
Super User
Beyləqanın ədəbi mühiti çağdaş dövrümüzdə
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
Qədim Beyləqanda elm, ədəbiyyat, musiqi, incəsənətin digər qolları, rəssamlıq, toxuculuq və s. kimi sənət növləri bu gün də yaşayır. Hazırda Beyləqanda mədəniyyət evi, klublar, folklor evləri, musiqi məktəbi, Uşaq Gənclər İnkişaf mərkəzi, Gənclər evi, Heydər Əliyev mərkəzi, Diyarşünaslıq, Bayraq muzeyi, bağçalar və s. fəaliyyət göstərir.
Beyləqanın ədəbi mühiti görkəmli ədib Mücirəddin Beyləqaninin dövründən güc alaraq, həmin ənənələri bu gün də davam etdirir. Hətta Azərbaycan Yazıçılar Birliyinin Beyləqan şöbəsi də fəaliyyət göstərir.
Bu şöbə 2022-ci ildə yaranıb. Birlik Respublikada və Beynəlxalq ictimai tədbirlərdə iştirak edir. Hazırda Beyləqan Mədəniyyət evində fəaliyyət göstərən birliyin üzvləri arasında prezident təqaüdçüləri də vardır. Eyni zamanda bölmənin tərkibində “Araz Ədəbi Məclisi” fəaliyyətdədir. Buraya yaşlı şair və yazıçılarla bərabər, gənc yazarlar da daxildir.
Gənclərin ədəbi mühitdə tanınması üçün mütəmadi olaraq yaradıcılıq gecələri, tədbirlər keçirilir. Hər il beynəlxalq poeziya günü ilə əlaqədar Mücirəddin Beyləqaniyə həsr olunmuş gün bayram kimi qeyd olunur. Respublikanın tanınmış xalq şairləri, yazıçıları dəvət edilərək ədəbi görüşlər təşkil edilir. Bundan başqa birlik məktəblərdə, ictimai təşkilatlarda görüşərək onların ədəbi nümunələrini respublika mətbuatında və almanaxında dərc olunmasına şərait yaradır.
Gələcək fəaliyyətimizdə Azərbaycan Yazıçılar Birliyinin Beyləqan şöbəsinin, “Araz Ədəbi Məclisi”nin üzvlərininin yaradıcılığını geniş şəkildə təbliğ edəcək, ən dəyərli nümunələri respublika ictimaiyyətinə çatdıracağıq.
“Ədəbiyyat və incəsənət”
(22.11.2024)
Təhsil uğrunda mübarizəsinə görə Taliban tərəfindən güllələnən qız
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan bölməsi
Puştular Pakistanla Əfqanıstan arasında səpələnmiş xeyli qəbilələrdən ibarət qürurlu xalqdır. Bu xalq əsrlərdir ki, əsas dəyəri nanq, yaxud vicdan olan Puştunvali adlandırılan ləyaqət kodeksi ilə yaşayır, bu kodeksi öz öhdəsinə götürərək bütün müsafirlərə qonaqpərvərlik göstərirlər. Puştunun başına gələcək ən pis şey simasını itirməkdir. Puştu kişisi üçün utanc ən pis şeydir. Puştularda belə bir məsəl var: “Vicdan olmasa, dünya bir heçdir”.
Puştuların əksəriyyəti üçün qız uşağının doğulduğu gün ən kədərli gündür. Elə Məlalə Yusifzey də dünyaya göz açdığı gün kənd qadınları anasının dərdinə şərik olmuş, lakin atasını heç kəs təbrik etməmişdi. Bu adın mənası qüssəyə qərq olmuş deməkdir. Atasının evə gələn hər qonağa Məlaləyin əhvalatını danışması və insanların bu adı dilə gətirməsi balaca Məlaləyin ruhunu oxşayaraq küləktək dalğalanmasına səbəb olurdu.
Bütün puştu uşaqları İkinci ingilis-əfqan müharibəsi zamanı 1880-ci ildə əfqan ordusunu britaniyalılara qarşı vuruşmağa ilhamlandırmış Məlaləy haqqında əhvalatı eşidərək böyüyürlər.
Məlaləy Qəndahardan qərbə doğru yerləşən tozlu düzənliklərdəki balaca şəhərdə – Mayvandda bir çoban qızı imiş. O, yeniyetmə ikən həm atası, həm də onun ərə gedəcəyi nəzərdə tutulmuş kişi ölkələrini işğal etmiş britaniyalılara qarşı vuruşan minlərlə əfqan arasında imiş. Məlaləy kəndin digər qadınları ilə birlikdə yaralılara qulluq etmək və onlara su aparmaqdan ötrü döyüş meydanına gedibmiş. O, əfqan kişilərinin məğlub olduğunu və bayraqdarın yıxıldığını gördükdə özünün ağ örtüyünü başı üzərinə qaldıraraq döyüş meydanına – ordunun qabağına keçərək ucadan səslənmişdi:
-Gənc aşiq! Əgər sən Mayvand uğrunda ölməsən and içirəm ki, hər kəs səni utanc simvolu olaraq xatırlayacaq.
