Komitə sədri İlqar Fəhmini təbrik edib

 

Azərbaycan Respublikası Milli Məclisinin

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmiyə 50 illik yubileyi ilə bağlı təbrik məktubu ünvanlayıb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli İlqar müəllim,

Sizi əlamətdar yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Sizin ədəbiyyat, sənət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəaliyyətiniz çağdaş Azərbaycan ictimai düşüncəsinin təmsilçilərindən biri olduğunuzu göstərir. Əsərlərinizdə klassik irsin çağdaş baxışla sintezini yaratmağınız, dilə və üsluba verdiyiniz estetik dəyər, oxucunun həm intellektual, həm də mənəvi dünyasına müraciət etmə bacarığınız özəlliklə vurğulanmalıdır.

Siz Azərbaycan ədəbiyyatının məsuliyyəti, dramaturgiyanın problematik yükü və ssenaristikanın çağdaş ritmini bir imzada birləşdirən qələm sahiblərindənsiniz. Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyindəki təşkilati fəaliyyətiniz – yaradıcılıq proseslərinin təşkili, yerli filiallarla iş, klassiklərlə çağdaşlar arasında ideya və forma körpülərinin qurulması sahəsindəki təşəbbüskar mövqeyiniz də ədəbi mühitin inkişafına töhfə verməkdədir.

Müəllifi olduğunuz ədəbi-bədii və publisistik əsərlər milli-mənəvi dəyərlərin, ictimai yaddaşın və ədəbi dilin qorunması baxımından önəm daşıyır. Yaradıcılığınızda milli kimlik və qlobal düşüncə, tarixi yaddaş və çağdaş şüur qovşağı diqqətəlayiqdir.

Əlamətdar yubileyiniz münasibəti ilə Sizə möhkəm cansağlığı, ictimai və yaradıcı fəaliyyətdə yeni uğurlar arzulayıram”!

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.