Super User

Super User

Çərşənbə axşamı, 01 İyul 2025 08:04

“Qayıt ata” dünyanı fəth etdi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Təqvimi vərəqləyəndə daha bir ad diqqətimdən yayınmadı: Şair, publisist Dəyanət Səlimxanlı.

 

O, 1960-cı il iyulun 1-də Azərbaycanda Yardımlı rayonunun Çanaxbulaq kəndində anadan olub. Burada kənd yeddiillik məktəbi, qonşu Bərcan kəndində orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Sumqayıt şəhərindəki 2 saylı yataqxanada tərbiyəçi müəllim kimi başlayıb. "Açıq söz" qəzetində müxbir, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində böyük redaktor işləyib.

Bir müddət fərdi yaradıcılıqla məşğul olub. Hazırda "Respublika" qəzetinin ştatdankənar müxbiridir.

Bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. İlk mətbu şeri "Qayıt ata" 1983-cü ildə "Azərbaycan qadını" jurnalında çıxıb. Bəstəkar Ələsgər Abbasovun bu şeirə bəstələdiyi mahnı Bakıda keçirilən "Odlar yurdu — 90" festivalında üçüncü yerə, Orta Asiyada 1991-ci ildə keçirilən "Ümumşərq xalqlarının musiqisi" festivalında birinci yerə layiq görülüb, “Komsomolskaya pravda" qəzetinin diplomuna layiq görülüb.

 

Kitabları

- Anam dua oxumasa

- Qayıt ata

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

30 iyun 2025-ci il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqının təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin dəstəyi ilə Şəki -Zaqatala regionunda fəaliyyət göstərən teatr xadimləri ilə görüş keçirilib.

 

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşdə ittifaqın idarə heyətinin sədri Hacı İsmayılov, sədr müavini İlham Namiq Kamal, ittifaq üzvləri, mədəniyyət işçiləri və teatr xadimləri iştirak edib.

Tədbir çərçivəsində bir sıra teatr xadimi teatr sənətinin inkişafında göstərdikləri xidmətlərə görə 'Teatr fədaisi' medalı ilə təltif olunub.

Çıxış edənlər arasında Azərbaycan teatrının tanınmış simaları ilə yanaşı, Şəki Dövlət Dram Teatrının yaradıcı heyəti də yer alıb.

Qonaqlar Şəkinin zəngin mədəni irsini, teatr ənənələrini yüksək qiymətləndirərək bu irsin qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirin məqsədi teatr sənətinin regionlarda inkişafı, yaradıcı mübadilə və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

Bazar ertəsi, 30 İyun 2025 18:21

Diaspor Komitəsi təkzib edir

“Ədəbiyyat və incəsənət” portalının poçtuna Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən bəyanat mətni daxil olub. Mətndə deyilir:

 

Rusiyanın “Azərbaycan diasporu” adlı saxta teleqram kanalında “Azərbaycan icması Bakını Moskva ilə münasibətləri pozmaqda ittiham edib” başlıqlı yazı dərc olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi bildirir ki, yazı  Rusiyada Azərbaycan diaspor üzvləri ilə bağlı son hadisələrlə əlaqədar təxribat xarakterli bəyanatdır və bu bəyanatın Rusiyadakı Azərbaycan diasporuna heç bir aidiyyatı yoxdur. Saxta teleqram kanalının belə bir məlumat yayması ölkəmizə və Rusiyada yaşayan soydaşlarımıza qarşı yönələn təxribatdır. 

 

Heç bir həqiqəti əks etdirməyən, təxribat xarakterli  həmin yazıya istinad olunması, diasporun mövqeyi kimi ictimaiyyətə təqdim olunması yolverilməzdir. Media nümayəndələrindən belə bir həssas məqamda diqqətli olmağı xahiş edirik.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

Azərbaycan xalqının zəngin mədəni irsinin mühüm daşıyıcılarından biri olan folklor təkcə milli yaddaşın göstəricisi deyil, həm də gələcək nəsillərin mənəvi tərbiyəsində əvəzsiz rol oynayan xəzinədir. Xüsusilə uşaqlar üçün folklor ilk ədəbiyyat təcrübəsinin başlanğıcı, həmçinin ana dilinin öyrənilməsi və sevdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Bu məqsədlə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi “FOLKLOR – Uşaq ədəbiyyatının qaynağı və Ana dilinin daşıyıcısı” adlı veblioqrafiya tərtib edərək virtual oxucuların istifadəsinə verib.

