
Super User
KİTAB BƏLƏDÇİSİNDƏ Artur Köstlerin “Gözqamaşdırıcı zülmət" romanı
Səbuhi Şahmursoy, “Ədəbiyyat və incəsənət” üçün
“Gözqamaşdırıcı zülmət" romanının qaranlıq taleyi ədəbiyyat tarixindən kabus kimi keçir. Yəhudi əsilli ingilis yazıçısı Artur Köstler bir zamanlar qatı kommunist olmuşdu. SSRİ-nin yaradılışı dövründə az qala bütün post-sovet ölkələrini gəzmiş, hətta Bakının Sovetski adlanan ərazisindəki kafelərin birində çay da içmişdi. Amma Stalinin islahatları onda bu rejimə qarşı dərin şübhələr doğurmuş, asiyə çevirməyə sövq etmişdi. Beləliklə, bu romanı yazmaqla ömrü boyu avropalı kommunistlər tərəfindən təqibə məruz qalmış, elə onların əli ilə də qətlə yetirilmişdi.
Corc Orueli "1984" kimi dünya şöhrətli əsərini yazmağa ilhamlandıran "Gözqamaşdırıcı zülmət" romanı Sovet əleyhinə yazılmış ilk böyük ədəbiyyat hadisəsi hesab olunur. Əsərin baş qəhrəmanı Rubaşov hər şeyin ideologiyaya əsaslandığına, inqilabın kökündə ağlın dayandığına inanan keçmiş kommunistdir. Böyük imperiyanın qurulmasında danılmaz zəhməti var. Amma bir gün elə həmin rejim tərəfindən həbs edilir, həmişə inandığı ideyaların sorğuya çəkilməsinə başlanılır. Söhbət Stalinin 1936-38-ci illərdə həyata keçirdiyi "Moskva prosesləri"ndən gedir. Dünyanı cənnətə çevirdiklərinə inanan bütün inqilabçılar bir gün öz yaratdıqları despot tərəfindən sorğuya çəkildiklərinə inana bilmirlər.
Bu əsər Köstlerin tamamilə real siyasi inancına əsaslanır. Hətta romanın motivi onu möhkəm dost olduğu Alber Kamü, Jan-Pol Sartr və Simona de Bovuarla aralarındakı soyuqluğa səbəb olur.
Bu haqda belə yazırlar:
"Sartr, Bovuar, Kamü və Kostler arasında bir zamanlar möhkəm dostluq əlaqələri vardı. Sərxoş olana qədər içdikləri gecələrdə ehtirasla siyasi müzakirələr aparırdılar. 1946-cı ildə bu cür gecələrin birində rus mühacirlərin kafesində dostluq və siyasi sədaqət mövzusu haqqında söhbət edilirdi. Ortada cavabı axtarılan belə bir sual vardı: "Siyasi baxışlarınız fərqli olan bir insanla dostluq etmək mümkündürmü?" Kamü bu suala "hə" desə də, Kostler bunun mümkünsüzlüyünü vurğulayırdı. İçkinin təsirindən kövrələn Bovuar da Kamü ilə eyni fikirdə idi. O, təxmini olaraq belə cavab vermişdi: "Bəli, mümkündür, hətta biz bunun sübutuyuq və aramızdakı fikir ayrılıqlarına baxmayaraq, birlikdə olduğumuz üçün xoşbəxtik". Simona de Bovuarın bu fikri onları məmnun etmiş və suala verilən ən yaxşı cavab kimi qəbul edilmişdi.
Dostluq və siyasi sədaqət mövzusu 1947-ci ildə içki məclisində yenidən açıldı, amma söhbətin sonu bu dəfə keçən dəfəki kimi yaxşı nəticələnmədi. Kostler bir məişət hadisəsini bəhanə edərək Sartra hücum etdi. Bu hadisə onların dostluğunun qırılma nöqtəsi oldu. Kamü Kostleri sakitləşdirməyə çalışsa da, cavabında yumruq zərbəsi aldı.
Bu qalmaqalın sonunda Sartr və Bovuar artıq Kostlerlə həmfikir idi: Siyasi baxışları fərqli olan insanlar dost ola bilməzdi.
"Gözqamaşdırıcı zülmət" romanının SSRİ-də baş verən hadisələri, repressiyaları necə dilə gətirdiyini, reallığı nə qədər əks etdirdiyini demək çətin olsa da, bir şeyi çox yaxşı bilirik ki, bu kitab beş intellektualın dostluğunu parçaladı və Artur Kostler öz cəbhəsində tək qaldı.
Lap Rubaşov kimi...
P.S. "Gözqamaşdırıcı zülmət" romanını bəndənizin tərcüməsində oxuya bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)
Və yanında səssizcə öz uşaqlığı addımlayır - ETÜD
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Hər səhər olduğu kimi, bu səhər də gözlərini ovuşdura-ovuşdura yuxudan oyandı. Anasının səsləməsi ilə yerindən qalxıb mətbəxə keçdi. Südün iyi bütün mətbəxi bürümüşdü. Anası onu və balaca bacısını əlindən tutub hamam otağına apardı. Hər ikisinin əl-üzünü yuduqdan sonra mətbəxə keçib yemək süfrəsinə oturdular. Ayaqları yerə çatmırdı. Balaca ayaqlarını yelləyə-yelləyə həvəslə südü içməyə başladı.
Döşəmənin taxtası rəngsiz idi. Evin tikintisi hələ tamamlanmamışdı. Yarım olmasına baxmayaraq, onlar evə köçmüşdülər. Köhnə evləri artıq yararsız vəziyyətə düşmüşdü. Hələ yarım olmasına baxmayaraq, böyük ümidlər, uşaqların sevinci, xoşbəxtlik qoxusu divarlara hopmuşdu. Hər kəs xoşbəxt idi. Başını yastığa qoyanda elə şirin yuxuya gedirdi ki, nə keçən zamanı, nə də sabah erkən oyanacağını düşünürdü. O an xoşbəxtlik onun üçün hamının bir yerdə yatdığı bu otaqdan, isti nəfəsdən ibarət idi. Çünki uşaqlara xoşbəxt olmaq üçün çox şey lazım olmur. Bir az süd qoxusu, bir az ana səsi, bir də başını qoymağa bir yastıq kifayət edir.
Səhər yeməyini yedikdən sonra bağçaya getmək üçün hazırlaşdılar. Artıq bağçaya öyrəşmişdilər. Əvvəl istəksiz olsalar da, zamanla bu gedişə alışmışdılar. Böyük olan digər iki bacısı onları bağçaya aparırdı. Əllərini möhkəm tutardılar və yol boyu ehtiyatla gedərdilər. Bu gün də ananın tapşırığı ilə bacılar onları bağçaya aparırdılar. Yol boyu ətrafı seyr edərdilər. Bir quş səsi, yolda dayanan balaca pişik balası, bir iri heyvan onların marağına səbəb olardı. Sevinclə mənzərəyə tamaşa edər, səslərini yamsılayardılar.
Getdikləri yolu əzbər bilirdi.
Bağçaya çatmağa az qalmış, uzaqdan gələn uşaqları görürdü. Öz yoldaşlarından kimsə varmı deyə boylanar, onlara çatmağa çalışardı.
Bağçanın qapısına çatanda bacıları ilə sağollaşıb balaca bacısının əlindən tutaraq tərbiyəçi müəlliməsinə tərəf addımladı. Səhər məşğələsindən sonra birlikdə sinif otağına daxil oldular. Oyuncaqlarla dolu olan otaqda hər kəs öz aləmində idi. Kimi özü üçün oynayır, kimi bir oyuncaq üstündə dalaşır, kimisi də bir küncdə oturub ətrafı seyr edirdi.
Tərbiyəçi müəllimin göstərişi ilə hər ikisi bir kənarda oturdular. O, yaxında olan oyuncaqları bacısına uzatdı. Özü isə səssizcə onu seyr edirdi. Gözləri tez-tez pəncərədən çölə baxırdı. Onun ən sevdiyi əyləncəsi bağçanın həyətindəki sürüşkən idi. Orada vaxt keçirəndə özünü çox xoşbəxt hiss edirdi. Daha sonrasında isə yolun qapısına baxaraq evə getmək növbəsinin nə vaxt çatacağını gözləyərdi. Qapıda evdəkilərdən birini görəndə üzü gülərdi. Bu iki an onun bağça həyatındakı ən xoşbəxt olduğu anlar idi...
