
Super User
GAP Antologiyasında Məryəm Səfəvinin “Kaşki” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Tehranda yaşayan Məryəm Səfəvidir.
Məryəm Səfəvi
Tehran
KAŞKİ
Kaşki bütün darıxanların yerinə mən darıxaydım –
Darıxan ürək olmayaydı!
Kaşki bütün ağlayan gözlərin yerinə mən ağlayaydım
Heç bir göz dolmayaydı!
Kaşki bütün qırılan qəlblərin yerinə qırılaydı qəlbim –
Heç bir qəlb daha qırılıb da, solmayaydı...
Kaşki gözü yol çəkən bütün insanların yerinə gözləyirdim,
Kimsənin gözü yollarda qalmayaydı,
Kaşki öləydim
Büsbütün yersiz köçüb də gedənlərin yerinə
Bitərdi bütün dünyanın,
Kədəri, qəmi...
Gözəlləşərdi həyat!
Darıxmazdı yalqız ürəklər...
Yaşalmazdı ağlayan gözlər...
Qırılmazdı sevən qəlblər...
İntizar çəkən qalmazdı o zaman,
Köçüb gedən olmazdı bu dünyadan.
Bir tək mən sınardım!
Bir tək mən solardım!
Bir tək mən ölərdim!
Bir tək mən yox olardım!
Büsbütün insanların yerinə...
“Ədəbiyyat və incəsənət”
(04.04.2025)
Heç kəs unudulmur, heç nə yaddan çıxmır!
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikası Müharibə, əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Polkovnik Cəlil Xəlilov portalımıza verdiyi açıqlamada qeyd edib ki, ölkəmizdə 2-ci dünya müharibəsi - Böyük Vətən müharibəsi iştirakçısı cəmi 18 nəfər sağdır.Dünyasını dəyişənlər isə minlərlədir
İndi sizə bu minlərin biri barədə danışacağam.
Bu gün Böyük Vətən müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı, baş çavuş Qəzənfər Əkbərovun doğum günüdür. O, 1917-ci il 4 aprel tarixində Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir.
Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir.
1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdur bizim qəhrəmanımız. Bu qəhrəmanlığına görə ölümündən sonra o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Naxçıvan Muxtar Respublikasında onun xatirəsi əbədiləşdirilmişdir. Adına küçə və məktəb vardır.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(04.04.2025)
Mədəniyyət naziri Saatlıda vətəndaşların müraciətini dinləyib
Mədəniyyət naziri Adil Kərimli aprelin 3-də Saatlı rayon Gənclər evində vətəndaşların müraciətini dinləyib.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, qəbuldan əvvəl Adil Kərimli və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin Saatlı şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda Saatlı, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.
Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.
“Ədəbiyyat və incəsənət”
(04.04.2025)
Səyyar ASAN xidmət davam edir
Səyyar ASAN xidmət 3-28 aprel tarixində Hacıqabulda, Qazaxda, Goranboyda, Xırdalanda, Qusarda, Yardımlıda, Beyləqanda, İsmayıllıda, Zaqatalada vətəndaşlara xidmət göstərəcək.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar ASAN xidmət avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.
“Ədəbiyyat və incəsənət”
(03.04.2025)
Rəsm qalereyası: Dmitriy Spiros, “Yay yağışı”
Yunan əsilli, Özbəkistanda doğulmuş və Meksikada yaşayan Dmitriy Spirosun “Yay yağışı” rəsmi “Yağış” seriyasındandır.
Seymur Fətəliyev Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təltif edilib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev Türk Dünyasının birliyinin gücləndirilməsi, zəngin mədəni irsinin qorunması və təbliği sahəsində göstərdiyi xidmətlərə görə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tərəfindən təltif olunub.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, bu təltif Türk Dünyasının ortaq dəyərlərinə verilən önəmin bariz nümunəsidir.
“Ədəbiyyat və incəsənət”
(03.04.2025)
Qaradan dərin qara… - SÖHBƏT ALMANİYA BAYRAĞINDAKI RƏNGDƏN GEDİR
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Diplomatiya təkcə dövlətlərarası razılaşmalar və iqtisadi anlaşmalardan ibarət deyil. Əslində, o, daha dərin bir fenomenin – mədəniyyətlərarası dialoqun və tarixi yaddaşın qarşılıqlı anlaşma əsasında yenidən qurulmasının vasitəsidir.