Məlaləy döyüş meydanında öldürülmüş, lakin onun sözləri və cəsurluğu döyüşün gedişatını müsbət yönə dəyişmişdi. Döyüşçülər bütöv briqadanı məhv etmiş və bu, Britaniya ordusundakı ən gülünc məğlubiyyət olmuşdur.
Əfqanlar bu qələbə ilə o qədər fəxr edirlər ki, sonuncu əfqan padşahı Kabilin mərkəzində Mayvand qələbə abidəsi ucaltdırmışdı. Puştular Məlaləyin simvolunu öz Janna Darkı kimi görür. Əfqanıstanın demək olar ki, bir çox məktəbi onun şərəfinə adlandırılmışdır.
Məlalə hələ ilk addımlarını atasının açdığı “Qayəmiz yaratmaqdır, çünki siz yeni eranın sədasısınız” şüarları yazılmış məktəbə atarkən öz dünyasının bir məktəb olacağı ağlına belə gəlməzdi. Əfqanıstanda baş verən “Taliban” qəddarlıqları zamanı Məlalə Lev Tolostoy və Ceyn Ostinin romanları ilə azad bir quş kimi böyüyürdü. Əgər azadlıq həm də səhv etmək azadlığını ehtiva etmirsə, onda bu azadlığa sahib olmağa dəyməz. Avram Linkolnun öz oğlunun müəlliminə yazdığı məktubda deyildiyi kimi: “Öyrət ona, əgər bacarsan, kitabların sehrini…Lakin ona həm də səmadakı quşların, Günəşdəki arıların, dağın yaşıl yamacındakı güllərin əbədi müəmması haqqında düşünmək üçün asudə vaxt ver. Ona öyrət ki, məğlub olmaq aldatmaqdan qat-qat ləyaqətlidir”.
Məlalə hər gecə dua edirdi ki, məktəblərdən qız uşaqlarının gülüş səsi gəlsin, yolunun üzərindəki zibilliklərdə böyüyən uşaqları görməsin və qız uşaqları yarımçıq təhsil alıb mənasını dərk etmədən dinə qapanmasınlar. Yarımçıq təhsil insan həyatına təhlükə olduğu kimi, yarımçıq təhsil almış insan da insanlığa təhlükədir. Bəlkə də, elə buna görə idi ki, sinifdəki bütün qızlar həkim olmaq arzusunda olduğu halda Məlalə ixtiraçı olmaq və anti-Taliban qurğusunu kəşf edib terrorçuları məhv etmək qərarında idi.
Nasist Almaniyasında yaşamış dünyaşöhrətli şair Martin Niemöller “Onlar gələndə” adlı məşhur şeirində deyirdi:
Nasistlər kommunistlərin dalınca gələndə,
mən susdum,
çünki mən kommunist deyildim.
Onlar sosial-demokratları içəri atanda,
mən susdum,
çünki mən sosial-demokrat deyildim.
Sonra onlar həmkarlar ittifaqlarının nümayəndələri üçün gəldilər,
mən susdum,
çünki həmkarlar ittifaqının üzvü deyildim.
Sonra onlar yəhudilərin dalınca gəldilər,
mən susdum,
çünki mən yəhudi deyildim.
Onlar mənim dalımca gələndə,
buna etiraz edəcək kimsə qalmamışdı.
Məlalə də başa düşürdü ki, insanlar susarsa heç nə dəyişməz. O öz ürəyinin dərinliklərində inanırdı ki, qızların hüquqlarından ötrü mübarizə aparırsa, demək bu onun vəzifəsidir. O yaxşı bilirdi ki, Taliban onun qələmini və kitabını əlindən ala bilər, amma ağlını və düşüncəsini əsla. Məktəbə getməyi qadağan edə bilər, lakin öyrənməyi heç vaxt. Təhsil nə şərqyönlüdür, nə də qərbyönlü, təhsil insanyönlüdür.
Taliban daha çox can aldığı bir vaxtda kiçik Məlalə də ailəsi ilə birgə evindən, küçəsindən, məktəbindən ibarət balaca dünyasından çıxıb bilinməzə doğru yol almışdı. Bu hal sanki yəhudilərin Misri tərk etməsi, amma onlara bələdçilik edəcək Musanın olmaması kimi idi.
Üçaylıq məcburi köçkün həyatı yaşayan Məlalə, yenicə vətən torpağını ciyərlərinə çəkmişdi ki, Taliban ondan sol yanağının sahib olduğu gülüşü də aldı. Valideynlərinin 15 il gördüyü Məlalə gülüşü, onun sol yanağında Günəş kimi qürub etmişdi. Lakin onun atası heç kəsə bildirməsə də, yaxşı bilirdi ki, dünyada qızına görə tanınan nadir atalardan biri idi və əmin idi ki, bir uşaq, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişə bilər!!!