***
İndi həmin o balaca qız hər səhər yuxudan erkən oyanaraq, öz balaca qızını bağçaya yola salır. İndi ona baxarkən öz uşaqlığını xatırlayır: süd qoxusunu, qaralmış döşəməni, sevimli sürüşkənini və bacısının əlini buraxmadığını. O, bağçaya getmək üçün hər gün can atır. Anası isə xoş təbəssümlə onu müşahidə edir. Onu bağçadan götürəndə, sevinclə pəncərədən çölə boylanan balacasını görərkən, öz keçmişini də orada görür. Sanki öz uşaqlığı da oradan boylanır. İndi hər gün yola bərabər çıxır, yol boyu gördüklərini birlikdə öyrənirlər. Lakin bu dəfə başqa adla – ana olaraq eyni yolu bir daha keçir. Və Yanında səssizcə öz uşaqlığı addımlayır.
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)
BİRİ İKİSİNDƏ Tural Turanın şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri İkisində layihəsində bu gün şeir vaxtıdır, sizlərə Tural Turanın şeirləri təqdim edilir.
***
Bu gecə
qoluna girdim kölgəmin.
Keçdim
tanımadığım küçələrin şah damarından.
Közərən işıqların sevişdiyi döngədə
tanımadığım bir qapıya vuruldum.
Göz yaşlarını unutduğum pəncərə
bizi görüncə örpəyini üzünə çəkdi...
Baxışlarımız ayaqlarımıza uduzdu,
bu gecə baxışlarımız qaldı heç-heçə...
Tutdum kölgəmin əlindən
bir az da getdik.
Elə həmin küçədə
üzü kirli körpə ayaq izlərinin
üşüdüyü
bir səkiyə vuruldum.
Vurulmaqdan süd qoxusu gəlirdi,
kölgəmlə uşaqlığımıza qayıtdıq.
Kiritdik
müharibədən sonra
yarımçıq doğulmuş göz yaşlarımızı.
Qısqandı bizi
başımızın üstəki buludlar da
və
çıxardı alt paltarlarını...
Üzümüzü, gözümüzü güllələdi yağışlar.
... Elə o an vurulduq göy üzünə,
bayaqkı pəncərədən oğurladığımız baxışla...
1 NOYABR TABLOSU
Hardasa
gözlərini itirmiş işıq
unudulmuş bir qadın bədəninə toxunur
noyabrın qanı laxtalanan gecə...
Ardınca
öz istisinə vurulur
unudulmuş bir qoxu.
Haradasa
boynubükük bir kölgə
dodağından alışır...
Hansısa çarpayıda
andını pozur bir yuxu...
Elə həmin an
kilsə pəncərəsindən öpüb
məscid divarında yuva quran gülləyə
məktub yazır
unudulmuş qadın baxışları:
– Gəl, gəl,
gəl bir də öp
çarpayımın soyuq tərəfini...
ƏLLƏRİMİN YADDAŞI
Əllərim dil açır gecənin
içindən keçən tənha işığa.
Yalvarır o işığın kölgəsiz addımlarına ki,
öz doğum günündə güllələməsin
yanaqlarına əsir düşən payızı.
Əllərimin səsi eşidilmir bu gecə də,
çıxıb gedir o tənha işıq,
çıxıb gedir
payızın sonuncu doğum gününə sarı.
...Və günəşin dirijorluğunda
yıxılır bütün küləklər
ay işığının boynundan asılan
edam kötüklərinə tərəf...
O an dili tutulur ovuclarımın,
unudur gecə işıqlarına söykənən
bütün and yerlərini.
Silinir,
silinir əllərimin yaddaşından
bütün müqəddəslər...
***
Axan qandan günəş çıxır bu gecə...
Qırx dörd gecənin qan yaddaşı
dəfn olunur beləcə...
Dəyişir göylərin də
dumanlı qan qrupu...
Kimsə ay işığının alnından öpür.
Kiminsə dodağında
külü qalmış öpüş alışır.
Toplar da yorulub
ölümə göndərdiyi
balasını əzizləməkdən.
Hardasa bir duanın
yenə qanı sovrulur.
...Elə bu dəqiqə
açılır savaşın sonuncu gülləsi.
Son mərminin də canı qurtarır
ölümü yarıyuxulu gözləməkdən.
Partlayan son mərmini
axır nəfəsdə oyadır öz səsi...
İndi
təmizlənir bütün bayraqlardan,
təmizlənir
ünvanı unudulmuş qan ləkəsi.
Bütün silahlar
yuxuya gedir
öz kölgəsində.
Hansısa bədəndə soyuyan qəlpə
özünə ilk məktub yazır
son nəfəslər ölkəsindən...
İndi
boz silahların günahını
kövrək bir sükut yuyacaq.
Növbəti savaşadək
təkçarpayılıq yuxular
bir dul qadın sinəsində
bir atasız körpə səsində
qan qoxuyacaq, tabutum,
qan qoxuyacaq!..
İndi... bütün güllələrin
canı qurtarır adamlardan...
İndi bütün silahların ibadət vaxtıdı
növbəti müharibəyə qədər...
Axan qandan günəş çıxır bu gecə...
TƏNHA AD GÜNÜ TABLOSU
İndi,
elə indi hansısa təqvimin doğum günüdü.
Hansısa göz yaşının ayaqları burxulur.
İndi,
elə indi hardasa hönkürür yarımçıq bir dua.
Hardasa tənha ocaqlar and içir qara suya...
...Bu an,
elə bu an soyunur alın yazısını göy üzü.
Süzülür ay işığından ilğımların key üzü.
Bir addım səsi sarılır xatirələrin boynuna.
...Və hardasa bir qız
unutduğu ünvanı təzədən geyinir əyninə...
Bu dəm,
elə bu dəm yığışır gözləri
pəncərələrdən yolların.
Yollara məktub yazan
ayaqyalın tablolarsa
bakirə sağlıq deyir
tənha ad gününə...
***
Çıxdım noyabrda təqvimin üstə,
Soyuğun son izi içimə düşdü...
Göy üzünün yarım qalan duası
Sürüşərək ayaq ucuma düşdü.
Qəbrimi görüncə soluqlarımda
İtirdi sirrimi dodaqlarım da.
Bulud səngər qazdı yanaqlarımda,
Payızın mərmisi saçıma düşdü...
MÜHARİBƏDƏN SONRA...
(Göy üzünə rekviyem)
Bütün pəncərələr bükər boynunu,
bütün qapıların sinəsi alışıb yanar...
Bütün tabutlar dəyişər əynini,
bütün kimsəsiz məzarlardan
son andını unudan günəş doğar.
Dualar da çıxıb gedər
müharibələrdən sonra.
Dualar da çıxıb gedər başıaşağı.
Elə ovuclar da...
Divardakı şəkillər
saçlarını sığallayar hər gecə
ata yolu gözləyən
neçə-neçə uşağın...
Günəş doğar, səhər olar
amma açılmaz sabahların
ata tərəfi, ər tərəfi...
Körpələrin göz yaşından yıxılar
qara-qara buludların şərəfi...
...Sonra
bütün gülüşlər özünə inanar,
təbəssümlər dəyişər
işıqların dinini...
Hər məzarın başı üstə
bir dul qadının işığı yanar.
Üzü üstə yatan
taykeş əsgər çəkmələrinin
yuxusunu döyəcləyər bir sual:
– Göy üzü sağdımı?
BU GECƏ ÖLƏNLƏRƏ...
Ümidlər tükəndi bu gecəyarı,
Öldüm bir arzunun sinəsi üstə.
Son nəfəsdə çağırmadım dostları,
Öldüm zərrə-zərrə, öldüm ahəstə...
Əvvəlcə döyüntüm yuxuya getdi,
Sonra əllərimin nəbzi dayandı.
Ardınca gözlərim sorğuya getdi,
Sonra ayağımın izi dayandı...
Başımı söykədim boynuma sarı.
Göyün üzündə də dayandı zaman.
Tanrıyla görüşdük bu gecəyarı,
Sənsənmi? – səslədi işıq astadan...
8 NOYABR
Göz yaşımdan Tanrı gəlib su içir,
asılıb gözümdən duamın üzü.
Ürək döyüntümdən bir manşet keçir:
– İşıq bir gözümdü, ilğım bir gözüm...
Dan yeri üzündən açır yaşmağı,
salır kürəyinə itkin qurşağın.
