm
Sənin həsrətindən çəkdiklərimi
Bir Allahım bilir, bir mən bilirəm.
Səninsə Allahın yoxumuş-demə
Nə iman bilirsən, nə din bilirsən
Tək sənə bağlanmış ümidlərimi
Nə bilim bəlkə də qənim gəlmisən.
Vahid Əzizin şeirlərini oxuduqca qürur duyursan ki, sənin nə şirin ana dilin var. Onun şeirlərində Azərbaycan dilinin bütün gözəllikləri özünəməxsus şəkildə öz əksini tapır.
Və heç də təsadüfi deyil ki, onun poeziyası üçün aforistik deyimlər artıq şairin, istedadı ilə yanaşı həm də onun müdrikliyindən, kamilliyindən, həyat təcrübəsindən, müşahidələrindən xəbər verir.
Bax ha, məhəbbət də insan kimidir
Qovula-qovula namərd də olar.
*
Daha məhəbbətə ümidi yoxsa
Sevən də dünyadan köçsə yaxşıdır.
*
Ayrılsaq heç zaman bar verməyəcək
Sevgimiz doğranmış çiçəklər kimi.
*
Çəkmə onu-nə dərddi ki,
Çəkilməli dərd ola?
Çəksən elə dərdi çək ki,
Qalan dərdlər rədd ola.
*
Kömürdən bilinər nəyin yandığı
Kimlərin yandığı küldən bilinməz.
Nakişi olanlar ağladıb məni
Sonra danlayıb ki, “Kişi ağlamır”
Vahid Əziz bütün lirikası ilə, qoşmaları, qəzəlləri, sərbəst şeirləri ilə nə qədər sevgidən, məhəbbətdən yazırsa yazsın, həm də üsyankar şairdir. Bu üsyankarlıq onun Vətən sevgisindən, xalq sevgisindən, dövlət sevgisindən gəlir, vətəndaşlığından gəlir. Böyük xalqın, böyük şairinin içindəki daxili narahatçılığından gəlir, sabahkı nigarançılığından gəlir. Vahid Əziz onu əhatə edən aləmdə müşahidə etdiyi nadanlıqlara, eybəcərliklərə üsyan edir.
Bu şeiri şair Qarabağ işğal altında ikən yazıb:
Daha duyuram ki, batacaq səsim,
qatilim - bu Yurda sevgim olacaq
nə vaxt ki, tərgitsək yalan deməyi:
nə vaxt əl götürsək saxta tərifdən
hələlik günaha hamımız şərik,
birləşsək düşməni yenə bilərik,
o vaxt qələbəni çala bilərik
yoxsa Qarabağsız qala bilərik
Və belə olanda Vahid Əzizi yer üzü bezdirir, o göylərə tələsir.
Mənim üçün nə ölüm var, nə olum,
Qopan teləm bir rübabdan ilahi
Apar məni dərgahında qul olum
Qurtar məni bu əzabdan ilahi
Və ya
Heç bilməzdim daşım belə ağırdır
Bəxtim belə biçararədi, fağırdı
Gedəcəyəm göylər məni çağırdı,
Daha yerdə qalmaq olmur əzizim.
Adama elə gəlir ki, Vahid Əziz yer adamı deyil, nə vaxtsa göylərdə məskən salıb və indi yenidən göylərə çəkilmək istəyir.
Vahid Əziz anlat bu nə əməldir,
Biri beşik, biri tabut düzəldir,
Gəzib gəldim,-Dərgah burdan gözəldir,
Yer üzündə vaxtımızı itirdik.
Azərbaycan poeziyasının son əlli ili Vahid Əziz yaradıcılığı ilə müşayət olunur. Yarım əsrdir ki, Vahid Əziz poeziyamızda ümman kimi çağlamaqdadır. O, əlli ildir ki, xüsusilə çox keşməkeşli, insan həyatının bütün sahələrini əhatə etdiyi ziddiyətlərlə dolu bir dönəmdə, yeni yaranmış bir dövlətdə cəmiyyətin hələ formalaşmadığı bir zamanda yeni yaranan nəsillərin ədəbi zövqünün formalaşmasında, insanlara düzlük, xeyirxahlıq, halallıq, səmimilik, cəsarət, qeyrət, ədalət və məhəbbət hisslərinin aşılanmasında çox mühüm rol oynayır.
