Milli poetik kodların çağdaş təzahürü – ƏDƏBİ TƏNQİD Featured

(Elroman Əlizadənin “Bayatınamə” şeirində bayatı janrının interpretasiyası)

 

Sərvanə Dağtumas, ədəbiyyatşünas, “Ədəbiyyat və incəsənət” üçün

 

Bayatı janrı poeziyamızın ən qədim, sadə və anlaşıqlı janrlarından biri hesab olunur. Müasir Azərbaycan ədəbiyyatında bayatı janrına müraciət milli ənənələrin davamı olmaqla yanaşı, bu janrın xalqın yaddaşında və mədəni kodlarındakı xüsusi yerinin ifadəsidir.Müasir poeziyamızın gənc nümayəndələrindən biri hesab olunan şair Elroman Əlizadə bayatılar silsiləsindən ibarət “Bayatınamə” şeirində bayatıların yalnız strukturuna deyil, eyni zamanda semantik kodlarına müraciət edir. Şeir milli poetik kodların, bayatı janrının müasir interpretasiyası kimi çıxış edir. Tədqiqat zamanı məqalədə əsas diqqət Elroman Əlizadənin “Bayatınamə” şeirinə yönəlib.

 

Bayatı məhəbbət və ayrılıq mövzularını, dərin duyğuları, emosional yaşantıları daha aydın ifadə edə bilən poetik janrdır, xalqın ruhuna yaxınlığı ilə fərqlənir. Bayatının qafiyə quruluşu aaba şəklindədir, şeir dörd misralı, yeddi hecalıdır. Bu janrda yazılmış nümunələrdə zaman və məkan şərti xarakter daşıyır, eyni zamanda mətnin daxili aləmi keçmişə yönəlik olur, tarixiliklə fövqəlzamanlıq birləşdirilir. Bədii təfəkkürün məhsulu olan bayatılarda reallığın olması əsas şərtdir. Belə ki, şüuraltında kodlaşdırılan ənənələr cəmiyyətə nüfuz edir və mühit daxilində yaşadılır. Bu səbəbdən bayatılar sosial davranışların tənzimlənməsində və psixoloji gərginliyin minimuma endirilməsində mühüm rol oynayır. Zahirən monoloji, daxilən dialoji formada olan bayatılarda lirik qəhrəman daxili ikiləşmə prosesindən keçir, ikinci “mən”i ilə ünsiyyət qurur və ruhani aləminə yönəlir. Filologiya elmləri doktoru, professor Asif Hacılı “Bayatı poetikası: struktur, semantika, praqmatika” adlı monoqrafiyasında yazır: “Lirik qəhrəman kənarı daxildə, dünyanı özündə, həyatın qanunlarını öz ani yaşantılarında görür. Bayatının belə eqosentrik mahiyyəti nitq subyektini əsas qüvvə kimi ortaya çıxarır (eposda isə aparıcı qüvvə – müstəqil epik personaj və nəql edilən kənar hadisələrdir) və bayatı sintaksisi mətndəki subyekt tipi ilə təyin olunur”.
Qapalı və ənənəvi janr hesab edilən bayatılarda fərdi hisslər real səhnələrlə yenidən mənalandırılır. Lirik qəhrəman (əsas subyekt-söyləyici şəxs) ümumiləşdirilmiş obraz və konkretliyini itirmiş fövqəlsubyektdir. O, özünü oxucuya üçüncü şəxs kimi təqdim edir, yəni “müəllif” ikiləşir, həm söyləyici, həm də lirik qəhrəman cildində çıxış edir. Asif Hacılının fikrincə, “Bu obraz formal olaraq mətn “müəllif”i ilə eyniləşir (təbii ki, şifahi sənətdə müəllif özünəməxsusluğu nəzərə alınmaqla). Lakin lirik “mən”lə müəllifin qovuşuqluğu mütləq deyil və bəzən bayatı mətninə “kənar” sözlər, başqa şəxslərin nitqi də daxil edilir. Ancaq bu “kənar” şəxslər də əslində “müəllif” obrazının – lirik qəhrəmanın fərqli psixoloji transformasiyalarının (metampsixoz), daxilən ikiləşməsinin nəticəsidir.Belə hallarda söyləyici özündən təcridlənir, özü haqqında başqa şəxs kimi danışır (ikinci və ya üçüncü şəxs kimi)”.
Bayatılarda lirik qəhrəman ətraf aləmi antropoloji cəhətdən dəyərləndirərək, hər şeyi şəxsləndirir. (təşxis) Bu poetik nümunələrin daxili aləmi ənənəvi formullar (modellər) – ana, bacı, ata, qardaş, dost, düşmən, çay, dərə və s. əsasında qurulur. A. Hacılıya görə, “Formul konkret əsərdən üstün və əslində bədii mətni yaradan semantik amildir. Belə demək mümkünsə, bayatını elə bayatı (formul) yaradır, daha doğrusu, bayatı elə bayatı haqqında olur, formulun ifadəsi kimi gerçəkləşir”.