Yenə də yuxumun gözü korlaşır,
yenə bir nəğmənin tutulur dizi...
Hardasa can verir bir güllə səsi,
yıxılır bir əlsiz ağuşun üstə.
Üfürüb andına ən son nəfəsi
yazır son sözünü yağışın üstə...
***
Bu gecə yuxuda Məkkəmizi gordüm, Şuşaya getmişdim. Yuxuda yazıldı bu şeir... Şuşaya getmədən Şuşada oldum, mədəniyyətimizin Məkkəsini gəzdim...
Şuşada yaz idi... Amma güllər hələ də barıt qoxuyurdu...
Gəldim tozlu yaddaşımla,
Şuşa, məni tanıdınmı?
Əlimdəki başdaşımdan
Şuşa, məni tanıdınmı?
Yaxamda ildırım çaxır,
Göz yaşımdan dinim axır,
Arxamdan öz kölgəm baxır...
Şuşa, məni tanıdınmı?
Yaslanıb Cıdır düzünə,
Sabahlar gəlir özünə...
Bax Tanrının sağ gözündən –
Şuşa, məni tanıdınmı?
Qol qaldırıb azan səsi!
Alnımda taleyim əsir...
Hər duamın minarəsi –
Şuşa, məni tanıdınmı?!
Bir yuxu var – ömür yoran...
Dualardan səni soran...
Mənəm – beş min illik Turan,
Şuşa məni tanıdınmı?..
UZAQLIĞIN TABLOSU
Üşüdər gözlərini
uzaq bir pəncərədə hönkürən işıq.
Üşüdər – əynindəki tabut kimi...
Bir an titrədər kürəyini
yiyəsiz skamyaların soyuqluğu.
Tellərinə əl gəzdirər
quru söyüdün budağı.
Söykənərsən göz yaşına
fikirlərinqarışıq:
unutdurar özünü
xatirələrdən sıçrayan
qəlpələrin çoxluğu.
Keçmişin atdığı mərmilər
Qəfil isidər gözlərini...
Bir də baxarsan ki,
nəbzi vurmur ayaq izinin...
...Və
diz çöküb başdaşında
yoxluğun soyuqluğu.
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)
Ona hamı Nasir müəllim deyirdi...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü Nəsir Əhmədli – hamı üçün bir müəllim!
Özü getdi, amma imzası qaldı.
Nəsir Əhmədli 1942-ci il iyulun 1-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib.
1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışıb. Tədris etdiyi fənlər: "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində".
100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir.
10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Tədqiqat sahəsi: Jurnalistin nitq mədəniyyəti, KİV xaricə siyasi informasiya yayımı sistemində,Beynəlxalq radio yayımı,Televiziya və Beynəlxalq jurnalistika.
Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.
Kitabları
1. Səsimiz, sorağımız
2. Səslər içində
3. Jurnalistin vizual nitq mədəniyyəti
4. Korifeylərin portretləri
5. Sən oldun
6. Azərbaycan Beynəlxalq Radiosu: tarix və müasirlik
7. Con Milton və onun "Areopagitika" əsəri
8. Ürəkdə bəslənən sevdaya şükür
9. Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində
Mükafatları
- "Media açarı"
- Təhsil Nazirliyinin Fəxri fərmanı
- "Cəsarətli qələm"
- Əməkdar jurnalist
- BDU-nun Fəxri fərmanı
- I dərəcəli Ali Media Mükafatı
- Mətbuat Şurasının diplomu
- Mirzə Cəlil Ali Media Mükafatı
- III dərəcəli "Əmək" ordeni
- "Bakı Dövlət Universitetinin 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı
Nasir Əhmədli 7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. 8 iyun 2022-ci ildə anadan olduğu Tovuz rayonunun Alakol kəndində dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)
“Mədəniyyət paylaşmaq, dəstək vermək deməkdi, taxt uğrunda yarış deyil” - MARİA LUİZZO İLƏ MÜSAHİBƏ
Müsahibimiz — tanınmış italyan şairi, yazıçı, jurnalist, tərcüməçi və nəşriyyatçı, "P. Benintende" Lirik-Drama Assosiasiyasının Prezidenti, "LE MUSE" ədəbi jurnalının baş redaktoru xanım Maria Tesa LİUZZOdur.
Söhbətləşir: Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi
— Ədəbiyyat və sənətdə ifadə azadlığını necə qiymətləndirirsiniz?
— İfadə azadlığı – hər bir insanlığın ayrılmaz simasını əks etdirməlidir. Gənclər üçün isə bir mərhəmət pərdəsi çəkməliyik: tənqidi güc ya yoxdur, ya da çox zəif, bəzən psixoloji, bəzən humanistlikdən uzaq. Sosoloq Franco Ferrarotti-nin (vəfat etmişdir) vurğuladığı kimi: “Sürətlə məlumatlanan çoxsaylı axmaqlar xalqı formalaşdırır. Məktəb və cəmiyyət öz hörmətini itirib, həmrəylik ruhu mövcud deyil.”
Mədəniyyət paylaşmaq, dəstək vermək deməkdi, taxt uğrunda yarış deyil.
Poetika birlik əksikləri olmayan bir məkan yaratmalıdır: hiss, cəsarət, ədalət.
Bu, gözəlliyin bədəni, qəlbi və ona sitayiş edilməli, parçalanmamalıdır. Mədəniyyət xalqlar guşəsini sulayan, bilik ağına şərəf verən bir çiçək olmalıdır. Amma reallıq çox fərqlidir: bəşəriyyət çox zaman sənətdən uzaq, təbiətə və həyatın müqəddəsliklərinə qarşı amansız canavara çevrilir; kor, tıxaclı, işıqlara hissazdır. Tarazlığın mərkəzində ölüm alverçiləri, pul tanrısı, istismar və ağalığ var. Hərəkətsiz ruhların ölüm hallarının sayı artır, ayın, mövsümlərin, çiçəklərin, otun ətri, vicdansız canavarların varlığı uzanır. Strategiya görünməyənləri əhatə edir, orada təvazö beləkin yerini qabailik tutur, gizli qaranlıq başlayır – heç kim görmək istəmir, məğlubiyyəti qəbul etmir: biliyindən, insaniyyətindən, ruhaniyyətindən, ədalət və şərəf duyğusundan məhrumdur. Belə insanlar heç vaxt qazanmış zəfərin təəccübünü görə bilməyəcəklər. Və bütün bunların əsas kökü — kin, qisasçılıq. Bu, yalnız bacarıqsızlara yaraşıq sığınacaqdır.
— Fəlsəfi baxışlarınız yaradıcılığınıza necə təsir edir? Ədəbiyyat və fəlsəfə münasibətini necə görürsünüz?
— Həqiqət və ardıcıllıq mesajı aydınlıq itir, şəffaflıq sınaqdan çıxmazsa, həqiqi yazının müqəddəs elementləri xəyanətə barışar. Sosial, intellektual və bəşəri aşınmalara səbəb olan süni manipulyasiya meydan sulayır. Mən inanıram ki, hər bir əsər öz vicdanından təsirlənir; bu bir düşüncə halıdır, öz düşüncələrinin avtopsiyasıdır — bu, yazarın öz həssaslığı və biliyi ilə doğur. Fəlsəfə elmi kimi sözə yönəlir, dərin düşünməyi, təhlili sevən, öyrənən bir alim işi görür. Yazıçı isə bəzən xəyal qurur, bəzən gündəlikdən motiv alıb səthi cümlələrlə ifadə edir — bəzən qəzəb altında yazır. Tez-tez insan əlaqəsi yox, şəxsi maraqlar var.
—Yazıçı ilə filosof arasındakı fərqi necə dərk edirsiniz, bu iki sahəni necə uyğunlaşdırırsınız?
— Dediyim kimi, filosof həyat və tarix zərbələrini bilən, sosial məsələlərə yaxın, sosoloqa oxşayan bir alimdir. Bu gün şair və yazıçı kimi yetişənlər göbələk kimi çoxalır; lakin kritik düşünmə vasitələri yoxdur. İnsana reaksiya qazandırmaq yerinə, sözün inqilabçısı olmaq, inancda möhkəm, həyatda azad olmaq lazımdır. Lakin bunu bacarmırıq — ictimai razılıq üçün sadəcə məlumatsızlıq becərilir.
— Beynəlxalq ədəbi əlaqələri necə dəyərləndirirsiniz? İtaliya və digər ölkələr arasında ədəbi əlaqələr sizin sənətinizə necə təsir edib?
