İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Musiqi tariximizə bu ad qızıl hərflərlə yazılıb – Xan Şuşinski. Onun barəsində bilgimiz isə zəifdir. Halbuki adını, ifasını eşitmişiksə, haqqında da bilməliyik. Axı bu gün həm də onun doğum günüdür.
Azərbaycan SSR xalq artisti Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-si Şuşada dünyaya göz açıb. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub.
Qeyd etmək lazımdır ki, Xan Şuşinskinin təsirləndiyi şəxslərdən biri olan Şeyid Şuşinski o dövrün görkəmli xanəndəsi Əbdülhəsən xan İqbali Azər ilə yaxından dost olmuşdur. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırıb.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün gələn bolşevik təşviqat briqadasınnı içində Cabbar Qaryağdıoğlu da olub. Cabbar Qaryağdıoğlu Xan Şuşinskini də yanına alaraq bütün Qarabağda konsertlər verib.
Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onlara yeni bir çalarlar aşılayıb.
Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışını 1923-cü ildə həyata keçirib. Bu çıxış Azərbaycan Dövlət Filarmoniyasında olub. Bundan sonrakı illərdə o, böyük məşhurluğa sahib olub və bir çox ölkələrdə və şəhərlərdə qastrol səfərlərində olub. Həmçinin, Səməd Vurğunun "Azərbaycan" poemasında da adı keçib.
1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülüb. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib.
1943-cü ildə birbaşa Azərbaycan SSR Xalq Artisti adına layiq görülüb. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü ildə Məhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfəri edib. Bu səfər zamanı Tehran da daxil olmaqla, 4 şəhərdə konsert verib. 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaradıb və burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib.
Əsərləri
- Şuşinski X. Yaxşı adamın hekayəti
- Şuşinski X. Nəğmələr susmur
- Şuşinski X. Səs, söz və ifaçılıq
Filmoqrafiya
1. Bakı bağları. Buzovna
2. Biz qayıdacağıq
3. Havalansın Xanın səsi
4. Muğamat var olan yerdə...
5. Muğamlar
6. O olmasın, bu olsun
7. Özgə ömür
8. Prima
9. Qızıl fonddan seçmələr
10. Səs
Mükafatlar
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Şərəf nişanı" ordeni
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
- Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı
Xanəndənin adının əbədiləşdirilməsi məqsədilə Azərbaycanda "Xan Şuşinski Fondu" fəaliyyət göstərir. Fondun direktoru xanəndənin qızı Bəyimxanım Verdiyevadır.
Xan Şuşinski 18 mart 1979-cu ildə 77 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)