Elə bu səbəbdəndir ki, onun mövzusundan asılı olmayaraq bütün şeirləri oxunaqlı, ürəyə yatımlı, yaddaqalandır, təsir edici enerjiyə malikdir.
Gəlin onun “Vətəndaş sərçələr” şeirinə diqqət yetirək.
Sapandla vurular, ölər, qovrular...
məclislər, saraylar yasaqlı yerdi,
əsgər də, şəhid də sərçələr olar,
yekəpər durnalar-fərarilərdi!
Binəsi kollarda, Vətən daşında,
nə mülkü, nə gölü, nə adası var,
amma ki, köçəri qaranquşun da,
yerliyə şəriklik iddiası var!
Bizlərlə birlikdə gülüb-ağlayan
bu Yurdun balaca sərçələridi,
bəlkə də sərçəni cılız saxlayan,
millət təəssübü, Vətən dərdidi?
Vahid Əzizin şeirlərinin belə güclü olması onu, daxilən sərbəst, geniş dünya görüşə və dərin həyat müşahidələrinə yüksək intellektinə bir az da ərkəsöyünlüyə söykənir. Cəsarət Vahid Əziz poeziyasını səciyyələndirən xüsusiyyətlərdən biridir. O,həyat gərçəklərini, insan münasibətlərini, ətrafında baş verən prosesləri poeziyaya ütüləyib gətirmir. Bu həqiqətlər, gərçəkliklər necədirsə, Vahid Əziz poeziyasında da öz əksini o cür tapır.
“Əlli-yüz” hektarı salıb çəpərə
görəsən neyləyir bu “dünyagirllər”
uzağı məzarçı xətirə görə
qəbrini bir qarış uzun eyləyər.
*
Doğranıb gedirik çırpılar kimi,
dağ kimi əriyib təpə qalırıq,
altundan olsaq da qara pul kimi,
tamah bazarında xırdalanarıq,
İndi bir gözü var tərəzilərin,
o birin kor etdik-pozuldu, pərsəng
“Əmlak bazarının”-zəmanəmizin
dəllalı ya quldur, ya da pəzəvəng.
Vahid Əzizin yaradıcılığını öyrəndikcə, onun poeziyası ilə tanış olduqca bu qeyri-adi insanın, qeyri-adi poeziyası içində getdikcə böyüməyə Ümman kimi çağlamağa başlayır və mən təsadüfən bu yazının başlığını “Ümman kimi çağlayan poeziya” adlandırmadım.
Əzizim Vahid Əziz!
Sizə yüz il ömür arzulamıram. Arzu edirəm ki, özünüz-özünüzə gərək olmayanda, qapı pəncərəni özünüz açıb-bağlaya bilməyəndə, əliniz əsalıq olanda dayansın ürək...Ancaq hələ ona çox var. Hələ Sizin bu dünyayla işiniz var.
Vahid Əziz çəkməz gözün aynadan xəyallarda göz-qaşını oynadan,
ömrün çoxu köç etsədə dünyadan,
gül-çiçəyə boylanırsan nədənsə...
Və sonda. Vahid Əzizin poeziyzsının təsiri altında yazdığım bu kiçik yazı heç olmasa şairin bir şeirinin oxucuya verdiyi hiss qədər sevinc hissi verə bildisə, demək, onda məqsədimə çatmışam.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Azərbaycan Bəstəkarlar İttifaqının yubileyinə həsr olunan iclas və konsert keçirilib
Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi ilə bağlı həftəsonu iclas və konsert keçirilib.
İclas öncəsi əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad edilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə İdarə heyəti üzvləri qarşısında çıxış edərək, yubileylə bağlı keçirilən tədbirlərin hesabatını verib. Onun sözlərinə görə, Bakı, Gəncə, Şəki, Şuşa və Berlində reallaşan yubiley tədbirləri Azərbaycan bəstəkarlıq məktəbi üçün dəyərli töhfədir.
İttifaqın katibləri Zemfira Qafarova və Cəlal Abbasov musiqişünasların fəaliyyətindən, İttifaqın müxtəlif bölmələri və onların iş fəaliyyətindən söhbət açıblar. İclasda sənətşünaslıq elmləri doktoru, AMEA-nın müxbir üzvü Rəna Məmmədova, fəlsəfə üzrə elmlər doktoru, professor Mina Hacıyeva, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva və digərləri Bəstəkarlar İttifaqının fəaliyyətinin Azərbaycan musiqi mədəniyyətində böyük rol oynadığını diqqətə çatdırıblar.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı 90 illik yubileylə bağlı Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında yayımlanan “Bəstəkarlar İttifaqı-90” silsiləsindən təqdim olunan verilişlərin insanların maarifləndirilməsində mühüm əhəmiyyətini qeyd edib.