— Kim qiymətli mədənə sahibdirsə, həmin maddi xammalı gözəlliyə çevirmək üçün işləyir. O, özü üzərində işləyir və müharibəyə, özgə azadlıqları boğan qanunlara, soyuq və hissiz kədərə, mənəviyyatın adi materialist ləkələrinə qarşı mübarizə aparır. Hətta Ariman kölgəsi – Luciferi saxlayan qaranlıq sanki görünür: bizim ikili daxilimizi – əxlaqi təməl və çöküşlərimizi əhatə edən gizli iki ekstremlər.
— Ədəbi fəaliyyətin və ədəbi əlaqələrin yaratdığı imkanlar hansılardır?
— Təəssüf ki, mümkünsə belə imkanlar çox azdır. Bu gün sadəcə mənfəət, alçaq rəqabət və qarşıdurmanı müşahidə edirik. Mən həmişə tək getmişəm, savad süstəyinə ehtiyac duymamışam. 54 ildir yazıram (ayaq biləyi vaxtımdan — əlifbanı deməyə gücüm çatmayan çağdan!) və nəşr etdirirəm. Boş müsabiqələrdə qəti iştirak etmirəm, gülünc təqdimatlar, yazı müsadərələri mənə aid deyil. Yaxşı yazı — qışqıran səsdir, etirazdır, vicdanı silkələyir, bu, bir növ iman, həqiqət və ümid mesajıdır.
— Ədəbi mükafatlar müəllifə necə təsir edir? Bu formada tanınma prosesini necə qiymətləndirirsiniz?”
— Yaşamaq üçün hikmətli olmaq lazımdır, insan bilmədiyini həndəsi şəkildə mənimsəməlidir. Mən karyeram ərzində çoxsaylı mükafatlar almışam, yalnız mahiyyətli olanları qəbul etmişəm: Mədəniyyət Nazirliyinin fəxri mükafatları, çəkilən diplomlar... Bəzi pullu mükafatları isə rədd etmişəm. Düşünürəm ki, gerçək varlıq yeyində ortada görünmək istəmir — bu, endirimli mallara bənzəyir.
— Bu gün yazarların məqsədləri necə dəyişib? Oxucular kimlər olmalı və necə dəyişməlidir?”
— Payız yarpağı kimi yağış altında gözəlliyi ilə fərq yaratmayan mükafatlar mənim üçün maraqsızdır. Bu cür mükafatlar yazıçının fəaliyyəti və nüfuzunu həll etmir, eyni məhz şair üçün də doğrudur; əsərlərdir ki, yazıçının qiymətini sübut edir.
Təəssüf ki, çoxları öz zəifliyi fərqində olsa da — əyləncəli bazarda çırpındığı halda, azad insanlara təəssübkeşliklə yanaşırlar. Bu cür “ştamlara” qarşı fikirli qalmalıdır.
— Müasir ədəbiyyatda eklektik yanaşma ilə ənənəvi üsullar arasında tarazlığı necə qurmaq olar?
— Hər şeydə məqsədli böyük ideyanı realizə edə bilmək üçün kimsə təşəbbüs göstərməlidir. Tez-tez fərqli mənbələrdən gələn nəzəri və bədii yanaşmalar həmin ideyanı zəif çiçəyə çevirir, sırf hər şeyə uyğun, amma dəyərsiz “dəstələr” yaradır. Bu gün böyük yazıçılar və ciddi tənqidçi kəsim artıq nadir haldır, improvisatorlar isə eyni bostan kimi çoxalıb, sözün mükəmməliliyi qarşısında vəfalı ola bilmir. Mənim tanıdığım italyan və xarici varlı ustadlarla birgə təcrübəm göstərir ki, klassik müəlliflər tarixdə qalacaq, digərları isə — səmərəsiz ibarələr, külə önündə uçar, unudulacaq qalıqlardır. Belələri — fırıldaqçı, adam qanı ilə bəslənən, məşhur “hörümçək adamlar” və yol kəsən müasir “ağqol rəqiblərdir”, su üzərində yaşayan metropolis planlayanlardır.
— Bu gün yazıçıların əsas məqsədləri̇ necə dəyi̇şi̇b? Bu gün oxucu ki̇tələri̇ necə dəyi̇şə bi̇lər?
— Keyfiyyət çatışmır. Biz nifrət, kin və intiqamla dolu bir mühitdə yaşamağa və mübarizə aparmağa məcburuq. Sanki minalarla dolu bir sahədə irəliləməyə çalışırıq. Sosioloji baxımdan, bir çox sərhəd xəttində olan insanlar öz qəzəbini azad və demokratik şəkildə düşüncələrini ifadə edənlərə yönəldirlər. Müəlliflər bu mənzərədə həm qələm, həm vicdan savaşçısı kimi davranmaq məcburiyyətindədirlər.
— Yazıçıların və şai̇rləri̇n əsərləri̇ ədəbi̇yyatdan kənar cəmi̇yyətə necə təsi̇r edi̇r?
— Səbrli olun — ən uzun günlərin də sonu var. “Unutmayın ki, yaradıcı anlar dayandırıla bilər; bağlar salın, divarlar tikməyin.” Hermann Hessenin “Klingsorun son yayı”nda təsvir etdiyi o qorxulu peyğəmbərliyin gerçəyə çevrilməsinə imkan verməyək. Biz bir tənəzzül dövründə yaşayırıq.
İnsanın dəyəri, onun "mən"indən nə dərəcədə və hansı anlamda azad ola bilməsi ilə ölçülür — bu, Albert Eynşteynin fikridir. İmmanuel Kant isə şərin kökünü özünü həddindən artıq sevməkdə görür və bildirirdi ki, bu, insanın bütün prinsiplərinə hakim olarsa, hər cür şərin qaynağına çevrilə bilər. “Əyri taxta” anlayışı da bu kontekstdə unudulmamalıdır.
Əxlaq sahibi insan, tənqidlərin, yalanların dağı altında da sağ qala bilər, çünki o, zamana və gücə deyil, həqiqətə və azadlığa bağlıdır. Transsendensiya gücdə, hökmranlıqda deyil — yaxşılığı, ədaləti və xalqlar arasında sülhü təşviq etməkdədir. Unutmayaq ki, biz ruh dövründəyik.
Aydın düşüncə, insanı qısqanclıq, təxribat və emosional asılılıqlardan uzaq tutur. Hallusinogen və zəhərli təsirə malik insanlardan mənəvi göbək bağını kəsmək vacibdir. Platonun öyrətdiyi kimi, patoloji eqo bütün pisliklərin atasıdır və bəziləri bu eqodan qurtula bilmir.
Ancaq qapının o tərəfində həmişə bir təbəssüm bizi gözləyir — sevgi şəklində təcəlli edən yeni bir idrak. Bu sevgi sözə çevrilib insanın mənəvi və varoluşsal dinamikasına sual yönəldən bir yol olur.
Sevgi — varlığın ontoloji möhürüdür.
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)
GENERAL ŞIXLİNSKİ niyə öləndə deyib ki, məzar daşıma ölüm tarixini yazmayın?
Şərəf Cəlilli, filolgiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Tarixin bütün dönəmlərində yetirdiyi qüdrətli sərkərdə-xaqanlarla dünyaya meydan oxuyan Azərbaycanın Şirvanşah İbrahim, Qaraqoyunlu Qara Yusif, Ağqoyunlu Həsən bəy, Şah İsmayıl Səfəvi, Cahan şah Həqiqi, Qazi Bürhanəddin, Nadir şah Əfşar, Ağaməhəmməd şah Qacar, Qubalı Fətəli xan, Gəncəli Cavad xan, Abbas Mirzə Qacar kimi qüdrətli sərkərdə-xaqanları olub. Onların adı çəkiləndə yer yerindən oynayıb.
Adı dünyanın hərb tarixinə həkk olunan belə qüdrətli sərkərdələrdən biri də general Əliağa Şıxlinskidi. Azərbaycan Xalq Cümhuriyyətinin məzarı olan yeganə generalı, “Artilleriyanın Allahı!” titulunu alan general Əliağa Şıxlinski hələ sağlığında əfsanəyə dönmüş sərkərdə kimi təkcə Çar Rusiyasında deyil, Avropada da məşhur sərkərdələrdən idi. Əliağa Şıxlinski yeganə Azərbaycanlı sərkərdə, türk və müsəlmandır ki, tarixdə ilk dəfə Fransanın generallara məxsus “Fəxri Legion” ordeni və zabitlərə təqdim olunan “Legion xaçı” ilə təltif olunub. Əliağa Şıxlinski generallar arasında ən yaxşı artilleriya generalı, məşhur hərb tarixi alimi olub.