Qeyd: Pakistanın Mingora qəsəbəsində doğulan puştun əsilli feminst yazıçı, aktivist olan Məlalə Yusefzay, qadınların təhsil alması uğrunda apardığı fəaliyyətlərə görə mükafatlandırılmılış ən gənc Nobel mükafatı laureatıdır. O, Svat əyalətində insan haqlarının müdafiəsi, xüsusən də qadın və uşaqların təhsil alması uğrunda apardığı mübarizəyə görə məşhurdur. Pakistanın şimalı olan bu vilayətdə yerli Taliban qızların məktəbə getməsinə qadağa qoymuşdu. Qısa müddətə onun mübarizəsi beynəlxalq səviyyədə dəstəklənib. Aktivist Desmond Tutu tərəfindən Beynəlxalq Uşaqların Sülh Mükafatı ilə təltif olunub.
Məlalə 9 oktyabr 2012-ci il tarixdə Svat rayonunda imtahandan gələrkən məktəb avtobusunda iki qızla birlikdə Taliban sui-qəsdçisi tərəfindən güllələnir.
Pakistanın siyasi və dini liderləri ilə yanaşı, Əfqanıstan prezidenti Həmid Kərzai və ABŞ rəsmiləri hücumu pisləyib. ABŞ Dövlət katibi Hillari Klinton Məlalə Yusəfzayın cəsarətini yüksək qiymətləndirərək silahlıların qadının gücü qarşısında zəiflədiyini deyib.
BMT-nin Baş katibi Pan Gi Mun 12 iyul tarixini Məlalə günü elan etmişdir. Pan Gi Mun Məlaləni hər bir qızın təhsil almaq hüququnun "qlobal simvol"u kimi təqdim etmişdir. BMT-nin Baş katibi dünyada təhsil üzrə şəxsi nümayəndəsi, Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun 2012-ci il noyabrın 10-da Məlalənin doğum günü olan 12 iyul tarixinin Məlalə günü elan edildiyini bəyan etmişdir. Məlalə günü ilk dəfə 2013-cü il 12 iyul tarixdə Nyu-Yorkda BMT-nin mənzil-qərargahında qeyd edilmişdir. Məlalənin BMT-dəki çıxışı aşağıdakı sözlərlə yadda qalmışdır:
"Bir uşaq, bir müəllim, bir kitab, bir qələm dünyanı dəyişdirə bilər. Təhsil yeganə həll yoludur".
2012-ci ildə o, Pakistanın ilk Milli Gənclik Sülh mükafatına, 2013-cü ildə Saxarov Mükafatına layiq görülür. 2014-cü ildə Kailaş Satiarti ilə birlikdə uşaqlara və gənc insanlara qarşı mübarizəyə və uşaqlar təhsil almaq hüququ uğrunda fəaliyyətlərə görə Nobel Sülh Mükafatına layiq görülür və 17 yaşında ən gənc laureat olur.
“Ədəbiyyat və incəsənət”
(22.11.2024)
NƏSİMİ HAQQINDA - Əbil Əbilovun gündəliyindən beşinci paylaşım
“Ədəbiyyat və incəsənət” portalı Neftçalada yaşayıb yaradan ziyalımız Etibar Əbilovun dünyadan nakam köçmüş oğlu Əbil Əbilovun gündəliyindən təqdim etdiyi növbəti hissəni sizin diqqətinizə çatdırır.
Əbilin gündəliyindən:
Nəsimi haqqında. Birinci yazı.
30 iyun 2007.
Neçə gündür Nəsimi haqqında yazmağı düşünürəm. İnşallah müvəffəq olaram. Nəsimi haqda yazmaq üçün gərək ilk öncə özün bir sufi həyatı yaşayasan. Daha haram dünya işlərindən iki saat vaxt ayırıb yazı stolu arxasına keçməyəsən. Çünki Nəsimi qeyrilərindən fərqlənir. Bəlkə başqası haqda yazanda bunlar tələb olunmur. Ancaq Nəsimidə bu şərtdir. Çünki Nəsimi vəhdəti- vücudu ən doğru şəkildə anlayan və anladandır. Nəsimi yaradıcılığında digərlərindən fərqlənən əsas xüsusiyyət onun vəhdəti-vücud nəzəriyyəsinə tam dolğun şəkildə baxmasıdır.
Nəsiminin həyatı keşməkeşli kecsə də bütün bunlar yaradıcılığına qətiyyən təsir etmir. O, daim nikbindir. Elə Nəsimini başqalarından fərqləndirən əsas xüsusiyyıt də budur.
Hətta onun yaradıcılığında özündən əvvəlki və müasirlərində görülən neyin inləyişi, aşiqin məşuqu üçün axıtdığı hicran göz yaşlarına da rast gəlinmir. Halbuki o dövrdə yaşamış elə bir təsəvvüf şairi tapmazsan ki, onun yaradıcılığında neyin inləyişi və yaxud gül- bülbül sevğisindən söz açılmasın. Mövlanə həyatı boyu neyin gəldiyi qamışlığın özləmini çəkməsindən yazdı, Bəyazid Bistami ilahi eşqdən, Yunis Əmrə də elə ney mövzusu, bir də ilahi dost. Nəsimidə isə bütün bunlara demək olar ki, heç rast gəlinmir.
