Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
HƏSRƏT MAHNISI
1993-cü ildə yeddi ay İstanbulda Memar Sinan Universitesində dərs dedim. Mən Bakıya qayıdandan bir neçə il sonra Emin Sabitoğlu da İstanbulda ali məktəbdə dərs deməyə başladı. 1997-ci ilin payızında 60 yaşı ərəfəsində Bakıya gəlmişdi. Üçümüz – Rasim Ocaqov, Emin, mən görüşən zaman Emin qürbətdə keçirdiyi hisslərdən danışırdı. Bu hisslər mənə də tanış idi. Rasim: “İkiniz də eyni duyğuları yaşamısınız, – dedi, – bu barədə bir mahnı yazın”. Bu fikir bizi tutdu. Bir neçə gün sonra mətni yazıb Eminə verdim. Emin bircə axırıncı sətrə etiraz etdi. Axırıncı sətir belə idi: “Altmış yaşım nə yaxındır, on beş yaşım – necə uzaq”. Emin qocalığı heç cür qəbul etmirdi, odur ki, mən də gələn il özümün də altmış yaşımın tamam olacağını gözümün önünə alaraq axırıncı misraları indi burda verildiyi kimi və sonralar mahnıda səslənən kimi dəyişdirdim.
Minarəli İstanbulda
Hər gün Bakı düşür yada.
Könül istər bu həsrətə
Kədərli mahnı həsr edə.
Gəl qoşulaq durnalara,
Vətən sarı ucaq... ucaq...
Dərs dediyim məktəb yaxın,
Oxuduğum məktəb uzaq.
Taleyim gətirdi bura,
Bakı hara, bura hara.
Göy Bosforda gəmi üzər,
Yada düşər mavi Xəzər.
Gəl qoşulaq durnalara,
Vətən sarı uçaq... uçaq...
Qocalığım nə yaxınmış,
Cavanlığım necə uzaq.
Bakıdan gələn yuxular,
Aylar keçdikcə yox olar.
Günlərimin sayı qədər
Dolubdur qəlbimə kədər.
Gəl qoşulaq durnalara,
Vətən sarı uçaq... uçaq...
Altmış yaşım nə yaxınmış,
...qocalığım necə uzaq.
1 oktyabr 1997
“Ədəbiyyat və incəsənət”
(18.11.2025)