Əliağa İsmayıl ağa oğlu Şıxlinski 1865-ci il aprelin 23-də Yelizavatpol (Gəncə – Ş.C.) quberniyasının Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olub. Anası Şahyəmən xanım Qazaxda məşhur şair Molla Vəli Vidadinin nəvəsidir. Əliağa Şıxlinski 1883-cü ildə Çar Rusiyası ordusunda hərbi xidmətə başlamış, 1886-cı ildə Peterburq Artilleriya Məktəbini əla qiymətlərlə başa vurmuşdu. 1904-1905-ci illərdəki Rus-Yapon müharibəsində batalyon komandiri kimi savaşan Əliağa Şıxlinski Port-Artur qalasının xilası zamanı xüsusi şücaətə görə “Qızıl qıılınc” və “Müqəddəs Georgi” ordenləri ilə təltif olunmuşdu.
Hərb tarixi ilə bağlı nəzəriyyələrin müəllifi
Müharibədən sonra Topçu Zabitlər Məktəbində yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Əliağa Şıxlinski, 1908-ci ildə polkovnik rütbəsini alır, 1910-cu ildə “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri çapdan çıxır. Hərb tarixi ilə bağlı bu gün də qiymətli mənbələrdən olan əsər hərb elmini dərindən mənimsənilməsi üçün ilk dərs vəsaitlərindən hesab olunur. I Pyotr, Kutuzov, Suvarov, Patyamkin, Yermolov, Sisianov kimi məşhur sərkərdələri olan Çar Rusiyasında ali məqamlardan birinə ucalan, “Artelleriya Allahı!” kimi şöhrətlənən Əliağa Şıxlinskinin “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi nəzəriyyələri topçu zabitlər üçün hazırlanmış dərsliklərin əsaslarından sayılır. Bu tarixi xidmətlərinə görə Əliağa Şıxlinski 1912-ci ildə, 49 yaşında general-mayor rütbəsinə layiq görülür. Çar Rusiyası ordusunun aparıcı silahlarından biri kimi dünyada məşhur olan Əliağa Şıxlinskiyə Birinci Dünya müharibəsi cəbhənin ən ağır istiqaməti etibar edilir. Petroqradın Artilleriya Müdafiəsi məhz general Əliağa Şıxlinskiyə tapşırılır. Müharibənin ağır aylarında Qərb cəbhəsinin Artilleriya qoşunlarının sərkərdəsi, 1917-ci ilin sentyabrından isə X Ordunun komandanı təyin edilir. Artilleriya sahəsindəki xüsusi xidmətlərinə və I Dünya müharibəsində qazandığı nailiyyətlərə görə tez-tez qürurla vurğuladığımız “Artilleriyanın Allahı!” fəxri adına layiq görülür. Onu da qeyd edəki ki, bu titulu ilk dəfə Sosializmin banisi, Kommunizmin bayraqdarı, Şura hökumətinin qurucusu Vladimir İliç Lenin tərəfindən səslənib.
Milli Ordunun əsas memarlarından biri
1918-ci il mayın 28-də Şərqin ilk Demokratik Cümhuriyyəti Tiflisdə elan olunduqdan iki gün sonra Əliağa Şıxlinski Vətənə Azərbaycana döndü. Cümhuriyyətin ongünlük Tiflis mərhələsi başa çatıb Gəncəyə köçəndə general Əliağa Şıxlinski Ordum var, Yurdum var, nidası ilə Cümhuriyyət qurucularını Xan bağında – Cavad xanın, Difai Partiyasının üç qurucusundan biri – Ələkbər bəy Rəfibəylinin, “İstiqlal bəyannaməsi”nə imza atan Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Əhməd bəy Ağayevin, Xəlil bəy Xasməmmədovun, Xudadat bəy Rəfibəylinin diyarında, Cümhuriyyətin ilk paytaxtında idi. Zabit şərəfi, sərkərdə ucalığı ilə süngüsünə söykənmişdi. Hər tərəfdən basqıya məruz qalan, Bakıya, əsas paytaxta yolu bağlanan Cümhuriyyətin ona, onun təcrübəsinə, sonsuz Vətən sevgisinə ehtiyacı vardı. 1918-ci ildə Cümhuriyyətin Gəncə mərhələsində ilk Hərbi Nazirlik qurularkən ona rəhbərlik edən general Əliağa Şıxlinski öncə Sultan bəy Sultanzadənin, sonra isə Hərbi nazir Səməd bəy Mehmandarovun baş ideoloq kimi tarix yaratmış, 1918-ci ilin dekabrında isə nazir müavini kimi ölkənin həssas dönəmində mühüm nailiyyətə imza atmışdı.
Cümhuriyyət Qızıl Ordunun Qırmızı terroruna məruz qaldığı dəhşətli günlərdən sonra da general Əliağa Şıxlinski peşəkar hərbçi kimi fəaliyyətini davam etdirmişdir. Öncə o, Moskvada Hərbi İnqilab Sovetinin Səhra qərargahında çalışmışdır. 1921-ci ilin yayında isə Azərbaycan Sovet Qoşunları Qərargahında çalışmışdır. 1929-cu ildə istefaya çıxan general Əliağa Şıxlinski İkinci Dünya müharibəsinin göydən yerə od ələdiyi 1943-cü il avqustun 18-də Bakı şəhərində dünyaya vida nəğməsi oxumuşdur.
Milli dövlətçilik tariximizdə qüdrətli sərkərdə-xaqanlar çox olub. Metenin, Atillanın, Alp Arslanın, Məlikşahın, Qəznəli Mahmudun, Osman Qazinin, Fateh Mehmetin, Yavuz Sultan Səlimin, Sultan Süleymanın, Əmir Teymurun, Şah İsmayıl Səfəvinin, Nadir şah Əfşarın adı gələndə dünyanın düzəni, mizanı dəyişmişdir.
Çar Rusiyası ordusunda xidmət etdi, türklüyünü danmadı
General Əliağa Şıxlinski qüdrətli sərkərdə, hərb tarixçisi, eyni zamanda hərbi məktəblərin Artilleriya bölmələrinin qurucusu, hərbi təlimlərlə bağlı ciddi əsərlərin müəllifi kimi tarixdə qaldı. Adını Cümhuriyyət qurucularının sırasına yazdı.
“Artilleriyanın Allahı” kimi şöhrətlənən, dünya hərb tarixində “Şıxlinski üçbucağı” və “Şıxlinski formulu” nəzəriyyələri ilə qalan Əliağa Şıxlinski Çar Rusiyasının nüfuzlu sərkərdələrindən olsa da, Rusiya-Türkiyə müharibəsində, I Dünya müharibəsində Osmanlı Türkiyəsinin müdafiəçisi kimi çıxış etməkdən çəkinməmiş, ömür-gün yoldaşı Nigar xanım Şıxlinskaya ilə birlikdə Sarıqamış hadisələri zamanı Çar Rusiyası tərəfindən Azərbaycana, Nargin adasına əsir olaraq gətirilən türk əsirlərin müalicəsinə bilavasitə nəzarət etmiş, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Həbib bəy Mahmudbəyov, Ağa Əlizadə kimi tarixi şəxsiyyətlərin sırasında yer almışdır.
Məzar daşına ölüm tarixini yazmayın...
General Əliağa Şıxlinski qüdrətli sərkərdə, peşəkar hərbçi idi. Bütün həyatı artilleriya generalı kimi səhralarda keçmişdi. İlk və son məhəbbəti də, səhra ilə bağlı olmuşdu. Onun könlünün sultanı Nigar xanım Şıxlinskaya Çar Rusiyası zamanı hərb tarixinə qədəm qoyan ilk türk, müsəlman, Azərbaycanlı qadın idi. Nigar xanım I Dünya müharibəsi zamanı ordu sıralarında yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri idi. İlk tanışlıqları sənəd üzərində olmuşdu. X Ordunun komandanı Əliağa Şıxlinski masasının üzərində yer alan tibbi arayışlarda Azərbaycanlı qadın imzasını görən zaman heyrətini ancaq, ona eşq elan etməsi ilə dilə gətirmişdi. Tiflisin məşhur əsilzadələrindən, Ali Gildiyalı tacirlərindən olan atası Əiağa Şıxlinskinin elçilərinə “Hərbiçiyə qız verə bilmərəm” deyib yox cavabı vermişdir. Qızını ondan ayırmaq üçün onu yaşlı tacirlə evləndirmişdi. İlk övladı dünyaya gələndən sonra dul qalan Nigar xanımın bu xəbəri Şıxlinskaya çatanda o, özü şəxsən elçi gəlmiş, onunla evlənmişdi. Onların bu nigahdan övladları olmamışdır. General Şıxlinskinin həyatına bahar çiçəyi, həm də bahar nəsimi kimi gələn Nigar xanım onu bivaxt tərk etmişdi.