Sonda idarə heyəti üzvlərinin qərarı ilə gənc bəstəkarlar Aydan Əliyeva və Üzeyir Məmmədov Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçiliblər.
Azərbaycan Dövlət Akademik Filarmoniyada isə Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 90 illiyi münasibətilə konsert proqramı təqdim edilib.
Konsert proqramından əvvəl Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə ünvanlanan təbrik məktubu oxunub.
Tədbirdə çıxış edən dosent Leyla Zöhrabova ittifaqın yaranması və fəaliyyəti haqqında geniş məlumat verib. O vurğulayıb ki, yubiley çərçivəsində bir sıra tədbirlər təşkil olunub.
Musiqili gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
(Yazı AzərTAC-ın materialları əsasında hazırlanıb)
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Xankəndi şəhərində ilk solo konsert keçirilib
Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, tarzən Arslan Növrəslinin rəhbərliyi ilə “Arslan Növrəsli Quartet” adlı musiqi axşamı keçirilib.
AzərTAC xəbər verir ki, konsertdə Arslan Növrəslini pianoda Nicat Aslanov, bass gitara ilə Əməkdar artist Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov və nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edib.
Musiqi axşamında tələbələrin də çıxışı ilə yerli və xarici caz kompozisiyaları, məşhur musiqi əsərləri ifa olunub.
Tədbirdə Xankəndi şəhərinin ictimaiyyət nümayəndələri, Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Konsert proqramının keçirilməsində məqsəd Qarabağda incəsənətin inkişafına və gənclərin musiqi yaradıcılığına dəstək olmaqdır.
Qeyd edək ki, Arslan Növrəsli tarda harmonik caz standartlarını ifa edən ilk tarzəndir.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Bu gün Kəlbəcərin de yure azadlığı günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bizim nəsil Kəlbəcəri görməmiş, yalnız haqqında eşirmişdik.
Azərbaycanın ərazicə ən böyük rayonu. Azərbaycanın təbiətinin ən möcüzəli məkanı. Əfsanəvi “İstisu” mineral suyunun məskəni. Qədim Alban abidələrinin qorunduğu yer... – bu sayaq bilgilər bizi düşmən tapdağında olan bu rayonun tezliklə azad olunması, bizim də gedib o cənnəti gözlərimizlə görməyimiz arzularını coşub-daşdırırdı. Nə xoş bizə ki, indi Kəlbəcər bizə qayıdıb.
Kəlbəcər rayonunun sahəsi 3054 km2-dir, bu nəhəng ərazili rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardır. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. Rayonunun əhalisinin sayı 85,5 min (01.04.2013) nəfərdir. Əhalisinin 98 % azərbaycanlılardan, 2 % ruslardan, İrandan gəlmə kürdlərdən və digər millətlərdən təşkil olunub. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir.
Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunu başdan-başa gülüstan adlandırmaq olar. 30 000-dən artıq bulağı olan rayon əsl təbiət muzeyidir. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaq var. Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti dünyanı gəzir, zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murov və Dəlidağ əsl məğrurluq və gözəllik rəmzi sayılır. Məhz bu səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən V.Avix Kəlbəcər haqqında demişdir: “Kim Tərtərçay dərəsi boyunca təbiəti seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”.
Kəlbəcər rayonu ərazisində Azərbaycanın qədim xristianlıq dövrünə aid çoxlu tarixi abidələr var, Xaçın knyaz sarayı, Gəncəsər, Havaptux, Müqəddəs Tanrı anası monastırları, Mamakan xatun, Müqəddəs Stepanos və Xilaskar kilsələri bu qəbildəndir.
Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdu. 321 nəfər əsir düşmüş və ya girov götürülmüş, 511 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 32 ambulatoriya və aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, yüzlərlə maşın, texnika talan edilmiş, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdı. Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşmışdı. Ötən il sentyabrın 27-də növbəti erməni təxribatının qarşısını alan müzəffər Azərbaycan ordusu ərazilərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdi. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
Hazırda Kəlbəcər qarış-qarış bərpa olunur.
Bu gün Kəlbəcərin günüdür. Sayğılı olsun!