Müasir poeziyamızın gənc nümayəndələrindən biri olan Elroman Əlizadənin yaradıcılığında xalq ruhuna yaxınlıq, milli ənənələrə, keçmişə bağlılıq hissi, xalq mahnılarına (“Sarı gəlin”, “Pəncərədən daş gəlir”, “Küçələrə su səpmişəm”) və atalar sözlərinə müraciət motivləri (“Axır qəmin olsun”, “Güvəndiyim dağlara qar yağdı”, “Atsan atılmaz, satsan satılmaz”, “Od olmayan yerdən tüstü çıxmaz”, “Cücəni payızda sayarlar”, “İnanan daşa dönsün”, “Ölənlə ölmək olmaz”) aydın şəkildə hiss olunur. Şair ritmik musiqi təsiri bağışlayan, paralellizm və təkrarlardan ibarət, sevgi, ayrılıq, yaddaş itkisi, tənhalıq kimi bir sıra mövzularla zəngin şeirlərin müəllifidir. Məsələn, “Altıncı hiss”, (və ya “Sevgi elegiyası”. Bədii dillə riyazi dilin sintezi, rəqəmlərlə poetik oyun, xalq mahnısının (“Sarı gəlin”) şeirə gətirilməsi, dəyər-dəyərsizlik qarşılaşması. (səni ucaldıb kitab edən, müqəddəs bilən, qoruyan birini səni kiçildərək, səninlə sıradan biri kimi davranıb sənə xitab edən birinə dəyişmisən) Şair şeirdə sevgidən sonluğa doğru geriyə saymağa başlayır, melodik və ritmik musiqi atmosferi yaradır, sevginin tədricən azalıb yox olmasına işarə edir. (dekreşendo-səsin tədricən azalması) Şairin həyatından gündüz, yəni işıq, nur getdiyi üçün gündüz, işıq onun üçün mənasını itirib, işığı da qaranlıq kimi qəbul edir) “Sənsizliyin baş hərfi”, (xatırlamaq və unutmaq dilemması, xatirələrdə yaşayan, (“kitabın arasında”) amma daha canlılığını, saflığını itirmiş (“qurudulmuş”) sevginin poetik təsviri, tənha qalan bədənin və duyğuların metaforik ifadəsi. Şair ayrılıq və boşluq hisslərini bir nöqtədə, yəni ilk hərfdə cəmləyir, yalnız fiziki deyil, həm də emosional tənhalığa işarə edir. Həmçinin, ayrılığı başlanğıc nöqtəsi kimi verməklə hər ayrılığın bir başlanğıc olduğunu da ifadə etmiş ola bilər. Şeirdə sanki “S” hərfinin səsi eşidilir və bu hərf leqato (fasiləsiz, axıcı və rabitəli ifa üsulu) səs effektini yaradır, “S” səsi səssiz, uzanan, ardıcıl bir melodik xətt kimi “yataqda tək qıvrılan bədən”lə paralel gedir və bu təsvir tənha ton və zərif toxunuş (“subtile”) yaradır. “S” hərfinin səs tembri incə və xışıltılı olduğu üçün oxucu şeirin hər misrasında bu səsi həm vizual, həm də akustik olaraq, duya bilir) “Axır qəmim”, “O qədər uzağıq ki”, “Məktub”, (burada ev metaforası daxili evə-ruha, ürəyə işarədir) “Ağac”, (“O qədər ağlamışdım, kirpiyim oruc olsa, cəhənnəmlik olardım”) “İki Tanrı”, (“İki tanrım var mənim, biri səndən üstündü,biri sənin büstündü”) “Tanrının gözü”, “Arzu”, (“Kim deyir ki, tabutu sevgililər daşımır? çiynimdə aparmışam. O gün tabut boş idi, səni geyib əynimə əynimdə aparmışam”) “Pəncərədən daş gəlir”, “Sənsizliyə riayət et”, “Bağışla”, “Qadınsan”, “Gedənlərin tanrısı”, “Unutqan”, (“Mənim dalğalarımda mənsiz niyə üzmüsən?”) “Bu bazar”, “Səhv sevgi”, “Bayatınamə”.
Elroman Əlizadənin yaradıcılığı bugünə qədər akademik səviyyədə tədqiq olunmayıb. Tədqiqat zamanı əsas diqqət Elroman Əlizadənin “Bayatınamə” şeirinə yönəlib.