General Əliağa Şıxlinski “Artilleriyanın Allahı”, Fransanın “Fəxri legion”, “Legion xaçı” Çar Rusiyasının “Qızıl Qılınc” və “Müqəddəs Goergi” odenləri ilə təltif edildi. Çox saylı orden və medallara layiq görüldü.
Onun qüdrətli sərkərdə, tarixi şəxsiyyət Milli Ordunun memarlarından biri kimi vüqarına, qüruruna, qeyrətinə, şərəfli ömür yoluna və sonsuz, hüdudları məlum olmayan sevgisinə ucaldığı bir abidə var: “Xatirələrim” memuarı.
Nigar xanımın ruhuna ithaf olunan kitabında general Şıxlinski onu bivaxt tərk edən, daha doğrusu 13 il öncə tərk edən Nigarına sevgisini son məqamda da heyrət doğuracaq əzəmətlə ifadə edib: “Mən öləndə məzarıma ölüm tariximi yazmayın. Onu sevimli Nigar xanımın dünyasını dəyişdiyi gündən hesab edin!” Bu bir qüdrətli sərkərdənin cənnəti ayaqlarının altında, sevgi dolu qəlbində saxladan Qadına verdiyi dəyər idi. Əmir Teymur sevgili xatunu Bibixanımın şərəfinə göy mərmərdən abidə ucaltdı, Babur şah Mümtaz Mahalın eşqinə Tac Mahala ruhundan qida verdi. Atabəy Məhəmmədlə Şəmsəddin Eldəniz Möminə xatun türbəsini tikdirdi.
General Şıxlinski isə Molla Vəli Vidadi müqəddəsliyinə bağlı olan sərkərdə ucalığı, əzəməti ilə min abidəyə bərabər tarixi bir kəlam işlətdi: “Mən öləndə məzar daşıma ölüm tarximi yazmayın. Onu sevimli Nigar xanımın dünyasını dəyişdiyi gündən hesab edin!” Şükriyyə xanım Əhməd Cavadın, Müşgünaz xanım Hüseyn Cavidin, Ümmügülsüm Seyid Hüseynin, Badisəba xanım Firudin bəy Köçərlinin, Məhbubə xanım Mahmudbəyova Şamil bəyin, Cəvahir xanım Xudat bəyin, general Əliağa Şıxlinski isə Nigar xanımın eşqinə şama pərvanə odu. Bu il Şıxlinskinin 160 illik yubileyidi. Bu il alman faşizmi üzərində qələbənin 80, erməni faşizmi üzərində tarixi zəfərin beşinci ildönümüdür. Hansı yöndən baxsaq oradan general Əliağa Şıxlinski görünür. Qüdrətli sərkərdə, “Artireliyanın Allahı”, eyni zamanda bir türk, Azərbaycan kişisinə xas cəsarətin, ləyaqətin, əbədi sevginin rəmzi olan general Əliağa Şıxlinski!
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)
Ustad aşıq İsfəndiyar Rüstəmovun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Aşıq musiqisini sevənlər. Bu xitabım sizədir. Bu gün ustad aşıq İsfəndiyar Rüstəmovun doğum günüdür.
İsfəndiyar Rüstəmov 1 iyul 1937-ci il tarixində Gədəbəy rayonunun Gərgər kəndində doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayıb.
İsfəndiyar Rüstəmov SSRİ-nin 50 illik yubileyi münasibətilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb. 1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb.
1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibətilə Moskvada keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.
1975–1977-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri "Qızıl medal"a layiq görülüb. Aşıq İsfəndiyar isə ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə "Qızıl medal"la yanaşı birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.
Heydər Əliyev aşıq sənətini istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində həmişə diqqət mərkəzində saxlayardı. Təsadüfi deyil ki, hələ 1981-ci ildə bir çox sənət adamları kimi Aşıq İsfəndiyar da Heydər Əliyevin qayğısını görüb, onun təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının 30-cu qurultayında yaxşı iştirakına görə aşığın rəhbərlik etdiyi ansambl "Xalq aşığı ansamblı" adlanmağa başlayıb.
Aşıq İsfəndiyar bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub və keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edərək mükafatlarla doğma vətəninə qayıdıb.
Mükafatları
- 25 yanvar 1991-ci ildə aşıq musiqi-ifaçılıq sənətinin təbliğində xidmətlərinə görə ona "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı verilib.
- Prezident təqaüdünə layiq görülüb.
- 2010-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
2007-ci ildə Aşıq İsfəndiyar haqqında "Ustad nəfəsi" sənədli filmi çəkilib. 2018-ci il fevralın 9-da, 80 yaşında İsfəndiyar Rüstəmov dünyaya gözlərini qapayıb. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)
Reyhan Kənan "Qələm tutan incə əllər"də...
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edilir. Həmin layihə çərçivəsində təqdim edəcəyim digər qələm sahibi Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Reyhan Kənandır.
Qısa təqdimat:
Reyhan Kənan: 1969-cu ilin yanvar ayının 16-da Cəlilabad rayonunun Cəngan kəndində dünyaya göz açıb. Son dövrdə ədəbiyyata gələn istedadli şairlərdəndir. Şeirləri dövrü mətbuatda müntəzəm olaraq çap olunur. Bundan əlavə, həm də onun qələmə aldığı şeirləri müxtəlif antologiya və almanaxlarda dərc edilir. 2003-cü ildə “Həyatdan şirin yuxular”, 2009-cu ildə “Hardasa əsməmiş külək yatır”, 2013-cü ildə "Anamın Göz Yaşı Dəniz", 2019-cu ildə isə "Alova atılan ürək" adlı kitabları işıq üzü görüb.
Reyhan xanım 2010-cu ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-2016-cı illər ərzində Naxçıvan Universtetinin pedoqoji fakultəsini bitirərək bakalavr diplomunu almış, hal-hazırda isə Bakı Qızlar Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi fakultəsinin tələbəsidir. Hal-hazırda Bakı şəhərində yaşayır. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında çalışır. Ailəlidir, 2 oğlu,1 qızı var.
Bədii ədəbiyyat nümunələri:
Reyhan xanımın qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış olaq:
"Başqa adam"
Ürəyim o qədər böyük də deyil,
Yalnız öz sevgimə, eşqimə damdır.
Gözlərim özümün, ordansa baxan,
Bəlkə mən deyiləm, başqa adamdır.
Gözümdən boylanıb baxsam da çölə,
Göz yaşı axanda axıb gedərəm.
Ürəyə enməyə izn verməsən
Elə gözlərindən çıxıb gedərəm.
Özüm öz gözümdə gizlənən gündən,
Daha dözümlüyəm kədərə, dərdə.
Hər zaman işığı görmək istədim.
Kirpiyim asıldı günəşə pərdə.
Elə dəyişdim ki, küsdü ürəyim,
Çevrildim xəyalın boş qalığına.
Ya çıxıb gedərəm, ya da bacarsan.
Öyrəş bu Reyhanın başqalığına.
"Sevgililər"
Rənglər həyat rəmzidir,
Dünyamızı bəzəyən
Rənglərin ahəngidir.
Ağ rəngi çox sevirəm,
Sanki parlaq işıqdır,
Hər şeyə yaraşıqdır.
Onun əksi qaradır,
Qara ağ üzərində
Daim kölgə yaradır.
Bir-birinə zidd olan
İki rəngdir ağ-qara
İzləyib bir-birini
Hara gedirlər, hara?
Qara rəngli torpaqdan
Ağ çörəyi tapırıq
Onunçün də əzəldən
Bu torpağa tapındıq.
Əzəl gündən alına
Yazılan yazıdırlar
Görəsən bu iki rəng
Nədən narazıdırlar?