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, veblioqrafiyada şifahi xalq ədəbiyyatına dair 90 adda kitabın biblioqrafik təsviri və tam mətnləri sistemləşdirilmiş formada öz əksini tapıb. Əsas məqsəd Azərbaycan xalqının zəngin şifahi xalq ədəbiyyatı nümunələrini sistemləşdirərək oxuculara təqdim etmək, uşaqların ədəbiyyata marağını artırmaq, həmçinin ana dilinin təbliği və qorunmasına töhfə verməkdir.

Biblioqrafik mənbə ilə aşağıda qeyd edilən link vasitəsilə tanış ola bilərsiniz:

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/veblioqrafiya/folklor-usaq-d-biyyatinin-qaynagi-v-ana-dilinin-dasiyicisi

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

 

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələrin veteranlar təşkilatı” İctimai Birliyinin “Qeyri - hökumət təşkilatlarına dəstək” Agentliyinin layihəsi əsasında “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” adlı tədbir təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

Kitabxananın direktoru Aslan Cəfərov tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri Bədirxan Əhmədova verdi. Professor Bədirxan Əhmədov Birinci Qarabağ Müharibəsi dövründə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən və bu dəhşətli hadisələrin, soyqırım və faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışdı. Milli ideologiyanın təhlükəsizliyi mövzusunun aktuallığından danışaraq, yetişməkdə olan gəncliyin və bütövlükdə bütün xalqın bu istiqamətdə səfərbərlik nümayiş etdirməli olduğunu bildirdi.

AMEA-nın Folklor İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Vəfa Saleh uzun illər müharibə ərazisinin “qaynar” nöqtələrində təşkilatçısı olduğu layihələr, müsabiqələr, görüşlər haqqında danışaraq, həyata keçirilən bu layihənin əsas məqsədinin İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılması olduğunu bildirdi.   Vəfa Saleh layihənin keçirilmə müddəti, əhatə etdiyi əhali qrupları, layihə çərçivəsində keçirilən tədbirlər haqqında geniş məlumat verərək, layihənin həyata keçirildiyi dövrdə ilk dəfə “Azərbaycan hərbi marşları” adlı kitabın çap olunacağını və bu kitabda I və II Qarabağ savaşları zamanı ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşların kitaba salınacağını bildirdi.

Tarix və etnologiya İnstitutunun elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, Birinci Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, ölkə rəhbərliyinin şəhid ailələrinə və müharibə veteranlarına daim  diqqət və qayğı ilə yanaşdığını söylədi.

Tədbirin sonunda qonaqlar iştirakçıların suallarını cavablandırdılar.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

Bazar ertəsi, 30 İyun 2025 17:00

“ASAN xidmət” Ruandada tətbiq ediləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ruanda Respublikası Hökumətinin dəvəti ilə bu ölkəyə səfər edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Agentlikdən verilən məlumata görə, səfər çərçivəsində Ruandanın İnkişaf Şurası, Ruandanın dövlət xidməti naziri, eləcə də digər aidiyyati qurumların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə görüş keçirilib. Dövlət Agentliyinin sədri tərəfindən “ASAN xidmət”, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə əlaqədar geniş təqdimat edilib.

Görüşdən sonra Dövlət Agentliyi ilə Ruandanın İnkişaf Şurası arasında Anlaşma Memorandumu imzalanıb.  Məqsəd “ASAN xidmət” təcrübəsinin Ruandada tətbiqidir. Anlaşma Memorandumunun implementasiyası çərçivəsində “ASAN xidmət” təcrübəsi əsasında Ruandada dövlət xidməti mərkəzinin yaradılması planlaşdırılır.

Səfər zamanı Dövlət Agentliyinin sədri Kiqali Soyqırımı Memorialını ziyarət edib, kütləvi qətliamın qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq əklil qoyub və xatirə kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə baş tutmuş 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ruanda Respublikasının Prezidenti Pol Kaqame arasında keçirilmiş görüş zamanı qarşı tərəf “ASAN xidmət” təcrübəsinin Ruandada tətbiqində maraqlı olduğunu bildirib və bu çərçivədə Ruanda nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında ümumrespublika və beynəlxalq səviyyəli konfransların təşkili, elmi simpoziumların keçirilməsi, nəzəri-təcrübi əhəmiyyətli elmi-metodiki dərsliklərin, tərcümə əsərlərinin, monoqrafiyaların nəşri artıq ənənə halını alıb.

Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbərliyi ilə gerçəkləşən bu layihələr cəmiyyətimizdə elmi-ədəbi publika tərəfindən yüksək qiymətləndirilməkdədir.
Bu günlərdə Fondun layihələrinin uğurlu nəticəsi kimi işıq üzü görən, respublikamızın tanınmış müəllimi, pedaqoq-alim, şair, tərcüməçi Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş "Ruhlarla danışan adam" məqalələr toplusu; şair Qadir Hüseynovun "Mənim dünyam" şeirlər kitabı; gənc tədqiqatçı Tural Adışirinin "Publisistik və poetik düşüncələr" kitabları Prezident Kitabxanasına, M.F.Axundov adına Milli Kitabxanaya, şəhər və rayon kitabxanalarına və ictimaiyyətə təqdim olunub.
Kitabxanadan bildirilib ki, Vaqif Aslanın 75 illik yubileyinə ərməğan olaraq nəşrə hazırlanan "Ruhlarla danışan adam" kitabının Şəkidə Heydər Əliyev Mərkəzində, Bakıda Azərbaycan Milli Elmlər Akademiyasında təqdimatı keçirilib. 
Əsasən yubiley təbriklərinin yer aldığı "Vaqif Aslan - 75", "Vaqif Aslan yaradıcılığı haqqında yazılanlar", "Müsahibələr", "Vaqif Aslanın avtobioqrafiyası" fəsillərində bütövləşən, sənətkarın yaradıcılığını müxtəlif aspektlərdən işıqlandıran bu kitab monumental tədqiqat əsərini xatırladır və ədibin elmi-ədəbi-pedaqoji fəaliyyətinə qiymətli töhfədir.
Fondun yeni nəşrlərindən biri də şair Qadir Hüseynovun "Mənim dünyam" şeirlər toplusudur. Kitabda müəllifin Vətənimiz Azərbaycana, Zəfərimizə, Qarabağ fatehi Ali Baş Komandanımıza, Türk dünyasına həsr etdiyi şeirlər xüsusilə diqqət çəkməkdədir.
Fondun gerçəkləşdirdiyi növbəti layihə Şəki ədəbi mühitinin təmsilçisi, gənc tədqiqatçı Tural Adışirinin Azərbaycanın şimal-qərb bölgəsinin folkloruna aid orijinal elmi araşdırmaları, müasir ədəbi prosesin ayrı-ayrı nümayəndələri haqqında publisistik məqalələri və şeirləri toplanmış "Publisistik və poetik düşüncələr" kitabıdır.
"Elm və Təhsil" nəşriyyatında səhih dizayn və nəfis tərtibatla işıq üzü görən bu kitablar geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Lətifə Məmmədova
Tarix elmləri üzrə fəlsəfə doktoru

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

28 iyun 2025-ci il tarixində Bakı şəhəri Xətai Sənət Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində ilk tədbir keçirildi. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi olmuşdur.

 

Tədbirin aparıcısı və layihənin rəhbəri Güllü Eldar Tomarlı tədbiri açaraq layihənin məqsədləri, istiqamətləri və əhəmiyyəti haqqında geniş məlumat verdi. Bildirildi ki, layihənin əsas məqsədi Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin – kəlağayı, örpək, araqçın, papaq və digər ənənəvi örtüklərin tədqiqi, təbliği və gələcək nəsillərə ötürülməsidir.

 

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxış edərək layihənin mədəni və tərbiyəvi əhəmiyyətindən danışdı, bu cür təşəbbüslərin milli dəyərlərimizin qorunması və təbliğində mühüm rol oynadığını vurğuladı.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov qeyd etdi ki, milliliyimizi tanıtmaq, bu gündən sabaha ötürmək, gələcək nəsillərə çatdırmaq mədəniyyətimizə həm xidmət, həm də mədəniyyətimizin inkişafıdır. Bu gün Güllü Eldar Tomarlı nənələrimizin, analarımızın, qız- gəlinlərimizin  müqəddəs örpəyi olan kəlağayılarımızın danışan dilidir.

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış aşıq Solmaz Kosayeva öz çıxışında milli kimliyimizin mühüm daşıyıcılarından olan baş geyimlərinin həm məişətdə, həm də rəmzi anlamda xalq həyatında tutduğu yerə diqqət çəkdi.

Tədbir çərçivəsində Azərbaycan kişilərinə və qadınlarına məxsus müxtəlif dövrlərə aid milli baş geyimlərinin – kəlağayıların, papaqların, tirmə çalmanın və digər örpəklərin sərgisi təşkil olundu. Sərgi ziyarətçilərdə böyük maraq doğurdu, ziyarətçilər milli ornamentlərlə bəzədilmiş geyim nümunələri ilə yaxından tanış olmaq imkanı qazandılar.