 

Folklorun qəlbində müasir aşiqin səsi – ayrılığın laylası

 

Bayatı janrına müraciət edən şair Elroman Əlizadə “Bayatınamə” şeirində duyğularını, fərdi görüşlərini, milli poeziya ənənələrinə bağlılığını daha təbii və təsirli dillə ifadə edə bilir, sevgini və ayrılığı bayatının misralarına, poetik cövhərinə hopdurur, janrın çoxqatlı struktur imkanlarından istifadə edərək, ənənə ilə müasirliyi vəhdətdə təqdim edir.

Onun yaradıcılığında bayatı sevgi və ayrılıq mövzularının poetik təqdimatı, təkrarlar və paralel strukturlar kimi ifadə olunur, folklor element və motivləri fərqli şəkildə  işlənir.
“Bayatınamə” şeiri bayatı formasında yazılıb, monoloq üzərində qurulub, nakam məhəbbət, hicran və ayrılıq duyğuları ön plandadır. Şeirin lirik qəhrəmanı aşiq obrazıdır. O həsrət çəkir, çarəsizdir, ümidlə ümidsizlik arasında çırpınır, daxilən tənhadır və bu vəziyyətlə barışmaq üçün mübarizə aparır, itki ilə barışmağa çalışır. Lirik qəhrəman daxili “mən”i ilə söhbətləşir, hisslərini ruhunun süzgəcindən keçirərək, yaşadığı duyğulara anlam verməyə və baş verənləri dərk etməyə çalışır. Bayatının klassik strukturu qorunub saxlanılır, lakin ona psixoloji və fəlsəfi qatlar əlavə edilir. Şeir poetik məktub təsiri bağışlayır, bədii dili axıcı, çağdaş və orijinaldır. Bayatı nümunələri arasında emosional bağlılıq və bütövlük mövcuddur. Bayatıları postmodernist kontekstdə işləyən müəllif janrı fərdi poetikasına və eksperimental axtarışlarına uyğunlaşdırır. Hər bayatı bir fikrin davamıdır. Heca vəzninin elementləri nəzərə çarpsa da şeir sərbəst vəzndə yazılıb, bayatı silsiləsindən çox kompozisiyalı şeiri xatırladır.
 “Bayatınamə” şeirinin ilk bəndində aşiqlə məşuqə həm cismən, həm də mənəvi olaraq, ayrılığın astanasında qalıblar. Lirik qəhrəmanın həyatının mərkəzində sevgi dayanır və sevgisizlik onun heçliyidir. O, sevgini o qədər müqəddəs və dərin duyğu kimi qəbul edir ki, onu “göy” ilə eyniləşdirir. (kosmik transpozisiya – insan sevgisinin kainata köçürülməsi, kainatla eyniləşdirilməsi) Şeirdə “göy” metaforik mənada ucalıq, sonsuzluq və müqəddəsliyin simvoludur. “Göy” məfhumu ilahiləşmiş sevgilidir, yəni İlahi güc “sən”də cəmlənib. “Göy” kişi (Tanrı) arxetipidir, yəni sevgi Tanrı ilə eyniləşdirilir. Lirik qəhrəmana görə, həyatın səsi də, ürəyin ritmi də, küyü də “sənsən”. (Nəsiminin “İnsanpərvərlik konsepsiyası”) O, başqasının toyunda öz ölümünü yaşayan bir “mən” olur. (“buxarlanmış” subyekt) Deməli, toy mərasimi məna yükünü itirir, çünki yalnız bir varlıq qalıb – O. Subyekt öz “mən”ini sevdiyi şəxsin varlığında əridir, özünü fəda edir. Bayatı nümunəsində sevginin məhvedici gücü, məşuqənin ilahiləşməsi və aşiqin metafizik ölümü ifadə olunub. (fədakarlığın semiotikası) Onun dünyasında sevgi “göy” kimi uca və toxunulmazdır, adi bir hissdən daha artıq – kainatı anlamağın açarıdır. (metafizik səviyyə) Sevgi varlığın mərkəzində dayanır: sevdiyi şəxs olmasa, nə “göy”ün, nə də yerin mənası qalar. Burada fantaziya ilə reallıq bir-birinə qarışıb, gerçəkliklə bağlantı qopur. Şeirin lirik qəhrəmanı tərk edilib və ruhən parçalanıb, özünü ölmüş biri kimi hiss edir, hətta öz ruhunu “dəfn edib”. Nəticədə “duasını oxumaq” da oxucuya qalar:


Göylərdə yaşayan qız, yerdə mən, göydə sənsən.

Sən indi göydəsənsə, deməli, göy də sənsən.

Əzizim, göy də sənsən,

Ən gözəl küy də sənsən.

Mən ölmüşəm, toyunda

Gəlin də, bəy də sənsən.


Lirik qəhrəmanın qəlbi həm yaralı, həm üsyankar, həm də həssasdır, dərin sevginin təsiri altında öz keçmiş “mən”indən uzaqlaşaraq hisslərini ifadə edir. Sevgi onun üçün həm ilham, həm də təlaş mənbəyidir. Bayatılarda ayrılıq ağrısı və insan psixikasındakı mürəkkəblik ustalıqla qələmə alınıb. Şeirdə işlənmiş “daş”, “yaş”və “baş” kimi elementlər göydən gələn əzabı, emosional ağırlığı və duyğuların fırtınasını simvollaşdırır. Şeirdə “meydan” ictimai həyatın və mövcud sistemin simvoludur. Belə ki, subyekt öz fərdiliyini itirir, ictimai qaydalara və gözləntilərə boyun əyməyə məcbur qalır:


Gedişinlə özünü öyə-öyə haqlısan

Göydən yerə daş yağsa, yerdən göyə haqlısan.

Əziziyəm, yaş yağar,

Meydanlara baş yağar.

Üzümü göyə tutsam,

Göydən yerə daş yağar.


 


Lirik qəhrəman həyatının mənasını və ekzistensial varlığını belə sorğulayır, çünki sevdiyi insan ondan uzaqdadır. (coğrafi deyil, duyğusal məsafə baxımından) Sevgi hissi insanı yaşada da bilər, yox edə də bilər. Qəhrəmanın həyatının mərkəzinə qoyduğu sevgi hissi itdikcə, tədricən öz “mən”ini də itirir. İnsan ruhunun kövrəkliyi ilə bərabər, sevgi hissinin dağıdıcı tərəfi də şeirə güclü dramatik təsir qatır. O, sevgisiz özünü natamam və yarımçıq hiss edir, özgə ilə “bütövləşmək” istəyir, əsl sevgini tamamlanmaqda görür. Bayatıda sevgi anlayışı sərhədləri aşmayan, eyni zamanda bu sərhədlər olmadan da yaşaya bilməyən mürəkkəb bir sistem kimi təqdim olunur:


Həddi qədər sevmədi, həddini də yar aşdı,

Sənə gülmək yaraşdı, mənə ölmək yaraşdı.

Əziziyəm, yar aşmır,

Sərhərdləri yar aşmır.

Sənə mənsiz yaraşan

Mənə sənsiz yaraşmır.