Azərbaycan və Almaniya arasındakı münasibətlərin son dönəmlərdə yeni bir dinamika qazanması da məhz bu baxımdan maraqlıdır. Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündə müzakirə edilən məsələlər
– enerji təhlükəsizliyi,
- ticarət dövriyyəsinin artırılması,
- COP29 çərçivəsində ekoloji işbirliyi və s. –
bütün bunlar bir tərəfdən iqtisadi gerçəkliklərin ifadəsi olsa da, digər tərəfdən mədəniyyətin və tarixi təcrübələrin necə böyük rol oynadığını göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə diqqət edək:
“Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir”.
Azərbaycan və Almaniya - hər ikisi öz coğrafi bölgəsində önəmli tarixi keçidlər yaşamış ölkədir. Azərbaycan, tarixən böyük imperiyalar arasında, necə deyərlər, bir körpü rolunu oynadığı və özü də imperiyalar qurduğu, nəhahət Yaxın Doğuda ilk Cümhuriyyət qurduğu kimi, Almaniya da Avropanın siyasi və mədəni xəritəsini, qabaqcıllığını, demokratik quruluşunu müəyyənləşdirən ölkələrdən biri olub. Bu iki ölkə arasındakı diplomatik münasibətlər dərinləşdikcə, tarixi və mədəni kontekstlərin də əlaqələrə necə təsir etdiyini daha yaxşı anlayırıq.
Belə bir fikir mərhələsində, Almaniya bayrağının birinci rəngi, bizdə böyüklük anlamı daşıyan – qara – maraqlı bir simvol kimi qarşımıza çıxır. Qara rəng tarixdə çox vaxt matəm və qaranlıq dönəmlərlə assosiasiya edilsə də, əslində, bu, eyni zamanda yeni bir başlanğıcın, keçmişdən alınan dərslərin və yenidən qurulmuş bir gələcəyin rəmzi kimi xarakterizəni haqq edir.
Klassik versiyaya görə, alman bayrağındakı qara, qırmızı və qızılı rənglər 1848-ci ildəki inqilab zamanı birləşmiş Almaniyanın rəmzinə çevrilib. Ancaq bəzi qaynaqlarda bu rənglərin Müqəddəs Roma İmperiyası dönəmindəki qara-qızılı və Napoleona qarşı döyüşən könüllü birliklərin qara-qırmızı-qızılı (sarı) uniformalarından qaynaqlandığı da vurğulanır.
Alman və Azərbaycan bayraqlarında yalnız bir rəng – qırmızı eynidir.
Maraqlıdır, hər iki bayraq üçrənglidir, ikisində də qırmızı rəng ortadadır: bizdə göy ilə yaşılın “qoruduğu” qırmızını, almanlarda qara və sarı “qoruyur”…
Almaniya tarixinə nəzər saldıqda üç əsas mərhələ diqqət çəkir. Bu mərhələlər,
XIX yüzildə başlayan Alman Birliyi sürəci,
XX yüzildə ll Dünya müharibəsindən sonrakı yenidənqurma, nəhayət,
çağdaş Almaniyanın Avropa və dünya siyasətində lider mövqeyə yüksəlməsidir.
Tarixdən çıxarılan dərslər Almaniyanın bugünkü siyasi və mədəni kimliyində önəmli yer tutur. Keçmişi inkar etmədən, amma ondan yeni bir gələcək yaratmağı bacaran Almaniya modeli, əslində, xalq ruhunun cəsarətini ifadə edir. O, keçmişin yüklərini daşıyan, lakin onlardan yeni bir həyat quran gücün də ifadəsidir.
Azərbaycan da öz tarixində önəmli təcrübələr yaşamış bir ölkədir. Uzun illər dış basqılara uğrayan, XX yüzildə müstəqilliyini qazanaraq yeni bir inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın da tarixi keçidləri Almaniyanın təcrübəsi ilə müəyyən paralellər təşkil edir. Biz soyqırıma uğramış, hər iki Dünya müharibəsində itkiləri olmuş amma o müharibələri başlatmamış bir ölkəyik. Bununla belə, tarixdən tarixə, ideologiyadan ideologiyaya, quruluşdan quruluşa keçidlərimiz müəyyən təbii oxşarlıqlar nümayiş etdirir.