“Nənə qızlar folklor ansamblı" -nın rəhbəri Almara Nəbiyeva və folklor ansamblı, 225 saylı məktəbin direktor müavini, yazıçı, "Kiçik Akademiya" nın qurucusu və rəhbəri Zenfira Nusalova, qazilər, Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun ( MAFİ) kordinotoru, folklorşünas Aynur Qəzənfərqızı, gənc aşıq Nərmin Cəlal, şairlərdən Rəfail Tağızadə, Vaqif Osmanlı, Brilyant Atəş, Tofiq Həsrət, Azadə Quliyeva, Moskva Milli- Mədəni Muxtariyyətinin nəzdində fəaliyyət göstərən Moskva Qadınlar Birliyinin üzvü Səidə Rəhimli, Mirvarid Dilbazi Poeziya Məclisinin müşaviri Vüsal Sehranoğlu öz maraqlı çıxışları ilə tədbirə xoş ovqat bəxş etdilər.

Quramaçı Aybəniz Camalovanın "Kəlağayı kompozisiyası" nümayiş olundu.

Tədbirin ən maraqlı hissələrindən biri isə məclisin üzvləri Hənifə Şəbnəm və Fatma Ayna tərəfindən qədim toxuculuq ənənəsinin canlı nümayişi oldu – cəhrə vasitəsilə yun, pambıq və ipək liflərin burularaq ipə çevrilməsi tamaşaçılar tərəfindən böyük maraqla izlənildi. Bu təqdimat xalq sənətinin unudulmaqda olan incəliklərinin yenidən yaddaşlara qaytarılması baxımından xüsusi önəm daşıyırdı.

Layihə çərçivəsində bu kimi tədbirlərin növbəti mərhələdə Salyan, Hacıqabul, Saatlı və Kürdəmir rayonlarında da keçirilməsi nəzərdə tutulur.

Tədbirdə iştirak edən media nümayəndələri, sənət adamları və ictimaiyyət nümayəndələri layihənin yüksək səviyyədə təşkilini və milli-mədəni dəyərlərin təbliğindəki rolunu təqdir etdilər.

Sonda layihə rəhbəri Güllü Eldar Tomarlı maddi dəstək üçün Azərbaycan Respublikasının QHT Dövlət Dəstəyi Agentliyinə, Xətai Rayon İcra Hakimiyyətinə,  Xətai Sənət Mərkəzinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün olduqca populyar bir türk aktyorunun doğum günüdür, onu xatırlamaqdan necə vaz keçmək olar axı? Şevket Çoruh – səhnənin və ekranın qətiyyətli səsidir o, “Arka Sokaklar"da canlandırdığı Komissar Mesut obrazı ilə məşhurlaşıb.

 

Şevket Çoruh 30 iyun 1973-cü ildə İstanbul şəhərində dünyaya gəlib. Onun uşaqlığı İstanbulun sadə və zəhmətkeş küçələrində keçib. Erkən yaşlarından səhnəyə, sənətə maraq göstərib, gülüş və dramatik ifadələrdə özünü ifadə etməyi sevib.

O, Müjdat Gezen Sanat Mərkəzində aktyorluq təhsili alaraq sənətə ilk addımlarını atıb, illər boyu səhnə və ekran dünyasında böyük təcrübə toplayıb. Teatrla başladığı sənət yoluna, daha sonra televiziya və kinoda davam etdirib.

 

“Arka Sokaklar” və xalqın qəlbindəki Mesut

 

2006-cı ildən etibarən Türkiyənin ən uzunömürlü seriallarından biri olan "Arka Sokaklar"da canlandırdığı Komissar Mesut obrazı ilə milyonların sevgisini qazanıb. Bu obraz, sərt, vətənpərvər, ailə dəyərlərinə sadiq və içindəki sarsılmaz ədalət hissi ilə yadda qalıb. Hər bir səhnədə gözləri ilə danışan, susqunluğu ilə hayqıran, vəzifəyə olan bağlılığı ilə fərqlənən bir qəhrəman yaradıb.

 

“Teatra sevgi – Baba Sahne"

 

Şevket Çoruhun aktyorluq eşqi təkcə kameralar qarşısı ilə məhdudlaşmayıb. O, 2017-ci ildə İstanbulda "Baba Sahne" adlı teatr məkanını quraraq səhnəyə və klassik Türk teatrına olan sevgisini bir daha göstərib. Bu səhnə, gənc istedadların yetişməsi, tamaşaçı ilə canlı sənət arasında körpü qurulması üçün böyük bir missiyaya çevrilib.