Ancaq tarix də sübut edir ki, Nəsimi, Rumu kimi kimi böyük şairlər quru, boş yerə yaranmırlar. Nəsimidən öncə Həllac Mənsur, Mövlanə, Nizami olmasaydı, bəlkə İmadəddin Seyid Əli də heç bir zaman Nəsimi olmayaçaqdı, dahiyə çevrilməyəcəkdi.
Nəsimi yaradıcılığı hər nə qədər onlardan fərqlənsə də, onlar Nəsimiyə tam da yabançı deyil.
Dünyaya ağlayaraq gələn Qeysin nə üçün gözəl sənəmin qucağında sakitləşdiyi sirrini Nəsimi aləmə faş eylədi.
Qurani-Kərimin "Tin" surəsinin 4- cü ayəsində Allah Təala buyurur ki, "Biz insanı ən gözəl biçimdə yaratdıq". Bu artıq ilahi sevgi deyil, ən gözəl şəkildə xəlq edilən insanda Allahın təcəssümüdür. Əgər ruh gəldiyi yerin özləmi ilə ağlayırsa onda qucaqda sakit olmazdı. Xeyr, böyük yaradıcı ilə dost vüsalı üçün ağlayırdı. “Yerı göyə sığmadım, mömin qulumun qəlbinə sığdım" ilahi xəbərini Nizami və Nəsimidən başqa kim daha yaxşı anlayardı?
Həllac Mənsur İbn Arabiyə qədər sadəcə Ənəl Həqq deyən biriydi. Ancaq əslində, Bəyazid Bistaminin əkdiyi Tovhid ağacını öz qanıyla sulayan eşq şəhidiydi. Bu ağacın meyvəsini isə insanlığa Vəhdəti Vücud nəzəriyyəsini quran İbn Arabi verdi. Vəhdəti Vücud nəzəriyyəsinə, elə İbn Arabiyə də daha sonra Nəsimi sahib çıxdı. Qüdsi hədislərin birində Allah Təala buyurur: "Mən gizli xəzinə idim və insanı yaratdım". "Qaf" surəsinin 16-cı ayəsində "Biz insana şah damarından daha yaxınıq" buyurulur. “Ənəl Haq" deyən Mənsur da əslində,
gizli xəzinənin insanın içində- özündə olduğunu deyirdi. Bilinmək istəyən Allah- yaradıcını insanlara göstərirdi Həllac. Nəticəsi o oldu ki, qafillər Həllacı öldürməklə bilinmək istəyən Allahı özlərindən uzaq tutdular. Həllacdan sonra Mövlana,
Yunus Əmrə kimi şairlər bu mövzuya toxunsalar da (“Bir ben vardır bende, benden iceri"), yenə də ən cəsarətli addımı "Həq məndədir daim Ənəlhəq söylərəm" deyən Nəsimi atdı.
“Ədəbiyyat və incəsənət”
(22.11.2024)
“Solo gənclik” layihəsinə başlanılır
"İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə yeni “Solo gənclik” layihəsi həyata keçiriləcək.
AzərTAC xəbər verir ki, layihə çərçivəsində ilk konsert noyabrın 24-də Qara Qarayevin ev-muzeyində bəstəkar, pianoçu Nigar Süleymanın təqdimatında olacaq.
Nigar Süleyman Bülbül adına orta ixtisas musiqi məktəbində dirijorluq, bəstəkarlıq və nəzəriyyə ixtisasları üzrə təhsil alıb. Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr Akademiyasında bəstəkarlıq ixtisası üzrə təhsilini davam etdirib. Bir çox yerli və beynəlxalq festivalların, müsabiqələrin iştirakçısıdır.
Konsertdə Nigar Süleyman öz bəstələrindən ibarət seçmələri ilə musiqisevərlərə klassik musiqi ovqatı bəxş edəcək.
Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafına töhfə vermək və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.
“Ədəbiyyat və incəsənət”
(22.11.2024)
Rustavidə "Sazlı-sözlü kəlağayı günləri"
Savalan Osmanlı, Marneuli rayonu Keşəli kəndi, “Ədəbiyyat və incəsənət” portalı üçün
Neçə gündür ki, Gürcüstanın mədəniyyət xalısına Azərbaycan ilmələri vurulmaqdadır. Tbilisi, Marneuli, ardınca da Rustavi…
20 noyabr 2024-cü il tarixində Rustavi Təhsil və Mədəniyyət Mərkəzində “Sazlı-sözlü kəlağayı günləri” çərçivəsində "Kəlağayı yaşıl dünyaya töhfədir” adlı möhtəşəm tədbir və sərgi təşkil edildi. Tədbir "Rustavi Təhsil və Mədəniyyət Mərkəzi" və "Mirvarid Dilbazi Poeziya Məclisi"nin birgə əməkdaşlığı ilə həyata keçirildi.