Oxşarlıqlar Azərbaycan-Almaniya münasibətlərini yalnız iqtisadi və siyasi kontekstdə deyil, mədəni və tarixi baxımdan da dəyərləndirməyi zəruri edir.
Mədəni diplomatiya, əslində, dövlətlərin bir-birini daha dərindən anlamasına, keçmişdəki təcrübələrini paylaşaraq gələcək üçün sağlam işbirliyi qurmasına münbit ortam yaradır. Azərbaycanın zəngin mədəni irsi, tolerantlığı alman fəlsəfəsi və elmi ilə qarşılıqlı münasibətlərdə öz əksini tapdıqca, bu iki ölkə arasında yeni bir mədəni-mənəvi körpü də formalaşır. Ayrıca,
almanların XIX yüzildən Azərbaycanda toplu halda yaşamağa başlaması, onların ll Dünya müharibəsinədək Azərbaycanda formalaşdırdığı irs də özünəxas körpü olaraq çıxış edir. Bu sətirlərin yazarının doğulduğu Tovuz eli daxil olmaqla respublikamızın Günbatar ellərində Batılı almanların mədəni izləri hələ də qalmaqdadır.
Ədəbi bağlar - Bodenştedt-Vazeh adları,
mədəni irs - Bakıda Alman Kirxası,
hələ də əski halı ilə qorunan Helenendorf, Annendorf kimi (alman icmalarının) yaşayış məntəqələri,
iqtisadi bağlar - Simens qardaşları üzərindən anıla, vurğulana, dəyərləndirilə bilər.
“Cənab Prezident, biz ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışmışıq. Əvvəla, şvabiyalı kəndlilərin burada - Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrini yaratmasını xatırlaya bilərik. Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər sənayenin inkişafında, mis çıxarılmasında, elektrik enerjisi şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox almanlar Azərbaycanda yaşayıblar. Bunu ona görə xatırladıram ki, bu münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan olduğunu bilmək vacibdir. Çox məmnunam ki, Azərbaycanda alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər və hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik”. - Bu, Prezident Ştaynmayerin bəyanatındandır.
Yeri gəlmişkın, o tay-bu taylı azərbaycanlıların Almaniyada əsasən XX yüzilin ikinci yarısından bəri boy göstərən varlıqları da təqdirlə vurğulana bilər.
Bütün bunlar bir daha göstərir ki, beynəlxalq münasibətlər yalnız rəqəmlərlə, müqavilələrlə və iqtisadi statistika ilə sınırlanmır. Tarixin və mədəniyyətin qatıldığı bu münasibətlər, əslində, dövlətlərin gələcəkdə hansı dəyərlər üzərində dayanacağını müəyyənləşdirir. Azərbaycan və Almaniya arasında qurulan münasibətlər də bu böyük mənzərənin bir hissəsidir olub, mədəniyyətlərarası dialoqun necə həlledici rol oynadığını bizə xatırladır.
Bəli,
diplomatiya bəzən sadəcə neft müqavilələri, ticarət statistikaları və siyasi razılaşmalar üzərində qurulmuş kimi görünə bilər. Lakin daha dərindən baxdıqda, onun mərkəzində mədəniyyətlərarası dialoq və tarixi təcrübələrin paylaşılması dayanır.
Azərbaycan-Almaniya bağlarının bu kontekstdə yeni bir mərhələyə qədəm qoyması, gələcək üçün ümidverici bir ismarıcdır.
Bu yerdə,
“Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq” deyən Almaniya Prezidentinin bəyanatından daha bir önəmli sitat gətirək. - İqtisadi-ticari münasibətlər haqqında danışıqlara toxunan Prezident Ştaynmayer, yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Doğu ilə, o cümlədən Güney-Batı Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkəmizin rolunu belə vurğulayır: “Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq”. İsmarıc aydındır.
Sonda
bir daha, Azərbaycan Prezidentinin sözlərinə müraciət edək:
“Əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(03.04.2025)
GAP Antologiyasında Məryəm Səfəvinin “Darıxmaq” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Tehranda yaşayan Məryəm Səfəvidir.