 

Ənənəvi Türk teatrının simvollarından sayılan "Dümbüllü Kavuğu"nu alaraq bu mirası davam etdirib. Bu addımı ilə sənət tarixində öz izini daha da möhkəmləndirib.

 

Gülüş və Dərd – “Çakallarla Dans” və “İnşaat”

 

Onun kino karyerası da yadda qalan işlərlə doludur. “Çakallarla Dans” film seriyasında Kayınço Gökhan obrazı ilə tamaşaçını güldürməyi bacardığı kimi, “İnşaat” filmindəki dramatik rolu ilə də düşündürməyi bacarıb. Onun aktyorluq gücü həm komediyada, həm də dram janrında özünü bərqərar edib.

 

"Səhnədə yaşayan bir ömür"

 

Şevket Çoruh üçün sənət yalnız bir peşə deyil, bir həyat tərzidir. O, hər çıxışında tamaşaçını düşünməyə vadar edib, obrazlarına nəfəs verib, onların ruhuna toxunub. Bu səbəbdəndir ki, illər keçsə də, o hələ də xalqın yaddaşında, evlərində və ürəklərində öz yerini qoruyub.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Marqlı söhbətlərimiz davam edir.

Bu dəfə xəyal uçağımız bizi 14-cü əsrə aparacaq.

 

İngiltərə ilə Fransa arasında Yüzillik Müharibəsinin əvvəlində  Flamandiyanın dəniz kənarındakı kiçik  Sleys kəndi yaxınlığında o dövr üçün böyük dəniz döyüşü baş verir.

1340-cı il iyunun 24-də Sleys körfəzində  hər iki  tərəfdən təxminən 200 döyüş gəmisi  olmaqla iki nəhəng donanma qarşılaşır. Həmin dəniz döyüşü daha çox quruda gedən döyüşü xatırladırdı. Çünki qarşı-qarşıya gələn gəmilər abordaj edərək bir-birinə yaxınlaşır və hər iki tərəfdən döyüşçülər gəmidə amansız əlbəyaxa döyüşü aparırdılar. Həmin döyüşdə ingilis oxatanlarının döyüş hazırlığı böyük rol oynadı - onlar rəqiblərindən daha sürətliydilər və daha dəqiq nişan alıb atırdılar.

Sleys döyüşü bütün gün davam edir və fransızların tam məğlubiyyəti ilə başa çatır. Fransızlar təxminən 20 000  döyüşçü itirirlər. Onların  əksəriyyəti isə dənizdə boğularaq ölür. Körfəzdəki su insan qanı ilə qırmızıya çevrilir. Üzərək sahilə çıxmağı bacaran fransızlar isə döyüşü kənardan izləyən flamandiyalılar tərəfindən döyülərək öldürülür və cəsədləri dənizə atılır.

Qalib olan ingilislər bu barədə  zarafatla deyirdilər: “Əgər Tanrı balığa danışmaq qabiliyyəti versəydi, onlar o qədər fransızı yediyindən, yəqin ki, fransızca danışardı”.

İngilislərin qəniməti də  çox böyük idi:  onlar 166 düşmən gəmisini ələ keçirdilər. Fransız donanmasının daha 24 gəmisi isə batırıldı və ya yandırıldı. Fransızlar müasir dövrdə bənzəri olmayan böyük bir dəniz fəlakəti yaşadılar.

Beləliklə, faciəli məğlubiyyət xəbəri Parisdəki kral sarayına çatdıqda, saray əyanlarından heç biri dəhşətli məğlubiyyəti kral VI Filipp de Valuaya bildirməyə cəsarət etməyir. Çünki bu cür bəd xəbəri monarxa çatdırmaq çox riskli iş idi. Buna görə  nəinki tutduğu mövqeyi, həm də başlarını da itirə bilərdilər.

Saray xadimləri çox  məsləhətləşirlər və axırda müdrik bir qərar verirlər: onlar bu dəhşətli xəbəri krala çatdırmağı saray oyunbazı və təlxəyinə  əmr edirlər. Öz işinin ustası olan təlxək  kədərli xəbərə zarafat donu geydirərək deyir: “Əlahəzrət, sizcə ingilislər niyə belə qorxaqdırlar?”. Kral VI Filipp cavab verə bilməyəndə, “yumor naziri” qışqıraraq deyir: “Çünki onlar bizim cəsur fransız dənizçilərimiz kimi gəmidən suya tullanmayıblar!”

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

59 -dən səhifə 2336

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.