“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeirləri təqdim edilir.
Cəmil CƏMİLBƏYLİ
(Azərbaycan)
GÖRÜŞ
Görüşüb söhbətləşdik,
O ondan danışdı,
Mən səndən.
Çox sevdiyini dedi,
Necə qucaqladığını başa saldı,
Əlini necə tutduğunu.
Necə unutduğumu söylədim,
Daha doğrusu, unutmadığımı.
Görüşdükləri bütün yerləri
göstərdi mənə,
Sənə yazdığım şeiri göstərdim ona,
Hansı ki, göstərməmişdim sənə.
Ən sevdiyim şokoladdan danışdım ona,
Şokoladı onun dodaqları imiş,
Belə dedi onda.
Sevdiyi yeməklərin adını çəkdi,
Göz yaşı tökdü.
Mən də kövrəldim,
Sənin çox gözəl olduğunu
söylədim.
O mənə onun yaraşığından,
Duruşundan, baxışından danışdı.
Gözlərin düşdü yadıma,
Yenə könlüm yandı, alışdı.
Birgə izlədikləri filmlərin adlarını
not dəftərimə yazdım.
Vərəqlərin arasından şəklin
sürüşüb düşdü,
Baxsın deyə, ona uzatdım.
Gözəl imiş dedi,
Bütün rəfiqələrindən gözəl imiş...
Sonra çayımızı içib qurtardıq,
İki sevgi nağılını bizə verilən
bir saata sığdırdıq.
Qulaq asdıq bir-birimizə,
İkimiz də kövrəldik.
Bir-birimizə sual verdik,
Biz bura niyə gəlmişdik?!
“Ədəbiyyat və incəsənət”
(18.11.2025)