Məryəm Səfəvi
Tehran
DARIXMAQ
Darıxıram bu havadan
Darıxıram bu sudan
Darıxıram bu torpaq yığımı olan
Yalan dünyadan!
Sevgisizliklərdən darıxıram bir də,
Bir də darıxıram vəfasızlıqlardan!
Darıxıram,
Bir yarpağın, budağından qopduğu qədər;
Bir ağacın,
Tərk etdiyi göyərçini kimi darıxıram!
Darıxıram,
Bir qızın
Gəlinlikdə tərk etdiyi ata evi təkin!
Bir uşağın,
Anasından ayrıldığı boyda darıxıram!
Mən,
Yasda darıxıram illərdir,
Mən illərdir toyda darıxıram!
Gündüzlər,
Gecələr,
Həftələr, aylar,
Üstümə yıxılırlar mənim hər an sanki!
Bir heçliyin içindəyəm
Çoxdandır inan ki...
Nə gülə bilirəm,
Nə də ağlamaq gəlir mənim əlimdən!
Nə gedə bilirəm,
Nə də ki,
Qalmaq istəyirəm mən!
Mən yalqızlığımın içində yanıram,
Mən yalnızca möcüzələrə inanıram!
Çünki inam,
Həqiqətə çatmağın tənha yoludur.
Çünki dünya möcüzələrlə doludur...
Biraz diqqət etsən görərsən,
Yeni bir həyat doğulur hər gün!
Yeni bir möcüzə,
Yeni bir ümid
Gecənin ən qaranlıq anında
Yeni bir gün doğulur,
Hər yeni bir gün...
“Ədəbiyyat və incəsənət”
(03.04.2025)
Sərib kipriklərimi, qurutdum, gözün aydın! – NAMİQ DƏLİDAĞLININ ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı şair Namiq Dəlidağlının şeirlərindən hər gün sizlərə üç yarpaq təqdim edir.
KƏNDDƏ VƏ ŞƏHƏRDƏ
DARIXMAĞIN ƏKS BƏRABƏRLİYİ
Gülüzlüm, şəhərdə sənsiz
darıxmağa nə var ki,
burda zülmdü-
gül-çiçəkli dağ cığırında
adam ölür darıxmaqdan.
Burda otlar-çiçəklər,
arılar-kəpənəklər,
bənövşələr-böcəklər,
hər şey qoşulub adama
DARIXIR, darıxanda…
…Şəhər küçələrində nə var ki,
sənsiz darıxmağa…
olsa-olsa bir qəpiklik
hörməti olmayan
küçə itləri tək adam darıxar
şəhərdə.
Bir də tinlərdə
veyillənən boş şirə qutuları tək…
və bir də dörd fəsli eyni donda
qarşılayan küknar ağacı kimi…
burda darıxmaq canlıdı:
çiçəklər, arılar, kəpənəklər
və bir də böcəklər kimi…
DARIXDIM…
***
QARITDIĞIM QIZA "GÖZAYDINLIĞI"
(O qız varıydı ey...bütün xəyal etdikləri puç oldu...
Nə körpə bələdi, nə ər köynəyi ütülədi..)
Dedim, çətin olacaq,
unutdum, gözün aydın.
Həsrətinlə özümü,
yarıtdım, gözün aydın!
Dərib kipriklərimi,
qərib kipriklərimi,
sərib kipriklərimi,
qurutdum, gözün aydın!
...Və gözləmə qayğımı,
sevgimi və sayğımı.
Bu dilbilməz duyğumu,
ovutdum, gözün aydın!
"Yıxılsın", sənin evin,
indi necədi kefin?!
Səni sevmədim: sevin,
qarıtdım, gözün aydın!
GECƏ ŞEİRİ
İçdim yarın nəfəsini,
eşqə düşdüm, bu gecə.
Bəxtəvərlər arasından
püşkə düşdüm, bu gecə.
Könül vermə yada, sına,
ya əyilə, ya da sına.
Sevdalılar odasına
köşkə düşdüm, bu gecə.
Məni sənə çəkən qandı,
bilirdim, bu gecə sondu.