Sərgidə Azərbaycan mədəniyyətinin nadir incilərindən olan, milli dəyərlərimizi simvolizə edən 100-ə qədər kəlağayı nümayiş etdirildi. Tədbirin açılışını mərkəzin rəhbəri Raida Dərziyeva edərək, kəlağayının tarixi və önəmi barədə məlumat verdi. Daha sonra sözü layihənin rəhbəri, tanınmış şairə Güllü Eldar Tomarlıya verdi. Güllü xanım Kəlağayı və onun tarixi, hazırlanması haqqında geniş bir məlumat verərək Gürcüstan keçirilən tədbirlərə dəstək olanlara, xüsusilə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevə təşəkkürünü bildirdi. Və qeyd etdi ki, bir həftə ərzində Tbilisidə, Marneulidə və Rustavidə təşkil olunan tədbirlər çox böyük maraqla izlənilmişdi. Bununla yanaşı Marneulu Çay Evində kəlağayı muzeyinin bir guşəsinin yaradılmasının və o muzeyə 50 ədəd tarixi kəlağayı, 1 milli, 1 çoban papağı, ortaq türk xalqlarıa aid olan 1 milli geyim, kəlağayı haqqında təşkilatın araya-ərsəyə gətirdiyi kitablar, özünün əl işlərini hədiyyə etdiyini qeyd edərək “Çay Evi'' nin direktoru Emin Əhmədova də ayrıca təşəkkürünü bildirdi.
Tədbirdə Qaratəhlə məktəbinin müdiri Bəhram İsayev çıxış edərək, bu ənənənin yaşadılmasında mühüm rol oynayan təşkilatçılara və layihə rəhbərinə təşəkkür etdi. Həmçinin, Rustavi şəhərinin 18 saylı məktəbi və Qardabani Qaratəhlə məktəbinin müəllimləri də tədbirdə fəal iştirak etdilər. Müəllimlər – Mədinə Həsənova, Gülayat Binnətova, Ramiz Mustafayev, Sveta İsayeva, Nailə İbrahimova, Nuridə Vəliyeva, Ülviyyə Veysalova, Səminə Məmmədova, Nurlana Məmmədova və Savalan Osmanlı kəlağayının mədəniyyətimizin təbliği və qorunması üçün böyük əhəmiyyətindən danışaraq maraqlı fikirlər irəli sürdülər.
Tədbirin xüsusi diqqət çəkən hissəsi isə 18 saylı məktəbin şagirdlərinin ifasında təqdim olunan milli rəqslər oldu. Şagirdlər Azərbaycan musiqisinin ecazkar sədaları altında səhnəni rəngarəng bir şölənə çevirdilər. Tədbir iştirakçıları tədbir sonunda xatirə şəkilləri çəkdirərək, bu möhtəşəm günün unudulmaz olduğunu qeyd etdilər.
Bu cür tədbirlər milli-mədəni irsimizin təbliği və yaşadılması baxımından böyük önəm daşıyır və gələcək nəsillərə ötürülməsi üçün mühüm bir körpü rolunu oynayır.
“Ədəbiyyat və incəsənət”
(22.11.2024)
Filarmoniyada COP29-a həsr olunmuş növbəti konsert proqramı təqdim edilib
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında COP29-a həsr olunmuş növbəti konsert keçirilib.
AzərTAC xəbər verir ki, konsertdə dirijor, Əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev) solistlər Əməkdar artistlər Çinarə Mütəllibova (qanun), Ramil Qasımov (tenor), Almaz Orucova, Eldəniz Məmmədov, “Muğam” televiziya müsabiqəsi laureatları Zabitə Alıyeva (xanəndə), Vəfa Vəzirova (xanəndə), beynəlxalq müsabiqələr laureatları Taleh Yahyayev (bariton), Fəxri Kazım-Nicat (tenor), Prezident təqaüdçüsü Aidə Rəfiyeva (kamança), Natavan Həsənova (qanun), Sevinc Səfərova (kamança), Ulduz Məmmədova (kamança), Nərgiz Mütəllibova (fleyta), Fariz Hüseynov (kamança) və Rəvanə Qurbanova (xanəndə) dinləyicilər qarşısında çıxış ediblər.
Gecədə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(22.11.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sənə” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Şair bir sevgidən bəhs edir, qara sevgidən.
Niyə məni görmədin ki,
Sənə nə oldu görəsən?
Burdan sənin gözlərinə
Nə qədər yoldu görəsən? - deyir.
Xoş mütaliələr.
SƏNƏ
Görəsən sənin gözlərin,
Nə qədər göz yaşı tutur?
Adının baş hərfi gəlir
Ürəyimin başı tutur...
Niyə məni görmədin ki,
Sənə nə oldu görəsən?
Burdan sənin gözlərinə
Nə qədər yoldu görəsən?
Payız sənin gözlərində,
Yurd salıb yaşayır nədi?