 


“Daşlaşmış” dualar – “yaşlanmış” hisslər

 

Elroman Əlizadənin “Bayatınamə” şeirində bayatılar insanın daxili mübarizəsini və təkrar dönüşlərini ifadə edir. Şeirin hər bəndində lirik qəhrəmanın dünyasında tərk edilmənin yaratdığı psixoloji dağınıqlıq və sarsıntı aydın şəkildə hiss olunur. O, sevdiyi şəxsi həyatının mərkəzinə qoyur, sevgi onu bu həyata bağlayan tək səbəbdir və bu səbəb də ortadan qalxanda qəhrəman depressiyaya düşür, “əyyaş”a çevrilir, həyatında psixoloji çöküş başlayır. Burada “əyyaş” mənəvi sərsəmliyin simvoludur. Şeirin əvvəlində sevgili göylə eyniləşdirilir, orta bəndlərdə əzablarını çəkinmədən dilə gətirən qəhrəmanımız sonuncu bəndlərdə bütün inamını itirir, sanki ümidi, hətta sevgisi, ruhu “daşlaşır”:


Dedin səni unudub ta ən başa dönmüşəm,

Sən unudan yol üstə mən əyyaşa dönmüşəm.

Əzizim, yaşa dönsün,

Baharım qışa dönsün.

Dedin başa dönmüşəm,

İnanan daşa dönsün...


Gənc şair Elroman Əlizadə “Bayatınamə” adlı bayatılar silsiləsindən ibarət şeirində folklorun bədii-estetik yükünü şəxsi hisslər kontekstində dəyərləndirərək, bədii müstəviyə daşıyır və oxucunu həm yaddaşın, həm də duyğunun dərin qatlarına endirməyi bacarır. Şeirdə folklor elementləri müasir lirika ilə birləşərək, şəxsi duyğuların ictimai yaddaşla vəhdətini yaradır. Müəllif xalqın poetik yaddaşına, milli şüuruna söykənərək, həm bayatı janrının strukturunu qoruyur, həm də bayatıya lirik monoloq səviyyəsində fərdi, psixoloji və fəlsəfi məna yükləyir. Şeirdə ritmik musiqinin təsiri aydın sezilir, səs effektləri emosional kontrastları ustalıqla ifadə edir. (leqato, kreşendo – səsin tədricən artması). “Bayatınamə” şeirində “əziziyəm” ifadəsi konotativ mənada “başqasına görə mövcud olan, amma tanımadığımız və inkar etdiyimiz daxili “mən”imizdir. Semioloji kontekstdə “əziziyəm” ifadəsi ilə lirik qəhrəman özünü ifadə edir, başqasının dünyasında yerini müəyyən edir. “Əziziyəm” həm də mövcudluğun inkarı, özünütəsdiqin ifadəsi, emosional və ontoloji üsyanın assosiasiyasıdır. (“Mən sənə görə varam”) Lirik qəhrəman yalnız o vaxt özünü “əziz” biri kimi qəbul edir ki, o sevilir, əks halda o, ontolojj tənhadır.

“Əziziyəm” həm də varlığın ikiləşməsi və kodlanmış arzuların ifadəsidir.
 “Bayatınamə” şeirində bayatı janrı poetik təfəkkürün fəlsəfi dərinliyi ilə birləşir, zaman faktoru kosmik-məcazi mənada işlənir, kosmik metaforlara (göy, daş, yağış) yer verilir. Bayatının formal çərçivəsinə uyğun yeni lirika nümunələri yaradılır. Şeirdə göy-yer qarşılaşması, toy mərasiminin ölüm mərasimi ilə əvəzlənməsi, (dualizm prinsipi) lirik qəhrəmanın “əyyaş”a çevrilməsi sevginin əzablı və metafizik qatlarını ifadə edir. (emosional fırtına)

 Lirik qəhrəman yalnız fərdi eksperimentlərini deyil, eyni zamanda xalqın emosional yaddaşına çağırış edir, milli poeziya ruhunu müasir formada yaşadır.
 Şeirdə folklor motivləri yenidən canlandırılır, folklor həm struktur, həm semantik baza kimi ifadə olunur, müasir poeziyamıza transformasiya edilir və nəticədə yeni poetik dil formalaşır. Bu baxımdan Elroman Əlizadənin “Bayatınamə” şeirini çağdaş poeziyamız üçün ciddi nümunə hesab edirik.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.