Qoynun güllü-gülüstandı,
müşkə düşdüm, bu gecə.
“Ədəbiyyat və incəsənət”
(03.04.2025)
BİZİM KİNO - Cəhalətin astanasında:“O dünyadan salam”
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bu gün 1991-ci ildə Tofiq Tağızadənin ekran əsəri olan, Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin motivləri əsasında ekranlaşdırılan “O dünyadan salam” filmi barədə danışmaq istəyirəm. Müsəlman olan kəs bilir ki, öldürmək də, diriltmək də bir olan ALLAHA məxsus olan bir şeydir. O “ol” deməzsə saralan yarpaq belə ağacdan düşməz.
Lakin bu gün haqqında danışacağım hadisələrdə kənd əhalisinin ölüləri dirildən “şeyxin” ardınca düşüb günaha batması kimi anlar yaşanmışdır. Hər şey Kərbalayi Fətullahın guya bir şeyx tərəfindən dirildilməsi hadisəsinin yayılması ilə başlayır. Cahil kənd əhli bu yalana uyub Şeyx Nəsrullada ölüləri diriltmək kimi bir kəramət olduğunu bildirirlər. Nəticədə bu fikir hər kəsin dilində dolanmağa başlayır. Şöhrətinin yayıldığını görən şeyx Nəsurulla bunu fürsətə çevirərək ətrafını genişləndirir. Cahil əhalini qəbristanlığa toplayan Nəsrulla deyir ki, əhali paltarlarını soyunub yandırmasa ölülər dirilməyəcək. Söylənən fikirlə razılaşan əhali başqa çarələrinin qalmadığını görüb şeyxin dediyini yerinə yetirirlər. Nə qədər çabalasa da ortalığa birşey çıxmadığını görən şeyx Nəsrulla əhaliyə bir gün əyinlərinə heç nə geyinməməyi tapşırır. Cahil əhali... hardan bilsinlər ki, özünü “şeyx” adlandıran bu şəxsin başlıca məqsədi əhalini bütün kənddə məsxərəyə qoymaqdır. Hacı Həsənağanın oğlu kefli İsgəndər isə tamam başqa dünyanın adamı idi və Nəsrullaya heç vaxt etibar etməmişdi. Bütün günü əlində bir stəkan şərabla dolanan İsgəndər ayılarsa Nəsrullanın cahil adamları kimi olacağından qorxurdu. İsgəndər çox çalışsa da Nəsrulla tərəfindən tilsimlənmiş əhalinin gözlərini aça bilmirdi. Hacı Həsənağa 13 yaşlı qızı Nazlını Nəsrullaya verməyə hazırlaşırdı. Bu hadisə təzəlikcə Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı “kişi”dən hamilə qalması hadisəsi ilə bir götürülür.
Filmin sonunda Nəsrulla tez-tələsik kəndi tərk edir. Kənd əhalisi isə cahilliklərinin cəzası olaraq elə içgeyimlərində qalırlar. Filmin sonunda İsgəndərin işlətdiyi söz bu gün də çoxumuzun xatirindədir: “Öz çirkin əməllərinizi ALLAHIN işi adlandırdınız. Ən yaxın qohum-qardaşlarınızın dirilməsini istəmədiniz. Paxırınızın açılmasından qorxdunuz. Bu o deməkdir ki, onlar diridirlər, siz isə elə diri ikən ölüsünüz. Siz ölüsünüz!”
Bu filmi məhşur türk aktyoru Kemal Sunalın baş rolunda olduğu “üçkağıtçı” filminə bənzədirəm. Çünkü bu filmdə yaşanan hadisələr “üçkağıtçı” filmində yaşananlarla örtüşür. Orda da cahil, dünyagörüşü olmayan əhali guya yağış yağdıra bilən bir “mollanın” ardınca düşür. Çox get-gəldən sonra ortaya bir şey çıxarda bilməyən yalançı “qəhrəmanımız” yalançılığı azmış kimi, bütün pulunu mərcdə uduzaraq heçnəsiz kəndi tərk edir. Unutmayın hərşeyə qadir olan bir tək ALLAHDIR və hər şey onun əmri və izni ilə gerçəkləşir.
“Ədəbiyyat və incəsənət”
(03.04.2025)