...Gəl, çıxaq bu yer üzündən-
Yer üzündə zəlzələdi...
“Ədəbiyyat və incəsənət”
(22.11.2024)
Kollec tələbələrinin hekayələri - “Solmuş ümidlər”
Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbələrinin müsabiqə hekayələrinin dərcini davam edirik. Növbədə Kəmalə Hüseynovadır. Hekayəsini “Solmuş ümidlər” adlandırıbdır.
Biri var idi, biri isə yox idi. Bəli bütün nağıllar və hekayələr belə başlayar. Amma bu hekayə isə yox. Çünki bu hekayədə hər ikisi yox idi, nə ədalət, nə sevgi, nə də başqa bir şey. Bu hekayə sadəcə gənc bir qızın hekayəsidir. Günlərdən bir gün idi, bir körpə qız övladı dünyaya gəlir. Hər bir körpə uşaq dünyanı gözəlləşdirərmiş. Bəs onun dünyası niyə gözəlləşmədi? Bəs o niyə xoşbəxt olmağı bacarmadı?
Hər gün keçdikcə, həyatı anlamağa başladıqca,həyata olan sevgisi azalırdı. Amma heç vaxt xəyallarını, ümidlərini itirməz, onları yaşadıb onlardan güc alardı. Hə, onun arzuları digər uşaqların arzusuna bənzəməzdi, o , nə rəngli oyuncaqlar, nə gözəl geyimlər, nə də gəzintilər arzu edərdi. Onun arzusu oxumaq, təhsilli olmaq, hüquqşünas olmaq, öz həyatını dəyişmək, xilas etmək idi.
Ədalətsiz dünyasını dəyişmək idi arzusu. O çox kiçik yaşlarından həyatla mübarizə aparmağa başlamışdı. Hər zaman anasını gözü yaşlı, döyülmüş, alçaldılmış görərdi. Bunlar onun sevincini əlindən alsa da, əlindən heç nə gəlməzdi, sadəcə, bir kənarlara çəkilib gizlincə ağlamağı bacarırdı. Ən pisi isə, bunları ona yaşadan, sevincini əlindən alan, ən çox sevdiyi, sığındığı doğma atası idi.
O də digər uşaqlar kimi sevgi istərdi, bir dəfə də olsun atasının saçlarına sığal çəkməsini istərdi. Amma təəssüf ki, əksinə, onun bütün ümidlərini, xəyallarını məhv edən insan olmuşdu atası.
O heç zaman bezmir, tükənmirdi. O, günlərcə, gecə-gündüz oxuyub, çalışırdı. İllər keçir, bu illər ərzində nə o qızın həyatı, nə atası, nədə anasının həyatı dəyişirdi. Dəyişən tək bir şey vardı. O böyümüş, üniversitetin hüquq fakultəsinə qəbul olmuş və illər boyu arzusunda olduğu bir xəyalını gerçəkləşdirmişdi. Artıq öz ayaqları üzərində durmağı bacarmışdı.
Növbəti dönəmdə o illərini sərf edib üniversteti bitirmiş, çalışmağa başlamışdı. Zamanla yüzlərcə qadının həyatını gözəlləşdirir, haqqını müdafiə edir, onlara yardım əli uzadırdı. Ən əsası isə - uşaqlıqdan çalışdığı kimi, anasının həyatını qurtarmışdı. O, sevgisiz, qayğısız böyümüşdü. İnsan hər yaşında sevgiyə möhtac olar, sevgi istərmiş.
O bir gün biri ilə qarşılaşır. Həyatı boyunca heç kəsdən görmədiyi sevgini o insandan görür. O qədər sevir ki, gözləri heç nəyi görmür. Onun psixoloji xəstə olduğunu, yanlış insan olduğunu belə. Xeyli zaman keçdikdən sonra o insanla ailə həyatı qurur. Həyatının çox gözəl olduğunu, olacağını düşünürdü. Ancaq hər şeyin daha pis olacağını, əsil mübarizəsinin indi başladığını bilmirdi. Qızlar analarının talehini yaşarmış deyiblər. Həqiqətən də belə olur. Həyat yoldaşının psixoloji xəstə olduğunu bilməməsi günlərcə ağlayacağı, döyüləcəyi, əzablar çəkəcəyi anlamını verirdi.
İllərcə anası bu həyatı yaşamasın deyə çalışdı, mübarizə apardı. Ancaq özü üçün heç nə etməyib susdu. Hər şeyin dəyişəcəyini, zamanla düzələcəyini düşünürdü. Çünki sevirdi, illərcə görmədiyi o sevgini, o boşluğu o insan doldurmuşdu. Sevdiyi insanın cəzalandırılmasını, həbsə düşməsini istəmirdi. Amma o, bu səfər bacarmadı, susduğu üçün məğlub oldu.
Hadisələri həyatın axarına buraxmaq, yəqin ki düzələr deyə düşünmək necə də yanlış imiş. Elə bu düşüncə də onun sonunu gətirdi.
