“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikası üçün bu dəfə öz şeirlərini Cavidan Hacıyev göndəribdir.
TELEFON ZƏNGİ
"...İşlər yaman artıbdır. Yoxlama bir tərəfdən.
İnan, itib-batmışam, bezdim kağız-sənəddən.
Arada «at iş-gücü», dəli şeytan "çıx" deyir.
Amma, özün bilirsən, ipoteka çox gəlir.
Elə könlüm istəyir, çıxıb gəlim rayona,
Oturaq səhərəcən, dərləşək ana-bala.
Səhər tezdən oyadıb, bir şirin çay süzərsən.
Saçımı darayasan, mənə «keçi» hörəsən.
Amma əlimdə yazı bilirsən nə qədərdi?
«Deadline»-nını ötürsəm, o qədər iş hədərdi.
Gecə-gündüz yazıram, çatım "ölüm xəttinə".
Nə fərqi var? — daha çox təzə iş gəlir yenə.
Ana, sənin tananı dünən işə taxmışam...."
Zəng vurdu, qız oyandı: «Səsinə darıxmışam»
Dedi, sonra kiridi. Yanaqdan yaş axıbdı.
Gözyaşı uşaq kimi nə vaxt sözə baxıbdır?
Durub gözünü sildi, işə getməli yenə,
Axı keçən təyinat alıb yeni vəzifə.
İndi boş vaxtı da var, heç maaşı da pis deyil.
Əlavə iş də olur, qalır beş-üçdən xeyir.
....
Zəng üçün götürsə də, açmadı heç çantasın:
Bir vaxt vaxtı yox idi, indi isə anası.
Tez-tez yuxularında dediyi o sözləri
Bir vaxt demək istərdi zəngdə bəhanə kimi.
Zəngdə üzrxaxlıq da edərdi uzaqbaşı,
Axı onun işi çox, göstərin anlayışı.
Amma sonuncu zəngdə sadəcə bunu duydu:
«Anan daha dözmürdü, xəstəlikdən qurtuldu»...
...O, daim gözləyirdi işdə "ölüm xəttini",
Ölümsə gözləmədi, keçdi ana səddini.
Ölüm bugünə sadiq, ölüm pozmur vədəsin.
Ölüm ki insan deyil, vəfasızlıq eyləsin.
Qızın qəlbi doludur deyilməmiş sözlərlə
Dərd qızı şair edib, şeir yazdırar hələ.
Qızsa sadəcə deyir «Darıxmışam» kəlməsin.
Şeir yazmağa nə var? — olsa dinləyən kəsin.
KAMANÇA
Bir vaxt dəcəl, bir vaxt şıltaq saçı hörülməmiş qız,
Qarlı qışda nəğmə çalan bir dilənçi nəvəsi*.
Baban yoxdur, kaman yoxdur — səni yalqız sanarız.
Fəqət səni tərk etməyib kamançanın naləsi.
Soyuq deyil sənə görən? — sən ki qışda qalmısan.
Çıxıbmı zərif canından şaxtaların azarı?
Ömrü boyu qarabəxtli, sən qarğışda qalmısan:
Səni vəsv edən şairin heç tapılmır məzarı.**
Zaman keçdi, yaşın artı, dərdlərin də böyüdü:
Bir az İsaya bənzədin — heç görmədin atanı.
Tək soyuq yox, indi həm də qayğılar da üşüdür:
Dündən qalmış para əkmək doyurarmı balanı?
Biri sənə rəsm çəkdi, şairləşib əyişdi -
Hərdən onun ürəyində coşqunlaşdı fırtına***.
Ancaq doqquz qızılgülü on qərənfil dəyişdi.
Sənsə kamança naləsin duyururdun laylandan.
Gülü pula dəyişən var — ruhlarından atıldı.
Məhv olurlar gur parlayan işıqlara gələrək.
O qadına kəm baxanın elə çoxu atadır:
Hansı ata istəyər ki, qızı olsun kəpənək?
Bəxti qara edilmiş qız, artıq saçın bəyazdı.
Taleyinin baharı da qışla bir ahəngdədir.
Dərddən saçlarının rəngi artıq ağ günə çıxdı.
Dərdverənlər unudur ki, kəfən də ağ rəngdədir.
Dərdverənlər unudurlar, amma Tanrı unutmur.
Tanrıdan ki heç yayınmaz dünyanın hər bir daşı.
And verirəm bu şeirə, sən məndən də gendə dur:
Mən də adi bir insanam, çox zəifdi yaddaşım.
_____________________________________________________
* — Mikayıl Müşfiqin “Dilənçi” şeirinə göndərmə. Şeirin lirik qəhrəmanı “Dilənçi” şeirindəki kiçik qızdır.
** — Mikayıl Müşfiqin nəşi dəqiq məlum deyil.
*** — “Yenə o bağ olaydı” şeirinə göndərmə.
“Ədəbiyyat və incəsənət”
(18.11.2025)