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Mədəniyyət Nazirliyinin ağacəkmə aksiyası
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən noyabrın 23-də Qobustan Milli Tarix-Bədii Qoruğu ərazisində ağacəkmə aksiyası həyata keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, aksiyanın məqsədi ekoloji tarazlığın qorunması işinə töhfə vermək olub.
Ölkəmizin 11-22 noyabr tarixlərində ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) münasibətilə təşkil olunan aksiya zamanı nazirliyin əməkdaşları ərazinin iqlim şəraitinə uyğun çoxsaylı müxtəlif növ ağac tingləri əkib, onlara aqrotexniki qulluq göstərilib.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Azərbaycan musiqisinin siması - ÜZEYİR BƏYİN NÖVBƏTİ ANIM GÜNÜ OLDU
Həqiqətən də Azərbaycan musiqisinin kökü, özülü, siması - bütün epitetlərə layiq dahi bir bəstəkardır Üzeyir Hacıbəyli.
İstirahət günlərində - noyabrın 23-ü dahi bəstəkarın növbəti dəfə anım gününü qeyd etdik. Onun vəfatının 76-cı ildönümü idi.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisidir. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 115 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başladı. Elə bir opera ki, 115 ildir tamaşaya qoyulur və anşlaqla keçir.
Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə Əbdürrəhim Fərəcov çıxış ediblər. Təəccüblənməyin. O vaxt qadın səhnəyə çıxa bilməzdi.
İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Qoca Şərqin opera tarixi məhz o gündən başlayıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası keçmiş sovet respublikalarının opera və balet teatrlarında da dəfələrlə göstərilib.
Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası ölməz “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası isə “Arşın mal alan” olub. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Dahi bəstəkarın ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi bərpa etdikdən sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Bəli, bu qədər uğurun, nailiyyətin, başlanğıcın bir şəxsə aid olması sizə adi gəlməsin.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.
Təbii ki, belə bir sənətkar ölməzdir. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.
Onu da qeyd edək ki, bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, bəstəkarın boya-başa çatdığı, millətimizin qürur rəmzi olan Şuşa düşmən tapdağından azad edilib. Artıq Üzeyir Hacıbəylinin ruhunun dolaşdığı o yerlərdə muğam sədaları eşidilməkdədir.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Ümid Naccarinin uğuru
Azərbaycanlı şair və tərcüməçi Ümid Naccari İtaliyanın "Leopold Sedar Senqor" ədəbiyyat, mədəniyyət və incəsənət Akademiyasının həqiqi üzvü seçilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Ümid Naccari özü məlumat verib.
Məlumatda qeyd edilir: “Akademik senatın qərarı ilə Umid Nəccarinin şəxsi yaradıcılığından irəli gələn üstünlüklərə görə akademiya tərəfindən həqiqi üzv titulu adına layiq görülür”.
“Ədəbiyyat və incəsənət”
(22.11.2024)
Gənclər Kitabxanasında “COP 29-un gündəliyi” adlı elektron resurslar bazası yaradılıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində reallaşan tədbirlər davam edir. Artıq 10 gündən çoxdur ki Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində 100-lərlə görüşlər, əhəmiyyətli tədbir və müzakirələr keçirilib. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının rəsmi saytında “COP 29-un gündəliyi” adlı bölmə yaradılıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, bölmə özündə xronoloji ardıcılıqla COP29 çərçivəsində keçirilən görüşlərin, tədbirlərin internet məkanında olan keçidlərini cəmləyir. Tam mətnlərə əsaslanan bu keçidlərdən ibarət olan elektron resurslar bazası özündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-la əlaqədar keçirdiyi bütün görüşləri və çıxışları cəmləyir. Kitabxananın rəsmi saytında yerləşdirilən resurslar bazasına https://ryl.az/activity/COP_gundelik əlavələrin davam etdirilməsi irəliləyən günlərdə də nəzərdə tutulur.
Onu da qeyd etmək lazımdır ki, “COP 29-un gündəliyi” ilə yanaşı kitabxananın rəsmi saytında olan “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron resurslar bazası da öz fəaliyyətini davam etdirir. Bu günə kimi, bu bazada 180-dən çox məqalənin tam mətni yerləşdirilib. “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron resurslar bazasına https://ryl.az/activity/yashil_dunya linkinə keçid etməklə baxmaq olar.
“Ədəbiyyat və incəsənət”
(22.11.2024)