O, bir gün münaqişələri olduğu zaman həyat yoldaşı tərəfindən qətlə yetirildi.
Minlərcə qadına əl uzadıb kömək etdi, minlərcə qadının haqqını müdafiə edib, həyatını gözəlləşdirdi. Öz həyatını isə susduğu üçün, sevdiyi üçün məhv etdi. Hər insan öz talehini, qismətini yaşarmış. Bəlkə də onun taleyində xoşbəxt olmaq yox imiş. O həyatdan tək deyil, yarım qalmış arzuları, yaşaya bilmədiyi uşaqlığı, qırılmış ümidləri ilə getdi. Bəlkə də o elə dünyaya gəldiyi zaman məğlub olmuşdu. Beləcə illərcə sevgiyə möhtac böyüyən, ailəsindən sevgi görməyən insan öz sevgisinin qurbanı oldu.
Bu ibrətamiz hekayə bütün qızlara görk olmalıdır.
“Ədəbiyyat və incəsənət”
(22.11.2024)
“Kadriyə-Ülkər Səlimova kimi qəhrəmanlarımızı gərək unutmayaq” - CƏLİL XƏLİLOV
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ölkənin siyasi-ictimai həyatında olduqca fəal iştirak etməkdədir.
Ölkəmizdə on minlərlə müharibə, əmək və silahlı qüvvələr veteranı vardır. Onların hər biri şərəfli ömür yolu keçib, xalqına layiqincə xidmət edib. Təsadüfi deyil ki, həm Azərbaycanın Ümummilli lideri Heydər Əliyev, həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev veteranlardan daim diqqət və qayğılarını əsirgəməyiblər, onların tutduqları şərəfli ömür yolunu hər bir ölkə vətəndaşı üçün örnək hesab ediblər.
Amma çox təəssüf ki, təbliğat-təşviqat işləri ilə məşğul olmalı qurumlar – televiziyalar, mətbuat, QHT sektoru bu insanların cəmiyyətə örnək gətirilməsi işinə laqeyd baxmaqdadır, nəticədə də gənc nəsil əksərən veteranların müstəsna xidmətindən xəbərsizdir.
Gənc nəslə bu insanları tanıtmaq, onların həyat yolundan örnək götürmələrini təmin etmək, eləcə də gənc nəslin bu seçilmiş insanların öyüd-nəsihətlərini, məsləhətlərini dinləmələrinə vəsilə olmaq hazırda prioritet məsələlər sırasındadır.
Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatı bu prioritet məsələnin həlli yollarını arayaraq tezliklə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu
və “Ədəbiyyat və incəsənət” Portalı ilə birgə “UNUDULMAZLAR” adlı layihə həyata keçirəcək.
Təşkilatın sədri, polkovnik Cəlil Xəlilov əməkdaşımıza həqiqətən də qürur duyulası veteranlardan biri barədə söhbət açdı. Söhbəti diqqətinizə çatdırırıq:
Bu il Rusiya Ordusunun Mərkəzi Evində əfsanəvi “Smerç” təşkilatının ilk qadın əks-kəşfiyyatçısı, 1941-ci ilin noyabrında 17 yaşında könüllü olaraq cəbhəyə gedən Kadriyə-Ülkər Səlimovanın 100 illik yubileyi qeyd edilib.
Təsəvvür edin, 17 yaşında qız uşağı könüllü cəbhəyə gedir. Bu cəsarətə əksər oğlanlar belə gələ bilməz.
Həmin səhnə bu cür olub:
Məzun gecəsindən sonra səhər bütün sinif sahilə toplandı, Molotovun nitqini birlikdə dinlədilər və dərhal bütün sinif olaraq müharibəyə getməyə qərar verdilər. Onun sinif yoldaşları 16-17 yaşlarında idi.
Sinifdəki səkkiz oğlandan yalnız biri sağ qaldı.
Alman, türk dillərini və Morze əlifbasını mükəmməl bilən Səlimova 46-cı Qafqaz Ordusunun xüsusi şöbəsinə kriptoqraf vəzifəsinə göndərilmişdi və 1943-cü ildə “Smerç” əks-kəşfiyyatı yaradıldıqdan sonra bu struktura təyin edilmişdi.
Tibb elmləri doktoru, professor Mehman Məmmədov bu cəsur qadın barədə yazırdı:
“Qədriyə xanım Bakıda anadan olub və ömrünün çox hissəsini Bakıda keçirib, təbii ki, azərbaycanlıdır. Sonradan ailə Moskvaya köçüb. Müharibədən sonra o yenidən Bakıya qayıdıb, Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alıb. 1950-ci illərdə Moskvaya gəlib, burada elmi fəaliyyətlə məşğul olub. Akademik olub, SSRİ və Azərbaycan pedaqogikası üçün çox işlər görüb. “Şərqin pedaqoji irsi” beynəlxalq dərsliyini yaradıb, burada Azərbaycan haqqında fəsli şəxsən özü yazıb.