Bu iki rəng həyatın
Hey danışan dilidir.
Ağ kəfən,qara torpaq
Ən gözəl sevgilidir...
Son olaraq doğma elimizin tanınmış şairi Reyhan Kənan xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)
Hümbət Həsənoğlu: “Hər bir sumqayıtlı oxusun”
“Ədəbiyyat və incəsənət” portal tanınmış yazar, social şəbəkə aforizmləri ilə məşhurlaşmış Hümbət Həsənoğlunun oxuculara müraciətini və hekayəsini diqqətiniə çatdırır.
Dostlar, mənim “Sumqayıt dolması” kitabım çapdan çıxıb. Başda əziz redaktorum Arif Ərşad olmaqla, kitab böyük bir kollektivin əməyinin məhsuludur.
İki dildə (Azərbaycan və ingilis), nəfis şəkildə, rəngli şəkillərlə illüstrasiya olunmuş kitab doğma Sumqayıtımıza, əziz sumqayıtlılara bir töhfədir.
Hamı məndən Sumqayıt dolması haqda, onun ideya və məğzi haqda soruşur, maraqlanır. Beynəlxalq dolma festivallarının qalibi olmuş bu dolma haqqında mən hekayə yazmışam. Bu hekayəni oxuyan insan Sumqayıt dolması haqda tam məlumatlı olacaq. Buyurun oxuyun.
Ən ləziz yemək
(hekayə)
Amerikanın Kaliforniya ştatının məhkəməsinin ona ölüm hökmü çıxartmasını o sakit qarşıladı.
Sevdiyi qızı narkotik bataqlığından çıxartmaq cəhdləri sonda onu da həmin bataqlığa sürükləmişdi.
Asan yolla çox pullar əldə etmək vədi ilə yeni dostları onu narkotik qaçaqmalçılığına təhrik etdilər və polislə son qovhaqovda onun iki polis zabitini güllələməsi həyatını ölüm dalanına dirədi.
Kamerada vəkili ilə sükut içində oturmuşdular, vəkilinin ona təsəlli sözləri belə yersiz olardı. Ölüm hökmü oxunan insana nə təsəlli ola bilərdi ki?
Vəkil getməmişdən öncə yalnız bunları deyə bildi:- ölümün icraatı adətən çox da uzana bilir.
Bir şey də, ABŞ qanunvericiliyinə əsasən ölüm hökmü çıxarılmış müttəhim ölümqabağı axşam istədiyi şam yeməyini restorandan sifariş verə bilər.
Tək qalanda düşündü:-deməli, yemək sifarişi bu həyatda onun son müstəqil seçimi olacaq.
Onun atası Stiv Adams dünya şöhrətli aşpaz idi. O, üç ulduzlu Mişlen reytinqli “The French Laundry” restoranın baş aşpazı işləyirdi.
Atası onu və ondan iki yaş balaca olan qardaşı Tonini də öz sənətinə yönəldirdi. Uşaqlıqdan onlara ərzaq məhsullarını seçmək, kəsmək, doğramaq qaydalarını öyrədirdi.
Ataları öz peşəsinə incəsənət kimi yanaşırdı. O, deyirdi ki, hər bir insanın ləzzətə ehtiyacı var. İnsan başqa ehtiyacları qarşıladığı kimi, ləzzət ehtiyacını da qarşılamalıdır. O hər dəfə vurğulayırdı ki, yemək ləzzəti yeganə ləzzətdir ki, insanı anadan olandan son mənzilə qədər etibarla müşayiət edir.
O tez- tez təkrar edirdi ki, ağızda qidanın duzluluğunu, acılığını, şirinliyini, turşluluğunu müəyyən edə bilən on minə yaxın dad reseptorlarıı var. İndi on min dili olan bir fortepiano təsəvvür edin. Aşpaz onun dillərindən istifadə edib musiqi, yəni yemək kompozisiyası yaratmalıdır. Yaxşı kulinar elə bəstəkardır, o, yemək bəstələyir.
Bir gün o, atasından soruşmuşdu:- ata, dünyanın ən yaxşı yeməyi hansıdır? Atası gülümsəyərək cavab vermişdi:- dünyada yalnız bir xalq olsaydı, o yemək yəqin ki, olardı. Xalqlar çox olduğundan yemək ənənələri və dad stereotipləri də müxtəlifdir.
Amma kulinariya zirvəsində olan yeməklər mövcuddur. Mən çox dünya yeməkləri haqda oxumuşam, dadmışam, münsiflik etmişəm. Bir təam haqqında bilməyinizi istəyirəm.
Vyetnamdan İspaniyaya və hətta okeanın biz tərəfinə qədər coğrafi arealda yayılmış bu yeməyin adı dolmadır. İlk dəfə ət qiyməsini bitki yarpağına bükmüş insan çox istedadlı olub. Çox xalqlar bu yeməyin müəllifliyinə iddialıdırlar. Amma əksər alimlər bu yeməyin türkdilli xalqlara mənsub olduğuna əmindirlər, çünki “dolma” sözü türklərin “dolmaq”, “doldurmaq” sözündəndir. Həqiqətən də yarpaq götürülüb içi doldurulur.
Gəlin birlikdə düşünək, dünyanın ən yaxşı yeməyi necə olmalıdır?
Birincisi, o yemək insana faydalı olmalıdır, yəni insana lazım olan maddələrlə; zülallarla, yağlarla, karbohidratlarla, vitaminlərlə və mikroelementlərlə zəngin və lazımi mütənasiblikdə olmalıdır.
İkincisi, o yemək dadlı olmalıdır, yəni ağızda olan bütün reseptorları eyni anda oyada bilməlidir.
Üçüncüsü, o yemək mədə-bağırsaq sistemində rahat həzm olunmalı və heç bir narahatlıq yaratmamalıdır.
Dördüncüsü, bu yeməyin xoş ətri olmalıdır.
Beşincisi, bu yeməyin gözəl görünüşü olmalıdır.
Bütün bunlar ona görədir ki, təam insanın olan bütün beş hissinə məmnunluq gətirsin.
Dolma demək olar ki, bütün bu kriteriyalara cavab verir. Onun əlavə özəlliyi də odur ki, hər dolma elə mikro qazandır. Yarpaq bu mini qazanın divarlarıdır. Yarpaq qiyməni elə bükməlidir ki, qazanın suyu hər dolmanın içinə düşə bilməsin və həm də əksinə, dolmanın içinin şirəsi qazan suyuna qarışmasın. “Kiçik qazanlar” böyük qazanın içində bişirilir. Dolma ağız ölçüsü boyda olmalı və onun tamlığı yalnız ağızda pozulmalı və dolmaiçi şirə ağıza tökülüb “dad partlayışı” effekti yaratmalıdır. Hər dolma ağızda dad atəşfəşanlığına səbəb olmalıdır. Dolmanın tamlığını ağızdan kənar pozmamaq üçün ona cəngəllə toxunmaq olmaz. İdeal halda əllə, kompromis olaraq qaşıqla dolmanı yemək olar.
İndi mən sizə hələ heç kim tərəfindən həll oluna bilməyən bir tapşırıq verəcəyəm, həll etsəniz, adlarınız qızıl hərflərlə kulinariya tarixinə yazılacaq.
Atalarının bu sözləri onları cuşa gətirmişdi, onlar bu məsələni mütləq həll etmək əzmində idilər.
-Diqqətlə qulaq asın: Dolmanı hazırlamaq üçün dünyada bitən bütün yarpaqlardan istifadə olunub, sonda iki yarpaq seçilib.
Birincisi, üzüm yarpağıdır. Sellulozası çox olduğundan bu meyvə yarpağı sərtdir. Mini qazan divarı kimi əladır. Yəni qiyməni bu yarpağa hermetik bükmək olur, nə qazanın suyu dolmanın içinə düşə bilmir, nə də qiymənin şirəsi qazan suyuna qarışmır. Onun bu parametri çox yaxşıdır. Amma hər gözəlin bir eybi olduğu kimi bu dolmanın da bir kiçik eybi var. Bildiyiniz kimi üzüm yarpağı sərtliyindən ayrıca yeyilmir, təəssüf ki, qazanda bişirildikdən sonra belə o, nisbətən sərtliyini saxlayır və mədə-bağırsaq sistemində azacıq problemləri olan insanlarda diskomfort yaradır.