O ki qaldı onun döyüş sücaətlərinə, Səlimova qələbəsini Avstriyada, Vyana yaxınlığında qarşılayıb. 1945-ci ilin noyabrında Smerç kapitanı kimi hərbi xidmətini başa vurub. 14 medal və II dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilib.”
Polkovnik Cəlil Xəlilov əlavə edir ki, Kadriyə-Ülkər Səlimova kriptoqraf vəzifəsini tutub. Əks-kəşfiyyat şöbəsində kriptoqrafın nə olduğunu təsəvvür edə bilərsinizmi? Bu, şöbə müdirinin ən etibarlı adamıdır. Kriptoqraf işinin mahiyyəti bilirsinizmi nədir? Səlimova bir hesabat yazır, onu şifrələyir və göndərir, bundan sonra sənəd məhv edilir. Onun mahiyyətini cəmi iki nəfər bilir: patron və kriptoqraf.
Eyni zamanda, Kadriyanın heç bir xüsusi təhsili yox idi, lakin şifrələmə nəzəriyyəsini çox tez mənimsəmişdi. Bu da onun fitri istedadından xəbər verir.
Kadriya-Ülkər Səlimova barədə maraqlı bir xatirəsini də nəvəsi İvan İlleş bölüşüb. O danışır ki, nənəsi müxtəlif insanlarla asanlıqla əlaqə qururmuş. 1987-ci ildə Moskvada baykerlər dəstəsi fəaliyyət göstərirdi. Onlar motosiklet sürərək camaatı qorxuya salırdılar. İçi İvan qarışıq qonşu uşaqları da baykerlərdən çox qorxurdular. Bir gün İvan evə gələndə görür ki, bütün şəhəri qorxuya salmış bir dəstə onların evlərində süfrə arxasında oturub, hamı çay içib, gözəl söhbətlər edir. İvan təəccüblə nənəsindən nə baş verdiyini soruşur. Məlum olur ki, evin kilidi qırılıbmış. Nənəsi həyətə çıxlb, köməyə adam axtaranda gözü baykerlərə sataşıb, amma hər kəsdən fərqli olaraq nənə baykerlərdən qorxmayıb, onlardan ona kömək etmələrini xahiş edib... Onlar da bu cəsarətli nənəyə kömək ediblər. Bu hadisədən sonra nəvənin məktəbdəki reytinqi də kəskin şəkildə qalxıb, o artıq heç kimdən qorxmurdu, çünki nənəsi baykerlərlə dost idi!
Bax belə bir xatirə!
Polkovnik Cəlil Xəlilov əlavə qeyd edir ki, Kadriyə-Ülkər Səlimova 26 avqust 2013-cü ildə - 89 yaşında vəfat edib. Bu cür həmyerlilərimizi heç vaxt unutmamalı, onları gənc nəslə örnək göstərməliyik.
“Ədəbiyyat və incəsənət”
(22.11.2024)
Azərbaycanla İran arasında mədəni irsin qorunması ilə bağlı əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də COP29-la bağlı ölkəmizdə səfərdə olan İran İslam Respublikasının mədəni irs, turizm və sənətkarlıq naziri Səid Reza Salehi Amirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nümayəndə heyətini salamlayan Adil Kərimli ölkəmizin ev sahibliyi etdiyi belə bir mötəbər tədbirdə iştirakına görə iranlı həmkarına təşəkkürünü bildirib.
Qeyd edib ki, Azərbaycan ilə İran arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın geniş perspektivləri var. Xüsusilə kitabxana, muzey işi, sərgi sahəsində birgə fəaliyyətin təşviqi, eləcə də kinematoqrafiya sahəsində əməkdaşlığın qurulması, ənənəvi musiqi festival və müsabiqələrində qarşılıqlı iştirak əlaqələrin inkişafına töhfə verə bilər. Bundan əlavə, beynəlxalq təşkilatlar səviyyəsində də əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur. Mədəni irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi üçün müştərək nominasiya fayllarının hazırlanması, o cümlədən mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı birgə səylərin göstərilməsinin əhəmiyyəti vurğulanıb.
COP29-da iştirakından məmnunluğunu bildirən nazir Səid Reza Salehi Amiri görüşə görə də təşəkkür edib. O, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqlarını, müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
İranlı nazir mədəni irsin qorunması sahəsində dövlət-özəl tərəfdaşlığının zəruri olduğunu deyib. Bildirib ki, bu sahədə iki ölkə arasında təcrübə mübadiləsi aparıla bilər. Eyni zamanda, Araz çayı üzərindəki Xudafərin körpülərinin müştərək bərpasının həyata keçirilməsi mümkündür.
Söhbət zamanı COP29 çərçivəsində mədəni irs və ətraf mühit məsələlərinə də toxunulub, qarşılıqlı maraq doğuran digər sahələr üzrə fikir mübadiləsi aparılıb.
Sonda Adil Kərimli nazirə xatirə hədiyyəsi təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(22.11.2024)