İkinci yarpaq, kələm bitkisinin yarpağıdır. Kələm yarpağı mədə-bağırsaq sistemi üçün mükafatdır; rəhat həzm olunur və hətta mədə-bağırsaq xəstəlikləri üçün müalicəvi təsirə malikdir. Amma, yumşaqlığından o qiymənin hermetikliyini təmin edə bilmir. Bir çox ölkələrdə qiyməni kələmə bükəndən sonra onu iplə sarıyırdılar ki, hermetiklik təmin olunsun. Təəssüf ki, iplə sarımaq belə çox vaxt işə yaramır, qazanın suyu dolmanın şirəsinə qarışır. Eyni zamanda yadda saxlayın ki, üzüm yarpağının əsrarəngiz dadını kələm verə bilmir.
Gördüyünüz kimi dilemma var. Həm hermetiklik təmin olunmalı, həm də mədə-bağırsaq əziyyət çəkməməlidir. Gedin, düşünün!
O, qardaşı Toni ilə bütün kulinariya ensiklopediyalarını araşdırdılar, müxtəlif üzüm növü yarpaqlarıni bişirib dadına baxdılar.
İdeyalar o idi ki, necə etsinlər ki, üzüm yarpağı yumşalsın. Bir üsul tapmışdılar, amma o üsulda üzüm yarpağı elə qazanda dağılırdı. O dilemma elə də həll olunmamış qaldı və onlar kulinariya tarixinə düşə bilmədilər. Qardaşı Toni tarixə düşə bilməsə də, kulinaryaya düşdü. Atalarının vəfatından sonra Toni atası işləyən restoranın baş aşpazına qədər yüksəlib, çox kulinariya müsabiqələrinin qalibi olub.
O, qərara gəldi ki, ölümaxşamı şam yeməyinə Toniyə üzüm yarpağından dolma sifariş versin. Özündə olan qastriti göz önünə rahat almaya bilirdi…
Qoy elə indi həbsxanada olan telefonla ona zəng etsin ki, o, lazımi tədarükünü görə bilsin.
- Alo, salam Toni.
- Tom, əzizim, biz yas içindəyik. Belə olmamalı idi axı!?
- Gecdir daha Toni, artıq olan olub. Üzülməyin. Ritaya salam de, uşaqları öp mənim əvəzimə.
- Tom, ürəyim parçalanır! Sənə kömək edə bilməmək çarəsizliyindən sınıram.
- Belə oldu, təəssüf ki.
Toni, bir xahişim var.
- De, əziz qardaşım, nə desən, edərəm sənin üçün.
- Toni, mənə üzüm yarpağından dolma hazırlaya bilərsən?
- Dolma? Əlbəttə! Mütləq hazırlayaram. Hətta sənə sürpriz də edərəm!
- Sürpriz?
- Hə. Yadındadır, biz üzüm yarpağı ilə kələm yarpağı arasındakı dilemmanı həll etməyə çalışdıq.
- Əlbəttə yadımdadır, çox çalşdıq səninlə. Yoxsa, o problemi həll etmisən?
- Problem həll olunub, amma onu başqa birisi həll edib.
- Ola bilməz! Necə?
- Təsəvvür edirsən, nə edib o insan?
Qiyməni əvvəl üzüm yarpağına büküb, sonra o yarpağın üstündən ikinci qat olaraq əlavə kələm yarpağına büküb. İkinci kələm qatı üzüm yarpağının hermetikliyinə dəstək olur və ən vacibi, kələm altında qalan üzüm yarpağını əlavə bişirir və onu yumşaldır. Kələm yarpağı üzüm yarpağına mədə-bağırsaqda həzm olunmağa da kömək edir. Kələmin azacıq şirinliyi üzüm yarpağının gözəl dadına əlavə notlar əlavə edir.
- O dahi kimdir?
- Mən bunları bir həftə bundan qabaq internetdən oxudum. Sən demə 2012 ci ildə bu dolma ixtira olunub və iki beynəlxalq dolma festivalında yüzlərlə dolma arasında birinciliklər qazanıb.
Dolmanın adı belədir: İkiqat Sumqayıt dolması. Sumqayıt Qafqazda yerləşən Azərbaycan ölkəsində şəhərdir.
- İnanılmazdır! O müasir Edisonun adı nədir?
- Hümbət Həsənoğlu, ixtisasca həkimdir, həm də yazıçıdır.
- Sən o dolmanı hazırlaya bilərsən?
- Əlbəttə, resepti əldə etmişəm.
Amma o insan bu dolmanı ixtira etməklə kifayətlənməyib!
- O əclaf yenə nə düşünüb?
- Təsəvvür edirsən, o alimləri cəlb edərək formalar düzəltdirib və xüsusi ölçülərdə buz hazırlayır. Hər dolma qiyməsinin içinə o buzları qoyur. Qazanın içində o buzlar əriyib ikiqat dolmalara əlavə ilginc şirəlik verir.
İndi dünyanın ən ləziz yeməyi belə adlanır: Buzlu, ikiqat Sumqayıt dolması!
Sən narahat olma, düşünürəm ki, onu bizə dəvət edim, onunla birlikdə o möhtəşəm dolmanı, dolmaların şahını, nəinki dolmaların, bütün yeməklərin şahını sənin üçün hazırlayarıq….
P. S. Dostların xahişi ilə bu hekayəmi də (Azərbaycan və ingilis dilində) kitaba daxil etmişəm.
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)
SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Rəfiqəm mənim”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏFİQƏM MƏNİM
Cənazəni qürbətdən
təyyarəylə gətirdilər.
Qapalı dəmir yatağında
vətən torpağına
yetirdilər.
Soyuq barmaqlarıyla
yapışdı ürəyimdən –
bu dərd mənim, bu qəm mənim,
Nəzakət, Nəzakət,
əziz, mehriban
rəfiqəm mənim.
İllərin arxasından
xatirələr aləminə
səsləyir məni
məlahətli səsin,
xoş gülüşün,
incə rəftarın...
Düşünən başın,
zəhmət sevən
əllərin idi dövlətin, varın.
Uşaqlıq illərimiz
Yetimliklə, möhnətlə keçdi...
Gəncliyimiz
qayğıyla, zəhmətlə keçdi...
Nə dövlətli qohumların
kölgəsinə sığındıq,
nə şöhrətli dostların.
Yetim böyüdük,
dünyanın bütün
yetim uşaqları kimi –
cəfakeş, çətin...
Yaxşı adamlar da gördük –
xeyirxah, nəcib.
Əlimizdən yapışdılar
dar gündə,
büdrəməyə qoymadılar.
Bədxahlar da gördük,
fənalıqdan, yamanlıqdan
doymadılar.
Yetimliyin hər yerdə
birdir dadı...
Bu xalqın balasıydıq –
vətən övladı.
Nə ata çörəyi yedik,
nə gördük qardaş sovqatı...
Qamçıladı bizi
acı-acı
sərt üzlü yetimlik həyatı.
Tabutu qürbətdən
təyyarəylə gələn,
Soyuq, dəmir yatağında
Ömür yorğunluğundan
dincələn
Nəzakətim, rəfiqəm mənim, –
yıxdı könlüm evini
bu dərd, bu ələm mənim...
Sən həyatı sevirdin,
Sevirdin insanları...
Sevindirirdi səni
Qürbətdən uçub gələn
durna qatarı...
Gecələr göy üzünə
səpələnmiş
ulduzlara baxar,
gülümsərdin...
Elə bil yox idi
Bu dünyada kədərin, dərdin.
Alman dilində
şeirlər oxuyardın
heyran-heyran...
Şeirlə nəfəs alar,
şeirlə yaşayardıq hər zaman.
Səni valeh etmişdi
alman dahisi
Hötenin romantik qanadı...
Məni “məhəbbət və iztirab” ustadı
Füzulinin səssiz fəryadı...
Toy günündə mənə
Füzuli divanını gətirdin hədiyyə.
Elə bil dünyanı
bəxş etdin mənə;
oxudum, doymadım,
içdim, doymadım yenə...
Ömrün çətin yollarında
bizə yar oldu Əli, Rəsul.
Onlar açıqürəkli,
qaynar məhəbbətli
gənclər idi.
O zamanlar bizimlə
ünsiyyət bağlamaq,
Sadə sevgi deyil –
böyük hünər idi...
Xatirələr aləminə səsləyir yenə
Bu ayrılıq, bu qəm məni,
Nəzakət, Nəzakət,
Əziz, mehriban rəfiqəm mənim.
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)